Super User

Super User

Tanınmış pianoçu Zoya Şuhatoviç Vyanada Musiqi Teatrı Cəmiyyətində solo fortepiano proqramı ilə çıxış edib.

 

AzərTAC xəbər verir ki, konsertdə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin fortepiano sonatasının Vyanada premyerası da baş tutub.

Azərbaycan simfoniyasının təşəkkülü və inkişaf tarixində xüsusi çəkisi olan C. Hacıyevin 1956-cı ildə bəstələdiyi “Birinci sonata“ əsərində Azərbaycan xalq və aşıq musiqisinin çalarları əksini tapır və bu xüsusiyyətlər bəstəkarın özünəməxsus üslubunda təqdim edilir.

Zoya Şuhatoviç bu ilin mayında Nyu-Yorkda, daha sonra Parisdə sonatanı uğurla ifa edib. Sevindirici haldır ki, Azərbaycan bəstəkarının sonatasının parlaq virtuoz ifasından sonra tələbkar Vyana tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Cövdət Hacıyevin fortepiano sonatasının Vyanada ifası Azərbaycan klassik musiqisinin Avropada təbliği üçün yaxşı fürsət olmaqla yanaşı, həm də görkəmli Azərbaycan bəstəkarının iyunun 18-də qeyd ediləcək doğum günü ərəfəsində musiqisevərlər üçün gözəl hədiyyə olub.

Qeyd edək ki, tanınmış pianoçu Zoya Şuhatoviç hazırda ABŞ-da, Hyustonda yaşayır. O, Almaniya, Estoniya, Fransa, Böyük Britaniya, İtaliya, Kosovo, Rusiya, İspaniya, Avstriya və digər ölkələrdə solist (həmçinin bir sıra orkestrlərlə) və kamera musiqiçisi kimi çıxış edib.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2023)

İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) konfrans zalında Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı, AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) və Türk Ağsaqqalları Birliyinin (TAİB) təşkilati dəstəyi ilə “Türk dünyasının ortaq ədəbiyyatı” mövzusunda konfrans keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis konfransı açaraq türk xalqlarının illər boyu davam edən kortəbii inteqrasiyasının, təsadüflərə hesablanmış mədəni əlaqələrinin hazırkı dönəmdə Türk dövlətlərinin siyasi, iqtisadi və mədəni birliyinəcən gəlib çıxması tarixinə diqqət yönəldərək türk dünyasının ortaq ədəbiyyatını zəruri edən şərtlərdən bəhs edib. Çıxışçı vurğulayıb ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzu olaraq həm ilk olaraq bu təşəbbüsdə bulunan Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb eləyib. Hazırda bu sahədə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlar gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.

Daha sonra AMEA Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli çıxış edərək müasir ortaq türk ədəbiyyatının yaranması zərurətinin səciyyəvi çəhətlərinə toxunub.

Tanınmış türkoloq, TAİB Qadınlar Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Güllü Yoloğlu türk xalqlarının dil və din baryerlərinin ümumi turançılıq ideologiyasına maneələr törədə bilməməsi üçün atılası vacib olan addımlardan bəhs edib.

DGTYB başqanı İntiqam Yaşar 25 il ərzində təmsil etdiyi qurumun ümumtürk ədəbiyyatının yaranmasına verdiyi qatqılardan söz açıb.

İraq kərküklərinin nümayəndəsi, tanınmış yazar Şəmsəddin Kuzəçi, Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu bölüm başqanı, professor Marifcan Yoldaşev, Qazaxıstanı təmsil edən tərcüməçi Altın Tukumbayeva təmsil etdikləri qardaş xalqların ümumtürk ədəbiyyat ailəsinə  necə can atmalarını dilə gətiriblər, keçilən yoldan və qarşıda duran vəzifələrdən danışıblar.

Konfransda habelə TAİB-in sədr müavini, araşdırmaşı jurnalist, Azərbaycan Vikipediya Könüllüləri hərəkatının yaradıcılarından olan Elnur Eltürk vahid elektron resurslarda türk ədəbiyyatının təbliği mövzusundan, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Nizami Tağısoy qaraqalpaq və digər türkdilli xalqların ədəbiyyatı ilə bağlı araşdırmalarından, Azərbaycan Teleradiosunun əməkdaşı, tanınmış jurnalist Aida Eyvazlı türkdilli Saxa-yakut xalqı ilə ədəbi əlaqələrə verdiyi qatqıdan, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümbətova türk xalqlarının ortaq mənəvi dəyərlərindən danışıblar.

Konfrans dinləyiciləri də məruzəçilərə müxtəlif suallar veriblər, panel çıxışları polemika şəklində davam edib.

Konfrans öz işini iştirakçıların ailə fotosu şəkdirmələri ilə başa vurub.

Qeyd edək ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində baş tutub. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir. 

Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlunun növbəti doğum günü təbrikini diqqətinizə çatdırırıq. 

 

Solmaz xanımı yəqin ki, unutmamısınız. Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi, "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəridir. Bir vaxtlar mavi ekranlarda tez-tez görünərdi. Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin ömür-gün yoldaşıdır.

 

Deyir ki,- “Son illərin statistikasına görə Azərbaycanda hər qurulan 5 ailədən biri dağılır. Bu olduqca ciddi problemdir. Ailə dağılanda, təkcə ailəyə yox, cəmiyyətə də zərər dəyir. Biz sosial çarx çəkmişik, o çarxda ailə münaqişələrinin səbəbləri göstərilir və o problemlərdən biri də erkən nikahdır. Erkən evliliyin çox ciddi fəsadları var. Bu problemə daha çox regionlarda rast gəlirik".

Bu problem onu çox narahat edir. Yaradıcısı olduğu ictimai birliyin xətti ilə çalışır ki, bacardığı qədər maarifləndirmə işləri aparıb həmin problemin həllinə dəstək versin. 

 

“Əgər biz qız uşaqlarımıza ailə dəyərlərini izah edə bilmiriksə, onların gələcəkdə dəyərli ana olmağına zəmin yarada bilmiriksə, onlara doğru tərbiyə verə bilmiriksə, bu gələcəkdə ailənin, cəmiyyətin probleminə çevrilir. Bu da dolayısı ilə gətirib ailələrin dağılmasına çıxarır."- söyləyir.

 

Çox mehriban xanımdır. İnsanları sevməyi bacarır. İnsanlığa böyük dəyər verir. Bəşəriyyətin problemlərinə biganə qala bilmir…

 

Deyir ki,- "Dinimizdə səbir deyilən böyük bir anlayış var. Ailə quran qadınlarda, gənc analarda səbir olsa, təxminən 3 il sonra onlara bu gün problem kimi görünən şeylər əslində problem olmayacaq. Mən qız uşaqları ilə bağlı problemləri ailə ilə bağlayıram. Çünki qız uşağı ailədən gəlir, ailə qurur, ana olur və s..”

 

Allaha məhəbbəti sonsuzdur. Onun buyurduğu kimi yaşamağa önəm verir. İbadətdən zövq alır. İslam qaydalarına əməl edir. 

 

“İslamda həm qadınların, həm kişilərin, həm də uşaqların üzərinə düşən vəzifələr Allah tərəfindən çox gözəl müəyyənləşdirilib. Biz bu dəyərləri olduğu kimi övladlarımıza çatdıra bilsək, onları bu dəyərlərlə tərbiyə edə bilsək, inandırıram sizi heç bir problem olmaz. Biz bu dəyərləri uşaqlara vermədən cəmiyyətə buraxırıq"- söyləyir.

 

Bəli, bugünkü söhbətimin qəhrəmanı Solmaz Baba qızı Əmirlinin xidmətləri danılmazdır. Bütün ömrü boyu gözəl işlərlə məşğul olub. O, 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, sonra Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərib. Daha sonra həyatını Azərbaycan Dövlət Televiziyasına bağlayıb. O, burada redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb, "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olub. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən, müəllifi olduğu dini-maarifləndirici "Ünsiyyət" proqramında aparıcılıq edib. Onun təşəbbüsü və rəhbərliyi ilə qurulan "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi 2008-ci ilin mart ayında dövlət qeydiyyatından keçib. Hal-hazırda Solmaz xanımın sədrliyi ilə ictimai birlik milli-mənəvi dəyərlərin qorunması və yaşından asılı olmayaraq insanların maarifləndirilməsi istiqamətində geniş fəaliyyət göstərir, bir-birindən maraqlı layihələr həyata keçirir…

 

Göründüyü kimi, bu gün- iyunun 9-u Solmaz xanımın 75 yaşı tamam olur. 

Bu yaşda olan ANA NƏNƏ olsa belə xanım-xatundur. Axı “ANA” kəlməsi bu adı daşıyan bütün ANA-lardan çox, lap çox əvvəl yaranıb. Ona möhkəm cansağlığı, uzun ömür arzulayıram…

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olaraq nəşr edilən “Azərbaycan memarlıq elementləri” kitabının təqdimatı olub. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş nəşrin təqdimat mərasimi Azərbaycan Milli İncəsənət Muzeyində keçirilib.

Kitabın müəllifi Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Xəlil Cəfərovdur.

 

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə XX əsrin ortalarında görkəmli Azərbaycan memarı, akademik Mikayıl Hüseynov tərəfindən ilk dəfə olaraq milli memarlıq abidələrinin araşdırıldığını, bu təşəbbüslə həmin dövrdə tədqiqatçılar tərəfindən müxtəlif abidələrə aid materialların toplandığını və məhdud nüsxədə bir neçə albomun çap olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yarımçıq qalmış həmin işə yarım əsr sonra yenidən başlanılıb, nəticədə sanballı bir kitab ortaya qoyulub.

Bildirilib ki, təqdim olunan yeni kitab Azərbaycanın qədim tarixə malik olan memarlıq abidələrinin üzərində hələ minilliklər öncə əcdadlarımızın nəqş etdiyi milli memarlıq elementlərindən və onların etimologiyasından bəhs edir.

Kitabda XX əsrdə Azərbaycan memarlığının inkişafından da ətraflı söz açılır, memarlıq və arxitektura sahəsinin Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə xüsusilə diqqət mərkəzində olduğu vurğulanır.

Kitabın elmi redaktoru Əməkdar memar, professor, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə nəşri milli memarlıq üslubunun yaddaşlara həkk olunması üçün ən gözəl vasitə adlandırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli təqdim olunan kitabda milli memarlıq üslubu, memarlıq janrları, interyer tərtibatı nümunələri, kiçik memarlıq formalarının ətraflı izah edildiyini söyləyib.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda Azərbaycan və ingilis dillərində olan kitabın müəllifi Əməkdar memar Xəlil Cəfərov çıxış edib. O, kitabın ərsəyə gəlməsindən söz açıb. Bildirib ki, kitabda Azərbaycan memarlığında işlənən milli elementləri həm funksional cəhətləri ilə, həm də bədii-estetik təsiri ilə tikililərdə sadəcə mühəndislik təxəyyülünün məhsulu kimi deyil, eyni zamanda incəsənət nümunəsi kimi nəzərdən keçirilib. Müasir memarlıq əsərlərində xalqımızın əsrlər boyu yaratdığı memarlıq irsini yaşatmaq və eyni zamanda bugünkü tələblərə uyğun şəkildə, düzgün istifadə etmək baxımından milli memarlıq elementlərini dərindən bilməyin vacibliyi önə çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. 

 

Gecədə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər iştirak ediblər.

Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə bir neçə nəslin ədəbi zövqünün formalaşmasında rol oynayıb və bu gün də dərin fəlsəfi ruhlu şeirləri sevilir.

Tədbir iştirakçıları şairin şeirlərindən parçalar söyləyiblər. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar, xalq mahnıları və digər əsərlər tanınmış sənətçilər və gənc musiqiçilərin ifasında səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

Azərbaycan Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən “Revelations” Beynəlxalq Biennalesi üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub. 

 

AzərTAC xəbər verir ki, stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, “Grand Palais” – Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı və fransız deputatlar, incəsənət nümayəndələri iştirak ediblər. 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Ölkəmizin istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Fondun dəstəyi ilə Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayan səfir Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltaraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltaraşlardan biri olduğunu qeyd edib. E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. “Revelations” Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir. 

“Grand Palais” – Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın “Revelations” Biennalesində iştirakından şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. “Revelations” sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir. 

Nümayiş olunan “Bir günəş altında” instalyasiyasının müəllifi, heykəltaraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. O, əsərin ərsəyə gəlməsindən danışıb. Azərbaycan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə uzun sürən münaqişəyə son qoyduqdan sonra heykəltəraş saza yeni - ikinci həyat vermək qərarına gəlir və beləliklə, “Bir günəş altında” instalyasiyası yaranır.

Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizminin, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir. 

Milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən Biennaleyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib. 

Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Beynəlxalq Türk Akademiyası ilə birgə hazırladığı "Saqımbaydın Manası" kitabının Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində təqdimatı keçirilib.

 

Kitabın müəllifi “Manas” dastanını ən uzun səsləndirdiyinə görə “Ginnes Rekordlar Kitabı”na daxil olan tanınmış qırğız manasçısı Rısbay İsakovdur.

Kitabda alim - folklorşünaslar arasında eposun klassik variantı sayılan Sağımbəy Orozbakovun 9 cildlik dastanının poetik variantı təsvir edilir.

"Saqımbaydın Manası" kitabında müəllif eposun mənalarının şərhləri ilə yanaşı, müxtəlif arxaizmlərin və başqa dillərdən götürülmüş sözlərin izahını verir. Kitab geniş auditoriyaya "Manas" dastanını daha ətraflı təqdim edərək, ümumtürk mədəni irsinin təbliğinə öz töhfəsini verməkdədir. 

Kitabın təqdimatında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri Mirbek Karıbayev qeyd edib ki, Rısbay İsakovun kitabı nəsillər arasında mövcud olan bağlılığın bariz sübutudur: “Qırğız xalqının mənəvi həyatının gözəl nümunəsi olan “Manas” eposu, dastançılıq sənətinin parlaq zirvəsi kimi bütün Türk dünyasının zəngin mədəni irsinin sərvətidir. Ona görə də, kitabın Türk dünyasının mədəni irsinin təbliği üçün önəmi yüksək qiymətə malikdir".

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedar çıxışında qeyd edib ki, "Manas" dastanı ümumi Türk tarixini və mədəniyyətini əks etdirən, eyni zamanda türkçülük şüurunu özündə ehtiva edən bir dastandır. Eposda bütün türk boyları ümumi adla çağırılır. Bu səbəbdən "Manas" dastanı təkcə qırğızlar üçün deyil, bütün Türk dünyası və türkçülük üçün böyük əhəmiyyət kəsb edir.

Mərasim kitabın müəllifi Rısbay İsakovun ifasında "Manas" dastanından bir parçanın ifası ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

 

Bu gün görkəmli müğənni Rəşid Behbudovun anım günüdür

 

“Lalələr”, “Ey Vətən”, Alagöz”, “Gecələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar”… Bu mahnıları Rəşid Behbudov necə ifa edibsə, yaddaşlara məhz o ifa həkk olunub. Necə deyərlər, onun lalələri heç vaxt solmayacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.

R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.

Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Rəsm qalereyası: Aida Mahmudova, “Mənzərə”

AİDA MAHMUDOVANIN ÇOX GÖZLƏNİLƏN SƏRGİSİ AXIR Kİ AÇILDI

 

İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi, həmçinin rəssamların “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılıb. Təbii ki, biz daha çox zaman və məkan kontekstləri çərçivəsini qıtıb keçərək fövqəlzaman və fövqəlməkanlarda fövqəlinsan portreti yaratmağı ustalıqla bacaran Aida Mahmudova barədə danışacağıq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimdə akademik Nərgiz Paşayeva, bir çox siyasi xadimlər, elm və incəsənət nümayəndələri iştirak ediblər.

Əvvəlcə YARAT Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova rəssam Aida Mahmudovanın fərdi sərgisindən söz açıb və ümumi ekspozisiyalar haqqında danışıb.

O deyib ki, rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır.

Bildirilib ki, burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır. Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir. A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır. Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.

Sərginin kuratoru Fərəh Ələkbərli eyni gündə açılan digər ekspozisiya - “Yeddinci tənhalıq” adlı qrup sərgisi haqqında danışıb. O bildirib: "Ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyev, Tərlan Qorçu, Orxan Hüseynov, Ramal Kazım, Novruz Məmmədov, Fərəc Rəhmanov, Eltac Zeynalov, İsmayıl Səfərəli və Nadir Eminovun əsərlərini bir araya gətirir. Qrup sərgisi alman filosofu F.Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “Yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma, yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır. Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “Yeddinci tənhalığ”a çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur.

Qeyd edilib ki, bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “Yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir. Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “Yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi, şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır. Azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır".

Sonra sərgilərə baxış keçirilib.

Qeyd edək ki, sərgilər oktyabrın 22-dək davam edəcək.

 

Qeyd: Məqaləni hazırlayarkən AzərTAC-ın matetiallarından və fotomateriallarından istifadə olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(09.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.