“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sizləri Əlizadə Nuri poeziyası ilə baş-başa buraxırıq.
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından…
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla…
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından…
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni?-
Güllərin nəfəsində.
Bir nəğmə yazdım sənə,
Axan çayın səsindən…
…Sənə ocaq çatıran-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından…
“Ədəbiyyat və incəsənət”
(05.06.2023)