Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub

 

Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib.

Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin, əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.