Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı, "İstiqlal” ordenli ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannanın (Hüseynov) anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Şəhid anası Başxanım Abbaslı, millət vəkili Aqil Abbas, Xalq artistləri, ziyalılar iştirak edirdilər. Onu da qeyd edək ki, İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun tövsiyyəsinə əsasən İctimai Birliyin üzvləri də iştirak edirdilər.
Təbdirin aparıcısı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dosenti, tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir öz oxucusunu düşündürməyi və inkişaf etdirməyi bacaran İsa Muğanna yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra yazıçının ssenarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş etdirildi. Ssenarisini yazdığı filmlərdə rol alan Xalq artistləri Xalidə Quliyeva, Tariyel Qasımov, Şeyx Əbdül filmlərin çəkilişi zamanı yazıçının fədakarlığından, aktyorlara olan diqqətindən, cəfakeşliyindən söhbət açaraq İsa Muğannanı böyük hörmət və ehtiramla yad etdilər.
Millət vəkili Aqil Abbas, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri şair Hacı Zaməddin Ziyadoğlu, tənqidçi-alim Rüstəm Kamal, yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şairlər Rafail İncəyurd, İlham Qazaxlı öz çıxışlarında İsa Muğanna yaradıcılığında milli-mənəvi, bəşəri dəyərlərdən, yazıçının yüksək oxucu zövqünü formalaşdırmasından, böyük düşüncəyə və öncəgörənliyə malik olan İsa Muğannanın insanların (qəhrəmanlarının dili ilə) xarakterini tam aça bilməsindən söhbət açdılar.
Tənqidçi alim Rüstəm Kamal İsa Muğannanın İsa Məsihlə, Nəsimi ilə eyni adam olduğuna inanır: "İsa Muğanna qutsal şəxsdir, artıq müqəddəsləşmiş, mifləşmiş obrazdır. İsa Muğanna müqəddəs adamdır, yüksək, sakral fikrin əzəlkeşidir, yeni inanc dünyasının yaradıcısıdır. İsa Məsih İsa Muğannanın ən çox sevdiyi obrazdır – ən qutsal addır. Bu sevgi “Məşhər”dən, Nəsimidən başlayır. “Məşhər”i yazanda Nəsimi sirrinə o qədər vaqif olub ki, artıq Nəsimi ilə “vəhdəti-vücud”dur. “Məşhər”dəki Nəsimi İsa Muğannanın özüdür. Nəsimi hürufiliyindən başlayır İsa Muğannanın neohürufiliyi! İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərir".
"Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti rəhbəri olaraq mən də çıxış edərək tədbir iştirakçılarına "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin salamlarını çatdırdım. Tədbirin araya-ərsəyə gəlməsində xüsusi zəhməti olan Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının müdiri Nərmin Xəlilovaya və onun rəhbərlik etdiyi kollektivə təşəkkürümü bildirdim.
Çıxış edən ziyalılar İsa Muğanna yaradıcılığını "Azərbaycan ədəbiyyatında intibah" adlandırdılar.
Sonda yazıçının ailə üzvləri - qızı Sevinc Muğanna və nəvəsi yazıçı Səma Muğanna çıxış edərək, tədbirin təşkilatçılarına, tədbir iştirakçılarına təşəkkürlərini bildirdilər.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)