Azərbaycan musiqiçiləri Gürcüstanda keçiriləcək beynəlxalq festivala dəvət olunub

Avqustun 24-dən 27-dək Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsinin Tserakvi kəndində “One Caucasus” beynəlxalq musiqi festivalı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, festivala Azərbaycan musiqiçiləri də dəvət olunublar.

2014-cü ildən keçirilən festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gənclər üçün ruhlandırıcı və təhlükəsiz məkan yaratmaqdır.

Festival çərçivəsində müxtəlif maarifləndirici tədbirlər də təşkil olunacaq. 

“One Caucasus”un rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir: “Cənubi Qafqaz regionu illərdən bəri bir çox münaqişələrdən əziyyət çəkir. Kvemo Kartli bölgəsi Gürcüstan, Ermənistan və Azərbaycanın sərhəd bölgəsidir və uzun illərdir ki, bir çox etnik və dini qrupların sülh şəraitində yaşadığı bir yer olaraq tanınır. Bu, bir sıra gərginlik və münaqişələrdən əziyyət çəkən Qafqaz üçün olduqca unikaldır. Məqsədimiz yerli bələdiyyənin dəstəyi ilə bütün Qafqaz bölgəsindən olan gənclərin görüşlərini və əməkdaşlığını təşviq etmək üçün ruhlandırıcı və təhlükəsiz bir məkan yaratmaqdır”. 

Hər il “One Caucasus” festivalı dünyanın hər yerindən musiqiçiləri, rəssamları, memarları və könüllüləri bir araya gətirir. Müxtəlif qitələrdən çoxlu sayda xarici könüllülər “One Caucasus” festivalının çoxşaxəli proqramını yaradırlar. 

Festivala Kvemo Kartli bölgəsində yaşayan gənclərin “One Caucasus” təhsil proqramı çərçivəsində yaratdığı incəsənət layihələri (filmlər, instalyasiyalar və s.) daxildir.

Festivala qatılmaq üçün nəqliyyat, yerləşdirmə və iştirak tamamilə pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(22.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.