Super User

Super User

Çərşənbə axşamı, 28 Mart 2023 11:24

Azərbaycan şeiri Moldovada təqdim edilib

Moldovada rus dilində nəşr olunan “Persona” (“Şəxsiyyət”) toplusunun IV sayında klassik və müasir Azərbaycan şeirinə xüsusi yer ayrılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyi (Asociaţia Internaţională Obştească “Personalitate”) tərəfindən nəşr olunan, dünya xalqlarının Aleksandr Puşkin, Mihay Eminesku, Taras Şevçenko, Konstantinos Kavafis, Sergey Yesenin, Boris Pasternak, İqor Severyanin, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, İosif Brodski, Trayan Vasilesku, Arkadi Suçevyanu, Boris Marian, Byalik Naim Nahman, Sergey Yevstratyev, Amihay Nehuda, Teo Kiriak və başqa həm klassik, həm də müasir və tanınmış şairlərinin şeirlərinin yer aldığı topluda Nizami Gəncəvi, Rəsul Rza, Vaqif Səmədoğlu, Ramiz Rövşən və Səlim Babullaoğlunun şeirləri iki dildə-Azərbaycan və rus dillərində təqdim edilib.
Toplunun tərtibçisi və naşiri “Şəxsiyyət” Beynəlxalq İctimai Birliyinin prezidenti, Moldova Yazıçılar Birliyinin üzvü, akademik Sergey Yevstratyevdir.

“Şeirin dili birdir!” devizi ilə çap olunan topluya “Oxucuya naşirdən” adlı “ön söz”ündə Segey Yevstratyev yazır: “ İnsan qəlbini təmizləməyi, bəşəriləşdirməyi bacaran şeir-əbəbi gözəllik deməkdir. Moldova Respublikası çoxmilli dövlətdir.  Odur ki, növbəti toplunun da ideyası burdan yarandı: Moldovada yaşayan millətlərin poeziyasından nümunələri bir yerə toplayaq. Həm klassikləri, həm müasirləri. Hər bir şairin şeiri həm yazıldığı ana dilində, həm də rus dilində təqdim edildi. Özgə cür, yəni bu “Babil basabasında” digər millətlərin təmsilçiləri başqalarını, öz həmkarlarının mətnlərini necə oxuyacaqdılar?! Beləcə çıxış yolu tapıldı. Ayrıseçkilik salmamaq üçün müəlliflərin mətnlərini əlifba sırasıyla təqdim etdik”. “Ön söz”ünün sonunda tərtibçi nəşrə dəstək göstərən həmkarlarına və dostlarına- o cümlədən, Kişineuda yaşayan, uzun illər Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş həmyerlimiz, tanınmış ictimai xadim və iş adamı, hüquq elmləri doktoru Vüqar Novruzova da öz təşəkkürünü bildirib.
Vüqar Novruzov da müxbirimizlə qısa söhbətində Sergey Yevstratyevin bu ideyasını və layihəsini, nəşri yüksək qiymətləndirib: “Toplunun nəşri əhəmiyyətli ədəbiyyat, sənət hadisəsidir. Bir kitabı əlinə götürürsən və onun vasitəsilə həm rumın, həm yunan, həm rus, həm yəhudi, həm Ukrayna, həm də nə yaxşı ki, Azərbaycan ədəbiyyatıyla, bizim şairlərin şeirləri də tanış ola bilirsən. Nizami bizim poeziyanın, sənətin vizit kartıdır, dünya şeirinin olimpində duran dahi şəxsiyyətdir. Ona görə də ilk növbədə şeirimizin Nizamiylə təqdimatı, sərbəst şeirimizin banisi, böyük Rəsul Rza və bu poetik yolun ardıcılları olan görkəmli şairlərimizin şeirlərinin kitabda yer alması da əlbəttə təsadüfi deyil. İnanıram ki, poeziyasevərlər üçün qiymətli hədiyyə olmaqla yanaşı bu toplu həm də xalqların bir-birini yaxından tanımasında az da olsa rol oynayacaqdır”.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 08:30

Hara gedirik? Qlobal maliyyə sabitliyi riskləri artıb

 

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal bazarlarda qeyri-müəyyənlik yüksək olaraq qalır və maliyyə sabitliyi riskləri artıb.

 

BVF-nin rəhbərinin “2023 - Çin İnkişaf Forumu”nda çıxışı mediada yayımlanıb: “Borc səviyyələrinin getdikcə artdığı bir dövrdə inflyasiya ilə mübarizə üçün zəruri olan və uzun müddət davam edən aşağı faiz dərəcələrindən daha yüksək dərəcələrə sürətli keçid qaçılmaz olaraq streslər və zəifliklər yaradır. Siyasətçilər maliyyə sabitliyi risklərinə cavab olaraq qətiyyətlə hərəkət etdilər və qabaqcıl iqtisadiyyatın mərkəzi bankları ABŞ dolları likvidliyinin təminatını artırdılar. Bu tədbirlər bazar stresini müəyyən dərəcədə azaldıb, lakin qeyri-müəyyənlik yüksəkdir ki, bu da sayıqlığı zəruri edir".

K.Georgiyeva vurğulayıb ki, dünyanın rəqib iqtisadi bloklara bölünməsinə səbəb ola biləcək "geoiqtisadi parçalanma" prosesi əlavə gərginlik yaradır. Onun sözlərinə görə, belə bir bölünmə insanları daha yoxsul və təhlükəli vəziyyətə sala bilər. “Bu səbəbdən qlobal iqtisadiyyat ortamüddətli perspektivdə zəif qalacaq”, -deyə o vurğulayıb.

Fondun rəhbəri bildirib ki, BVF bu il qlobal iqtisadi artımın 3 faizdən aşağı düşəcəyini gözləyir, çünki dünya üzrə bir çox mərkəzi bankların monetar sərtləşdirmələri iqtisadi fəaliyyətə təsir etməkdə davam edir. Onun sözlərinə görə, 2024-cü ilin daha yaxşı perspektivə malik olmasına baxmayaraq, gələn il qlobal artımın orta tarixi göstəricidən - 3,8 faizdən aşağı qalacağı proqnozlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 13:15

Günün fotosu: Almaniyanı tətil iflic edib

Günün fotosu: Almaniyanı tətil iflic edib

 

Almaniyada nəqliyyatçıların tətili ölkəni iflic vəziyyətinə gətirib. 

Fotoda Hamburq aeroportundakı vəziyyəti görürsünüz.

Fotonun hüquqları: 

Bodo Marks/(c) Copyright 2023, dpa (www.dpa.de).

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 18:00

“Film kimi maraqlı bir ömür yaşadım” - Anar

 


Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 85 illik yubileyini qeyd etdi. Və yubiley sonrası onun yazdığı qeydləri “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.

 

85 yaşım tamam oldu. Ad gününün həyəcanları – sevincləri, qayğıları, təbrikləri, təlaşları, fərəhləri, acıları bitdi. 

Bayram tətilləri başladı. Bu yeddi-səkkiz gündə yarımçıq qalmış işlərimi tamamlamağı düşünürəm. Amma bu gün – bəlkə də son otuz-qırx ildə ilk dəfə heç bir işə başlamıram. Nə idarədəyəm, nə də evdə kompüterin arxasına keçirəm. Televiziya qarşısında oturmuşam, Vivaçi kanalında Baxın ecazkar musiqisi səslənir.

Birdən-birə an içində gözlərim açıq ola-ola sanki yuxu görürəm. Xəyalmıdır  bu, ya qəflətən canlanmış xatirələr?

Xəzər sahilindəyik. Mən və anam. Anam lap cavandır. Mən beş yaşındayam. Qızmar qumlar yalın ayaqlarımızı yandırmasın deyə ləpədöyənlə addımlayırıq. Arada qayaların kölgəsində dincəlirik. Mən əllərimlə kiçik quyucuq qazıram. Dəniz həmişəkindən daha mavidir. Göy üzü həmişəkindən daha geniş, daha açıqdır. İlıq meh incə nəvazişlə üzümüzü, saçlarımızı oxşayır. 

İçimdə bu inanılmaz fərəh hissi, xoşbəxtlik duyğusu nədəndir? Bəlkə ondandır ki bütün ömrüm hələ qabaqdadır. «Bütün ömrüm hələ qabaqdadır» – bir bu cümləni həqiqət kimi təkrar etməyi dünyanın bütün nemətlərinə dəyişməzdim.

Amma şikayətçi deyiləm. Film kimi maraqlı bir ömür yaşadım. Heyif ki, təkrar etmək mümkün deyil.

Ad günüm münasibətilə məni təbrik edənlərə, varlığımı unutmayanlara, barəmdə xoş sözlər deyənlərə və yazanlara dərin minnətdarlığımı bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlər janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 124 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.

Mövzu ilə bağlı ssenarist, rejissor, “Xalça nəğməsi”  filminə görə  1-ci Beynəlxalq Yalta kinofestivalının  baş mükafatçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun Referans.az-a verdiyi müsahibəni Daycest bölümündə sizə təqdim edirik:

 

 

* Azərbaycanda güclü kino sənayesinin yaranması üçün nələr lazımdır və buna nələr mane olur?

"Çox təəssüf ki, bu gün Azərbaycanda çəkilən bir çox filmlər mövzu seçimi  azadlığını, təqdim edilən  kino nağılın vizual  dərinliyini, obrazların  milli və ya fərdi xüsusiyyətlərini  vizual mədəni dəyərlər silsiləsi vasitəsi ilə auditoriyaya  yetərincə çatdıra bilmirlər. Bu filmlər eyni zamanda cəmiyyəti tərbiyə etməli olan  milli ideoloqunu, standart azərbaycanlı zövqünü və ümumiyyətlə bizim xalqın mədəni haləsini belə  özündə əks etdirmir. Azərbaycanda çəkilən filmlərin əksəriyyəti  nə milli ideoloji konteksdə  nə də ki, dünya kino taxçası reallığında  deyil. Avtonomdur. Ancaq özü üçündür. Və dünya standartlarına uyğun deyil. O, ki qaldı milli kinonun sənayeləşməsi prosesinə. Bunun özü də Azərbaycanda hələ ki bir proses olaraq təkmilləşməyib.

Azərbaycanda  kino sənayesi  ancaq  iqtisadiyyat liberallaşdığı zaman, bir yeni mənzərə kimi   formalaşa bilərdi. İqtisadi alanda  reklam və digər müvafiq bazarlar həqiqətən işlək olacağı zaman, əsl rəqəbətin olduğu zaman milli kino Azərbaycanda sənayeləşə və gəlir gətirməyə qadir ola bilərdi. Monopoliya aradan tam qaldırıldığı zaman, “pulu verən musiqini sifariş edir”  məntiqi  aradan qaldırıldığı zaman, zövqlü və pəşəkar kino prodüserlər dövrü yaranacaqdır. Ancaq o zaman kinonun sənayeləşməsindən danışmaq mükün olacaq. Hələlik isə kim nə tutdu tutdu zamanıdır.

Azərbaycanda gerçək  iş adamlarının  vergilərdən tam azad olunması şərti ilə  kinematoqrafiyaya pul yatırımları etməsi də sənayeləşmə baxımından Azərbaycan kinosunun inkişafına xidmət edə bilər. Amma bir müşkül də var. Təəssüf ki,bir çox iş adamlarının kino zövqü hələ ki, tam formalaşmayıb. Bu gün Azərbaycanda Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər yetişmir. Maarifçilik, mental zövq anlayışları də fərqlidir. Amma kino səneyesinin inkişafı baxımından iş adamlarının yəni ki biznesin kinoya yatırım qoyması gərəkliliyi mühümdür. Və biznesin qatqısı bu sahədə mütləqdir.

Amma dövlətin milli ideoloji zəminində sifariş verəcəyi və dövlətin nəzarətində olmalı olan mövzularla bağlı  filmlərin çəkilişi və bu sahənin məhz dövlət ideolojusu reallığında mövcudluğu da, mütləq təmin edilməlidir. Bu artıq dövlət sektoruna aid işdir.   

Zövqsüz kino sənayesinin  yaratdığı  filmlərinə örnəyi Azərbaycanda var. Bu gün də mollarda, supermarketlərdə nümayiş etdirilən bəsit Azərbaycan komediyaları. Əlbəttə bu filmlər Azərbaycan mədəniyyətinin göstəricisi kimi təqdim oluna bilməz. Bununla belə kino səneysi, kino biznesi dediyimiz amil nə yaradırsa o yaradılanla da razılaşmağa məcburuq. Bu gün milli mentallıq bu səviyyədədir. Təhsil və mədəniyyət bu gün bu tip tamaşaçı zövqü formalaşdırıb. Sifariş budur. Və sənaye onu satır. Hələki Azərbaycan kino biznesi  intellektual baxımdan Azərbaycan mentallığını  tam əks etdirməyən bu təbəqə ilə işləyir. Müəlif kinosu anlayışı isə yeni-yeni formalaşır.

Müəllif və festival filmləri tamam ayrı mövzudur.Bu faktor daha çox adla,istedadla bağlıdır. Yeni və daha yüksək zövqlü kinomotoqraf da Azərbaycanda daha çox  intellektual rejissorların, ssenaristlərin və operatorların özlərinin  birbaşa biznes ilə qura biləcəyi təmasından yaranacaq. Bu da kino sənayesinin bir qoludur. Yəni onu demək istəyirəm ki, Azərbaycanda yaranacaq kino sənayesi əlbəttə ki, polifonik reallıqda inkişaf edəcəkdir.  Bununla belə kino sənayesinə maneə olan ən mühüm amil kinonun bu gün bir əldən, bir mənbədən yəni dövlət tərəfindən maliyyələşməsidir. Və eyni zamanda həmin maliyyəni öz ağlında bölən, həmin maliyyə ilə işləyən qurumların səriştəsizliyidir. Çünki kino bildiyimiz kimi ən əvvəl peşəkarlıq və zövq məsələsidir. Ona görə də kinoya pul verən qurum ən əvvəl zövqlü, peşəkar və obyektv olmalıdır ki, bütnü tərəfləri əhatə etsin.

Mənim “Turan atı” adlı bir ssenarim var. Bu ssenarini  Türkiyə kinematoqrafçular dərnəyinin başqanı oxuyub bəyəndi və onun əsasında film çəkmək istəyini dedi. Və həmin adam o zaman Azərbaycana gəldi, mənim ssenarimi aldı, mənimlə müqavilə də imzaladı. Həmin məktubu o zaman kinostudiyanın direktoru olan dostum Müşviq Hətəmova da verdim.  Hətta İran tərəfi da bunu maliyyələşdirmək istəyirdi.Rejissor Babək Şirinsifət də işin içində idi. O zaman mən də Mozalan satikrik kinojurnalının direktoru idim. Türklər Azərbaycandan sadəcə logistik dəstək istəyirdilər.  Düz bir il ərzində biz o logistik dəstəyi mədniyyət və turizm nazirlyindən ala bilmədik. Ala bilmədiyimizə görə onlar məndən inciyib  getdilər. Və o film çəkilmədi. “Turan atı” Nuru paşanın Bakını  işğaldan azad etməsi ilə bağlı bir ssenari idi.Və bizim  dünyada tənhalığımızı əks etdirirdi. Bu təbii ki,  məsələ bu gün mənim incikliyim deyil. Sadəcə sonra Qarabağı biz işğaldan azad etdikdən sonra,Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana  gələndə bizim ona göstərməyə hər ikimizin taleyi ilə bağlı bir film tapılmadı. Halbuki mən bu ssenarini yazmışdım. Bu gün də Kino Agentliyi bütün situasiyalara  hazır olmalıdır. Və bizim üçün sokral olan mövzular ilə bağlı  Azərbyacnan tarxinin şərəfli səhifələri ilə bağlı, milli ideoloji zəmində  filmlər çəkilməlidir. O ki, qaldı səneyələşməyə bu iş Azərbaycanda  altı amildən aslıdır.  

1.İqtisadiyyatın liberallaşması;

2. İş adamlarının, kinematoqrafiyaya pul yatıran insanların vergidən azad olunması;

3.Düzgün kino konsepsiyasının yazılması və qəbul olunması;

4. Kinemotoqrafiyanı idarə edəcək daha çevik, obyektiv və işlək  mexanizmlərin yaradılması və təkmilləşməsi;

5. Kino təhsilnin bərpa edilməsi;  

6. Kino industriyada çalışan mütəxəssislərin daha çox xaricdə praktika keçmələri və Azərbaycana qayıdıb həmin artıq işlək olan mexanizmləri Azərbaycanda tətbiq etmələri."

 

* Kino-aktyor məktəbi hansı səviyyədədir? Bunu necə qiymətləndirirsiniz?

"Kino bildiyimiz kimi kollektiv sənətdir. Onu bir adam yaratmır. Aktyorlar kinoda çox  mühüm bənd olsalar da, ən mühüm bənd deyillər. Bununla belə aktyorsuz kino olmur. Azərbaycanda kino aktyor məktəbi həmişə olub, bu gün də o ənənə pis və ya yaxşı şəkildə  yaşanmaqda və görünməkdədir. Bununla belə mən daha çox kinoda  ikinci dərəcəli kino mütəxəssisləri adlandırılan təbəqədən danışmaq istəyərdim. Bu təbəqə kinonu çiyinlərində daşıyan  adamlardır. Onlar, ikinci operatorlar, səs rejissorları, assistentlər, dekorçular, kostyumçular, dekor və geyim rəssamları, kino administratorlardır. Bu eşelon artıq Azərbaycanda yox olmaq üzrədir. Bu insanlar uzun illər kino sahəsində  çalışmış və illərlə təcrübə qazanmış insanlar olmalıdırlar. Təəssüf ki, biz bu ikinci eşelon  peşəkarlarını artıq itirmişik. Azərbaycanda çox az belə peşəkar  qalıb. Ola bilsin ki, dediyim peşələrə  uyğun hər hansı bir  universitetdə bu kimi  ixtisaslar tədris olunur. Hər il müəyyən sayda operatorlar,  rejissorlar bu universiteti bitirirlər də. Amma üzə çıxan həmin o yükü daşımağa qadir olan peşəkarlar bu gün yetişmir. Mən uzun illər kinemotoqrafya sahəsində çalışdığım üçün çox şadam ki, o azman sənətkarları görmüşəm. Onlarla birlikdə işləmişəm. Bu gün onlar sağ olmasalarda, Azərbaycan kino  məktəbinin əsasını qoymuş şəxslərdir.  Bununla belə Azərbaycanda kino- məktəbinin yenidən həmin qaydalarla  bərpa olunmasına ehtiyac var".

 

* Ssenari yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz? Rejissorlarımız tez-tez deyirlər ki, çəkməyə ssenari yoxdur. Nə dərəcədə razısınız.

"Əgər  hansısa  rejissor söyləyirsə ki, onun çəkmək üçün ssenarisi yoxdur ümumiyyətlə  ssenari tapmır, deməli o rejissor deyil.  Çünki rejissor kinematoqrafiyaya  öz mövzusu  ilə gəlməlidir. Əgər onun sözü, ssenarisi və ssenaristə  sifariş verməyə beynində mətni, hekayəsi yoxdursa o ümumiyyətlə kinematoqrafiyaya  gəlməməlidir. O, rejissor ki, 20 il sonra nə çəkəcəyini  bilmirsə ,o rejissor deyil. Mən əminəm ki, Azərbaycan ədəbiyyatında 10-a  yaxın dünya çaplı ssenari var, sadəcə bunu  çəkəcək rejissor yoxudr. Məsələn, Tağıyevin əhvalatı. Özü -özünü yaradan milyonçunun əhvalatı. Nuru paşanın əhvalatı, Tusinin  əhvalatı. Bunları ona görə deyirəm ki, şəxsən mən bu ssenariləri yazmışam və məndə  əhvəlatlar var. Mənim ssenari faylımda 10-a yaxın çəkilməmiş  ssenarim qalıb.  Düşünürəm ki, onları  da zamanı gələndə hər  hansı gənc rejissor tərəfindən çəkiləcək. Amma bu gün çəkilsə daha yaxşı olardı. Ümumiyyətlə bizim ssenari sahəsində korluğumuz  yoxdur".

 

* Beynəlxalq festivallarda son zamanlar az-az filmlərimiz iştirak edir. Bunu daimi etmək üçün, bu uğuru qazanmaq üçün nə lazımdır?

"Azərbaycan kinosunun beynəlxalq festivallara  çıxmaq  istəyi düşünürəm ki, təbiidir. Çünki  tanınmaq, Azərbaycan marağını və  mövzusunu dünyaya çıxarmaq hər bir rejissorun istəyidir. Bu təbii istəkdir. Amma bir şərtlə, gərək Azərbaycan  marağı  festival şərtləri ilə redaktələrə məruz qalmasın.

Beynəlxalq  festivallara çıxmaq üçün beynəlxalq standartlara uyğun filmlər çəkmək lazımdır. Filmin  texniki tərəfləri,mövzu standartları da  nəzərə alınır. Kadr və nağıl peşəkar səviyyədə qurulmalıdır. Aktyorun üzünə qədər düşünülməlidir. Və nəhayət ən vacib amil istedad  olmalıdır".

 

* Yeni yaradılan Kino Agentliyi ilə bağlı nələr demək istərdiniz? Bu qurumdan hansı gözləntiləriniz var?

"Yeni yaranmış Kino Agentliyinə ən əvvəl  obyektiv olmağı tövsiyyə edirəm. Azərbaycan  kino sahəsində bu gün dahi yoxdur. Ona görə də hamıya iş verilməlidir. Gözləntilərim çoxdur. Azərbaycanda kinonun dirçəldilməsi birinci şərtdir. Azərbaycanda kinematoqrafiya sistemi daha yeni modeldə və formtada yenidən təşkilatlanmalıdır. İstedadlı adamları zövqündən, mövqeyindən, hər hansı bir təşkilata aid olub olmamasından asılı olmayaraq bütün ciddi kinematoqrafçıları  həmin bu agentlik öz ətrafında toplamağı və onlara düzgün sifarişlər verməyi bacarmalıdır. Azərbaycan kinosunun dünyaya çıxarılması zəminində konstruktiv və real addımlar atmağı bacarmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda bu Kino Agentliyi daxil  olmaqla administrativ  heyətlər həddndən artıq çoxdur.İş isə az. Məsələn, iki dənə kinematoqrafçılar ittifaqı var. Boynumuza alaq ki,Azərbaycan üçün bu  çoxdur.

Kino Agentliyi  kino ictimaiyyəti ilə  birbaşa təmasda olmamışdan əvvəl özünün milli ideoloju zəmində  “kinematoqrafik konsepsiyasını”  işləyib hazırlamalıdır.  Və bu layihəni  müzakirə üçün gündəmə çıxarmalıdır. Peşəkər kinematoqrafçular bunu ən azından müzakirə etməlidirlər.

Mənim kinodan istədiklərim  ilk  növbədə istedadlıra yolun verilməsidir.. İnsanların kinodan uzaqlaşdırılmamasıdır. Yaşından, başından asılı olmayaraq bütün kino qüvvələri həmin bu Kino Agentliyi ətrafında işlə təmin olunmalıdır.

Kino Agentliyi bugünki reallıqda həm daxili bazarı  həm də xarici kinematoqrafik reallığı çox dərindən və dəqiq mənimsəməli və bu reallıqlara  uyğun filmlər sifariş verməlidir.

Festivala gedən müəllif  filmlərinin  çəkilməsinə də kömək edilməlidir. Amma bu o demək deyil ki, bir tərəfi maliyyələşdirib, o  biri tərəfi tam nəzarətdən kənarda  qoyasan. Həm dövlət sifarişi ilə çəkiləcək filmlər, həm müəllif filmləri,  həm  koomersiya filmləri.  Bir sözlə  bütün sahələri əhatə edən filmlər eyni proporsional qaydada nəzarətdə saxlanılmalıdır.

Eyni zamanda kino məktəbinin açılması, kino təhsilinin bərpa olunması, Azərbaycanlı gənclərinin xaricdə kino təhsili almaq  üçün göndərilməsi, kinematoqrofın hörmətinin  özünə qaytarılması, televiziyalarla və sosial şəbəkələrlə düzgün qurulamalı olan  işlər... Bütün bunlar əlbəttə ki, Kino Agentliyini üstünə düşən çətin məsələlərdir.

Son 3-4 ildə çəkilən filmlər hardadır? Bu filmlər də ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır ki,  görək dövlətin vəsaiti hara xərclənib. Filmlər pisdir ya yaxşıdır bu sonrakı söhbətdir. Əsas məsələ odur ki, həmin filmlər hardadır? Niyə insanlara göstərilmirlər ?   

Axı kino cəmiyyətin aynasıdır. Gərək orda hər zad olduğu kimi görünə".

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 16:30

Dilarənin 60 illiyinə gecikmiş yazı

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı qələmdaşı Dilarə Quliyevanın 60 illik yibileyi münasibəti ilə qələmə aldığı yazısını oxuculara təqdim edir. 

 

 

Onun adı Dilarə! "Sosialist Sumqayıtı" qəzetinə kiçik xəbərlər yazdığım illərimin ilk tanışlığı. İlk jurnalist həmkarlığı, ilk munis gözəllik görüntüsü... Bu o illər idi ki, biz  1980-ci illərdə Sumqayıt şəhərində məktəbi bitirib azad həyata atılmışdıq. 

 

Doğulduğumuz şəhərin qəzetində ilk imzalarımız görünürdü. Sonra yollarımız  1991-ci ildə "168 saat" qəzetində birləşdi. O gündən bu günə heç nə dəyişmədi. Sonra  bifəva dünyanın rüzigarı bizi "7 gün" qəzetinə apardı. Ancaq  bir-birimizə hər zaman bacı, sirdaş olduq, küsdük də, incidik də, ancaq dönmədik. Bizim bir-birimizə olan hörmətimiz, ehtiramımız əbədi dostluq sevgisidir. Biz bir-birimizə ruhən bağlıyıq. Bizi bir-birimizə bağlayan həm də jurnalist məsləkimizə olan sevgimizdir.  Bu günlərdə Dilara Quliyevanın yubileyi oldu. Əzizimin sonuncu iş yeri Azərbaycan Dövlər Televiziyasıdır. 17 ildir ki, burada çalışır. Onun yaratdığı sənədli filmlərlə Azərbaycan Dövlət Televiziyasının sənədli verilişlər  fondu - portretlər, tarixi abidələr, Azərbaycan təbiəti, xalqımıza məxusus milli -mənəvi dəyərlər, ölkəmizin tanınmış alimlərinin yaradıcılığından bəhs edən verilişlərlə zənginləşdi. Dilarə Quliyeva o qədər zəngin, o qədər müdrik bir juranlistdir ki, onun hər sözü bir dərs kitabıdır. Dilarə Quliyeva juranalistikamızın ləyaqət rəmzidir.  Onun dünya haqqında, vətən haqqında, həyat, musiqi, ayrılıq, dövlətimiz, Azərbaycan haqqında fikirlərini dinləyəndə, elə bil ki, müdrik filosofları Əflatunu, Ərəstunu... dinləyirsən. Dilarə Quliyevanın öz mizan-tərəzisi var ki, dünya onun tərəzisində çəkilsəydi, dəyərlər onun tərəzisində ölçülsəydi, heç zaman dünyanın mizan-tərəzisi pozulmazdı. 

Azərbaycan Dövlət Televiziyasının arxivində saxlanılan ən qiymətli sənədli filmlər- təbiətimiz, vətənimiz, elm xadimlərimiz haqqında kimsə onun qədər dəqiq və əhatəli veriliş hazırlamadı. Dilarə Quliyeva  həmsöhbəti ilə elə danışdı ki, həmin insanın kim olduğunu, vətənə nə qədər gərəkli oduğunu bütün çılpaqlığı ilə tamaşaçıya çatdırdı.

 Dilarə Quliyevanı  AzTV unutmayıbsa, qoy sevinsin ki, 66 yaşlı bu TV-nin belə dəyərli bir əməkdaşı var.

Əziz Dilarəm, sözüm, söhbətim, sevinc və dərd ortağım, nə yaxşı ki, varımsan. Sən mənim "Qalibiyyət: şəhidlər və şahidlər" kitabımın redaktoru oldun.  2020-ci ilin Vətən  Müharibəsi şəhidləri haqqında isə ölməz bir kitab ərsəyə gətirdin: "Məni göylərdə axtarın"  kitabında 40 şəhidimin həyatını bir ana kimi, bacı kimi yazdın. “39 düyün" hekayələr kitabın isə bir dünya sirrdir. 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 16:00

Aşıq Hüseyn Bozalqanlının 155 illiyinə

Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus rolu olan ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 155 illik yubileyi bu ilə təsadüf edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1868-ci ildə Tovuzda anadan olmuş və XIX əsrin sonları, XX əsrin birinci yarısında ustad aşıq kimi təkcə Gəncə-Tovuz bölgəsində deyil, Azərbaycanın hər yerində, eləcə də Göyçədə və Borçalıda da məşhur olan Hüseyn Bozalqanlının 155 illik yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyinin ayrıca tədbirlər planı var. Bu sıradan ilk tədbir kimi “Mədəniyyət” televiziya kanalında həftəlik yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə ustada həsr olunacaqdır.  Müxtəlif bölgələrdən ustad aşıqların dəvət olunduğu həmin verilişdə Hüseyn Bozalqanlının şeirləri ifa olunacaq, dastan və rəvayətlərindən parçalar söyləniləcəkdir.

Eyni zamanda bu böyük sənətkarın 160 illik yubileyi münasibəti ilə Tovuzda, Gəncədə və Bakıda tədbirlər keçirilməsi nəzərdə tutulur.  

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

Çərşənbə axşamı, 28 Mart 2023 15:30

Rəsm qalereyası: Soltan Soltanlı, “Biçinçi".

Rəsm qalereyası: Soltan Soltanlı, “Biçinçi". 

 

Kətan, yağlı boya. 51x39 sm. 2023.

www.soltan-soltanli.com

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyevadan21.04.1998-ci il tarixində götürülmüş müsahibə. 

 

-Lətifə xanım, aktyorun həyatda da oynaması vacibdirmi?

-İki şeyi həmişə unutmuşam: qaynana və aktrisa olduğumu. Teatrdan çıxan kimi unutmuşam ki, aktrisayam. Birdən ya birinin baxışından, ya sözündən yadıma düşüb ki, mən aktrisayam. Məncə, aktrisa sadə da ola bilər. Mən Özbəkistanda, Türkmənistanda, Gürcüstanda elə sadə xalq artistləri görmüşəm ki, heç deməzsən ki, bunlar aktrisadırlar.

- Sizə nə əcəb fəxri ad verilməyib?

-(Fikrə gedir). Səhnə mənə nə verib ki, fəxri ad da versin. Mən ilk dəfə tamaşaya çıxanda səhnəni diz çöküb öpmuşdum. O vaxt mənə gülənlər olmuşdu. İndi belə etmərəm. Belə etməməyə mənim haqqım var. Ömrümün 30 ilini, ailə  saədətimi, səhnəyə qurban verdim. Əvəzində nə gördüm? Atam vaxtilə aktrisa olmağımı istəmirdi. İndi görürəm ki, haqlı imiş. Mən vaxtilə sənətə gəlməyimə etiraz edənlərin yanında xəcalətliyəm. Oğluma aktyor olmağı məsləhət görəndə qışqırdı üstümə ki, “kəs səsini, aktyor olmaq sənə nə verdi ki, mənə də nə versin”. Bəlkə də, düz deyirlər. Bəyəm doğulduğum yerdə yaşayıb, toyuq-cücəsi, qoyun-quzusu, həyət-bacası olan bir kənd qadını ola bilməzdim?

- Yəni doğrudanmı, sizin qədər məşhur aktrisaya bu otuz ildə bircə dəfə də olsun fəxri ad vermək barədə düşünməyiblər?

-Mən indi Xalq artisti olmalıydım, amma heç Əməkdar da deyiləm. Bir dəfə on il əvvəl mənə Əməkdar artist adı verməliydilər. Mədəniyyət nazirliyinin işçisi Elmira Əlyeva zəng vurub məni təbrik etdi, dedi Əməkdar artist adı almağın barədə qəzetdə məlumat veriləcək. Sabahısı məlum oldu ki, adı veriblər Gülşən Qurbanovaya. Teatrın o vaxtkı rəhbərliyi mənə üzrxahlıqla bildirdi ki, Lətifə, bizdən olmadı bu, biz sənin adını yazıb vermişdik, yuxarıdan zəng vurub dedilər ki, filankəs olmalıdır.

- Həyatda çoxmu pisliklə qarşılaşmısınız?

-Mən həmişə maneə hiss etmişəm. Gözləmişəm ki, nə vaxt mənə arzusunda olduğum dramatik rollar verəcəklər. Gözləyə-gözləyə də gəlib 54 yaşa çatmışam. Bircə dəfə mənə bir dramatik rol verdilər. Onu elə müvəffəqiyyətlə oynadım ki, daha rol vermədilər. Mənim, ümumiyyətlə, bir səhvim olub. Mən hiyləgərlik bilməmişəm. Nəyim varsa, elə məşq prosesindəcə açıb-tökmüşəm ortalığa. Ona görə ehtiyat ediblər ki, gələcəkdə kiminsə yerini dar edərəm. Tez başlayıblar mənə mənfi tipajlar, komik, epizodik personajlar verməyə. Bir dəfə teatrımıza xarici qonaqlar gəlmişdilər, tamaşamıza baxdılar, mənim obrazlarımı çox tərifləmişdilər. Mən də sadəlövhlüyümdən açıb bunu Firəngiz xanım Şərifovaya deyəndə qayıdasan ki, “səsini kəs, bu barədə bir adama bir kəlmə də demə. Yoxsa səni atdıraram bayıra”. Mənim heç vaxt, heç kəsin rolunda gözüm olmayıb. Sadəcə olaraq, mən də bir aktrisa kimi         inkişaf etmək istəyirəm. Qoy lap “prosmotru, premyeranı” oynasın, 5-6 tamaşanı da dalbadal oynasın. Amma insandır da, bir dəfə toya gedər, Allah eləməsin, xəstə olar, mən oynaram. Təxminən 2-3 il əvvəl Firəngiz xanım, məni çağırıb deyir ki, “niyə mənim dublyorum olmaq istəyirsən, nə istəyirsən məndən?” Nə vaxta qədər bitki, meymun rolu oynayım?

- Amma deyilənlərə görə, sizin meymununuz hətta xarici sənətşünasların belə diqqətini cəlb edib.

 - (Gülür) Olub belə şey. Xanım rolunu oynamağa nə var ki. Amma insan ola-ola heyvan rolunu oynamaq çox çətindir. Axı, mən bilirəm ki, içimdəki başqa şeydir. Mənim Gertrudam meymun olub, Dezdemonam sarmaşıq. Meymun rolunda sözüm də yox idi. “Qaraca qız” adlı tamaşanın quruluşçu rejissoru Ulduz xanım Rəfibəyli idi. Tamaşaya baxan xarici qonaqlara Ulduz xanım süfrə açmışdı. Tamaşadan sonra düşündüm ki, mənim o məclisdə oturmağıma ehtiyac yoxdur. Onda lap utancaq idim. Teatrdan, arxa qapıdan gizlicə çıxdım. Gecə növbəsində xəstəxanada sanitar işləyirdim. Növbəni təhvil almalı idim. Bir də gördüm Ulduz xanım ardımca düşüb, məni çağırır. “Sənə nə olur, haqq olur, sən ölməlisən!” dedi. Məni zorla geri qaytardı (gözləri dolur). Nə yaxşı ki, belə insanlarla da rastlaşmışam həyatda. Sən demə inanmayıblar ki, meymun rolunu oynayan insandır, elə biliblər ki, meymundur elə. Baxmaq istəyirmişlər ki, görək axı, bu, necə aktrisadır. Hamısı əlimdən öpürdülər. Dedilər ki, Praqada festival olacaq, əgər bu tamaşa festivala getsə, meymun rolu orada ən yaxşı yerlərdən birini tutar. Bu rolumdan sonra Ulduz xanımın köməyi ilə iki otaqlı ev verdilər mənə.

- İndi həmin evdə yaşayırsınız?

- Yox, bu evi iki ayrı-ayrı birotaqlı mənzillə dəyişmişəm. İki oğlum var. Hərəsi öz ailəsi ilə bu mənzillərin birində yaşayır.

- Bəs, siz harada olursunuz?

- Bir həftə birinin, bir həftə o birinin evində, rəfiqələrimin yanında.

- Kraliça  Lir vəziyyətinə düşməkdən ehtiyat etmirsiniz ki?

- (fikrə gedir, ağır-ağır) Edirəm...

- Həyatda rastlaşdığınız pislik və haqsızlıqlar sizə pislik edənlərə eyni formada cavab vermək arzusu doğurmayıbmı?

- Mənim şüarım yaxşılıq olub. Düşmənlərimi belə  sevirəm. Özüm də özümün bu cəhətimə nifrət edirəm. Tale məni əyib, həyat məni sındırıb. Yaxşı ki, Hüseynağa Sadıqov, Tariyel Qasımov kimi insanlar var imiş. Bu adamlar çətin günlərimdə mənə arxa durmasaydılar, yəqin ki, intihar edərdim.

- Heç intihar etmək istəmisinizmi?

 -Bir neçə dəfə istəmişəm. Amma, görünür, Allah məni saxlayıb. İki il əvvəl Prezident teatrımıza gəlmişdi. Məni onun görüşünə buraxmadılar ki, sənin “zvaniyan" yoxdur. Bu, o demək idi ki, get çatla, öl! Ağlaya-ağlaya gedirdim. Kim bilir, bəlkə də, mən o gün özümü metronun altına ata bilərdim. Birdən tanımadığım bir nəfər üzümə baxıb qayıtdı ki, “sən “İtkin gəlin”də Cahan rolunu oynayan deyilsən? Nə olar, sən Allah, belə qocalma!” Bu söz məni saxladı. Sonra başa düşdüm ki, bunu Allah dedirdib ona.

-Butun bunlar sizin adamlara qarşı kin bəsləməyinizə səbəb olmayıbsa, onda sizə heykəl qoymaq lazımdır.

-Baş rejissorumuz Ağakişi Kazımov bir dəfə mənə dedi ki, sən bütün pislikləri qatlayıb qoymusan dizinin altına. Bu, özümdən asılı deyil. “Kərgədan buynuzu” filminə bizimlə birlikdə çəkilən 100 yaşlı qoca bir rus aktrisası var idi. Onda görücülük qabiliyyəti var idi. Birdən-birə o bamının içində mənə baxıb dedi: “Sən ancaq xeyir işlər görməlisən, bu sənin ömrünü uzadar”.

- Xeyir işlər görmüsünüzmü?

-Elədiklərimi gərək yaxşılıq etdiklərim deyəydilər. Bəlkə də, onlardan bir çoxu indi məşhurlaşıb, utanırlar deməyə ki, bizə beç bir fəxri adı olmayan Lətifə kömək edib. Rayona qastrola gedəndə Məleykə Əsədovanı Bakıya – teatra mən gətirmişəm. Xahiş etdilər ki, kömək et, gətirdim Bakıya, teatra işə düzəltdim, indi heç yerdə demir ki, məni bu sənətə kim gətirib və necə gətirib.

- Oğlanlarınızdan razısınız?

-Razıyam. Böyük oğlum Etibar mənimlə birlikdə özümün yaratdığım “Haray” teatrında işləyir. Kiçik oğlum Arif kompyuterçidir. Dörd nəvəm var. Mənə də Xannənə deyirlər. İranda “Divlər zindanı” filminin çəkilişinə gedəndə iranlı bir kino işçisi mənə belə demişdi. Bunu eşidib nəvələrim də belə deyirlər.

-“Haray” teatrından gələn gəlir dolanışığınıza bəs edir?

-Biletin birini ya min, ya da beş yüz manata (devalvasiyadan əvvəlki pul – red.)  satıram. Rayonlara qastrola gedirəm. Gedəndə pul borc götürürəm, qayıdanda borcu qaytarıram, özümə qalan xırda-xuruş da bəs edir ki, acından ölməyim. Sağ olsun Ağakişi müəllimi, kömək etdi, bu teatrı yaratdım. Bu olmasa, neyləyərdim? Düzdür, o hələ bir rejissor kimi indiyədək mənə rol verməyib. Amma teatr yaratmağıma kömək edib.

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

-Yaxşılıqlarımı...

 

 “Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

 

 

Çərşənbə axşamı, 28 Mart 2023 14:30

Kulinariya da bir elmdir

Bəli, həqiqətən də kulinariya bir elmdir, ən azından, qədim mətbəx ənənələri olan əksər ölkələrdə bunu belə qəbul edirlər. Biz uzaqdan uzağa Fransadan, İtaliyadan, Birləşmiş Ştatlardan söz açmayacağıq, elə qonşumuz Gürcüstanı misal gətirəcəyik. Bu gün gürcü çaxırı, xinqali, xaçapuri, xarço kimi yeməklər elmi əsası, nəzəriyyəsi olan ərzaq hesab edilir. Milli mətbəximizə aid nəsnələrin ən azından bədnam ermənilər tərəfindən oğurlanması gerçəkliyində biz də bu yöndə qəti addımlar atmalıyıq.

Və bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu açıqlama verib.

“Kulinariya sahəsinin tədrisi müəyyən edilməlidir. Artıq bununla məşğuluq. Bunun üçün Almaniya və İtaliyadan mütəxəssislər dəvət olunub. Azərbaycan milli kulinariya tarixi və milli kulinariya ənənəsi ilə bağlı dərsliklərin hazırlanmasına başlanılıb. Fransa ilə də müəyyən yanaşmalar var. Lakin bəzi siyasi məsələlərə görə, hələ işlər dayanıb. Amma İtaliya və Almaniya ilə memorandumlar imzalanıb. Düşünürük ki, tamamilə yeni yanaşma və metodologiya ilə tədris işini quracağıq”, - deyə Orxan Fikrətoğlu bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.