Super User

Super User

9 iyun 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında AMEA, Azərbaycan Ədəbiyyat Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi və Türk Ağsaqqalları Birliyi-TAİB-in birgə təşkilatçılığı ilə “Türk dünyasının ortaq ədəbiyyatı” adlı tədbir keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir II Türk dünyası- Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində keçirilir. AMEA-nın əsas binasının önündəki Elmlər Akademiyası parkında keçirilən festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir. 

Hər gün bir türk ölkəsinin adı ilə  keçirilən festivalda eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Gözəllikləri nümayiş etdirən rəsm və foto sənəti olduğundan, bu sənətlərə daim ehtiyac duyulur. 

Azərbaycan Turizm Bürosunun (ATB) İsrailin Təl-Əviv şəhərindəki nümayəndəliyinin ofisində “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub.

 

ATB məlumat yayıb ki, sərgidə İsrailin tanınmış fotoqraflarından olan Viktor Zislinin bələdçiliyi ilə Azərbaycana səyahət edən İsrail fotoqraflarının əsərləri nümayiş olunub.

Azərbaycana səfərlər zamanı çəkilmiş fotolar arasından seçilən 20 ən uğurlu foto Bakı və Azərbaycanın digər regionlarının mənzərələrini, təbiətini, tarixi və müasir memarlıq abidələrini əks etdirir. 

Tədbir çərçivəsində Viktor Zislin və digər fotoqraflar öz çıxışlarında şəkillərin çəkildiyi məkanlar haqqında məlumat verərək təəssüratlarını bölüşüblər. 

Qeyd edək ki, “Azərbaycan İsrail fotoqraflarının gözü ilə” adlı fotosərgi iyunun 29-dək Azərbaycan Turizm Bürosunun Təl-Əviv şəhərində, “Herbert Samuel 10” ünvanında yerləşən nümayəndəlik ofisində ictimaiyyətin ziyarətinə açıq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

İyunun 30-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.

 

Konsertdə dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə solistlər beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda L.V.Beethovenin “Piano və orkestr üçün c-moll” konserti (op. 37, №3), G.Faurenin “Pelleas et Melisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Cümə axşamı, 08 İyun 2023 16:30

Molla rejimi daha bir aktrisanı həbs etdi

İranda rejimə qarşı çıxan daha bir aktrisa həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu dəfə tanınmış kino və televiziya aktrisası Şəqaiq Dehqan saxlanılıb. O, məcburi hicabdan imtina edərək küçəyə baş örtüyü olmadan çıxıb.

Vəkilinin sözlərinə görə, 10 sutkalıq həbs cəzası alan aktrisa, həmçinin cərimələnib.

Xatırladaq ki, bir müddət öncə dünyaca tanınmış məşhur iranlı aktrisa Təranə Əlidusti də rejimə qarşı çıxdığı üçün həbs edilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Cümə axşamı, 08 İyun 2023 16:00

“Çətin səndən sonra bu şəhər qala…”

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:

 

Çətin səndən sonra bu şəhər qala…

 

Tüstünün içində boğulan damam,

Dünən oğlum idim, sabah atamam,

Mən paxıl adamam, paxıl adamam-

Qoymaram kiməsə bu kədər qala.

 

Dünyanı böldük ki, belə kəm düşə?

Sənə sevinc düşə, mənə qəm düşə.

…Əlinə sehirli o qələm düşə,

Hamını pozasan… bir nəfər qala.

 

Ya tanrı gizlədib, ya cahan səni,

Bu könül saraydı- gəzir xan səni…

Axtara, tapmaya bu oğlan səni,

Dərdinin əlində dərbədər qala…

 

Əllərim uzanan ətəkdi adın,

Adımın yanında nə çəkdi adın…

Ömür  güldanında çiçəkdi adın-

Güldan köhnəlsə  də, adın tər qala.

 

Düşür GÜL- ÖMÜRDƏN hər gün bir ləçək,

Gətir əllərini - üşüyür əlcək.

… Bir gün uzaqlara köçüb gedəcək-

Çətin səndən sonra bu şəhər qala…

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Bu axşam Heydər Əliyev sarayının səhnəsində "Bel Suono” üç royal şousu - məşhur fortepiano triosu çıxış edəcək. 

 

İnanılmaz bir şou! Və milyonlarla insanın şüurunda klassika ilə bağlı təsəvvürləri dəyişən virtuozlar unikal müəllif oranjimanında klassik və müasir musiqinin ən yaxşı nümunələrini, eləcə də kollektivin solistləri tərəfindən xüsusi olaraq layihə üçün yazılan yeni kompozisiyaları ifa edəcəklər. Konsertdə Vivaldi, Bax, Motsart, Pyatsolla, Dük Ellinqton, “Queen” qrupu və bir çox başqalarının musiqi əsərləri səsləndiriləcək. 

“Bel Suono” – Rusiya kollektivi, mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Kollektivin tərkibinə müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri, eləcə də bəstəkar və parlaq improvizatorlar olan üç inanılmaz dərəcədə artistik və həqiqətən də xarizmatik virtuozlar Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılacaq. Bu ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərginin təşkilatçıları sərginin alman filosofu F.Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “Yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma, yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışdığını söyləyirlər. 

Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “Yeddinci tənhalığ”a çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur. Bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “Yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir. 

Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “Yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi, şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır. Azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır. 

Qeyd edək ki, “Yeddinci tənhalıq” adlı qrup sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda keçirilən rəsm sərgisində azərbaycanlı rəssam Aynur Paşayevanın əsərləri nümayiş etdirilib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir ki, şahzadə Mişaal bin Məhəmməd bin Səud bin Əbdüləzizin himayəsi ilə “Vision 2030” proqramı çərçivəsində gerçəkləşdirilən sərgidə Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Tunis, Bəhreyn, Livan, Əlcəzair, İraq, Azərbaycan və digər ölkələri təmsil edən rəssamların əsərləri təqdim edilib. 

Sərginin açılış mərasimində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşları, diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Sərgidə uğurlu iştirakına görə azərbaycanlı rəssama təşəkkürnamə təqdim edilib. 

Qeyd edək ki, Aynur Paşayevanın əsərləri ilk dəfə 2023-cü ilin martında “Vision 2030” proqramı çərçivəsində Ər-Riyadda gerçəkləşdirilən sərgidə nümayiş etdirilib. Onun əsərləri böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib. 

 

Müraciətdə deyilir: 

“Beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.

“Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq. 

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın təqdimatında bu həftə Əli Qayibin həftəsidir. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

GEDİRƏM

 

Getmək istəyənlər arxaya baxmaz,

Min dəfə arxama baxıb gedirəm.

Əlimi əlindən qoparır hicran,

Taleyin çayında axıb gedirəm.

 

Yaşadıq həyatın gerçəklərini,

Bəzən də unutduq gərəklərini,

O duru eşqinin çiçəklərini,

Bu vurğun qəlbimə taxıb gedirəm.

 

Ayrılıq baxtıma yaman daş vurub,

Nə desən qəm-kədər başa-baş vurub,

Qəlbimi qəlbinlə qoşalaşdırıb,

Quru cismim ilə çıxıb gedirəm.

 

Mən səni özüm tək inanıb sevdim,

Yatdım xəyalınla oyanıb sevdim,

Dünyanın qarşında dayanıb sevdim,

Dünyanı başıma yıxıb gedirəm.

 

Qayıbın qəlbində xatirələrin,

İllərdir yer salıb dərindən dərin,

İnanma, yalandır onlardan birin,

Desəm də yandırıb yaxıb gedirəm...

Min dəfə arxama baxıb gedirəm!..

 

“Ədəbiyyat və incəsənət”

(08.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.