Super User
Səma adamı
Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı, "İstiqlal” ordenli ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannanın (Hüseynov) anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Şəhid anası Başxanım Abbaslı, millət vəkili Aqil Abbas, Xalq artistləri, ziyalılar iştirak edirdilər. Onu da qeyd edək ki, İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun tövsiyyəsinə əsasən İctimai Birliyin üzvləri də iştirak edirdilər.
Təbdirin aparıcısı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dosenti, tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir öz oxucusunu düşündürməyi və inkişaf etdirməyi bacaran İsa Muğanna yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra yazıçının ssenarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş etdirildi. Ssenarisini yazdığı filmlərdə rol alan Xalq artistləri Xalidə Quliyeva, Tariyel Qasımov, Şeyx Əbdül filmlərin çəkilişi zamanı yazıçının fədakarlığından, aktyorlara olan diqqətindən, cəfakeşliyindən söhbət açaraq İsa Muğannanı böyük hörmət və ehtiramla yad etdilər.
Millət vəkili Aqil Abbas, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri şair Hacı Zaməddin Ziyadoğlu, tənqidçi-alim Rüstəm Kamal, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şairlər Rafail İncəyurd, İlham Qazaxlı öz çıxışlarında İsa Muğanna yaradıcılığında milli-mənəvi, bəşəri dəyərlərdən, yazıçının yüksək oxucu zövqünü formalaşdırmasından, böyük düşüncəyə və öncəgörənliyə malik olan İsa Muğannanın insanların (qəhrəmanlarının dili ilə) xarakterini tam aça bilməsindən söhbət açdılar.
Tənqidçi alim Rüstəm Kamal İsa Muğannanın İsa Məsihlə, Nəsimi ilə eyni adam olduğuna inanır: "İsa Muğanna qutsal şəxsdir, artıq müqəddəsləşmiş, mifləşmiş obrazdır. İsa Muğanna müqəddəs adamdır, yüksək, sakral fikrin əzəlkeşidir, yeni inanc dünyasının yaradıcısıdır. İsa Məsih İsa Muğannanın ən çox sevdiyi obrazdır – ən qutsal addır. Bu sevgi “Məşhər”dən, Nəsimidən başlayır. “Məşhər”i yazanda Nəsimi sirrinə o qədər vaqif olub ki, artıq Nəsimi ilə “vəhdəti-vücud”dur. “Məşhər”dəki Nəsimi İsa Muğannanın özüdür. Nəsimi hürufiliyindən başlayır İsa Muğannanın neohürufiliyi! İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərir".
"Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti rəhbəri olaraq mən də çıxış edərək tədbir iştirakçılarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin salamlarını çatdırdım. Tədbirin araya-ərsəyə gəlməsində xüsusi zəhməti olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının müdiri Nərmin Xəlilovaya və onun rəhbərlik etdiyi kollektivə təşəkkürümü bildirdim.
Çıxış edən ziyalılar İsa Muğanna yaradıcılığını "Azərbaycan ədəbiyyatında intibah" adlandırdılar.
Sonda yazıçının ailə üzvləri - qızı Sevinc Muğanna və nəvəsi yazıçı Səma Muğanna çıxış edərək, tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Sağlam yaşamağın bir sirri də bu yazıdadır
NAR ÇƏYİRDƏYİ YAĞINDAN İSTİFADƏ EDƏNİNİZ OLUBMU?
Mədəni, elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb.
Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər.
Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.
Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır:
Nar çəyirdəyi yağı;
Qara zirə yağı;
Üzüm çəyirdəyi yağı;
Balqabaq tumu yağı;
Çaytikanı yağı;
Kətan yağı.
Bu gündən etibarən hər gün bu yağlardan biri barədə sizlərə məlumat verəcəyik. İlk olaraq mövzumuz Nar çəyirdəyi yağı barədədir.
Nar çəyirdəyi yağı
Sağlamlığın əvəzsiz eliksiri!
Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.
Bu məhsuldan necə imtina etmək olar?
Növbəti buraxılışda sizlərə Qara zirə yağı barədə danışacağıq. Nar çəyirdəyindən fərqli olaraq qara zirədən yağ almaq asan prosesdir. Amma burada da işbazlar maya dəyəri uciz olsun deyə istehlakçıya təmiz zirə yağı vermirlər.
Növbəti buraxılışımızı qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Göbələk şorbası iyunun istisində belə ləzzət verir
“Ədəbiyyat və incəsənət” portalının bu bölümündə Aysel Qarayeva sizlərə bu dəfə göbələk şorbası reseptini təqdim edir. Kim deyir ki, yayda şorba yeyilməz? Şorbanı yeyin, doyun, əvəzinə ikinci yeməkdən boyun qaçırın. Məntiqlidir? Bəli, məntiqlidir.
Bu şorbanı şəhərimizin elit restoranları təklif edir. Mətbəxə keçib onu hazırlamağa dəyər.
Ərzaqlar:
1 qab göbələk
1 xörək qaşığı kərə yağı
3 xörək qaşığı un
1 stəkan süd
4 stəkan su
Yarım limonun suyu
Duz
İstiot
Hazırlanma qaydası:
Göbələkləri təmizləyin, qaynadın, qara suyu çlxandan sonra kvadrat formasında doğrayın. Doğranan göbələkləri limonlu suyun içində qaynadın. Qazanın içində kərəyağını əridin və un əlavə edib qovurun. Unun rəngi bir qədər dəyişəndə üstünə südü yavaş-yavaş əlavə edin və tez-tez qarışdırın. Göbələyi və suyu da əlavə edin.
Duz və istiot əlavə edib, bişirməyə davam edin. Qaynamağa başladığında ocağı söndürün, qazanın qapağını örtün, bir az belə saxlayın.
Süfrəyə təqdim edərkən bir neçə göbələyi xirda doğrayıb, qızardaraq şorbanın üzərinə dekor kimi əlavə edə bilərsiniz.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Günün lətifəsi qəhrəman uşaq barədədir
“Ədəbiyyat və incəsənət” portalı günün lətifəsini təqdim edir. Bəri başdan deyək ki, bu yumor qara yumorlar silsiləsindəndir. Onu oxuyanda bəzi ştrixlərə, detallara azacıq diqqət yetirmək lazımdır.
Rubrikanı Cavad aparır.
Yasamal rayonunda bir səkkiz yaşlı uşaq küllükdən 100 min dollar tapıb onu polisə təhvil verir.
Uşağın valideynini çağırıb RealTV-nin canlı yayımının müşayiəti ilə polis rəisi ona təşəkkür edəndə təəccübdən dili dolaşan qadın on bağlama yüzlük dollardan göz çəkə bilmədən ağlaya-ağlaya deyir: — Mən oğlumla fəxr edirəm!
*
Hörmətli oxucularımız. Siz də bu rubrikanın müəllifi ola bilərsiniz. Ən gülməli zənn etdiyiniz lətifələri elektron ünvanımıza yollaya bilərsiniz ( Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. )
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
5-ci dərc
Bəzən hansısa məsələdə ilk baxışdan məntiq pozulursa, bu heç də həmin məsələdə məntiqin olmaması anlamına gəlmir. Bir adamı izləyən biri üçün bu kişinin yol verdiyi çoxsaylı səhvlərin də bir məntiqi izahı olmalı idi.
Pomidor-yumurtadan yeyə-yeyə həmin məntiqi tapmağa çalışacağam. Deyək ki, qarşı tərəf bizim məlum qətl hadisəsi ilə bağlı araşdırmalara başladığımızı öyrənib. Hansı yolla, necə öyrəniblər, bunu sonraya saxlayaq. Bu halda hansı addımlar atacağımız barədə məlumatlı olmaları, kimlərlə görüşəcəyimizi bilmələri, əks addımlar atmağa hazır olmaları üçün onların məni də, polkovnik Dadaşzadəni də izləmələri normaldır.
Polkovnik Dadaşzadənin qətl barədə məlumatı aldığı günün səhəri artıq mənim izlənilməyə başlamağım qarşı tərəfin də olduqca məlumatlı və kifayət qədər ciddi bir tərəf olduğunu bir daha təsdiqləyir. Bu halda onların mənim, xüsusilə də müəllimimin neçə-neçə dolaşıq cinayətləri açmış peşəkarlar olduğumuzu bilmələri də şübhə doğurmur.
Yaxşı, bəs onda, məni izləməyə göndərdikləri, kafeyə girdiyi ilk beş dəqiqədə beş səhv buraxmış, adətən izləməyə cəlb olunan, heç nə ilə yadda qalmayan xarici görünüşə malik şəxslərdən tam fərqlənən, yadda qalan xarici görünüşü ilə elə uzaqdan adamın «gözünə girən» bu yemişbaşla nə demək istəyirlər?
Variantları sayaq.
Birincisi - bizim kimi adamları nə iləsə qorxudub geri çəkilməyə vadar edə bilməyəcəklərini bildiklərindən, bu, sadəcə xəbərdarlıq mesajıdır. Yəni, bilirik, məlumatlıyıq, peşəkarlığınızı dəyərləndiririk, amma yaxşı olar ki, işimizə qarışmayasınız.
İkincisi - aşkar izlənilməyimizi təşkil etməklə bizi tələsməyə, hansısa səhv buraxmağa vadar etmək.
Üçüncüsü - qarşı tərəf kifayət qədər məlumatlı, geniş imkanlara malik ciddi bir tərəfdir, bəlkə də hansısa məsələlərdə onlarla rəqabət apara biləcək çox az adam var, ancaq «fəaliyyət» istiqamətləri başqadır. Yəni, adicə kimisə izləmək və buna bənzər işləri gördürmək üçün xüsusi hazırlıq keçmiş adamları belə yoxdur və indi aşkar etdiyim səhvlər bunun nəticəsidir.
Onlar xüsusi xidmət orqanlarında istifadə olunan eynəyi də, ona bənzər bir çox şeyləri də hansısa yollarla əldə edə və ya kustar üsulla hazırlatdıra bilərlər. Ancaq tətbiqinə gələndə mütləq axsamalıdırlar. Belə eynəyə malik olmaq hələ heç nə demək deyil. Məsələn, mən bu eynəkdən istifadə etməklə kimisə izləməli olsam, yer seçərkən mütləq işığın düşmə bucağını nəzərə alar, heç vaxt tavandakı lampanın düz altında oturmazdım. İşıq düşmədiyi təqdirdə eynəkdəki dəmir lövhələr çərçivədən heç nə ilə fərqlənmir və diqqəti cəlb etmir belə eynəklərdə. İzləyən isə, az əvvəl sadaladığım səhvlərdən başqa, heç bu adi şeyi də nəzərə almayıb.
Dördüncüsü - qarşı tərəf özü qorxuya düşüb və tələsik, elə əllərinin altında olan ilk adamlarını məni izləməyə göndəriblər.
Başqa nə variant ola bilər? Bəlkə, kimisə bu yolla bizimlə, ya da bizi kimlərləsə üz-üzə qoymaq istəyirlər? Hansısa öz maraqları xatirinə məlumatı hər iki tərəfə ötürüb, indi də oturub kənardan baxırlar? Onda bunu edənlər kimdir və niyə məhz bizi seçiblər? Yox, bu inandırıcı deyil. Polkovniki belə şeylərlə tora salmaq mümkün deyil. Əgər o, qətli araşdırmağımı istəyibsə, deməli, bir çox şeylər kimi, bunu da nəzərdən keçirib. Bu variantı bir kənara qoyaq.
Bunları saf-çürük etmək üçün bir qədər zaman lazımdır. Yeməyimi yeyib qurtarmışam. Burada boş-boşuna oturmağa dəyməz. Təbii ki, kafedən ardımca çıxacaq bu yemişbaşı az sonra azdıra bilərəm. Ancaq hələ ki, aktiv hərəkətlərə keçməmişəm, qoy onu deşifrə etdiymi anlamayıb izləməni davam etsin. Onsuz da ofisə qayıdıram.
Ofisiant qıza hesabı gətirməsinə işarə verdim. Bir azdan əlində qəbz ilə yaxınlaşan qıza hesabı ödəyib ayağa qalxdım. Bunu görən yemişbaş yerində qurdalandı. Sonra qəzeti büküb qıza bir beşlik uzatdı. O, pulun qalığını gözləyərkən mən pilləkənləri qalxıb kafedən çıxdım. Pilləkənlərdə qəfildən ağlıma gələn bir fikri həyata keçirməkçün ofisə getməkdən vaz keçdim, əks tərəfə dönüb asta addımlarla «Sovetski» adlanan ərazinin içərilərinə doğru getməyə başladım.
Bir azdan təngnəfəs kafedən çıxan yemişbaş gözləri ilə axtarıb məni tapdı, çox uzaqlaşmadığımı görüb məsafədən ardımca gəlməyə başladı.
Onun bu diletantlığı artıq məni qıcıqlandırmağa başlayırdı. Zəif rəqibə qarşı oynamaq heç vaxt maraqlı olmayıb mənə. Təxminən yetmiş metr irəlidə, keçmiş 2-ci paralel küçəsində bir çəkməçi dükanının olduğunu bilirdim. Ağlıma gələn fikirdə bu dükandan istifadə edəcəkdim. Ona görə də elə həmin küçə ilə üzüyuxarı qalxırdım. Dükana çatanda qəsdən sağa-sola boylanıb dükanının qabağında oturmuş çəkməçiyə yaxınlaşdım. Usta yaşlı bir adam idi. Əlimi uzadıb onunla salamlaşdım. Sonra əyilib qulağına pıçıldadım:
-Ağsaqqal, dönə-dönə üzr istəyirəm, bu yaxınlarda ayaqyolu harada var?
Bunu deyərkən, ustanın salam verdiyi əlini hələ də əlimdə saxlamışdım. İzləyən, demək olar ki, lap yaxındaydı. Mənim ustaya, ustanın da mənə nə dediyini o eşitməməliydi. Usta isə, başqa suala yox, yalnız bu suala elə mənim kimi, etik normalara uyğun olaraq, pıçıltı ilə cavab verərdi.
-Nə deyim ay oğul, mən də hərdən bu sol tərəfdəki qonşudan xahiş edirəm, - düşündüyüm kimi, usta da pıçıltı ilə cavab verdi.
Əyilərkən sol əlimi usta görmədən, onun üstünə alətlər yığdığı kiçik masasının altına uzadıb guya masanın altına yapışdırılmış nəyisə götürürmüş kimi yenə geri çəkib tez cibimə saldım.
-Bağışlayın dayı, narahat etdim, - yenə pıçıltı ilə deyib cəlb dikəldim və birdən ayağım nəyəsə ilişibmiş kimi səntirlədim. Usta yaşının imkan verdiyi sürətlə yerindən qalxıb yıxılmamağım üçün qolumdan tutdu.
Başımın işarəsi ilə təşəkkür edib, geriyə, bayaq gəldiyim yola tərəf yan aldım.
Yalandan səntirləyərkən yemişbaş düz tuşumuzdan keçirdi. Əgər bunu etməsəydim, ustaya «Eybi yox, Allah bağışlasın” və ya “Olan işdir» deməyə imkan verəcəkdim. Bu sözlərdən başqa heç nə eşitməyə müvəffəq olmayan izləyici, mütləq onları yadında saxlayacaq və onu göndərənlərə çatdıracaqdı. Onlar isə, düşünürəm ki, güdükçülərindən fərqli olaraq, kifayət qədər ağıllı adamlardırlar və göndərdikləri adamı deşifrə etdiymi, bunun ona qarşı işlətdiyim bir fənd olduğunu başa düşəcəkdilər.
İndi isə, qoy fikirləşsinlər pıçıldadıqlarım və masanın altından «qoparıb götürdüyüm» nə idi. Böyük ehtimalla, çəkməçi nəzarətə götürüləcəkdi. Baxaq görək, bunların nə qədər adamları var və bu gediş-gəlişin seyrək olduğu küçədə daimi nəzarəti necə təşkil edəcəklər.
Sonda hər şeyin üstü açılanda yemibaşın düşdüyü vəziyyəti fikirləşib gülümsədim. Amma deyəsən yenə də Layiqəsiz ötüşə bilməyəcəyəm. Yenidən geriyə, ofisə tərəf getməyə başladım. Beş dəqiqə sonra ofisin qarşısında idim. Avtomatik olaraq işarə veriləcək ağaca baxdım. Bəli… İşarə verilmişdi. Özü də bir deyil, iki. Ağacda təbaşirlə iki xətt çəkilmişdi. Biri ağ, biri isə çəhrayı təbaşirlə. Bu xətlər həm mənə çatacaq məlumatın hazır olmasından, həm də təhlükədən xəbər verirdi.
Qocaman polkovnik vaxtını boş yerə itirmir. İzlənməyimdən xəbəri var. Bəlkə də özünü də izləyirlər.
Qapını açıb içəri keçdim. Məni görən Layiqə ayağa qalxdı.
-Nuş olsun, şef.
-Sağ ol, Layiqə. Amma sən heç nə yemədin.
-Ürəyim istəmir nəsə.
-Yaxşı. Ancaq nəzərə al ki, növbəti iki gün çox yorulacaqsan.
Bu qız sual verməyi çox sevsə də, heç vaxt boş-boş suallar verməzdi. İndi də gözlərini qıyıb mənə baxdı: -Tapşırıq var, şef?
-Var Layiqə, bir azdan tapşırığının nədən ibarət olduğunu sənə deyəcəyəm.
-Yaxşı.
Keçib kresloma əyləşdim. Ofisin qarşısında, çöl tərəfdə quraşdırılmış kameranın görüntülərini monitora verdim. Yemişbaş yenə də yolun əks tərəfində, üzbəüzdəki avtobus dayanacağında idi. Qoy dayansın. Orada olmağı mənim xeyrimədir. İndi, növbəti hərəkət planımı dəqiqləşdirib sonra Layiqəyə nə etməli olduğunu deməli, bundan sonra isə ofisdən çıxıb izləyicini azdıraraq mənə çatacaq məlumatın ardınca getməliydim.
Çəkməçi ilə etdiyim fənd heç də yemişbaşla məzələnmək məqsədi daşımırdı. Əgər qarşı tərəf özü gəlib “mən buradayam” deyirsə, bundan niyə istifadə etməyim ki. Deməli belə. Əvvəla, bu etdiklərim çəkməçi üçün heç bir təhlükə yaratmırdı. Əvvəlcə mənimlə əlbir olduğunu düşünüb, duyuq salmamaqçün onu bir müddət izləyəcəklər. Sonra isə boş yerə vaxt itirdiklərini başa düşüb izləməni dayandıracaqlar.
Çəkməçinin yerinə yolboyu yerləşən, istənilən başqa obyekti də seçə bilərdim. Ancaq belə etməkdə bir fikrim var idi. Çəkməçi dükanı, dediyim kimi gediş-gəlişin seyrək olduğu bir küçədə yerləşirdi. Əgər izləmə təşkil olunarsa, müştəriləri bol olan digər obyektlərdən fərqli olaraq, bu küçədə izləyən adamı müəyyən etmək elə də çətin olmayacaqdı. Çəkməçinin izləniləcəyinə isə, nədənsə inamım böyük idi. Ən azından, artıq özüm izlənirdim və qarşı tərəfin metodları belə düşünməyimə əsas verirdi.
Əgər bu ana qədər etdiklərimdə qorxulu heç nə yox idisə də, mənim təkrar o küçədə görünməyim artıq çəkməçi dayı üçün xoşagəlməz vəziyyət yarada bilərdi. Buna isə yol verə bilməzdim. Ona görə də, qarşı tərəfin buraya göndərəcəyi adam olarsa, onu Layiqə müəyyən edəcəkdi. Belə bir adam olardısa, kimliyini müəyyən edib, onun vasitəsilə rəqiblərimizin kimlər olduğunu öyrənməyə çalışacaqdım. Kim olduğunu bildiyin rəqiblə vuruşmaq, kimliyi haqqında təsəvvürün belə olmadığı biri ilə vuruşmaqdan çox asandır.
Bu günki dırnaqarası izlənməyim, bu işin cinayət aləminin elitasına bağlandığı barədə əvvəlki təhlillərimdə gəldiyim qənaətimi daha da möhkəmlədirdi. Bir tərəfdə olduqca məlumatlı olan cinayət aləminin nümayəndələri, onların atdıqları qətiyyətli addımlar, digər tərəfdə isə, çalıb-çapmaq, şantaj etmək, öldürmək və sair kimi dərindən mənimsədikləri spesifik bacarıqlarından bir qədər kənara çıxan işlərə - adam izləmək və sair kimi şeylərə baş qoşmaqla üzə çıxan diletantlığın yaratdığı təzadlar…
Görək indi onlara atdığım sümüyü çeynəmək üçün götürəcəklərmi?
-Layiqə, yaxın otur.
Layiqə yaxınlaşıb masamın kənarındakı stullardan birini çəkib, əlimlə göstərdiyim yerdə, mənimlə yanaşı əyləşdi.
Monitorda görüntünü yaxınlaşdırıb yemişbaşı Layiqəyə göstərdim.
-Bu adamı yadında saxla.
-Məncə, bu adamı bir dəfə görən ömrü boyu unutmaz, - Layiqə gülümsədi.
-Razıyam. İndi mənə qulaq as. Çox ciddi bir tapşırıq almışıq və düşünürəm ki, olduqca təhlükəli rəqiblərlə qarşıdurma gözləyir bizi. Gördüyün bu adam da qarşı tərəfin bizi nəzarətdə saxlamaq üçün göndərdikləri biridir. Bir azdan mən ofisdən çıxacağam. Gördüyün adam mütləq məni izləyəcək. Ofisdə özünə lazım olacaq əşyalarını topla. Adam mənimlə birlikdə uzaqlaşan kimi, ilk növbədə ofisin qarşısındakı ağacda təbaşirlə çəkilmiş, ağ və çəhrayı rəngli iki xətti diqqəti cəlb etmədən sil. Sonra əşyalarınla ofisi tərk et. Bu gün dincəl. Növbəti iki gün ofisə gəlməyəcəksən. Evdən birbaşa keçmiş 2-ci paralel, indiki Balababa Məcidov küçəsinə gedəcəksən. Yəqin tanıyırsan, buradan bir qədər yuxarıdakı küçədir.
-Tanıyıram, şef.
-Cəfər Cabbarlı küçəsi tərəfdən gedəndə, orada kiçik bir çəkməçi dükanı var. Usta yaşlı bir adamdır, kiçik bir masa qoyub, elə küçədə, dükanın qarşısında öz işini görür. Düşünürəm ki, sabah və ola bilsin ki, birisigün onu izləyəcəklər. Belə bir şey olarsa, izləyən adamın şəklini çək, maşını olarsa, dövlət nömrə nişanını, markasını, rəngini qeyd elə. Mümkün olarsa, sonradan o adamın gedəcəyi yeri, yaxud da görüşəcəyi adamı da müəyyən elə, ancaq çox riskə getmə. Yəqin ki, bayaq göstərdiyim, məni izləyən adam ofisi səhərdən müşahidə edir və səni ofisə girərkən görüb. Ona görə də, növbəti iki gündə indi olduğun qiyafədən tam fərqli qiyafələrdə ol. Elə et ki, səni tanıyan olmasın. Bu çox vacibdir. Çox güman ki, səhər saat 10-dan axşam 7-dək işləyər çəkməçi. Nə etmək lazım olduğunu özün bilirsən.
-Arxayın olun, şef.
-Mən də bu dəqiqədən etibarən qarşı tərəf üçün «yoxa çıxacağam». Deməli, ofisə gəlməyəcəyəm. Çıxarkən qaz tapançanı özünlə götür, işıqları söndür və mühafizə qurğusunu işə sal. Mobil telefonla əlaqə saxlama bir müddət.
-İzləmənin nəticəsi barədə məlumatı necə və ya harada sizə çatdırım?
-Sabah axşam saat 8-də «Moskva» univermağının girişinin qarşısındakı pilləkənlərdə. Sonrasına baxarıq.
-Yaxşı düşünmüsünüz, şef, deməli hamı bir tərəfə, mənsə əks tərəfə? - Layiqə gülümsədi.
Bu qız hər şeyi çox tez tuturdu. İndi təyin etdiyim görüş yeri, ilk baxışdan adi bir yer idi. Ancaq adi insan üçün. Əslində isə, həmin saatda univermaq bağlanır. İçəridə və qarşısındakı pilləkənlər boyu yerləşən bütün obyektlər eyni təyinatlı olmaqla, qızıl və gümüş alveri ilə məşğul olanlar olduqları üçün, dükan sahibləri dükanlarını bağlayaraq evlərinə getmək üçün eyni vaxtda hamısı pilləkənlərlə bir istiqamətə, yola və ya «Memar Əcəmi» metrostansiyasına doğru hərəkət edirlər. Enli pilləkənlər boyu və bilavasitə univermağın qarşısında nə bir iaşə obyekti, nə də yaşayış olmadığından, alıcılar da iş saatının bitdiyini bildikləri üçün dediyim saatda univermağa tərəf gedən bir adam da görə bilməzsən. Deməli, həmin saatda Layiqə görüş yerinə yaxınlaşarkən, ondan başqa bu insan axınına qarşı gedən ikinci şəxs böyük ehtimalla onu izləyən biri olacaq. Beləliklə, həm bunu öyrənəcək, həm də Layiqəni sığortalamış olacağam. Təhlükənin nə qədər böyük olduğunu nəzərə alaraq, Layiqəyə nə qədər arxayın olsam da, onu sığortalamağı lazım bilirdim indiki halda.
-Son dərəcə ehtiyatlı ol, Layiqə.
-Narahat olmayın, şef.
-Elədirsə, mən getdim.
-Mən də az sonra çıxıram.
Seyfi açıb silahımı götürdüm və pencəyin altından taxdığım, çiyinlərimə çarpaz keçirdiyim, dəridən tikilmiş qobura - sol qoltuğumun altına qoydum. Bunu etdikdən sonra ofisdən çıxdım.
Yolun o biri tərəfindəki əbləhdən yaxa qurtarmaq üçün metroya girəcəkdim.
Bir qədər soldakı işıqfora tərəf getdim. Orada yerüstü piyada keçidi var. Yaşıl işığın yanmasını gözləyib yolu keçdim. Pilləkənlərlə «Nizami» metrosuna tərəf qalxıb stansiyaya girdim. Belə hallar üçün həmişə başqa kartlarla birlikdə cibimdə gəzdirdiyim metro kartını çıxarıb turniketə yaxınlaşdırdım. Arakəsmə şaqqıltı ilə açıldı. Turniketi keçib eskalatora mindim. Platformaya düşəndə hər iki tərəfdən gələn qatarların intervalına baxdım. «Elmlər Akademiyası»na gedəcək qatar daha tez yaxınlaşmalı idi.
Həmin tərəfdə dayanıb qatarı gözləməyə başladım. Yemişbaşın stansiyadakı arkalardan birinin altında dayanıb yenə də məni izlədiyini görürdüm. Təxminən əlli saniyədən sonra qatar stansiyaya daxil oldu. Düşənlərə yol verdikdən sonra qəsdən qatara minənlərə də yol verdim və ən sonda qatara minib ayağımı qapılardan birinin qarşısına qoydum. Gözümün ucu ilə «dostum»un digər qapıdan mənim mindiyim vaqona girdiyini gördüm. Bu vaxt mikrofondan verilən elan səsləndi: «Ehtiyatlı olun, qapılar bağlanır. Növbəti stansiya Elmlər Akademiyası». Məlahətli qadın səsi ilə verilən elan bitər-bitməz avtomatik qapılar tısıltı ilə bağlandı. Təkcə mənim ayağımı qoyduğum qapıdan başqa.
Qəfildən, -Eldar, Eldar, - deyə qışqırıb, hələ yerindən tərpənməmiş qatardan tullandım və qatara minməyə imkan tapmayan, platformaya yenicə yaxınlaşmış, təxminən mənimlə eyni yaşda olan kişini qucaqlayıb bağrıma basdım. Təbii ki, bütün bunları yemişbaş da gördü və uzaqlaşan qatarda mənim hələ də Eldar dediyim kişini bərk-bərk qucaqlayıb dayandığımı müşahidə etməkdən başqa bir çarəsi qalmadı.
Mən isə qucaqlamaqla kifayətlənməyib, kişini arxası qatara tərəf də fırlatdığımdan özüm üzü qatara tərəf olmaqla, gözümün ucu ilə yemişbaşın hansı təlaş keçirdiyini ləzzətlə seyr edirdim. Təlaşlı izləyicimi aparan vaqon tunelə girənə kimi döyüküb qalmış kişini buraxmadım. Nəhayət bundan bezən kişi:
-Əşşi, burax görüm. Eldar kimdir, sənə kim lazımdır? - dedikdən sonra üzümə təəccüb dolu ifadə verib kişiyə baxdım.
-Sən Eldar deyilsən? Rizvanam da, Rizvan, əsgərlik, eyni bölükdə idik, məni tanımadın? - deyə yenə süni təəccüblə kişiyə baxdım.
-Əşşi bir əvvəl soruş, sonra qucaqla da. Qabırğalarımı qırmışdın ki. Nə əsgərlik, mən əsgərlikdə olmamışam.
İndi qısaca kişidən üzr istəyib tez uzaqlaşmalıydım.
-Siz Allah bağışlayın, amma yaman oxşayırsınız.
-Eybi yox, olan işdir.
Sürətlə eskalatora doğru getdim.
Mən sadəcə qapılar bağlanarkən qatardan tullanıb izləyicimi növbəti stansiyaya yola sala bilərdim. Ancaq onu nə qədər ağılsız hesab etsəm də, bu halda izləndiyimi başa düşdüyümə onun şübhəsi qalmayacaqdı. Bu isə mənə lazım deyildi. Qoy elə doğrudan da çoxdan görmədiyim bir tanışımı gördüyüm üçün qatardan tullandığımı düşünsün. Ya da, ən azından ikifikirli qalsın. Hər halda, inandırıcı olmaq üçün o kişini elə qucaqlamışdım ki, heç ana doğma balasını belə qucaqlamır.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Bu gün Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq
İyunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.
Konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.
Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.
Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
“Olanına sevinən həmişə sevinər” - Aforizmlər xəzinəsindən
“Ədəbiyyat və incəsənət” portalı “Aforizmlər xəzinəsi” rubrikasında tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.İnsan sağlamlığa gəzə-gəzə, xəstəliyə otura-otura tutular.
2.Həyat insan köçüdür: qabağınca gedənlərə uğur, arxanca gələnlərə səbir dilə, yanınca gedənləri isə sev.
3.Sevgi haqda bilməli olduğumuz bircə şey var: sevgidən heç kim ölmür.
4.Həyatın qaralaması olmur, bunun əvəzinə bizə hər gün yeni şans verilir.
5.Sevinc yaxşı şeydir, amma insanı insan kimi yetişdirən kədərdir.
6.Olanına sevinən həmişə sevinər.
7.Kiçik sevinclərinizə muncuq kimi yanaşsanız, xoşbəxtlik boyunbağınız həmişə olacaq.
8.İnsanları sevsən, kədərlənməyə, təbiəti sevsən, sevinməyə həmişə səbəbin olacaq.
9.Uğur yolunu tapmaq üçün uğurluya bax, uğursuza isə qulaq as.
10.Oturub düşündüyün yüz fikirdənsə, durub arxasınca getmək istədiyin bir fikrin olsun.
Ədəbiyyat və incəsənət”
(16.06.2023)
“Yollar düz çəkilmədi- Düşdük əyri yollara…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
Küçədən nəğmə keçir…
Təzə hava çalınır,
Qəmin köhnə sazında.
Yad dildə danışırıq
Doğmaların yasında.
Qocalıram deyəsən,
Söz içimdə paslanır.
Bir şimal şəhəriyəm-
Günəş mənə nazlanır…
Qıfılbənddi göy üzü-
Tanrı vermir açarı.
Küçədən nəğmə keçir
Çağır gəlsin içəri…
Yıxılıram, ilahi
Ümid də yox tutmağa.
Neçə eşq həsr etmişəm,
İlk eşqi unutmağa.
Bəlkə yaşamamışam,
Amma ömür sürmüşəm.
Bir dilənçi ovcuna
Yüz dəfə hönkürmüşəm…
…Qucaqlamaq öyrədin,
Bu kəsilmiş qollara.
Yollar düz çəkilmədi-
Düşdük əyri yollara…
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
Bakıda keçiriləcək rok festivalına sayılı günlər qaldı
İyunun 24-25-də “Eldorado” Şıx çimərliyində "Azerbaijan Rock Fest" rok festivalı təşkil ediləcək. Gördüyünüz kimi, tədbirə çox az vaxt qalıb.
Festivalda Röyal Musa, Joseph Abbas, Şahin Əlizadə və “The Passion”, “Greyband”, “Free From Four”, “Dədə Baba”, “Aynaband”, “Qara Dərviş”, “Midnight”, “Little Rocks” kimi rok qruplar çıxış edəcəklər.
Qeyd edək ki, “Darvisch Creative Sounds”un təşkilatçılığı ilə keçiriləcək "Azerbaijan Rock Fest" səhnəsində eyni zamanda öz əsrarəngiz performansı və xüsusi rok parçalardan ibarət playlisti ilə Dj AKG iştirak edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)
O vaxt Rəşad Məcid olmasaydı…
HEÇNƏDƏN NƏSƏ YARADA BİLƏN ADAMIN - ELŞAD EYVAZLININ DOĞUM GÜNÜDÜR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Planeti Merkuridir, dəyişkən xüsusiyyətlidir, əsasən sarı və narıncı rəngləri xoşlayır. Uğurlu rəqəmləri 5-lə 9-dur. Metalı civə, şanslı günü isə çərşənbədir. İntellektual, məntiqli, məzmunlu, söhbəcil, yeniliklərə açıq adamdır. Cəlddir, eyni vaxtda bir neçə iş görməyi bacarır. Xoş təəssürat yaradan görünüşü var...
“Uşaqlıqda dərslərimi çox yaxşı oxuyurdum, eyni zamanda çox dəcəl idim. Təsəvvür edin ki, mənim həm şərəf lövhəsində şəklim vardı, həm də divar qəzetində karikaturam. Atam müəllimdir. Mənə kimsənin ağlına gələ bilməyəcək cəzaları tətbiq edirdi. Doğulub boya-başa çatdığım Kəlbəcərdə qar çox yağırdı, qarın hündürlüyü bəzən bir metri keçirdi. Bir dəfə atam mənə necə əsəbiləşmişdisə, üst paltarımı soyundurub qarın içinə atdı. O vaxt atamın bu hərəkətini düzgün qiymətləndirmirdim. Düşünürdüm ki, mənə qarşı çox əzazildir. Qəribəsi o idi ki, dörd qardaş-bacıdan ancaq mən cəzalandırılırdım. Bunu bəzən ayrı-seçkilik kimi də qəbul edirdim. Sonralar isə başa düşürdüm ki, bütün təqsirlər özümdə olub. Standart olmamışam.”- söyləyir...
Ağıllı və praktikdir, üzləşdiyi problemləri asanlıqla həll edə bilir. Sərbəstliyi sevən adamdır, özünü məhdudlaşdırmağı xoşlamır. Hərdən onu başa düşmək çətin olur. Bəzən səxavətli görünsə də, bəzən də xəsislik edir. Amma pul məsələsində israfçıdır...
Deyir ki,- “İndiyədək nə əldə etmişəmsə, atamın verdiyi tərbiyənin hesabına etmişəm. Atam övladlarını kişi kimi böyüdüb. Vicdansızlıqdan, tərbiyəsizlikdən, yalandan həmişə uzaq qaçmışam. Öz gücümə ayaqda durmağı öyrənmişəm. Bu gün övladlarıma da bu tərbiyəni aşılayıram.”
Haqqında söhbət açdığım Elşad Səməndər oğlu Eyvazlı 1973-cü ildə Kəlbəcər rayonunda dünyaya gəlib. 1990-cı ildə Kəlbəcər rayonu Sarıdaş kənd orta məktəbini bitirib. Ali təhsilini “Təfəkkür” Universitetinin jurnalistika fakültəsində bakalavr və magistatura mərhələləri üzrə başa vurub. Bakı Dövlət Universitetinin doktorantıdır. Jurnalist fəaliyyətinə 1998-ci ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. “Hər gün”, “Bizim əsr”, “Fədai”, “525-ci qəzet”, “Üç nöqtə”, “Xəzər” və başqa qəzetlərdə çalışıb. 2006-cı ildən Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədridir. 2009-cu ildən “Modern” Media Qrupun direktoru, 2018-ci ildən isə “Azedu.az” Təhsil Saytının rəhbəridir. 2020-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb...
Öz işini yüksək səviyyədə icra etməkdən ləzzət alır. Emosionallıq ruhuna ziddir, mümkün qədər işin məntiqi tərəfinə baxmağı sevir. Heç kimə pislik etməyə çalışmır, yaxşılığı başa düşməyənləri isə asanlıqla başa sala bilir. Onun ən böyük bacarığı heç nədən nəsə yaratmaqdır...
“Sözüsüz ki, iş varsa, çətinliklər də olur. Bu illər ərzində xeyli çətinliklərə sinə gərmişik. Modern. az sayıtı fəaliyyətinin ikinci ilində bağlanmaq təhlükəsi üz-üzə qalmışdı. Burada konkret ad çəkəcəm. O vaxt Rəşad Məcid olmasaydı, yəqin ki, bu gün bu sayt olmayacaqdı. O, saytın çətin günündə davam dedi və bu işdə bizə stimul verdi. O, mənə bildirdi ki, bir az güclü və səbirli olmaq lazımdır. Həmin vaxt əməkdaşlara belə əməkhaqqı vermək gücümüz yox idi. Belə vəziyyətlər hazırda da tez-tez təkrar olunur. Biz ən çox gənclərlə işləməyə üstünlük veririk. Uzun illər mətbuatda çalışan dostlarımızla bir arada çalışmağı çox arzu edirəm. Sadəcə, onlara yaxşı məvacib verilməsi məsələsində xeyli problemlərimiz olduğuna görə bunu edə bilmirik. Bir sözlə, çətinliklər və yaxşı günlərimiz də olur. Keşməkeşli yollarla gəlib 14 ilə çata bilmişik. Amma hər halda hesab edirəm ki, internet portallarının çox olduğu bir zamanda fəaliyyət göstərmək asan bir məsələ deyil. O mənada ki, sıradan sayt olmaq təbii, bizim arzu və istəyimiz olmayıb.”- söyləyir.
AzEdu. az saytı da onun rəhbərliyi altında fəaliyyət göstərir, bu il beş yaşını qeyd ediblər. Və ötən bu beş ildə sayt adlanan bu nəhəng "döyüş maşını" daim informasiya cəbhəsində hücumda olub. Zəkalara yol tapıb, beyinləri fəth edərək, nüfuz qazanıb. Bu nüfuzun nəticəsidir ki, ətrafına yığılan oxucu ordusu ona inanır, onu izləyirlərlər. Bəli, bütün bunlar Elşad Eyvazlının nailiyyətləridir.
İyunun 16-da haqqında söhbət etdiyim əməkdar jurnalistin 50 yaşı tamam olur. Ona möhkəm cansağlığı, tükənməz enerji və yaradıcılıq uğurları arzulayıram.
Yubileyin mübarək, DAĞLAR OĞLU!..
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)