Şair arvadları günü Featured

 

“Ədəbiyyat və incəsənət” portalı Gülüş klubunda sizlərə ustad şair Ramiz Qusarçaylının “Şairlər və şair arvadları” adlı şeirini təqdim edir. 

Şairin qənaəti belədir:

Bizdə şairlərin özündən qabaq,

“Nobel” verilməli arvadlarına.

Niyə? Cavabını şeiri oxuyandan sonra biləcəksiniz.

 

Deyirlər bu gün şairlər günüdü...Kaş şair arvadları günü də olsaydı...

 

Şairlər və şair arvadları

 

Gizlər oğrun-oğrun eşq sirlərini,

Guya arvadına şeir yazarlar.

Evində sevməzlər şeirlərini

Şairə yalandan qulaq asarlar.

 

Sıralar yan-yana  yalan vədləri

Şair arvadını yalandan sevər..

Qanorarsız kitab könlünə yatmaz,

Arvad da şairi pulundan sevər.

 

Yorar məclisləri sevgi küyləri,

Özgə xanımları bəzər şairlər.

Elə öz evində olan şeyləri

Gedib başqa yerdə gəzər şairlər...

 

Rəfdə kitab-kitab sözün xəzəli,

Saralan sevgilər gözünü döyər.

Çölün arvadına canım gözəlim,-

Evin xanımına “evdəki” deyər...

 

Hər sevgi şerinə divan qurular,

Yandan da “mollası”, “seyidi” çıxar.

Qətliam yeridi şairin evi,

Hər gün bir misranın meyidi çıxar...

 

Gün axşam “feyz”də yatan şairin

Qeybət at oynadar yorğa dilində.

Arvadı “blok”a atan şairin

Yengələr oynayar profilində...

 

Yüz yol sev yalandan,

yüz yol əzizlə,

Halalca bir eşqin verməz dadını.

Özgəyə dediyi ütülü sözlər

Dəyməz ütüsünə öz arvadının.

 

Guya əl-əl gəzir yazdığı hər söz,

Nə çox oxucudan yavan şairlər.

Bir ömür çürüdər səssiz,səmirsiz,

Xoşbəxtdi arvadı avam şairlər...

 

Gördüyü hər  gözəl,-

“ilham pərisi”,

Düşər topuğuna

izindən öpər.

Evdəki xanımın gözündən düşən

Çöldəki xanımın gözündən öpər...

 

Kürsüdə Yer yarar, Göy yığışdırar,

Kürsüdən o yana itən şairlər.

Evdə xanım-xanım öy yığışdırar,

Çöldə kişi-kişi ötən şairlər...

 

“Eşq”lərə şahiddir boz masalar da,

Qələm haqq lələyi,-

düzünü yazar.

Sağ ikən bir misra yazmasalar da

Arvadı öləndə yüzünü yazar...

 

Sözündə söz gəzən...

kitabına bax,-

İlahi, yazıqdı, çat dadlarına.

Bizdə şairlərin özündən qabaq,

“Nobel” verilməli arvadlarına.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.