Super User
I Yay Oxu Marafonu keçiriləcək
Azərbaycanda kitab bazarının fəaliyyətinə keçirdiyi müxtəlif kitab sərgiləri və festivallarla qatqı verən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) yeni layihə ilə növbəti dəfə gündəmə gəlir. Söhbət “I Yay Oxu Marafonu”ndan gedir. Bu barədə qurumun idarə heyətinin növbəti görüşündə qərara gəlinib.
“Ədəbiyyat və incəsənət” portalının ANAİB-dən aldığı məlumata görə, iclasda iştirak edən idarə heyətinin üzvləri yeni layihələr, kitabçılığın inkişafı üçün 3 illik strategiyanın müəyyənləşdirilməsi, elecə də ANAİB-in strukturu ilə bağlı müzakirələr aparıb və hər bir layihə ilə bağlı işçi qrupu yaradılıb.
Görüşdə məktəblilər arasında keçiriləcək “I Yay Oxu Marafonu”nun şərtləri də müəyyənləşdirilib. Oxu vərdişinin təşviqi üçün nəzərdə tutulan bu layihə ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Bundan başqa yeni müsabiqə, seminar və nominasiyalarla bağlı qərarlar verilib.
Sonda qeyd olunub ki, ölkədə kitab sənayesinin inkişafına dəstək məqsədilə keçirilən layihələrin sayı artırılacaq.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
Azərbaycan PXDU-da qlobal mədəniyyət festivalında iştirak edib
Azərbaycan dünyanın 101 dilinin tədris olunduğu Pekin Xarici Dillər Universitetində keçirilən qlobal mədəniyyət festivalında iştirak edib.
AzərTAC xəbər verir ki, universitetdə Azərbaycan dili ixtisası üzrə təhsil almış tələbələr, eləcə də Pekində təhsil alan azərbaycanlı tələbələrin qurduqları stenddə xalqımızın mədəniyyətinə, Azərbaycanın təbiətinə, turizm imkanlarına, ölkəmizin müxtəlif sahələr üzrə inkişafına dair fotolar, kitablar, jurnallar, habelə milli geyimlərimiz, əl işləri, musiqi alətləri nümayiş olunub. Azərbaycan stendi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tələbələr milli rəqslərimizi ifa edib, Azərbaycan stendini ziyarət edənlər milli mətbəximizin nümunələrini dadıblar.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
“Biz KİŞİ ADAMlardan daha birini itirdik”…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Mədəni, ünsiyyətcil, məntiqli, mərd, cahil adamlardan uzaq olan, daha çox aristokrat insanları xoşlayan, dəqiqliyi sevən insan idi, Zülfüqar. Amerikadan ona yazı göndərəndə hərdən adının qısa variantını- “Zülü” deyərək, ona doğmam kimi müraciət edirdim. Sonda da biz dağlıların- yardımlıların şivəsi ilə- “Bu yazı vəc eley?”- sualını verirdim. Yaxşı bilirdim ki, hər hansı bir yazının “moderator.az” saytında getməsi, daha böyük auditoriyanın oxuması demək idi...
Deyirdi ki,- “Saytın adını təsadüfən seçmişəm. Saytın yaranması Amerikadakı prezident seçkiləri ərəfəsinə təsadüf edirdi, gecə saat 4-ə qədər dünyanın öndə gedən televiziyalarını izləyirdim. Ad fikirləşdiyim halda tədbirin moderatoru prezidentliyə namizədlərə vaxt verirdi. O zaman fikirləşdim ki, sayt üçün ən uyğun ad elə moderator olar. Moderator, öncül, reqlament qoyan, istiqamət verən deməkdir. Çox şükür ki, ötən 11 il ərzində ictimai-siyasi həyatın ayrılmaz hissəsi olduq, xəbər istehsalçılığı sahəsində öz sözümüzü dedik. Bizi ilk gündən izləməyə başladılar, böyük oxucu kontingenti qazandıq. Bu yol çox çətin oldu. Azərbaycanda sayt işində, xəbər istehsalı sahəsində çalışmaq asan deyil, cəfası səfasından çoxdur. Amma düşünürəm ki, qarşıya qoyduğumuz məqsədə nail olduq. Təbii ki, bu son deyil, ciddi rəqabət mühitində yaşayırıq, ona görə gecə-gündüz çalışmağa məcburuq. Bəzən məndən soruşurlar ki, sizin iş qrafikiniz necədir? Mən deyirəm ki, növbətçi aptek kimi həftənin 7 günü, günün 24 saatını da işləyirik. Çətin olsa da, millətlə, xalqla işləmək şərəflidir.”
Zülfüqar Hüseynov əslən Kəlbəcərli idi. 1971-ci ilin avqust ayının 24-də Başlıbel kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetində ali təhsilə yiyələnərək, ömrünü mətbuata bağlamışdı...
“Mən hələ 2000-ci ildə bir mətbuat konfransında demişdim ki, “jurnalistikaya azıb gəlmişəm, amma gəlib gördüm ki, məndən başqa jurnalistikada kimsə yoxdur”. Bu Rəsul Həmzətovun məşhur bir sözüdür. Deməkdə məqsədim odur ki, mən 1988-ci ildən siyasətin içində olan adamam, 30 ilə yaxın jurnalist təcrübəm var, “Hürriyət” qəzetində köşə yazarı olmuşam, redaktor olmuşam, parlament müxbiri olmuşam. Mən medianın incəliklərini az-çox bilirdim. Qələm əhlinin də psixologiyasına, cəmiyyətimizin də oyun qaydalarına bələd idim. İnanırdım ki, mən özümü təsdiq edə biləcəm. Belə bir dərdim yox idi, istər ad seçilməsi məsələnin mahiyyətini dəyişməzdi, başqa bir ad da ola bilərdi. Qeyri-təvazökarlıq olsa da deyim ki, mən imzamı təsdiq etmişdim və məni kifayət qədər tanıyırdılar. Belə bir xarakteristikalı adamın növbəti bir işdə uğur qazanacağı gözlənilən idi.”- söyləyirdi.
Başlıbeli kəndinin digər sakinləri kimi o da erməni vəhşiliyinin əziyyətini çəkirdi. Kənddə törədilən qətliamda ermənilər onun da doğmalarını vəhşicəsinə qətlə yetirmişdilər. Uzun illər idi ki, çətin, əzablı məcburi köçkün həyatı yaşayırdı. Kəlbəcər işğaldan azad olunandan sonra tez-tez oraya gedir, əzizlərinin məzarlarını ziyarət edirdi.
Deyirdi ki:- “Belə fikir formalaşmasın ki, son vaxtlar media daha çox bayağılıq arxasınca getdiyindən ciddi xəbərlər kənarda qalıb. Bu gün Azərbaycan mediasının vətənpərvərlik, ümumimilli məsələlərə yanaşma baxımından heç bir problemi yoxdur. Qarabağ məsələsi bu gün də mediada birmənalı olaraq ana xəttdir. Mən şəxsən məcburi köçkünəm, Şəhid ailəsiyəm. Mənim həyatımın əsas hissəsi Qarabağdır. Və bütün Azərbaycan mediasında da Qarabağ qırmızı xəttdir. Necə ki, münaqişə davam edir, Qarabağ mövzusu ciddi və hətta qeyri-ciddi medianın ana xəttini təşkil edəcək.”
Bu dəfə də doğma yurda getmişdi. Alaçıq qurub, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmasından vəfat edib.
Bəli, əyani tanışlığımız olmasa da bir neçə il idi ki, bir-birimizlə qiyabi əlaqə saxlayırdıq. Ötən ilin avqustun 24-də, Zülfüqarın 51 yaşını təbrik edərək yazmışdım:- "Adətən el arasında belə adamlara ehtiramı - "Kişi adamdır!" - ifadəsi illə biruzə verirlər."
Bəli, biz KİŞİ ADAMlardan birini də itirdik.
Yeri behişt olsun! Allah yaxınlarına səbr versin...
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
“Yuğ” Teatrı beynəlxalq teatr festivalında ölkəmizi təmsil edəcək
Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında iştirak edəcək. Bu festival Mesxişvili Dövlət Teatrında keçiriləcək. Bu barədə Tetarın mətbuat xidmətindən məlumat verilib.
“Hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılır. Festival çərçivəsində Azərbaycanı “Yuğ” Dövlət Teatrı V.Şekspirin "III Riçard" əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını iyunun 20-də nümayiş etdirəcək. Səhnə əsərində Əməkdar artist Qasım Nağı və digər aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova çıxış edəcəklər”, - deyə məlumatda vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başladı
Ötən gün ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı öz işinə başladı.
İyunun 25-dək davam edəcək “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışacaqlar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
18 İYUN
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalına ötən gün Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start verilib.
19 İYUN
Bu gün festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək.
20 İYUN
“Muğam aləmi” festivalı çərçivəsində növbəti ifalar iyunun 20-də Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinləniləcək. Həmin məkanlarda Azərbaycandan Xalq artisti Səkinə İsmayılova, Beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli, Hindistandan Vasumathi Badrinathan və Jyotsna Srikanth, Malidən Kankou Kouyatenin çıxışları olacaq.
21 İYUN
Festivalın növbəti günü – iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları gözlənilir.
22 İYUN
Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.
24 İYUN
İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.
25 İYUN
Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.
Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
Çində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb
Çinin Tibet Muxtar Rayonunun paytaxtı Lasa şəhərində 5-ci Tibet turizm və mədəniyyət sərgisi işə başlayıb.
AzərTAC xəbər verir ki, yerli və xarici 600-dən çox iş adamının qatıldığı sərgi Tibetin (Çincə: Sican) özünəməxsus mədəni zənginliyini və turizm potensialını tanıtmaq baxımından böyük əhəmiyyət daşıyır. Tibet Muxtar Rayonu xalq hökumətinin, Çinin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən üçgünlük sərgi çərçivəsində müxtəlif forumlar, konfranslar, təqdimatlar təşkil olunur.
Açılış mərasimində çıxış edən Tibet Muxtar Rayonu xalq hökumətinin sədri Yan Cinhay, mədəniyyət və turizm naziri Hu Hepin Çinin cənub-qərb qapısı olan Tibetin tarixi və mədəni zənginliyinin, sosial-iqtisadi nailiyyətlərinin, ekoloji mühitinin nümayişi baxımından sərginin əhəmiyyətini vurğulayıblar.
Sərgidə 19 kateqoriya üzrə məhsullar və xidmətlər, habelə Tibetin mədəni irsini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən fotolar, kitablar, audio və videomateriallar nümayiş olunur.
Sərgi çərçivəsində müxtəlif sektorları əhatə edən və ümumi dəyəri 7,44 milyard ABŞ dolları olan 60 layihə üzrə sövdələşmə əldə edilib.
Qeyd edək ki, Çinin ərazisinə görə 2-ci böyük bölgəsi olan Tibet Muxtar Rayonu dəniz səviyyəsindən orta hesabla 4 min metr yüksəklikdə yerləşir. “Dünyanın tavanı”, “Dünyanın 3-cü qütbü” adlandırılan Tibet zəngin mədəni irsə, əsrarəngiz coğrafiyası ilə cəlbedici turizm potensialına malikdir. Turizm sektoru Tibetin iqtisadiyyatında önəmli rol oynayır. Ötən il Tibeti 30 milyon turist ziyarət edib ki, bu sektor üzrə ümumi dövriyyə 6 milyard ABŞ dollarına yaxın olub.
Mərkəzi və yerli hökumətin həyata keçirdiyi layihələr və islahatlar çərçivəsində son illər Tibetdə sosial-iqtisadi inkişafında əhəmiyyətli nailiyyətlər əldə olunub, əhalinin rifahı yaxşılaşıb. Ötən il bölgənin ümumi daxili məhsulu (ÜDM) 213 milyard yuana (təxminən 30 milyard dollar), ÜDM-in əhalinin hər nəfərinə düşən payı şəhər yerlərində 6 min 850 dollara, kəndlərdə isə 2 min 550 dollara çatıb.
Çinin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya İdarəsinin təşkilatçılığı ilə Çində akkreditə olunmuş 15 xarici media qurumunun nümayəndəsi, o cümlədən AzərTAC-ın xüsusi müxbiri sərgini işıqlandırmaq üçün Tibetə dəvət olunub.
“Ədəbiyyat və incəsənət”
(19.06.2023)
Sabah Qarabağın ürəyi Gəncədə döyünəcək
Sabah Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək. Konsertdə ölkəmizin tanınmış Xalq və Əməkdar artistləri Qarabağ üçün oxuyacaqlar.
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Qeyd olunmalıdır ki, konsertin baş sponsoru Veysəloğlu Şirkətlər Qrupu, informasiya dəstəkçisi isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətidir.
Siz də bilet əldə edərək “Qarabağ gecəsi”nin iştirakçılarından biri ola bilərsiniz.
(Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert23)
Həmrəy olaq, Qarabağı birlikdə bərpa edək!
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Həmyerlimiz beynəlxalq film festivalının münsiflər heyətinə dəvət alıb
“GÜZGÜ” FİLM FESTİVALI İYUNUN 30-da AÇILACAQ
Son vaxtlar müxtəlif kino forumlarında həm filmlərlə, həm də münsiflə təmsil olunmağımız bir dəb halı alır. Budur növbəti belə hal: prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətinə dəvət edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.
Festivalın müsabiqə proqramında 12 ölkədən 8 film iştirak edəcək.
Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.
Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşacaq.
Andrey Tarkovski SSRİ dönəminin ən məşhur kino və teatr rejissoru olub, bütün nüfuzlu mükafatları qazanıb, ömrünün son illərini Avropada mühacirətdə keçirib.
Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.
Fransız rejissoru Jüstin Trieyə aid bu filmdə baş rolu Sandra Hüller oynayır.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
“Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda keçirilən konfransa qardaş ölkənin mediası geniş yer verib
AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan Ədəbiyyat Fondunun, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilatçılığı ilə keçirilən “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans qardaş ölkənin mediasında geniş şəkildə işıqlandırılıb.
Bu barədə www.science.gov.az saytı məlumat verir.
Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “yesiligdir”, “tum1haber”, “konyabakis”, “hasulkuhaber”, “igdirim76”, “haberiniz.com”, “adanamasasi” və digər saytlarında türk xalqlarının ortaq ədəbiyyatı və mənəvi dəyərləri ilə bağlı konfransda səsləndirilən fikirlər oxucuların diqqətinə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Heydər Əliyev Mərkəzində II Bakı Beynəlxalq Piano Festivalının açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə II Bakı Beynəlxalq Piano Festivalı başlayıb. İyunun 29-dək davam edəcək festivalın məqsədi dünyanın hər yerindən ən yaxşı musiqiçiləri təşviq etmək və müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə mədəni körpü yaratmaqdır.
Tədbirin açılışdan əvvəl Azərbaycanın Əməkdar artisti, Bakı Beynəlxalq Piano Festivalının təsisçisi Şahin Növrəsli AzərTAC-a festivalla bağlı fikirlərini bölüşərək deyib: “Festivalın çox zəngin bir proqramı var. Məşhur Amerika bəstəkarı Corc Gerşvinin “Mavi rapsodiya” əsərini iki royal üçün hazırlamışam və caz-triosu əlavə etmişəm. Festival günlərində tamamilə fərqli janrlarda əsərlər səslənəcək. Bu il 11 ölkədən gələn məşhur musiqiçilər fərqli məkanlarda çıxış edəcəklər”.
Festivalın Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimində Mərkəzin nümayəndəsi Rəna Məmmədova qonaqları salamlayaraq ölkəmizdə uzun illərdir Bakı caz, İpək yolu, Qəbələ Beynəlxalq Musiqi, Üzeyir Hacıbəyli festivallarının və Birinci Bakı müasir musiqi günlərinin keçirilməsinin ənənə halını aldığını söyləyib: “Bu gün də biz yalnız milli musiqini deyil, həmçinin dünya musiqisinin təbliğində mühüm rol oynayan beynəlxalq tədbirlərin təşkil edilməsində bilavasitə iştirak edirik”.
Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli Bakı Beynəlxalq Piano Festivalının təsisçisi kimi layihəni artıq ikinci ildir təşkil etməkdən məmnunluğunu ifadə edib. O, festivalın ərsəyə gəlməsində və verdiyi davamlı dəstəyə görə Heydər Əliyev Fonduna və əsas sponsor olan “Pasha Holding”ə təşəkkürünü bildirib.
Məşhur pianoçu Elen Mersye Bakıda gözəl insanların əhatəsində olduğunu deyib: “Bütün bunlar məndə xoş təəssürat bağışladı. Şahin Növrəslinin bütün bunları bir araya gətirərək belə bir möhtəşəm festival yaratması məni ilhamlandırır”.
Piano Festivalı Bakının müxtəlif konsert salonlarında, açıq və qapalı məkanlarda keçiriləcək. Azərbaycan Dövlət Simfonik və Azərbaycan Dövlət Kamera orkestrlərinin müşayiəti ilə dünya ulduzları ilə yanaşı, musiqi bayramında istedadlı gənc nəslin nümayəndələri olan yerli pianoçular və digər musiqiçilər də iştirak edəcəklər.
Festival çərçivəsində ictimaiyyət üçün bir sıra interaktiv ustad dərslər də təşkil olunacaq. Bununla da II Bakı Beynəlxalq Piano Festivalı vasitəsilə bu musiqi bayramının bütün dünyada daha çox tanınmasına, həmçinin Azərbaycan mədəniyyətinin təşviq olunmasına nail olunacaq.
Rəsmi hissədən sonra konsert təqdim edilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, həmin orkestrin müşayiəti ilə Elen Mersye və Şahin Növrəslinin ifasında C.Gerşvinin “Mavi rapsodiya”sı səsləndirilib.
Qeyd edək ki, festivalda Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilər iştirak edir. Bu çərçivədə paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulub. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq. Bir sözlə festival günlərində canlı musiqi sədaları onsuz da bənzərsiz olan Bakının yay axşamlarına özünəməxsus bir ovqat bəxş edəcək.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)