Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə qardaş xalqlar ədəbiyyatına müraciət edəcəyik. İnanırıq ki, tatar ədəbiyyatından seçmələri bəyənəcəksiniz.

 

 

TATAR ƏDƏBİYYATINDAN SEÇMƏLƏR

 

Gözəl YAXİNA

 

Gözəl Şamil qızı Yaxina (1977) – nasir, ssenarist. “Yasnaya Polyana” (2015), “Böyük Kitab” (2019) və digər mükafatların laureatıdır.

Kazanda həkim və mühəndis ailəsində doğulub. Kazan Pedaqoji İnstitutunun xarici dillər, Moskva Kino Məktəbinin ssenari fakültələrini bitirib.

Ədəbi debütü 2014-cü ildə “Neva” jurnalında dərc edilmiş “Gecə kəpənəyi” hekayəsidir. Növbəti il isə tarixi mövzulu, tatar kəndlilərinin 1930-cu illərdə üzləşdikləri faciələrdən bəhs edən “Züleyxa gözlərini açır” adlı məşhur romanı işıq üzü görüb. Roman bestsellerə çevrilib, dəfələrlə nəşr olunub, ekranlaşdırılıb. Onun digər romanları – “Mənim balalarım” (Volqaboyu almanlarının taleyi haqqında), “Səmərqəndə gedən qatar” (Volqaboyundakı 1920-ci illər aclığı barədə) da geniş əks-səda doğurub.

Yaxina dövrümüzdə XX əsrin epos nümunəsini yaradan, arxivlərdə araşdırmalar aparıb, mürəkkəb tarixi materiallarla işləyən nadir müəlliflərdəndir. Onun nəsri, zahirən ehtirassız təsir bağışlayan dilinə rəğmən, son dərəcə dinamik və kinematoqrafikdir.

 

 

SOYAĞACI

 

“Soyağacı tərtib etməli. – Dərs gündəliyindəki tapşırıq belədir. – Bazar ertəsi üçün. A4 formatında”. Səkkiz yaşında qızım rəsm dəftərindən lazımi ölçüdə vərəq qoparıb ərimlə mənə sual dolu nəzərlə baxır. Mən kompüterə baş vururam: mərhum bibimin qeydləri olan faylı axtarmaq üçün. Ərim də öz arxiv qovluqlarına. Bu günə qədər ağlımıza gəlməyib o materialları bir yerə toplamaq. Tapırıq: sxemlər, Excel cədvəlləri, qeydlərin surəti, əllə cızılmış çertyojlar, şəkillər, arxivlərdən gəlmiş cavab məktubları.

– Yalnız soyağacı çəkmək və adları yazmaq lazımdır, – qızım dəqiqləşdirir. – Doğum-ölüm tarixləri olmasa da, olar. Hətta atalarının adları da.
– Atalarının adları niyə? – mətləbdən bixəbər ərim təəccüblənir.

– Vərəqə sığışsın deyə.

Qaralamasını çəkməyə başlayırıq. Vaxtilə bibim Amerika və Yeni Zelandiyadakı qohumlarla yazışmalara bir neçə il sərf edərək soy-kökümüzü 1804-cü ilə qədər izləyə bilmişdi – soyumuzun banisi sayılan adam məhz həmin tarixdə doğulubmuş: kazanlı tacir imiş, bəyaz çalmanın altındakı sərt qarayanız simasını kiçik, sürtülüb-soluxmuş şəkildə güclə seçmək olurdu. Ulu əcdadımızın həyatı barədə az şey bilirdik, o da bu idi ki, gerçək bir xoca olaraq, Məkkəni ziyarət edibmiş. Mənim dərin axtarışlar aparmağıma lüzum qalmamışdı: ailəmizin tarixçəsi barədə materiallar hədiyyə, daha doğrusu, miras kimi çatmışdı mənə. Ərim isə əksinə, bütün bilgiləri özü əldə etmişdi: arxivləri, köhnə qəzetləri eşələyib, xüsusi saytlarda axtarış vermiş, Rusiyanı dolaşaraq qohumları sorğu-suala tutmuşdu – həngamə illərlə uzanmışdı. Kimisinin ömürlüyünü tam bərpa etsə də, bəzilərinə dair yalnız xırda-para ailəiçi rəvayətlər aşkarlamışdı (misal üçün, hansısa ulu nənəsindən sonrakı nəsillərə – nə şəkil, nə də sənəd – bircə bu xatirə çatıb: qadın elə bədxasiyyət imiş ki, çəkməçi olan ərinə adamların gözü önündə ayaqqabı qəlibini tolazlayıbmış). Bu minvalla XIX əsrin əvvəlinəcən gedib çıxmışdı.

İndi isə biz bir əlcə kağıza bütün XIX və XX əsrlərdəki adamlarımızın siyahısını yerləşdirməyə çalışırıq. Onlar sığışmırlar.

– Böyük format lazımdır, – deyir ərim. – Ata adları da yerləşsin. Şəkillərlə lap yaxşı olar.

Qızım dalğın halda başını bulayır: doğmalarımızın bu ağlasığmaz çoxluğuna mat-məəttəl qalıb.

Dəftərxana dükanına gedib ən iri ölçüdə vatman kağızı alırıq. Onun üstündə ağac cızırıq karandaşla: çoxşaxəli, qollu-budaqlı alınır. Qızımın çöhrəsini, ərimlə mənim portretimizi yapışdırırıq ona. Bəs sonra? Valideynlərimizin sanballı fotoalbomları var; baba-nənələrimizdən qalan albomlar nisbətən nazik olsa da, kiçik də deyil. Hansı şəkilləri seçək? Dərhal qərar veririk: cavanlıq şəkillərini götürək – hələ saf, incə cizgili, qırış düşməyənlərdən.

Budur, nənələrimdən biri: Kazan universitetinin yuxarı kurs tələbəsi, azacıq sonranın ixtioloqu (balıqşünas – tərc.) – dəbə uyğun saç düzümü, muncuqlarla işlənmiş yığcam şlyapa; tatar və rus dillərindən əlavə, ərəbcəni də bilir; operaya və fiqurlu konkisürməyə dəlicəsinə vurğundur; valideynləri ilə nəhəng “kommunalka”nın (sovet dövrünə xas, məhdud şəraitli çoxmənzilli bina – tərc.) küncündəki mənzildə yaşayır: inqilaba qədər binanın bütöv bir mərtəbəsi onların olub, sonradan ailəni “mehribanlaşdırıblar”, yenə sağ olsunlar ki, yerli-dibli sürgün etməyiblər.

Bu da o birisi: qolçomaq sürgünündən yeni qayıtmış cavan müəllimə – çox arıqdır, geyindiyi kişi pencəyi əyninə xeyli böyükdür, bərk-bərk yumduğu dodaqlarının boyası səliqəsizdir; Sibirdə keçirdikləri 16 ildə doğma tatarcanı az qala unutduğu üçün ömrü boyu uşaqlara rus dilini öyrədəcək, öz nitqində isə axır gününəcən sərt sibirli şivəsi duyulacaq.

Babalarımdan biri: almacıqları dik, gözlərinə qorxu çökmüş cavan oğlan – lap yaxınlaracan kimsəsiz olub, Volqaboyunda ölümünə aclıq çəkib və bir qarın yemək üçün bütün Türküstanı dolaşıb.

Bu isə ikincisi: müharibədən iki həftə əvvəl qayıtmış leytenant. Tezliklə hərbi geyimini çıxaracaq, hələ 41-ci ildə aldığı “alman dili müəllimi” diplomu ilə, məktəbdə işə başlayacaq. Cəbhədəki dörd il ərzində başına gələnlər barədə ömrünün sonunacan bir kəlmə də danışmayacaq: bütün suallara cavabı sükut olacaq. Və uşaqlara almancanı – o müharibə illərində də rəğbəti əsla əskilməyən bu dili öyrədəcək.

– Axı onlar bu şəkillərdə bizim indiki vaxtımızdan cavandırlar, – ərim belə bir cəhəti vurğulayır.

Doğru deyir. Vatman kağızındakılar əvvəldən-axıra cavan, gənc, hətta uşaq simalarıdır: bizim valideynlərimizlə onların ata-anası yaşıd kimi görünürlər. Soyağacımız hələlik məzunların şəkillərindən ibarət məktəb albomunu xatırladır.

Yalnız dolayı əlamətlər – hərbçi kitelinin biçimi, yaxalıqdakı komsomol nişanı, saç düzümü – sayəsində müəyyən emək olur ki, fotolar fərqli zamanlarda, bəzən yarım əsr ara ilə çəkilib. Səkkiz yaşında qızım bu fərqləri sezmir: qoca saymağa adət etdiyi o simaları diqqətlə gözdən keçirir.

– Merilin Monroya oxşayır ki! – deyir şəkillərdən biri barədə. Bununla belə, get-gedə vəziyyət dəyişilir: daha əvvəlki nəsillərdən lap az şəkil qalıb və soyağacımız tədricən fərqli rəngdə, fərqli yaşda portretlərlə örtülür.

Budur – ulu nənələrimiz. Sərt görünüşlü, qaşlarınacan enən dümaq yaylığının altından qocalıqda az qala kor qalmış gözləri güclə görünən tatar qarı (nəsildən gələn xasiyyət üzrə, öz madar oğlunu o qədər çox istəyirmiş ki, doğma kənddən şəhərə köçməsini ona heç vaxt bağışlamayıb və bundan azca sonra ölüb). İri gözləri olan zabaykalye kəndlisi bir qadın – oyma naxışlı masaya dirsəklənərək əlində qızılgül tutub (bir dəfə xunxuzlardan – XIX əsrin sonları-XX əsrin əvvəllərində Mancuriyada və rus Uzaq Şərqinin o ətrafdakı ərazilərində quldurluq edən çinlilərdən qaçıb qurtulmaq üçün Tayqada yüz kilometrdən artıq yol qət edibmiş, özü də bələdçisiz və qucağında bir yaşında qızı). 

Bu isə ulu babamızdır. Lopabığ, zəhmli uryadnik: əlini uzun, əyri qılıncının qəbzəsinə apararaq məğrur dayanıb. Çerniqov quberniyasından olan yaşlı kazakın günün altında qaralmış, qırışlı sifətində işıldayan gözləri seçilir yalnız. İncə saqqalına yağ çəkilmiş, qunduz kürklü Kazan burjuyu...

Şəkillərin coğrafiyası diqqət çəkir – hərəsi Rusiyanın bir yerində lentə alınıb: Kazandan Xabarovska, Voronejdən Kola yarımadasındakı Severomorska qədər. Əcdadlarımız zaman-zaman ölkə ərazisində ora-bura köçüblər; on yeddinci ilə qədər öz istəklərincə, sonra isə dövlətin hökmüylə. Çaylarda gəmi-bərə dartmağa da gediblər, müharibəyə də; övladlarına gün ağlamaq üçün iri şəhərlərə də yollanıblar, Anqara sahillərinə – qolçomaq sürgününə də; əvvəlcə təhsil dalınca paytaxta üz tutublar, sonra da təyinat üzrə qütb dairəsinə.

Bu mütəmadi köçlərlə xəritədə cızılan dolanbac xətlər bir-birinə calanaraq bütün ölkəni eyni müstəvidə sıx birləşdirir: Peterburqda, Həştərxanda, Krasnoyarskda, Barnaulda, Novosibirskdə, Yaroslavlda, Çitada, Petropavlovsk-Kamçatskidə – hər yerdə bəlli bir müddət üçün bizimkilərin sayılan, doğmalaşmış küçələr, evlər var.

Bu yerdəyişmələrin marşrutlarını bərpa etməyimiz elə də çoxdanın işi deyil: keçmiş haqqında bilgilər heç də həmişə dəyərli olmayıb. Bunlar bir vaxt çoxlarından ötrü ağır yük, hətta təhlükə mənbəyi olub. O səbəbdən ərimin babası öz atası – ağqvardiyaçılarla birgə Çinə keçən və orada itib-batan kollec asessoru (Çar dövründə mayor rütbəsinə bərabər tutulan mülki məmur vəzifəsi – tərc.) ilə bağlı həqiqəti ömrü boyu gizlədərək rəncbərlik etmiş, çoban, könüllü-muzdlu matros, XTH (1917-25-ci illərdə Xüsusi Təyinatlı Hissə – partiya komitə və özəkləri nəzdində, əksinqilabla mübarizədə sovet hakimiyyətinə dəstək üçün yaradılmış, könüllülərdən ibarət silahlı dəstələr – tərc.) döyüşçüsü olmuşdu: təki “sosial mənşəyi” qrafasında zəruri qeydi doğrulda bilsin.

Bircə cəhəti ələ verə bilərdi onu – keçmiş gimnaziya əlaçısının nümunəvi əlyazma xətti. Xoşbəxtlikdən, buna fikir verməmişdilər: o dövr üçün bu – çobanın xəttat kimi yazması – çox da nadir hal deyildi.

– Yəni o, gerçəkdən, keçmişdə çoban imiş? – qızım barmaqlarını parlaq kağızdakı şəklin üstündə gəzdirərək soruşur. – Riçard Girin cavanlığına oxşayır...

– Dedim axı, çoban olub, – ərim qətiyyətlə bildirir. – Mən sonra sənə onun anketini göstərərəm: arxivdəkinin surətidir. Orada hər şeyi aydın, yerbəyer yazıb öz xəttilə.

– Nə bilirsən anketdəkilər gerçəkdir?

Ərim dinmir: etiraza yer də yoxdur, əslində. Keçmişi bərpa etmək arxeologiya ilə məşğul olmaq kimidir: qiymətli sümükləri, qırıntıları tapana qədər barmaqlarının arasından tonlarca toz-torpaq süzülüb keçsin gərək. Yaxud iri ağacı torpaqdan ayırmaq kimi: zədələnməsin deyə, kökləri bircə-bircə qazıb çıxarmalısan. Amma – əgər həmin köklər kiminsə amansız əlləri ilə çoxdan doğranıbsa – ən diqqətli, ardıcıl iş də bəzən heç bir nəticə vermir. Doğma adamın əlləri ilə törədiləndə bu, daha da ağrılı olur.

Anamın xalası qızı uzun müddət çarpayısının altında məktublar, açıqcalar, fotoşəkillər yığılmış bir yeşik saxlamışdı: oradakı – illərə görə seçilib möhkəm sapla sarınmış – yoğun bağlamalarda onun bütün keçmişi yatırdı. Ölümünə iki həftə qalmış, xəstəlikdən taqəti kəsilib yatağa düşdükdə isə tapşırıb ki, qutunun içindəkilər məhv edilsin, bircə vərəq də qalmasın.

Xəstənin sözündən çıxmağa kimsənin ürəyi gəlməyib: kağızlar elə orada, otaqdaca – yiyəsinin gözləri önündə, dəmir vannada yandırılıb. Həyatının tüstüyə çevrildiyini görərək rahatlaşan qadın bundan azca sonra ölüb. Amma övladları o dəyərli arxivi qoruyub-saxlamadıqları üçün indiyədək də özlərini bağışlaya bilmirlər.

– Fotoqrafiyanı nə vaxt icad ediblər? – soyağacımızın budaqlarına şövqlə çiçək-yarpaq çəkən qızım soruşur.

– XIX əsrin əvvəlində, haradasa üçüncü onilliyində. Amma foto həvəskarları üçün ilk emalatxanaları yalnız həmin əsrin sonlarında açmağa başlayıblar.

– Gec alınıb, – məyusluqla başını yellədir qızım.

Fotolar vatmanın üstünə sıx-sıx düzülüb, bəzən ucları bir-birinə dirənir və simaların fərqliliyi dərhal gözə çarpır. Almacıqlar – enlisi kalmıklara, incəsi polyaklara çəkib; gözlər – monqollardakı kimi qıyıq, üstü şişkin və geniş açılan, işıltılı; qıvrım saçlar – kimisində qara, kimisində buğdayı; burunlar – gah əməllicə yastı, gah da xalis gürcü profilincə donqar. Oğrun-oğrun qızımı süzürəm: bir belə fərqli olan bütün bu cizgilər hərlənib-fırlanaraq, görünməz spiral kimi burularaq gəlib onda özünə yer tapıb. Əgər bir neçə il sonra onun bir azca dik olan burnu düzləşər, açıq-sarışın saçları isə şabalıdıya çalarsa, təəccüblənməyək gərək. Qəbul edək ki, qan amili dünyada ən mürəkkəb məsələlərdən biridir.  

Bəs xarakter və şəxsi seçim məsələsi? İşdir, əgər qızım xarici dil müəllimi olmaq fikrinə düşsə, bunu onun müstəqil verdiyi qərarmı, yoxsa keçmişdən – pedaqoq əcdadlarından bir işarəmi sayaq? Yaxud acığından kiməsə çəkmə tolazlamaq istəsə, buna temperamentinin təzahürümü deyək, yoxsa, sadəcə, ulu qohumlarından olan bir qadının zərərli mirasımı?

Ümumiyyətlə, bizi – XXI əsrin fərdiyyətçi və özünədüşkün insanlarını, internet və kompüter texnologiyalarının qatı təəssübkeşlərini əvvəlki nəsillərdən ayıran sərhəd haradan keçir? Belə bir sərhəd varmı? O sərhədi çəkmək bu qədərmi vacibdir? Bəlkə, hər halda, ən başlıcası arxamızda bir boşluq hiss etməməkdir? Orada – arxada kimsə olduğunu anlamaqdır? Dönüb geriyə baxa, hətta oraya əl uzada bilməkdir?..

Axırıncı foto yapışdırılıb sonuncu ad-soyad yazılandan sonra vatmanı divardan asdıq ki, zəhmətimizin bəhrəsini qiymətləndirək. Yetkinli, ahıllı – ancaq yenə də çoxu cavan, hətta gənc olan – iyirmiyə qədər surət baxır bizə. Biz də onlara baxırıq. Və başa düşürük ki, əl işimiz bax burada – qızımızın çarpayısının yaxınında hələ uzun zaman qalacaq.

Bəs bizim özümüzdən nə qalacaq, tutalım, yüz il sonraya? Böyük ehtimalla, eyni şeylər: bir dənə fotoportret, tək bircə də ifadə (“bu həmin o babamızdır ki..., yaxud “bax bu nənəmizin...). Bu gün fotolarımızın sayı minlərlə ölçülsə də, sosial şəbəkələr hər addımımızı qeydə alsa da, soyağacımızın cızıldığı vatmana tək bircə fotoportretimiz yapışdırılacaq. Və nəticə-kötücəmiz onu göstərərək yalnız bircə – əsas məqamı xatırlayacaq.  

Qızım yerinə yetirilmiş tapşırığa görə “əla” aldı (əl işimizin formatı tapşırıqdakına uyğun gəlmədiyi üçün müəlliməsi bərk dilxor olsa da, qiymətini kəsməyə əli gəlməmişdi).

Ərim – ya bu işimizdən həvəslənmişdi, ya da başqa bir səbəb vardı – Zabaykalyenin məskunlaşdırılma tarixçəsi ilə ciddi maraqlanmağa başladı, sonra isə – çox keçməmiş – internet sayəsində uzaq qohumları tapışdılar onunla: ailənin soy-kökünü araşdırdığını öyrənmiş, bildiklərini bölüşmək istəmişdilər.

Mən tatar kəndinin həyatından bir neçə hekayə yazdım. O vaxtdan beş il keçib. Soyağacımız hələ də qızımın yatağının başucunda asılıb. Zaman-zaman qırışıb küncləri dikəldiyi üçün bəzi fotolar “ağac”dan düşürlər – biz də hər dəfə onları qaytarıb öz yerinə qoyuruq. Ola bilsin, şəkillərdən hansılarısa tezliklə yeniləmək lazım gələcək: işığın altında təsvirlər solur və aydınlığını itirir (hərçənd parlaq və təzə fotolardansa rəngi solmuşların həlim xətləri və sönük çalarları mənə daha xoş gəlir).

Bu yaxınlarda bir cüt də vatman aldıq, onları yapışqanla uzun zolaq kimi calayıb, ailəmizin zaman cədvəlini çəkib, tarixi hadisələrlə bərabər, oraya əcdadlarımızın doğum-ölüm tarixlərini, eləcə də öz təvəllüdlərimizi yazdıq. Otağın qarşı divarından asdıq onu.

İlk günlər, hər onun yanından ötəndə özümü saxlaya bilmir, iki dəqiqəliyə dayanıb bütün XX əsri və XXI yüzilin əvvəlini gözdən keçirirdim: cədvəlin bir nöqtəsində – elə eyni ildə – İkinci Dünya müharibəsi bitmiş və mənim atam doğulmuşdu; bir başqa nöqtəsində – Stalin ölmüş və anam dünyaya gəlmişdi; üçüncüsündə – Vyetnam müharibəsi başa çatmış və ərim anadan olmuşdu... Bütün bu hadisələr eyni flamastrla, eyni şriftlə, eyni ölçüdəki hərflərlə yazılmışdı. Amma bu artıq tamam başqa əhvalatdır. Ya elə həminkidir?! 

 

Tərcümə edən: Seyfəddin Hüseynli

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

Başa çatmış II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində yadda qalan tədbirlərdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş böyük türk mütəfəkkir və təsəvvüf şairi Süleyman Çələbinin “Mevlid” kitabının təqdimatı oldu.

 

Kitab ötən ilin Türkiyə Respublikasında “Süleyman Çələbi İli” elan olunması münasibətilə Fond tərəfindən türkcə və almanca çap etdirilərək Almaniya, Avstriya, İsveçrə və digər Avropa ölkələrində yayımlanıb. 

Fondun bu layihəsi Avropa auditoriyasını türk ədəbiyyatının önəmli simalardan biri olan Süleyman Çələbinin irsi, eləcə də Türkiyənin qədim və zəngin dəyərləri ilə daha yaxından tanış etmək məqsədini daşıyır. İkidilli nəşrin türkcədən almancaya tərcüməsini K.Herrman Kiehl və Orxan Aras hazırlayıblar.

Kitabın təqdimatında çıxış edən Fondun layihə meneceri Nuri Aksu, bu il 100 illiyi təntənə ilə qeyd olunan Türkiyənin şanlı tarixə, qədim dövlətçilik ənənələrinə, mədəniyyətə malik olduğunu vurğulayıb. O deyib: “Türk xalqının yetişdirdiyi böyük elm və incəsənət xadimləri, ədəbi şəxsiyyətlər Türk dünyası ilə yanaşı bütövlükdə bəşər sivilizasiyasına mühüm töhfələr verib. XV əsrin görkəmli Osmanlı şairlərindən olan Süleyman Çələbinin qələmə aldığı “Mevlid” əsəri Türk-İslam mədəniyyətinin yaşadılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsər, eyni zamanda, türk dilinin qorunub saxlanılmasında, zəngin üslubu ilə yeni nəsillərə çatdırılmasında önəmli rola sahibdir”.

Fondun əməkdaşı Vəfa Mürşüdlü müasir dövrdə ümumtürk mədəni irsinin qorunmasının və beynəlxalq miqyasda yayılmasının əhəmiyyətindən söz açaraq, təşkilatın bu yöndəki fəaliyyətlərindən danışıb: “Türk xalqları sahib olduqları zəngin maddi-mənəvi sərvətləri ilə minilliklərdən bəri dünyanın ən nüfuzlu xalqları sırasında olublar. Nizami, Füzuli, Abay, Yunus Emre, Əlişir Nəvai, Süleyman Çələbi kimi Türk dünyasının dahi şair və mütəfəkkirləri öz fikir, düşüncə və hikmət xəzinələri ilə ümumdünya ədəbi-mədəni irsində silinməz izlər buraxıblar. Fond böyük türk şair və yazarlarının əsərlərini fərqli dillərdə nəşr edərək, onların yaradıcılığının müxtəlif ölkələrdə təbliğinə və ortaq türk dəyərlərinin geniş auditoriyalara tanıdılmasına töhfə verməkdədir”.

Tədbirin bədii hissəsində Süleyman Çələbinin “Mevlid” əsərindən parçalar səsləndirilib.

Sonda Fondun Türk dövlətlərinin, eləcə də Türkiyənin mədəniyyətini müxtəlif yönlərdən əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

AKTYOR VƏ SSENARİSTİN 38 YAŞINA

 

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

Aktyor və ssenarist Ənvər Abbasovu yəqin ki, tanımayan çox az adam tapılar. Onun son vaxtlar daha çox “Komedixana” səhnəsində oynadığı

onlarla rol hər birimizin üzündə təbəssüm oyadır. Bəs görəsən bizi güldürərək həm də düşündürən, çox vaxt şirin Qarabağ ləhcəsi ilə

danışan, rollarının öhdəsindən məharətlə gələn bu istedadlı aktyor kimdir. Elə bu sualla onun axtarışına çıxdıq. Öyrəndik ki, Ə.Abbasov

təsadüfi hallarda televiziya və mətbuata müsahibə verir. Görünür bu onun xarakterindən, həm də işinin çox olmasından irəli gəlir.

 

Ənvər Raquf oğlu Abbasov 1985-ci il iyunun 2-də Ağdam rayonunun Ətyeməzli kəndində anadan olub. Ailəlidir, bir oğlu və bir qızı var.

Müsahibələrinin birində söyləyir ki, çalışdığı sahəyə aid o, heç bir ali təhsil almayıb. Sadəcə bir kollecin məzunudur. Ə.Abbasov özünü daha

çox ssenarist hesab edir. Bir az da zarafatla deyir ki, əgər  rejissorluq etsə, onda rejissorlar çörəksiz qala bilərlər...

Aktyor beş il musiqi təhsili aldığını və Xalq artisti Zabit Nəbizadənin tələbəsi olduğunu bildirir. Xanəndə olmadığının səbəbini isə o, yenə

özünəməxsus şəkildə ifadə edir. Deyir ki, bir dəfə futboldan gələndə buzlu su içdim, səsim batdı. Daha sonra oxumaq istəmədim. Çünki

oxuyan çoxdur, ssenarist azdır…

Ə.Abbasov özünün dediyinə görə, işdən kənarda olduqca ciddi biridir. Bu vaxt onunla zarafat etmək belə olmaz. Amma bəziləri özünü

yuxarıdan apardığı üçün belə etdiyini düşünürlər…

Aktyor deyir ki, senari yazmaq olduqca yorucu işdir. Onun çox vaxtımı alır.

Gəlin onun bu günədək, özünün dediyi kimi, əziyyətlə gördüyü işlərə nəzər salaq. Ə.Abbasov 2009-cu ildən efirə gedən “Bacanaqlar” komediyasının

ssenari müəlliflərindən biridir. 2015-ci ildən həmin filmdən ayrılıb. O, senarisini yazdığı filmlərin, komediyaların əksəriyyətində həm də

aktyor kimi iştirak edib. “Xoxan”, “Stalinin başı”, “Nikolayın evi” və başqa filmlər buna misal ola bilər. Çoxumuzun həvəslə baxdığı “Qız

atası” teleserialının senaristi və redaktorudur. “Ay briliant”, “Axırıncı yol”, “Naxox” kimi filmlərin senaristi, məşhur “Qardaşlar”, “Kadrlar

şöbəsi”, “Komedixana”da isə sadəcə aktyor kimi çıxış edir.

Bu günlərdə sevimli aktyor və senarist Ənvər Abbasovun 38 yaşı tamam oldu. Bəzən çətin anlarımızda bizi gülməyə məcbur edən bu komediya

ustasını ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Çərşənbə, 14 İyun 2023 11:15

Kitab urvatdan düşməsin!

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Kitab təbliğatından gözəl nə ola bilər? 

Sovet hökuməti dağılandan sonra ölkəmizdə fəaliyyət göstərən kitab mağazalarının hamısının təyinatını dəyişdirib müxtəlif obyektlərə çevirmişdilər. Kitab oxuyanların sayı kəskin azalmışdı. Nə ictimai nəqliyyatda, nə parklarda, demək olar ki, heç yerdə əlində kitab tutub oxuyanlara rast gəlmək olmurdu. Cırılmış kitabları ancaq zibil qutularında, ağacların diblərində və s. yerlərdə görmək olurdu. Tələbələr texniki kitabları mütaliə etsələr də, kitabxanalarda bədii kitabları toz basırdı. Bir sözlə, kitab urvatdan düşmüşdü. 

Sevindirici haldır ki, bir neçə soydaşımızın hesabına kitab oxumaq ənənəsi yenidən bərpa olmağa başlayıb. Etiraf etmək lazımdır ki, ötən otuz ildə Azərbaycanda kitaba bu qədər dəyər verilməyib.    

Həmin soydaşlarımızdan ikisinin adını çəkib birinin üzərində dayanmaq istəyirəm. Bəli, keçirdiyi kitab sərgiləri, kitab bayramları ilə bu işə ilk və daha çox canyandıran Şahbaz Xuduoğlu olub. Bu gün də öz fəaliyyətini davam etdirir. 

Eşitdiyimə görə AYB-nin mətbuat katibi Xəyal Rza isə bunu genişləndirərək Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı adı altında bir sıra türkdilli ölkələri də cəlb edə bildi. Doğrudur, bu tədbirlərdə Bakı əhalisinin az bir hissəsi iştirak edir, amma necə deyərlər, başlanğıc olduğu üçün buna da şükür etmək lazımdır.

İyun ayında həftəboyu keçirilən sonuncu festivalın təşkilində biz Xəyal Rzaya minnətdar olmalıyıq. Xəyal bəy ilin-günün bu vaxtında diğər qardaş ölkələri bu tədbirə cəlb etməklə böyük fədakarlıq göstərib. Müəlliflər, nəşriyyatlar az-çox öz kitablarını satmağa fürsət qazandılar. Oxucular gənc yazarlarla ünsiyyətə girib onlarla tanış ola bildilər. Tanınmış alimlər, qələm adamları səhnəyə çıxıb məruzələr etdilər. Bunun nə qədər böyük bir iş olduğunu izah etməyə dəyməz. Sanki, “Bir qalanın sirri” bədii filmindəki kimi kitablar dil açıb yanlarından ötən insanlara:- “məni al, məni də al “-deyirdilər…

 

Bütün bunların şahidi olub sevinirəm. Bəli, sevinirəm ki, bu ölkədə Şahbaz Xuduoğlu, Xəyal Rza kimi kitabları insanlara sevdirməyə çalışan adamlar var. Onlar kitabı təbliğ edən elçilərdir. Çətin, amma gözəl bir iş görürlər. 

Sağol Şahbaz Xuduoğlu, sağol Xəyal Rza!..

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

Əslən Azərbaycandan olan qazaxıstanlı musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov - red.) uzun müddətdir ki, bütün MDB məkanında dinləyiciləri valeh edib. Onun şəxsiyyəti bir neçə mədəniyyətin təsiri altında formalaşıb və bu, təkcə yaradıcılığında deyil, həyata baxışlarında da hiss olunur.

İfaçı tez-tez Bakıda qonaq olur, bu il isə “Sea Breeze Resort”da konsert mövsümünü açmaq şansı qazanıb.

 

Media.Az-ın məlumatına görə, tamaşadan əvvəl Jah Khalib jurnalistlərin suallarını cavablandırıb, Azərbaycana sevgisindən, yeni bəstələr üzərində işindən, ailəsindən və s. danışıb:

 

- Azərbaycan mənim üçün Vətəndir! Mən bu ölkəni ilk növbədə atamla bağlayıram, onun sayəsində kişi xarakterim formalaşıb. Atam azərbaycanlıdır və kifayət qədər mühafizəkar baxışları var. Yeri gəlmişkən, o, ancaq Azərbaycan mətbəxindən yeməklər yeyir.

Biz Almatıda yaşayırıq, orada Azərbaycan üslubunda ev tikmişik. Bağımıza Azərbaycandan gətirilmiş toxumlar əkilib, alça, fındıq yetişdiririk... Yəni miniatür Azərbaycan təsərrüfatı alınıb (gülür). Ona görə də Bakıya gələndə çox da fərq hiss etmirəm - burada özümü evimdəki kimi hiss edirəm. Həqiqətən, Azərbaycana səyahət mənə güc verir.

Son dörd ildə - əvvəlcə pandemiya, sonra ailəvi səbəblərdən - vətənimə gələ bilmirdim, amma indi ata-baba yurdunu daha tez-tez ziyarət etməyə çalışıram və bunun daxili vəziyyətimə necə təsir etdiyini hiss edirəm: güvən, motivasiya yaranır...

Bundan əlavə, burada nə qədər bərk səslənsə də, özümə müəllim hesab etdiyim çoxlu yaxşı dostlarım var. Onlar zəngin həyat təcrübəsi olan çox ağıllı və ləyaqətli gənclərdir.

Son vaxtlar mən Azərbaycan mədəniyyətini fəal şəkildə öyrənirəm. Bilirsiniz, mən Qazaxıstanda böyümüşəm, əvvəllər doğma mədəni mühitimi öyrənmək imkanım olmayıb. Əvvəlcə oxuyursan, təhsil alırsan, sonra işə başlayırsan, amma artıq yetkinlik çağında əslin səni çağırır. Yeri gəlmişkən, bu il Azərbaycan dilini öyrənməyə başlamağı planlaşdırıram.

 

- Yəqin ki, siz də Azərbaycanın milli bayramlarını qeyd edirsiniz?

 

- Dini normalara riayət etməyə çalışıram: gündə beş dəfə namaz qılıram və bu, bir az da “yerə enməyimə” kömək edir. Bayramlara gəlincə, bu, bütün müsəlmanlar üçün ən vacib ay olan Ramazandır, ikinci sevimli bayramım isə bütün türk xalqlarının qeyd etdiyi Novruzdur...

 

- Həyat yoldaşınız da Azərbaycan adət-ənənələrini öyrənir? Ümumiyyətlə necə tanış olmusunuz?

 

- Həyat yoldaşımın azərbaycanlı olmasını istəyirdim. Ancaq elə alındı ki, ukraynalı oldu - necə deyərlər, ürəyə əmr etmək olmaz. Əslində, biz tanış olanda evlənməyi düşünmürdüm. Müstəqil həyat üçün əvvəl Qazaxıstandan Moskvaya getdim, sonra Kiyevə köçdüm. Elə orada da gələcək həyat yoldaşımla tanış oldum. O, illərlə məni hər şeydə dəstəklədi və bir dəfə bütün bu müddətdə məni sevdiyini birbaşa dedi (gülümsəyir).

 

- Neçə ildir bir-birinizi tanıyırsınız?

 

- Altı ildir. Amma bildiyiniz kimi, qadınla kişi arasında dostluq olmur. Hansısa anda o, mənim yavaşladığımı düşündü və təşəbbüsü öz əlinə aldı. Fikirləşdim ki, əgər bu adamın yanında özümü rahat hiss edirəmsə, niyə də olmasın?! O, məni başa düşür, həmişə mənə dəstək olur. Ona görə də həyatımı məhz onunla davam etmək istədiyimi anladım.

Evliliyimizdə mən ondan daha şanslıyam, çünki çətin adamam, həmçinin pərəstişkarların diqqətindən, şöhrətdən, puldan bir növ ərköyün biriyəm. Bunlar bir az insanı korlayan şeylərdir. Həyat yoldaşım tərbiyəli və sakit olduğu üçün bizim münasibətimiz ona daha çətindir. Ümumiyyətlə, anamın dediyi kimi, azərbaycanlının həyat yoldaşı olmaq çətin missiyadır (gülümsəyir).

İndi valideynlərimlə yaşayırıq, onlar uşaqla bağlı bizə kömək edirlər. Həyat yoldaşım Azərbaycan ailələrinin həyatını, qohumlar arasında ünsiyyəti, adət-ənənələrimizi çox bəyənir... O, artıq bozbaş, buğlama bişirir, dolma bişirməyi öyrənmək istəyir.

 

- Bizim yeməkləri bişirməyi ona kim öyrədir?

 

- Onun dünyanın ən yaxşı müəllimi var - atam, o, heyrətamiz şəkildə yemək bişirir. O, hər şeydə uğur qazanır və ən əsası bizim yeməklərimizi bişirməyi çox sevir. Yavaş-yavaş Azərbaycan qızına çevrilir.

Ümumiyyətlə, bərəkət nikahla gəlir, necə deyərlər, ailə böyük nemətdir. Ancaq eyni zamanda, çox böyük əmək istəyir. Ona görə də son illərdə bir az “radardan itmişəm”. Biz Ukraynadan köçdük, sonra həyat yoldaşımın ailəmdə özünü rahat hiss etməsi üçün hər şeyi etməyə çalışdım. Artıq hamı bir-birinə öyrəşib, valideynlərim və həyat yoldaşım xoşbəxtdirlər. İndi rahatlıqla işləyə bilirəm.

 

- Bəs sirr deyilsə, harada dincəldiniz?

 

- Türkiyəyə - ailə ilə istirahət etmək üçün ən yaxşı yerə getdik. Uşaqlar üçün çoxlu maraqlı fəaliyyətlər var, qızım bundan çox zövq aldı. Bütün ailə ilə istirahət çox vacibdir. Həyat yoldaşınla keçirə bildiyin vaxt isə çox dəyərlidir.

 

- Qayıdaq yaradıcılığa. Hansı azərbaycanlı ulduzlarla duet oxumaq istərdiniz?

 

- Necə oldusa “Shazam” (istifadəçiyə hazırda hansı mahnının ifa olunduğunu müəyyən etməyə imkan verən pulsuz “cross-platform” layihə - red.) vasitəsilə “Avroviziya-2018”də çıxış edən azərbaycanlı müğənni Aysel Məmmədovanı axtarırdım. Onun “Tayu” mahnısını çox bəyəndim, bu ifaçının qalan işləri ilə hələ tanış deyiləm. Dünən Röya ilə (Röya Ayxan - red.) danışdım. Onun yaradıcılığına yaxşı bələdəm, davamlı olaraq toylarda ifalarına qulaq asıram. Ümumiyyətlə, mənim üçün yerli sənətçilərdən hansı ilə duet oxuyacağımın heç bir fərq yoxdur, burada məsələ bəstədədir. Əla mahnıdırsa, niyə də olmasın.

 

- Emin (Emin Ağalarov - red.) ilə birlikdə oxumaq istərdinizmi?

 

- Biz bunu tez-tez müzakirə edirik. Altı ay əvvəl Eminin ad günündə o, maraqlı tost söylədi, oradan bir ideya aldım və indi duetimizə mahnı yazmaq üçün onu inkişaf etdirməyə çalışıram.

 

- Yeni bəstələrinizdən danışın...

 

- Bir daha deyim, yaradıcılığa vaxtımı və motivasiyamı yenilikcə bərpa etmişəm. Təbii ki, ailənin iş rejimi yaradıcılığa bir az təsir edir, studiyaya gəlirsən, işə başlayırsan və fikirlər daim ailə üzvlərinlə bağlıdır: necədirlər, nə edirlər? Sonda işi dayandırıb, evə qayıdırsan. Buna görə də çoxlu yeni bəstələrim yoxdur, amma keçən il “Doça” mahnısı çıxdı və bu, olduqca uğurlu oldu. Düşünürəm ki, ilin sonuna kimi biz yeni layihələr hazırlayacağıq.

 

- Qeyd etdiniz ki, Bakı sizin üçün güc məkanıdır, bəs Azərbaycanda sevimli və ya getmək etmək istədiyiniz yerlər varmı?

 

- Mən çoxdandır ki, dostlarımla Azərbaycana kiçik bir tur etməyi planlaşdırırdım - çoxlu maraqlı yerlərimiz var. İçərişəhərdə rəssam Əli Şəmsinin emalatxanasını çox sevirəm. Anam həmişə onu xatırlayır. Bir dəfə ona baş çəkməyə getdik, o, çox mehriban və qonaqpərvərliklə anamı qarşıladı, ona hədiyyə verdi. İndi həmişə mənə deyir: əgər Bakıdasansa, mütləq Əliyə baş çək (gülümsəyir).

Mənim üçün yerlər deyil, dostlarım önəmdir. Mən onlarla eyni masada oturmağı sevirəm. Hara getməyimizin fərqi yoxdur, əsas bir yerdə olmaq, ünsiyyət qurmaqdır. Azərbaycanın unikallığı səs-küylü və şən ziyafətlərdir.

Dostlarımdan biri bura gəlmək istəmirdi, düşünürdü ki, postsovet ölkəsi onu heç nə ilə təəccübləndirməyəcək. Amma özünü burada tapan şəhərin miqyasına, orijinal memarlığına heyran qaldı... Bu vizual effektlə yanaşı, bayramlarımızı da gördü, burada nə qədər şən, qonaqpərvər, milli və ya dini əsaslarla heç kəsi bir-birindən ayırmayan insanların olduğunu gördü. Bizim gücümüz bundadır və onu itirmək olmaz.

 

- Qarabağa səfər etməyi düşünürsünüz?

 

- Mütləq! Mənə orada çıxış etməyi təklif etsələr, bunu məmnuniyyətlə edərəm. Bu günlərdə Şuşada beynəlxalq “Xarıbülbül” festivalı keçirildi və həmin festivalda oğlan “Bayatı-Şiraz”ı ifa etdi. Bu mahnının sözlərini başa düşməsəm də, içində ev-eşiyindən məhrum olmuş uşağın ağrısını eşidirəm. Şuşa ilə ilk ünsiyyətim bu mahnı ilə bağlıdır. Atam həmişə deyirdi ki, Qarabağ - güc mənbəyidir, enerji səviyyəsində isə xüsusi torpaqdır. Buna görə də ora getmək istəyirəm.

 

- Hətta bir bəstənizdə “Bayatı-Şiraz” elementlərindən də istifadə etmişdiniz...

 

- Düzdür, “Lilovaya” mahnısında “Bayatı-Şiraz” muğam rəfindən, “Letnıy sneq” bəstəsində isə Alim Qasımovun muğamından musiqi sintez etmişəm. Ümumiyyətlə, repə Azərbaycanın folklor musiqisindən fraqmentlər əlavə etdikdə heyrətamiz effekt əldə edilir. Bir dəfə “YouTube”da axtarış bölməsinə sadəcə “muğam” sözünü yazdıq və çox gözəl bir fraqment tapdıq. Bəstəkar onu mahnımızın akkordlarına qoydu və sehrli musiqi alındı.

Azərbaycan zəngin mədəniyyətə və irsə malikdir: musiqidən tutmuş ədəbiyyata qədər. Bütün bunlardan, xüsusən də “kələ-kötür” səsləri olan vallardakı köhnə səs yazılarından müasir kompozisiyalara əlavə etmək və inanılmaz hitlər əldə etmək üçün istifadə oluna bilər...

 

- Bakıdan özünüzlə hansı suvenirləri aparacaqsınız?

 

- Mən buradan suvenir almıram, ancaq yerli çay aparıram (gülür). Qazaxıstanda da var, amma hər halda burada satılanı heç nə ilə müqayisə etmək olmaz. Mən də özümlə ağ gilas və Azərbaycan şirniyyatlarını götürmək istəyirəm.

 

- Bakıda daşınmaz əmlak almaq barədə düşünmüsünüzmü?

 

- Əslində, bu barədə düşünürəm. İstərdim ki, burada dəniz kənarında evim olsun. Bakıda çoxlu qohumlarım var, övladlarım onları tanımalı, onlarla ünsiyyətdə olmalıdır. Ümumiyyətlə, hər dəfə bura gələndə bibimə, əmimə baş çəkməyə çalışıram. Bibim həmişə deyir ki, məni görməkdən başqa ona heç nə lazım deyil (gülümsəyir).

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində keçirilən tədbirlər arasında Qırğızıstan Günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən keçirilən görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş "Qırğız Ədəbiyyatı" proqramı çox diqqətçəkən olub.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanda akkreditə olunan diplomatik korpusun, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və digər qonaqların iştirak etdiyi festival çərçivəsində bir sıra tematik panel müzakirələri təşkil olunub.

"Qırğız Ədəbiyyatı" sessiyasında Qırğızıstandan gələn "Manas" Qırğız-Türk Universitetinin nümayəndələri professor Burul Saqınbayeva və Altınbek İsmayılov çıxış ediblər. Məruzəçilər qırğız ədəbiyyatı haqqında məlumat verib, qırğız mədəniyyətinə dair videoçarxlar nümayiş etdiriblər. Sessiyanın sonunda A.İsmayılov öz şeirlərini səsləndirib.

"Çingiz Aytmatov – 95" sessiyasında ədəbiyyatşünaslar Mehman Həsənli və Nəzrin Əliyeva məşhur qırğız yazıçısının yaradıcılığından danışıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nazgül Omurzakova təşkilatla Qırğızıstan arasında mövcud qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə keçirilən layihələrdən bəhs edib.

Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Çingiz Aytmatov və türk dünyasının digər böyük şəxsiyyətlərinin zəngin irsinin beynəlxalq aləmdə tanıdılması yönündə fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatla əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib. 

Daha sonra rejissor M.Fərzəlibəyovun quruluşunda Bakı Bələdiyyə Teatrının aktyorlarının hazırladığı “Ana tarlası” tamaşasından bir parça nümayiş olunub. Tamaşa Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Təqdim olunan səhnəcik tədbir iştirakçıları, qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.

 

BƏDXƏRCLİKLƏ QƏNAƏTCİLLİK BARƏDƏ

Müəllifin həyatından gətirdiyi bu fakt isə insan büdcəsinin durumunu müəyyənləşdirən bədxərcliklə qənaətçillik barədədir. O yazır:

«Mən xatırlayıram ki, treyder kimi çalışdığım gənclik illərində – 20-25 yaşım olan vaxtlarda pullar çox asan qazanılırdı. Mən taksidə gəzməyi sevirdim və sürücüyə bəzən bəxşiş (çayevoy) olaraq yüz dollar verirdim. Yalnız onun xatirinə ki, o, hədsiz dərəcədə təəccüblənsin. Bu, adi bir gedonistik təcrübə idi: insanı 100 dollar kimi mənasız, boş bir şeylə bütün günü xoşbəxt etmək. Amma zaman keçdikcə mən bu dəcəlliyimi dayandırdım. Biz hamımız varidatımız artdıqca və pula daha ciddi münasibət bəslədikcə xəsis, qənaətçil oluruq».

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

 

Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı yekunlaşsa da, festivalda baş tutmuş tədbirlər barədə sizləri məlumatlandırmağı davam edirik. Festival çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib. 

 

Öncə Fondun nümayəndəsi, şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi–mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. Fondun Türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn tədbir iştirakçılarına Nizami Gəncəvi, Əlişir Nəvai, Abay, Ömər Seyfəddin, Çingiz Aytmatov və Türk dünyasının digər görkəmli söz ustalarının əsərlərinin təşkilat tərəfindən nəşr olunması, eləcə də “Manas” dastanı ilə bağlı tədqiqatların aparılması barədə məlumat verib. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Türk dünyasının qüdrətli qələm sahiblərinin ədəbi irsinin tanıdılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, eyni zamanda Türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi haqqında Fondun keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirib.

Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və İnstitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndirdiklərini qeyd ediblər. 

Daha sonra tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.

Sonda görkəmli şair haqqında olan kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş ,can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya, bir gözüm Göyçə.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)

“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı gənc yazar Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.


Kamran Murquzovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitabın redaktoru Azərbayca Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının məsul katibi Şəfa Eyvaz, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

 

İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr nümunələrinin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.


Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə müəllifi həmyaşıdlarından köklü şəkildə fərqləndirir.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat cameəsi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)


Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.