“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
Çətin səndən sonra bu şəhər qala…
Tüstünün içində boğulan damam,
Dünən oğlum idim, sabah atamam,
Mən paxıl adamam, paxıl adamam-
Qoymaram kiməsə bu kədər qala.
Dünyanı böldük ki, belə kəm düşə?
Sənə sevinc düşə, mənə qəm düşə.
…Əlinə sehirli o qələm düşə,
Hamını pozasan… bir nəfər qala.
Ya tanrı gizlədib, ya cahan səni,
Bu könül saraydı- gəzir xan səni…
Axtara, tapmaya bu oğlan səni,
Dərdinin əlində dərbədər qala…
Əllərim uzanan ətəkdi adın,
Adımın yanında nə çəkdi adın…
Ömür güldanında çiçəkdi adın-
Güldan köhnəlsə də, adın tər qala.
Düşür GÜL- ÖMÜRDƏN hər gün bir ləçək,
Gətir əllərini - üşüyür əlcək.
… Bir gün uzaqlara köçüb gedəcək-
Çətin səndən sonra bu şəhər qala…
“Ədəbiyyat və incəsənət”
(08.06.2023)