“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə bigə Biri ikisində layihəsində növbəti dəfə Şeir vaxtıdır, Elsevər Məsimin şeirləri ilə tanışlıqdır.
ŞEİR VAXTI
Elsevər MƏSİM
BULAQ ƏFSANƏSİ
Deyirlər, bir bulaq varmış,
Suyundan içən bəxtiyarmış.
Bulağın da əzəldən
Qəribə bir adəti varmış,
Üstünə gələn insanlardan
Kimin bəxti var imiş,
Suyu coşub çağlayarmış.
Kimin bəxti yoxdusa,
Çeşməsi quruyarmış.
Uşaqlıqda bu nağıla
İnanardım uşaq kimi.
İllər keçdi, elə bil
Dəyişdi illər kimi.
Mənim də uşaq ağlım,
İnanmadım bu nağıla?
Ola bilsin,
Biri məni qınayarmış,
Biri deyər: haqqı varmış?!
Allah bilir
Bu dünyada
Bulaqların sirri kimi,
İnsanların da dərdini.
Kim bilir
Kimin taleyində,
Hansı bir yazı varmış?
Allah bilir bu sirri,
Allah bilir bu dərdi.
Bulaq nədən çağlayarmış,
İnsan nədən ağlayarmış?
Gizlidir dünyanın sirri –
O bulağın sirri kimi.
***
12-nin yarısı,
Yoxsa dərdin yarısı?
Çal bir yetim havası,
Dərdimə dağ oynasın.
Başım yenə alışır,
Şeirlərə qarışır.
Yuxum mənlə barışır,
O çayı qoy qaynasın.
İçim, bir rahat olum,
Təzədən dərdə dolum.
Dərədən keçir yolum,
Zirvəyəcən uzansın.
***
(“İki dənizin suyu bir-birinə qarışmır”. Quranda belə bir ayə var...)
Yuxumu dedim çaya,
Çay da danışdı aya.
Bir də dönsən dünyaya,
Çin olar yuxuların.
Bir nağıldan gəlirsən,
Neçə dastan bilirsən.
Ta o başdan bilirsən
Yolunu dünyaların.
İki dərya birləşmir,
Bir arada yerləşmir.
Dərd də ki sakitləşmir,
Vurğunudur sevdaların.
YERDƏ VƏ GÖYDƏ
İnəyi itib Həsənin,
Nə günahı Vəlinin?
Vəli yazıq çörəyin
Daşdan çıxaran adamdı,
Nəyinə gərək Həsənin
Sarı, axsaq inəyi!?
Başına bu dünyanı
Dar eləyib Həsən,
Hara getsin bəs Vəli
Əlindən bu Həsənin?!
Yerləri bir, göyləri bir,
Obaları, kəndləri bir.
Bircə hələ nə yaxşı,
Deyil bircə yerdə-göydə
Evləri bir,
Ey Allahım, şükür sənə,
Bilinməzdir sirlərin.
İnsanların yerdə-göydə
Yerləri bir olunca,
Göyləri bir olunca,
Küçələri evləri,
Kəndləri bir olunca,
Kaş bu qoca dünyada
Olaydı ürəkləri bir.
Nə qədər ki
Bu dünyada
Deyil elə dərdləri bir,
Vəli Həsəndən küsəcək –
Həsən Vəlini üzəcək?..
Əsməsə də bu yerdə
Hər gün küləkləri bir?..
Bəlkə, İlahinin
Sirridi bu gizli –
Özlərindən bir gün də
Xəbərsiz,
Döyünəcək sinəsində
Ürəkləri var...
Olacaq süfrəsində
Hər gün bərəkəti bir,
Yetişəcək kəhrəba
Qızıl çörəkləri bir,
Taxıl zəmiləri bir,
Sünbül biçənəkləri bir.
***
Yuxu kimi aldanmışam,
Nağıl kimi inanmışam.
Ağlımı əldən almısan,
Dünya, azdırma məni.
Gözlərimin yaşı seldi,
Dinlədiyim "Sarıtel"di,
Haqq aşığı Ələsgərdi,
Bu dərdlə yandırma məni.
Aşıq Alı, sazın qaldı,
Xəstə Qasım, sözün qaldı.
Ellərdə söhbətin qaldı,
Ay gözəl, çaşdırma məni.
***
Göydən düşər üç alma,
Dərdinsə, bağda qalma.
Bəxtə düşər bir alma,
Ya mənimdi, ya sənin.
Qədrini bil almanın,
Sirrini bil almanın.
Dərdini bil almanın,
O bəxtinə düşənin.
Bu da bir son nağıldı,
Bir söhbətdi, ağıldı?
Alma nağılda qaldı,
Xoş halına dərənin.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)