“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir:
Küçədən nəğmə keçir…
Təzə hava çalınır,
Qəmin köhnə sazında.
Yad dildə danışırıq
Doğmaların yasında.
Qocalıram deyəsən,
Söz içimdə paslanır.
Bir şimal şəhəriyəm-
Günəş mənə nazlanır…
Qıfılbənddi göy üzü-
Tanrı vermir açarı.
Küçədən nəğmə keçir
Çağır gəlsin içəri…
Yıxılıram, ilahi
Ümid də yox tutmağa.
Neçə eşq həsr etmişəm,
İlk eşqi unutmağa.
Bəlkə yaşamamışam,
Amma ömür sürmüşəm.
Bir dilənçi ovcuna
Yüz dəfə hönkürmüşəm…
…Qucaqlamaq öyrədin,
Bu kəsilmiş qollara.
Yollar düz çəkilmədi-
Düşdük əyri yollara…
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)