Bu gün YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi açılacaq.
Rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. Burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır.
Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.
A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.
İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır.
Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.
Qeyd edək ki, Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)