Quzey Kıprıs Türk Cümhuriyyətinin nümayəndə heyəti Tərcümə Mərkəzində olub

Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Quzey Kıprıs Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.

 

Tərcümə Mərkəzinin yaydığı məlumata görə, görüş zamanı Azərbaycan–Şimali Kipr ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Quzey Kıprısda, Quzey Kıprıs ədəbiyyatının Azərbaycanda, eləcə də beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçiriləcək layihələr müzakirə edilib. 

Nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı Dövlət Tərcümə Mərkəzi ilə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.

Görüşün sonunda qonaqlara Mərkəzin Aygün Attarın “Qarabağ zəfəri – 44 günün pərdəarxası” kitabı, “Dünya ədəbiyyatı inciləri” seriyasından kitablar və “Xəzər” dünya ədəbiyyatı jurnalı, nümayəndə heyəti tərəfindən Mərkəzə Şimali Kiprin tarix və mədəniyyətindən bəhs edən kitab və suvenirlər hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.