Super User

Super User

 

İyunun 6-da Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı işə başlayıb.

 

AzərTAC xəbər verir ki, iki ildən bir keçirilən konfransın gündəliyinə konvensiya üzrə Hökumətlərarası Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, Hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün komitənin fəaliyyəti və digər mövzular daxildir.

Konfransda ölkəmiz Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan 2019-cu ildə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə dörd il müddətinə üzv seçilib.

Nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyaya yeni qoşulan ölkələri təbrik edən nazir müavini Azərbaycanın bu konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu vurğulayıb. Yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışan Səadət Yusifova Mədəniyyət Nazirliyi Aparatında bu sahə üzrə ayrıca şöbənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Konfrans iyunun 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Yüz minlərlə oxucunun oxuma sayı və müsbət rəyləri əsasında Şərqi Avropanın ən böyük elektron ədəbiyyat platforması olan LitRes son beş ilin ən yaxşı kitablarını müəyyənləşdirib. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Kənan LitResin rəsmi saytına istinadən həmin kitabları sizlərə təqdim edir:

1.Con Kexo, “Şüuraltı hər şeyə qadirdir”;

2.Corc Oruael, “1984”;

3.Edit Eva Eqer, “Seçim”;

4.Aleks Mixaelides, “Səssiz-səmirsiz xəstə”

5.Juliya Enders, “Ecazkar bağırsaq”;

6.Anna Todd, “Sonra”;

7.Mari Kondo, “Magik təmizləmə”;

8.Segey Lukyanenko, “Megiddonun yeddi günü”.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

 

İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

 

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitab festivalın əhəmiyyətindən danışıb.

Bildirib ki, İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Azərbaycanda təşkil olunması ölkəmizin Türk dünyasının əsas elmi-mədəni mərkəzlərindən olduğunu isbat edən faktorlardan biridir. Festivalın uğurla davam etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin kitab həvəskarlarının böyük maraq və sevincinə səbəb olduğunu qeyd edib. 

Kitab festivalı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud olduğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətindən bəhs edib. 

AMEA rəhbəri bildirib ki, Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biridir: “Yazıçının yaradıcılığa başladığı dövrdə sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb. Altmışıncı illərin ədəbi nəsli və həmin nəslin önündə gedən Anar müəllim vaxtilə Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçilərin başladığı milli ədəbiyyat ənənəsini yenidən bərpa edib, ona milli istiqlal məzmunu gətirməyi bacarıb”. 

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın Azərbaycanda ideologiyadan kənar, xalqa xidmət edən ədəbiyyat yaratdığını və ədibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri olduğunu qeyd edib. Bildirib ki, yazıçı müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən proseslərə sanballı töhfəsini verib. Yazıçının “Ağ qoç, qara qoç” əsəri müstəqilliyin mahiyyətini başa salan, onu qorumağın əhəmiyyətini izah edən möhtəşəm əsərdir. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan ədəbiyyatında müstəqillik uğrunda mübarizəyə həsr olunan əsərlər içərisində “Ağ qoç, qara qoç”la müqayisə olunacaq əsər yoxdur. 

Anarın Türk dünyasında böyük nüfuza malik görkəmli yazıçı olduğunu söyləyən akademik İsa Həbibbəyli ədibin əsərlərinin Qərbin və Şərqin 40-a yaxın dilinə tərcümə olunduğunu diqqətə çatdırıb. O, Anarın bu yaxınlarda Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıçının TÜRKSOY-un Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildiyini bildirib.

“Türk dünyasının böyük oxucu kütləsi Xalq yazıçısı Anarı yeni dövrün Türk dünyası ədəbiyyatının lideri kimi qəbul edərək, yüksək qiymətləndirir”, - deyən AMEA rəhbəri yazıçının əsərlərinin Türk dünyasına həsr olunmaqla yanaşı, açılan bütün dünyanı dərk etməyə və maraqlı hadisələri ədəbiyyata gətirməyə örnək olduğunu vurğulayıb. Bildirib ki, Anar müasir ədəbiyyatın görkəmli nümayəndələrindən biridir. Onun əsərləri dünyanın əbədi mirasına, əbədi sərvətinə çevrilmişdir. 

Çıxışının sonunda akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın müasir ədəbiyyatımızın müdrik, uzaqgörən, mütəfəkkir simalı Dədə-Qorqudu olduğunu qeyd edib.

Daha sonra Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şair Gülşən Behbud və Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, diqqətli oxucularına minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Bakıdakı Rus evindəki (RİMM) Ədəbi klub çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni kavaleri, Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib.

 

Görüşün bir hissəsi gənc yazıçılar üçün ustad dərsləri formatında keçirilib. Burada Natiq Rəsulzadə onlara çətin, lakin maraqlı yaradıcılıq yolundan danışıb və vurğulayıb ki, onlar özləri üçün bu yolu seçməli və bu yolda inkişaf etməlidirlər.

Ustad dərslərində yazıçı peşəsinə dair mövzular müzakirə olunub, Natiq Rəsulzadə gənc yazıçıların yazmaq və təslim olmamaq, özlərinə və yaradıcılıqlarına güvənmək istəyinin vacibliyini qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Ceyhunə Mehmanın “Salam, payız adam...” şeirini təqdim edir. 

 

Salam, payız adam! Salam, qış adam!

Qar adam, buz adam və yağış adam!

Səni bu dünyadan almağa gəldim,

Nəyin var, dur topla, tez yığış, adam!

 

Gördüm ki, gözlərin yoldan asılıb,

Gördüm ki, səsin də bir az qısalıb;

Haylasan, səsinə hay verən olmaz,

Səni dinləməyir dost-tanış, adam.

 

Demə hardan bildin halımı, demə,

Könlündən süzülən yaşlar söylədi.

Dualar səpmisən üzü göylərə,

Dünən dən atdığın quşlar söylədi.

Hardandı bu qədər inanış, adam?

 

Gedək, yer üzündən üzülsün əlim,

Gedək, bu dünyanın sonuna gedək.

Bir ulduz gecəyə batıb qarışsın,

Gəl gedək, Allahın yanına gedək.

 

Gedək, şeir adam, gedək, söz adam!

Qar adam, buz adam və yağış adam!

Səni bu dünyadan almağa gəldim,

Nəyin var, dur topla, tez yığış, adam!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə növbətə Şeir vaxtıdır, Əfşan Yusifqızının şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

Əfşan YUSİFQIZI

 

YERİYƏN YALAN

 

Deyirlər, yalanın ayağı olmur,

Yalanın üstümə yeriyir amma.

Sənin ucbatından mələr qalan eşq

Mənim ürəyimdə kiriyir amma...

 

Məni göynətsə də eşqin möhnəti,

Dözürəm, çıxmayır cınqırım qəti.

Bu dünya hər qəmi, zülmü, zilləti

Hirs ilə üstümə kürüyür amma.

 

Məndə hansı dərddən desən, tapılar,

Sevinc yükündən çox ağrı yükü var.

Sevgi olan yerdə dərd, qəm də olar,

Eşqim dərd əlindən çürüyür amma.

 

 

ŞEİR PİRİ

 

Sən müdrik kəlamım, sən ulu təbim,

Qayıt hüzur gətir, üz hörmətinə.

Ey söz övliyası, ey şeir piri,

Səni and verirəm öz hörmətinə.

 

Təbərrük götürüm hər kəlamından,

Tütyətək könlümün səfası olsun.

Qayıt, misraları təsbehə çevir,

Çəkim gözlərimə, şəfası olsun.

 

Sənə Məkkəm dedim, zəvvarın oldum,

Kəbə gözlərinin başına dönüm.

Qayıt, müqəddəsim, ey vəhy mələyim,

Ehram yollarının daşına dönüm.

 

 

QAYTAR BAHAR ÇAĞIMI...

 

Üzücü səssizlik, gecə sükutu...

Deyirlər, ayrılıq elə bu imiş.

Gözümün önündə eşqin vücudu,

Eşq ki ümid imiş, bir arzu imiş!

 

Gəl ey arzuların səbəbkar kəsi,

Gəl ey ümidimin qöncəsi, tez gəl.

Gəl ey ürəyimin kimi, kimsəsi,

Gəl ki, səndən əvvəl gəlməsin əcəl.

 

Bütün illərimin payız fəslisən,

Gətir apardığın bahar çağımı.

Sənin dözümünə, tabına əhsən,

Eşqin düşmənimi qəlbin, yağımı?

 

İçimi ağrıdır itən etibar,

Mənəm gülüşlərə həsrət olan kəs.

Yadından tez çıxıb o əhd, o ilqar,

Sən ey özü kafər, eşqi müqəddəs.

 

 

PAYIZIN RƏNGİ

 

Sevgim misralara nə gözəl hopub,

Sözüm kəlmə-kəlmə ləpələnibdir.

Mirvari muncuqtək ipindən qopub,

Bir eşqin üstünə səpələnibdir!

 

Mən elə bilirdim, heç kimsə duymaz

Qadın ürəyinin çırpıntısını...

Anlayan olmazsa, yazmağa dəyməz

Bir qəlbin bu qədər sıxıntısını.

 

Yazdığım sətirlər, dediyim sözlər,

Bəlkə də, həsrətin ahəngi deyil.

Bir misra boyunca yol çəkən gözlər

Bozarmış payızdı, yaz rəngi deyil!

 

 

SONSUZ AYRILIĞIM…

 

Sevgi əvvəlindən hicran, həsrətlə

Dünyaya bir gəlib, qoşa doğulub.

Bilsən neçə sevən, neçə sevilən

Alovlarda yanıb, qəmdə boğulub.

 

Deyirsən, zülməti öyrətmə mənə,

Bunu mənsiz zaman öyrədəcəkdir.

Vaxt olar, ən acı həsrət sözünü

Beçə balı kimi söylədəcəkdir.

 

Rast gəlib, bir dəfə gözümə baxsan,

Haqqın min əzabın görə bilərsən...

Səhər mehi kimi ruhuma axsan,

Dumandan min xeymə hörə bilərsən.

 

Qıyma boynubükük bənövşə qalım,

Əfşanın yarası yara üstədi.

Sonsuz ayrılığım, ay intizarım,

Dərdimin özü də dərddən xəstədi.

 

 

MƏŞĞULAM

 

Mən bir yorğun yolçusuyam bu ömrün,

Yorğun-yorğun sürünməklə məşğulam.

Ölməz eşqin atəşinə qalanıb,

Alovuna bürünməklə məşğulam...

 

Səhərləri yuxusundan kəm durub,

Hər addımda dili üstə qəm durub.

Gündüzləri gün yerində bərq vurub,

Gecə göydə görünməklə məşğulam...

 

Sevinc kimin, qəhər kimin, qəm kimin?

Qırammadım bu dünyanın tilsimin.

Çox kəsmişəm qarşısını təbimin,

Söz yazmağa ərinməklə məşğulam.

 

 

UŞAQLAŞAN VAR

 

Misraya düzülən, kövrələn, dolan,

Bir məsum körpətək uşaqlaşan var.

Bir pıçıltı qədər hələlik deyib,

Bir haray qədəri uzaqlaşan var.

 

Bir aşiq ömrünün çırağı şeir,

Bir şeir ömrünün tamı şairdi.

Məni başa düşməz nə göy, nə də yer,

Kimi dindirirsən, hamı şairdi.

 

Bəlkə, söz inciyər, küsər nə vaxtsa,

Pərilər ilhamı götürüb gedər.

Yaradan şairin sözünə baxsa,

Şair şeir ömrün bitirib gedər....

 

 

***

 

Bu həyat dənizində qayatək dayanıram,

Dalğaları üstümə coşa-coşa gəlsə də.

Ümid ilə parlayan mayaka boylanıram,

Göyün bəndi sökülüb daşa-daşa gəlsə də.

 

Bir an xəyala dalıb səmadan asılıram,

Sel yaşını silirəm göyün mavi gözündən.

Çatılmağa qoymuram ildırımın qaşını,

Çəkilir pərdə-pərdə sis-dumanı üzündən.

 

Yatırır dizi üstə dəniz dalğalarını,

Sahilinə çıxarır bu arzu, ümid məni.

İnamımsa qoruyur məğrur, şah vüqarını,

Qırx min tül arxasından süzür ağ bulud məni.

 

 

MƏN OLMASAM...

 

Bir gün məndən söz düşəndə mən olmasam...

– O, sadə bir insan idi,

Duyğuluydu, hər kəlməni duyurdu, de!

Fəqət onu duyan yoxdu...

Həssas idi, çəkəmmədi qəm yükünü,

Güvənəcək nə bir sirdaş, hayan yoxdu...

İçində bir yanğı vardı, çıtır-çıtır yanırdı, de!

Yaralıydı, yarasına nə bir məlhəm qoyan yoxdu...

Tənha idi, için-için danışmaqdan yoruldu, de!

Gizli bir dünya qurmuşdu, bünövrəsi məhəbbətdən,

Xəyanətlə yol tapdılar, eşq dünyası qaraldı, de!

Saflığından seçəmmədi yaxşı nədi, yaman nədi,

Arzuları pərən düşdü, ümid bağı saraldı, de!

Bu halını görən ruhu cismi-candan bezar oldu,

Yan keçmədi fələk oxu, ürəyindən vuruldu, de!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil – bir konsert” adlı musiqi axşamı təqdim olunub. 

Konsertdə Xalq artisti Rasim Abdullayev (violonçel), Ülviyyə Abdullayeva (fortepiano) və Anastasiya Mişula (violin) çıxış ediblər.

 

Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam və heykəltəraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqları “Centinelas” (“Mühafizəçilər”) adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan və ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı və Qranadadakı Əlhambra Sarayı seçilib.

Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Həmin layihədə İspaniyadan Manuel de Falla, Enrike Qranados və İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev və Günay Mirzəyevanın əsərləri səsləndirilmişdi.

Beynəlxalq Muğam Mərkəzində təqdim edilən “Üç nəsil –bir konsert” adlı layihə bu silsilədən Bakıda ikinci konsert sayıla bilər. Amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu Ülviyyə Abdullayeva öz doğma şəhərində "Əlhambradan Şirvanşahlara qədər" layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürərək yeni bir proqram təqdim etdi. Layihə məşhur violonçel ifaçısı Rasim Abdullayev qızı Ülviyyə Abdullayeva və nəvəsi Anastasiya Mişula ilə əməkdaşlıq nəticəsində genişləndirilmiş və zənginləşdirilmiş yeni repertuardır. Pianoçu Bakıda olduğu müddətdə Nani Boronatla birlikdə "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin modelləşdirilməsini davam etdirmək üçün doğma mədəniyyətinin estetik materialını toplamaq niyyətindədir.

Konsertdə Q. Qarayev, A. Qlazunov, O. Zülfüqarov, S. Raxmaninov, A. Piazolla və digər bəstəkarların əsərlərinə müraciət edilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Çərşənbə, 07 İyun 2023 10:45

Nassim Taleb Lukano Viskonti barədə

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdırdıq.

Nassem Talebin açmaq istədiyi mövzuya aid gətirdiyi faktlar da çox maraqlı və düşündürücüdür.

 

LUKANO VİSKONTİ BARƏDƏ

Məsələn, o yazır ki, əgər məşhur italiyalı kinorejissor Lukano Viskontinin kino çəkilən pavilyonunda aktyorlar süjetə görə içində brilliant olan ağzı bağlı mücrü ilə nəsə bir iş görürdülərsə, rejissor mücrünün içində həqiqətən də brilliant olmasını təmin edirdi. Viskonti deyirdi ki, bu vasitə aktyorların öz rollarını duymalarına kömək edir. Viskonti onu da əlavə edirdi ki, tamaşaçıları aldatmaq da yaxşı deyil.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

 

Çərşənbə, 07 İyun 2023 10:30

Bu il Şuşada kulinariya günləri keçiriləcək

Bu il Şuşada kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub.

 

Bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Tuğda Qastronomiya Mərkəzinin açılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Çərşənbə, 07 İyun 2023 10:15

Həmişə hər yerdə iz qoymağa çalışıram

BU GÜN YAZIÇI VARİSİN DOĞUM GÜNÜDÜR

 

 

“Ədəbiyyat və incəsənət” portalının yazarı Elman Eldaroğlunun növbəti doğum günü təbriki mətni yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisə ünvanlanıb. 

 

Onunla Sumqayıtda eyni məhəllədə, eyni binada böyümüşük. Rəhmətlik atası Musa müəllim filolologiya elmləri namizədi, ədəbli, ləyaqətli kişilərdən biri idi. Heç vaxt yüksəkdən danışmaz, nalayiq sözlər işlətməzdi. Sumqayıt Kimya Texnologiya Texnikumunda baş müəllim işləyirdi. Anası Tamara xanım Sumqayıt Alüminium Zavodunda iqtisadçı vəzifəsində çalışırdı. Sumqayıtda məskunlaşsalar da hər ikisi də Qazax rayonunda doğulmuşdular. Varisin özündən böyük bacısının adı Solmaz, kiçik bacısının adı isə Almaz idi. Evin tək oğlu olduğuna görə valideynləri ondan heç nəyi əsirgəmirdilər. O dövrün ən bahalı paltarlarını geyinir, ən yaxşı oyuncaqları ilə oynayırdı. Hətta məhəllədə növbə ilə sürdüyümüz ilk velosipet də ona məxsus idi. Həddibuluğa çatandan sonra, necə deyərlər, bir yerdə oturub-durur, o zamanki uşaqların xoşladığı bişdi, kəmər vurdu, aşıq-aşıq, çijik kimi oyunlar oynayırdıq. Məhəllələr arası futbol yarışlarında isə o, komandamızın kapitanı olardı...

 

Deyir ki,- “Mən filoloq, ədəbiyyat mütəxəssisi Musa Yolçuyevin övladı kimi dünyaya gəldiyimdə üç otaqlı mənzilimizin bir otağı kitabla dolu idi. Dəhlizimiz üç cərgə kitablardan ibarət idi. O kitabların içində böyümüşəm. Kitabların içində böyümək, uşaq təfəkkürlü bir insanda maraq oyadır. Ən birinci bəzəkli kitabları açırsan ki, görüm nədir? Mən müsahibələrimin birində də qeyd etmişəm. İlk vaxtlar həmin kitabları maşın kimi sürürdüm, top əvəzi vururdum. Bu maraqların ardından mən artıq o kitabların içindəki şəkillərə baxmağa başladım. Baxçaya gedəndə artıq ordakıları məcbur edirdim ki, mənə əlifbanı tez öyrətsinlər, mən o kitabları oxumağa başlayım. Kitabların içində böyümək mənə böyük fayda verdi. Həmin dövrdə istəyirdim ki, özümün də kitabım olsun. Təsəvvür edin ki, 5-6 yaşımda mən kitab yazmışdım, üstünə də yazmışdım ki, “Varisin kitabı”. Nə vaxtsa memuarlarımı çap etdirəndə, o kitabı da çap etdirəcəm. İndi həmin kitaba baxdığımda görürəm ki, orda uşaq sadəlövhlüyü ilə çox maraqlı cümlələr yazılıb...”

 

Bəli, düz tapdınız, bu dəfəki söhbətimin qəhrəmanı yazıçı, əməkdar jurnalist Varis Yolçuyevdir. Onun tərcümeyihalından söhbət açıb uzun-uzadı danışmaq fikrində deyiləm. Çünki həm maraqlı hadisələrlə dolu həyat yaşayıb və həm də ona təqdim olunan beynəlxalq mükafatlar o qədər çoxdur ki, hamısını sadalamağa səbrim çatmaz. Amma bəzilərini nəzərinizə çatdırmağı özümə borc bilirəm: Böyük Britaniya və Rusiyada verilən "İlin yazıçısı" fəxri adları, Varşavada təltif olunduğu YUNESKO-nun Adam Mitskeviç medalı, ABŞ-da Kreativ yazıçıların Nyu-York promokşn layihəsinə seçilərək fərqlənmə sertifikatına layiq görülüb. Ən böyük uğuru isə bir neçə il əvvəl Rusiyada keçirilən LiFFt dünya ədəbiyyat festivalında 170 dünya yazıçısı arasında laureat adını qazanaraq qızıl medal almasıdır...

 

Həyatının yazıçılıq dövrü Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyarkən başlayıb. Bir gün dayısı bir neçə hekayəsini xalq yazıçısı İsmayıl Şıxlıya verir. Üstündən bir neçə gün keçəndən sonra eşidir ki, İsmayıl müəllim onu axtarır. Tez yanına gedir, xeyli söhbət edirlər. Və bir də görür ki, hekayələri “Ulduz” jurnalında çap olunub. Hətta İsmayıl Şıxlı ön söz də yazıb: “Ədəbiyyatımıza Varis gəlir. Mən onun gələcəyinə böyük inam bəsləyirəm...” 

Amma, həmin dövr cəmiyyətin siyasiləşmiş, dərəbəylik dövrü olduğundan ədəbiyyata gəlişi bir az yubanır. Bir müddət mətbuata yönəlir və uzun zaman müxtəlif qəzetlərdə çalışır. 2006-cı ildə isə içindəki ədəbiyyat sevgisi onu yenidən hərəkətə gətirir. Həmin il “Sonuncu ölən ümidlərdir” adlı romanını yazır və 2008-ci ildə bu romanı 10.000 tirajla işıq üzü görür. 

Ədəbiyyatda həmişə “ciddi ədəbiyyat”, “yüngül ədəbiyyat”, “fikir ədəbiyyatı”, “hadisə ədəbiyyatı” kimi polemikalar olub, elə o dövr də var idi. O vaxtlar kitab mağazaları olmadığından bir ovuc yazıçı, o cümlədən də Varis öz kitablarını üzə çıxara bilmirdi. Oxucu və satış problemləri olduğundan kitabın 3000 nüsxəyə yaxınını tələbələrə, gənclər işləyən kollektivlərə hədiyyə edir. Kitabın sonunda da telefon nömrəsini və poçtunu qeyd edir ki, oxucular rəy bildirsinlər. Çox keçmir ki, tələbələrdən, hərbçilərdən və s. insanlardan rəylər almağa başlayır. Yalnız bundan sonra o, metrolarda, eləcə də “Azərmətbuatyayım”ın və “Qasid”in qəzet köşklərində satış prosesinə başlayır. Daha sonra bu kitab 7 dəfə yenidən təkrar nəşr edilir və pirat nüsxələri çıxsaq, 90000 nüsxəni ötüb keçir. Beləliklə Varis “Sonuncu ölən ümidlərdir” romanıyla böyük ədəbiyyata gəlir...

 

Deyir ki,- “Mən maksimalist adamam. Həmişə haradasa iz qoymağa çalışıram. Sözün düzü, ilk roman yazılanda mən inanırdım ki, nəsə edəcəm. Hiss edirdim ki, bu əsərdən sonra çaxnaşma olacaq, ajiotaj yaradacam. Lakin oxucuların reaksiyası gözlədiyimdən də çox oldu. Kitab oxunmayan bir məmləkətdə bu qədər oxucumun olacağını gözləmirdim. Xarici ədəbiyyatı hamı oxusa da, sanki insanlar məhəlli, yerli ədəbiyyat istəyirdilər. Bütün dünyada isə əksinədir, öncə yerli yazarlar gəlir, sonra digərləri. Yerli yazar hansısa bir xarici yazardan zəif olsa belə, daha çox yerli bestsellerlər oxunur. Mən çox şadam ki, ilk kitabım belə bir rezonans doğurdu. Biz üç yazıçı – Elxan Elatlı, Qaraqan və mən Azərbaycanda yeni bir oxucu bumu yarada bildik. Çingiz Abdullayevi özüm qeyd etmədim. Çünki o, hər zaman, hətta durğunluq dövründə də oxunub. Oxucusu olmayan, kitabları satılmayan yazarlar bizi qılınclayırlar, bizə səlib müharibəsi elan edirlər. Ümumiyyətlə, yazıçının başqa bir yazıçı haqqında tənqidi fikirlər söyləməsi doğru deyil. Ən yaxşı tənqidçi ədəbi tənqidlə məşğul olan insanlardır...”

 

Kitablarını ara-sıra oxuduğu yerli müəlliflərdən Mübariz Örənin, Elçin Səfərlinin, Natiq Rəsulzadənin adlarını dilə gətirir və daha çox dünya ədəbiyyatı ilə maraqlandığını bildirir. Con Maksvel Kutzee, Orxan Pamuk, Haruki Murakami, Milan Kundera əsərlərini sevə-sevə oxuduğu yazıçılardır. Qabriel Markes, Umberto Eko, Joze Saramaqo kimi müasir dünya ədəbiyyatının nəhənglərini mütaliə etməkdən isə usanmır…

 

Ümumiyyətlə, Varis məzmunlu adamdır. Başdan ayağa xarizmatikdir. Özünəməxsus xüsusiyyətləri var, çox qürurludur. Evin tək oğlu olduğundan uşaqlıqdan kapirizləri ilə məhəllədə seçilirdi. Hər şeyi yeməz, hər yerdə oturmaz, hər adamla dostluq etməzdi. Sözgötürən də deyildi. Polad kimi möhkəm idi. Onu sındırmaq olardı, amma heç vaxt əyilməzdi. Bəlkə də kənardan kiməsə eqoist kimi görünə bilər, amma gözəl ürəyi var. Tikəsini bölməyi bacarır. Uşaqlıq illərində 22 qəpik sovet puluna satılan, “pirojna” adlandırdığımız şiriniyyatdan çox yeyərdi, bir də ki, günəbaxan tumu çırtdamaqdan ləzzət alardı. Və biz bir-birimizi həmişə çox istəmişik...

 

Bəli, hər bir insanın böyüyüb boya-başa çatdığı bir məhəllə olur. İlk addımını atdığı, birinci uğurunu tay-tuşları ilə bölüşdüyü, hara getsə, hansı zirvəyə ucalsa da heç zaman unuda bilməyəcəyi məhəllə. Və söhbətimin sonunda onu da deyim ki, biz eyni məhəllədə böyüyən tay-tuşları Varisə həmişə inanmışıq, güvənmişik, varlığından qürur duymuşuq. 1988-ci ildə məlum Sumqayıt hadisələrində özü hazırladığı üçrəngli bayrağımızı ilk dəfə onun əlində görmüşdüm. Ümidvaram ki, nə vaxtsa "Nobel" mükafatına layiq görülən ilk Azərbaycan yazıçısı da Varis Yolçuyev olacaq…

 

İyunun 7-də Varisin növbəti ad günüdür. Nə qədər çalışsa da, yaşda məni üstələyə bilmir, həmişə beş ay arxada qalır. Varisə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşa, Varis!..

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.