“Deyirlər, ayrılıq elə bu imiş” – Əfşan Yusifqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə növbətə Şeir vaxtıdır, Əfşan Yusifqızının şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

Əfşan YUSİFQIZI

 

YERİYƏN YALAN

 

Deyirlər, yalanın ayağı olmur,

Yalanın üstümə yeriyir amma.

Sənin ucbatından mələr qalan eşq

Mənim ürəyimdə kiriyir amma...

 

Məni göynətsə də eşqin möhnəti,

Dözürəm, çıxmayır cınqırım qəti.

Bu dünya hər qəmi, zülmü, zilləti

Hirs ilə üstümə kürüyür amma.

 

Məndə hansı dərddən desən, tapılar,

Sevinc yükündən çox ağrı yükü var.

Sevgi olan yerdə dərd, qəm də olar,

Eşqim dərd əlindən çürüyür amma.

 

 

ŞEİR PİRİ

 

Sən müdrik kəlamım, sən ulu təbim,

Qayıt hüzur gətir, üz hörmətinə.

Ey söz övliyası, ey şeir piri,

Səni and verirəm öz hörmətinə.

 

Təbərrük götürüm hər kəlamından,

Tütyətək könlümün səfası olsun.

Qayıt, misraları təsbehə çevir,

Çəkim gözlərimə, şəfası olsun.

 

Sənə Məkkəm dedim, zəvvarın oldum,

Kəbə gözlərinin başına dönüm.

Qayıt, müqəddəsim, ey vəhy mələyim,

Ehram yollarının daşına dönüm.

 

 

QAYTAR BAHAR ÇAĞIMI...

 

Üzücü səssizlik, gecə sükutu...

Deyirlər, ayrılıq elə bu imiş.

Gözümün önündə eşqin vücudu,

Eşq ki ümid imiş, bir arzu imiş!

 

Gəl ey arzuların səbəbkar kəsi,

Gəl ey ümidimin qöncəsi, tez gəl.

Gəl ey ürəyimin kimi, kimsəsi,

Gəl ki, səndən əvvəl gəlməsin əcəl.

 

Bütün illərimin payız fəslisən,

Gətir apardığın bahar çağımı.

Sənin dözümünə, tabına əhsən,

Eşqin düşmənimi qəlbin, yağımı?

 

İçimi ağrıdır itən etibar,

Mənəm gülüşlərə həsrət olan kəs.

Yadından tez çıxıb o əhd, o ilqar,

Sən ey özü kafər, eşqi müqəddəs.

 

 

PAYIZIN RƏNGİ

 

Sevgim misralara nə gözəl hopub,

Sözüm kəlmə-kəlmə ləpələnibdir.

Mirvari muncuqtək ipindən qopub,

Bir eşqin üstünə səpələnibdir!

 

Mən elə bilirdim, heç kimsə duymaz

Qadın ürəyinin çırpıntısını...

Anlayan olmazsa, yazmağa dəyməz

Bir qəlbin bu qədər sıxıntısını.

 

Yazdığım sətirlər, dediyim sözlər,

Bəlkə də, həsrətin ahəngi deyil.

Bir misra boyunca yol çəkən gözlər

Bozarmış payızdı, yaz rəngi deyil!

 

 

SONSUZ AYRILIĞIM…

 

Sevgi əvvəlindən hicran, həsrətlə

Dünyaya bir gəlib, qoşa doğulub.

Bilsən neçə sevən, neçə sevilən

Alovlarda yanıb, qəmdə boğulub.

 

Deyirsən, zülməti öyrətmə mənə,

Bunu mənsiz zaman öyrədəcəkdir.

Vaxt olar, ən acı həsrət sözünü

Beçə balı kimi söylədəcəkdir.

 

Rast gəlib, bir dəfə gözümə baxsan,

Haqqın min əzabın görə bilərsən...

Səhər mehi kimi ruhuma axsan,

Dumandan min xeymə hörə bilərsən.

 

Qıyma boynubükük bənövşə qalım,

Əfşanın yarası yara üstədi.

Sonsuz ayrılığım, ay intizarım,

Dərdimin özü də dərddən xəstədi.

 

 

MƏŞĞULAM

 

Mən bir yorğun yolçusuyam bu ömrün,

Yorğun-yorğun sürünməklə məşğulam.

Ölməz eşqin atəşinə qalanıb,

Alovuna bürünməklə məşğulam...

 

Səhərləri yuxusundan kəm durub,

Hər addımda dili üstə qəm durub.

Gündüzləri gün yerində bərq vurub,

Gecə göydə görünməklə məşğulam...

 

Sevinc kimin, qəhər kimin, qəm kimin?

Qırammadım bu dünyanın tilsimin.

Çox kəsmişəm qarşısını təbimin,

Söz yazmağa ərinməklə məşğulam.

 

 

UŞAQLAŞAN VAR

 

Misraya düzülən, kövrələn, dolan,

Bir məsum körpətək uşaqlaşan var.

Bir pıçıltı qədər hələlik deyib,

Bir haray qədəri uzaqlaşan var.

 

Bir aşiq ömrünün çırağı şeir,

Bir şeir ömrünün tamı şairdi.

Məni başa düşməz nə göy, nə də yer,

Kimi dindirirsən, hamı şairdi.

 

Bəlkə, söz inciyər, küsər nə vaxtsa,

Pərilər ilhamı götürüb gedər.

Yaradan şairin sözünə baxsa,

Şair şeir ömrün bitirib gedər....

 

 

***

 

Bu həyat dənizində qayatək dayanıram,

Dalğaları üstümə coşa-coşa gəlsə də.

Ümid ilə parlayan mayaka boylanıram,

Göyün bəndi sökülüb daşa-daşa gəlsə də.

 

Bir an xəyala dalıb səmadan asılıram,

Sel yaşını silirəm göyün mavi gözündən.

Çatılmağa qoymuram ildırımın qaşını,

Çəkilir pərdə-pərdə sis-dumanı üzündən.

 

Yatırır dizi üstə dəniz dalğalarını,

Sahilinə çıxarır bu arzu, ümid məni.

İnamımsa qoruyur məğrur, şah vüqarını,

Qırx min tül arxasından süzür ağ bulud məni.

 

 

MƏN OLMASAM...

 

Bir gün məndən söz düşəndə mən olmasam...

– O, sadə bir insan idi,

Duyğuluydu, hər kəlməni duyurdu, de!

Fəqət onu duyan yoxdu...

Həssas idi, çəkəmmədi qəm yükünü,

Güvənəcək nə bir sirdaş, hayan yoxdu...

İçində bir yanğı vardı, çıtır-çıtır yanırdı, de!

Yaralıydı, yarasına nə bir məlhəm qoyan yoxdu...

Tənha idi, için-için danışmaqdan yoruldu, de!

Gizli bir dünya qurmuşdu, bünövrəsi məhəbbətdən,

Xəyanətlə yol tapdılar, eşq dünyası qaraldı, de!

Saflığından seçəmmədi yaxşı nədi, yaman nədi,

Arzuları pərən düşdü, ümid bağı saraldı, de!

Bu halını görən ruhu cismi-candan bezar oldu,

Yan keçmədi fələk oxu, ürəyindən vuruldu, de!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.