Super User

Super User

REKVİYEM

 

 

Varis, “Ədəbiyyat və incəsənət”

 

 

Bir vaxtlar bir Xaliq Oğuz vardı, gözəl dost idi, gözəl insan idi. Əslən Laçından idi, Sumqayıtda doğulub boya-başa çatmışdı.

Biz onunla BDU-dan, tələbəlik illərindən tanış idik. 

Gözəl də şeirlər yazırdı Xaliq. Birində ürəyinə xitab edərək yazmışdı:

 

Kiməsə ümidəm, kiməsə dayaq,

Kiməsə bir quru təsəlliyəm mən.

Hardasa şöləsi zəif bir çıraq,

Hardasa lap günəş məsəlliyəm mən.

Çağırır ardınca neçə yol, cığır,

Əlçatmaz zirvələr səsləyir məni.

Bir ana mən gedən yollara çıxır,

Bir gözəl nigaran gözləyir məni.

Nə ömür yarıdır, nə mənzil hələ.

Ağrıma ürəyim, ağrıma belə.

 

Nə biləydi ki, cəmi 33 yaşında ürəyi ona naxələf çıxacaq, onu dünyadan vaxtsız aparacaq.

Bizim çevrəmizdə İbrahim İlyaslı var idi, Rauf Qaraişıq var idi, Əyyub Qiyas var idi…

İbrahim Xaliq barədə gözəl bir yazı hazırlayıb: “Məni bircə nəfər duyan olaydı...” adlanır. 

 Məni bircə nəfər duyan olaydı... Təkcə hər şairin yox, hər insanın, ümumiyyətlə, hər varlğın ən böyük istəyi, ən böyük arzusu elə bu deyilmi?! O duyğularda nələr vardı, nələr yoxdu... Gənc şair olasan, ürəyində bir-birini qovan arzular ola... Və bir gün qəfil hər şeyin sonu...

1980-ci illərin sonları... Milli oyanış,.. Gəncliyin qan-qan deyən zamanı... Handa ədəbi gənclik ola... Fədailik duyğusu və düşüncəsi...

Bizim ədəbi nəslin məndən də öncə tanınan, bilinən bir ismi – Xaliq Oğuz!!!

O zaman üçün, təkcə, bu təxəllüsü götürmək adamdan cəsarət istəyirdi. Xaliq öncə bunu bacardı. Sonra SSRİ-nin çökməyə doğru getdiyini daha tez duydu və həm təşkilatlanma, həm də maddi durum üçün böyük arzular dalınca qoşdu...

 

Bu yazı bu gün portalımızda dərc ediləcək. Onu mütləq oxuyun. Və bilin ki, bu dünyadan bir Xaliq Oğuz da keçib. 

“Ağ gün axtarıram, ağ həblər atıb” deyən Xaliq Oğuz.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

İyunun 22-də Azərbaycan Milli Konservatoriyasında Əbu-Dabi Ud Evi (The House of Oud in Abu Dhabi) ilə Milli Konservatoriya arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. 

 

Milli Konservatoriyadan verilən xəbərə görə, sənədi Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və iraqlı musiqiçi, ud ifaçısı, Əbu-Dabi Ud Evinin rəhbəri, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma) imzalayıblar. 

İmzalanma mərasimində çıxış edən Xalq artisti Siyavuş Kərimi imzalanan müqavilənin Azərbaycan musiqi mədəniyyətinin yaxın Şərqdə yayılması və təmsil olunmasına, eləcə də Azərbaycan və yaxın Şərq musiqiçilərinin birgə əməkdaşlığı, həmçinin musiqimizin təbliğinə öz töhfəsini verəcəyini bildirib. Xalq artisti bu əməkdaşlıq müqaviləsinin iki ölkənin mədəniyyəti üçün böyük hadisə olduğunu diqqətə çatdırıb. 

Qeyd edək ki, memorandum çərçivəsində hər iki ölkədə müxtəlif festival və müsabiqələrin təşkil olunması, musiqi istiqaməti üzrə birgə təşviqat proqramlarının həyata keçirilməsi, iki ölkə arasında musiqi mədəniyyətinin öyrənilməsi və tədqiqi üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

BU GÜN 6-CI İŞ GÜNÜDÜR

 

Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı davam edir. 

İyunun 25-i başa çatacaq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmaqdayıq. 

 

18 İYUN

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub. 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır. 

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır. 

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər. 

 

20 İYUN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qalıb. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılıb. 

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim edib. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış ediblər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırıblar.

Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyada dinlənilib.

Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər. 

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .

İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib. 

Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib. 

 

21 İYUN

Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.

Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib. 

Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

 

22 İYUN

İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olundu. 

Həmçinin Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı səhnəyə çıxdı. 

İndi isə əsas hadisə barədə daha ətraflı: 

İyunun 22-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.  Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. 

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

 

24 İYUN

İyunun 24-də Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyada Xalq artisti, xanəndə Teyyub Aslanov və piano ifaçısı Nicat Aslanovun konsertləri keçiriləcək.

 

25 İYUN

Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi qaliblərinin mükaftlandırılmasından sonra konsert təqdim ediləcək.

 

Festival çərçivəsində Ağcabədi şəhərində muğam ifaçılarının iştirakı ilə konsert təşkil edilir. Mədəniyyət paytaxtımız Şuşada müxtəlif məkanlarda muğam və poeziya ifaları var. Festival günlərində Beynəlxalq simpozium keçirilib, İçərişəhərdə instrumental muğamlar təqdim edilib, 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Cümə, 23 İyun 2023 09:00

Nağıl günləri keçirildi

HƏR KƏS ÜÇÜN GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ

 

 

Məktəblər bağlanıb, uşaqlar yay tətilinə çıxıblar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz statusuna uyğun olaraq uşaqların qeydinə qalmaq barədə düşünərək Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə geniş uşaq auditoriyasını əhatə edən nağıl günlərinə start verib. Beləliklə, bu gün yekunlaşan nağıl günləri uşaqları həqiqətən nağıllar aləminə qonaq aparıb. 

 

Dövlət Komitəsinin yaydığı məlumata görə, nağıl günlərində komitə sədri Bahar Muradova, Komitənin dəvəti və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin dəstəyi ilə ölkəmizə qonaq gələn Bursa bələdiyyəsinin nümayəndələri, eləcə də nağılçılar iştirak ediblər.

Bahar Muradova türk coğrafiyasının öz milli-mənəvi dəyərlərinə uyğun gənc nəsil formalaşdıran, eyni zamanda, müasir dəyərlərə açıq və demokratik cəmiyyət quruculuğunda uğur qazanan türkdilli ölkələrdən ibarət olduğunu qeyd edib. Həmçinin B.Muradova bu gün Azərbaycan-Türkiyə birliyinin həm Türk dünyasına, həm də dünya ölkələrinə və xalqlarına bir nümunə olduğunu, son illər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatdığını bildirib.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin çıxışı dinlənilib. 

Daha sonra Türkiyədən dəvət olunmuş musiqiçilər Taner Baba və Tahir Aynenin müşayiəti ilə nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurt tərəfindən uşaqlar üçün səsləndirilən bir sıra türk nağıllarla, həmçinin azərbaycanlı yazar Solmaz Amanova tərəfindən danışılan hekayələrlə azyaşlılar nağıl dünyasına səyahət ediblər.

Qeyd edək ki, nağıl günlərinin təşkil edilməsində əsas məqsəd uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.

Bəli, göydən üç alma düşdü. Nağıl günlərinə qayılan hər bir uşağa o almalardan pay düşdü.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Bu gün Azərbaycan Yazıçılar Birliyini ziyarət edən Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəslə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dərginin Daşkənd bürosunun fəaliyyət göstərməyini təqdir edən hörmətli elçi Azərbaycan - özbək ədəbi əlaqləri haqda məlumatlandırılıb. "Ulduz"un son sayları hədiyyə olunan cənab Aşrafxanov baş redaktora təşəkkür edib və ədəbi əməkdaşlıqda uğurlar arzulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

 

QRAN-PRİ ÖZBƏK MÜĞƏNNİYƏ QİSMƏT OLDU

 

Bu gün “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.

 

AzərTAC xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib.

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

Qaliblərə mükafatlar “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində təqdim ediləcək. 

Qeyd edək ki, Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat olub.

Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Beynəlxalq Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, iyunun 18-dən davam edən müsabiqə istedadların özlərini daha geniş auditoriyaya təqdim etməsi istiqamətində bir təkan olub.

Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. Özbəkistan bu müsabiqədə çox fəal idi. Seçimlər ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. 

Siyavuş Kərimi müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna təşəkkür edib.

Münsiflər heyətinin digər üzvləri də çıxış edərək müsabiqə barədə öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Muğam aləmi” 6-cı Büynəlxalq Musiqi Festivalı və müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Cümə axşamı, 22 İyun 2023 14:33

Hamını xoşbəxt eləməyə çalışan adam

 

BU GÜN MƏŞHUR SUMQAYITLI HÜMBƏT HƏSƏNOĞLUNUN DOĞUM GÜNÜDÜR

 

“Ədəbiyyat və incəsənət” portalı Vüsal Hətəmovun - şərqşünas-filoloq, nəsimişünasın Sumqayltda hamının sevə-sevə “Hümbət doktor” adlandırdıqları Hümbət Həsənoğlunun doğum gününə ithaf etdiyi məqaləsini təqdim edir. 

 

Hümbət Həsənoğlu Azərbaycan ədəbiyyatında yeni eradır. O, azərbaycandilli ədəbiyyatımızda aforizmlər janrının ilklərindəndir.

İxtisasca göz həkimi olan, yazar-publisist, Sumqayıt Dostlar Klubunun sədri Hümbət Həsənoğlu müasir Azərbaycan ədəbiyyatında üslubuna görə seçilən yazıçıdır. Əslində, mən deyərdim ki, Hümbət doktorun yazıçılıq fəaliyyəti elə göz həkimliyi peşəsinin digər bir müstəvidə davamıdır. Bir fərqlə ki, uzun illər boyu əməliyyat masasında pasientlərinin fiziki gözlərinə nur bəxş etməyə çalışmış bu insan öz yazıları ilə oxucusunun mənəvi gözlərini – bəsirətini açmaqla onu xoşbəxt etmək üçün çaba göstərir və insafla demək lazımdır ki, buna mənəvi haqqı da çatır. “Xoşbəxt olmağın bircə yolu var: ətrafındakıları xoşbəxt edirsən və onların xoşbəxtliyi içərisində özün də xoşbəxt olursan!” – deyən Hümbət doktor olduğu kimi görünməyi və göründüyü kimi olmağı bacaran nadir insanlardandır. Hazırda Azərbaycan dilində 5 kitabı işıq üzü görmüş yazarın fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Hümbət Həsənoğlu nə qədər dərin həyati-mənəvi problemlərə baş vursa da,  öz fikirlərini sadə, rəvan, oxunaqlı, dolaşıq fəlsəfi düşüncələrdən uzaq  bir dillə təqdim edir və bu cəhətdən oxucu auditoriyası da daha genişdir.

Hümbət müəllimin bütün sumqayıtlıların əzizi olduğunu bir çox sosial şəbəkə istifadəçiləri qeyd edir. Bəs görəsən, Hümbət müəllimi həm yazıçı, həm də dost-yoldaş kimi insanlara sevdirən nədir? Cavab sadədir: Onunla həmsöhbət olan hər kəs böyük təcrübəyə və dərin fəlsəfi təfəkkürə malik olan bu insanın maraqlı ibarələrlə ifadə etdiyi fikirlərindən zövq alıb faydalanmaqdan əlavə, həm də onun diqqət və hörmətindən özünü çox önəmli və dəyərli hiss edir, psixoloji yükünü atıb yeni motivasiya alır. Lakin buna baxmayaraq, həm dostluqda, həm yoldaşlıqda, həm qonşuluqda, həm də iş sahəsində Hümbət müəllimi tanıyanlar bildirirlər ki, ilk baxışdan xaraktercə yumşaq görünən bu insan, əslində, çox mətin, tələbkar, əzmkar və prinsipial adamdır.

Hümbət müəllim bir yazıçı kimi də heç də göz həkimliyindən az uğur qazanmamışdır. Onun yazılarında bol-bol həyat sevgisi, pozitiv ruh, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif öz yazılarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş yazılar isə onun yaradıcılığına xüsusi dəyər bəxş edir. Bəli, məhz belə bir təfəkkürə, xarakterə malik olması ilə Hümbət Həsənoğlu müasir yazarlar arasında daha sürətlə parlamış və öz layiqli statusunu qazanmışdır.  Hümbət Həsənoğlu Azərbaycan ədəbiyyatında yeni eradır. O, azərbaycandilli ədəbiyyatımızda aforizmlər janrının ilklərindəndir, bəlkə də, ilkidir.

Çapan çıxan bütün kitablarının redaktoru olsam da, Hümbət müəllimlə hər dəfə görüşüb ayrılarkən öz-özümə təəssüflə düşünürəm: “Axi niyə bu kişinin danışıqlarını “zapis” etmədim?!” Çünki Hümbət müəllimin hər bir cümləsi bir aforizmdir, onunla hər bir söhbət bir kitab materialıdır.

Məlumat üçün qeyd edim ki, Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.

Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.

 Hümbət Həsənoğlunun ölkəmizdə nəşr olumuş 5 kitabından başqa (“Statusman”, “Kəpənək xoşbəxtliyi”, “Aforizmlər”, “Hümbət Həsənoğlunun aforizmləri-2”, “Son təbəssüm”) qardaş Türkiyədə də “Kelebek mutluluğu” və “Aforizmalar” adlı iki kitabı işıq üzü görmüşdür. Bundan başqa, yazıçının bir neçə kitabı rus dilinə tərcümə olunmuş, həmçinin Cənubi Azərbaycandakı soydaşlarımız üçün əski əlifba ilə transliterasiya olunmuşdur. Hazırda Hümbət Həsənoğlunun kitabları ibrani dilinə tərcümə olunur.

Bu gün Hümbət Həsənoğlu ömrünün 68-ci ildönümünü qeyd edir. Hər işində orijinallığı ilə təəccübləndirməyi bacaran yubilyar bu münasibətlə əziz oxucularına yeni çapdan çıxmış “Son təbəssüm” kitabını hədiyyə edir. Əsasən, hekayə, esse, oçerk və pritçalardan ibarət olan bu kitabın, inşallah, xalqımız üçün çox dəyərli bir hədiyyə olacağına əminəm.

68 yaşınız Azərbaycan xalqı, ələlxüsus sumqayıtlılar üçün mübarək olsun, əzizimiz Hümbət doktor!

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

 

Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib.

Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin, əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

 

Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında çıxış edib. Sözügedən festival Gürcüstanda Kutaisidə yerləşən Mesxişvili Dövlət Teatrında keçirilib.

 

Teatrın yaydığı məlumata görə, hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılıb. Festival çərçivəsində “Yuğ” Teatrı V.Şekspirin “III Riçard” əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını nümayiş etdirib. Səhnə əsəri beynəlxalq festivalın ən orijinal tamaşası seçilib və mükafat qazanıb.

Tamaşada rolları Əməkdar artist Qasım Nağı, aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva və Zümrüd Qasımova ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Avqustun 24-dən 27-dək Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsinin Tserakvi kəndində “One Caucasus” beynəlxalq musiqi festivalı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, festivala Azərbaycan musiqiçiləri də dəvət olunublar.

2014-cü ildən keçirilən festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclər üçün ruhlandırıcı və təhlükəsiz məkan yaratmaqdır.

Festival çərçivəsində müxtəlif maarifləndirici tədbirlər də təşkil olunacaq. 

“One Caucasus”un rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: “Cənubi Qafqaz regionu illərdən bəri bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo Kartli bölgəsi Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir ki, bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq tanınır. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır”. 

Hər il “One Caucasus” festivalı dünyanın hər yerindən musiqiçiləri, rəssamları, memarları və könüllüləri bir araya gətirir. Müxtəlif qitələrdən çoxlu sayda xarici könüllülər “One Caucasus” festivalının çoxşaxəli proqramını yaradırlar. 

Festivala Kvemo Kartli bölgəsində yaşayan gənclərin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) daxildir.

Festivala qatılmaq üçün nəqliyyat, yerləşdirmə və iştirak tamamilə pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.