Super User
Laçın vaxtlarımız - Emin Pirinin müharibə gündəliyindən
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə epistolyar janra müraciət edəcəyik. Qazi şair, sumqayıtlı, mərhum şairimiz Sabir Yusifoğlunun oğlu Emin Pirinin müharibə gündəliyi ilə tanış olacağıq.
MÜHARİBƏ GÜNDƏLİYİ
Emin PİRİ
LAÇIN VAXTLARIMIZ
I
Siqnaxda erməni evlərində
Müharibənin gedişində bizim batalyon Xocalı kəndləri, Şuşa uğrunda döyüşlərdə olsa da,hərbi hissəmizin digər batalyonu Laçın, dəhliz ətrafı döyüşlərdə idi.
Müharibənin bitməsi ilə bərabər ordu tərxis olunur, evə göndərilir xəbərləri yayılmağa başladı. Öz düşüncəmizlə deyirdik ki, müqaviləyə əsasən, boşaldılası rayonlar boşaldılmadan dövlət belə riskə gedib bizi tərxis etməz. Amma inananlar da var idi.
Müharibə bitərkən olduğumuz yüksəklikərdə qaldıq. Artıq ocaq qalaya bilir, şaxtanı birtəhər yola verməyə çalışırdıq. Mənim tağımımın olduğu mövqenin yaxınlığında erməni ferması var idi. Saymışdıq, 97 iri dana idi. Düzü, çörəksiz kabab yeməkdən iyrənməyə düşmüşdük müharibədən sonra.
15 noyabr öncəsi aşağı enəcəksiniz, ordansa Cəbrayıla gedəcəksiniz; deyilir. Amma 15 noyabrda Kəlbəcərin boşaldılmaması planları pozdu.
Hər ehtimala qarşı orda qalacaqsınız. Müqaviləyə əməl edilməsə...
Bu hadisələrin sonu necə olacaq, deyə düşünür, müxtəlif analizlər verirdik. Ən yaxşısı Ağdamı, 20 noyabrı gözləməkdir. Ağdamla bağlı xəbərləri gözləyirik. Kimisində təlaş, kimisində həyəcan... Yeni bir müharibə qarşımızdadırmı?
O xəbər gəlir, Ağdam boşaldıldı...
23 noyabr səhərisə bizə rabitəylə xəbər verilir ki, Siqnax kəndinə gəlin. Ora gedirik.
Müharibənin gedişində irəliləyəndə bir neçə saatlıq Siqnax kəndində olmuşduq. Həmin vaxtlar Siqnax ağır artilleriya hücumuna məruz qalırdı. Bu dəfə azad insanlar kimi kəndi gəzmək, özümüzə yemək üçün nəsə tapmaq olardı. Hər tağım bir evdə özünə yuva qurur. Otaqların birində taxtda üç əsgərim, mənimçünsə ayrıca çarpayı ayırırlar.
Çıxaq, gəzək. Müharibənin verdiyi turizmdən bəhrələnək.
Əsgərlərin həvəsi daha çoxdu. Müxtəlif şəkillər çəkdirirlər.
Daha çox bir villa diqqəti çəkir. Sonradan öyrənirəm ki, bu villa qondarma respublikanın milli təhlükəsizlik xidmətinin müavini bir general-mayorun evidi.
Elə gözəyarı baxanda bu evin milyonlar, bəlkə də, daha artıq məbləğə başa gəldiyini açıq-aşkar görürsən.
Zirzəməsinə enir, otaqları gəzir, varlı həyatını özümçün beynimdə qaralayıram.
Çox qəribədir, bir gün milyonların bir əsgərin ayağı altında qala bilər. Qapını əliylə taqqıldatma şansı olmayan bir kasıb balası o qapını təpiyilə aça bilər...
Villanın yanında çəpərə alınmış ərazidə onlarla xırda buynuzlu və iribuynuzlu mal-qara var. Artıq kimindir, bilmədim...
Kəndin içindəsə donuzlar veyillənir. Sahibsiz...Heç bizlərdən də sahib çıxan yoxdu.
Axşama doğru əsgərlər evə turşular, kartof-soğan, ev quşları və.s ərzaq məhsulları gətirir. İki aydan sonra bir evdə yatmağın ləzzəti – bunu heç boş vermək olar?
Özümüzçün nələrsə bişiririk. Evin içidə ocaq qalayarıq. Nəhayət, isti yerdə yatacağıq.
Səhər kənddə şiddətli qar başlayır. Topxana meşələrində yaşana biləcək əlverişsiz şəraiti nəzərə alaraq təcili Cəbrayıla getməli olduğumuz deyilir.
Bir gecəlik rahat yuxumuz, isti ocağımız beləcə pozulur.
Gecəyarı artıq Cəbrayılın Daşkəsən kəndindəyik.
Çadırlarda qalacağıq...
II
Laçın boşaldılır, biz getməliyik
1 dekabr. Radioda ölkə başçısı İlham Əliyevin çıxışını dinləyirik. Laçın boşaldıldı.
Sevinc səsləri hər yerdən duyulmağa başlayır. Artıq müharibə tam bitdi, deyə bilərik, düşünürük...
Amma bizim hərbi hissənin Laçına gedəcəyi deyilir. Hazırlıqlar görülür. Siyahı tutulur. 24 yaşdan yuxarı əsgərlər Laçına getməyəcək. Onlar burdan tərxis olunacaq.
Bəs zabitlər? Onlar da yaşından aslı olmayaraq Laçına gedəcək. Orda təhvil-təslim edib silahları və əsgərləri təhvil verdikdən sonra 24 yaşdan yuxarı zabitlər tərxis ola biləcək.
Hazırlıq vaxtı nədənsə yadıma laçınlı dostları salıram. Qayıdanda onlara danışacaq xeyli söhbətim olacaq. Bəlkə də, onlarla daha doğmalaşacağıq...
Yadıma ilk olaraq məktəbdə sevdiyim laçınlı qız düşür. Sonrasa Rəşad Məcid, Şərif Ağayar...
Çünki Laçın haqqında söhbətləri, yazıları daha çox onlardan görmüşdüm. Daha doğrusu, ünsiyyətdə olduğum insanlar arasında.
Evdəkilərə, dostlara zəng edirəm, rabitə orda pisdi, əlaqəm olmasa, narahat olmayın.
Bunu xəbər verməyə bilməzdim. Yaxınlarım mən gəlməyənə kimi hələ müharibənin içindən çıxa bilməmişdilər. Heç indi də çıxmayıblar.
Bütün hazırlığımızı görüb yola düşürük...
III
Müharibənin qar uşaqları
Laçına gedirik...Birinci gündü. Qubadlıda Xəndək kəndində elə maşınlarda gecələməli oluruq. Evə zəng edirəm. Sonra bacım qızı Ləmanla danışıram. Bimirəm, necə təzaddırsa, müharibə adamın yadına daha çox sevdiyi insanları, xatirələri salır. Ən çoxsa uşaqlığını. Bəli, məhz uşaqlığı. Və ya həyatında olan uşaqları. Vəhşilik içində adam uşaq saflığı axtarır, uşaq təmizliyini üçün darıxır.
Hə, bacım qızı Ləmanla danışdım. Oraların necə olduğunu soruşdu. Ətraf Kiçik Qafqaz dağları, hər yan qar. Hər tərəf ağappaq qardı, dedim.
"Dayı, ordan gələndə mənə qar gətir də. Qartopu oynayaq" – dedi.
Uşaqlar müharibəyə də bəzən öz gözləriylə baxır. Bəlkə də, elə bilirlər, müharibələr uşaqların qartopu oynamaq istəyinə görədir. Bəlkə də, bu qartopu istəklərindən doğan müharibələrə görə özlərini qınayırlar. Amma nə bilələr ki, böyüklərin qartopu oyunu anaların, sevgililərin, bacıların göz yaşlarıdır.
Düzdü, özümlə qar gətirə bilmədim. Amma inanıram ki, bu ölkənin uşaqları yaxın gələcəkdə ürəkləri istədiyi qədər Qarabağ torpaqlarında qartopu oynayacaqlar. Özümlə gətirməsəm də, sizə ürək dolusu qar gətirmişəm, əziz uşqlar!
Elə bu kiçik yazını vaxtilə yazdığım "Əlcəkli qar" şeiri ilə bitirirəm.
Yağma, qar,
yağma,
əlcəyim olmasa da,
əllərim üşümür mənim.
Atamın
"daha yeddi yaşın var,
böyük kişisən,
heç kişi də əlcək taxar?!"
sözləri üşüdür məni.
Yalan danışmağı bacarmır atam,
dodaqlarının titrəməsindən,
gözlərinin dolmasından bilinir
ciblərinin yalanı.
Qar qardaş,
dünyanın ən təmiz
yalanı sənsən.
Qar qardaş,
mənə görə yox,
atama görə yağma,
ata oğul arasına girmə, qar.
Yağma,
çirkli əllər atmasın səni,
çirkli ayaqlar altında
əzməsinlər təmizliyini.
Təmiz dillər
çirklənməsin sənə görə,
yağma.
Uşaqların sızıldayan
barmaqlarında üşümə,
isti əlcəklərində qızın, qar.
...Uşaq əllərini özləmişdi qar,
qar vardı,
uşaqlar yoxdu;
müharibə qovmuşdu
yavruları torpaqlarından.
onların yerində
tanklar oynayırdı.
Qar ağlayırdı uşaqlarçün,
can verirdi
tankların
qanlı tırtılları altında.
Qar istəyir uşaqlar –
tanksız,
yalansız,
əlcəkli qar.
Yağırsansa, belə yağ, qar!
IV
Bura da bizim olacaq...
Birinci gün çıxmağımızın səbəbi odur ki, ikinci gün sülhməramlıların keçid məntəqəsində olaq. Yəni cüt günün səhərinə özümüzü çatdıra bilək. Tək günlər ermənilər, cüt günlərsə biz o yoldan istifadə edə bilirik.
Dəhliz qarşısında rus keçid məntəqəsində gözləyirik. Rusiya bayrağı...Qəribə oluruq. Müharibədən sonrakı gerçəkliyi indi-indi başa düşməyə başlayırıq.
Bəziləri ruslara sanki düşmən kimi baxır. Nə də olsa, ilk dəfədir belə rastlaşmaq.
Bizi buraxmırlar, – əsəbiləşən zabitlər olur.
– Başa düşün, biz burda sülhməramlıyıq. O biri heyət çatsın, sonra sizi aparacağıq. Öncə maşınlara baxaq.
Maşınlara baxırlar. Bir əsgər və toppuş rus zabiti maşınları gəzir.
Məsələ məlumdur. Silahlar ayrıca maşında olmalı, heyətsə ayrı maşınlarda: Laçın mərkəzində ermənilərin içindən keçəndə hər hansı hadisə baş verməsin deyə.
Maşınları yoxlayanda "ural"ların birinin kabinəsində avtomat görürlər.
– Olmadı ki... Bütün silahları yığışdırın.
Yenidən harda silah varsa, ayrıca maşına yükləyirik.
Yavaş-yavaş aramızda ünsiyyət yaranmağa başlayır. Zabitlər – Xəlilov,Şıxəliyev, Qayxılı rusca yaxşı bildiyindən onların vasitəsilə ünsiyyət qururuq, ya da ümumi danışırıq.
Əsgərlərlə söhbət əsnasında məlum olur ki, əksəriyyəti Şimali Qafqazdan, Krımdan və.s-dəndir. Hələ bəziləri Bakıda da olub. Qohumları olanlar var.
Qanımız qaynayır. Bilirsiniz, axı bura bizim torpaqdı və s. kimi söhbətlərə gediş edirik.
– Biz sadəcə qulluqçuyuq, bura göndəriblər, gəlmişik. İşimiz aranızda hər hansı hadisələrin baş verməsinin qarşısını almaqdır. Zabitlərdən biri "onsuz da bura da tam bizim olacaq" deyir. Ruslar gülümsəyir...
V
Laçın mərkəzində
Hər şey hazırdır. Önümüzdə bir zirehli rus maşını, arxamızdasa başqa zirehli maşın bizi müşayiət edərək aparır.
Laçının mərkəzinə enəndə bütün hərəkət dayanıb. Yol kəsişmələrində rus hərbçiləri gözə dəyir. Yəqin ki, hər hansı məsələ baş verərsə, qarşını almaq və ya qabaqlamaq üçün.
Laçından keçdikcə evlər, binalar gözümüzə dəyir. İşıqları yanır. Bir erməni belə çöldə görmürük. Amma hiss edirsən, o işığın yandığı evlərdən bəzən qorxa-qorxa boylananlar olur. Şəhərin özündən keçdikdə isə əsgərləri saxlamaq olmur. Aqressiya,əsəbvə s. Müharibədən çıxan əsgərin o anlarını anlamaq mümkündür. Mərkəz boyu söyüşlər...
Bir neçə xəbərdarlıqdan sonra, açığı, mane olmaq da istəmirsən, heç olmasa sözlə hirslərini, aqressiyalarını çıxarsınlar.
Buzlu, qarlı yolları kalon şəklində keçməksaatlarımızı alır. Nəhayət, ikinci keçid məntəqəsini keçirik. Artıq bizim ordunun nəzarət etdiyi ərazidəyik.
VI
Laçında son gecəmiz
Səhv etmirəmsə, ya Həkəri, ya da Hoçazsu çayının sahilləridir. Ermənilərin keçmiş istirahət mərkəzi olub. Qapıları, pəncərələri aparılıb. Özünəsə od vurub yandırıblar.
Orada məskunlaşırıq.
Ümumiyyətlə, çıxdıqdan sonra, demək olar ki, hər şeyi yandırıblar. Xəbərdarlıq edirlər ki, ehtiyatlı olun, bunlar rayonu boşaldandan sonra bəzi yerlərə mina da basdıra bilərlər.
Çay qırağında uzanıb yatmaq, ocaq çayı... Yenə də bacardıqca müharibədən sonra turist kimi təbiətdən həzz almağa çalışıram. Bir də Laçında nə vaxt olacamki?
...Silahları təhvil vermişik. Daha sonra əsgər heyətini. Düzü, zabitlər, əsgərlər kövrəlir. İlk dəfədir, zabit və əsgərin bir-birindən ayrıldığı üçün bu qədər kövrəldiyini görürəm.
Nə də olsa, müharibəni, döyüşləri bir yerdə keçiriblər...
...30 dekabr gecəsi. Sabah hər şeyi hazır edib çıxmalıyıq. Çünki 31 dekabr cüt gündü. Əgər 31 dekabrda burdan keçməsək, bir də iki gün sonra şansımız olacaq. Belədə bayramı da evə çata bilməyəcəyik...
30 dekabrda həmin keçmiş istirahət mərkəzində son gecəmizi keçiririk...
VII
Мы же все Кавказцы...
31 dekabr səhəri tezdən sülhməramlıların qapısını kəsdirmişik. 9 tamamdan tez buraxa bilmərik, deyirlər, – öncə məruzə edək, sizə zirehli maşın ayıraq, sonra.
Zarafatlaşırıq, söhbət edirik. Narahat olmayın, elə sürətli və tez edəcəyik ki, yeni il gecəsini öz evinizə çata biləsiniz.
– Мы же все Кавказцы, зачем нам враждовать? – zabit deyir.
Bəzi fikirlər içimi qıdıqlayır. Mustafaya deyirəm ki, soruş gör, onların təminatını ermənilər verir?
Ruslar tez etiraz edir, yox,hər şey bizə Rusiyadan gəlir. Ermənilərdən heç nə almırıq.
Deyirəm, ondan siqaret al, elə biləcəyik.
Rus əsgəri əminliklə siqaretini çıxarır, rus aksiz markası olan nazik Kent 4.
Bəlkə, dostluq naminə siqaretlərimizi dəyişək...
Cibimdən siqareti çıxarmaq istəyirəm, erməni "Akhtamar" siqareti.
Özüm özümə gülürəm, mən ruslara deyirəm, özümdə erməni siqareti...
Sürücülərimiz yaşlı kişilərdi. Rus zabiti məəttəl baxır. Zabitləmizsə sovet zarafatını edir: döyüşə qocalar gedir.
Söhbətlərdən sonra bizi buraxırlar. Bu dəfə Laçın mərkəzini gündüz vaxtı görməli oluruq...
Saatlar sonra Cəbrayıldayıq. Sənədlərimizi götürürük. Gecə isə artıq Sumqayıtdayam.
Amma qafqazlı sülhməramlı zabitinin sözləri ara-sıra qulağımda pıçıldanır:
Мы же все Кавказцы, зачем нам враждовать?
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Sabah Oqtay Mir Qasımın "Şeytan göz qabağında" filminin yenilənmiş versiyası nümayiş olunacaq
Tanınmış kinorejissor Oqtay Mir Qasımın 80 illik yubileyi münasibətilə "Balans" studiyası tərəfindən tam bərpa edilmiş "Şeytan göz qabağında" filmi nümayiş olunacaq.
Ekran əsərinin nümayişi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə iyunun 10-da “Azərbaycan” kinoteatrında keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” titulunu qazanıb
Qardaş Tatarıstanın baş şəhəri Kazanda keçirilmiş “Dünya mirvarisi-2023” beynəlxalq gözəllik və istedad müsabiqəsinin qalibi Azərbaycanı təmsil edən Kamilə Ələsgərova olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinad edərək xəbər verir.
“Səidaş” Mədəniyyət Mərkəzində baş tutan yarışın final mərhələsində 14 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monteneqro, Monqolustan, Çin, İndoneziya, Rusiyanın Buryatiya Respublikası, Hindistan, Belarus, Ermənistan) təmsilçiləri yarışmaq hüququ qazanıblar.
Final iştirakçıları milli mətbəx təamı və onun hazırlanması haqqında videotəqdimatla çıxış edib, intellektual müsabiqəyə və dəfiləyə qatılıblar.
“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatın gənclər qanadının sədri olan Kamilə Ələsgərova milli mətbəximizin “Şah-plov” təamının hazırlanmasından danışıb və Azərbaycanın “Şalaxo” milli rəqsini məharətlə ifa edib. Qeyd edək ki, rəqs nömrəsinin hazırlanmasında və nümayişində Kamiləyə “Ulduzlar bürcü” teatrının aktyorları və “QafqazStyle” rəqs ansamblı dəstək göstərib.
Müsabiqənin birincisi olan Kamilə Ələsgərova “Dünya mirvarisi-2023” tituluna layiq görülüb. Bundan başqa, səsvermənin nəticələrinə görə, soydaşımız “Miss artistizm” və “Miss tamaşaçı rəğbəti” adlarını da qazanıb.
Bu parlaq qələbə münasibətilə “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Bəhram Mustafayev və Azərbaycan icmasının üzvləri Kamilə Ələsgərovanı təbrik ediblər.
Biz də öz adımızdan qalibi təbrik edir, Azərbaycan adını yüksəltdiyinə görə ona minnətdarlıq bildiririk.
Şəkildə: Kamilə Ələsgərova çıxış zamanı; Azərbaycan nümayəndə heyəti qələbəni bayram edir.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Sabah Türkiyənin sevilən müğənnisi Çelik Bakıda konsert verəcək
İyunun 10-da Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Çelikin konserti təşkil olunacaq.
İndiyədək iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Bu gün Azərbaycan Ədəbiyyat Fondu “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçirəcək
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının, Dünya Gənc Türk Yazarlar Birliyinin və Türk Ağsaqqalları Birliyi-TAİB-in təşkilati dəstəyi ilə birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində keçirilir. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Hər gün bir türk ölkəsinin adı ilə keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.
Qeyd edək ki, Türk dünyasının ortaq ədəbiyyatının yaradılması mövzu olaraq həm ən birinci bu təşəbbüsdə bulunan Türkiyə və Azərbaycanı, həm də sonradan təşəbbüsə qoşulan Özbəkistan, Qırğızıstan və Qazaxıstanı cəlb edib. Hazırda bu sahədə TÜRKSOY təşkilatı gərgin əmək sərf etməkdədir. Bu ilin əvvəllərində Ankarada yaradılan və AYB sədri Anarın fəxri sədrlik etdiyi Türk Xalqları Ədəbiyyat Birliyinin yaranması isə bu əməyin zəruri nəticəsi hesab edilə bilər.
Azərbaycan Ədəbiyyat Fondu da bu sahədə müxtəlif layihələr həyata keçirməkdə iddialıdır.
Gələcək türkün olacaq!
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
II Türk dünyası Ədəbiyyat və Kitab festivalında Ramiz Rövşənlə görüş möhtəşəm keçib
Xəbər verdiyimiz kimi, Bakıda II Türk dünyası Ədəbiyyat və Kitab festivalı keçirilir. 7 türk xalqını bir araya gətirən və Elmlər Parkında düzənlənən bu bir həftəlik tədbirin məhz 7 gün davam etməsi özlüyündə türk mifologiyasının müqəddəs 7 rəqəminə istinadı ehtiva edir, günlərin hər biri də bir qardaş ölkəyə həsr edilir.
5 iyun - Azərbaycan
6 iyun - Qazaxıstan.
7 iyun - Türkmənistan
8 iyun - Türkiyə
9 iyun - Qırğızıstan
10 iyun - Özbəkistan
11 iyun - Macarıstan
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyəyə həsr edilmiş 4-cü iş günü də arxada qalıb.
Günlərin qısa xülasəsinə baxsaq, bazar ertəsi başlayan təntənəli açılış mərasimində ilk olaraq I Qarabağ qazilərinin ifasında Fərahim Sadiqin “Əsgərnamə elegiya” layihəsi nümayiş olunub.
Sonra şairə, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə məşhur “İgidlərin sözü layihəsini təqdim edib. II Qarabağ müharibəsi qaziləri öz şeirlərini söyləyiblər.
Açılış çıxışlarından sonra musiqi nömrələri təqdim edilib. Rəşad İsmayıl sözləri və musiqisi Şahin Musaoğluna aid “Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz” kompozisiyasını təqdim edilib, Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin Davud Ələkbərov adına uşaq xalq çalğı alətləri ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, ansamblın solistləri Aysu Alməmmədli və Həsənalı Həsənlinin ifalarında bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” filmi üçün yazdığı “Bayatılar” mahnısı səsləni . İçinə şeir bəndləri yazılmış şarların havaya buraxilması ilə tamamlanan açılış mərasimindən sonra ziyarətçilərin Kitab sərgisi ilə tanışlıqları başlayıb. İlk gündə sərginin növbəti tədbirləri aşağıdakılar olub:
“Xarıbülbül” Rəqs Qrupunun ifasında “Küçələrə su səpmişəm” rəqsi;
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans. Çıxışçılar - Akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., dos. Elnarə Akimova, fil.e.d., dos. Pərvanə İsayeva, fil.e.d., dos. Əlizadə Əsgərli, tənqidçi Əsəd Cahangir.
“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onunla şəxsən təmasda olan insanların xatirələrinin yer aldığı, AYB tərəfindən nəşr edilən “Əbədi ömrün YÜZ İLİ” kitabının təqdimatı. Moderator: Kitabın redaktoru olan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli.
Millət vəkili Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” 5 cidliyinin təqdimatı. Moderator şair, MM-in mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Saqınbaydın manası” kitabının təqdimatı. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayevin, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedarın təqdimatı ilə.
Nakam Azərbaycan şairi Mikayıl Müşfiqin 115 illiyinə həsr edilmiş tədbir. Moderator: fil.f.d., dos. Aygün Bağırlı, məruzəçi: fil.f.d., dos. Safura Quliyeva, çıxışçılar: fil.e.d., dos. Cavanşir Yusifli, fil.f.d., dos. Günay Qarayeva, fil.f.d., dos. Firidun Qurbansoy, fil.f.d. Nərmin Cahangirova.
Tədbirdə həmçinin AYB Müşfiq Komissiyasının sədri Xəyal Rzaya rəssam Tünzalə Ağabalayeva tərəfindən Müşfiqin “İşıqlı dünyadan necə əl çəkim” adlı şeirinə həsr edilmiş rəngkarlıq nümunəsi təqdim ediləcək.
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş.
Xalq yazıçısı Anarla görüş. Moderator: İsa Həbibbəyli.
Mərhum Xalq şairi Vaqif Səmədoğlu barədə saytın təqdimatı. Moderator: Fərid Hüseyn.
Əməkdar artist Nuriyyə Hüseynovanın konserti.
Çingiz Mehtipur (“Dalğa” qrupunun rəhbəri) və Vədud Müəzzin ifalarında saz musiqisi
Əsəd Nağıyev, “Musiqili dəqiqələr”.
Ən nəhayət, ilk günün finalı Yay kinoteatrında film nümayişi ilə yekunlaşıb. Rejissor Oktay Mir-Qasımın “Qisas almadan ölmə” filmi nümayiş olunub.
İkinci gün də də biri-birindən maraqlı tədbirlər sıralanıb.
“Türk dövlətçiliyi tarixi" mövzusunda professor Mais Əmrahovun moderatorluğu, professor Kərim Şükürovun, tarix elmləri doktorları İlqar Niftəliyevin və Ellada Bəkirovanın iştirakıyla mühazirə;
Nigar Rəfibəyli – 110 tədbiri çərçivəsində qadın şairlərin “Gül dəftəri” şeir şöləni (Narıngül Nadirin, Kəmalə Abıyevanın, Xəyalə Sevilin, Aysel Fikrətqızının, Aypara Ayxanın, Banu Məhərrəmin iştirakı ilə) baş tutub.
Tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varislə görüş də dünənə təsadüf edən əsas tədbirlərdən biri olub. Şair Şəhriyar del Geraninin moderatorluğu ilə baş tutan görüşdə Varis ümumən ədəbiyyatdan, müasir ədəbi proseslərdən, rəqabətə davamlılığ modulundan, reklam konsepsiyasından, beatseller yazmağın qızıl qaydalarından danışıb. İzləyicilərin suallarını cavablandırıb. Kitabları imzalayıb.
İkinci gündə həm də Elxan Zal Qaraxanlının və Cavanşir Feyziyevin “Xəzər məkanı”, “Türklər, Xəzərlər, Yəhudilər” kitablarının təqdimatı, eləcə də tanınmış naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə “Azərbaycanda kitabçılıq” mövzusunda müzakirələr və digər tədbirlər keçirilib.
Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi, Türk yazarı Ufuk Tufana məxsus “Ərtuğrul bəy və qayılar”, “Quruluş Osman” kitablarının təqdimatı, Professor Qəzənfər Paşayevin və Kərkük Yazarlar Birliyi başqanı Şemsettin Kuzecinin Kərkük Ədəbiyyatı mühazirələri, Türk Şeiri şöləni (Coşqun Karabulutun, Mahmut Özkocanın, Şemsettin Kuzeçinin, Ceyhan Özyıldızın, Serkan Soyalın iştirakı ilə) baş tutub.
3-cü günkü tədbirlər sırasında Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbiri
də diqqət çəkib. Birliyin başqanı İntiqam Yaşar qurum barədə məlumat verib. Qurumun ilk başqanı Əkbər Qoşalı, qurumun fəaliyyətində xeyli əməyi olan Şəmsəddin Kuzəçi, İbrahim İlyaslı, professor Qəzənfər Paşayev, yazıçı Varis ürək sözlərini söyləyiblər.
Dünən Akademik İsa Həbibbəylinin moderatorluğu ilə Mir Cəlal Paşayev – 115 (Məruzəçi: AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, çıxışçılar: fil.e.d., dos. Asif Rüstəmli, prof. Tahirə Məmməd, fil.f.d., dos. Aslan Salmansoy, fil.e.d.Mərziyyə Nəcəfova) konfransı, Əməkdar artist Azad Şükürovun təqdimatında Şeir adam, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ilə Ustad sözü, ədəbiyyatşünas Seyfəddin Hüseynli ilə “Dünya ədəbiyyatı”ndan mənzərələr layihəsi təqdim edilib.
Xalq Şairi Ramiz Rövşənlə görüş xüsusən böyük maraq doğurub. TEAS-PRESS yayın evinin təşkilatçılığı ilə baş tutan tədbirdə sevilən şairin şeir ifasını yüzlərlə izləyici izləyib.
Bu gün - Qırğızıstan günündə də festivalın çox maraqlı proqramı var. Tanlnmış Türkiyə şairi, İLESAM başqanı Mehmet Nuri Parmaksız ilə “Kəpənək Ömürlü Şairlər” layihəsi, Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı və AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin, Türk Ağsaqqallar Birliyinin təşkilati dəstəyi ilə “Türk Dünyasının Ortaq Ədəbiyyatı” dəyirmi masası, moderatoru Gülnarə Cəmaləddin olan Əli Kərimin xatirəsinə həsr edilmiş Sumqayıtlı Şairlər Günü (Əşrəf Veysəllinin, Ofeliya Babayevanın, Rafiq Yusifoğlunun, İbrahim İlyaslının, Əyyub Qiyasın, Elvin Əlizadənin iştirakı ilə), AMEA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Çingiz Aytmatov – 95” konfransı (Moderator: akademik İsa Həbibbəyli, məruzəçi: fil.f.d., dos. Mehman Həsənli, çıxışçılar: fil.f.d., dos. Nərgiz Cabbarlı, fil.f.d. Ülviyyə Hüseynova, Nəzrin Əliyeva), Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasından hissələr, Yay kinoteatrında “Ağacın şarkısı” filminin nümayişi baş tutacaq.
İstirahət günlərində isə Xalq artisti Gülyanaq Məmmədovanın konserti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüş, “Türk romançılığı və Orxan Pamuk” mövzusunda yazıçılar Fəxri Uğurlu və Qismət Rüstəmovun, “Macar Milli Şairi Şandor Petofi: həyatı və şeirləri” mövzusunda şairlər Ramil Əhmədin və
Ağasəfanın məruzələri, Türkiyəli yazar Mahmut Özkocanın “Aşk və Şiir” təqdimatı və daha nələr, daha nələr baş tutacaq.
Əziz bakılılar, şəhərin qonaqları, əziz kitabsevərlər, hamınızı Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.
Kitaba sığınan yenilməz!
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Mədəniyyət naziri Adil Kərimli bu gün Gəncədə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən bu gün - 2023-cü il 9 iyun tarixində saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 05 iyun 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazılıblar.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Nassim Taleb darıxmaq və ölüm riski barədə
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk
Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı. Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar çox maraqlı və düşündürücüdür. Onlarla tanışlığınız davam edir.
DARIXMAQ ÖLÜM RİSKİNDƏN DAHA BETƏRMİŞ
Əslən livandan olan müəllif Livanda gedən vətəndaş müharibəsi ilə bağlı da bir fakt gətirir. Paytaxt Beyrutda işıqları söndürərmişlər. Şəhərin müharibə zonasından xeyli uzaqda olan bir hissəsində səma o qədər işıqlı, aydın imiş ki, orada o qədər ulduz toplaşıbmış ki, zülmət gecədə onu seyr etmək adama fərəh gətirirmiş. Televizorlardan, digər asudə vaxt təminatçılarından məhrum olan insanlar risk edərək şəhərin həmin hissəsinə yollanırlarmış ki, səmanı seyr etsinlər. Demək insanları raket zərbələrinin altına düşmək darıxdırıcı gecə keçirməkdən daha az qorxudur.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
“Kremerata Baltica” kamera orkestri bu gün Heydər Əliyev Mərkəzində çıxış edəcək
Bu gün Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.
1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.
Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.
Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)
Əcnəbilər Azərbaycan ərazilərində törədilən vandallıqlarla tanış olublar
30 illik işğal ərzində ermənilər elə bir vandalizm həyata keçiriblər ki, bunu bütün dünyaya göstərmək, bədniyyət qonşularımızın xislətini nümayiş etdirmək hər birimizin borcudur.
”Ədəbiyyat və incəsənət” portalı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinasən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndisi seysmologiya” mövzusunda Bakıda keçirilən VII Beynəlxalq konfransın iştirakçıları iyunun 8-də Şuşaya səfər ediblər.
Səfər çərçivəsində qonaqlara Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Həmçinin xarici qonaqlar ermənilərin otuz il müddətində Azərbaycan ərazilərində törətdikləri vandallıq aktları ilə əyani şəkildə tanış olublar.
Qonaqlar Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında məlumatlandırılıb, həmçinin “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar, Cıdır düzünü, Bülbülün ev muzeyini və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.
Şübhəsiz, qonaqlar gördüklərini uzun müddət unuda bilməyəcəklər.
“Ədəbiyyat və incəsənət”
(09.06.2023)