Səhnəmizin Şeyx Nəsrullahı, Qəmlosu, Molla Sadığı… Featured

 

Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur

 

Hətta deyilənə görə, o, erməni obrazını o qədər içdən oynamışdı ki, küçədə onu görən bir tamaşaçı həqiqətən erməni olduğunu düşünərək ona hücum çəkmişdi…

Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur.

Azərbaycanın Xalq artisti Məlik Dadaşov komediyalarda, dramlarda, faciələrdə yaratdığı obrazlarla Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri statusunu əldə edib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının trubasına daxil olub və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.

Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.

Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.

Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.

Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.

Görkəmli aktyor 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.