“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı gənc yazar Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Kamran Murquzovun “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitabın redaktoru Azərbayca Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının məsul katibi Şəfa Eyvaz, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.
İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr nümunələrinin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.
Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə müəllifi həmyaşıdlarından köklü şəkildə fərqləndirir.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat cameəsi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
“Ədəbiyyat və incəsənət”
(14.06.2023)