Dünyanın ən məşhur muzeyləri – Nyu-Yorkdakı Metropoliten muzeyi, Parisdəki Luvr muzeyi və digərlərində qədim Yaxın Şərq əhəngdaşı filindən tutmuş VII əsr Çin heykəllərinə qədər çoxlu sayda qiymətli artefaktlar nümayiş etdirilir. Lakin onların bir hissəsi qeyri-leqal, yəni müxtəlif dövrlərdə məxsus olduğu ölkələrdən qanunsuz şəkildə çıxarılan sənət nümunələridir.
AzərTAC AFP agentliyinə istinadla xəbər verir ki, Nyu-York prokurorları dünyanın hər yerindən talan edilmiş yüzlərlə qiymətli artefaktı ələ keçiriblər. Metropoliten muzeyi Asiya, Avropa və Afrikanın ondan çox ölkəsinə məxsus olan əsərləri təhvil vermək məcburiyyətində qalan əsas qurumlar və kolleksiyaçılar arasında liderdir. Oğurlanmış sənət əsərləri üzrə ixtisaslaşan məhkəmə arxeoloqu və sənət tarixçisi Kristos Tsiroqiannis bildirib ki, bu cür hallarla bağlı həbslərin və repatriasiyaların miqyası da artır. Onun sözlərinə görə, Nyu-York qədim əşyaların qeyri-qanuni dövriyyəsi üzrə dünyanın mərkəzi şəhərlərindən biridir.
2017-ci ildən bəri Nyu-York prokurorları 1970-1990-cı illər arasında təxminən 20 ölkədən talan edilmiş artefaktları məxsus olduğu ölkələrə qaytarıblar. Onların arasında qədim Yunanıstan, Roma və Bizans imperiyaları, İraq, Çin, Hindistan və Cənub-Şərqi Asiyadan olan incəsənət əsərləri var. 2022-ci ilin yanvarında Kamboca, Pakistan, Misir, Türkiyə və İtaliya da daxil olmaqla bir neçə ölkəyə 165 milyon dollar dəyərində 950-dən çox artefakt qaytarılıb. Ötən ay isə Nyu-Yorkdakı Çin konsulluğunda keçirilən mərasimdə VII əsrə aid 3,5 milyon dollar dəyərində iki daş heykəl Pekinə təhvil verilib. Ən son restitusiya Körfəz müharibəsi zamanı oğurlanmış və 1990-cı illərin sonunda Nyu-Yorka qaçaqmalçılıq yolu ilə gətirilmiş Şumer sivilizasiyasına aid əhəngdaşı fili və alebastr öküzünün bu il mayın 19-da İraqa qaytarılması olub.
Luvr muzeyinin rəhbəri Laurens des Kars may ayında Nyu-Yorka səfəri zamanı bildirib ki, böyük muzeylər öz kolleksiyalarının tarixini bilməlidir. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Avropa və ABŞ-nin muzeylərinə gətirilən artefaktlar tez və ya gec öz sahiblərinə qaytarılacaq. Bu sənət əsərlərinin sayı isə minə yaxındır.
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)