Super User
“Bizim Şuşa” adlı albom təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.
Dövlət Komitəsindən verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev Xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.
Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.
Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünyaşöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.
Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Mingəçevir Dövlət Dram Teatrı Bakıda çıxış edib
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir.
Layihə çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi Əli Əmirlinin "Varlı qadın" səhnə əsəri ilə Bakıda çıxış edib.
Azərbaycan Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşa teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur.
Sonda Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan və tamaşanın rejissoru, Xalq artisti Valeh Kərimov milli teatr sənətinin inkişafındakı xidmətlərinə və Mingəçevir Teatrındakı səmərəli fəaliyyətinə görə, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli isə ölkə teatrlarının repertuarını orijinal sənət nümunələri ilə zənginləşdirdiyinə görə Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundular.
“Ədəbiyyat və incəsənət”
(21.06.2013)
Sağlam yaşamağın bir sirri də bu yazıdadır
QARA ZİRƏ YAĞI - MİN DƏRDİN BİR DƏRMANI
Mədəni, elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb.
Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər.
Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.
Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır:
Nar çəyirdəyi yağı;
Qara zirə yağı;
Üzüm çəyirdəyi yağı;
Balqabaq tumu yağı;
Çaytikanı yağı;
Kətan yağı.
Hər gün bu yağlardan biri barədə sizlərə məlumat verəcəyik. İlk olaraq mövzumuz Nar çəyirdəyi yağı barədə idi.
Nar çəyirdəyi yağı
Sağlamlığın əvəzsiz eliksiri!
Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.
Bu məhsuldan necə imtina etmək olar?
Bugünsə sizlərə Qara zirə yağı barədə danışacağıq. Nar çəyirdəyindən fərqli olaraq qara zirədən yağ almaq asan prosesdir. Amma burada da işbazlar maya dəyəri uciz olsun deyə istehlakçıya təmiz zirə yağı vermirlər.
Qara zirə yağı
Günümüzün trendi
Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.
Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.
Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.
Növbədə üzüm çəyirdəyi yağıdır.
Növbəti buraxılışımızı qaçırmayın!
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Məni tərifləyib Nostradamus kimi öydülər…” - Sadiq Qarayev yazır
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin yazısını təqdim edir.
İnsan gələcəyə can atsa da, keçmişi daha çox xatırlayır. Arzular əlindən tutub, gələcəyə qaçırsa da, gözü arxada, keçən günlərdə qalır.
Sanki ömür geriyə baxa-baxa irəli qaçmaqdır. Bəlkə də ona görə hərdən “yıxılırıq”… Niyə belədir? Sözün düzü niyəsi bir az qəliz söhbətdir. Bu sualı bir dəfə mənə yaxın dostum da vermişdi. Təxminən belə cavab vermişdim:
İnsanın anadan olmasından ölümünə doğru istiqamətlənmiş bir düz xətt götürək. Bu xətt üzərindikə hər irəlidəki nöqtə sıfıra-yoxluğa, geridəki hər nöqtə isə var olmaq, dünyaya gəlmək anına yaxınlaşır. İnsan fitrən, şüuraltı olaraq birdəfəlik getmək, yox olmaq istəmir, dərindən fikirləşəndə, yoxluğun sonsuluğu, mücərrədliyindən dəhşətə gəlir.
İndi bir səbəb də əlavə edim: Ömür keçdikcə yaxınların da dünyadan köçür, geridə qalan nöqtələr kimi sən onlardan uzaqlaşırsan. Onlarla bağlı ülvi hisslər, xatirələr keçmiş nöqtələrdə qalır. Ata-ananı, bacı-qardaşı nəvələr, gəlinlər, kürəkənlər əvəz edir… Sağlamlğın gedir, gəncliyin, möhtəşəmliyin geri günlərdə ilişib qalır. Dünyanı, insanları daha çox tanıyırsan, marağın itib gedir keçmişə. Bir sözlə, yoxluğa elə yoxluq olub qarşırsan…
Ona görə də uşaqlıq və gənclik dövrləri hər bir insan üçün ülvi bir aləmdir…
*
Hər il bu vaxtlar kəndimizdən Zor bulaq yaylagina köç edərdik. Məktəb acılana qədər orada qalardıq.
3 ay biz nəinki televizor, elektrik işığı heç aftomobil də görməzdik. Bir texnika görərdik- süddən yağ ayıran "Sud maşını". Bir yarış izləyərdik, "At yarışı"..
Bir xəbəri gözləyərdik- kənddən adam gəlir, şaqqulu badam gəlir- deyərdik. Qra, qarpızı elə eşşəyin üstündə, meşoqun üstündən iyləyərdik.
Məkələri axşamçağı təzək közündə kabab edərdik.
Ayağımızı təndirə sallayıb ulduzlara baxardıq, arzuların əl çatmazını seçərdik.
Əsas bir işimiz vardı- quzu otarmaq. Bir problemi düşünərdik: quzuları Bədəl Yurduna, İbo Pironun arxacına, Göy təpənin döşünə, Ağ qaya ətarfına- hansı istiqamətə aparsaq, cox otlayarlar?
Quzalar otlayar, uzanardıq gül, çiçək içinə, onların xırpıltılı səsinə qulaq asardıq. Adam görməzdik ki, düşüncələrimiz və biz olardıq. Bir də quzular, pələy, boğar. Təsadüfən insan görəndə sevinərdik.
Bir cür su icərdik-bulaq suyu..
Bizim obada yanaşı iki bulaq var idi, Qurdlu bulaq deyirdilər. Qurdulu filan deyildilər. Bir az aralıda sal qayaların dibindən təkrarsız, özünə məxsus səslə, gur çıxan bir bulaq da var idi, ona möhtəşəmliyinə görə Zor bulaq deyirdilər. O biri bulaqlar guya ki, bunun paxıllığını çəkirmiş kimi adlarını " qurdlu" qoymuşlar.
Zor bulağın əhatəsində sıra ilə daha yeddi bulaq var idi. Hər birinin suyu bir-birindən sərin, özlərindən dərin...
Ancaq Zor bulaq doğurdan da zor idi, səsinə , buzluğuna, gurluğuna görə. Elə bil qayalar içindən həyat çıxırdı dünyaya, özü də zor çıxırdı.
Günorta. Quzalar mələşə - mələşə analarından süd içirlər, eşşək anqırır, haradasa at kişnəyir, itlər qonşu obadan gələn atlı qonaqlara hücum çəkir... Babam qonaq qarşılayır, keçiləri mən tuturam, nənəm, anam süd sağır…
Bir gün anama dedim, tez sağ, yağış yağacaq. Digər qadınlar güldü ki, bu cür günəşli havada yağış yağar? Doğurdan da günəşli və isti idi, günorta çağıydı. Anam elə yenicə çadıra girib, südü süzgəcdən digər vedirəyə süzürdü ki, göy guruldadı, leysan tökdü.. İslanmış qadınlar buna məətəl qaldı, xeyli bu haqda danışdılar. Bir neçə gün sonra anamla söhbətdə biri dedi: ərzaq qurtarıb, bu kişi də kənddən gəlmək bilmir. Eşitdim, dedim ki, birisigün gələcək. Doğurdan da həmən adam birisi gün gəldi. Bu dəfə daha çox danışdılar ki, sən bunları hardan bilirsən?? Məni tərifləyib Nastradamus kimi öydülər))) Daha sonralar 2104-cü ildə,qələbədən 6 il öncə yazdığım Sahilsiz Təzadlar romanında Şuşanı azad etdiyimizi, Vaqifin məqbərəsninin təmir olunduğunu, orada tez-tez konfranslar keçirildiyini, mədəniyyət mərkəzinə çevrildiyini yazdım. Sonralar doğurdan da belə oldu. Bu dəfə də dedilər: sən bunları haradan bilirdin? Hətta 60-a yaxın alim, yazıçı, ziyalı AYB-yə, AMEA-nın humanitar bölməsinə, Mədəniyyət nazirliyinə müraciət etdilər ki, bu kitabın Şuşada təqdimatını edək, onun haqqıdır. Amma alınmadı, “ZOR” oldu.
Mən bunları haradan bilirdim? Öncə görmə, təb gəldi, ilham getdi, qulağıma səs gəldi, gözümə nəsə göründü filan söhbətləri həmişə əfsanə hesab etmişəm. Dədəm məni belə öyrədib. O özü yeniyetmə olanda çiynində, alnında “işıq”, “nur” görüb nənəmgil. Səs-küy salıblar, heyrətləniblər, moll zad gətiriblər… Mollalar belə qənatə gəlib ki, bu oğlan ya seyyid, ya pəhləvan olacaq. Sonralar Qarayevdən soruşanda ki, ay dədə bu nə məsələdir, gülüb deyirdi ki, gecə yatağa girəndə nənənin öz toxuduğu yun köynəyi sürətlə dartıb, başımdan çıxarırdım, elektiriklənib işıq saçırdı, bunlar da təhsilsiz admlardı, elə bilirdilər nurlanıram..)). Və mən həmişə Qarayevdən ALLAHA , elmə və Qurana inanmağı öyrəndim. O deyir ki, elmdən başqa heç bir həqiqət yoxdur.
Yaylaqdakı iki hadisəni mən təsadüfən demişdim. Amma Şuşanı azad edəcəyimizi çox düşündükdən sonra, məntiqlə hesablamışdım. Çox sadə: Bizim xalqımızın, dövlət və ordunun ali məqsədi idi bu. Və bütün hazırlaşmalar, hadisələr qələbə müharibəsinə aparırdı. ALLAH şəhidlərimizə rəhmət eyləsin.
Qayıdaq yaylağa…
Aydın səmada buludlar öz- özündən qəm çəkir, nəm çəkir...
Ocaq üstə, köz üstə çiçək yemiş çəpiş ətindən bözpört, kabab bişir,
Tüstüsündən, qoxsundan adam "şişir".
Gözün baxır Zor bulaqdan gələn nazlı qıza, yanağında lalələr, dodağında çiçəklər, gülümsəyən gözlərində şəfəqlər...
Belə göz olar? Ürəyini aparır, rəngin saralır.. Bilmirsən ki bulud çəkib, meh gətirib, ya Zor bulaq damcı- damcı öz ətrafına çiləyib bu qızı...
Yay ayları idi, Zor bulaq obası beləydi...
*
Yenə o dağ olaydı, qarğı atın üstündə,
Bir konfetin, bir almanın üstündə,
"Vuruşardı", dalaşardı uşaqlar,
Keçmişdən, bu gündən xəbərsiz,
Gələcəyə uçan, qaçan uşaqlar,
Öz- özündən şişən, şoşan uşaqlar...
*
Yenə o dağ olaydı,
zirvələrdən baxıb sənə,
Hey yığardım çiçək sənə, gül sənə.
Buludların kölgəsində, mən at üstdə,
Sənsə bitib tükənməyən xəyyaların təşnəsində,
Sanki göydə, yerdə, indidə, həm gələcəkdə,
Yarışardıq, baxışardıq,
Zülmətlərin yoxluğuna qarışardıq.
*
Yenə o dağ olaydı,
Darıyardın saçlarını.
Hirslənərdin, bulaq güzgüsündə,
Görəndə sən qıçlarını.
Mən də bundan zövq alardım, gülərdim,
Əlimdəki gərməşov ağacımla,
Sındıraraq aynasını bulağın,
Damcıları tellərinə,
Muncuq kimi düzəydim.
Zor bulaq “zor” idi, elə uşaqlıq gənclik də “zor” idi.
Nə edə bilərik?
Dönüb geridəki nöqtələrə, Zor bulağa, bulaqdakı əksinə baxan, tellərinə damcılar düzdüyümüz qıza baxa-baxa əlimizdən tutub bizi gələcəyə aparan arzulara yoxluğa doğru qaçırıq...
P.S. Bu Batabatdakı Zor bulaq deyil. 25 il olar ki, ora gedə bilmirəm. ALLAH Qoysa, bu il gedəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Əllərinin yadına düşdümü saçlarım?” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı şair Təranə Dəmirin yeni şeirlərini təqdim edir. Bir qədər kədər, bir qədər küskünlük, keşməkeşli dünyanı dərk etmək istəyi… Amma kədərə, dərdə əsla əyilməyən lirik ovqat…
Bu da bir gün olmadı,
Sazaqdan gəldi keçdi.
Xatirələr ağladı,
Yanaqdan gəldi keçdi.
Bir mən oldum, bir divar,
Hərənin öz dərdi var,
Məni tutan sevdalar
Uzaqdan gəldi keçdi.
Gah susdum, gah danışdım,
"Sənsizliyə alışdım",
Bu da bir aldanışdı,
Dodaqdan gəldi keçdi.
Savaş açdım, kiridim,
Buza döndüm, əridim,
Qələm dedi, mən dedim,
Varaqdan gəldi keçdi.
Ümidlərim qanadı,
Qırıldı qol-qanadım,
Bu gün də gün olmadı,
Sabahdan gəldi keçdi.
***
Vətən ana, vətən torpaq, vətən eşq,
Vətən qaya, vətən çiçək, vətən daş.
Vətən, Vətən bağırmaqla olmur e,
Heç bilirsən nə üstədi bu savaş?
Vətən söz yox, vətən anddı, vətəndaş.
Hər naləsi ürəyindən keçməli,
Hər ağrısı kürəyindən keçməli,
Məhəbbəti bələyindən keçməli,
Sevgi zorla alınmır e, a "qardaş",
Vətən söz yox, vətən anddı, vətəndaş.
Çəpərindən yolunacan vətəndi,
Tikanından kolunacan vətəndi,
Təpə-dırnaq bu ruh, bu can vətəndi,
Məndən keçir ayağına dəyən daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Damarından kafir qanı axdısa,
Taxtın-tacın axırına çıxdısa,
Ürəyində el qeyrəti yoxdusa
Elə get ki, dalınca da qara daş,
Vətən söz yox, vətən anddı, vətəndaş.
Vətən qaya, vətən çiçək, vətən daş!
***
Min düyündən, dağdan keçib,
Min dərdi adlayıb gəlib.
Min nalədən, ahdan keçib,
Min qəmi odlayıb gəlib.
Keçib duadan, qarğışdan,
Küləkdən, seldən, yağışdan,
Buz kimi soyuq baxışdan,
Nəfəsi çatlayıb gəlib.
Dərindən, dayazdan keçib,
İstidən, ayazdan keçib,
Bahardan, payızdan keçib,
İlləri çırtlayıb gəlib.
Sarıyıblar, qanadıblar,
Güldürüblər, ağladıblar,
Dağa-dərəyə atıblar,
Yolları qatlayıb gəlib.
Neçə yol ölüb, dirilib,
Daşa-divara hörülüb,
Min dəfə solub, dərilib,
Çiçəyi çırtlayıb gəlib.
Odunda bişib bu sevgi,
Adında bişib bu sevgi,
Gözümdən düşüb bu sevgi,
Təzədən atlayıb gəlib.
***
Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxmaqdı dünyanın, atam.
Sən demə əcəlin adı var elə,
Sən demə təklikdən ölürmüş adam.
Gözün divarları-daşları gəzir,
Hər şey marağından, dadından düşür.
Fəsillər yerini dəyişir bir-bir,
Sevdiyin adamlar atından düşür.
Yadından çıxırsan qohumun, yadın,
Evinin qapısın döyən tapılmır.
Qahmar çıxdıqların yoxa çəkilir,
Sənə bir "günaydın"deyən tapılmır.
Yiyə durduqların yiyəsiz qoyur,
Qalırsan kimsəsiz bu göyün altda.
Özünü min yerdən tənələyirsən,
Ürəyin əzilir gileyin altda.
Yığırsan ağlına gələn nömrəni,
Telefon əlində susub durursan.
Gecənin yarısı tənhalığını
Bir yadın səsiylə ovundurursan.
Bu səssiz otaqda, bu qaranlıqda
Necə şirin gəlir bu səs, İlahi.
Elə asta-asta yalan deyirsən
Heç kimin ağlına gəlməz, İlahi.
Bax onda bilirsən unudulmusan,
Unudub sopsoyuq adamlar səni.
Unudub sevginə qonaq olanlar,
Unudub könlündə yatanlar səni.
Dərdin ən yekəsi unudulmaqdı,
Yadından çıxmaqdı dünyanın, atam.
Sən demə əcəlin adı var elə,
Sən demə təklikdən ölürmüş adam.
***
Bu gün də dolaşdım ayrılığı otaq-otaq,
Qapı-qapı, pəncərə-pəncərə.
Bir az yuxulu, bir az oyaq xatirələr
Asıldı boğazımdan,
Yanaqlarıma hopdu min ilin ağrısı,
Dodaqlarım içdi həsrətini dəniz suyu kimi,
İçdikcə susadım sənsizliyə, adam.
Sənə gedib çatdımı tənhalığın havası?
Əllərinin yadına düşdümü saçlarım?
Qəribsədinmi gecənin zülmətində?
Adımı qaranlığa pıçıldadınmı?
Burnuna yovşan ətri doldumu,
Barmaqların ağladımı varaqların arasında?
Ayrılığı ölçdümü ayaqların?
Sətir-sətir, misra-misra oxşadınmı təkliyini?
Qolların mənsizliyi qucaqladımı?
Gecənin səssizliyinə düşdümü qulaqların,
Gözlərin qaranlığı yordumu?
Ulduz-ulduz gözlədinmi səhəri və
Səhərin alatoranında bir yuxunun qanadında qondummu kirpiklərinə ?...
...Bu gün də sənsizliyə açıldı gözlərim,
Bu gün də adını pıçıldadım rəsminə:
– Sabahın xeyir…
Bu gün də günəşi öpdüm ikimizin yerinə...
***
Olum da bir yük imiş,
Çör çəkən nə çəkirmiş,
Yaxşı ki, O tək imiş,
Çoxun da çox dərdi var.
Göy tökür, Yer dənləyir,
Vurur, çıxır, cəmləyir,
Zaman ölüm dəmləyir,
Sağın da sağ dərdi var.
Min sual bir cavabdı,
Gəl də, get də hesabdı,
Könül vermək savabdı,
Yoxun da yox dərdi var.
Şeytanlar oyundadı,
Hərəsi bir dondadı,
Dağlar dağ hayındadı,
Bağın da bağ dərdi var.
Həqiqət çox uzaqdı,
Hardan tapaq bu vaxtı?
Gecələr qarabaxtdı,
Ağın da ağ dərdi var.
***
Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı, İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla-qışın barışıdı, İlahi?
Sazaqlardan diri çıxan bu torpaq
Gedib gəlib göy üzünə əl açır.
Orda bulud ürəyini boşaldır,
Burda dağlar, burda daşlar dil açır.
Yağış yuyur ağaçların saçını,
Meyvələrin üzü gülür budaqda.
Su içdikcə tumurcuqlar dirçəlir,
Bahar söz-söz şeirləşir varaqda.
Yağış deyil, buludlardan nur yağır,
Sehrlənir şeh altında göy otlar.
Göz yaşıyla öz eşqini torpağa
Damcı-damcı pıçıldayır buludlar.
Elə bil ki, dəniz daşır səmadan,
Bu haçanın yağışıdı, İlahi?
Biz bilmirik, bəlkə elə bu yağış
Yazla qışın barışıdı, İlahi?
***
Gör necə nur tökülür
Göylərin bənizindən.
Gəl dönək ulduzlara
Asılaq göy üzündən.
Burda bizi duyan yox,
Buralar bizlik deyil.
Bizim məhəbbətimiz
Dağlıq, dənizlik deyil.
Bu küçə, bu adamlar,
Bu şəhər bizə yaddı.
Bu qaranlıq gecələr,
Bu səhər bizə yaddı.
Burda sevgilər yalan,
Burda sözlər saxtadı.
Hardasa bir işıq var,
O da çox uzaqdadı.
Buralar bizlik deyil,
Burda bizi kim anlar?
Bizi duymaz sahillər,
Bu dənizlər, limanlar.
Bütün təmiz arzular
Göy üzünə dağılmış.
Yerdə sevgi nə gəzir,
Hamısı bir nağılmış.
Gör necə nur tökülür
Göylərin bənizindən.
Gəl dönək ulduzlara
Asılaq göy üzündən.
***
Bu ömrü kim yaşadı,
Kim ölür indi, Allah?
Bu od, bu ocaq iyi
Hayandan gəlir, Allah?
Bu necə alovdu ki
Tüstüsü göyə çıxmır.
Yanır ocağın altda,
Bəs səsi niyə çıxmır?
Kim qorxudub bu canı,
Ruhundan ayrı salıb.
Səsindən, harayından,
Ahından ayrı salıb.
Kim yazıb bu yazını,
Kim pozur görüm indi?
Gəlsin də yaxına O,
Gəlsin də Kərim indi.
Tutmur bu ağrıları
Ocaq da, od da, Allah.
Tök yükünü aşağı,
Üstündən adda, Allah.
***
Asılmışam gözündən,
Gecə, keç günahımdan.
Bu qaranlıq, bu zülmət
Küçə, keç günahımdan.
Bu dünya bir sınaqdı,
Gəl günah, get günahdı,
Qoşulmuşam nə vaxtdı
Köçə, keç günahımdan.
Yaşadım neçə ömrü,
Daş ömrü,çiçək ömrü,
Verdim bir qoca ömrü
Heçə, keç günahımdan.
Bu dünyada görəsən
Nə var ölümdən asan?
Canım da yox alasan
Əcəl, keç günahımdan.
***
Buludlar göy üzündən,
Ağaclar yerdən tutur.
Dalğalar dənizindən,
Zirvələr yeldən tutur.
Günəş səhərə aşiq,
Ulduzlar gecələrə.
Arzular xəyallara,
Xəyallar küçələrə.
Quşlar çöp yuvasına,
Arı pətəyə qaçır.
Göz yaşı kirpiklərə,
Sevgi ürəyə qaçır.
Payız xəzana vurğun,
Bahar çiçəyə möhtac.
Səhralar buludlara,
Çöllər küləyə möhtac.
Ləpələr qayalardan,
Dənizlər dağdan tutur.
Şairlər qələmindən,
Qələm varaqdan tutur.
***
Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.
Darıxanda başını
Qatmağa yerin olur.
Təkliyin arasında
Ölüm də şirin olur.
Gəzirsən tənhalığı
O küçə-bu küçə sən.
Gülürsən, ağlayırsan?
Kimin nə vecinəsən.
Yanından gəlib keçir
Dərd alıb, dərd satanlar.
Baxırsan ki, heç yerdə
Xoşbəxt deyil adamlar.
Hamı nədənsə qaçır,
Ya harasa tələsir.
Özünü aldatmağa
Hərə bir küçə gəzir.
Hamı öz azarında,
Hamı öz qəmindədi.
Ürək dərd bazarında,
Dünya öz dəmindədi.
Nə yaxşı bu şəhərlər,
Nə yaxşı küçələr var.
Nə yaxşı xatirələr,
Nə yaxşı gecələr var.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Elçin Əzizov beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub
Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Elçin Əzizov P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibinə daxil olub.
AzərTAC xəbər verir ki, P.İ. Çaykovski adına XVII Beynəlxalq müsabiqənin təntənəli açılış mərasimi Moskva Konservatoriyasının Böyük zalında olub.
Müsabiqə iyunun 19-dan iyulun 1-dək Moskva və Sankt-Peterburqda keçiriləcək. Tədbirdə ümumilikdə 236 gənc musiqiçi iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə 18 ölkədən olan görkəmli musiqiçi və müəllimlər daxildir.
Elçin Əzizov “Solo oxuma” ixtisası üzrə münsiflər heyəti qrupuna daxil olub.
P.İ. Çaykovski adına Birinci Beynəlxalq müsabiqə 1958-ci ildə keçirilib. Müsabiqə dörd ildə bir dəfə “fortepiano”, “skripka”, “violonçel” və “solo oxuma” ixtisasları üzrə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru seçilib. Q.Paşayevaya fəxri professor diplomunu konservatoriyanın rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Gülnar Əbdrəhman təqdim edib.
Rektor əvəzi Qənirə Paşayevanın Azərbaycan-Qazaxıstan mədəni, elmi əlaqələrinə verdiyi töhfələrdən danışıb.
Təltif üçün təşəkkürünü bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Azərbaycan və Qazaxıstan arasında möhkəm əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən qürurla söz açan Q.Paşayeva Şuşanın Qafqazın konservatoriyası olduğunu bildirib. Vurğulayıb ki, Şuşa 2021-ci ildən rəsmən Azərbaycanın, bu il isə Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyır. Qazaxıstanlı həmkarlarını Şuşaya dəvət edən komitə sədri şəhərin Ermənistanın işğalından azad olunduğu qısa vaxt içində öz görkəmini dəyişdiyini qeyd edib.
O, Azərbaycan klassik musiqisinə aid albomları, “Qardaş ölkəm Qazaxıstan”, həmmüəllifi olduğu və qazax dilində çap olunan “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını Şuşa şəhərinə həsr olunmuş xüsusi dekorativ tətbiqi sənət əsərini Kurmanqazı adına Qazax Milli Konservatoriyasına bağışlayıb.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil olunub
İyunun 20-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun növbəti mərhələsi təşkil edilib.
AzərTAC xəbər verir ki, müsabiqədə birinci turun növbəti mərhələsi üzrə dinləmələr ilk olaraq instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb.
Bu kateqoriyada püşkatmada adları çıxan digər 6 iştirakçı - Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Hasan Kiriş (Türkiyə), Farxodbek Madaminov, Toshtemur Shukrullayev (Özbəkistan), Ofir Viflich (İsrail), daha sonra xanəndəlik kateqoriyası üzrə digər 5 ifaçı - Xəyal Hüseynov, Mirəli Sarızadə (Azərbaycan), Sohiba Abdullayeva, Alibek Saparboev (Özbəkistan), İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
Sonra müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış ifaçıların adı açıqlanıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan), İsa Shokri Charandabi (İran) müsabiqənin ikinci turuna vəsiqə qazanıblar.
Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı yarışıb. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Festivalda xüsusi dəvətlə iştirak edən məşhur amerikalı kamança ifaçısı Cefri Verbok müsabiqənin dinləmələrindən əvvəl AZƏRTAC-a müsahibəsində “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalında yenidən iştirakından məmnunluğunu bildirib və bununla bağlı öz təəssüratlarını bölüşüb: “Azərbaycanda təşkil olunan bu festivalda davamlı olaraq iştirak etməyə çalışıram. Mən Amerikada kamança, tar və gitara ifaçısıyam. Sizin musiqi alətlərinizin incilərindən olan kamança və tarın səsini, eyni zamanda muğamınızı ilk dəfə dinlədiyim an ona valeh oldum. Sizin musiqini sevməmək mümkün deyil. “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı hər dəfə möhtəşəm səviyyədə keçirilir. Bir çox ölkələrin gənc və tanınmış ifaçıları bu festivalda iştirak edirlər. Bu çox gözəl addımdır. Bütün təşkilatçılara, Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkür edirik. Musiqisevərlər üçün bu çox gözəl layihədir, güman edirəm ki, davamlı olacaq və musiqini duya bilən insanlar bu gözəl musiqi bayramında hər zaman iştirak edəcəklər. Təxminən 51 il bundan əvvəl sizin muğamınızı yaşadığım Amerikada eşitdim və bu mənə həmin an çox xoş təsir etdi. Beləcə Azərbaycan muğamının sehrinə düşdüm. Ondan sonra kamança və tarda muğam ifa etməyi qarşıma məqsəd qoydum və buna nail oldum".
Qeyd edək ki, iyunun 21-də müsabiqənin ikinci turunun dinləmələri təşkil ediləcək. Dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
“Şəhrizad” – milli-tarixi yaddaş romanı, sənət və qadın idealının təcəssümü kimi
VAHİD MƏMMƏDLİNİN “ŞƏHRİZAD” ROMANI BARƏDƏ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbətini təqdim etdik, indi də Vahid Məmmədlinin yaradıcılığı ilə bağlı bir essesi ilə tanış olacaqsınız.
“Şəhrizad” – milli-tarixi yaddaş romanı, sənət və qadın idealının təcəssümü kimi
ADİ SHAKTİ
Vahid Məmmədlinin yüz ili qapsayan yaxın tarixi dövrün problemlərinin milli müstəvidə əks olunduğu, iblislərlə munislərin qarşılaşdığı “Şəhrizad” romanının ideya-məfkurə yükü əsasən üç istiqamətdə reallaşır:
Milli-tarixi yaddaş məsələsi. Romanda hadisələr mürəkkəb və ziddiyyətli XX əsr Azərbaycanının 30-cu illərində cərəyan edir. İctimai-siyasi həyatda feodalizm münasibətlərinin burjua-kapitalist axarı ilə əvəzlənməsi, Rusiyada baş verənlərin ölkəmizə əhəmiyyətli təsiri, imperializmin müstəmləkəçilik siyasəti və bütün bunlara qarşı “xilaskar” bolşevizm hərəkatının yaranması, yayıldıqca, şüurlara hakim olduqca insanlara da qənim kəsilməsi bədii müstəvidə əksini tapdığından əsər bütün hallarda həm də yaddaş romanıdır – milli, tarixi, mədəni, kollektiv, fərdi yaddaş və s.
“Qırmızı faciə Bakıya yaxınlaşmışdı” – “Şəhrizad” romanının bu ilk cümləsi Azərbaycanın mənəvi terrora məruz qalmasının, ictimai-siyasi, mədəni-iqtisadi sferalarda, sənaye və kənd təsərrüfatı sahələrində kommunist ideologiyasına xas üsul və vasitələrə üz tutan yeni quruluşun özü ilə miqyaslı bədbəxtliklər gətirdiyinin ifadəsidir. Romanda sürgün və həbslərin o qədər də intensiv olmadığı iyirminci illərdəki təşkilatlanma prosesi təsvir olunur, bir neçə cümlə ilə sənaye və kənd təsərrüfatında sosializm prinsiplərinin həyata keçirilməsi mexanizmi əksini tapır. Bəzən yeni quruluşun gətirdiyi dağıdıcı “quruculuq” işləri hər hansı obrazın dilindən ötəri səsləndirilərək gün üzünə çıxır.
Mövcud sosial tərəqqi təliminə özünün məşhur sinfi mübarizə ideyasını gətirən bolşevik əxlaqı mənafeyini bəşəri dəyərlərə qarşı qoymaqla ən sonuncu pilləyə insanı yerləşdirir. Çünki sinfi mənafe onu şəxsiyyət və ya fərd olaraq görmür, qəbul etmir, bolşevik əxlaqı üçün insan sadəcə olaraq bir təbəqənin elementi, detalıdır. Bütün sovet xalqları kimi, Azərbaycan xalqı da partiya və dövlətin istəklərinə uyğunlaşmağa məcbur, tələblərini yerinə yetirməyə məhkum kütlədir. Vahid Məmmədli “Şəhrizad” romanında iki nəfərin sevgisi fonunda keçmişin hadisələrini təhlil predmetinə çevirərkən tarixin “şifahi ənənə”dəki bu obrazını əsas götürür və 20-30-cu illərdə sovet hökumətinin Azərbaycana gəlişi ilə bağlı baş verənləri olduğu kimi deyil, araşdırmalarının nəticələrini yazıçı təfəkküründən keçirərək əsərin əsas materialına çevirir. “Şəhrizad” romanında bəzən konkret tarix, gün, saat dəqiqliklə qeyd olunur, müəllifin ata-babalarının bioqrafiyasından irəli gələn faktlar, baş verənlərin sənədliliyinin gerçəyi əks etdirdiyinə şübhə yeri qoymaması kimi bədii priyomla uydurma obrazlar, hadisə və detallar bir müstəviyə gətirilir. Romanda “tarixin payı çoxdur, yoxsa müəllif təxəyyülünün?” deyə axtarışa çıxmaq bihudə zəhmətdir.
Hər bir individ iki bir-birindən tamamilə fərqli yaddaş tipinə malikdir: 1) xatirələrin şəxsiyyətin və ya şəxsi həyatın çərçivəsinə sığdığı fərdi yaddaş; 2) müəyyən məqamlarda sadəcə olaraq qrup üzvü kimi davranmağa sövq edən kollektiv yaddaş. Bu ikisi bir-birinə nüfuz etsə də, kollektiv yaddaş özünəməxsus qanunauyğunluqla inkişaf edərək əksər hallarda şəxsiyyətin fərdi yaddaşını ram edib özünə tabe edir, udur, özü ilə bütövləşdirir. Vahid Məmmədlinin “Şəhrizad” romanında əsas konflikt qırmızı komandirin əli ilə Şəhrizadı göstərib yanındakı yoldaşından sakitcə “bu qız kimdir?” soruşması və nişanlısı Talıbın dərhal tüfəngdən atəş açaraq onu öldürməsi epizodu ilə başlayır. Ümumiyyətlə, roman boyu bütün konfliktlərin kəskinləşmə səbəbi qadınlardır, daha doğrusu, yanlış kişilərin onlara aid olmayan qadınlara olan tutqusu. Romanda yeri gəldikcə adət-ənənələrdən də bəhs olunur. Oxucu şahid olur ki, bəzən kiçik qığılcımlardan doğan və fəlakətlərə səbəb olan insidentlərdə fərdlərin iradəsi şüuraltı olaraq kollektiv yaddaşa tabedir. Görməzdən gəlməyin, susmağın, tolerant yanaşmağın mümkün olduğu situasiyalarda belə, kollektiv yaddaş oyanıb özünü xatırladır və ənənədən gələn nüanslara söykənərək bəzən böyük faciələrə səbəb olur. “Şəhrizad” romanında yaddaşların müharibəsi və ya mübarizəsini izləmirik, hər bir fərd kollektiv yaddaşa inanır və onun qanunlarına kor-koranə tutunaraq addım atır. Müəllif bu məsələlərə öz münasibətini yansıtmır, sadəcə, situasiyanı təsvir edir və səbəblərin doğurduğu nəticələri təqdim edir.
Romanın bir “gizli qəhrəman”ı da tarix və folklorumuzun qovuşağında yerləşən, tarixi yaddaşımızda əfsanələşən Şuşa şəhəridir. Əsər boyu Şuşanın adı cəmi iki-üç yerdə çəkilir, lakin romanda azərbaycanlıların mənəvi təzahürünün parlaq obrazına çevrilmiş şuşalılar öz simasında doğma yurdun adını yaşadır, şərəfini qoruyur. Hadisələrin dinamik inkişafda cərəyan etdiyi, dialoqların üstünlük təşkil etdiyi “Şəhrizad” romanında milli-tarixi yaddaş daha çox müəllif təhkiyəsi ilə deyil, obrazların fikirləri, sözləri, hərəkət və davranışları vasitəsilə ifadəsini tapır.
Milli ağrı yaddaşımız olan repressiya Çağdaş Azərbaycan ədəbiyyatında ictmai-siyasi prosesin ən əhəmiyyətli hadisəsi olaraq görülür və əksini tapır. Daha öncə repressiya haqqında Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsmayıl Şıxlının “Ölən dünyam” və s. kimi əsərlər yazılsa da, 90-cı illərdən sonra mövzuya maraq, təbii olaraq, artdı. Bunun səbəbi ölkəmizin müstəqillik əldə etməsi və bu vasitə ilə indiyə qədər naməlum qalan faktların üzə çıxması, repressiyanın səbəb və nəticələrinin geniş və hərtərəfli təhlil olunması idi. Vahid Məmmədlinin “Şəhrizad” romanının bu mövzudakı digər əsərlərdən əsas fərqi repressiyanın qadın üzüdür – o üzü ki, bütövlükdə qadın başlanğıcını simvolizə edir.
Stalin repressiyaları əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatında şübhəli bilinən, əsli-astarı olmadıqda zorla boynuna qoyulan, yeni düzənə ən kiçik etirazla belə qarşı gələn qolçomaqların təqibi, həbsi, əmək düşərgələrinə göndərilmələri, sürgün və deportasiyalarla gerçəkləşirdi; bir addım sağa, bir addım sola, güllələnmə özünü yubatmırdı. Sosializm diktaturasının “mədəni inqilab” proqramına görə, ön plana çəkilən sinfi-siyasi münasibətlər əsasən ölkənin ali rəhbərlərini, ruhani və ziyalıları, bəyləri hədəf alsa da, nəticə etibarilə, repressiya alovu miqyası ilə bütün Azərbaycanı qarsmışdı. M.Ə.Rəsulzadə bolşeviklərin “milli Azərbaycan ruhunu çürütmək” istədiklərini və əvəzində “proletkult” mədəniyyət yaratdığını yazırdı, məqsəd, əlbəttə, nəsillər arsında mədəni uçurum yaratmaq, milli-tarixi yaddaşı silmək idi. Repressiya maşını millətin potensial imkanlarını, intellektual zümrəsini məhv edirdi. “Şəhrizad” romanında gənc şair Məlik Məftunun əmək qəhrəmanı Şəhrizada həsr olunmuş şeiri ömrünün yarıda kəsilməsi üçün bəhanə olur. Donosbaz Fərrux Söhbətov qisas almaq istədiyi Məlikin şeiri haqqında deyir: “Hmm... Əmək qəhrəmanı... O, bir bəy qızını, qırmızı komandiri öldürən qatı cinayətkarın həyat yoldaşını, əksinqilabçı quldurun bacısını tərənnüm edir. Deməli, Məlik Məftun bəyliyi, xanlığı, bizim düşmənlərimizi tərənnüm edir”. (s.91) Donos və iftiralara əsasən həbs olunub güllələnən Məlik Məftunun taleyi oxucuya Hüseyn Cavid, Əhməd Cavad, Hacı Kərim Sanılı, Qantəmir və repressiyanın qurbanı olmuş onlarla digər ədəbiyyat adamını xatırlatsa da, onu daha çox Mikayıl Müşfiqə bənzədirik – tumurcuq arzuları çiçək açmamış güllələnən nakam gənc şairə. Həyat və sevgi dolu işıqlı bir gəncin, istedadlı bir şairin ən inandığı dostları, çevrəsi üzünə durur, “təqsiri” təsdiqlənir və... Özü ilə bərabər sevgilisi Sənəmi də aparır: Məlik repressiyanın zəhərli gülləsinə qurban gedir, onsuz bir dünyanı istəməyən Sənəm isə Kürün sularına qərq olur. Totalitar rejimə, irticaya münasibətdə qətiyyətli mövqe nümayiş etdirən ziyalılarla yırtıcı zaman arasındakı qarşıdurmada birincilərin cismani məhvi, əslində, onların, “Şəhrizad” romanında olduğu kimi, Məlik Məftunların mənəvi qələbəsi idi...
Romanda “bolşevizmin qara üzü” olan fərrux söhbətovlar, sevyan və çəltikovlar kimi fərdlərin öz maraqları uğrundakı çirkin manevrlərini, ictimai münasibətlərdəki konformizmi fonunda bütövlükdə şərə məruz qalmış cəmiyyətin bu prosesdəki mənəvi itkilərlə üzləşməsini ürək ağrısı ilə izləyirik. Partiya diktaturası, şəxsiyyətə pərəstişin bərqərar olduğu Stalin sosialist modelinin formalaşdırdığı bütün bu siyasi-ideoloji proseslərin içərisində təkcə öz milli kimliyini deyil, sosialist realizminin tələbləri çərçivəsində həmçinin insanlığını qorumaq asan deyildi. Bu insanlar – Əmiraslan bəylər, Talıblar, İsmayıllar, Şəhrizadlar, Məliklər, Qəzənfərlər və digərləri yalnız quruluşla mübarizə aparmırdılar, bu quruluşun qurbanı olmamaq, çarxında üyüdülməmək üçün həm də öz nəfsləri ilə mücadilədə idilər. Romanda onların simasında görə bilirik ki, xarakter bitkin nəsnədir və milli düşüncə, qürur, xeyirxahlıq, mərhəmət kimi duyğular xeyrə xidmət edən, onu yaradan, formalaşdıran xüsusiyyətlərdir; əks cəbhədəki obrazlar isə şərin özüdür, sevgisi də qəlpdir, arzuları da çiydir, xəyalları da bulanıq...
O münasibətlərdə ki motiv sevgi deyil, insanlar öz şəhvətinin əsiridir, orada nə insanlıqdan, nə ülviyyətdən, nə alilikdən söhbət gedə bilər – “Şəhrizad” romanı boyu bu düşüncənin izləri hər yerdə qarşımıza çıxır, xüsusən Zinik və Fərruxun simasında. “Sevgisiz yaşamaq həyat acısıdır. Bu acı ilə ömür sürənlər yanğılarını şəhvətlə söndürməyə çalışırlar. Sevgi bir dənizdir. Sevən insanlar o dənizə baş vurub ləpələrin sərinliyindən əbədi həzz alırlar. Sevgisiz insanlar cadar-cadar olmuş susuz torpağı xatırladırlar... Ara-sıra yağan yağışlar onları islatsa da, münbit torpaq olub gül-çiçək açmırlar, suya möhtac torpaq kimi qalırlar... Belələri sevgidən naümiddirlər... kiminsə onları nə vaxtsa sevəcəyinə inanmadıqlarından yalnız zor, özündən asılı vəziyyətə gətirmək belələrinin yeganə çıxış yoludur...” (səh. 150-151)
Roman boyu Şəhrizadla Talıbın sevgisi xoşbəxtlik və ümid atmosferi yaratsa da, nakam sevgilər üzür, kədərləndirir: əsərdə Ayna İsmayılı sevsə də, İsmayıl onu sanki görmür, sevə bilmir; onun az qala ömrü boyu sevdiyi Şəhrizad Talıbı sevir; İsmayılın dərdindən dəli-divanə olan Aynaya isə ta uşaqlıqdan Məmmədrəsul cavabsız sevgisini böyüdür… Romanda İsmayıl öz ağasının qızını sevən mehtər oğludur. Lakin Şəhrizad öz əmisi oğlu Talıbı sevib ona ərə getdiyindən İsmayıl öz sevgisini ömürlük ürəyinə gömür, həyatı boyu nə başqa bir qadına könül verir, nə də başını qaldırıb sevdiyi, amma imkansız sevgisinin obyekti olan qadına gözucu baxır. Bədii detal mətndə müəllifin iradəsini ifadə edən podtekstdir. “Şəhrizad” romanında həyatla ölümün sərhədini müəyyənləşdirən adi məişət detallarından tutmuş, ədəbiyyat üçün klassikaya çevrilmiş bataqlıq (ölümün simvolu), çay (həyatın axışına işarə), cığır (həyat yolu) və s. kimi rəmzlərə, yuxu metaforasınadək hər şey mətnin poetikasına əhəmiyyətli təsir göstərir. İsmayılın həbsdən qaçarkən çayın axınına qarışıb həlak olması, Talıbın sağ-salamat sevgilisinin yanına qayıtması da rəmzidir: Talıbı gözləyən, ona qovuşmağa can atan, daim dua edən bir qadın vardı, İsmayılı isə məhz həmin qadın nə sevir, nə gözləyirdi. Bu üzdən də romanın bədii gerçəyi baxımdan onun ömrünün sonlanması qanunauyğunluqdur: sevgi xilaskar, sevilməzlik – ölümdür.
Vahid Məmmədlinin obrazlar qalereyasında müxtəlif xarakterli insan tipləri birləşərək bütöv bir xalqın ümumiləşmiş obrazını verə bilir. “Şəhrizad” romanında xalqın və çağın obrazı məsələsini şərh etmək niyyətini Aqşin Yenisey belə əsaslandırır: “Məqsədim romanda hadisələrin baş verdiyi çağın özünün obrazını canlandırmaqdır ki, bu fikrə düşməyimin səbəbi də Vahid Məmmədlinin öz əsərində çoxsaylı qəhrəmanlar vasitəsilə müstəmləkə zülmünə məruz qalan ayrı-ayrı azərbaycanlıların deyil, əslində, bütöv bir XALQ-ın obrazını yaratmaq cəhdidir. Müəllif Xalqın obrazını yaradıbsa, biz də Çağın obrazını yaratmağa cəhd etməliyik”.
“Şəhrizad” romanında bəzən lirik ricətlər, bəzən qəfil publisistik notlara köklənmələr, kiçik fəlsəfi-psixoloji haşiyələr mətni adi axarından çıxarsa da, tez də oxucunu əvvəlki ahəngə qaytarır. Fleşbəklərlə ara-sıra keçmişə ekskurs xarakterlərin açılması baxımından əhəmiyyətli yer tutur. Bu barədə Stalin obrazı, başına gələnləri xatırlaması, diktator təbiətinin səbəblərinin dərin qatlarda aranması xüsusi vurğulanmalıdır: “Bütün inqilabçılar ya əzilən bir ananın, ya da əzazil atanın övladlarıdır. Uşaqlıqdan özünə güvən hissi belələrində az olduğundan ilk başda düşdükləri mühitdə yalquzağa çevrilir, sonra isə kimlərəsə nəsə sübut etməyə çalışırlar. Bu əsnada onlar heç kimin etmədiyi risklər edir, haralarda ki bu risk nəticə verir, tezliklə onlar yaşıdlarından fərqli olaraq, daha güclü və qorxmaz olurlar. “Mən bacaranam, hamı görəcək mən kiməm” deyəcək yola çıxırlar...” (səh.232) Müəllif romanda Stalinin psixoloji portetini yaratmaqla, əslində, bütün diktator və faşistlərin beyinlərinin dərin qatlarına nüfuz edir, yarımçıqlıq kompleksini, başqalarını əzərək, tapdalayaraq özünü tamamlamağa çalışdığını bir neçə cümləyə sığdırır: “Koba uşaqlıqdan bəri sübut etməyə çalışırdı ki, o hamının düşündüyü xəstə, qolunun biri o birindən gödək olan həmin uşaq deyil”. İstər-istəməz düşünməli olursan ki, doğrudanmı, zəiflik, gücsüzlük insanı minlərin, milyonların qətlinə fərman verəcək qədər qəddarlaşdıra bilir?
Əsərdə repressiya bataqlığın, çayın gur axınının simasında günahsız insanları “udan”, məhv edən qanlı əjdahaya çevrilir. Stalin terroru haqqında mədəni-tarixi yaddaşın əksini tapdığı “Şəhrizad” romanı boyunca yaşanan bütün əzab və iztirablara rəğmən, sonda, lap nağıllarda olduğu kimi, xeyir qalibdir. Ümumiyyətlə, Vahid Məmmədlinin əsərlərində, demək olar, alternatv variant yoxdur – qalib tərəf həmişə xeyirdir; bu əsərlərdə cəhənnəmi görmək mümkün deyil, çətinliklər sonlanınca əbədi cənnət həyatı başlayır. Onun nəsrində, xüsusən romanlarında folklordangəlmə ənənə ən çox elə bu inam məqamı ilə bağlıdır – mətn nə qədər realist olursa-olsun, sonu nağılvari – mütləq xeyirin qələbəsi ilə tamamlanır: bütün situasiyalarda sevənlər qovuşur, etibarlar doğrulur, sədaqət zəfər çalır.
Sadalananlarla yanaşı, əlbəttə, oxucunu “əsərin adı niyə məhz “Şəhrizad”dır?” sualı düşündürür. Çünki zamanın maşınında çəkilən insan taleləri arasında müəllifin qabartdığı obraz Şəhrizaddır – Azərbaycan qadını, böyük mənada, sadəcə, qadın.
Zərif və güclü. Vahid Məmmədlinin bütün nəsrindəki obrazlar qalereyasında qadınlar – haqqında ayrıca bəhs edilməyə layiqdir. Patriarxal ənənələrin hökm sürdüyü bir keçmişi ədəbi müstəviyə gətirib bu kontekstdə üstünlüyü qadına vermək “Şəhrizad” romanını fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Müəllifin digər əsərlərində olduğu kimi, bu romanında da qadın yaradıcı, qurucu və yaratdığını harmoniyada saxlamağa can atan varlıqdır, qoruyucudur, xilaskardır.
V.Məmmədlinin Azərbaycan ədəbiyyatında ilk fentezi olan “Atropatena dastanı” trilogiyasını oxuyarkən də bu düşüncədəydim və təxminən belə bir fikri vurğulamışdım ki, əsərdə qadın – başlanğıcı, gücü, harmoniyanı ifadə edir. Eynisini və hətta daha artığını protaqonistin simasında “Şəhrizad” romanında da izləyə bilirik. Bəli, romanda keçmişin zamanın – xalqın – millətin obrazı nə qədər qabarıqdırsa, bir o qədər ağır və böyük vurğu qadınadır – Şəhrizad Azərbaycan qadınının milli yaddaşımızda yer etmiş ideal obrazının rəmzidir.
Romanın əsas qəhrəmanı zərif, gözəl, ağıllı, iffətli, anlayışlı, bütün situasiyalarda ərinə – sevgisinə sadiq, ideal bir obrazdır. Şəhrizadın simasında təbiətən qadının fitrətində mövcud olan humanist başlanğıca, xeyirxahlıq və zərifliyə vurğu edilir, baxmayaraq ki, kritik situasiyalarda o, dişi canavara çevrilməyi də bacarır. Şəhrizadın xeyirxahlığı, humanizmi, əsər boyu bəzən hətta gərəyindən çox vurğu edilən zərifliyi, gözəlliyi, bir növ, romandakı siyasi-tarixi fonla kontrast təşkil edir. Şəraitsizlik, əzablar onu qəddarlaşdırmır, dəyişmir. Başqa sözlə, Şəhrizad sürgündə, əzablı yollar keçəndə belə, insan qalmağı bacarır, təbiətən xarakterindəki humanizmdən uzaqlaşmır. Nəticə etibarilə, Şəhrizadın simasında qadın əbədi xeyirin, gözəlliyin, qələbənin, sevginin, yaxşılığın simvoluna çevrilir.
Şəhrizad sadəcə zahiri görkəmi etibarilə gözəl qadın deyil, damarlarında Şuşa bəylərinin qanı axan qürurlu, kübar, mədəni olduğu qədər də yeri gələndə sərt qadındır. Əgər romanın əvvəlində Şəhrizad atası və altı qardaşının qoruma və himayəsində olan ərköyün bir bəy qızıdırsa, az sonra başlarına gələnlər onu ailəsinin həm xanımı, həm qulluqçusuna çevirir – dünən xidmətində dayanan qadınlar artıq onun iş yoldaşları, tay-tuşudur, daha ona “xanım” deyə müraciət etmir, “bacı” çağırırlar. Şəhrizad asi olmur, taleyin qədərini təmkinlə qarşılayır. Növbəti mərhələdə isə o, sürgündədir və yenə xarakterinin əsasındakı yaxşılıq, xeyirxahlıq onu tərk etmir.
Müəllif qatardakı əzab-əziyyətləri uzun-uzadı anlatmır, romanda məqsəd bu olmadığından “Sürgün yerinə çatmağın özü də bir xoşbəxtlik idi”. cümləsi əksəriyyət üçün gedər-gəlməz səfərin məşəqqətlərini ifadə edə bilir. Sürgün düşərgələrində çirkin və ya gözəl, fərqi yoxdur, sadəcə qadın olmaq sürəkli təqiblərə məruz qalmaq demək ikən, ağlı başdan aparacaq qədər gözəl qadın üçün qurdların hücumundan özünü qorumaq məşəqqətdir. Müəllif öz protaqonistini hər cür ekstremal situasiyada təsvir etməklə, onun hərtərəfli, dolğun, bitkin obrazını yaradır. Lap balacalığından Şəhrizadın qəfəsdə quş görəndə onu mütləq açıb buraxması detalı onun ömür boyu azadlıq carçısı olduğu, xilaskar obrazını vurğulayır. Hələ sürgündən öncə həbsdə olarkən Şəhrizad intihara cəhd edərək özünü kəlağayısından assa da, parça onun ağırlığına dözməyib ikiyə bölünür və qadın yerə dəyib yarımcan olsa da, sağ qalır. Onunçun düşmən əlində əsir olmaqdansa həyatından vaz keçmək daha dəyərlidir.
Sürgündə özünü ətrafdakıları dəhşətə gətirən şiddətli qışqırıqla qoruyur və bunun özündən asılı olmadığını, bağırtının ürəyindən qopduğunu deyir. Yəni dolayısı ilə yenə onu hansısa fövqəlqüvvə qoruyur. Bəzən Şəhrizad özünün belə təəccüb etdiyi qədər gələcəyi hiss edir. Onun timsalında özünü qorumaqdan ötrü üst-başından üfunət qoxusunun gəlməsi üçün əlindən gələni edən Şükriyyənin iztirab və ağrılarını da duyuruq, Müşfiqindən ayrılıb həbs olunduğu üçün ağlını itirən Dilbərin dəlicə çığırtılarını da eşdirik. Şəhrizad repressiyaya məruz qalmış Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır, lakin yalnız repressiyaya məruz qalan yox, bütün çətin situasiyalarda – özünü qorumaq məqamı gələndə qəzəbindən güc alan qorxmaz, mərdanə və ən əsası, hər zaman sevgi(li)sinə sadiq.
“Şəhrizad” romanında Aybikənin simasında məkrli, sevgisiz, hesab-kitablı qadın obrazına da rast gəlirik və onun xəyanətə meyilliliyi də, paxıllığı da psixoloji keçmişinə nüfuz edilərək əsaslandırılır. Sürgündə tanış olduğu Tamara, Aybarşa, Aybikə nəinki öz çarəsizliyinə baxmayaraq, onlar üçün də ümid işığına çevrilən Şəhrizad qədər güclü deyillər, hətta çox zəifdirlər. Şəhrizadın simasında görürük ki, insan başqasının ağrısını duyub ona çarə qılmağa çalışdığı müddətcə əsl insandır. Sürgün gözəlliklərin məhv olduğu məqamdır. Romanda bu həyat tərzi bütün çirkinlikləri ilə təsvir olunmur, çünki müəllifin məqsədi sürgün həyatını göstərmək yox, bu fonda qadına fokuslanmaqdır. Sürgün əzabı və məhrumiyyətlər fonunda Şəhrizad obrazı daha da aydınlanır, xarakteri bariz bir şəkildə oxucunun gözü önündə canlanır.
“Şəhrizad” romanının qəhrəmanları yalnız rifah içində ikən sevənlər deyillər, hər cür çətinliyin, ağrının ortasında tək sığınacaqları sevgidir. Hətta bu sevgi onları həyata daha çox bağlayır, fədakarlıqlara, qəhrəmanlıqlara sövq edir, ümidlərin sarsılmasına, inamın qırılmasına imkan vermir. Şəhrizad – qadın özü də fərqində olmadan Talıbın – kişinin ilham pərisi, xoşbəxtlik qaynağı, ümid və inamının mənbəyidir. Vahid Məmmədlinin digər əsərlərində olduğu kimi, bu romanında da qadın – azadlığın, səadətin, həyatın simvoludur.
Ən çətin məqamlarda insanları ayaqda tutan, güc verən inam hissidir. Sürgündə ərinin həbsdən qaçdığını, onunla görüşdüyünü artıq etiraf etdiyini deyib Şəhrizaddan da etiraf tələb etsələr də, o, dediyindən dönmür, israrla əri ilə görüşmədiyini təkrarlayır. Çünki sevgilisi – əri Talıba da özü qədər güvənir, ölümü bahasına olsa belə, onunla görüşdüyünü boynuna almayacağını bilir. Bu iki insan arasındakı qeyd-şərtsiz inam, etibar, sadaqət onların xilası üçün həlledici rol oynayır.
Vahid Məmmədlinin, ümumiyyətlə, bir çox mətnlərinə xas nağıl estetikası və poetikası bu roman üçün xüsusilə keçərlidir. Şəhrizadın öncəgörmələri, kritik məqamda dəhşətli qışqırtısı nağılvari möcüzələrdir. Təbii ki, gerçəklik bu kimi möcüzələrdən xali deyil və real həyatımızda bunlara bənzər yüzlərlə nümunə saymaq mümkündür. Lakin “Şəhrizad” romanındakı möcüzələr də xilasa, qurtuluşa xidmət edir, bu hallarda ümidin möcüzəyə qaldığını izləyirik və o baş verir, çünki möcüzə yalnız ona inananları tapar. Bu möcüzələr məhz Şəhrizadı tapır, bununla müəllif onu fövqəlgüc olaraq mənalandırır.
Bu romanda qadın xilaskardır, öc alan, sadiq qalan sədaqət rəmzidir. Həm də yalnız Şəhrizadın deyil, həmçinin atası və bacısının qisasını alan Aynanın, sevgilisi Məlikdən sonra yaşaya bilməyib intihar edən Sənəmin, İsmayıl onu sevməsə də, öz eşqinə həmişə sadiq qalan Xoşqədəmin simasında. Əlbəttə, romandakı obrazların bu və ya digər situasiyalardakı seçim və davranışları müzakirə mövzusu ola bilər, lakin biz burada motivlərə əsasən dəyərləndirməyə fokuslanırıq.
Sənət xilaskardır. Şəhrizadı və sevgilisini sürgündən xilas edən sənətdir - əsərin estetikası, harmoniyasıdır. “Şəhrizad” romanının ikinci adı “Stalin üçün xalça”dır, başqa sözlə, əsərin bir qəhrəmanı qadın, digəri xalça sənətdir. Şəhrizad minlərin qətlinə bais olan cəlladın rəsmini xalça üzərində əbədiləşdirərkən təbəddülat keçirir, bu məsələ onun üçün “olum, ya ölüm?” dilemmasına çevrilir. Lakin məcburiyyətdən toxuduğu xalça onun xilas yolu olur.
Romanın ikinci adı və paralel qayəsi onun intermedial qatı, hədəfidir. Qarabağ çeşnisində toxunmuş Stalin xalçası naxışlarının gözəlliyi, fövqəladəliyi ilə gözü, könlü oxşayır. Şəhrizadın xəyalən söhbətləşdiyi Stalin deyir: “Əlbət ki, mən də əbədi deyiləm, bu dünyada qalmayacağam. O zaman ən azından, sənin toxuduğun bu xalça qalacaq. Bu xalça nə qədər gözəl olsa, mən də tarixdə bir o qədər qalacam. İnsanlar heykəllərimi, qurduğum dövləti məhv edəcəklər, amma xalçaları məhv etməyə əlləri gəlməz...” (s.228 ) Romanda tarixdə ad qoyan ən qəddar başkəsənlərdən biri olan Stalin həyatda əbədi qalmağın tək yolu kimi sənəti görür. Burada xalça, ümumiyyətlə, sənətə münasibətin təcəssümü, əbədinin yalnız sənət olduğuna vurğudur.
Tarixi gerçəklikdə Stalinin 70 illiyi münasibətilə toxunmuş xalçanın zamanı, müəllifləri bəlli olsa da, “Şəhrizad” romanında sənədlilik, tarixilik və uydurmanın sərhədləri silinərək yeni reallıq yaradılır. Burada həmin xalçanın müəllifi şuşalı bəy qızı Şəhrizaddır və tarixin ən qorxunc obrazlarından olan qaniçən Stalin sənətə ehtiramı səbəbilə bu xalça müəllifini tanımadan əlindən aldığı azadlığı ona geri qaytarır. Bu məqamda Vahid Məmmədlinin “Şəhrizad” romanı vasitəsilə ilhamlandığı “Min bir gecə” nağılları ilə paralellər aparmaq yerinə düşür, çünki repressiya dövründən bəhs edən romanın və ideal qəhrəmanının adı təsadüfən seçilməyib.
“Min bir gecə” nağıllarında böyük əksəriyyətin gözdən qaçırdığı məqam bu mətnlərdə müxtəlif janrlı çoxsaylı mətnlər (nağıl, əfsanə, pritça, şeir, atalar sözü, tapmaca, nəğmə, şeir) vasitəsilə maariflənmə, oxuma-yazma təbliğinin qırmızı xətt kimi keçməsidir və burada, nəticə etibarilə, xilasedici olan sözdür, sənətdir. Vahid Məmmədlinin “Şəhrizad” romanında da eynilə sənətin xilasedici olduğuna vurğu edilir.
Xalça Stalinin xoşuna gəlməsəydi, müəllifinin ölüm hökmünü verəcəkdi, eynən Şəhrizadın nağıllarını şah bəyənməsə, onu öldürəcəyi kimi. “Min bir gecə nağılları”nda nağılın ən maraqlı yerində davamını axşama saxlayan Şəhrizad qadınları qəddar Şəhriyarın qurbanı olmaqdan xilas edirsə, romanda Şəhrizadın istedad və qabiliyyəti özünü, sevgilisini və Taxtabayı ölümdən, həbsdən xilas edir. “Nağıllar”da Şəhrizad şahın əsiridir, nağıl danışmağa başlayıb onu sonraya saxladığı müddətcə isə Şəhriyar şah öz marağı ilə Şəhrizadın, sözün, sənətin əsiridir. Vahid Məmmədlinin romanında Şəhrizad xalçanı toxuduğu müddətdə Stalinin əsiri idi, xalça hazır olduqdan sonra isə onu toxuyan, yaradan Şəhrizad azaddır, Stalin onun, xalçanın, sənətin əsiri, vurğunudur.
Göründüyü kimi, Vahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)
Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib olub
Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib. Türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına 41 film seçilib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
AzərTAC xəbər verir ki, “Tarix” filmi “Altın Saka” Festivalında üçüncü yerə layiq görülüb.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib.
Qeyd edək ki, film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.
Qeyd edək ki, "Tarix" filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)