Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında Güney təmsilçimiz Əli Çağla bu dəfə sizlərə Araz Asifin yaradıcılıq nümunələrini təqdim edir. 

 

Araz Asif tərcümeyi-halında yazır: “1976-cı ildə Muğanın yaşıl bir yaz havasında dünyaya gəlmişəm. İllər öncə quzeyin “Araz”radiosundan dinlədiyim mahnıların yolçusu olub şeirə maraq göstərmişəm. Sonralar suyum, duzum, çörəyim olub şeir. Şeir kitabım "Quşluğuna uçdu adım" adında çap olunubdur.

Hələ də şeir ağacından yıxıldığım gənc illərin ağrısını şeirə danışıram, yaşayıram bir təhər ölümlə qonşu. Mənə görə şeir yalnız lirikadır. Odur ki, həyatı, yaşamı sevirəm. Ürəyimi ağlımdan daha çox yaşayıram.

 

 

*

 

Dün gecə

Odamın qaranlıq qadınlığına

Paltar soyunmuşdu birisi iblis

Pis-pis də

Mənə əziz

Birisi ağ donunda qızılgül çiçəyi

Qırmızı köynəyində nazik bənövşə izi

Qırmızı...

Havam dolandı

Bulandı gövdəm

Yola düşdü üstümdən ötən buludlar

Nə yağış yağdı

Nə yağdı külək

Yağan mən idim damcı-damcı

Və inci

Səhər

Həyətdə şəritdə dolaşırdı qızıl güllü don

Və bənövşənin bəndə düşmüşdü izi

Qırmızı

Əsən xəfifcəsinə yaz yeli idi...

 

 

*

 

Qiyamət qopmur ki,

Olur.

Elə bil ki, kudeta kimi bir şey...

Qopan sözcüklərdir sıcaq bir xəlvət sonrası...

Və onun dəmir barmaqları

Arxamda cızıq salır

Qalır əlimdəki nərm-nazik sözcüklər.

Zəhrimarım olur illər hökuməti

Bu anda demiş Muəmmər Qəddafi

Qəddar və sosial demokratdır hamı

Və sən sosialcasına öldürdün prezidenti

Və cəhənnəm olsun demokrat meydanındakı heykəl.

Kəl

Kəl

Kələm gül açdı nənəlik...

Oxuyur qızlar, sənin yanındakı Bakı qızlarını deyirəm

Və ötür ordan oğlan, nəfəsi Xəzərin, nəfəsi Xəzəri

Zolağında əsən əsim ötür Baksavetdən Tarqoviyə qədər...

Ötən, balonlar boş olanda ucadan ötərlər

Oğlan muğam

Muğamın oğlan çağı.

Ay yar-yar deyə

Neynək, neynək a dərdin aldığım, a dərdin aldığım

Öldü şeir yanından ötənlər.

Boy-buxunlu təpik döymələr dirildi.

Qiyamət olmur ki?

Qopdu kudetada başımdakı kəpənək

Kək

K

Ək

Məni sosialistliyinə ək

Və biç yan tərəfindəki baharı.

Dəniz sənin vaxtında tufanlı olur

Vaxt versənə xanım xatın?!

Evimiz boşdu bu gün

Qiyamət meydanına çevirə bilərik otaqlarımızı

Kimsə bilmədən belə

Vaxt sənin yanında qiyamət olur...

 

 

*

 

Bakıdan yola düşən leyləkləri eşidirəm dan sökülməmiş

Və isti və gənc gövdəmi Muğanın yay havasına tapşırmışam

Havalar iyirmi beş ildir isti keçir burda

Və mən iyirmi beş ildir qulaq danışıram

Ağız eşidirəm

Və dərilirəm hər nazik qızın barmaqlarında

Hər qız sənmişsən

Hər barmaq sən

Axı nədən burda bütün başı ləçəklilər sənə

Oxşayırlar

Yağış yağandan günəş batana qədər

Soyuq deyil bura

Soyuq

Soy

Soyun demirəm sənə

Onsuz da dam üstə əqaqilərin qoxusuna varmış beynim də

Sənin cizgilərini lüt-lümbəz təsəvvür etmək çətin deyil

Mən qızıl tənlərin bələdçisiyəm qadan mənə

Çətin gündüzləri xiyabanda sol qulağımla

Eşitdiyimə inanmamaqdır.

Çətini iyirmi beş ildir sonrası boğazımda

Xalq hərəkatı partlasa da

Səni sevmək çətin olmayacaq eeyyyy...

Bakıdan qapxan leyləklər

Sənin sinənin gəzişməsindən qayıdırlar

Anam hacı deyir onlara

Atam hacı leylek

Bunu həm mən eşidirəm

Həm bütün Muğan şairləri

Hətta Muğan gölləri səfehləyirlər sənin leyləklərində

O leyləklər ki, sənin ağzından danışırlar

Sənin gövdəni vəsf edirlər

Tutub əlindən dağ aşırıq, dərə batırıq tənində

Və yamaclar yaman dad verir səsin gəlində

Səsin gəlsin sarı bülbül...

(Oxuyur Qədir Rüstəmov)

Və mən təsəvvür edirəm hardan hara çəkilmiş xətt, şişmiş dəri

Bitmiş tən

Qartımış ət və od vermiş hər yan, hər yay, hər yaz Muğanlısı

Artıq danış məni

Qulaq asım səni

De hansı yanın mənim sinəmdən uzaqda mənə qan uddurur

De içimdəki hıçqırıqmı, ya fəryad?

Haramdan harama murdardır mənə Muğanın leylekli yay gecələri?

İyirmi beşdə kiminsə əlindən bir iş gəlmir

Kiminsə divarından aşmaq da belə olmur

Şəhərin bütün sənə oxşarların qaçırdıblar çoxdan

Daha olan deyil

Olan deyil

Olan

Olan

Ol

Səni sərf edirmişəm deməli bu şeirdə

Oğlanlığım hədər deyilmiş onda

İyirmi beşdən bu yana itirilmiş kimi batmış başım

Və yerlə göy arasında qəfil gülləyə rast gəlmiş mən...

Evin yıxılsın oyyyyy Tehran

Evin yıxılsın leyleksiz şəhər...

 

 

*

 

Sən divardakı şəklimin çiynindən

Mən divardan düşürəm

Qışda qızılgül ehtimalı olmaz

Sadəcə şeir yazıla bilər sənsizlikdə

Sənsizlik şeirin qızıl variantıdır bəlkə də

Yazılanlar yoxluğun dadında çatmır.

Ölüm havasını bevaxta salır sadəcə

Bizdən düşənlər

Bizə düşmən kimilərdir

Bunun son günü və ilk günü yoxdur

Hər günü var.

Bucaqlarımda al arvadı qorxusu yaşanandan başa düşdüm bunu .

Sonra bir ögey oğlan uşağı idi

Xəyanətlərini sənədləşdirən

İçimdə leş, leş üstə düşdü

Sənin etdiklərinin də son günü və ilk günü yoxdur sanıram

Hər günü var.

Və hər gün divardakı şəklimin çiynindən düşəcəksən.

Mən necə də gül ağızmışam

Sənə deməyəcəklərimi şeirə etiraf edirəm.

Diri gözlükdə ölmüş kimiyəm

Bunu atam dedi son vaxt

- Mənə bu tümcənin son vaxtlığı var təkcə -

Sonra başımı aşağı dikib ölənlərimə nə zümzümə elədim.

Fatihə...

Ölənlərin də son vaxtı, ilk vaxtı yoxdur

Bunu hamı bilir

Sadəcə dedim, unudulmasın ölüm.

 

*

Tənindən qarğış qoxusu qar qız

Tənindən qar qış qoxusu qar quş

Qoşun çəkir üstümə tənin

Və mən çoxdandır ağ bayraqla səngərini tərk etmişəm

Sənsə gümüş yağışları qarğış kimi

Yox, qar qız kimi yağdır dünyanın yaslı yanaqlarına

Dırnaq çək qan qara qamçıl qabarlığına

Dünyanı deyirəm, dünyanın deyirəm

Əlində sıxdığın büllur nar

Yanar içim, yanar

Narlar dünyanın ağac qanıdır

Qarğışa bələşmiş

Və sıxılmış təninə

Göyərmiş sinəndən iki topa nar qarı

Qar-qar oynamaq narı

Yanar içim, yanar

Əlim qana batar bu darmadağın halımınn pərişanlığına

Dur, mənimlə durdur bu darvazanın giriş axımını

Mənim alkolik səadətimdir sənin qar ağmağın

Mənim çay dəmimdə eyvan xəlvətimdir, sənin varlığın

Sonra iyirmi ildə səni bir gün yağmaq həvəsi

Qar qız qaralığını barınmaq həvəsi

Alkolik gecələrimin macərasıdır

Bu illərin hacı Qafar udumluluğuna sən məni təşrif buyurmusan

Ancaq illər keçib

İllər keçib

Sən artıq böyümüsən

Artıq böyümüsən

Böyü

Sən

Bitirmisən nigarançılıqları

Çörəksiz, pulsuz aclıqları

Unutmusan radioda dinlədiyimiz

"Gəlmişəm otağına

Oyadam səni qara gilə."

Və sən hər oyananda salam, səhərin xeyir əzizim

Və mən hər yatanda öpürəm artıq unutdurulduğum səni

Gizlin bir macəradır bu bulaqdakı qarğışlı qar qız qarlığı

Sanki bulaq tənini səndə yuyurdu

Gözünü silirdi sənə təmiz baxmağa

Artıq iyirmi ildir baxışlar xumardılar

Bu alkolik qarsız, qaraltısız baxışlar

Bir macəradır eşq.

Dinlərsən qaralar ovqatın

Dinləməzsən allah sənə rəhmət eləsin uzun qulaq qonşu.

Yükün yüngül, yolun daşlıq idi sanki

Sən yatarsan

Mən səhərin bulaqlı suyuna can sürtəcəyəm

Qaraltılarım yağsın

Qarım qarlasın

Qar

Qar

Qarıldasın bu aclıq...

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının həmtəşkilatçılarından biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. Sərgidə Fond tərəfindən hazırlanan xüsusi stenddə təşkilatın nəşrləri təqdim edilir.

 

Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xəbər yaymışdır. 

Tədbirin açılış mərasimində çıxış edən Fondun layihə meneceri Mirbek Karıbayev hər il keçirilən festivalın ənənəyə çevrilməsinin önəmindən bəhs edib: “Builki festival Azərbaycanın dahi lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunduğu üçün xüsusilə əlamətdardır. Festival mütaliəyə marağın artırılması, türk xalqlarının ədəbiyyatının təbliği baxımından vacib önəm daşıyır. Türk xalqlarının çoxəsrlik mədəniyyətini, irsini qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Fondun əsas məqsədlərindəndir. Ona görə də Fondumuzun bugünkü festivalın təşkilatçılarından biri kimi çıxış etməsi təbiidir”.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstana həsr olunan günlərdə Fond tərəfindən müxtəlif proqramlar hazırlanıb. Belə ki, festivalda “Saqınbaydın Manası” kitabı, Süleyman Çələbinin “Mövlud” əsəri oxuculara təqdim olunacaq. Həmçinin “Abay Kunanbayevin həyat və yaradıcılığı”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” , “Əlişir Nəvai inciləri”, “Mikloş Radnotinin şeir gecəsi” adlı tədbirlər təşkil olunacaq. Eyni zamanda Fondun dəstəyi ilə Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” əsərindən parçalar tamaşaçılara nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Bakıda keçirilən II Türk dünyası Ədəbiyyat və Kitab festivalı 7 türk xalqını bir araya gətirib. Elmlər Parkında düzənlənən bu bir həftəlik tədbirin məhz 7 gün davam etməsi özlüyündə türk mifologiyasının müqəddəs 7 rəqəminə istinadı ehtiva edir, günlərin hər biri də bir qardaş ölkəyə həsr edilir.

5 iyun - Azərbaycan

6 iyun - Qazaxıstan.

7 iyun - Türkmənistan

8 iyun - Türkiyə

9 iyun - Qırğızıstan

10 iyun - Özbəkistan

11 iyun - Macarıstan

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkmənistana həst edilmiş 3-cü iş günü də arxada qalıb. 

Günlərin qısa xülasəsinə baxsaq, bazar ertəsi başlayan təntənəli açılış mərasimində ilk olaraq I Qarabağ qazilərinin ifasında Fərahim Sadiqin “Əsgərnamə elegiya” layihəsi nümayiş olunub. 

Sonra şairə, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə məşhur “İgidlərin sözü layihəsini təqdim edib. II Qarabağ müharibəsi qaziləri öz şeirlərini söyləyiblər. 

Açılış çıxışlarından sonra musiqi nömrələri təqdim edilib. Rəşad İsmayıl sözləri və musiqisi Şahin Musaoğluna aid “Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz” kompozisiyasını təqdim edilib, Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin Davud Ələkbərov adına uşaq xalq çalğı alətləri ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, ansamblın solistləri Aysu Alməmmədli və Həsənalı Həsənlinin ifalarında bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” filmi üçün yazdığı “Bayatılar” mahnısı səsləni . İçinə şeir bəndləri yazılmış şarların havaya buraxilması ilə tamamlanan açılış mərasimindən sonra ziyarətçilərin Kitab sərgisi ilə tanışlıqları başlayıb. İlk gündə sərginin növbəti tədbirləri aşağıdakılar olub:

“Xarıbülbül” Rəqs Qrupunun ifasında “Küçələrə su səpmişəm” rəqsi;

“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans. Çıxışçılar - Akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., dos. Elnarə Akimova, fil.e.d., dos. Pərvanə İsayeva, fil.e.d., dos. Əlizadə Əsgərli, tənqidçi Əsəd Cahangir.

“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onunla şəxsən təmasda olan insanların xatirələrinin yer aldığı, AYB tərəfindən nəşr edilən “Əbədi ömrün YÜZ İLİ” kitabının təqdimatı. Moderator: Kitabın  redaktoru olan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli. 

Millət vəkili Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” 5 cidliyinin təqdimatı. Moderator şair, MM-in mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Saqınbaydın manası” kitabının təqdimatı. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayevin, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedarın təqdimatı ilə. 

Nakam Azərbaycan şairi Mikayıl Müşfiqin 115 illiyinə həsr edilmiş tədbir. Moderator: fil.f.d., dos. Aygün Bağırlı, məruzəçi: fil.f.d., dos. Safura Quliyeva, çıxışçılar: fil.e.d., dos. Cavanşir Yusifli, fil.f.d., dos. Günay Qarayeva, fil.f.d., dos. Firidun Qurbansoy, fil.f.d. Nərmin Cahangirova.

Tədbirdə həmçinin AYB Müşfiq Komissiyasının sədri Xəyal Rzaya rəssam Tünzalə Ağabalayeva tərəfindən Müşfiqin “İşıqlı dünyadan necə əl çəkim” adlı şeirinə həsr edilmiş rəngkarlıq nümunəsi təqdim ediləcək. 

Xalq yazıçısı Çingiz Abdullayevlə görüş. 

Xalq yazıçısı Anarla görüş. Moderator: İsa Həbibbəyli. 

Mərhum Xalq şairi Vaqif Səmədoğlu barədə  saytın təqdimatı. Moderator: Fərid Hüseyn. 

 Əməkdar artist Nuriyyə Hüseynovanın konserti. 

Çingiz Mehtipur (“Dalğa” qrupunun rəhbəri) və Vədud Müəzzin ifalarında saz musiqisi

Əsəd Nağıyev, “Musiqili dəqiqələr”.

Ən nəhayət, ilk günün finalı Yay kinoteatrında film nümayişi ilə yekunlaşıb. Rejissor Oktay Mir-Qasımın “Qisas almadan ölmə” filmi nümayiş olunub. 

İkinci gün də  də biri-birindən maraqlı tədbirlər sıralanıb. 

“Türk dövlətçiliyi tarixi" mövzusunda professor Mais Əmrahovun moderatorluğu, professor Kərim Şükürovun, tarix elmləri doktorları İlqar Niftəliyevin və Ellada Bəkirovanın iştirakıyla mühazirə; 

Nigar Rəfibəyli – 110 tədbiri çərçivəsində qadın şairlərin “Gül dəftəri” şeir şöləni (Narıngül Nadirin, Kəmalə Abıyevanın, Xəyalə Sevilin, Aysel Fikrətqızının, Aypara Ayxanın, Banu Məhərrəmin iştirakı ilə) baş tutub. 

Tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varislə görüş də dünənə təsadüf edən əsas tədbirlərdən biri olub. Şair Şəhriyar del Geraninin moderatorluğu ilə baş tutan görüşdə Varis ümumən ədəbiyyatdan, müasir ədəbi proseslərdən, rəqabətə davamlılığ modulundan, reklam konsepsiyasından, beatseller yazmağın qızıl qaydalarından danışıb. İzləyicilərin suallarını cavablandırıb. Kitabları imzalayıb.

İkinci gündə həm də Elxan Zal Qaraxanlının və Cavanşir Feyziyevin  “Xəzər məkanı”,  “Türklər, Xəzərlər, Yəhudilər” kitablarının təqdimatı, eləcə də tanınmış naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə “Azərbaycanda kitabçılıq” mövzusunda müzakirələr və digər tədbirlər keçirilib. 

Dünən Əməkdar İncəsənət

Xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi,  Türk yazarı Ufuk Tufana məxsus “Ərtuğrul bəy və qayılar”, “Quruluş Osman” kitablarının təqdimatı, Professor Qəzənfər Paşayevin və Kərkük Yazarlar Birliyi başqanı Şemsettin Kuzecinin Kərkük Ədəbiyyatı mühazirələri, Türk Şeiri şöləni (Coşqun Karabulutun, Mahmut Özkocanın, Şemsettin Kuzeçinin, Ceyhan Özyıldızın, Serkan Soyalın iştirakı ilə) baş tutub. 

Dünənki tədbirlər sırasında Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbiri

də diqqət çəkib. Birliyin başqanı İntiqam Yaşar qurum barədə məlumat verib. Qurumun ilk başqanı Əkbər Qoşalı, qurumun fəaliyyətində xeyli əməyi olan Şəmsəddin Kuzəçi, İbrahim İlyaslı, professor Qəzənfər Paşayev, yazıçı Varis ürək sözlərini söyləyiblər. 

Növbəti günlərdə Akademik İsa Həbibbəylinin moderatorluğu ilə Mir Cəlal Paşayev – 115 (Məruzəçi: AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, çıxışçılar: fil.e.d., dos. Asif Rüstəmli, prof. Tahirə Məmməd, fil.f.d., dos. Aslan Salmansoy, fil.e.d.Mərziyyə Nəcəfova) konfransı, Əməkdar artist Azad Şükürovun təqdimatında Şeir adam, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli ilə Ustad sözü, ədəbiyyatşünas Seyfəddin Hüseynli ilə “Dünya ədəbiyyatı”ndan mənzərələr, tanınmış Türkiyə şairi Mehmet Nuri Parmaksız ilə “Kəpənək Ömürlü Şairlər” layihələri, Azərbaycan Ədəbiyyat Fondunun təşkilatçılığı və AMEA-nın, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə “Türk Dünyasının Ortaq Ədəbiyyatı”

dəyirmi masası, moderatoru Gülnarə Cəmaləddin olan Əli Kərimin xatirəsinə həsr edilmiş Sumqayıtlı Şairlər Günü (Əşrəf Veysəllinin, Ofeliya Babayevanın, Rafiq Yusifoğlunun, İbrahim İlyaslının, Əyyub Qiyasın, Elvin Əlizadənin iştirakı ilə), AMEA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Çingiz Aytmatov – 95” konfransı (Moderator: akademik İsa Həbibbəyli, məruzəçi: fil.f.d., dos. Mehman Həsənli, çıxışçılar: fil.f.d., dos. Nərgiz Cabbarlı, fil.f.d. Ülviyyə Hüseynova, Nəzrin Əliyeva), Bakı Bələdiyyə Teatrının təqdimatında “Ana tarla” tamaşasından hissələr, Xalq artisti Gülyanaq Məmmədovanın konserti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə görüş, “Türk romançılığı və Orxan Pamuk” mövzusunda yazıçılar Fəxri Uğurlu və Qismət Rüstəmovun, “Macar Milli Şairi Şandor Petofi: həyatı və şeirləri” mövzusunda şairlər Ramil Əhmədin və

Ağasəfanın məruzələri, Türkiyəli yazar Mahmut Özkocanın “Aşk və Şiir” təqdimatı və daha nələr, daha nələr baş tutacaq.

Əziz bakılılar, şəhərin qonaqları, əziz kitabsevərlər, hamınızı bu bir həftəni Elmlər Bağında festivalla yaşamağa dəvət edirik.

Kitaba sığınan yenilməz!

 

“Ədəbiyyat və incəsənət”

(08.062023)

Cümə axşamı, 08 İyun 2023 10:15

Bakıda rok festivalı təşkil olunacaq

İyunun 24-25-də “Eldorado” Şıx çimərliyində "Azerbaijan Rock Fest" rok festivalı təşkil ediləcək.

 

Mraqla gözlənilən festivalda Röyal Musa, Joseph Abbas, Şahin Əlizadə və “The Passion”, “Greyband”, “Free From Four”, “Dədə Baba”, “Aynaband”, “Qara Dərviş”, “Midnight”, “Little Rocks” kimi rok qruplar çıxış edəcəklər.

Qeyd edək ki, “Darvisch Creative Sounds”un təşkilatçılığı ilə keçiriləcək "Azerbaijan Rock Fest" səhnəsində eyni zamanda öz əsrarəngiz performansı və xüsusi rok parçalardan ibarət playlisti ilə Dj AKG iştirak edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Cümə axşamı, 08 İyun 2023 10:00

Hələ 82 nədir ki?

“Ədəbiyyat və incəsənət” portalı tanınmış telejurnalist, ATV-nin idman şərhçisi Sənan Şəfizadənin futbolumuzun bir aktual məsələsi ilə bağlı dodaqqaçdısını sizlərə təqdim edir. 

 

Futbol veteranı Kazbek Tuayev işindən azad olunduğuna görə ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. 82 yaşlı veteran tezliklə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatlari Uşaq Gənclər Futbol Məktəbinin direktoru vəzifəsinə bərpa olunmağı xahiş edib. 

 

Əziz Kazbek müəllim, maraqlıdır…

- 30 ildən çox rəhbərlik etdiyiniz məktəbin ölkə futboluna hansı faydası olub?

- Allah sizə can sağlığı versin. Neçə yaşına qədər bu məktəbə rəhbərlik etmək istəyirsiniz ki?

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Qahirədə Zərb alətləri və ənənəvi incəsənət üzrə Beynəlxalq Festival keçirilib. 

Tədbirin son günü Misirin mədəniyyət naziri N.Əl-Kilaninin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Xalq artisti, səfir Polad Bülbüloğlu haqqında məlumat verilib, onun ənənəvi incəsənətin inkişafındakı rolu, eləcə də diplomatik xidmətləri yüksək dəyərləndirilib.

 

Bu barədə AzərTAC-a Misirdəki səfirliyimizdən məlumat verilib.

Bildirilib ki, festival təşkilatçıları tərəfindən Polad Bülbüloğluna ünvanlanmış mükafat və sertifikat Azərbaycanın Misirdəki səfir E.Poluxova təqdim olunub.

Eyni zamanda, festivalla əlaqədar dərc edilmiş kitabda P.Bülbüloğlunun həyat və yaradıcılığına həsr edilmiş məqalə də öz əksini tapıb. 

Azərbaycanın incəsənət xadiminə verilən dəyərə və mükafata görə Misir tərəfinə təşəkkürünü bildirən səfir E.Poluxov Polad Bülbüloğlunun ölkəmizin milli musiqi tarixindəki mühüm rolundan və diplomatik xidmətlərindən söhbət açıb. 

Qeyd etmək olar ki, ənənəvi olaraq hər il keçirilən festivala dünyanın müxtəlif ölkələrindən musiqi və rəqs qrupları qatılır. Bu il keçirilən tədbirdə də Afrika, Avropa, Asiya və Latın Amerikasından gələn qruplar maraqlı proqramla çıxış ediblər. Tədbir böyük sayda yerli və xarici qonaqlar tərəfindən ziyarət edilib və kütləri informasiya vasitələrində geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Almaniyanın Drezden şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycana həsr olunmuş fotosərgi açılıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, “İpək yolu Azərbaycan” (“Seidenstrasse-Aserbaidschan”) cəmiyyətinin təşkilatçılığı, ölkəmizin Almaniyadakı səfirliyinin, Drezdendəki “House of Resources” təşkilatının və “Ukraina evi”nin birgə dəstəyi ilə keçirilən sərgidə Azərbaycan rəssamlarının təsviri sənət əsərlərini, ölkəmizin əsrarəngiz təbiətini, tarixi, mədəni, dini irsini və adət-ənənələrini əks etdirən fotoşəkillər nümayiş olunub.

Cəmiyyətin sədrləri Alseyin Babayev və Yuliana Şneyderman çıxış edərək, qonaqlara Heydər Əliyevin mədəniyyət və incəsənətə həssas münasibəti, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanın dinamik inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. Azərbaycanın rəssamlıq məktəbinin korifey sənətkarları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, müasir dövrün tanınmış rəssamları Sakit Məmmədov, Altay Sadıqzadə və digərlərinin yaradıcılığına diqqət cəlb edilib. 

Tədbirin zamanı Azərbaycana həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı ifa olunub. 

Sərgi bir ay davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Çərşənbə, 07 İyun 2023 19:00

Bu dəfə Güneydən qonağımız Araz Asif olacaq

 

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında bu dəgə Güney təmsilçimiz Əli Çağla sizlərə Araz Asifin şeirlərini təqdim edəcək. 

 

Araz Asif özünü oxucularımıza bu cür təqdim edir: Mən 1976-cı ildə Muğanın yaşıl bir yaz havasında dünyaya gəlmişəm. İllər öncə Araz radiosundan dinlədiyim mahnıların yolçusu olub şeirə maraq göstərmişəm. Sonralar suyum, duzum, çörəyim olub şeir. Şeir kitabım "Quşluğuna uçdu adım" adında çap olunubdur.

Hələ də ki var, şeir ağacından yıxıldığım gənc illərin ağrısını şeirə danışıram, yaşayıram bir təhər ölümlə qonşu. Mənə görə şeir yalnız lirikadır. Odur ki, həyatı, yaşamı sevirəm. Ürəyimi ağlımdan daha çox yaşayıram.

 

Sabah “Ədəbiyyat və incəsənət” portalında!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Çərşənbə, 07 İyun 2023 18:00

Ötən günün kriminogen vəziyyəti

 

Ölkə ərazisində qeydə alınan 76 cinayətin üstü açılıb

 

İyunun 6-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 134, o cümlədən borclu şəxs qismində axtarılan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

 

Dünyanın ən məşhur muzeyləri – Nyu-Yorkdakı Metropoliten muzeyi, Parisdəki Luvr muzeyi və digərlərində qədim Yaxın Şərq əhəngdaşı filindən tutmuş VII əsr Çin heykəllərinə qədər çoxlu sayda qiymətli artefaktlar nümayiş etdirilir. Lakin onların bir hissəsi qeyri-leqal, yəni müxtəlif dövrlərdə məxsus olduğu ölkələrdən qanunsuz şəkildə çıxarılan sənət nümunələridir. 

 

AzərTAC AFP agentliyinə istinadla xəbər verir ki, Nyu-York prokurorları dünyanın hər yerindən talan edilmiş yüzlərlə qiymətli artefaktı ələ keçiriblər. Metropoliten muzeyi Asiya, Avropa və Afrikanın ondan çox ölkəsinə məxsus olan əsərləri təhvil vermək məcburiyyətində qalan əsas qurumlar və kolleksiyaçılar arasında liderdir. Oğurlanmış sənət əsərləri üzrə ixtisaslaşan məhkəmə arxeoloqu və sənət tarixçisi Kristos Tsiroqiannis bildirib ki, bu cür hallarla bağlı həbslərin və repatriasiyaların miqyası da artır. Onun sözlərinə görə, Nyu-York qədim əşyaların qeyri-qanuni dövriyyəsi üzrə dünyanın mərkəzi şəhərlərindən biridir.

2017-ci ildən bəri Nyu-York prokurorları 1970-1990-cı illər arasında təxminən 20 ölkədən talan edilmiş artefaktları məxsus olduğu ölkələrə qaytarıblar. Onların arasında qədim Yunanıstan, Roma və Bizans imperiyaları, İraq, Çin, Hindistan və Cənub-Şərqi Asiyadan olan incəsənət əsərləri var. 2022-ci ilin yanvarında Kamboca, Pakistan, Misir, Türkiyə və İtaliya da daxil olmaqla bir neçə ölkəyə 165 milyon dollar dəyərində 950-dən çox artefakt qaytarılıb. Ötən ay isə Nyu-Yorkdakı Çin konsulluğunda keçirilən mərasimdə VII əsrə aid 3,5 milyon dollar dəyərində iki daş heykəl Pekinə təhvil verilib. Ən son restitusiya Körfəz müharibəsi zamanı oğurlanmış və 1990-cı illərin sonunda Nyu-Yorka qaçaqmalçılıq yolu ilə gətirilmiş Şumer sivilizasiyasına aid əhəngdaşı fili və alebastr öküzünün bu il mayın 19-da İraqa qaytarılması olub.

Luvr muzeyinin rəhbəri Laurens des Kars may ayında Nyu-Yorka səfəri zamanı bildirib ki, böyük muzeylər öz kolleksiyalarının tarixini bilməlidir. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Avropa və ABŞ-nin muzeylərinə gətirilən artefaktlar tez və ya gec öz sahiblərinə qaytarılacaq. Bu sənət əsərlərinin sayı isə minə yaxındır.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.