Super User
Azərbaycan Dövlət Simfonik Orkestri Filarmoniyada konsert verib
MİNİ REPORTAJ
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunub.
Konsertin əvvəlində musiqişünas Sara Timurova çıxış edərək əsərləri səslənən bəstəkarlar haqqında məlumat verib. Onların yaradıcılıqlarını müqayisəli təhlil edərək, hər iki əsərin yazılma tarixi barədə maraqlı faktları tamaşaçılarla bölüşüb.
Daha sonra dirijor Orxan Həşimovun rəhbərliyi ilə solist - respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabala Manafzadə (piano) öz ifasını dinləyicilərə təqdim edib.
Proqramda İqor Stravinskinin “Simurq Quşu” baletindən süita, həmçinin Ayaz Qəmbərlinin Piano və orkestr üçün konserti səslənib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Hər şeyi Allahın üzərinə qoymaq məsuliyyətdən qaçmaq deyil yəni?
“Ədəbiyyat və incəsənət” portalı tanınmış statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.İnsanın səsinin tonundan tutduğu vəzifəni müəyyənləşdirmək olar.
2.Başqalarının fərqli fikrinin ola biləcəyini rahat qəbul edə bilsək, yaşamaq asanlaşar.
3.İnsan öz yaddaşı qarşısında acizdir.
4.Sizə yalan danışanı siz də aldadın, özünüzü elə aparın ki, guya inanırsınız.
5.Özünü ağıllı saymaq özünü ağıllı göstərməkdən təhlükəsizdir.
6.“Problem” sözü dilimizdə olmadığı dövrlərdə babalarımız necə çətin problemlərlə üzləşdiklərindən belə xəbərsiz olublar.
7.Çox yaşamaqla bağlı 80 yaşlı insanın arqumentləri 70 yaşlı insanın arqumentlərindən üstün sayılmalıdır.
8.Xoşbəxt adam heç kimə maraqlı deyil, bədbəxt insan həmişə gündəmdə olacaq.
9.Hər şeyi Allahın üzərinə qoymaq öz həyat məsuliyyətindən qaçmaqdan savayı bir şey deyil.
10.Yalnız başqasının məsuliyyətini öz üzərinə götürən andan oğlan kişi sayılır.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Bu gün “Kukla teatrları həftəsi” başlayır
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir. Bunlardan birinə də bu gün start verilir.
Demək, bu gün - iyunun 13-də Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.
Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” formatında baş tutacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.
Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə iştirak edəcəklər.
İyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.
Tamaşalar iyunun 13-də dəvətnamə ilə, 14-17-də isə ödənişsiz nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Xalq artisti Oqtay Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Xalq artisti Oqtay Mirqasımovun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun 80 yaşı tamam olur. O, 1943-cı il iyun 12-də Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil aldıqdan sonra Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Cavan qalmağın sirrləri
BUNLARA ƏMƏL ETSƏNİZ PLASTİK ƏMƏLİYYATA EHTİYACINIZ QALMAYACAQ
Hansı qadın istəməz ki, yaşından cavan görünsün? Amma bunun üçün çox məhrumiyyətlərdən keçmək lazımdır. Pəhriz, idman, bahalı kosmetika, yeri gələndə plastik əməliyyat… Amma sadə qaydalar da var. Söhbətimiz də bu barədədir.
Yaşından cavan görünmək istəyənlər bir neçə sadə qaydaya əməl etməlidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, həkim terapevt Tomi Mitçell gənc qalmaq istəyənlərə sınanmış tövsiyələr verib.
Mitçell tövsiyə edir ki, istər kişi, istər qadın dərisini mütəmadi nəmləndirməli, epidermisi ölmüş hüceyrələrdən təmizləməlidir.
"Dərinin ölü qatının soyulması dərini canlandırır, yeniləyir.
Yaşlanmaq istəməyənlər günəş şüası, solyari-yəni ultranəbövşəyi şüaların təsirindən uzaq durmalıdır. UVÇ dərini sürətlə qocaldır.
Eləcə də uzun müddət bu şüalar dəri xərçənginə səbəb olur, bədəndə digər ciddi problemlər yaradır.
Yaz- yay aylarında mütləq qaralma əleyhinə günəş kremləri çəkilməlidir.
Eləcə də insan gün ərzində 8 saat gecə yuxusu almalıdır.
İşdən sonra istirahət, yatmaq kollagen sintezi üçün vacibdir. Kollagen isə dərini gənc, möhkəm saxlayır.
Antioksidant təsirli, yəni yaşıl və qırmızı rəngli meyvə-tərəvəzi bol edin. Onlar sərbəst radikalları təmizləyir, dərini qoruyur.
Əgər istəyirsiz ki, dəriniz yaxşı, gənc görünsün, hər gün bunlardan birini yeyin: avokado, qaragilə, sarıkök, ispanaq, balıq yağı.
Gəncliyin düşməni yuxusuzluq, siqaret çəkmək və içkidir.
Onlar dəriyə qan dövranını pozur, kollagen və vitaminləri dağıdır, qırışları tezləşdirir.
Bu asan qaydalara riayət edin, cərrah bıçağına da daha düşməyin.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri BMT Sivilizasiyalar Alyansının direktoru ilə görüşüb
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisiçisi Vasif Eyvazzadə ilə BMT Sivilizasiyalar Alyansının direktoru Nihal Saad arasında Nyu-York şəhərində görüş keçirilib.
Federasiyadan AzərTAC-a bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq layihələrin icrasında səmərəli tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidentinin himayəsi və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı müzakirə zamanı V.Eyvazzadə Forumun Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil ediləcəyini, bu çərçivədə yaxın zamanda beynəlxalq tərəfdaşlarla birgə “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli görüşünün keçiriləcəyini, həmin görüşdə təşkilatçılar tərəfindən tədbirin proqram və konseptual məsələlərinin təqdim ediləcəyini diqqətə çatdırıb.
Görüş zamanı eyni zamanda Azərbaycan tərəfindən 2021-ci ildə irəli sürülmüş Mədəniyyət naminə Sülh Qlobal Çağırışı çərçivəsində BMTSA ilə əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və V.Eyvazzadə gündəlikdə olan məsələlər barədə Mədəniyyət Nazirliyinin rəhbərliyini məlumatlandıracağını, habelə layihənin sürətli icra edilməsi üçün qısa müddətdə lazımi addımların atılacağına əmin olduğunu ifadə edib.
Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və Avropa Şurasının tərəfdaşlığı ilə 2011-ci ildən etibarən Bakı şəhərində beş dəfə yüksək səviyyədə təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Ay Dan - Lap çoxdanın " cızma-qarası"
BOZ RƏNGİN TƏNTƏNƏSİ
“Ədəbiyyat və incəsənət” portalı Ay Danın essesini oxucularına təqdim edir
Kimin ki, gözlərində gül bağçası var, onlar qəfil düşən leysana da öyrəncəli olurlar... Yəni bütün fəsilləri içinə çəkmiş gözləri ilə öz bağçalarını ovudurlar.
Düşünürsən ki, bir əlçim nəfəsin var, sən bir topa buludsan o bağçada. Yağmasan torpağın quruyacaq, yağsan, gözlərində bir gül ləçəyi keçmişin qoxusu kimi, izi kimi üşüyəcək sənin üçün... Sən də onun üçün.
Keçmişin izi...
Bütün fəsilləri içinə çəkmiş gözlərinə düşsə indi nələr dəyişər, əzizim...
Məsələn, qapın döyülər, açarsan, görərsən, hələ bağrında həsrət yox ikən sənə can atan əli çörəkli, üzü qürublu, gözləri təlaşlı atan...
Keçmişin izi düşmüşkən gözlərinə, görürsən ki, qocaman adamlar alnının qırışıyla belə körpədi hələ.
Görürsən ki, məharət pencərəndən ta təpədə duran günəşi görməkdə deyil, qəlpə -qəlpə bir ürəyin içində günəşi tapıb qucub öpməkdədi...
Görürsən ki, ömrün içindəki ən incə cizgilər sənin içinlə, sənin köçünlə həmahəngdi...
Və beləcə bütün doğma yuxuların, bütün doğma qoxuların keçmiş.
Sənsə keçmişdən iz...
Öz kölgəsini rəngləyən, yad kölgədə görünməyən izlər kimi şəffaf, təmiz.
Keçmişin izi bir adamın gözlərindəki hürr qəhqəhələr kimi, arzulanan elə hey arzulanan səhərlər kimi...
Sən bu izi toz basmış şəkillərin üzərindən, güzgülərdən köçürərsən gözlərinə...
Dinər, deyər ki, daha gəncliyi yansıtmır güzgülər... Çünki indi bütün güzgülər çılpaqdı. Soyunub əynindən səni...
Ha axtarsan tapmazsan saçlarının gəncliyini...
O iz birdən elə itər ki, dilə tutsan açammazsan gözlərinin dilini...
O iz birdən elə itər ki, kimsə bilməz vaxtı ilə gözlərinin təbiətcə min çalarda dindiyini, içində böyüyən yuxuların nəğmələrini...
Və bütün səsləri, toxunuşları, addımları boz rəng əlindən tutub aparan zaman bilə-bilə, istəyərək öz səsini unudursan.
Əvvəl-axır boz qələbə çalırsa, indən belə bütün rənglərə keçmiş olsun!..
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Beynəlxalq Muğam Mərkəzində “Musiqili səyahət" adlı konsert keçirilib
MİNİ REPORTAJ
Beynəlxalq Muğam Mərkəzində “Musiqili səyahət” ("Musical journey") adlı konsert proqramı təqdim edilib.
Klassik musiqi gecəsində pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet, eyni zamanda triolar ifa ediblər.
Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri də təqdim olunub. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri daxil edilib.
Konsert proqramında yeni və ilk dəfə səslənən əsərlər maraqla qarşılanıb. Müxtəlif dövrlər və müxtəlif nəsillərin yaradıcılıq nümunələrinə müraciət olunan musiqili səyahət tamaşaçılarda xoş ovqat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Tarix heç zaman dahiləri unutmur...
Dünən dahi yazıçı İsa Muğannanın doğum günü idi. “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə yazılar dərc etdi. Təbii ki, portalımızın daimi müəllifi Elman Eldaroğlunun da İsa Muğanna barədə öz fikirləri var. Buyurun, tanış olun.
Bu dəfə sizə Azərbaycan xalqının dahi oğullarından biri- İsa Muğanna haqqında söhbət etmək istəyirəm. Yenilik gətirmək, yeni cığır açmaq onun ömür payına düşən taley yazısı idi. Yaşasaydı bu gün 95 yaşı tamam olacaqdı. Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcısı, filosof yazar kimi yəqin ki, isasevərlər başına yığışıb, bu günü qeyd edəcəkdilər...
Gənc alim, yazıçı Şəmil Sadiq onun haqqında yazır: “Etiraf edək ki, 86 il ömür sürmək hər kişininin işi deyil. Buna baxmayaraq, bu cür insanların ölümü həmişə kədər və təəssüf hissi yaşadır insanlara. Çünki İsa Muğanna kimi dahilər bir ailənin yox, mühitinin sevimlisinə və dəyərlisinə çevrilməyi bacaranlardır. İsa Muğannanın “Məhşər” romanından sonra yaradıcılığında başlayan yeni era “Türfə” romanı kimi böyük bir əsəri ilə yekunlaşmışdı. Ədəbiyyatşünaslar İsa Hüseynov yaradıcılığında Cəlil Məmmədquluzadə təsirini qeyd edirdilər və bununla Muğannanın özü də razı idi. Amma İsa Muğannanın yazdığı əsərləri bütün ədəbi-bədii tərəfləri ilə Cəlil realizmindən uzaqlaşmış, Nəsimi, Cavid romantikasını qucaqlamışdı. Yəqin Ustad sənətkarın gəldiyi qərar da belə idi ki, bəşəriyyəti realizm yox, romantika qurtara bilər. Böyük ustad sənətkar İsa Muğanna “Türfə” romanının əlyazma variantının sonunda romanın yazılma tarixini 20.02.2009 kimi qeyd etmişdi, amma 2015-ci ilə qədər çap olunmayan bu mistik romanı - Əsəri - “Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevincini yaşamışam. Bir zamanlar müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq” fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır”,- deməsi ilk baxışda baş tutmamış arzu kimi görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,- deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib, əbədi yaşayır və bu gün də əsərinin çapını görüb sevinir...”
Haqqında söhbət açdığım İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra tibb instituna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan ADU-nun filologiya fakultəsinə daxil olub. 1952-ci ildə isə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. İki il “Azərnəşr”-də Ədəbiyyat şöbəsinin redaktoru işləyib. 1960-1964-cü illərdə isə “Literatunıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri olub. Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, altı il redaktor vəzifələrində çalışıb, beş il də “Ssenari şurası”nın üzvü olub. Bir neçə il də Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifəsində işləyib. Sağlığında Əməkdar incəsənət xadimi, xalq yazıçısı fəxri adlarına layiq görülüb və “Şərəf nişanı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1 aprel 2014-cü ildə vəfat edib...
Deyirdi ki,- “Mən ədəbiyyata gələn dövrdə mənim kimi yazıçılar yox idi. Mən Mirzə Cəlildən öyrənirdim. Çar dövründə zülm altında olan yazıçılar həqiqəti qələmə alırdılar və millətə xidmət edirdilər. Mirzə Cəlil tənqidi əsərlər yazsa da onun qələmə aldıqları bizim xalqın həyatında proqressiv rol oynayıb. "Poçt qutusu” mənim bir çox mövzuları işləməyimə təkan verib. Beləliklə mənim ətrafımda yeni bir nəsil yetişdi. Anar, Elçin, Mövlud da o yolla getdilər. Ədəbiyyatda proqressiv yol bunlara aiddir. Onlar dünya ədəbiyyatına çıxmağa layiqliyə doğru gedirlər. Anarın "Ağ qoç, qara qoç” əsərini qiymətləndirirəm, bu barədə məqalə də yazmışam, bu əsəri şedevr adlandırmışam. Güman edirəm ki, səhv etməmişəm. Çox qiymətli əsərdir. Mövludun povestlərini az-çox qəbul edirəm. Elçinin "Ölüm hökmü” romanı və pyeslərindən bəziləri çox xoşuma gəlir...”
1948-ci ildən ədəbi fəaliyyətə başlayan İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə “Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film” mükafatını alıb. İyirmi iki kitabın müəllifidir...
Sağlığında bir sıra dahilərimiz kimi ona da qarşı ədalətsizliklər çox olub. Qərəzli hücumlara məruz qalıb, amma ruhdan düşməyib, Tanrı qarşısında öz missiyasını ləyaqətlə icra edib...
Söyləyirdi ki:- “Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin 41-i canıma döşəndi. Bibim oğlu Vidadi Babanlı və Mehdi Hüseyndən başqa hamısı əleyhimə danışdılar. Axırda iclası aparan Zeynal Xəlil qalxdı ki, məsələ aydındır, İsa Hüseynovun Yazıçılar İttifaqında, partiyada qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən kömək elədilər. Dedilər ki, Zeynal Xəlil müzakirə edilən əsəri oxumayıb. Qalxdım, dedim ki, müzakirəyə qoyulan əsərim necə başlayır, necə qurtarır, əsərin qəhrəmanı kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə dedi ki, mən oxumamışam, amma mənim kommunist yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram, qapını açdım, çıxdım. Çölə çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir. Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə görmək istəyirəm, sənin sözündən sonra iclas dayandı. Bir dəfə də məni Mirzə İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüseyn öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur. Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni araşdırmaq üçün Bakıya ezam elədilər. O, gəldi, Mərkəzi Komitədə Yazıçılar İttifaqının plenumunu çağırdı. Mirzə İbrahimov da Ali Sovetin sədri idi. Hamı mənim əleyhimə danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə İbrahimov balaca adam idi, o, tribunaya çıxanda isə elə bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi, nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa ürəyinin qanı ilə yazır. Çıxın gedin hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da günahı yoxdur. İclas da bununla qurtardı...”
Bəli, ötən gün İsa Muğannanın 95 illiyi tamam olur. Tarix heç zaman dahiləri unutmur. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)
Quzey Kıprıs Türk Cümhuriyyətinin nümayəndə heyəti Tərcümə Mərkəzində olub
Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Quzey Kıprıs Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.
Tərcümə Mərkəzinin yaydığı məlumata görə, görüş zamanı Azərbaycan–Şimali Kipr ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Quzey Kıprısda, Quzey Kıprıs ədəbiyyatının Azərbaycanda, eləcə də beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçiriləcək layihələr müzakirə edilib.
Nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı Dövlət Tərcümə Mərkəzi ilə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.
Görüşün sonunda qonaqlara Mərkəzin Aygün Attarın “Qarabağ zəfəri – 44 günün pərdəarxası” kitabı, “Dünya ədəbiyyatı inciləri” seriyasından kitablar və “Xəzər” dünya ədəbiyyatı jurnalı, nümayəndə heyəti tərəfindən Mərkəzə Şimali Kiprin tarix və mədəniyyətindən bəhs edən kitab və suvenirlər hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)