Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisiçisi Vasif Eyvazzadə ilə BMT Sivilizasiyalar Alyansının direktoru Nihal Saad arasında Nyu-York şəhərində görüş keçirilib.
Federasiyadan AzərTAC-a bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq və beynəlxalq layihələrin icrasında səmərəli tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidentinin himayəsi və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 2024-cü ildə Bakıda keçirilməsi nəzərdə tutulan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı müzakirə zamanı V.Eyvazzadə Forumun Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil ediləcəyini, bu çərçivədə yaxın zamanda beynəlxalq tərəfdaşlarla birgə “Bakı Prosesi” Beynəlxalq İşçi Qrupunun yüksək səviyyəli görüşünün keçiriləcəyini, həmin görüşdə təşkilatçılar tərəfindən tədbirin proqram və konseptual məsələlərinin təqdim ediləcəyini diqqətə çatdırıb.
Görüş zamanı eyni zamanda Azərbaycan tərəfindən 2021-ci ildə irəli sürülmüş Mədəniyyət naminə Sülh Qlobal Çağırışı çərçivəsində BMTSA ilə əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınmış və V.Eyvazzadə gündəlikdə olan məsələlər barədə Mədəniyyət Nazirliyinin rəhbərliyini məlumatlandıracağını, habelə layihənin sürətli icra edilməsi üçün qısa müddətdə lazımi addımların atılacağına əmin olduğunu ifadə edib.
Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və Avropa Şurasının tərəfdaşlığı ilə 2011-ci ildən etibarən Bakı şəhərində beş dəfə yüksək səviyyədə təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(13.06.2023)