Super User
“Samovar və çaynik” - Hümbət Həsənoğludan pritça
Gözəl kəlamlar, fikirlər həyatımızı da gözəlləşdirər. “Ədəbiyyat və incəsənət” statusman Hümbət Həsənoğlunun bu dəfə ibrətamiz bir pritçasını təqdim edir.
Samovar çaynikə irad tutdu:- hər stəkana əyilmə, mənim kimi qürurlu ol, qoy stəkanları sənin yanına gətirsinlər.
Çaynik cavab verdi: -Olanımla bölüşdüyümdən, hər stəkana əyilməkdən narahat deyiləm, əksinə, məmnunam.
Elə bu səxavətimə görə də məni insanlar həmişə sənin başının üstünə qoyurlar.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Azərbaycan Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Nə yatıbsan, yatma dur?! Yenidən bir Turan qur” - Çalğın Məhəmməd
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın təqdimatında bu gün Çalğın Məhəmmədin həftəsi yekunlaşır.
Güney Azərbaycanın Təbriz şəhərində yaşayan Çalğın Məhəmməd adı ilə tanınmış şair MəhəmmədRza Cəfərinin yeni yazdığı Qarabağ şeirini təqdim edirik.
QARABAĞ
Ey Füzuli...
Sənin qara gözlərin
Qışın ağ gözlərinin altında su kimi əsir.
Sənin xurmalı yanaqların...
Şirinliyindən
Adamın dodaqların kəsir.
Sənin zeytun gözlərin...
Gözlərin yeridikcə
Adam müsəlmanlaşır.
Ey Füzuli...
Ağrılarını unut
Əllərimdən tut
Gözlərindən o qədər içmişəm-aaaşıram.
Sənin gözlərinə and olsun Füzuli!
Səni məndən uzaqladanlardan-uzaqlaşıram
Dünyanın güzgülərinin önündəsən hala.
Səni göstərə bilməyən aynaların adı şüşədir
Səni göstərə bilməyən gündüzlərin adı gecədir,
Səni səbt edə bilməyən tarix nağıldır
Və səni oxuya bilməyən şair - heç şair deyil!
Ey Füzuli...
Ayağa dur
Taqçalarının tozunu al.
O çörək qabındakı cəhlənmiş çörəklərini boşalt
O küzədəki boyat suyu dışarı süz.
Hələ,divardan sallanan Sayatın saralmış şəklinə baxarsanmı?
Ooooooy!!
Anan ölsün Sayat
Su boyat, çörək boyat,
Gərəkdir rəngin saralsın.
Ey Füzuli...
Ayağa dur
Əl-üzündə yağış təsviri qur.
Küçələrini xalça uzad
Alışdır tiribonlarını
Həmən bir şeir gecəsi qur
Təbrizdən Çalğın gəlmiş
Və Bağdaddan...
Buyursun Füzuli həzrətləri.
"Bu rövşəndir təbiətdə dan ulduzsuz pegah olmaz,
Roxe zibayin ey dilbər nigahilən təbah olmaz.
Əgər məşuqələr içrə sədaqətlən viqar olsa,
Bütün sərgəştələr içrə bu qədri nalə-ah olmaz.
Mərizi-eşqəm ey dilbər təbibi-dərdi mən sənsən
Təbib dərdə əlac eylər uzaqdan ki, nigah olmaz!
Dodağından tərəhhüm qıl mənə bir qünçə lütf eylə,
İlahi bargahında o qünçeylən günah olmaz.
Mənə bir busə borcun var dedin gəl al Qarabağda
Bu gün nəqd eylə ey dilbər sabah olmaz, sabah olmaz.
Füzuli xainidanından qalan şahzadə Çalğındır
Nasıl şahzadədir Çalğın başında heç sipah olmaz?!
Ey Şuşa...
Ey dünyanın ən dəli-sov gəlini
Ey yer kürəsinin sevgiyə hamilə olan nöqtəsi.
Gecələr qoynunda yazdığımız şeirləri - sinəndəki təpələrdə gizlətdik.
Gündüzlər səsində yazdığımız romanları - göbəyindəki qayalıqlarda…
Ey Şuşa...
Ey xanın ərköyün qızı.
Gözlərindəki yaşıl muncuqlarını mənə verərsənmi?
Yanaqlarındakı qızıl almalarını necə?
Dodaqlarını aç şərqin havası təmizlənsin,
Saçlarındakı bəyaz qartallarını uçurt
Göylər darıxır boşluqdan.
Ey Şuşa...
Qollarını boynuma sal, yalqızam.
Saçlarını çiynimə sər, darıxıram.
Əllərimi bağrına bas, üşüyürəm.
Oooooy! bilmədim
Bağışla Şuşa
Yaralarına əlim dəydi
"Anan ölsün Şuşa
Nə dırmaşıbsan daşa
Bacın qurban olaydı
Gözündən axan yaşa.
Ey Şuşa...
Ey pərişanlığın simvolu
Ey Şuşa...
Ey şeirin istresi
Ey Şuşa...
Ey şairlərin paytaxtı
Hələ şair dedim yadıma düşdü
Oturun Molla Pənah Vaqifi çağırım gəlsin.
"Çoxdandı həsrətəm yaşıl gözünə,
Gəl otur qarşımda göz-gözə şuşa.
Nə gözəl saatdı, möhtəşəm andı,
Mən sizə qonağam, sən bizə şuşa.
Boğazın bulurdan ətəyi ağ qar,
Sinəndən aslanır bir cüt qızıl nar,
Gözlərində bir cüt yaşıl zeytun var,
Dəhanın bənzəyir dənizə şuşa.
Əyir ağ güzəmi uzad hananı,
Sağ ala inəyi bağla dananı,
Yüklə ağ mayanı, boz arvananı,
Yolla bu qatarı təbrizə şuşa."
Atam illər öncə ağlardı.
İllər sonra mən güldüm.
Qarabağ, siz görən qarabağdan çox uca boydur.
Ağdam...
Ağdamda bir gəlin ağlardı qatar səsiylə,
Gövərçinin ayağına məktub bağlayır bir gəlin
Və mən...
Qara damda otursam da
Ağdama vurulduğum gündən
Özümdən çox məmnunam…
Baş ağrıların toxtayandan sonar,
Yol qırağındakı çinar ağaclarına baxarsan!
Dağların ətəyindəki göz yaşlarına diqqətli ol
Sənin bulutlarla nə işin var?
Uzaqdan görünən o savadlı şəhərin adı laçındır
O dirsəyə söykənən şairin adı sücaət!
"Fotoçu şəklini çək,
Hörüyünün saçının.
Şəkildə gözəl düşür,
Qəmi, dərdi laçının.
Ayazlı bir axşamda,
O qəlbidə yastam da,
Anam o uçuq damda,
Saçın hördü laçının.
Gözlərimdə yuxular,
Süzülür xumar-xumar,
Nağılda üç alma var,
Onun dördü laçının."
Əlimi alnıma qoyub kəlbəcərin qəlbisindən baxıram
Yer kürəsinin yuvarlaq olduğunu kim söyləmişdi?
Milyonlar açılar və qollar gizləniblər kölgələrinin dərinliklərində
Və dərələr, çadır kimi qatlanmış göstərir yer kürəsini.
Əlimi alnımdan götürüb
Aşağıdakı kəndə sarı yeriyirəm hala.
Bu kənd də bir qız var, adı QIZQAYIT
Qızqayıtın sağ çiyini sol çiyinindən uca olsa da,
Yeriyəndə sol ombasını bassa da Qızqayıt,
Yerişini sevirəm.
Qızqayıtın dodaqları kənd qoxusu versə də.
Dişləri kömür rəngində olsa da Qızqayıtın,
Gülüşünü sevirəm.
Danışanda topuq vurur Qızqayıtın dili…
Çaçaçaçaçalğın sənə çaçaçaçay
Dəmləmişəm gəgəgəl iç.
Ooooooooy
Sənin şeir dadında çayını çox sevirəm
Qızqayıt!
Qızqayıtın barmağına anamın üzüyünü
Nişan taxıram
Və kəlbəcəri gələn yaza tapşırıram…
Cənubdan hala,
Zəngəzurun sağ döşündə uzanmışam.
Beynimdə Atillanın yaratdığı xəritə,
Böyrümdə bir sürü quzu mələşir.
Köpəklər yalğızlığımı hürüşürlər kiçik bir təpənin üstündə
Və bir çoban…
Tütəyində oxşayır:
“Anam ölsün zəngəzur
Nə yatıbsan, yatma dur?!
Qollarını aç, uzalt,
Yenidən bir turan qur.”
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Qarabağ memarlıq abidələrinin bərpası ilə Azərbaycanın qədim tarixi də qorunur
İşğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Qarabağda yerləşən abidələrin hər daşında həm mədəniyyətimizin, həm də tariximizin silinməz izləri var. Qarabağdakı memarlıq abidələrimiz, muzeylərimizlə yanaşı, dini məbədlərimiz də mənfur düşmən tərəfindən dağıdılmışdır. Nəticədə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.
Bu barədə AzərTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov bildirib.
Memar qeyd edib ki, Qarabağ işğaldan azad edildikdən sonra qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. Bu ərazilərdə dağıdılmış olan memarlıq abidələrinin yenidən qurulması və bərpası hazırda Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyətinin əsasını təşkil edir. Burada maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması və bərpası ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilir: “Bu gün ilk növbədə Qarabağın tarixini, mədəni irsini bərpa etmək, qorumaq lazımdır. Dövlətimizin başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Qarabağın mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramları qəbul olunub. Abidələr bərpa olunaraq beynəlxalq aləmdə təbliğ olunmalı, dünya mədəni irs siyahılarına daxil edilməlidir. Bu abidələrimizin yenidən bərpası ilə Azərbaycanın qədim tarixi də qorunur və onların gələcək nəsillərə çatdırılması üçün şərait yaradılır”.
F.Bayramovun sözlərinə görə, bu sahədə tədqiqatlar aparılmalı və gənc mütəxəssislər bərpa işlərinə cəlb olunmalıdır. Ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyələrin hazırlanması və onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması vacibdir. Qarabağ və ətraf ərazilərin memarlıq irsinin vəziyyəti, bərpası və qorunması bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir.
Memar, həmçinin vurğulayıb ki, ölkəmizdə sahibkarlar və iş adamları da bu sahəyə investisiya qoymaqda maraqlı olmalıdırlar. Bu, maddi-mənəvi irsimizə sahib çıxmaq, onu qorumaq və gələcək nəsillərə çatdırılması naminə aparılan vətənpərvərlik işidir.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
“Sevginin yaddaşı” - Səbinə Yusifin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Həvəskarların yaradıcılığı bölümündə sizlərə Səbinə Yusifin “Sevginin yaddaşı” hekayəsini təqdim edir.
- Bir sevgi istədim Tanrıdan. Vətən kimi müqəddəs. Bəxş etdi mənə. Sənin sayəndə. O sevgini heç nəyə dəyişə bilmərəm.
- Mən də bir sevgi istədim Tanrıdan. Saf, təmiz. Bəxş etdi mənə. Sənin sayəndə. Mən də səni heç kimə dəyişə bilmərəm.
- Bəs necə edək? Zaman keçib. Bu sevginin əlacı ayrılıqdan başqa bir şey deyil. Biz bir-birimiz üçün əvəzolunmaz olsaq da, susmalıyıq. Çünki çox gec.
- Bircə sən "hə" de. Hər şey düzələcək.
- Heç nə düzəlməyəcək. Bu mümkün deyil.
Öz aralarındakı dialoqu yenidən lent kimi gözləri önünə gətirən mayor siqareti siqaretin arxasınca yandırırdı. Stolun üstündəki külqabı siqaret kötükləri ilə dolmuşdu. Heç o da bilmirdi bu eşq necə tapıb onu. Otağı təmizləmək üçün gələn xadiməyə isə bu gün işdə qalacağını və otağın təmizlənməsinə ehtiyac olmadığını dedi. İşdən evə getmək də istəmirdi. Özü də olanları təhlil etməyə çətinlik çəkirdi. Axı onlar çox möhkəm dost idilər. Və bir-birinə qarşı heç bir hissləri yox idi. "Bəs yaxşı indi nədən bunlar baş verir? Mən niyə onu düşüncəmdən qoparıb ata bilmirəm?" -deyib, iki əli ilə başını tutdu. Bütün olanları bir-bir xatırlamağa çalışırdı: "Müharibə vaxtı məni ən çox o axtardı. Halımı o soruşdu. Elə müharibədən qayıdanda da mənimlə görüşəndə onun sevincinin həddi-hüdudu yox idi. Yaxşı başa düşürəm. O bunları bir dostum kimi edirdi. Başqa münasibət onun ağlından keçmirdi. Yaxşı bəs mən? Niyə onu sevdim? Niyə özümü də ona sevdirdim? Axı mən bunları bilə-bilə etmədim. Hər şey qəfil oldu. Sevgi gələndə səs etməz deyirlər. Ancaq bizim sevgimiz odlu-alovlu müharibədən bir yadigar qaldı sanki. Bizim sevgimiz müharibə ilə birgə gəldi". Düşüncələrinə hakim kəsilə bilməyən mayor pəncərədən çölə doğru baxdı. Saatın necə sürətlə irəlilədiyinin fərqində olmadığını anladı. Şəhərin küçə lampaları yanır, göydə ulduzlar Aya naz edirdilər sanki. Ulduzlara baxa-baxa birdən dostunun həmişə söylədiyi şeirdən bir bənd yadına düşdü:
Ulduzlar köz-köz olub,
Bir oğlan, bir qız olub.
Gəl biz də ulduz olub,
Göy üzündə görüşək.
Kaş bizim də Göylərə getmək imkanımız olaydı, deyib, özündən asılı olmadan hönkürtü ilə ağladı. Bəs deyirlər, kişilər ağlamaz, deyib yenə də öz-özünə danışmağa başladı. Kişilər də ağlayarmış sən demə. İlahi sevgiyə tuş gələndə, ürəyinin dərinliyində onu duyan birinin var olduğunu hiss edib, ona uzaqdan baxmağa məcbur olanda kişilər də ağlayarmış.
Yanan ürəyinə sərinlik gətirmək üçün bir stəkan sərin suyu birnəfəsə içəndən sonra yenə də öz-özünə danışmağa başladı:
-Sevgi də müharibə kimidir. Ya döyüşüb hisslərinə qalib gəlməlisən. Ya da hisslərinin əsiri olmalısan. Elə müharibədə də ən dəhşətlisi əsir düşməkdir. Əsir düşmək bir hərbçinin ən çox ehtiyat etdiyi məqamdır. İndi mən bir sevginin əsiri olmuşam. Artıq heç nədən də ehtiyat edə bilmirəm. Yaxşı gecənin bu vaxtı görən o neynir? Bəlkə zəng edim? Heç nə deməyim. Hal-əhval olum. Səsini eşidim. Yox, yenə də eyni sözləri deyəcək: Gecdir daha. Yaxşı bəs mən nə edim?
Aidə də pəncərinin qarşısında dayanıb ulduzlara baxırdı. İndi görəsən o nə edir? Kaş ki, biz heç bir-birimizi tanımayaydıq. Hər şeyin ən möhtəşəmi ən sıldırımlı yollardan keçir. Belə möhtəşəmlik mənim nəyimə lazım idi? Sevirəm. Ancaq imkansız. İmkansızı sevmək bəlkə də günahdır. Mən günah edirəm. Ancaq nə edim?!
Elə bu vaxt Aidəyə zəng gəldi: "Odur. Bəlkə cavab verməyim. Yox, cavab verim. Bəlkə vacib sözü var. Bəlkə yenə ön cəbhəyə gedir".
- Alo.
- Salam.
- Salam.
- Necəsən?
- Şükür. Sən necəsən?
- Yaxşıyam. Sənin üçün darıxmışam.
- Darıxma.
- Niyə?
- Gecdir.
- Heç nə gec deyil, Aidə.
- Gecdir. Həm də çox gec.
-Sən bir dəfə hə de. Sonra biləcəksən ki, heç nə gec deyil. Səni tanıdığım üçün bilirsən nə qədər xoşbəxtəm? Dünyaya yenidən gəlmək imkanım olsaydı, yenə də axtarıb səni tapardım.
- Niyə?
- Eşq niyəsizdir. Sən mənim Eşqimsən.
- Mən də səni niyəsiz sevdim. Vətən kimi sevdim səni. Ancaq gəl razılaşaq ki, bu Eşq zamansız tapdı bizi.
- Sən bizim Eşqimizə zamansızmı, deyirsən? Eşqin zamanımı olur, gülüm?
- Eşq Göylərdə məhdudiyyət tanımır. Ancaq Yerdə zaman önəmlidir.
- Sən mənim Göy Adamımsan. Bunu bilmirdin? Səninlə söhbət edəndə Yerdə yox, Göylərin ənginliklərində oluram.
- Yaxşı, Göy Adamım gecənin bu aləmində nə yaxşı zəng edib, bilmək olar?
- Sabah ön cəbhəyə gedəcəm. Xəbər etmək üçün zəng etdim. Qayıdım, görüşərik. Sən mənim nəfəsimsən. Məni nəfəssiz buraxma.
-Şamil.
-Can
-Ehtiyatlı ol.
-Narahat olma.
-Gecən xeyrə qalsın. Yolun uğurlu olsun.
-Xeyirə qarşı. Can dostum, ruh dostum, aldığım nəfəs hamısı sənsən. Öpürəm səni.
Onlar sağollaşmaq istəməsələr də bir-birinə astadan "sağ ol", deyib yenə də təklikləri ilə baş-başa qaldılar. Hər ikisi düşüncələr içində yatmağa çalışırdı…
*
Səhər saat 5-də Şamil şəxsi heyətlə ön cəbhəyə yola düşdü.
*
Aidə gecəni yata bilmədi. Səhərə yaxın gözünə yuxu getdi. Fikirlər içində yuxuya gedən Aidə qorxulu yuxu gördü: Şamil saysız-hesabsız bir dəstənin önündə gedir. Birdən kənardan bir nəfər qara at gətirib Şamilə verir, “Bu at sənindir, ata min”,- deyir. Şamil qara atın tərkinə minir və at qanadlanır, Şamili götürüb bir göz qırpımında yoxa çıxır.
Qorxu içində oyanan Aidə tez saata baxdı. Saat 7-yə işləyirdi. Şamilə zəng etdi. Ona zəng çatmırdı. Ağlaya-ağlaya rəfiqəsinə zəng etdi. Yuxusunu danışdı. Rəfiqəsi Aidəyə təsəlli etdi: Ay qız, narahat olma. At muraddır. Xeyir xəbər eşidəcəksən.
Rəfiqəsi ilə sağollaşıb çarpayıya uzandı. Yarım saat keçməmiş Aidəyə bacısından zəng gəldi.
- Salam.
- Salam.
Sonra bacısı susdu. Aidə dərhal nəyinsə pis bir şeyin baş verdiyini duydu. “Nə olub, niyə zəng edib susursan?” deyə suallar yağdırdı.
Bacısı nəhayət dilləndi:
- Şamildən xəbərin var.
Həyəcandan az qaldı dili tutula.
- Nə olub ki?!
- Ön cəbhəyə gedirmişlər. Şəhərdən çıxanda qəzaya düşüblər. Şamil həyatını itirib.
Aidə fəryad çəkdi:
- Ola bilməz. Şamil odların ağzından salamat gəlib. Şamil dağların zirvəsinə qalxıb. Şamil şəhərin asfalt yollarında ölümə təslim ola bilməz!
“Yalan deyirsən” nidasıyla Aidə qışqırmağa başladı.
*
Şamilin nəşi dəfn olunanda Aidə yaddaşını itirmişdi.
28 avqust, 2022-ci il.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Cənnət görmək istəyən, Azərbaycana gəlsin
CARİ İLİN 5 AYINDA ÖLKƏMİZƏ GƏLƏNLƏRİN SAYI 1,5 DƏFƏ ARTIB
Turistlərin gəlişinə gileylənənlər nəyə əsaslanır? Bu, ölkənin tanıtımı, büdcəyə əlavə vəsait gəlməsi deyilmi?
“Ədəbiyyat və incəsənət” portalı növbəti Açıq Portfel xəbərini Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən yayır və yazıya elspert rəyi əlavə edir.
Ondan başlayaq ki, ölkəyə gələnlərin sayı artıb. Belə ki, cari ilin yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bəs ən çox hardan gələn var? Statistikaya baxaq.
32,4 faiz - Rusiya Federasiyası,
20,0 faiz - Türkiyə,
8,1 faiz - İran,
5,2 faiz - Gürcüstan,
4,9 faiz - Hindistan,
2,3 faiz - Pakistan,
2,2 faiz - Qazaxıstan,
2,1 faiz - Birləşmiş Ərəb Əmirlikləri,
2,0 faiz - Səudiyyə Ərəbistanı,
1,9 faiz - Özbəkistan,
1,6 faiz - Belarus,
1,5 faiz - Ukrayna,
1,3 faiz - Böyük Britaniya,
1,3 faiz -Türkmənistan,
1,2 faiz - Küveyt,
12,0 faiz - digər ölkələr.
Gələnlərin 74,1 faizini kişilər, 25,9 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan 3,9 dəfə, Hindistandan 3,2 dəfə, Belarusdan 2,7 dəfə, Özbəkistandan 2,6 dəfə, Qazaxıstandan 2,0 dəfə, Rusiya Federasiyasından 2,0 dəfə, Böyük Britaniyadan 1,8 dəfə, İsraildən 1,7 dəfə, ABŞ-dan 1,6 dəfə, Küveytdən 43,8 faiz, Pakistandan 43,0 faiz, Gürcüstandan 41,7 faiz, Türkiyədən 22,5 faiz, Omandan 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 14,7 faiz artıb.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 2,0 dəfə artaraq 296,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38,0 min, körfəz ölkələrindən gələnlərin sayı 4,5 faiz azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
“Ədəbiyyat və incəsənət” portalı təqdim etdiyimiz statistika ilə bağlı otel biznesində çalışan Adəm İsmayılova müraciət edərək ondan rəy bildirməsini xahiş edib. A.İsmayılov deyib:
-Əlbəttə ki, statistika ilk baxışdan adamı aldada bilər. Ölkəmizə ən çox gələnlərin Rusiya, Türkiyə, İran və Gürcüstandan gəldiklərini iddia edən cədvələ bir şərh verək. Bu o demək deyil ki, tutalım, Azərbaycana rus və gürcü turistləri hamıdan çox gəlir. Bu iki ölkə diasporumuzun ən sıx yaşadığı ölkələrdir və gələnlərin əksəriyyəri soydaşlarımızdır. Eləcə də İrandan gələnlər öz güneyli soydaşlarımızdır. Türkiyəyə gəldildə isə, bu ölkədən gələnlərin tam əksəriyyəti burada çalışanlardır. Demək, ölkəmizə ən çox gələn əcnəbilər hindistanlı, pakistanlı və ərəblərdir. Vəziyyət dəyişməz qalır.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
“Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib
İyunun 21-də “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 22 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. Konfransda ölkədə fəaliyyət göstərən dini qurumların, icmaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 22 il bundan əvvəl, 2001-ci ilin iyun ayının 21-də Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncam imzaladığını bildirib. DQİDK sədri vurğulayıb ki, Ümummilli Liderin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Komitə sədri diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti dövlət komitəsinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. Komitə sədri, həmçinin DQİDK-nın fəaliyyətinin genişləndirilməsi, işgüzar kollektivin formalaşması və ixtisaslı kadr potensialı ilə siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Qeyd edilib ki, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, multikultural və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və sair istiqamətlərdə fəaliyyət göstərən DQİDK-də texniki heyət də daxil olmaqla 179 ştat vahidi mövcuddur. Əsasən gənclərdən ibarət olan DQİDK kollektivinin bu günə qədər 43 əməkdaşı dövlət başçısı tərəfindən medallarla təltif ediliblər.
Dövlət komitəsinin sədri işğaldan azad edilmiş ərazilərdə məscid tikintiləri və abidələrin bərpası işinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqətində olduğunu vurğulayıb. Mübariz Qurbanlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətindən bundan sonra da səylə çalışacaqlarını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov DQİDK-nın həm 22 ildə keçdiyi yola, həm də bu günün reallıqları çərçivəsində üzərinə düşən vəzifələrə diqqət çəkib. Qurumun insan resursları sahəsində statistik məlumatlarını bölüşən sədr müavini komitənin iş yükü və səlahiyyətlərinin artırılması səbəbi ilə əməkdaş sayının artırılmasının zamanın tələbi olduğunu deyib. G.İsmayılov çıxışında dini qurumlarla işin qurulması, onların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının aparılması, dini maarifləndirmə fəaliyyətinin təşkili, beynəlxalq münasibətlərin, eləcə də ictimaiyyətlə əlaqələrin inkişafı və digər sahələrlə yanaşı, DQİDK-nin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun bu illər ərzində gördüyü işlərdən danışıb. Bildirib ki, müxtəlif qurumlarla cari il ərzində 172 maarifləndirmə tədbiri keçirilib ki, bunlardan 55-i hüquq-mühafizə orqanları ilə birgə təşkil edilmiş tədbirləri əhatə edib. G.İsmayılov, həmçinin İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Müvəffəqiyyət qazananların 112-si müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 181 din xadimi işindən uzaqlaşdırılıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmərxanım Cavadlı dövlət komitəsinin öhdəsinə düşən vəzifələri ötən 22 il ərzində yüksək səviyyədə həyata keçirdiyini bildirib. Dövlət Komitəsi və QMİ arasındakı uğurlu əməkdaşlıq əlaqələrinə diqqət çəkən Q.Cavadlı din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması, habelə tolerant və multikultural dəyərlərin ölkə hüdudlarından kənarda təbliği baxımından Komitənin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov həyata keçirilən layihələrin önəmini qeyd edib. Tolerant, multikultural dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində bundan sonra da qarşılıqlı əlaqələrin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev DQİDK kollektivinin ideoloji sahədə yüksək peşəkarlıqla çalışaraq ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin daha da inkişafında səy və bacarıqlarını əsirgəmədiklərini bildirib. Həmçinin DQİDK və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təmsil etdiyi quruma göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov DQİDK-nın fəaliyyətindən bəhs edərkən dövlət başçısının bu sahəyə xüsusi diqqətinin təzahürü olaraq dövlət komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının önəmini qeyd edib. Aİİ ilə Komitə arasındakı sıx kommunikativ fəaliyyətə də toxunan rektor bildirib ki, dini təhsil sahəsindəki boşluqların aradan qaldırılması, İnstitutun işinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətlərində DQİDK-nin kollektivi dəstəyini əsirgəmir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov ölkə rəhbərliyinin din sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanıldığını nəzərə çatdıraraq bu sahənin inkişafına DQİDK-nın layiqli töhfələr verdiyini deyib.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli Dövlət Komitəsinin dini qurumların işinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə diqqət çəkərək, dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönümünü ilə bağlı dövlət komitəsində qulluq keçən və xidmətdə fərqlənənlər fəxri fərmanla təltif olunublar.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Heydər Əliyev Mərkəzində caz günləri başlayır
İyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.
Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.
Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək.
Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir
BU GÜN 5-Cİ İŞ GÜNÜDÜR
Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir.
İyunun 25-i başa çatacaq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq.
18 İYUN
Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.
Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.
“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.
Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.
19 İYUN
Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.
İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.
Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.
Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.
20 İYUN
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb.
Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.
Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.
Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinlənilib.
Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər.
Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .
İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib.
Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib.
21 İYUN
Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.
Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib.
Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
22 İYUN
Bu gün - iyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunacaq.
Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı iyunun 22-də səhnəyə çıxacaq.
24 İYUN
İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.
25 İYUN
Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.
Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil ediləcək. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları olacaq. Festival günlərində Beynəlxalq simpozium keçiriləcək, İçərişəhərdə instrumental muğamlar təqdim ediləcək, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)
Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna yekun vurulub
İyunun 21-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turunun dinləmələri təşkil edilib.
AzərTAC xəbər verir ki, dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunacaq.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Müsabiqədə instrumental ifaçılıq kateqoriyası üzrə ikinci tura vəsiqə qazanmış iştirakçı Vaqif Təhməzov AZƏRTAC-a müsahibəsində müsabiqə barədə öz təəssüratlarını bölüşüb: “Uzun zamandır ki, bu müsabiqəyə hazırlaşırdıq. Üzərimdə əziyyəti olan müəllimlərimə öz təşəkkürümü bildirirəm. Əziyyətli günlərimiz çox olub və düşünürəm ki, buna dəyər, inanıram ki, bunun bəhrəsini görəcəyik. Bu gün burada tarda ifa etdiyim kompozisiya müxtəlif bəstəkarların əsərlərindən və ən əsas da muğamlarımızdan ibarət idi".
Milli Muğam Müsabiqəsinin instrumental ifaçılıq kateqoriyası üzrə qalibi olmuş Vaqif Təhməzov deyib: “Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin müəllimin böyük zəhməti olub. Onun çəkdiyi əmək hədər getmədi, mən var qüvvəmlə müəllimimin ümidini doğrultmağa çalışdım və düşünürəm ki, buna da nail oldum. Biz birlikdə bu müsabiqəyə böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi”.
Qeyd edək ki, festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)