Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

27-ci dərc

Rəşadın maşınında Layiqəni evə aparmalı, sonra maşını polis bölməsinə sürməli, oradan taksi ilə Gülünün yanına getməliydim. Bunu otuz beş dəqiqədən tez edə bilməzdim. Yalançı olmamaqçün artırdığım beş dəqiqəni isə Gülü şıltaqlıq edib məndən oğurlamışdı.

Sükan arxasına keçib maşını yerindən tərpətdim.

Layiqə susurdu.

-Narahat olma, həkimlər vaxtında gəldilər. Həyatı üçün təhlükə yoxdur.

Onun nə fikirləşdiyini bilmək çətin deyildi.

Rəşadın həyatı üçün təhlükə olmadığını bilirdim. Onun səhərə qədər reanimasiya şöbəsində saxlanılacağını da. Ora isə kənar şəxslərin girişi qadağandır. Bu səbəbdən xəstəxanaya getmək artıq bir iş olardı.

Nərmin üçünsə daha çox narahat idim. Düzdür, qarın nahiyyəsindəki kəsik elə də böyük deyildi, Rəşadla vaxtında özümüzü çatdırmışdıq. Qanaxması da nisbətən zəif idi. Ancaq bu əclafların son üç gündə ona hansı preparatları verdikləri məlum deyildi. Ən pisi də o idi ki, adi cərrahiyyə əməliyyatından fərqli olaraq, bu qatillər onu əməliyyata hazırlayarkən istənilən halda sağ qalmayacağını əvvəlcədən bildiklərindən, qızın sağlamlığı onlar üçün dırnaqarası, işlərini bitirənə qədər əhəmiyyət kəsb edirdi. Bu halda kəsiləcəyi orqanının daha funksional olması üçün Nərminin bədəninə yeridilən preparatlar digər oqanlarını sıradan çıxara bilər, bu yeniyetmə qız şikəst qala bilərdi.

Ancaq mən öhdəmə götürdüyüm işi yerinə yetirmiş, Nərmini demək olar ki, son anda ölümün pəncəsindən qurtarmışdım. Bundan sonrası həkimlərimizə qalırdı.

Bütün bunları fikirləşdikcə, Rəşadın yaralanmasını nəzərə almasaq, uğurlu hesab oluna biləcək əməliyyatdan sonra heç bir sevinc hiss etmirdim. Təkcə məmnunluq hissi var idi. Özümün özümə verdiyim sözü tutmağımın, bir də ki, cinayətkarlar qarşısında növbəti dəfə məğlub olmamağımın məmnunluğu…

 

* * *

Həmin müdhiş gecədən altı gün keçmişdi. Geniş əməliyyat - istintaq qrupu yaradılmış, hadisənin iştirakçıları və şahidlərinin, o cümlədən, mənim və Layiqənin ifadələri alınmışdı.

Dəstənin Həsənağa adlı üzvü Babaxanın verdiyi məlumat əsasında həmin gecə, daha doğrusu bir saat sonra yaşadığı ünvanın qarşısında maşınına oturarkən saxlanılmışdı. Hərif meyitləri aparmaq üçün bizə məlum ünvana gəlməyə hazırlaşırmış.

Qadın olan digər üzvünün isə bir müddət əvvəl ölkəni tərk etməsi müəyyən edilmişdi. Lazımi sənədləşmədən sonra onun beynəlxalq axtarışı elan olunacaqdı.

İstintaq qrupu təkcə bu cinayətkar dəstənin qətlə yetirdiyi insanların cəsədlərinin torpaqdan çıxarılaraq tanınmasına dörd gün vaxt sərf etmişdi. Bəzilərininsə, şəxsiyyəti hələ də məlum deyildi.

Kapitan Rəşad Qasımlı növbəti gün reanimasiya şöbəsindən ümumi palataya köçürülmüşdü. Vəziyyəti orta ağır kimi qiymətləndirilirdi.

Nərmin hələ reanimasiya şöbəsində saxlanılsa da, həkimlərin səyi nəticəsində onun da həyatı üçün təhlükə geridə qalmışdı. Qarın nahiyyəsindəki kəsik yeri sağaldıqdan sonra hələ uzun müddət reabilitasiya kursu keçməsinə ehtiyac var idi.

Anlaqsız vəziyyətdə bunkerdəki otaqlardan birində aşkar etdiymiz kişinin də vəziyyəti stabil idi. Onun Orta Asiya ölkələrinin birindən gəldiyi məlum olmuş, müalicəsini bitirdikdən sonra şahid qismində ifadə verəcəyi, sonra vətəninə göndəriləcəyi gözlənilirdi.

Rəşad Qasımlının güllələdiyi cinayətkarın da, qatil cərrahın da saxta sənədlərlə ölkəyə gəlmələri, birincinin beynəlxalq axtarışda, ikincinin isə erməni əsilli olması, əvvəllər eyni əməllərə görə vətənində həbsxana həyatı yaşadığı, həkimlik fəaliyyətinə qadağa qoyulduğu müəyyən edilmişdi.

Dəstənin başçısı “Qoca” ləqəbli qatı cinayətkarı təyyarə ilə ölkəni tərk etməyə cəhd edərkən, Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları saxlayaraq zərərsizləşdirmiş, istintaq orqanına təhvil vermişdilər.

Həmin gecə, daha doğrusu sübh saatlarında Həsənağanın onunla əlaqəyə çıxmadığını görən Qoca hər şeyi başa düşmüş, izinə belə tez düşüləcəyini təxmin etmədən arxayınlıqla hava limanına gəlmişdi.

Növbəti dəfə təşkil etdiyi cinayətkar dəstəyə cinayət aləmindən xəbəri olmayan, təsadüfi bir adamı cəlb etməsi onun üçün taleyüklü rol oynamışdı. Bu dəfə törətdiyi cinayətlərin məsuliyyətindən kənarda qala bilməyəcək, qatı cinayətlərin təşkilatçısı və cinayətkar dəstənin başçısı kimi müttəhimlər kürsüsündə oturacaq, əməllərinə görə qanun qarşısında cavab verəcəkdi. Ona qarşı kifayət qədər əsaslı sübut və dəlillər var idi. Su çanağı gec-tez suda sınar.

Dəstənin beynəlxalq əlaqələri araşdırılırdı.

Səhv etmirəmsə, istintaq işində bir yerli həkimin də adı hallanırdı.

Vaxt tapan kimi ilk növbədə Sabunçu Quş bazarına gedib Səmədağanın nəvəsi üçün bir danışan tutuquşu almışdım. Tutuquşu uşağın çox xoşuna gəlmişdi, danışdırdıqca şaqqanaq çəkib gülürdü. Quşu Səmədağaya verəndə xoruzunu kəsdiyimi demişdim. Boynumu qucaqlayan Səmədağa, -Lap yaxşı eləmisən, şəhərin mərkəzində, evləri bir-birinə bitişik bir məhəllədə xoruz saxlayanda fikirləşməliydim ki, bu, başqalarının rahatlığını pozacaq, -demişdi.

 

* * *

Layiqəyə söz verdiyim kimi, onunla canlı musiqi səslənən məşhur restoranlardan birində şam yeməyinə gəlmişdik. Ləziz yeməkləri ilə ad çıxarmış, axşam saatlarında həmişə dolu olan restoranda əvvəlcədən masa sifariş vermişdim.

Həmişə idman üslubunda geyinməyə üstünlük verən Layiqə kürəyi açıq uzun, qara rəngli ziyafət paltarında, hündürdaban ayaqqabılarda xüsusilə cazibədar görünürdü. Yaqut qaşları olan gümüş dəsti onun paltarı ilə çox uyuşur, geyimini tamamlayırdı.

Mənsə, Layiqənin təkidi ilə rəfiqəsinin dərzi dayısının tikdiyi kostyumu, Səməd baba ilə Səlminaz nənənin pay gətirdikləri köynəyi geymişdim.

Qocaların köynəyin üstünə qoyduqları kiçik pul bağlamasına isə əlimi vurmamış, yalnız pulu geri götürdükdən sonra köynəyi qəbul edəcəyimi bildirmişdim.

Onlarla birlikdə gələn Nazansa, məni özünün bişirdiyi piroqla çay içməyə dəvət etmişdi. Nərmin sağalıb xəstəxanadan çıxdıqdan sonra birlikdə gələcəyimizə söz vermişdim.

Kövrələn qocaları qapıya qədər ötürdükdən sonra, türkmənistanlı gəlin obrazını əsil aktrisa kimi yaratdığına, Babaxan kimi bir yaramazı boynunun dalından vurduğu tək bir zərbə ilə yerə sərdiyinə görə Layiqəyə şəxsi vəsaitimdən beş yüz manat mükafat ayırdığımı demiş, o isə bu işdə heç bir qazancımın olmadığını əsas gətirərək mükafatdan imtina etmiş, söz verdiyim şam yeməyi ilə kifayətlənəcəyini söyləmişdi.

Masadakı soyuq qəlyanaltılardan bir qədər yedikdən sonra masamıza xidmət edən ofisiant vasitəsilə həzin bir müsiqi sifariş edib Layiqəni rəqsə dəvət etmişdim.

Təkcə köməkçi lampaların işıqlandırdığı alaqaranlıq rəqs meydançasında səslənən müsiqi bitdikdən sonra yenidən masaya qayıtmışdıq. Çox sevdiyim plov sifariş etmişdim. Şabalıdı çox olan qaralı plov. Layiqə isə iki cür salatla kifayətlənmişdi.

-Şef, öz aramızdır, heç də pis rəqs etmirsiniz.

-Belə gözəl bir xanımla necə pis rəqs etmək olar?

-Hələ iki rəqsimiz də qalıb.

-İki?

-Ən azı iki, -Layiqə ürəkdən qəhqəhə çəkdi.

Həəə, deyəsən özümü işə salmışdım.

-Yaxşı, olsun iki, söz danışıqdan keçər. Ancaq icazə ver plovumu soyumamış yeyim, -sifarişi gətirən ofisiantın yaxınlaşdığını görüb, zarafatla dedim.

-Şef, suallarım var, verim?

-Ver, Layiqə, ver.

-Bu işdə hər şey mənə aydın oldu. Təbii ki, cürbəcür aparatlarla təchiz olunmuş laboratoriya və ya mini klinikanın işıq məsrəfi adi yaşayış mənzilindən qat-qat çox olmalıdıг. Amma bir şey mənə qaranlıq qaldı. Başa düşürəm ki, o adamaoxşamazı aşkar etməzdinizsə, dəstə üzvlərini xəbərdar edər, onlar da ən yaxşı halda qaçıb aradan çıxa bilərdilər. Babaxan heç, o iki əcnəbi isə, şəxsiyyətləri müəyyən olunanadək hətta ölkəni də tərk edə bilərdilər. Bəs siz adamaoxşamazın o kiçik daxmada olduğunu haradan bildiniz? Axı biz də sizin kimi o daxmanın yanından keçdik və orada heç bir həyat əlaməti hiss olunmurdu. Orxan Dəmirli də dedi ki, o adamı yaxşı tanıyır və daxmada olsaydı mütləq onu görüb yaxınlaşardı. Sonra isə, diqqətlə baxanda daxmanın qapısının asma qıfılla qıfıllandığını gördük. Hər şey bir yana, təkcə bu sonuncu dediyim o daxmada heç kəsin olmadığına əmin olmağa yetərli deyildimi? Adam içəridə ola-ola çöldən qapısına necə qıfıl vura bilərdi ki? Təkcə hissiyatlamı bunu müəyyən etdiniz?

İstintaqa ifadə verdikdən sonra Layiqəyə icazə vermişdim ki, dincəlsin. Bir neçə gün idi ki, ofisə gəlmirdi. Görünür bu sual ona neçə gündür ki, rahatlıq vermirdi.

-Güclü hissiyata malik olmaq yaxşı keyfiyyətdir. İntuisiya ilə bağlı aparılan elmi tədqiqatlar sübut edib ki, tərəddüd edilib-edilməməsindən asılı olmayaraq, düzgün qərarlar qəbul edilə bilər. Lakin ən düzgün qərarlar dərhal qəbul edilən qərarlardır. Bununla belə, sənə deyim ki, hələ heç kim indiyənə qədər tək hissiyatı ilə heç bir cinayəti aça bilməyib Layiqə. İndi mən deyim, sən qulaq as. Həmin gecə zibil qutularına çatmamış maşını geri göndərdikdən sonra xeyli yol getdik, yadındadırmı?

-Yadımdadır.

-Mən irəlidə hansı tərəfə dönəcəyimizi bilmədiyimçün həm yolun soluna, həm də sağına baxırdım.

-Hə, bu da yadımdadır, şef, tez-tez başınızı döndərirdiniz.

-Səncə, bunu niyə edirdim?

-Hər şeyi yadda saxlamaq üçün.

-Düz tapdın. Daha sual vermədən hər şeyi izah edəcəyəm. Diqqətlə qulaq as. Orxanın Rəşada “bir qədər irəlidə sağa dönəcəyik” deməsindən sonra diqqətimi daha da artırdım və getdiyimiz məkanda konkret məni maraqlandıran bir məqam var idi ki, onu dəqiqləşdirməyə çalışdım. Sən polis bölməsindəki müşavirədə iştirak etmirdin. Qısa deyəcəyəm, müşavirədə Orxan sakinləri təşvişə salan, canavar səsinə bənzəyən səsin eşidildiyi bir ərazini xatırlatdı. Şəhər üzrə itkin düşən dörd nəfərin itkin düşmə tarixinin həmin canavar ulamasına bənzəyən səsin eşidilməsi ilə yaxın tarixlərə təsadüf etməsi, həmin tarixdə isə Orxan Dəmirlinin zibil qutusundan həmin sayda, yəni dörd telefon aparatına məxsus qırıqları tapması məni ora getməyə vadar etmişdi. Həmin ərazidə köhnə yeraltı sığınacağın olması, səslərin sığınacağın havalandırılması məqsədi ilə quraşdırılmış borulardan gəlməsi barədə Orxanın dediklərini də qulaqardına vura bilməzdim. Orxan bu səslərin küləyin əsməsi nəticəsində borularda yaranması qənaətinə gəlsə də, mən belə düşünmürdüm. Ancaq etiraf edim ki, yenə də hadisələrin bizi həmin bunkerə gətirib çıxaracağını gözləmir, sadəcə bu və bayaq dediyim digər məlumatlar əsasında Nərminin axtarışlarını davam etdirəcəyimiz ərazini minimuma endirmişdim. Səslər hər yerdən gələ bilərdi.

Davam etdim:

-Axtarışlarımı Nərminin gizlədilə biləcəyi konkret evin yerini müəyyənləşdirməyə yönəltmiş, bunkeri ehtiyat variant kimi nə­zər­dən keçirirdim. Ancaq, təbii ki, ehtiyat variantım var idisə, o variantın özünü də yoxlamalı idim. Ona görə də ardına qulaq as. Orxan Rəşada bizə məlum olan bunkerin sərhədlərinə yaxınlaşanda sağa dönəcəyimiz barədə xəbərdarlıq etdi ki, o, sürəti azaltsın. Deməli, daha sol tərəf bizə lazım deyildi. Bütün fikrimi yolun sağ tərəfinə yönəltdim. Bir qədər sonra başlayan, ətrafı evlər olan boş düzənlik sahənin həmin sığınacağın üstü olması şübhə doğurmurdu. Maşınla gedə-gedə onun perimetri üzrə sərhədlərinə fikir verməyə başladım. Əgər insanları hansısa fəlakətlərdən qorumaq üçün bir qurğu tikilibsə, bu fəlakətlər zamanı insanların daxil ola bilməsi üçün o qurğunun ən azı bir qapısı olmalıdır. Bunkerin yola perpendikulyar olan arxa sərhəd­di birbaşa meşə zolağına birləşirdi. Qaranlıq olsa da, meşəlikdəki ağacların siluetindən onların ən azı əlli-altmış illik ağaclar olması bilinirdi. Bunkerin giriş hissəsi orada olsaydı heç vaxt oraya elə sıx, xüsusilə də, divarına çox yaxın ağaclar əkilməzdi. Yola paralel olan sərhəddində də heç bir girişin olmadığı görünürdü. Sonra maşınla sağa döndük və dayandığımız meydançaya qədər də üçüncü sərhəddin yarısını qət etdik. Yenə heç bir giriş qapısı yox idi.

Bunları danışdıqca hərdən fasilə verir, plovdan bir-iki qaşıq yeyib yenə də davam edirdim.

-Daxmaya çatana qədər olanları bilirsən. Ancaq elə daxmaya qədər də heç bir qapı aşkar etmədiymdən daxmanın yanında ayaq saxladım. Düzdür, hələ baxdığımız tərəfdə təxminən qırx metr məsafə və bunkerin dalan tərəfindəki sərhəddi qalmışdı. Ola bilərdi ki, girişi oradan olsun. Ancaq daxmanın bunkerə bitişik tikilməsi mənə maraqlı gəldi. Mənim də uşaqlığım sovet dövrünə təsadüf edib və belə bunkerlərlə tanışlığım var. Bu bunkerlərin əsas hissəsi yer altında olmaqla, yuxarısı səksən santimetrədək yer səthindən yuxarıda olur. O qədər də böyük olmayan dəmir qapılarının təxminən yarısı yerdən hündürdə, qalan hissəsi isə aşağıda olmaqla onlara pilləkənlə düşülürdü. Ona görə də, daxma nə qədər alçaq olsa da, ölçüləri həmin qapını gizlətməyə yetərli idi. Qapının daxmanın içərisində olmasına tam əmin olmasam da, başqa bir şey var idi ki, ona olduqca əmin idim həmin vaxt. Orxanın o daxmada yaşayan adam, daha doğrusu adamaoxşamaz barədə dediklərindən sonra onun Babaxana kömək edən həmin sərgərdan olmasına şübhəm qalmadı. Çünki həmin vaxt artıq Babaxanın olduğu evin yerini müəyyən etmişdik və evə təxminən yüz metrə qalmış, bu evə aparan yolun düz üstündə də, eynilə birinci kimi əyyaş həyatı yaşayan başqa bir sərgərdanın o daxmada yaşaması təsadüfə çox az bənzəyirdi. Elə daxma özü də müşahidə üçün ideal yerdə tikilmişdi və artıq bu məqsədlə tikilməsinə də şübhəm yox idi. Dalana yalnız bir yol aparırdı, bu yoldan keçənlərin daxmada müşahidə aparan adamın nəzərindən yayınması mümkün deyildi. Bax bütün bunlar aydınlaşandan sonra ilk dəfə bunker məni doğrudan maraqlandırdı. Deyim niyə?

-Niyə, şef?

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

 

Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoaktyor Tələt Rəhmanovun xatirə gecəsi təşkil olunub.

 

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Tələt Rəhmanovun mənsub olduğu ziyalı ailə haqqında müxtəlif faktları səsləndirərək, bu ailənin əksər üzvlərinin vaxtilə repressiya qurbanı olduqlarını qeyd edib. Eyni zamanda aktyorun Bakı kinostudiyasında fəaliyyətə başlamasının tarixçəsini və bərabər çalışdıqları filmlərdə baş vermiş xatirələri danışıb. 

Sonra Xalq artisti, kinoaktyor Rasim Balayev “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində Tələt Rəhmanovun xüsusi xidmətlərindən və çəkiliş əsnasında baş verən maraqlı hadisələrdən bəhs edib. 

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğulayıb. 

Tədbir boyu Tələt Rəhmanovun çəkildiyi filmlərdən fraqmentlər tamaşaçılara təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayımına başlayıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifləri – Avstriya filoloq-alimi Andreas Kriber və alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən “Gedichtesammlung.net” portalı ən istedadlı dünya ədəbi gəncliyinin yaradıcılığını işıqlandırır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar Türkiyə mənbələrinə istinadən xəbər verir ki, iyunun 1-də təşkil edilən gecədə 2023 “Notr-Dam de Sion Ədəbiyyat Mükafatı” öz qalibini tapıb. 2008-ci ildən bəri təşkil edilən “Notre-Dam de Sion Ədəbiyyat Mükafatı” növbə ilə bir il türkcə yazılmış əsərə, digər il fransızca yazılmış və türkcəyə çevrilmiş bir əsərə verilir.

Və 2023-cü ildə  “NDS” Ədəbiyyat Mükafatı türkcə yazılmış əsərə verilib. Zeynep Kaçarın “Doğan Kitap” nəşriyyatında çap edilən “Yalnız” romanı bu il mükafatın qalibi olub.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Debüt vaxtıdır, Aytac Sahədin şeiri ilə tanışlıqdır.

 

DEBÜT

 

Aytac SAHƏD

 

YENƏ BİR ŞAİRƏ AŞİQ OLMUŞAM

 

Yenə bir şairə aşiq olmuşam,

Sulu gözlərim

Quru sözlərinə möhtac...

Belə, birtəhər yaşayıram.

 

Başqasına yazdığı şeirləri deyir mənə,

Başqasına oxuyacağı şeirləri yazır indi.

Bilirəm, nə deyirsə, yalan deyir,

Gedəcək.

Uzağı bir kitablıq ömrü var.

 

Təkcə şeir yazmır,

Hələ içir, çəkir də.

Kar etmir deyilənlər,

Pis vərdişləri tərgidə bilmir

Pis vərdiş kimi

Tərk edilənlər.

Ondan da çox gediblər...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:

 

- Cəmi bir bədxassəli şişin üzə çıxması sübut edir ki, sizdə xərçəng var. Amma bu şişin üzə çıxmaması imkan vermir ki, yüz faizlik inamla deyilsin ki, sizdə xərçəng yoxdur. Bizi həqiqətə təsdiqedici nümunələr deyil, inkaredici nümunələr yaxınlaşdırır.

 - Fakt fakt olaraq qalır: siz nəyinsə səhv olması barədə qərar verə bilərsiniz, amma nəyinsə düzgün olması barədə qərar verə bilməzsiniz.

 - İstənilən qaydanı ya birbaşa yoxlamaq olar: onun işlədiyi hallara baxmaqla. Ya da dolayı yolla yoxlamaq olar: onun işləmədiyi halları nəzərdən keçirməklə.

 - Yaddaş dinamik, öz-özünə yenilənən mexanizmdir. Biz hadisənin özünü xatırlamırıq, onun barəsindəki son xatirəmizi xatırlayırıq. Və fərqinə varmırıq ki, hər yeni xatırlama ilə süjeti daha çox dəyişirik.

 - Cins, sosial vəziyyət və peşə insan davranışını mili mənsubiyyətə nisbətən qat-qat artıq müəyyənləşdirə bilir. İsveçli kişi isveçli qadından çox toqolu kişiyə bənzəyir. Perulu filosofun perulu dalandardan daha çox şotlandiyalı filosofla ümumi dəyərləri var.

 

 “Ədəbiyyat və incəsənət”

(05.06.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə çox sevilən nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlunun “Nə yaxşı sən varsan, sevirəm səni” şeiri yer alıb. Ümid edirik ki, ağır hesab edilən bu bazar ertəsi günündə bu gözəl şeir sizin ruhunuzu oxşayacaq, sizi qəlbən yüngülləşdirəcək. 

 

 

 

Gözlərim əbədi gözünə həsrət,

Qulağım bir şirin sözünə həsrət,

Özüm bu dünyanın özünə həsrət,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Bilmirəm gözlərin necədir senin ?

Saçların bir zulmət gecədir sənin,

Bilmirəm yaşını, neçədir sənin,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Çətin yollar keçdim, yaman yoruldum,

Sevgi bulağından içdim, duruldum,

Mən səni görmədim, sənə vuruldum,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Sən hardan gəlirsən, yolun haradır ?

Bəlkə də ürəyin, qəlbin yaradır,

Bəlkə taleyimtək saçın qaradır,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Bircə yol üzünə görməsəm də mən,

Yolunda bircə gül dərməsəm də mən,

Könül açıb, könül verməsəm də mən,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Dünya dağılmazki sən mənim olsan,

Gəlib ürəyimi, könlümü alsan,

Bəlkə bir yuxusan, şirin xəyalsan,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Sənə olan sevgim könül səsimdir,

Bir xəzan çağında yaz həvəsimdir,

Bilirəm, sən varsan mənim bəsimdir,

Nə yaxşı sən varsan, sevirəm səni.

 

Mən yelkənsiz qayıq, sən uzaq ada,

Sən at belindəsən, mənsə piyada,

Bircə təsəllim var mənim dünyada,

Nə yaxşı sən varsan, sevirəm səni...

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən 28-ci Kitab və Nəşriyyat Sərgisində təşkilata üzv ölkələrin nümayəndələrinin iştirakı ilə 50 mədəniyyət və incəsənət tədbiri təşkil edir. 

 

Təşkilatın baş ofisindən AzərTAC-a bildiriblər ki, sərginin açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik tədbirlərini əksəriyyətinin bu il elan edilmiş “Gənclər İli” çərçivəsində təşkil olunduğunu deyib. Onun sözlərinə görə, proqrama bir sıra üzv dövlətlərdən gəlmiş görkəmli ziyalılar, yazıçılar və şairlərlə görüşlər, həmçinin onların iştirakı ilə aktual mədəni və intellektual problemlərə dair mühazirələr və mütaliələr daxildir. Açıq diskussiyalarda İslam dünyası ədiblərinin son nəşrləri ətrafında müzakirələr də aparılacaq. ICESCO, həmçinin gündəlik müsabiqələr təşkil edəcək və qaliblərə mükafatlar veriləcək. Bunlarla yanaşı, üzv ölkələrdən gəlmiş incəsənət kollektivlərinin və artistlərin çıxışları da təşkil olunur. 

Baş direktor diqqətə çatdırıb ki, pavilyonda təşkilatın bir sıra layihə və təşəbbüsləri, xüsusən ICESCO-nun baş qərargahında Hz.Peyğəmbərin həyatından bəhs edən İslam Sivilizasiyası Sərgisi və Muzeyinin eksponatlarını əks etdirən videoçarxlar da nümayiş olunur. Bundan başqa, pavilyonda uşaqların yazı yazması, nağıl söyləməsi və rəsm çəkməsi üçün xüsusi məkan da yaradılıb. İstedadlı uşaqların, habelə məhdud fiziki imkanları olan azyaşlıların uğurlarını nümayiş etdirmək üçün bir sıra tədbirlər də təşkil edilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

İyunun 2-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimatı və “Bağçadakı rahat yer” tamaşasının premyerası olub. 

 

AzərTAC xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru və yazıçının həyat yoldaşı Anna İbrahimbəyova tədbir haqqında məlumat verərək, təqdim olunan kitab haqqında fikirlərini bölüşüb. O deyib: "Bu gün mənim üçün çox xoş bir gündür. Ona görə ki, bu gün biz Heydər Əliyev Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş kitabın təqdimatına yığışmışıq. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Maqsud əbədidir” (“Максуд навсегда”) kitabı Azərbaycan və rus dillərində hazırlanıb. Sənədli povest janrındakı kitab dünyaşöhrətli yazıçı, nasir, kinodramaturq, rejissor, Azərbaycan Respublikasının "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenlərinin laureatı, 2012-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd Maqsud İbrahimbəyovun zəngin həyatı barədə məlumatları çatdırır. Mən buna görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Kitab möhtəşəm alınıb”.

Onun sözlərinə görə, kitabın müəllifi Əməkdar jurnalist Nadejda İsmayılova Maqsud İbrahimbəyovla 60 ildən çox dostluq edib. Kitab təkcə Maqsud İbrahimbəyov haqqında olan xatirələrdən ibarət deyil, bu, əsl bioqrafik romandır. 

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Maqsud İbrahimbəyov haqqında xoş təəssüratlarını bölüşüb: "Mənə görə Maqsud İbrahimbəyov təkcə Azərbaycan deyil, bütün dünya ədəbiyyatı üçün bir tapıntıdır. O, həqiqətən böyük yazıçı, Azərbaycan üçün fəxr olunası vətəndaş, həmçinin gözəl bir dost idi. Onun kitabları həmişə yaşayır və yaşayacaq. Azərbaycan nəinki incəsənət, ədəbiyyat sahəsi üzrə, həmçinin elm istiqaməti üzrə də dünyaya böyük şəxsiyyətlər bəxş edib. Bu cür üstün şəxsiyyətlərdən biri də Maqsud İbrahimbəyovdur. Biz onunla nəinki dost olmuşuq, hətta ən doğma insan kimi tez-tez görüşür və müxtəlif mövzularda söhbətlər edirdik. Onunla ünsiyyətdə olmaq xüsusi zövq verirdi və bunun sehrini heç cür izah etmək olmur. Böyük şəxsiyyətlərin möhtəşəmliyi də elə bundadır".

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli tədbirin əhəmiyyətindən danışaraq Maqsud İbrahimbəyovun yaradıcılığından söz açıb: "İki həftə bundan əvvəl biz Anna xanımla Vilnüs şəhərində olduq. Mən orada yerli Filarmoniyanın səhnəsində konsert proqramı ilə çıxış edirdim. Anna xanımın təşəbbüsü ilə həmin Filarmoniyanın foyesində möhtəşəm sərgi təşkil olunmuşdu. Sadəcə görmək lazım idi ki, litvalilar bu sərgini necə heyranlıqla qarşılayırdılar. Həm o sərgiyə görə, həmçinin Heydər Əliyev Mərkəzində keçirilən bugünkü təqdimata görə mən Anna xanımı ürəkdən təbrik etmək istəyirəm. Maqsud İbrahimbəyov unudulmaz insanlardandır. Bu cür böyük şəxsiyyətlər bizim həyatımızın ən gözəl səhifələridir. Onun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb. Mən yazıçı Eyyub Qiyasa da təşəkkür etmək istərdim, çünki tərcümə çox əsas məsələlərdəndir ki, bu işi də o, öz boynuna götürdü və etdi. Bu işdə əziyyəti keçən hamıya öz təşəkkürümü bildirirəm".

Sonra yazıçı Eyyub Qiyas çıxışında təqdimatın keçirilməsindən məmnunluğunu bildirərək, deyib: "Maqsud İbrahimbəyov nəyə görə hələ də oxucu üçün maraqlıdır? Nə üçün onun povestləri, hekayələri, pyesləri, filmləri bizi heyrətləndirir? Oxucu bütün bu suallara cavabı təqdim olunan kitabdan ala biləcək. Kitabın əsasını Maqsud İbrahimbəyovun öz fikirləri təşkil edir. Həyatı barədə mətbuata verdiyi müsahibələri, gördüyü sevimli işinə dair düşüncələri, dostları və həmkarları ilə apardığı şəxsi söhbətləri və s. Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün – ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Çünki onun təbliğ etdiyi dəyərlər əbədilik kateqoriyasındandır".

Tədbir iştirakçıları, eyni zamanda Mərkəzin foyesində Maqsud İbrahimbəyovun ssenarisi əsasında 1960-1970-ci illərdə çəkilmiş bir sıra filmlərin afişası və bu ekran əsərlərindən kadrlarını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim”, “Ən vacib müsahibə”, “De ki, məni sevirsən!”, “Bayquş gələndə”, “Yarımçıq qalmış mahnı” filmlərinin afişaları və fotolar yer alıb. 

Daha sonra “Bağçadakı rahat yer” tamaşasının təqdimatı keçirilib. Rejissor Tərlan Rəsulov tərəfindən səhnələşdirilən eksperimental interaktiv tamaşa Maqsud İbrahimbəyovun “Bağçada rahat yer”, “Püstə ağacı” və “Əlvida, Miledi!” hekayələri əsasında hazırlanıb. Əsərlər bir neçə onillik bundan əvvəl yazılsa da, nəinki aktuallığını qoruyub-saxlayır, hətta öz antimüharibə ovqatı sayəsində gündəmi təşkil edir. Bununla yanaşı, köhnə Bakı, nəsillərarası varislik və Azərbaycan xalqının ən mürəkkəb şəraitdə belə istənilən sınaqların öhdəsindən gəlməyə qadir olan həmrəylik mövzuları hər üç hekayədə qırmızı xətlə keçir. 

Rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Mələk Abaszadə, Şahin Növrəsli yer alıb. Gənc azərbaycanlı musiqiçi və bəstəkar Şahin Növrəsli tamaşaboyu, həmçinin royal arxasında musiqi kompozisiyaları ifa edib. 

Qeyd edək ki, ölkəmizdə böyük yazıçının xatirəsi hər zaman əziz tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Yaradıcılıq Mərkəzinin yerləşdiyi binada əsaslı təmir və bərpa işləri aparılıb və mərkəz 2018-ci ildən istifadəyə verilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli YAP Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfransda iştirak edib və çıxış edib. 

 

O çıxışında söyləyib: “Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilmiş və ya özününküləşdirilmişdir. 

Bizim torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlarına məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müəssisələri, muzeylər qarət edilib, dağıdılıb və təhqir edilib.

Etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı, ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir. Belə ki, ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.