Tarix heç zaman dahiləri unutmur... Featured

Dünən dahi yazıçı İsa Muğannanın doğum günü idi. “Ədəbiyyat və incəsənət” portalı bu münasibətlə yazılar dərc etdi. Təbii ki, portalımızın daimi müəllifi Elman Eldaroğlunun da İsa Muğanna barədə öz fikirləri var. Buyurun, tanış olun. 

 

Bu dəfə sizə Azərbaycan xalqının dahi oğullarından biri- İsa Muğanna haqqında söhbət etmək istəyirəm. Yenilik gətirmək, yeni cığır açmaq onun ömür payına düşən taley yazısı idi. Yaşasaydı bu gün 95 yaşı tamam olacaqdı. Azərbaycan ədəbiyyatında magik realizmin yaradıcısı, filosof yazar kimi yəqin ki, isasevərlər başına yığışıb, bu günü qeyd edəcəkdilər...  

 

Gənc alim, yazıçı Şəmil Sadiq onun haqqında yazır: “Etiraf edək ki, 86 il ömür sürmək hər kişininin işi deyil. Buna baxmayaraq, bu cür insanların ölümü həmişə kədər və təəssüf hissi yaşadır insanlara. Çünki İsa Muğanna kimi dahilər bir ailənin yox, mühitinin sevimlisinə və dəyərlisinə çevrilməyi bacaranlardır. İsa Muğannanın “Məhşər” romanından sonra  yaradıcılığında başlayan yeni era “Türfə” romanı kimi böyük bir əsəri ilə yekunlaşmışdı. Ədəbiyyatşünaslar İsa Hüseynov yaradıcılığında Cəlil Məmmədquluzadə təsirini qeyd edirdilər və bununla Muğannanın özü də razı idi. Amma İsa Muğannanın yazdığı əsərləri bütün ədəbi-bədii tərəfləri ilə Cəlil realizmindən uzaqlaşmış, Nəsimi, Cavid romantikasını qucaqlamışdı. Yəqin Ustad sənətkarın gəldiyi qərar da belə idi ki, bəşəriyyəti realizm yox, romantika qurtara bilər. Böyük ustad sənətkar İsa Muğanna “Türfə” romanının əlyazma variantının sonunda romanın yazılma tarixini 20.02.2009 kimi qeyd etmişdi, amma 2015-ci ilə qədər çap olunmayan bu mistik romanı - Əsəri - “Türfə”ni çapa hazırlayıb oxuculara təqdim etmək mənim qismətimə düşməsinin misilsiz sevincini yaşamışam. Bir zamanlar  müsahibələrinin birində ömür-gün yoldaşı Firuzə xanımın “bəlkə də, bu romanın çapını görməyə İsa Hüseynovun ömrü çatmayacaq” fikrinə yazıçının “Mənim sağlığımda çap olunmalıdır”,- deməsi ilk baxışda baş tutmamış arzu kimi görünə bilər, lakin söhbətlərimizin birində Firuzə xanımın “kaş Allah mənə o qədər ömür verə idi ki, İsa ölənə qədər ona özüm qulluq edərdim” fikrinə “o, mümkün deyil, çünki mən əbədi yaşayacağam”,- deyib gülümsəməsi onu ifadə edir ki, bəli, Muğanna ölməyib, əbədi yaşayır və bu gün də əsərinin çapını görüb sevinir...”

 

Haqqında söhbət açdığım İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra tibb instituna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan ADU-nun filologiya fakultəsinə daxil olub. 1952-ci ildə isə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. İki il “Azərnəşr”-də Ədəbiyyat şöbəsinin redaktoru işləyib. 1960-1964-cü illərdə isə “Literatunıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri olub. Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, altı il redaktor vəzifələrində çalışıb, beş il də “Ssenari şurası”nın üzvü olub. Bir neçə il də Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifəsində işləyib. Sağlığında Əməkdar incəsənət xadimi, xalq yazıçısı fəxri adlarına layiq görülüb və “Şərəf nişanı”, “İstiqlal” ordenləri ilə təltif olunub. 1 aprel 2014-cü ildə vəfat edib...

 

Deyirdi ki,- “Mən ədəbiyyata gələn dövrdə mənim kimi yazıçılar yox idi. Mən Mirzə Cəlildən öyrənirdim. Çar dövründə zülm altında olan yazıçılar həqiqəti qələmə alırdılar və millətə xidmət edirdilər. Mirzə Cəlil tənqidi əsərlər yazsa da onun qələmə aldıqları bizim xalqın həyatında proqressiv rol oynayıb. "Poçt qutusu” mənim bir çox mövzuları işləməyimə təkan verib. Beləliklə mənim ətrafımda yeni bir nəsil yetişdi. Anar, Elçin, Mövlud da o yolla getdilər. Ədəbiyyatda proqressiv yol bunlara aiddir. Onlar dünya ədəbiyyatına çıxmağa layiqliyə doğru gedirlər. Anarın "Ağ qoç, qara qoç” əsərini qiymətləndirirəm, bu barədə məqalə də yazmışam, bu əsəri şedevr adlandırmışam. Güman edirəm ki, səhv etməmişəm. Çox qiymətli əsərdir. Mövludun povestlərini az-çox qəbul edirəm. Elçinin "Ölüm hökmü” romanı və pyeslərindən bəziləri çox xoşuma gəlir...”

 

1948-ci ildən ədəbi fəaliyyətə başlayan İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür", "Tütək səsi" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə “Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film” mükafatını alıb. İyirmi iki kitabın müəllifidir...

 

Sağlığında bir sıra dahilərimiz kimi ona da qarşı ədalətsizliklər çox olub. Qərəzli hücumlara məruz qalıb, amma ruhdan düşməyib, Tanrı qarşısında öz missiyasını ləyaqətlə icra edib...

 

Söyləyirdi ki:- “Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin 41-i canıma döşəndi. Bibim oğlu Vidadi Babanlı və Mehdi Hüseyndən başqa hamısı əleyhimə danışdılar. Axırda iclası aparan Zeynal Xəlil qalxdı ki, məsələ aydındır, İsa Hüseynovun Yazıçılar İttifaqında, partiyada qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən kömək elədilər. Dedilər ki, Zeynal Xəlil müzakirə edilən əsəri oxumayıb. Qalxdım, dedim ki, müzakirəyə qoyulan əsərim necə başlayır, necə qurtarır, əsərin qəhrəmanı kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə dedi ki, mən oxumamışam, amma mənim kommunist yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram, qapını açdım, çıxdım. Çölə çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir. Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə görmək istəyirəm, sənin sözündən sonra iclas dayandı. Bir dəfə də məni Mirzə İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüseyn öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur. Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni araşdırmaq üçün Bakıya ezam elədilər. O, gəldi, Mərkəzi Komitədə Yazıçılar İttifaqının plenumunu çağırdı. Mirzə İbrahimov da Ali Sovetin sədri idi. Hamı mənim əleyhimə danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə İbrahimov balaca adam idi, o, tribunaya çıxanda isə elə bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi, nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa ürəyinin qanı ilə yazır. Çıxın gedin hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da günahı yoxdur. İclas da bununla qurtardı...”

 

Bəli, ötən gün İsa Muğannanın 95 illiyi tamam olur. Tarix heç zaman dahiləri unutmur. Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.