Super User

Super User

Azərbaycan Yazıçılar Birliyinin sədri, Türk Xalqları Ədəbiyyat Birliyinin fəxri sədri, Xalq yazıçısı Anar Ankaraya və İstanbula səfər edib. Ankarada - TÜRKSOY mərkəzində, İstanbulda isə Üsküdar Bələdiyyəsində Türk Ədəbiyyatı Vəqfinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə görkəmli ədibin 85 illiyi qeyd edilib. Türkiyə ədəbi elitasının qatıldığı tədbirlərdə Anarın çıxışı böyük coşqu ilə qarşılanıb. Ona çoxlu mükafatlar, hədiyyələr təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının sosial mediadakı bu paylaşımını diqqətinizə çatdırır: 

“Türk Dünyasının yaşayan Dede Korkut’u Anar Muallim’i, Ankara’da Türksoy Merkezinde Türk Edebiyatı Vakfı ve TÜRKSOY işbirliği ile 85.ci ad gününde ağırladık. 

Sevgili Anar’a sağlıklı nice yıllar diliyoruz.”

“Türk Dünyası’nın  Korkut Ata’sı Azerbaycan Yazarlar Birliği Başkanı ANAR’ı 85.ci ad gününde İstanbul’da ağırladık..

Üsküdar Belediye Başkanı Sayın Hilmi Türkmen’e teşekkür ederiz.”

 

Şəkillərdə: qapaq şəklində və

1-ci şəkildə Ankarada, 2-ci şəkildə isə İstanbulda düzənlənən tədbirlərdən görüntülər.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Bazar ertəsi, 05 İyun 2023 14:15

Kreativ tərbiyəçi

“Ədəbiyyat və incəsənət” portalının bu dəfəki bazar ertəsi lətifəsi yenə də məktəblə bağlıdır. Təsəvvür edin ki, bu, sizin qonşuluqdakı məktəbdə baş verir. 

 

 

Cavan tərbiyəçi otağa kompyüter gətirir. Çətinliklə əyilib onu yerə qoyub uşaqlardan soruşur:
- Uşaqlar, deyin görüm, otaqda neçə kompyüter var?
- Bir!
- Düzdür, – tərbiyəçi çox çətinliklə ikinci sonra isə üçüncü kompyüteri gətirir:
- İndi neçə kompyüter oldu?

Bu vaxt müdirə otağa gəlib soruşur:
- Nə edirsən?
- Uşaqlara üçə qədər saymaq öyrədirəm!
- Biz həmişə bunu alma ilə öyrədirik. Elə bil, bunu sən də eləyə bilərdin!

Tərbiyəçi köks ötürür:
- Axı kitabda kompyüter yazılıb.

Belədə müdirə kitabı əlinə alıb əsəsi halda söyləyir:
- Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus gətirmək üçün hələ Bakıbus-a müraciət etməmisən.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Günün fotosu: Qalib Ərdoğan hökuməti niyə tam dəyişdi?

 

Foto: Rəcəb Tayyib Ərdoğan-Ali Unal, müəllif hüquqları / Copyright 2023 the AP. 

 

Üçüncü prezidentlik müddətinə seçilən Rəcəb Tayyib Ərdoğa Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Hökumət üzvlərinin adları andiçmə günü məlum olub. Üçüncü müddətə Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan and içdiyi gün Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Ərdoğan onu demək olar ki, tamamilə dəyişib.

Ölkədəki çətin iqtisadi vəziyyət fonunda maliyyə nazirinin portfeli artıq 2009-2015-ci illərdə bu vəzifəni tutan Mehmet Şimşekə təklif edilib. Mütəxəssislər onun iqtisadi və maliyyə siyasətinin klassik qaydalarına riayət etməsini gözləyirlər.

Xarici siyasət idarəsinə keçmiş kəşfiyyat rəisi Hakan Fidan rəhbərlik edəcək. Müdafiə naziri vəzifəsini Yaşar Güler tutacaq. Daxili İşlər Nazirliyinin rəhbəri İstanbul qubernatoru vəzifəsini tutan Əli Erlikaya olacaq.

“Növbəti 5 il ərzində Türkiyə Cümhuriyyətinin şöhrətini və şərəfini qorumaq, nüfuzunu artırmaq və Türkiyəni bütün dünyada izzətləndirmək üçün əlimizdən gələni edəcəyimizə söz veririk" deyib Ərdoğan.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının ekspertlərinin diqqətini çəkən növbəti nəşr şair, publisit Vüqar Sərdarova aid olan “Əvəzsiz Lider” nəşridir. 

Haqqında danışacağımız Vüqar Sərdarov Bakıda ziyalı ailəsində anadan olub. 1998-ci ildən 2022-ci ilin mart ayına qədər Azərbaycan Respublikası daxili işlər orqanlarında çalışıb. Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, həmçinin Gürcüstan və Qırğızıstan Yazıçılar birliklərinin üzvüdür. Onun 14 elmi-publisistik və bədii kitabı nəşr olunub. 

Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi Mədəni Mərkəzinin direktor müavinidir.

Vüqar Sərdarov Azərbaycan dövlətçiliyinə müstəsna xidmətlər göstərmiş tanınmış ictimai-siyasi xadim, millət vəkili, 91-lərdən olmuş, YAP-ın yaradıcılarından biri, mərhum Zakir Sərdarovun oğludur. 

 

Vüqar Sərdarov özünün “Əvəzsiz Lider” kitabını ərsəyə gətirməkdə məqsədini belə izah edir: “Məqsədimiz XX əsrin müqayisəsiz, analoqsuz siyasi xadimi Heydər Əliyevə olan borcumuzu qismən ödəməkdir. Amma düşünmürük ki, bizlər ömrümüzün sonuna kimi bu borcu cüzi də olsa ödəyə bilək…”

 

Əsərdən bir fraqmenti diqqətinizə çatdıraq:

“İnqilablar və müharibələr əsri kimi yaddaşlarda yaşayan XX yüzillikdə dahi şəxsiyyətlər elə də çox olmamışdır. Bu yüzillik repressiya və ölüm hökmü vermiş siyasət adamları ilə daha çox yadda qalmışdır. Yaxşı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsrdə doğulmuşdur, yoxsa bu əsr tarixin qara səhifəsində həmişəlik xəcalətli yaşamalı olacaqdı”.

Gözəl müqayisəli təhlildir, deyilmi? 

 

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən bu kitab Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə açılır. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc nəşrin “Ön söz”ünün müəllifidir. Zahid Oruc yazır: “Əvəzsiz Lider” kitabı məhz sözügedən Sərəncamdan ruhlanaraq yazılmış və çapa hazırlanmış sənət əsəridir. Kitab Ümummilli Lider Heydər Əliyevin həyatına və ictimai, siyasi fəaliyyətinə həsr edilmişdir. 

Bu kitabın vasitəsilə Heydər Əliyev dühasının, müdrikliyinin şahidi olmaq xoşbəxtliyini qazanacaqsınız. Hesab edirəm müəllif qarşısına qoyduğu məqsədə çatmış və oxucularını Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə yaxından tanış edə bilmişdir. 

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq yazılan bütün kitablar işıq üzü görəcək sənət əsəri kimi çox qiymətlidir, bunu unutmaq olmaz. Amma bu kitabın əsas özəlliyi ondan ibarətdir ki, sadə və oxunaqlı dillə qələmə alınmışdır. Kitab başdan-başa faktlarla, real hadisələrlə zəngindir. Bu isə oxucunun daha çox diqqətini cəlb edən amildir”. 

Kitabın elmi redaktoru isə Milli Məclisin deputatı, akademik, Əməkdar elm xadimi Rafael Hüseynovdur. 

 

Kitabda Heydər Əliyevin Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsindən başlayaraq, fəaliyyətinin Moskva dövrünə, habelə Naxçıvanın xilaskarı missiyasına, Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi mühüm tədbirlərə nəzər salınır. “Müstəqil Azərbaycan dövlətinin qurucusu” bölməsində qeyd edilir ki, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, milli dövlətçilik ideyasının bərqərar olması və vətəndaş cəmiyyətinin təşəkkülü, xalqımızın qədim və zəngin milli-mənəvi dəyərlərinə qayıdışı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, elm, təhsil və mədəniyyətin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

“Milli dövlət quruculuğunun elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev irsinin, onun misilsiz töhfəsinin şahidi olmayaq”, - yazan Vüqar Sərdarov Ümummilli Liderin genişmiqyaslı fəaliyyətini ətraflı işıqlandırıb. Bu baxımdan “Müasir hüquqi sistemin banisi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Daxili İşlər Nazirliyi Heydər Əliyevin dövründə”, “İqtisadi islahatlar Heydər Əliyev siyasətinin prioriteti kimi”, “Xarici siyasətin Heydər Əliyev modeli”, “Azərbaycan diasporunun formalaşması və inkişafında Heydər Əliyevin rolu” başlıqlı bölmələr diqqət çəkir. Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət, təhsil və gənclər siyasətini də faktlar əsasında təqdim edib. 

Ümumən, çox maraqlı, diqqətçəkən, kitab rəflərinizdə yer tutmağa layiq kitabdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Bazar ertəsi, 05 İyun 2023 16:30

“Qırmızı meyvə” - Sara Naci

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Növbədə Sara Nacinin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

QIRMIZI MEYVƏ

 

Kədərlə yuxarı baxdı

Qırmızı bir meyvə dərdi

Kökləri yerin dərinliklərini axtarıb və günahkarların qanını soran

Böyük bir ağacdan

Və bütün fəsillərdə

Şeytanların başlarını

Meyvə verir

Bir cəhənnəm arxın qırağında oturdu

Və meyvəsini dişlədi.

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Turizm əksər ölkənin büdcəsinin əsas gəlir mənbəyidir. O cümlədən Azərbaycan da turizmin inkoşafında maraqlıdır. 

Son dövrlərdə ölkəmizə Hindistan və Pakistandan gələn xarici ziyarətçilərin sayı artmaqdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin son 4 ayının statistikasına əsasən hər iki ölkə müvafiq olaraq Azərbaycana gələn turistləri təmsil edən ölkələr sırasında 5 və 6-cı yerlərdə qərarlaşıblar. 

Hindistan və Pakistan COVID-19 pandemiyasından sonra tam bərpa olunan, hətta 2023 və 2019-cu ilin yanvar, aprel aylarının müqayisəsinə əsasən müvafiq olaraq 72 faiz artım göstərən ölkələr sırasındadırlar. 

 

Cari ilin yanvar, fevral aylarında Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Mumbai, Çenay, Əhmədabad və Dehli şəhərlərində tanıtım tədbirləri təşkil olunub. Hazırda Dehli ilə həftədə 3 dəfə olmaqla uçuşlar həyata keçirilir. Pakistanın isə Karaçi, İslamabad, Lahor şəhərlərindən ümumilikdə həftədə 5 dəfə olmaqla uçuşlar təşkil olunur. 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Bazar ertəsi, 05 İyun 2023 15:30

Bu dünyada bir Əbil var idi…

Neftçalada bir adlı-sanlı Əbilovlar nəsli var, Azərbaycan ədəbiyyat tarixinin ən tanınmış ədəbiyyatşünaslarından olan mərhum İmamverdi Əbilov, onun oğulları - “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ədəbiyyatşünas Etibar Əbilov bu nəslin nümayəndələrindəndir. Nəslin daha bir nümayəndəsi - şərqşünas Əbil Əbilov da tanınmışlar siyahısında yer alacaqdı. Əbil - Etibar Əbilovun oğludur. Amma tale ona çox gənc yaşlarında qıydı. Bu gün onun doğum günüdür.  

 

Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Sabir Rüstəmxanlının Əbil haqqında yazdığı yazısını təqdim edir. 

 

"Həyatdan 25 yaşında nakam getmiş şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrindən və gündəliyindən parçaların toplandlğı və ölümündən sonra nəşr edilmiş "Sevda türküsü" kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdəti-vücud, hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil Tanrıdangəlmə, fitri bir istedad sahibi olub. Atası Etibar müəllimə "kaş o kitabı mənə verməyəydin" deməkdən başqa bir söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostum İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiklərini təsəvvür ermək olur.”

 

Şəkildə: Xalq şairi Sabir Rüstəmxanlı və Etibar Əbilov Əbilin məzarını ziyarət edərkən.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının növbəti Açıq portfel xəbəri İpoteka və Kredit Zəmanət Fonduna istinadəndir. 

 

Belə ki, fond tərəfindən dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini açıqlayıb, zəmanət və subsidiyalar verilmiş kreditin məbləği 349 milyon 759 min manatdır. Kirayəçilərin istifadəsinə 3 min 346 yaşayış sahəsi verilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Bazar ertəsi, 05 İyun 2023 14:30

Sənə yağış dərirəm… - Əlizadə Nuri

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sizləri Əlizadə Nuri poeziyası ilə baş-başa buraxırıq. 

 

Sənə ocaq çatıram-

Misraların ahından.

Yağış dərirəm sənə,

Buludun budağından…

 

Sənə şeir tikirəm,

Ürəyimin sapıyla.

Cənnət qururam sənə

Cəhənnəm əzabıyla…

 

Yüz il duran deyiləm,

Sizin elçi daşından.

Sənə üzük yonuram 

Çiçəklərin qaşından…

 

Sənin üzünə baxıb,

Ayı da danmaq olar.

Səndən ömür düzəldib

Min il yaşamaq olar.

 

Gör harda tapdım səni?-

Güllərin nəfəsində.

Bir nəğmə yazdım sənə,

Axan çayın səsindən…

 

…Sənə ocaq çatıran-

Misraların ahından.

Yağış dərirəm sənə,

Buludun budağından…

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İyun ayının 2-si Yunus Emre İnstitutunda "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, araşdırmaçı, həkim, yazar, ziyalı insan Firəngiz Rüstəmovanın "Hikmətin və müdrikliyin təcəssümü" kitabının təqdimatı keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına məlumat verən "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif

bildirib ki, hazırda mənəvi təkamülə ehtiyacı olan cəmiyyət üçün bu cür fəlsəfi, müdrik kitablar çox əhəmiyyətlidir. 

Səbinə Yusif söyləyib: “Firəngiz xanım gözəl qəlbə sahib olan Azərbaycan qadınıdır. Mənə çox xoşdur ki, doğulub boya-başa çatdığım Qazax mahalının Firəngiz xanım kimi ziyalı və kübar qızı var. Təbriklər, Firəngiz xanım. Sizə uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.”

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.