Super User
Bu qazanır, o yeyir…
“Ədəbiyyat və incəsənət” portalının Kəlamlar rubrikasında növbəti görüş. İstedadlı gənc şair Fərid Hüseynin kəlamlarını diqqətinizə çatdırırıq:
* Toy olur, nə oğlan evi karlı çıxır, nə qız evi. Qazanan elə restoranlar olur.
* Kitab sərgiləri keçirilir, nə yazıçı, nə şair, nə müəllif ciddi gəlir üzü görür. Cibi gülən yenə naşirlər və təşkilatçılar olur.
* Musiqilər yazılır, nə şairlər sözlərinə görə çox zaman pul alır, nə də bəstəkarlar qonorar. Cibləri dolan aranjimançılar olur.
* Müəllimlər gecə-gündüz dərs deyir, ancaq onqat qazananlar kurs rəhbərləri olur.
* Həkimlər bir qazananda isə klinika rəhbərləri on götürür...
* Aparıcılar maaş alır, bəzi televiziya kanalları reklamdan qaz vurub qazan doldurur, onların verilişlərini veriliş edən qonaqlar, ekspertlər isə çox zaman barmaqlarını sovururlar.
* Bir kq pambığı yığmaq üçün əlini 200 dəfədən çox kola aparmalısan. Dünyanın ən ağır zəhməti olan pambıq yığımında kəndlinin qazancı qul əməyindən də aşağı meyarlarla hesablanır. Di gəl bir sıra təsərrüfat yiyələri onqat nisbətlə qazanırlar. Bir sözlə, işi yaradan, məhsulu meydana gətirən adam, demək olar ki, o işə qol qoyan hər kəsdən daha az karlı çıxır.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Münaqişə bitdimi?
Telejurnalist Ülviyyə Alovlu Xalq artisti Flora Kərimova ilə aralarında yaşanan məhkəmə işi ilə bağlı açıqlama verib.
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadla xəbər verir ki, Ülviyyə ötən gün keçirilən məhkəmə prosesində F.Kərimovaya qalib gəldiyini açıqlayıb.
Telejurnalist bununla bağlı sosial şəbəkə hesabında canlı yayım açaraq, bunları dilə gətirib:
"Məhkəmədən gəlirəm. Bilirsiniz ki, Binəqədi rayon məhkəməsində mənə qarşı Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydası ilə məhkəmə iddiası ilə çıxış etmişdi. Flora Kərimova bildirmişdi ki, guya mən cinayət işləmişəm. O,əvvəldən yalnış müraciət ilə gəlmişdi. Buna baxmayaraq, beş ilə yaxın idi ki, bu məhkəmə işi qanunsuz olaraq davam edirdi. Bu gün nəhayət ki, məhkəmə işinə nöqtə qoyduq.
Flora Kərimova kifayət qədər bu mövzu ilə bağlı vəsatət qaldırmışdı. Bu gün məhkəmədə sonuncu iclas oldu. Mən məhkəmədə Flora Kərimovaya qalib gəldim. Çünki tamamilə əsassız iddia idi və vaxtı keçmiş məsələ idi. Buna görə də özümü təbrik edirəm. Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova Ülviyyə Muradovaya qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanmışdı.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Pərviz Seyidlidən “Məktublar arxasında”
“Ədəbiyyat və incəsənət” portalı yazar Pərviz Seyidlinin oxuculara müraciətini diqqətə çatdırır:
Roman yazmaq yuxusuz gecələri nazik bir sap üstünə təsbeh dənələri kimi düzməkdir. Təsbeh hazır olandan sonra da oxucu rəylərini şükür zikri kimi çəkirsən öz ürəyində. Sonra istəyirsən ki, bu sevinci, bu şükrün ləzzətini dostlarla, oxucularla bölüşəsən.
8 iyun saat 15:00-da "Məktublar arxasında" kitabımın təqdimatıdır. Həmişə çalışmışam ki, kitab təqdimatlarını ( kitab kimi ) maraqlı edim. Gələn oxucular, dostlar, tanışlar, qonaqlar kitabdan da, təqdimatdan da zövq alsınlar. Maraqlı teatral kompozisiyalar, şeirli, musiqili bir gün olacaq.
Kitabın təqdimatı "Dram rəhbəri" vəzifəsində çalışdığım, on ildir həyatımın bir parçasına çevrilən, mənə doğma məkan olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olacaq. Bütün dostlar, kitabsevərlər dəvətlidir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Xalq artisti Sərxan Sərxanın Bakıda növbəti konserti olacaq
İyunun 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Xalq artisti Sərxan Sərxan növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Mahnı Teatrından verilən məlumata görə, gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnılarını ifa edəcək.
Qeyd edək ki, 1952-ci il iyunun 18-də Bakıda anadan olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində Musiqi məktəbinin gitara sinfini və Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Eyni zamanda Moskva və Azərbaycan filarmoniyalarında çalışıb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
“Yuxu kimi aldanmışam...” – Elsevər Məsimin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə bigə Biri ikisində layihəsində növbəti dəfə Şeir vaxtıdır, Elsevər Məsimin şeirləri ilə tanışlıqdır.
ŞEİR VAXTI
Elsevər MƏSİM
BULAQ ƏFSANƏSİ
Deyirlər, bir bulaq varmış,
Suyundan içən bəxtiyarmış.
Bulağın da əzəldən
Qəribə bir adəti varmış,
Üstünə gələn insanlardan
Kimin bəxti var imiş,
Suyu coşub çağlayarmış.
Kimin bəxti yoxdusa,
Çeşməsi quruyarmış.
Uşaqlıqda bu nağıla
İnanardım uşaq kimi.
İllər keçdi, elə bil
Dəyişdi illər kimi.
Mənim də uşaq ağlım,
İnanmadım bu nağıla?
Ola bilsin,
Biri məni qınayarmış,
Biri deyər: haqqı varmış?!
Allah bilir
Bu dünyada
Bulaqların sirri kimi,
İnsanların da dərdini.
Kim bilir
Kimin taleyində,
Hansı bir yazı varmış?
Allah bilir bu sirri,
Allah bilir bu dərdi.
Bulaq nədən çağlayarmış,
İnsan nədən ağlayarmış?
Gizlidir dünyanın sirri –
O bulağın sirri kimi.
***
12-nin yarısı,
Yoxsa dərdin yarısı?
Çal bir yetim havası,
Dərdimə dağ oynasın.
Başım yenə alışır,
Şeirlərə qarışır.
Yuxum mənlə barışır,
O çayı qoy qaynasın.
İçim, bir rahat olum,
Təzədən dərdə dolum.
Dərədən keçir yolum,
Zirvəyəcən uzansın.
***
(“İki dənizin suyu bir-birinə qarışmır”. Quranda belə bir ayə var...)
Yuxumu dedim çaya,
Çay da danışdı aya.
Bir də dönsən dünyaya,
Çin olar yuxuların.
Bir nağıldan gəlirsən,
Neçə dastan bilirsən.
Ta o başdan bilirsən
Yolunu dünyaların.
İki dərya birləşmir,
Bir arada yerləşmir.
Dərd də ki sakitləşmir,
Vurğunudur sevdaların.
YERDƏ VƏ GÖYDƏ
İnəyi itib Həsənin,
Nə günahı Vəlinin?
Vəli yazıq çörəyin
Daşdan çıxaran adamdı,
Nəyinə gərək Həsənin
Sarı, axsaq inəyi!?
Başına bu dünyanı
Dar eləyib Həsən,
Hara getsin bəs Vəli
Əlindən bu Həsənin?!
Yerləri bir, göyləri bir,
Obaları, kəndləri bir.
Bircə hələ nə yaxşı,
Deyil bircə yerdə-göydə
Evləri bir,
Ey Allahım, şükür sənə,
Bilinməzdir sirlərin.
İnsanların yerdə-göydə
Yerləri bir olunca,
Göyləri bir olunca,
Küçələri evləri,
Kəndləri bir olunca,
Kaş bu qoca dünyada
Olaydı ürəkləri bir.
Nə qədər ki
Bu dünyada
Deyil elə dərdləri bir,
Vəli Həsəndən küsəcək –
Həsən Vəlini üzəcək?..
Əsməsə də bu yerdə
Hər gün küləkləri bir?..
Bəlkə, İlahinin
Sirridi bu gizli –
Özlərindən bir gün də
Xəbərsiz,
Döyünəcək sinəsində
Ürəkləri var...
Olacaq süfrəsində
Hər gün bərəkəti bir,
Yetişəcək kəhrəba
Qızıl çörəkləri bir,
Taxıl zəmiləri bir,
Sünbül biçənəkləri bir.
***
Yuxu kimi aldanmışam,
Nağıl kimi inanmışam.
Ağlımı əldən almısan,
Dünya, azdırma məni.
Gözlərimin yaşı seldi,
Dinlədiyim "Sarıtel"di,
Haqq aşığı Ələsgərdi,
Bu dərdlə yandırma məni.
Aşıq Alı, sazın qaldı,
Xəstə Qasım, sözün qaldı.
Ellərdə söhbətin qaldı,
Ay gözəl, çaşdırma məni.
***
Göydən düşər üç alma,
Dərdinsə, bağda qalma.
Bəxtə düşər bir alma,
Ya mənimdi, ya sənin.
Qədrini bil almanın,
Sirrini bil almanın.
Dərdini bil almanın,
O bəxtinə düşənin.
Bu da bir son nağıldı,
Bir söhbətdi, ağıldı?
Alma nağılda qaldı,
Xoş halına dərənin.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Avropa Parlamentində “Qarabağ müharibədən sonra” adlı fotosərgi açılıb
Avropa Parlamentinin Altiero Spinelli binasında Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin təşkilatçılığı ilə məşhur fransız fotoqrafı Qreqori Herpenin “Qarabağ müharibədən sonra” adlı fotosərgisi açılıb.
AzərTAC xəbər verir ki, Qreqori Herpe 2021 və 2022-ci illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizin Qarabağ bölgəsini ziyarət edib, Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfindən aparılan bərpa və minatəmizləmə işlərini lentə alıb. Səfərlər zamanı müəllifin çəkdiyi fotoşəkillər 2021-ci ildə Azərbaycanın Parisdəki səfirliyində nümayiş etdirilib.
Sərginin iyunun 6-da keçirilən rəsmi açılış mərasimində çıxış edən Avropa Parlamentinin üzvü, Avropa Parlamenti – Azərbaycan qrupunun rəhbəri Andris Ameriks nümayiş etdirilən fotoşəkillərin müharibənin yaratdığı dağıntıların və ağrıların kədərini əks etdirdiyini və dərin məna daşıdığını qeyd edib.
A.Ameriks müəllifin Qarabağda baş verənləri hiss etdirmək üçün düzgün kadrlar seçmək bacarığını vurğulayıb. O, Qarabağın Azərbaycan xalqının birlik simvolu olduğunu və tezliklə bərpa olunaraq sakinlərinin evlərinə qayıdacağından əminliyini ifadə edib.
Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Andris Ameriksə sərgiyə ev sahibliyi etdiyi üçün və Qreqori Herpenə Azərbaycanı müxtəlif ölkələrdə təşkil edilmiş layihələrdə təmsil etdiyi üçün təşəkkür edib, ölkəmizin Cənubi Qafqazda sülh və barışığa yönəlmiş siyasəti, eyni zamanda, Ermənistanın otuz il ərzində Azərbaycana qarşı yürütdüyü işğal və etnik təmizləmə siyasəti, tarixi, mədəni və dini irsimizə qarşı talan və dağıntılar haqqında məlumat verib.
Bir çox ölkələrdə təşkil etdiyi humanist fotolayihələrinə görə bir sıra mükafatlar almış Qreqori Herpe çıxışında Qarabağda ilk dəfə 2021-ci ildə olduğunu, əraziləri tamamilə dağıdılmış və talan olunmuş şəkildə gördüyünü bildirib. 2022-ci ildəki səfər zamanı isə Azərbaycan dövlətinin qısa bir zamanda azad olunmuş doğma torpaqlarda apardığı bərpa-quruculuq işlərindən heyrətləndiyini qeyd edib.
Daha sonra müəllif deputat Andris Ameriksə və Azərbaycan tərəfinə layihənin ərsəyə gəlməsi üçün təşəkkür edib.
Sərginin açılışında Avropa Parlamentinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, Avropada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Belçikada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Nassim Taleb Umberto Eko barədə
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.
Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdırdıq.
Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar da çox maraqlı və düşündürücüdür.
UMBERTO EKO BARƏDƏ
Başqa bir fəsildə Nassim Taleb yazır ki, yazıçı Umberto Eko çox az ziyalılardan idi ki, geniş təhsili olmaqla yanaşı, həm də darıxdırıcı deyildi. Onun 30 min (!!!) kitabdan ibarət kitabxanası vardı. Və o, insanları evinə gəlmiş qonaqları böldüyü təsnifata görə iki yerə bölmüşdü: Birincilər – qonaq gələndə təəccüblənən, «Sizin nə qədər kitabınız var!!! Bunların nə qədərini oxumusunuz?», - deyə haray qoparanlardır. İkincilər isə kitabxananı adi qarşılayan, şəxsi kitabxananı imic göstəricisi deyil, iş aləti hesab edənlərdir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgi açılacaq
Bu gün YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi açılacaq.
Rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. Burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır.
Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.
A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.
İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır.
Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.
Qeyd edək ki, Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)
Muzey Mərkəzində Xalq rəssamı Arif Hüseynovun qrafik işlərdən ibarət fərdi sərgisi açılıb
Nədir bu rəsmləri birləşdirən cəhət? Şərq koloriti. Vizual effekt. Bir də ştrix dərinlikləri.
Muzey Mərkəzində Xalq rəssamı, professor Arif Hüseynovun 80 illiyinə həsr olunmuş sərgilər silsiləsindən növbəti - “Qrafika” adlı fərdi sərginin açılışı olub. Bu ekspozisiya Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Rəssamlar İttifaqı, “HüsnArt” Təsviri Sənət Mərkəzi tərəfindən təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgini
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev açaraq qeyd edib ki, tanınmış rəssam Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. A.Hüseynovun 80 illik yubileyinə həsr olunan sərgilər silsiləsi il ərzində keçirilir. İndiki “Qrafika” ekspozisiyasında Azərbaycan tarixinə həsr olunmuş ağ-qara qrafika işləri yer alıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Liana Vəzirova, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, sənətşünas Ziyarət Cabbarova və digərləri çıxışlarında qeyd ediblər ki, müəllif öz əsərlərində təkcə Vətənin gözəlliyini vurğulamır, onun hər bir rəsmi hadisələrdə, faktlarda və simalarda öz əksini tapan məlumat daşıyır.
Sərgidə Arif Hüseynovun 80 işi təqdim olunub. Rəsm və ədəbiyyat onun üçün qarşılıqlı əlaqədir. O, çoxsaylı kitablara illüstrasiya çəkib: Dantenin “İlahi komediya”, Petrarkanın lirikası, Andersenin nağılları, Rəsul Rzanın “Vaxt var ikən”, “Lirika” məcmuəsi, Əziz Nesinin hekayələri və s. Onun bütün əl işləri xəyal yox, sənədli-bədii qrafikadır.
Rəssam bir neçə zalda artıq keçmişdə qalan Qarabağ münaqişəsinin özünəməxsus qrafika xronologiyasını - Böyük Pyotrun layihələrindən və Azərbaycanı Rusiya imperiyası və İran arasında bölən, 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsindən tutmuş Qarabağın işğal altında olan dövrləri və ermənilərin orada törətdikləri vəhşilikləri təqdim edib. Arif Hüseynov Qarabağın zəngin mədəni irsinə çoxlu rəsmlər həsr edib. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, musiqiçilər Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Cabbar Qaryağdıoğlu, tanınmış tarzən Sadıqcan, eləcə də şairə Məhsəti bu silsilənin personajlarıdır. Bütün bunları, hətta Qarabağın rəmzi olan xarıbülbül gülünü Arif Hüseynov ağ-qara tonda verib.
Diqqətə çatdırılıb ki, uşaq mövzusu Arif Hüseynovun yaradıcılığında xüsusi yer tutur. Təsadüfi deyil ki, Arif Hüseynovun yubileyinə həsr olunmuş ilk sərgi “Azərbaycan nağılı” olub. Ümumilikdə onun sayca yüzə yaxın uşaq kitabları var. O cümlədən “Dilbərin və onun sehirli qaşığının səyahəti” adlı uşaq kitabında da onun illüstrasiyaları yer alıb.
Tədbirdə Arif Hüseynovun nəvəsi Dilbər də öz babasını təbrik edib. Dilbər yubileyə əliboş gəlməyib. Bu günlərdə onun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgisi keçirilib, eləcə də rəsmlərinin kataloqu işıq üzü görüb. Dilbərin 10 yaşı olmasına baxmayaraq, artıq dəqiq bilir ki, o da Arif babası və atası Orxan Hüseynov kimi rəssam olacaq.
Sonda Arif Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)