Super User

Super User

Bazar ertəsi, 19 İyun 2023 17:00

“Gözlədim, axşam olmadı…”

 

 

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasının daimi aparıcısı, gözəl şairimiz Əlizadə Nuri sizə növbəti şeirini təqdim edir: Sevinc axşam gələcəkdi…

 

Çıraq oldum, işığımı

Salmağa bir dam olmadı.

Çoxu mənə “ oğul” dedi,

Heç biri anam olmadı…

 

Bir DÜZ  üçün dağ çıxardım…

Dağı lap axsaq çıxardım.

Bu gecədən sağ çıxardım-

Yanımda bir şam olmadı.

 

Bu əldi, ya boş əlcəkdi?

Nə çəkdisə, boş əl çəkdi…

… Sevinc axşam gələcəkdi-

Gözlədim, axşam olmadı…

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

6-cı dərc

 

Stansiyadan çıxıb orada dayanmış, şəhərə gətirildiyi gündən rənginə görə el arasında «badımcan» adı almış taksilərdən birinə yaxınlaşdım. Sürücü sükan arxasında oturub telefonla oynayırdı. Qapını açıb oturdum və salamlaşdıqdan sonra Rəşid Behbudov adına «Mahnı teatrı»nın qarşısına sürməsini xahiş etdim. Taksidən istifadə edərkən heç vaxt getdiyim ünvana sürdürmür, yaxınlıqdakı bir ünvanı deyirdim. Mənə lazım olan ünvanla teatr binasının arasındakı təxminən iki yüz metrlik məsafəni piyada qət edəcəkdim.

Müştərisi gəldiyini görən sürücü cəld telefonu cibinə qoyub ədəb-ərkanla salamlaşdı və mühərriki işə salıb maşını yerindən tərpətdi. Bu saatlarda şəhər elə də tıxac olmur. Yəqin ki, ünvana çatmağımıza on-on beş dəqiqə yetər.

 

* * *

Layiqə bir əlində su dolu vedrə, o biri əlində süpürgə ofisdən çıxdı. Vedrəni yerə qoyub ofisin qabağını süpürməyə başladı. Bir qədər sonra süpürgəni vedrəyə salıb əvvəlcə bir neçə dəfə çırpırmış kimi havada yellətdi, sonra yenə isladıb ofisin qarşısındakı ağaca çırpmağa başladı. Kənardan baxan üçün bu, işini qutardıqdan sonra süpürgəsini təmiz olmaq üçün yuyub yaş qalmaması üçün çırpan bir qadının hərəkətlərindən başqa bir şey deyildi. Əslində isə hədəf ağacda təbaşirlə çəkilmiş, biri ağ, biri çəhrayı rəngdə olan iki üfüqi kiçik zolaq idi. Bu zolaqları silməyi tapşırmışdı şefi ona. Özü də diqqət cəlb etmədən.

Əlindəki süpürgə ilə işlədiyi ofisin qabağında səliqə-səhman yaradan bir qadının ətrafdakılar üçün nə qədər adi göründüyünü bilən Layiqə əlindəki əski parçası ilə küçədəki bir ağacı silən qadının da yoldan keçənlərə nə qədər qeyri-adi təsir bağışlayacağını gözəl başa düşürdü. Onu da gözəl başa düşürdü ki, bu xətlər adi xətlər deyil və əgər silinməsi vacibdirsə, deməli yerinə yenə də xətlər çəkiləcək. Verilən hər bir tapşırığı dəqiq yerinə yetirməyə öyrəşmiş Layiqə işlədiyi müddətdə şefinin bir çox vərdişlərini də özünə aşılamışdı. Əsas da hər bir işdə ehtiyatı gözləməyi. Şefi də onun bu xüsusiyyətini bildiyindən xətləri silməyi tapşırarkən, onun əlində əski parçası, yolun içində ağacı silməklə görənlərdə artıq suallar yaratmayacağını bilirdi və bu səbəbdən təfərrüata varmadan sadəcə tapşırığını vermişdi.

Təbaşirlə çəkilmiş xətlər silinib getmişdi. Tam əmin olmaq üçün yaş süpürgəni bir neçə dəfə də ağaca sürtən Layiqə əyilib vedrədə qalan suyu ağacın dibinə tökdü. Süpürgəni boş vedrənin içinə qoyub yenidən ofisə qayıtdı.

Bu işləri görərkən hiss etdirmədən ətrafı nəzərdən keçirib izləyən adamın dayanacaqdan uzaqlaşdığını özü üçün müəyyən etmişdi. İndi getmək olardı. Çıxmaq üçün bayaqdan hazırlıq görmüş, özünə lazım olacaq, ofisdə saxlanılan rekvizitləri bir çantaya yığmış, qaz tapançasını isə əl çantasına qoymuşdu.

İri çantadakılar əsasən qiyafəsini dəyişmək üçün istifadə olunan müxtəlif rəngli süni saçlar, eynəklər və qadınlara aid digər əşyalar idi. Ayrı-ayrı vəziyyətlərə uyğun geyim əşyalarını isə evdə saxlayırdı.

Son dəfə ofisi nəzərdən keçirdi. Heç nəyi unutmadığına əmin olduqdan sonra əvvəlcə pəncərələrin pərdələrini endirib işıqları söndürdü, sonra mühafizə qurğusunu işə salıb bayıra çıxdı və qapını qıfılla bağladı. 

 

* * *

Qatar metronun «Elmlər Akademiyası» stansiyasında dayandı. Vaqonlardan düşən sərnişinlər hamısı bir nəfər kimi yuxarı qalxan eskalatora doğru hərəkət etdilər. Təkcə bir kişi qatardan düşdükdən sonra əks tərəfə gedən qatarın yoluna keçib gələn qatarı gözləməyə başladı.

Uzunsov, daz başı olan bu kişi olduqca pəjmürdə görünür, tez-tez gah saatına, gah da qatarın gələcəyi yola baxırdı.

Yolun üstündəki monitorda quraşdırılmış elektron saatda qatarın gəlişinə hələ iki dəqiqə qaldığı görünüdü.

Kişi əlini cibinə salıb telefonunu çıxardı. Nömrəni ekrana verib yaşıl düyməni basdı və adamların olmadığı bir yerə çəkilib zənginə cavab verilməsini gözlədi. Nəhayət xəttin o biri başında xırıltılı, amiranə kişi səsi cavab verdi.

-Danış.

-Mən onu itirdim.

-İndi haradasan?

-Metroda.

-Metro çoxdur, hansı stansiyada?

-«Elmlər Akademiyası»nda.

-Yarım saatdan sonra burada ol.

-Baş üstə.

Telefonda deyilənlər nə qədər sakit və təmkinlə səslənsə də, bu səsi eşidəndən sonra qorxudan zəng edənin kürəyinin ortasını soyuq tər basdı.

 Kişi telefonu cibinə qoyub, yenidən bayaq qatarla gəldiyi yola tərəf keçdi.

 

* * *

Taksi düz teatr binasının qarşısında dayandı.

-Çatdıq, müəllim.

Belə müraciət forması son zamanlar dəbə minmiş və sürətlə yayılmağa başlamışdı, qardaş, yoldaş, əmi, dayı, ağsaqqal və sair kimi müraciət formalarını demək olar ki, səksən faiz əhalinin leksikonundan çıxarmağa müvəffəq olmuşdu. Yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı hamı bir-birinə müəllim deməyə başlamışdı, müəllim deyə müraciət olunanlar isə, ibtidai sinif müəllimlərinin adını xatırlamadıqları halda, sinələrini qabağa verib bundan xoşhallanırdılar.

Belə çıxır ki, müəllim adı qazanmaq üçün illərlə əziyyət çəkib oxumaq, elm öyrənmək və başqalarına öyrətmək vacib vacib deyil. Eləcə kostyum geyinsən kifayət edər.

Əgər bu taksi sürücüsü bilsə ki, insanların etibarından istifadə edib onlara külli miqdarda maddi ziyan vuran, neçə-neçə insanı fəlakətə düçar edən, borca düşməyə vadar edən dələduzların hamısı mütləq şəkildə kostyumda gəzir, yəqin ki, telefonuna yüklədiyi oyunu silib, ona ayırdığı vaxtı fikirləşməyə sərf edərdi.

Taksidəki elektron sayğac dörd manat iyirmi qəpik göstərirdi. Sürücüyə bir beşlik uzadıb maşından düşdüm.

Beş dəqiqədən sonra mənə lazım olan valyutadəyişmə məntəqəsinin qarşısında idim. Bir qədər ayaq saxlayıb hiss etdirmədən içəri boylandım. Bir qadın pul dəyişirdi. Onun çıxmasını gözləyib içəri keçdim.

-Salam.

-Salam, buyurun.

Nəzakətlə salamımı alan, qalın, gülləkeçirməyən şüşənin arxasında əyləşmiş valyutadəyişmə məntəqəsinin işçisinin təxminən qırx beş yaşı olardı. Ciddi görünüşlü bu kişinin olduqca ağıllı gözləri, iti baxışları vardı.

 -Zəhmət olmasa deyin, dediyim məbləği toplamısınız?

Kişi bir neçə saniyə diqqətlə məni süzdü. Mən baxışlarımı yayındırmadan onun gözünün içinə baxıb gülümsədim. Bu hərəkətim bir neçə saniyə içində yaranmış ani gərginliyin aradan qalxmasına kifayət etdi.

Kişi masanın gözündəki siyirtmədən bir zərf çıxarıb mənə uzatdı.

-Bəli, ancaq bu zərfdəki anketi doldurduqdan sonra Baş ofisimizə yaxınlaşıb pulunuzu götürə bilərsiniz.

-Təşəkkür edirəm.

-Dəyməz.

Gözlədiyimdən böyük olan zərfi iki qatlayıb pencəyimin iç cibinə qoydum. Bayıra çıxıb «Sahil» metrosuna tərəf getməyə başladım. Görəsən zərf niyə belə qalındır? Bir neçə, qoy lap on nəfərin adı və ünvanları yazılmış siyahı belə qalın olmalı deyildi. Görünür, polkovnik gözlədiyim kimi, siyahıya başqa nəsə də əlavə edib.

Təcili zərfin içindəkilərlə tanış olmalı idim. Evdə gecələməyəcəyimi bilirdim. Ancaq mütləq evə getmək, bu gecə evdə qalacağım təsəvvürünü yaratmaq vacib idi. Bütün bu həngamələrdən sonra evimin də nəzarətdə olmasını düşünməyimə kifayət qədər əsasım var idi.

Metro ilə «Memar Əcəmi» stansiyasına qədər getməyi, oradan ara yollarla piyada məhəlləmizə düşməyi düşünürdüm. «Sahil» stansiyasına çatıb metroya girdim.

 

* * *

Məhəllədə nədənsə sakitlik idi. Dağlı məhəlləsində nadir hallarda yaranan sakitlik hansısa xoşagəlməz hadisədən xəbər verirdi. Nə isə soruşmağa bir adam da gözə dəymirdi. Birdən tindən əldəqayırma arabasını sürə-sürə gələn bir uşaq gördüm.

-Ay uşaq, bir dayan görüm.

Uşaq boğazı ilə maşın əyləcinin çıxardığı səsə bənzər səslər çıxarıb arabasını düz yanımda saxladı.

-Eşidirəm, Bəxtiyar əmi.

-Bu camaat haradadı, nəsə olub?

-Bəs, xəbəriniz yoxdur? Salamı polislər apardılar. Bütün məhəllə də oradadı, polis bölməsində.

Salam Qələndərin oğlu idi, iyirmi iki yaşı vardı. Mərifətli, böyük-kiçik yeri gözləyən bir cavan idi. İki il əvvəl hərbi xidmətdən qayıdıb universitetə qəbul olmuşdu. Gündüzlər tələbəlik edir, gecələr isə, valideynlərinə yük olmamaq üçün Ruhi-əsəb xəstəxanasında qarovulçu işləyirdi. Bildiyim qədər üç gündən bir növbədə olurdu. Belə bir uşaq nə hadisə törədə bilər axı?

-Bəs bilmirsən niyə aparıblar?

-Başqa heç nə bilmirəm.

-Yaxşı bala, sağ ol.

-Sağ ol, Bəxtiyar əmi.

Uşaq bu dəfə mühərrikin çıxardığı səslərə bənzər səslər çıxarıb arabasını yerindən tərpətdi. Bir azdan irəlidəki döngədə gözdən itdi. Məhəlləyə yenə də bir sükut çökdü.

 Bilirdim ki, belə hallarda bütün məhəllə kişiləri həmrəylik nümayiş etdirərək başına iş gələn qonşu ilə polis bölməsinə yollanır, qadınlar isə uşaqları ilə birlikdə həmin evin xanımının başına toplaşırlar.

Yəqin bir azdan qayıdarlar və nə baş verdiyi məlum olar. Salamın nəsə bir cinayət törətməsinə inanmıram. Amma cavanlıqdı da... Hər şey ola bilər.

Qapını açıb həyətə, oradan da evə keçdim.  Evdə yenə də öyrəşdiyim sakitlik hökm sürürdü. Cibimdəki zərfi çıxarıb divanın qarşısındakı jurnal masasının üzərinə qoydum. Sonra pencəyimi çıxarıb asılqana asdım, divana oturdum və zərfi götürüb açdım. Görək bu zərfdə bizi hansı sürprizlər gözləyir…

 

* * *

Qatar metronun «Azadlıq prospekti» stansiyasında dayandı. Sərnişinlərin arasında tələskənliyi ilə seçilən bir kişi qatardan düşən kimi sürətlə eskolatora tərəf qaçıb, hərəkətdə olan pilləkənin pillələrini iki-iki qalxmağa başladı.

Getdiyi yerdə onu gözləyən adamı bir saniyə də gözlətməyə ixtiyarı yox idi bu kişinin. Adam isə yarım saata yanında olmağı tapşırmışdı ona. Bu səbəbdən, metrodan çıxdıqdan sonra piyada qət edəcəyi yolun uzaqlığını nəzərə alıb tələsirdi.

Stansiyadan çıxıb yolu keçdi və qaçmağa başladı. Nəhayət uzaqdan gedəcəyi ev göründü. Bu, hündür divarlarına ağ «aqlay» daşlarla üzlük çəkilmiş möhtəşəm bir villa idi. Villanın qapısına çatıb bir qədər nəfəsini dərdi, sonra saatına baxdı. Gecikməmişdi. Əlini uzadıb qapının zəngini basdı, özü isə sol tərəfdə, qapıya perpendikulyar yerləşdirilmiş kamerada yaxşı görünməsi üçün bir qədər irəli keçib, az qala qapıya söykəndi. Elektrik düymə ilə açılan qapının qıfılının şaqqıltısı eşidiləndə qapının dəstəyindən tutub bir qədər özünə tərəf çəkdi, sonra içəri itələdi.

Qapını açmağından da, içəri keçərkən heç yana boylanmadan bir neçə qapısı olan villanın sağ tərəfindəki qapıya tərəf getməsindən də onun bu evə ilk gəlişi olmadığı bəlli olurdu.

Getdiyi qapıdan çıxan adam qarşısını kəsib bir qədər gözləməsini tapşırdı. Kişi bir kənara çəkilib gözləməyə başladı.

 

* * *

Zərfin içində, gözlədiyim kimi, adlar və ünvanlar yazılmış bir vərəq var idi. Onu kənara qoyub, yuxarı küncünə dəftərxana sancağı taxılmış, bir neçə vərəqdən ibarət hansısa sənədin saralmış surətlərini zərfdən çıxardım.

Bəli… Polkovnik həqiqətən də boş dayanmırmış. Surətlər İsfəndiyar Mövlayevin oğlunun ölümü ilə bağlı açılmış cinayət işinin materialındakı ən vacib vərəqlərin surətləri idi: məhkəmə-tibbi ekspertizaların rəyləri, bir neçə şahid ifadəsi, istintaqın yekun qərarı.

Vərəqlərin çox köhnə olması başa düşülən idi, ancaq polkovnikin onları illər əvvəl, saralmamışdan qabaq əldə edib saxlamasına şübhəm yox idi.

Şahid ifadələri bir-birinə bənzəməklə hamısında yalnız maşın səsi eşitdikləri bildirilirdi. Bunlar da, ünvanlara əsasən belə məlum olur ki, yaxınlıqda yaşayan qonşulardırlar ki, səsi eşidəndən sonra da evdən çıxmayıblar. Aha, bu maraqlıdır. İfadə verən bir kişi və iki qadından fərqli olaraq Cavad Süleymanov adlı şahid sürətlə yerindən tərpənən maşının təkərlərinin vıyıltısını eşitdikdən sonra küçəyə çıxdığını, ancaq maşını görmədiyini, küçəyə çıxdıqdan sonra da yalnız uzaqlaşan maşının səsini eşitdiyini bildirir. Elə yolun kənarında yıxılıb qalmış gənci də ilk aşkar edən o olub. Tez hay-küy salıb kömək çağırsa da, gec imiş, oğlan elə yerində keçinibmiş.

Növbəti sənədlər ekspert-kriminalistlərin verdiyi rəylər idi. Ekspertizanın bütün növləri keçirilmişdi bu cinayət işində ilkin və əlavə ekspertizaların rəylərini bir ekspert, komissiya, təkrar, komision və kompleks ekspertizaları isə 3 ekspert imzalamışdı.

Onların soyadlarına baxdım. Komissiyanın üzvləri azərbaycanlı, sədri isə rus millətindən idi.

 Sonuncu sənəd istintaqın yekun qərarı idi. Qərar barədə məlumatlı olduğum üçün onu ötəri oxuyub bir kənara qoydum.

Sənədlərdəki tarixlərdən belə məlum olurdu ki, qətl hadisəsi, düşündüyüm kimi, düz otuz il əvvələ təsadüf edir. İndi təxminən yetmiş beş yaşı olan İsfəndiyar Mövlayevin həmin vaxt qırx beş, oğlunun isə iyirmi beş yaşı var imiş.

Hadisə 1990-cı ilə təsadüf edirdi. Xalqımız üçün ən ağır olan illərdən birinə, 20 Yanvar qətliamının törədildiyi ilə.

Bunları bir kənara qoyub yenidən adlar və ünvanlar yazılmış vərəqi götürdüm. Siyahıda səkkiz nəfərin adı var idi. Görünür, polkovnik özü məşğul olduğu üçün Day-dayın ən yaxın dostlarından olmuş Səlimin adını siyahıya salmamışdı. Ancaq dünyasını dəyişmiş digər dostu Səttarın oğlu barədə ətraflı məlumat vermişdi. Qalan yeddi nəfəri elə də tanımırdım. Daha doğrusu, onlardan ikisi haqqında bir az məlumatlı idim. 

İndi növbəti hərəkət planımı cıza bilərdim. Sənədlərdə xeyli məlumat var idi.

Dediyim kimi, bu gecə evdə qalmayacağımı bilirdim. Ancaq hələ evdən çıxmaq üçün çox tez idi, havanın qaralmasını gözləməli idim. Elə havanın qaralmasına qədər qalan bir neçə saat mənim bəzi şeyləri götür-qoy etməyimə və bir qədər də dincəlməyimə bəs edərdi.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(19.06.2023)

 

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir. Layihə çərçivəsində yaxın günlərdə digər bölgə teatrlarının paytaxtımıza gələrək maraqlı tamaşalar nümayiş etdirməsi gözlənilir.

 

“Qonaq teatr" layihəsi çərçivəsində bu gün - iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi Əli Əmirlinin "Varlı qadın" adlı səhnə əsəri ilə Bakıya səfər edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Mingəçevir Dövlət Dram Teatrının Bakıya səfərinin ardınca, iyulun 3-də Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfəri təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Bazar ertəsi, 19 İyun 2023 15:00

Bakıda tatarların milli bayramı keçirilib

Bakıda "Sabantuy 2023" tədbiri keçirilib. “Report" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sabantuy 2023" tədbirində Tatarıstanın Rəisi Rüstəm Minnixanov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.

 

"Sabantuy 2023" tədbirinin açılışında çıxış edən Tatarıstanın Rəisi Rüstəm Minnixanov qeyd edib ki, Sabantuy bayramının tatarların yaşadığı bir çox ölkələrdə, eləcə də Azərbaycanda keçirilməsinin xalqlar arasında dostluq və əməkdaşlıq tellərini gücləndirir.

Vurğulanıb ki, əsrlər boyu etnik tatarlar və azərbaycanlılar ortaq dəyərlərə, dini və mədəni köklərə əsaslanan sıx, qardaşlıq münasibətlərini qoruyub saxlayıblar. Tatarlar Azərbaycanda rahat yaşayır, dövlətlərimiz də, öz növbəsində xalqlarımız arasındakı bu sıx əlaqələrə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına böyük əhəmiyyət verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tatarıstan əməkdaşlığının inkişafında Ulu Öndər Heydər Əliyevin və Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin əvəzsiz xidmətlərini qeyd edib.

Nazir bildirib ki, Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, xarici investorlar, o cümlədən Tatarıstan sahibkarları üçün geniş perspektiv vəd edir. Onun sözlərinə görə, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasında Rusiya şirkətləri də fəal iştirak edir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xalqlarımızın ortaq dəyərlərini qeyd edib, birgə tədbirlərin əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə, eləcə də Tatarıstanın görkəmli şəxslərinə, milli-mənəvi dəyərlərə həsr olunan tematik meydançalar təşkil olunub. Hər iki respublikanın dövlət və mədəniyyət xadimlərinin Tatarıstan Respublikasının dövlət mükafatları ilə təltif olunduğu tədbir ədəbi-musiqili proqramla davam edib.

Qeyd edək ki, kənd təsərrüfatı ənənələri və aqrar mədəniyyətlə əlaqələndirilən "Sabantuy" tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Növbəti “Açıq portfel” xəbərini təqdim edirik: İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 44 min 838 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 639 milyon 897 min 641 manatdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Alternatif SuperApp” şirkətinin baş icraçı direktoru Zeynel Enes Mirza və “Fonangels” platformasının təsisçisi Yavuz Kuş ilə görüşüb.

 

KOBİA-dan verilən məlumata görə, görüşdə müvafiq şirkətlərin ölkəmizə investisiya qoyuluşu imkanlarına, məhsullarının yerli bazarda tanıdılmasına, Azərbaycan startaplarının layihələrinin “Fonangels” platforması vasitəsilə maliyyələşdirilməsi və dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Bazar ertəsi, 19 İyun 2023 08:45

Bulud, yağış, duman…

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata  görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu 25-30° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 45-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 30-34° isti, dağlarda 15-20° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi  rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu 29-34° isti olacaq. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi  rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı proqnozlaşdırılır. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin  bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun 14-18°, bəzi yerlərdə 20-25° isti olacağı bildirilir. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 26-31° isti olacaq.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun 22-27° isti, dağlarda 15-20° isti olacağı ehtimal edilir.

Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun 30-34° isti olacağı gözlənilir. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 26-31° isti, dağlarda 20-25° isti olacaq.

Bütün havalarda sizlərə xoş ovqat diləyi ilə!

 

“Ədəbiyyyat və incəsənət”

(19.06.2023)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə dünən - iyunun 18-də Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba və Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Saat 15:13-də Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10-da Ağdam rayonu Çəmənli və Sarıcalı kəndlərinin ərazisinə diametri 30-35 millimetr olan dolu düşüb.

Qərb küləyi əsib, Goranboyda sürəti 25, Gəncədə 24, Daşkəsəndə 23, İsmayıllıda 22, Göyçayda 20, Şəmkirdə 18, Göygöldə 16 metrədək güclənib.

Yayın bu vaxtında siz bir təbiətin şıltaqlığına baxın.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Həftəsonu Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış etdi. 

 

Konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədov idi. 

1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir. 

Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə oldu.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq

Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əli Qayibin həftəsi yekunlaşır. 

 

Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.

Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.

Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney  Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.

 

 

VƏTƏN

 

Gəldiyim yollardır şahdim mənim,

Səni sevə sevə gəlmişəm, Vətən.

Sənin qəm günündə kövrək olmuşam,

Güldüyün zamanlar gülmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.  

 

Adımı tarixdə yazsalarda pan,

Sevgin urəyimdə qiymətlı mərcan.

Duymuşam səsini səslənən zaman,

Səni öz canımdan bilmişəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Sevdim ocağını sevdim odunu,

Yaşadım sevginin şirin dadını,

İkiyə böləndən tarix adını,

Mən də ürəyimi bölmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Bakın ya Təbrizin birdirlər mənə,

Ömürlük hayatda bağlıyam sənə,

Xocalı dərdindən neçə min dönə,

Donmuşam, yanmışam, ölmüşəm, Vətən,

Səni sevə_sevə gəlmişəm, Vətən.

 

Qoy aləm eşitsin Qayıb'ın hayın,

Üsyanlı ruhunda susan harayın.

Şeir xəritəmdən Araz tək çayın,

Adını çoxdandır silmişəm, Vətən,  

Səni sevə-sevə gəlmişəm, Vətən!

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.