Super User
Şair arvadları günü
“Ədəbiyyat və incəsənət” portalı Gülüş klubunda sizlərə ustad şair Ramiz Qusarçaylının “Şairlər və şair arvadları” adlı şeirini təqdim edir.
Şairin qənaəti belədir:
Bizdə şairlərin özündən qabaq,
“Nobel” verilməli arvadlarına.
Niyə? Cavabını şeiri oxuyandan sonra biləcəksiniz.
Deyirlər bu gün şairlər günüdü...Kaş şair arvadları günü də olsaydı...
Şairlər və şair arvadları
Gizlər oğrun-oğrun eşq sirlərini,
Guya arvadına şeir yazarlar.
Evində sevməzlər şeirlərini
Şairə yalandan qulaq asarlar.
Sıralar yan-yana yalan vədləri
Şair arvadını yalandan sevər..
Qanorarsız kitab könlünə yatmaz,
Arvad da şairi pulundan sevər.
Yorar məclisləri sevgi küyləri,
Özgə xanımları bəzər şairlər.
Elə öz evində olan şeyləri
Gedib başqa yerdə gəzər şairlər...
Rəfdə kitab-kitab sözün xəzəli,
Saralan sevgilər gözünü döyər.
Çölün arvadına canım gözəlim,-
Evin xanımına “evdəki” deyər...
Hər sevgi şerinə divan qurular,
Yandan da “mollası”, “seyidi” çıxar.
Qətliam yeridi şairin evi,
Hər gün bir misranın meyidi çıxar...
Gün axşam “feyz”də yatan şairin
Qeybət at oynadar yorğa dilində.
Arvadı “blok”a atan şairin
Yengələr oynayar profilində...
Yüz yol sev yalandan,
yüz yol əzizlə,
Halalca bir eşqin verməz dadını.
Özgəyə dediyi ütülü sözlər
Dəyməz ütüsünə öz arvadının.
Guya əl-əl gəzir yazdığı hər söz,
Nə çox oxucudan yavan şairlər.
Bir ömür çürüdər səssiz,səmirsiz,
Xoşbəxtdi arvadı avam şairlər...
Gördüyü hər gözəl,-
“ilham pərisi”,
Düşər topuğuna
izindən öpər.
Evdəki xanımın gözündən düşən
Çöldəki xanımın gözündən öpər...
Kürsüdə Yer yarar, Göy yığışdırar,
Kürsüdən o yana itən şairlər.
Evdə xanım-xanım öy yığışdırar,
Çöldə kişi-kişi ötən şairlər...
“Eşq”lərə şahiddir boz masalar da,
Qələm haqq lələyi,-
düzünü yazar.
Sağ ikən bir misra yazmasalar da
Arvadı öləndə yüzünü yazar...
Sözündə söz gəzən...
kitabına bax,-
İlahi, yazıqdı, çat dadlarına.
Bizdə şairlərin özündən qabaq,
“Nobel” verilməli arvadlarına.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq
İyunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.
Konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.
Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.
Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
“Forsaj” filmi “Golden Trailer Awards”a əsas namizəddir
İlin ən yaxşı film treylerlərinin qısa siyahısı təqdim olunub
Film çəkmək bir yana. Bu, konkret işdir, sən dematurji materialı vizual baxış mənbəyi etmək üçün ən azı bir saat, saat yarım vaxt əldə edirsən. Biri də var, həmin o bir saatlıq, saat yarımlıq filmi dəqiqə yarımlıq, iki dəqiqəlik treylerə çevirəsən. Bax ən çətini budur. Necə etməli ki, qısa vaxt dönəmində həm ideya, həm süjet, həm peşəkarlıq, həm gözəllik, həm aktyor ifası - hamısı nəzərə çatdırılsın?
İyunun 29-da Los-Ancelesdə təqdim olunacaq “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının namizəd filmləri açıqlanıb.
“Ədəbiyyat və incəsənət” poryalı Variety saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar “iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək” (təbii ki, iki saat və iki dəqiqə şərti anlamlardır) tələbi qoyulan yaradıcı qruplara veriləcək.
Bu siyahı üzrə əsas nominant filmlərin adlarını təqdim edirik:
“Forsaj 10”,
“Qara pantera 2: Əbədi Vakanda”,
“Zindan və əjdahalar: Oğrular arasında vicdan”,
“Bıçaqları çıxarmaq 2”,
“Yox”,
“Oppenheimer”.
Yeri gəlmişkən, “Forsaj” filminin treyleri mükafata əsas namizəd hesab edilir.
Televiziya serialları arasında isə liderlər bu treylerlərdir:
"Ted Lasso",
“Çox qəribə işlər",
“Eyni binada qətl".
Oxucularımıza onu da deyək ki, ölkəmizin kino industriyası da son zamanlar film treylerlərinə mütəmadi müraciətlər edir, arada çox layiqli işlər gözə dəyir. Azərbaycanın ilk tarixi teleserialı olan “Azərbaycan Atabəyləri: Şəmsəddin Eldəniz” filminin yaradıcı heyətinin hazırladığı treyler bu baxımdan nümunəvi hesab oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Filarmoniyada “Yeni adlar” adlı konsert keçiriləcək
İyunun 12-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçiriləcək.
Konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Zərrin Əliyeva (violin), Nərminə İsmayılova çıxış edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu davam edir
Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir.
Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.
Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:
• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.
• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.
• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.
• Tamaşaçı rəğbəti mükafatı.
• Tərəfdaşların xüsusi mükafatları.
Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin
50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.
“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “Son gecə”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini bu gün yekunlaşdırır. Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayıb. Və oxunma sayından görünür ki,siz bu romanı çox bəyənmisiniz.
29-cu dərc
EPİLOQ
Tumsatanla görüşümdən yeddi gün keçmişdi. Son bir ildə müəllimimdən mənə miras qalan bu müəmmalı agentin kuryeri ilə indiyə qədər heç bir görüşü buraxmamış, onun gəlib-gəlməməsindən asılı olmayaraq təyin olunan vaxtlarda görüş yerində olmuşdum. Bu gün də onunla görüşmüş, indi aldığım tum paketindən çıxan kiçik vərəq parçasını masanın üzərinə qoyub baxır, cırıb tullamağa tələsmirdim. Bu dəfəki vərəq parçasında hər-hansı məlumat yox, görüş yeri yazılmışdı. Görüş yeri mənim öz agentlərimlə görüşdüyüm, təkcə özümə məlum olan çayxananın ünvanı idi. Saat 20:00-da məni orada gözləyəcəkdilər. Bu çox maraqlı idi…
Bu görüşə getməyə bilməzdim. Axşama hələ çox var idi.
Kompyuterimdə vərəq parçasında olan ünvanı yazıb printerə verdim. Sonra tum paketindən çıxan vərəq parçasını cırıb əvvəlkilər kimi unitaza atıb suyu buraxdım. Görüşə bir saat qalmış ünvan yazdığım vərəq parçasını Layiqənin masasının üstünə qoyub ofisdən çıxdım. Bu, hər ehtimala qarşı atılan addım idi. Əgər bir şey olarsa, son olduğum yer barədə məlumat vermiş olar, heç nə baş verməzsə, səhər Layiqədən tez gəlib kağızı götürəcəkdim.
Adətim üzrə ətrafı nəzərdən keçirmək üçün görüş yerinə bir qədər tez gəlmişdim. Tanış parkda xeyli var-gəl etsəm də, şübhəli bir şey müşahidə etmədim. Nə qədər fikirləşsəm də, tək özümə məlum olan bir ünvanda mənə görüş təyin edən birinin kim ola biləcəyinə qərar verə bilmirdim.
Saata baxdım, 19:59 idi. Mən çayxanaya girib beş nömrəli otağa keçməliydim.
Otağın qapısını döymədən açdım. İçəri keçməyə tələsmirdim. Çayxananın dəhlizindən, açdığım qapıdan görünən alaqaranlıq otaqdakı masanın üstündə buğlanan qəhfədan, yanında iki armudu stəkan və qəndqabı qoyulmuşdu. Stəkanlardan birinə çay süzülmüş, o birisi isə boş idi.
İki stəkan… Bu yaxşı əlamət idi… Demək boş stəkan mənim üçün nəzərdə tutulmuşdu.
Bir addım atıb içəri keçdim. Uzunsov otaqda, girdiyim qapıdan sol tərəfdə masanın yuxarı başında oturmuş adama tərəf baxanda isə təəccübümdən gözlərim dörd oldu...
-Sizsiniz?!
O, təmkinlə dedi:
-Otur Bəxtiyar, səninlə söhbətimiz uzun olacaq…
1-ci kitabın sonu
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Milli Qurtuluş Günü ərəfəsində Musiqili Teatr Gəncədə çıxış edəcək
İyunun 13-də Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Gəncə şəhərində qastrol səfərində olacaq.
Teatrın yaydığı məlumata görə, kollektiv Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Sən elə bir zirvəsən!" adlı musiqili-tarixi esse ilə çıxış edəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri teatrın baş xormeysteri, Əməkdar artist Vaqif Məstanov, baletmeysteri teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Tamaşada teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Bakıdakı Rus evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq
İyunun 13-də Bakıdakı Rus Evində “Bir ömür uzunluğunda səyahət” adlı bədii sərgi açılacaq. Sərgidə istedadlı rəssam Kristina Sultanovanın rəsm əsərləri nümayiş olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, Kristina Sultanova Sankt-Peterburq şəhəri bədii rəssamlıq məktəbinin “Rəssamlıq magistraturası” kursunun məzunudur. O, “yağlı boya” texnikası üzrə holland natürmortlarının yaradılması, eləcə də “İtalyan rəssamlıq texnikası” və “Flamand rəssamlıq texnikası” kurslarını bitirib. Rəssamın əsərləri beynəlxalq sərgilərdə nümayiş olunub. O, həmçinin Böyük Britaniyada keçirilmiş “Golden Time Talant” müsabiqəsinin “Peyzaj” janrının qalibidir.
Bakıda keçiriləcək sərgidə Kristina Sultanovanın müxtəlif janrlarda çəkilən 26 rəsm əsəri təqdim olunacaq. Açılışda qonaqlara maraqlı musiqi proqramı təqdim ediləcək, Renata Əbubəkirova, Arif Aslanov, Nərgiz Manaflı və Azərbaycanın Əməkdar artisti Yuliya Motorinadan ibarət simli kvartetin ifasında populyar əsərlər ifa olunacaq.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri vəzifəsinə yeni təyin olunan Muhittin Macit Milli Kitabxanada olub.
Milli Kitabxananın yaydığı məlumata görə, kitabxananın direktoru professor Kərim Tahirov qonağı salamlayaraq ona fəaliyyətində uğurlar diləyib.
Söhbət zamanı Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin, kitab mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Milli Kitabxanasındakı Türkiyə guşəsinin yeni nəşrlərlə zənginləşdirilməsi kimi məsələlər müzakirə edilib.
Görüşün sonunda müşavirə Milli Kitabxana, eləcə də Azərbaycan və Qarabağ haqqında kitablar, “Sözləri Nizaminindir” diski hədiyyə olunub.
Muhittin Macit isə Mahmud Kaşğarlının "Divanü Lüğat-it-Türk" əsərinin nəfis formatda çap nüsxəsini Milli Kitabxanaya hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Səhnəmizin Şeyx Nəsrullahı, Qəmlosu, Molla Sadığı…
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur
Hətta deyilənə görə, o, erməni obrazını o qədər içdən oynamışdı ki, küçədə onu görən bir tamaşaçı həqiqətən erməni olduğunu düşünərək ona hücum çəkmişdi…
Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur.
Azərbaycanın Xalq artisti Məlik Dadaşov komediyalarda, dramlarda, faciələrdə yaratdığı obrazlarla Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri statusunu əldə edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının trubasına daxil olub və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.
Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.
Görkəmli aktyor 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)