Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının həmtəşkilatçılarından biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. Sərgidə Fond tərəfindən hazırlanan xüsusi stenddə təşkilatın nəşrləri təqdim edilir.
Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xəbər yaymışdır.
Tədbirin açılış mərasimində çıxış edən Fondun layihə meneceri Mirbek Karıbayev hər il keçirilən festivalın ənənəyə çevrilməsinin önəmindən bəhs edib: “Builki festival Azərbaycanın dahi lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunduğu üçün xüsusilə əlamətdardır. Festival mütaliəyə marağın artırılması, türk xalqlarının ədəbiyyatının təbliği baxımından vacib önəm daşıyır. Türk xalqlarının çoxəsrlik mədəniyyətini, irsini qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Fondun əsas məqsədlərindəndir. Ona görə də Fondumuzun bugünkü festivalın təşkilatçılarından biri kimi çıxış etməsi təbiidir”.
Qeyd edək ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstana həsr olunan günlərdə Fond tərəfindən müxtəlif proqramlar hazırlanıb. Belə ki, festivalda “Saqınbaydın Manası” kitabı, Süleyman Çələbinin “Mövlud” əsəri oxuculara təqdim olunacaq. Həmçinin “Abay Kunanbayevin həyat və yaradıcılığı”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” , “Əlişir Nəvai inciləri”, “Mikloş Radnotinin şeir gecəsi” adlı tədbirlər təşkil olunacaq. Eyni zamanda Fondun dəstəyi ilə Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” əsərindən parçalar tamaşaçılara nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)