Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı şair, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinə və Sumqayıt Poeziya Evinə rəhbərlik edən İbrahim İlyaslının mərhum şair Xaliq Oğuza həsr etdiyi yazısını oxucularına təqdim edir. Yazıya  “Ulduz” jurnalının Baş redaktoru, şair Qulu Ağsəsin də qatqısı var. O, Sumqayıtda yaşayan İbrahim İlyaslıdan Sumqayıtda yaşamış Xaliq Oğuzun şeirlərini tapmağı xahiş edib ki, dərgidə dərc eləsin. Beləcə də bu yazı yaranıb.

Allah Xaliq Oğuza rəhmət eləsin!

 

 

İbrahim İLYASLI

Məni bircə nəfər duyan olaydı... Təkcə hər şairin yox, hər insanın, ümumiyyətlə, hər varlğın ən böyük istəyi, ən böyük arzusu elə bu deyilmi?! O duyğularda nələr vardı, nələr yoxdu... Gənc şair olasan, ürəyində bir-birini qovan arzular ola... Və bir gün qəfil hər şeyin sonu...

1980-ci illərin sonları... Milli oyanış,.. Gəncliyin qan-qan deyən zamanı... Handa ədəbi gənclik ola... Fədailik duyğusu və düşüncəsi...

Bizim ədəbi nəslin məndən də öncə tanınan, bilinən bir ismi – Xaliq Oğuz!!!

O zaman üçün, təkcə, bu təxəllüsü götürmək adamdan cəsarət istəyirdi. Xaliq öncə bunu bacardı. Sonra SSRİ-nin çökməyə doğru getdiyini daha tez duydu və həm təşkilatlanma, həm də maddi durum üçün böyük arzular dalınca qoşdu...

Sumqayıtda yeganə məsləkdaşı və ən yaxın gənc yazıçı dostu – tələbəlik yoldaşı  Varislə birlikdə bir ilkə imza atıb “Cığırdaş” Gənclik Mərkəzini yaratdı. İlk dəfə “İlin təqvimi” adı altında müstəqil düşüncəyə söykənən yazıları bir araya toplayıb nəşr etdirdi. Mənim rəhbərlik etdiyim “Dəniz” Gənclər Ədəbi Birliyini mərkəzin qanadının altına aldı. Varislə mənim birlikdə tərtib etdiyim “Sahilsiz Dəniz” ədəbi almanaxının nəşrinə dəstək verdi.

“Cığırdaş”ın tərkibində müxtəlif təyinatlı idarələr yaratdı... Xaliqin yaşı və dövrün tələbləri arasında bunlar nəhəng işlər idi... Ancaq O, bütün bunları bacardı.

Həyatda mistik bir olaylar olur axı. Buna inananlar da var, inanmayanlar da. Mən inananlar üçün yazıram bu qeydləri.

Bu günlərdə”Ulduz” jurnalının baş redaktoru, dəyərli şair dostumuz Qulu Ağsəs  uzun illər öncə gənc ikən dünyasını dəyişmiş şair Xaliq Oğuzun şeirlərini çap etmək istədiyini dedi. Maraqlıdır ki, jurnalın mərhum redaktoru və çox böyük şairimiz Ələkbər Salahzadə də hər görüşümüzdə “Xaliq Oğuza de, şeirlərini göndərsin, çap edək” deyərdi... Bu dəfə Qulu Ağsəs mənə telefon açıb bu sözləri deyəndə həmin günlər düşdü yadıma... Yenə “ULDUZ”... Yenə XALİQ OĞUZ...

Xaliqin oğlu İlkini aradım. Biz onu görəndə körpə uşaq idi hələ... İndi İlkin özü həmyaşıdları arasında tanınan bir gənc şairdir....

Buna sadəcə və mürəkkəbcə TALE derlər...

Yerdə qalan nə varsa və nə var idisə onları oxuculara Xaliq Oğuzun şeirləri deyəcək “ULDUZ”da!

Ruhun şad, məqamın behişt  olsun, hər zaman xəyallarımızda diri dostumuz – Xaliq Oğuz!

“ULDUZ” yenə də sənin şeirlərini istəyir. “ULDUZ” gənclərin dərgisidir. Sən isə elə o gənc qaldığın yerdəcəsən, əziz dost!

Qalan ömrünü sözündə sürdürmək daha nəyə deyirlər ki...

Söz ömrün uzun olsun, şair qardaş - Xaliq Oğuz!!!

 

XALİQ OĞUZ

 

Ağrıma ürəyim, ağrıma belə

 

Kiməsə ümidəm, kiməsə dayaq,

Kiməsə bir quru təsəlliyəm mən.

Hardasa şöləsi zəif bir çıraq,

Hardasa lap günəş məsəlliyəm mən.

Çağırır ardınca neçə yol, cığır,

Əlçatmaz zirvələr səsləyir məni.

Bir ana mən gedən yollara çıxır,

Bir gözəl nigaran gözləyir məni.

Nə ömür yarıdır, nəmənzil hələ.

Ağrım aürəyim, ağrıma belə.

 

Yenə təbiətin bahar çağıdır,

Şeirlər cücərir çölün düzündə.

Torpağın donunu nəğmə dağıdır,

Ümidlər göyərir pöhrə gözündə.

Qartallar qıy çəkir zirvə taxtına,

Gədiklər bürünür dumana, çənə.

Sevənlər tələsir vədə vaxtına,

Kövrək bulaqlar da dil açıb mənə

Deyir, qələmini tez ol al ələ.

Ağrıma ürəyim, ağrıma belə.

Yanımda-yörəmdə doğmam dayanıb,

Məni xəbər alır yaxın da, yad da.

Bu dünya əzəldən sirrə boyanıb,

Nə qədər düyün var möcüzə adda.

Hər canlı işığa, nura can atır,

Yarasa zülmətə sarılıb qalır.

Min illik yol var ki, əlimiz çatır,

Bir addım yol var ki, qırılıb qalır.

Neçə ocaq yanır tüstüsü acı,

Nə qədər yara var yoxdur əlacı.

Ovunmaq da olmur təsəlli ilə.

Ağrıma ürəyim, ağrıma belə.

 

Qoltuq ağacının qoltuqdur yeri,

Kiminsə yükünü daşıyır ancaq.

Mənəm deyənlər var, indi əksəri

Özgə qoltuğunda yaşıyır ancaq.

Qalxsa da zirvəyə caynaqda cücə

Hünər qartalındır, qartala alqış.

Cücədən qartallıq umasan necə,

Zirvə fəth etməyə qartal yaranmış.

Mən də od övladı, Qorqud soyuyam,

Çətin əqidəmdən dönəm, soyuyam.

Neçə ki, bağlıyam vətənə, elə,

Ağrıma ürəyim, ağrıma belə.

 

Qəlbimdə nə qədər arzu-kamım var,

Ülvi istəyim var, xoş məramım var.

Ümidə, gümana sığınmışam mən,

Bu günə, sabaha bir inamım var.

Oğul böyüdürəm vətənə əsgər,

Gəlin həvəsində, toy həvəsində,

Hələ yazılmamış nə qədər əsər

Beləcə dustaqdır döş qəfəsimdə.

Tale də vaxt tapıb qurmağa tələ,

Ağrıma ürəyim, ağrıma belə.

 

Deyirlər ki, atam saxlayıb məni

 

Deyirlər ki, atam saxlayıb məni,

Büküb yapıncının ətəklərinə.

Bələyib qəlbinin hərarətinə.

Kiçik yaşlarımdan həsrət qalmışam,

Ana istəyinə, məhəbbətinə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Qəlbinin yağını yedirib mənə,

Gözünün nurunu əmizdiribdir.

Beləcə, o məni anamdan qalan

Şirin xatirə tək əzizləyibdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Almışam əlindən rahatlığını,

Qovmuşam gözünün yuxusunu da.

Deyrilər, o məndən, tək mənim deyil,

Alıbdır anamın qoxusunu da.

 

Deyirlər ki, atam saxlayıb məni,

Laylayım bir kövrək çoban bayatı,

Yüyrüyüm atamın qolları olub.

Yastığım bir nimdaş motalı papaq,

Beşiyim bənövşə kolları olub.

 

Deyirlər ki, atam saxlayıb məni,

Bəzən gizləyərək öz aclığını,

 

Sonuncu tikəsin yedirib mənə.

Ancaq dil açanda hər şeydən qabaq,

"Ana" kəlməsini dedirib mənə.

 

Deyirlər ki, atam saxlayıb məni,

Şehlər üz-gözümdən yuxunu yuyub,

Küləklər saçıma sığal veribdir.

Hər novruz bayramı yetişən zaman

Kəndimizdə neçə ana olubsa,

Hamısından mənə sovqat düşübdür,

Hərə bir bağlama qoğal veribdir.

 

Deyirlər ki, atam saxlayıb məni,

Arabir girərək yuxularıma,

Üzünü ömrümdə görəmmədiyim

O gəlin anam da yoxlayıb məni.

Deyirlər ki, atam saxlayıb məni.

 

Sarı tel

 

Sənli-sənsiz açan bir gün solacaq

Dünya ki, var boşalacaq, dolacaq.

Dərd gəldimi, ağlayanı olacaq

Sən ağlama, sən ağlama, sarı tel.

 

Qəm üstündə kökləyibdir kim səni?

Yandırırsan yaxın, uzaq kimsəni.

Dərdin nədir? Göyndir bir him səni

Gəl ağlama, gəl ağlama, sarı tel.

 

Acıyırsan mizrab tutan ələmi?

Həmdəm olan qəlb ovudar beləmi?

Qəsdin nədir? Yanıb dönəm küləmi?

Gəl ağlama, gəl ağlama. sarı tel.

 

Sadıqcanı, Qurbanımı anırsan?

Müşviqinmi taleyinə yanırsan?

Bəhramınmı yoxluğunu qanırsan?

Gəl ağlama, gəl ağlama, sarı tel.

 

Keçən keçib, köçən köçüb qayıtmaz.

Yatan bəxti top atıla ayıltmaz.

Gözün yaşı dərd odunu soyutmaz,

Gəl ağlama, gəl ağlama, sarı tel..

 

Hər gün görüşünə tələsirəm mən

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Hələ də barışmır ürəyim nədən

Taleyin bəxtimə yazdığı payla.

 

İstək bir tərəfə, qismət bir yana

Niyə belə olsun? Niyə? Bilmirəm!

Dünyanın dərdinə mən yana-yana

Kimsəyə dərdimi deyə bilmirəm.

 

Göydə uldularsa həyan olaydı,

Əlim çatmasa da, çataydı ünüm.

Məni bircə nəfər duyan olaydı,

Təsəllim olaydı tək bircə günüm.

 

Bu lal sükutların qulağı karmı?

Dinləyə dərdimi, bilə dərdimi.

Soyuq divarların insafı varmı

Barı bircə dəfə bölə dərdimi.

 

Mənim şeirlərim həsrət qoxuyan,

Hər misram özümə göz dağı olur.

Eh, axı bunları kimdir oxuyan?

Bütün nakamların yazmağı olur.

 

Bütövlük ömrümün naxışı, tacı

 

Yarımçıq nə varsa, heçdir, hədərdir.

Nakam məhəbbətin tüstüsü acı,

Yandırıb-yaxmağı qəbrə qədərdir.

 

Hər gün görüşünə tələsirəm mən

Adlayıb illərin üstdən harayla.

Ürəyim barışmır heç cürə nədən?

Taleyin bəxtimə yazdığı payla.

ÜZÜM ÇƏYİRDƏYİ YAĞI - ƏSL GÖZƏLLİK VASİTƏSİ!

 

 

Mədəni, elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Ölkəmizin qida əlavələri və kosmetik məhsullar bazarında son vaxtlar sensasiyalı xəbərlər dolaşır. Millət vəkili Rüfət Quliyev bir neçə dəfə bitki yağı adı altında insanlara tərkibi məlum olmayan qatqılar sırıyan, bununla da insanlarımızın sağlamlıqlarına zərbə vuran işbazları sosial qınaq müstəvisinə çıxarıb. 

Bu arada sözügedən bazara qısa müddətdə ildırım surəti ilə daxil olan, üstün keyfiyyəti və nəfis tərtibatı ilə seçilən, apteklərdə böyük təlabat duyulan “Ataşah” yağ məhsulları diqqətimizi çəkməkdədir. Hazırda bu yağlar 6 çeşiddə alıcıya təqdim olunur. 

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı şirkət rəsmiləri Paşa Məcidova və Fuad Nəsrullayevə müraciət edərək “Ataşah” yağları barədə ayrı-ayrılıqda oxucularımıza məlumat verməyi xahiş etmişdir. Və bir də, öyrənmək istəmişdir ki, niyə məhz bu yağlara alıcılar üstünlük verirlər. 

 

Həmsöhbətlərimiz bildirmişlər ki, “Ataşah” yağları ənənəvi soyuq sıxım üsulundan da irəli gedərək kriogen üsulla sıxımı həyata keçirir, bu da yağın sıxım zamanı faydalı xüsusiyyətləri tam qorumasına dəlalət edir. Bundan başqa, ölkə bazarındakı yağlarda əsas məhsula az qala yarıbayarı digər - daha ucuz başa gələn, aşağı keyfiyyətli bitki yağları (bəzən hətta pambıq yağı) əlavə edildiyi halda, “Ataşah” yağlarına üçdə bir nisbətdə keyfiyyətli zeytun yağı əlavə edilir. Və bu da yağın mükəmməlliyini təmin edir.

Paşa Məcidov və Fuad Nəsrullayev bildirmişlər ki, hazırda bazara çıxarılan 6 bitki yağı çeşidi aşağıdakılardır: 

Nar çəyirdəyi yağı;

Qara zirə yağı;

Üzüm çəyirdəyi yağı;

Balqabaq tumu yağı;

Çaytikanı yağı;

Kətan yağı.

 

Hər gün bu yağlardan biri barədə sizlərə məlumat verəcəyik. İlk olaraq mövzumuz Nar çəyirdəyi yağı barədə idi. 

 

Nar çəyirdəyi yağı

 Sağlamlığın əvəzsiz eliksiri!

 Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.

Bu məhsuldan necə imtina etmək olar?

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

Bu gün sizə üzüm çəyirdəyi yağı barədə danışacağıq. 

 

Üzüm çəyirdəyi yağı

 

Əsl gözəllik vasitəsi!

 

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

 

Növbədə balqabaq tumu yağıdır.

Növbəti buraxılışımızı qaçırmayın!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

DAVAM EDİR 37

 

Meydanlar… Milli oyanış hərəkatının ön sırası… Sonra həbs, Lefortovo zindanı dönəmi…

Üsyançı, turançı, millətçi, radikal, həqiqət aşiqi, ən əsası, vətənpərvər şair! 

Ötən gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 29 il ötdü.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Sovet poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. Şeirləri ilə o, Sovet dönəmində dissidentlik həyatı yaşamalı, zindanlara atılmalı, sürgünlərə yollanmalıydı. Yəni, 80-90-cı illər vətənpərvər ədiblər sırasında ən çəkililərdən biri - Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Vaqif və Yusif Səmədoğularla birlikdə bir də o idi.

O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.

 

Xəlil Rza 1932-ci ildə Neftçalada anadan olub, cəmi 61 il yaşayıb, 1994-cü ildə Neftçalada vəfat edib. Bəli, cəmi 61 il! 

Onun ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirakı Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.

Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.

Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

“1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub!

Ruhu şad olsun!

Dünən ailəsi, yaxınları, ədəbi cameənin üzvləri onu andılar. Davam edir 37 deyən şair üçün dualar oxundu.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.

          

     

Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).

Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.

 

Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.

Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək.

Sizə ötən günlər A və B bəndlərini təqdim etmişdik.

 

A. Diqqət və yaddaş

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

B. İnteqral alqoritm

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

 

Bugünsə  C bəndi ilə tanış edəcəyik.

 

C. Antireqressiya və antiartikulyasiya

 

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.

Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

Sabah D bəndini qaçırmayın.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

 

Mədəniyyət Nazirliyinin dəstəyi və Memarlar İttifaqının təşəbbüsü ilə Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filmi nümayiş olunub. Film Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıq Dadaşov və Mikayıl Hüseynova həsr edilib.

 

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təqdimat mərasimində ekran əsəri barədə məlumat verilib.

Tədbirdə çıxış edən filmin rejissoru Şamil Əliyev və ssenari müəllifi Natiq Rəsulzadə qeyd ediblər ki, Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən ekran əsəri 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub. 

Ekran əsəri ilə bağlı fikirlərini bölüşən natiqlər onun çəkiliş prosesi haqqında məlumat veriblər.

Sonra “Yaradanlar” sənədli filmi nümayiş etdirilib. 

Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.

Qeyd edək ki, ideya müəllifi Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynov olan film müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.

 

Konsertsən əvvəl AzərTAC-a müsahibə verən Cadenza Orkestrinin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadə bugünkü konsertin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutduğunu qeyd edib: “Bugünkü tədbirin fokusu – Azərbaycan bəstəkarlarının əsərlərində muğam fenomenidir. Bu səbəbdən konsertin Muğam festivalı ilə xüsusi bağlılığı var. Tədbirin daha bir özəlliyə ondan ibarətdir ki, gecədə çağdaş musiqiyə üstünlük verilib. Konsertdə Aydın Əzimovun, Cavanşir Quliyevin, Tahir İbişovun, Elmin Mirzəyevin, Firudin Allahverdiyevin əsərləri səslənəcək. Gecədə milli alətlərimizlə birgə Qərbi Avropa alətlərində də ifalar olacaq”. 

Kollektivin bədii rəhbəri Muğam Mərkəzinin foyesində “Abşeron illüziyaları” adlı instalyasiya təqdim edildiyini söyləyib. “Bu instalyasiya bir bəstəkarın, müəllifin təxəyyülüdür: xəyalımızdakı Abşeron necə olmalıdır və ya necə ola bilərdi? Bunu dinləyicilərimizə səs instalyasiyası şəklində təqdim etdik”, - deyə T.Qasımzadə əlavə edib.

Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib. 

Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.

Daş Salnamə Muzeyində isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və Tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər. 

Daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu Tural Rafael çıxıblar. 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə növbədə Tribuna rubrikasıdır. Mobil Aslanlı Huntürk Bakıxanovun poeziyasına rakurs edəcək.        

 

 

 

TRİBUNA

 

 

Mobil ASLANLI HUNTÜRK

 

 

A.A.BAKIXANOVUN POETİK DÜŞÜNCƏSİNDƏ

SAĞLAM HƏYAT TƏRZİ

 

 

XIX əsr Azərbaycan xalqının ictimai-pedaqoji fikir tarixində nadir simalardan biri kimi əlahiddə yer tutan A.Bakıxanov öz dövrünün ensiklopedik bilikli, dərin zəkalı şəxsiyyətlərindən biri olmuşdur. Fiziki tərbiyəyə, insanın ahəngdar inkişafına, onun cismani sağlamlığına, harmonik gözəlliyinə xüsusi diqqət yetirmişdir. Böyük maarifçi “Təhzibi-əxlaq” əsərindəki “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması” və s. adlı fəsillərində, habelə “Müşkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərində “Nəfsin qorunması” başlığı ilə yazdığı hekayətində insan sağlamlığının düşməni olan, onu mənəviyyatca eybəcərləşdirib rüsvay edən şərabın törətdiyi bəlalardan və digər naqis fəsadlar barədə geniş söz açır:

 

O şərabı istəməz ki, şər ab olmuş ləqəbi,

Zatında bir fitnə vardır, qarışdırır əsəbi.

Elə şərab istəməz ki, etsin cana bəd əsər,

Nəşəsindən qəm yaransın, xumarından dərdi-sər.

Deyirlər ki, yüz xətaya olar daim mey bais,

Ona görə ad vermişlər ona “ümmül-xəbais”.

Ağılsız baş şəraba qızışarsa bir daha,

Bada gedər bir gün içrə hörmət, ədəb və həya.

Bu uğursuz nəfsin hökmü qarışarsa hər işə,

Ağlasığmaz pislik olar insanlara bir peşə.[1]

 

A.Bakıxanov “Mişkatül-ənvar” (“Nurlar mənbəyi”) əsərindəki “Nəfsin qorunması” hekayətində şəraba aludəçiliyi insan əxlaqına, mənəviyyatına xələl gətirən, mənli­yini heçə endirərək el-oba arasında xar edən zərərli vərdiş adlandırır. Şair spirtli içkilərə qurşanan kəslərin içkinin təsirindən xumarlanıb hüşyar olduğunu, şərabın adamı abırsız hala salıb eybəcərləşdirdiyini, el içində rüsvay etdiyini, bundan müxtəlif mərəzlərin, naxoşluğun törəndiyini qeyd edir. O, millətin övladlarına sərxoşluqdan daim uzaq olmağı tövsiyə edir, şərabı «şər ab» adlandırırdı. Onun müasiri, xalqımızın parlaq ziyalısı M.F.Axundov isə şərabın haram edilməsinin, islam dininin misilsiz qanunlarından olduğunu israrlayırdı. Bakıxanovun əsl təbib, gözəl loğman kimi şərabın həm də konkret olaraq hansı fəsadlar törətdiyini də nəzərə çatdırır. Onun fikrincə, sağlamlığın qəddar düşməni olan şərab insanda, hər şeydən öncə, sinir sistemini sıradan çıxararaq onu ağılsız bir məxluq kimi rəzil sifətə salır. Şair həmin heka­yətdə bir məzlum gəncin başına gələn hadisəni bütün təfsilatı ilə oxucusuna çatdırır:

A.Bakıxanov “Mişkatül-ənvar” əsərində içkiyə meyil göstərən bir şəxsin gözəl, səviyyəli bir məclisdə şərabın təsirindən getdikcə meyxoş olub özün rüsvay etməsi ilə onun  törətdiyi fitnə-fəsaddan söhbət açır. Fağır, ədəb-ərkanlı həmin gənc eybəcər və biabırçı bir hala düşür ki, bütün məclis əhlini dəng edir, hamını naqis və düşük hərəkəti ilə bezdirir. Heç vaxt içki içməyən bu adam meyin təsirindən elə bir huşsuz hala düşür ki, şərəfsiz bir əyyaş kimi ləyaqətsiz hərəkətlər edir:

 

Şərab içib getdikcə çox sərxoşluğa düşdüm mən,

Ürəyimin ətəyi də çıxdı tədbir əlindən.

Hərisliyim çoxaldıqca açdı şərab üzümü,

O sildikcə qəm tozunu, çaşdırdım hər sözümü…

Yenə içdim, hey içdikcə içməyi çox xoşladım,

Dilsiz idim, birdən-birə natiqliyə başladım.

Elə bildim söz mülkünün mənəm qadir sultanı,

Söz düzməkdə təkcə mənəm öz əsrimin Söhbanı.[2]

 

Şair göstərir ki, “şər ab” kimi, yəni “şər su” kimi tanınan bu mayenin tərkibində bir fitnə-fəsad yatır, odur ki, onu qəbul edərkən həddən-ziyadə ehtiyatlı olmaq lazımdır.

El arasında belə bir fikir yayılıb ki, mey, yəni şərab yüz xətaya bais olur. Odur ki, şair bu zərb-məsəldən ustalıqla istifadə etməklə göstərir ki, insanı dost-düşmən yanında xar edən şəraba həddən ziyadə aludə olan kəslər öz-özlərinə bəri başdan qəbir qazan biveclərdir.

A.Bakıxanov belə bir nəticəyə gəlir ki, insan harada, hansı şəraitdə olmasına baxmayaraq, öz hisslərini cilovlamaqla nəfsinə sahib çıxmağı bacarmalıdır. Nəfs insan ağlının hökmdarı olmalıdır. Çünki nəfsdən çox bəlalar törənə bilər. Dahi Füzulinin təbirincə desək, “Pəhləvan ol kimdir, kim nəfsin qətl eyləyə”.

Abbasqulu ağa insanın vüqarına, ləyaqətinə və şərəfinə xələl gətirən ünsür­lərlə mübarizədə nəfsin gücünün rolunu xüsusi vurğulayır. Nəfsin tamaha güc gəlməsi insandan güclü xarakter, dəmir iradi səy və əzmkarlıq tələb edir. Şairə görə, insanlarda bir sıra əxlaqi cılızlığın, mənəvi düşkünlüyün, mənəvi kasıblığın törənmə səbəblərini onların iradə zəifliyində axtarmaq lazımdır. Aydın həqiqətdir ki, fiziki cəhətdən möhkəm, mətin və güclü şəxslər bu işin öhdəsindən daha asan gəlirlər. Odur ki, nəfsin qorunub saxlanması üçün hər bir kəsdən iradi güc və səy tələb edilir. Beləliklə, insanın fiziki tərbiyəsi, fiziki yetkinliyi onun iradi tərbiyəsini şərtləndirən başlıca amillərdir. Psixoloji tədqiqatlar göstərmişdir ki, insanda baş verən qeyri-əxlaqi hərəkətlərin baş vermə səbəbləri, bilavasitə iradi cılızlıqla, xarakter zəifliyi ilə bağlıdır. Bu prosesdə insanın özünü ələ alma özünü tənqid, özünə inam, özünə qiymət, özünə nəzarət kimi özünü tərbiyə vasitələrinin əxlaqi vərdiş kimi şüur və təfəkkürdə təzahürü başlıca məsələlərdəndir.

“Müşkatül-Ənvar”da həmin gəncin ətrafdakı kəsləri çərənləməkdən dəng etməsi, gah müvazinətini itirərək rəqsə qoşulması, badələrin sayını, ölçünü nizamlamağı bacarmaqda aciz olması belə təsvir edilir:

 

Xəyalımdan tamam çıxdı sayıqlıq və ehtiyat,

Mey apardı iradəmi, düşmən açdı qol-qanad.

Bu məsəli yaxşı demiş dünya görmüş atalar:

Öz başını qorumağa sərxoş nədən güc alar?

Mən yenə də başa çəkdim bundan sonra neçə cam,

Sərxoşluğum rəqs etməyə verdi bu dəm sərəncam.

Bu qaydadır, sərxoşların rəqsə meyli çox olur,

Çünki şərab təsirilə vüqar, təmkin yox olur.

Mən, elə ki, rəqs elədim lap pozuldu əhvalım,

Nəyim vardı, getdi əldən, itdi ağlım, kamalım.

Sonra yenə başa çəkdim neçə dolu badə mən,

Keflilikdən çərənlədim, tamam getdim badə mən![3]

 

Şairin nəzərdə tutduğu nəfs məfhumu çox geniş anlayış kimi götürülmüşdür, onu təkcə yemək-içməyə şamil etmək düzgün deyil. Lakin bu əsərdə şair insan xislətinə xas olan bütün qüsurların kökünü və mənbəyini nəfsi qorumamaqda, şərabı çox qəbul etməkdə görür. Onun fikrincə, şərab insanların başına min bir fəlakət açır, təsadüfi deyildir ki, Bakıxanov zatında fitnə olan meyi şeytan sidiyi kimi qələmə verir. Şairin bu barədə yazdığı bəzi misralara diqqət yetirək:

 

“Ki şeytan sidiyidir, haqdan gəlmiş bu xəbər…”

Yaxud:

“Min ixtilaf törədirlər meyin zikri üstündə…”[4]

 

Bu, bir həqiqətdir ki, şərabı şadlanmaq, xoş ovqat gətirmək, əhvali-ruhiyyəni yüksəltmək üçün içənlər də çoxdur. Elə əsl məsələ də məhz həmin ilk qədəhdən sonra başlayır. Azmı olub şərabı qətrə-qətrə dadaraq küpünə girib yatanlar?

Əsərdə qeyd edilir ki, ziyafətdəki abırlı zövq əhlinin heysiyyatını təhqir edən həmin gəncin, özünə çox həmdəm olan dost və tanışlarına kobud rəftarı, nalayiq davranışı həmin sərxoşun coşub hərzə-hərzə danışması qaba, əcaib hərəkəti içdiyi meyin qədərini, ölçüsünü bilməməyində idi. Şairin fikrincə, hər bir söz, əməl və işdə etidala riayət etmək əxlaqın başlıca şərtlərindəndir. Meyin sərxoşluğundan meymun halına düşən bu gənc, spirtin təsiri tədricən azalıb getdikcə peşmanlıq hissi keçirməyə başlayır:

 

Hər yetənlə dalaşaraq söyüb təhqir eylədim,

Yaraşmayan işlər gördüm, cəfəngiyat söylədim.

Hərçənd ki, sözlərimdən bir az oldum xəbərdar,

Lakin əldə deyil idi heç iradə, ixtiyar.

İllər boyu sınadığım sadiq o can dostları,

Candan əziz o səmimi və mehriban dostları.[5]

 

Mötəbər mənbə və qaynaqlardan bəlli olduğu kimi, A.Bakıxanovun heç vaxt içki içməməsinə baxmayaraq, şərabı tərifməsi, habelə içkinin xeyri və şəri barədə düzgün mühakimələr yürütməsi istər-istəməz oxucuda təəccüb doğurur. Şairin şərabla bağlı fikir və mülahizələri, onun son dərəcə güclü müşahidə qabiliyyətinə malik olduğunu aydın göstərir.

Şairin fikrincə, şərab içməklə ona aludə olmaq arasında çox böyük fərq vardır. Şəraba aludəçiliyin sonu sərxoşluğa aparıb çıxarır. Sərxoş adamlarda isə şərabın təsirindən vüqar və təmkin yox olur, ağıl və kamal əldən gedir.

A.Bakıxanov əsərdə şərabın insanın başına açdığı müsibətlərdən söhbət açmaqla bərabər, şəraba meyli olan şəxslərə içdiyi vaxt artıq-əksik danışmağı da irad tutur, sanki üzünü onlara tərəf çevirərək içkinin təsiri ilə qaba danışmamağı, hər sözə, kəlməyə diqqət yetirməyi tövsiyə edir. Çünki bir qayda olaraq, içməyi bacarmayan kəslər ardı-arası kəsilmədən mənasız söhbətlər edir – bir sözlə, boş-boğazlıq edirlər:

 

Gah şadlandım, gah qəmləndim bu yaramaz dil ilə,

Ya Rəbb, belə yaman dilim kaş dibindən kəsilə!

Hər nə isə, ağlım itib eyləmişəm gör nələr,

Yaraşmayan işlər tutub törətmişəm fitnələr.

Heç özüm də bilməyirdim nədir bunun səbəbi,

Gah ağlayır, gah gülürdüm, xeyli küskün, əsəbi.

Mən qüsmağa başladıqda halım tamam pozuldu,

Huşsuz düşdüm cəsəd kimi, dilim isə lal oldu.[6]

 

“Müşkatül-ənvar”da A.Bakıxanov şərabın təsirindən öz hərəkət və davranışına nəzarət etməyi bacarmayan sərxoşların düşdüyü ağır vəziyyəti, psixoloji gərginliyi də düzgün qələmə almışdır. O, sərxoş insanın dili ilə düşdüyü gülünc vəziyyəti sanki gözümüz önündə canlandırır, şərabın səbəb olduğu əcaib əməlləri bir-bir sadalayır. Bu iyrənc mənzərəni seyr edən hər bir oxucu əsərdə təsvir edilən həmin sərxoş adamın davranışından, ağlını itirərək yaramaz işlər görməsindən, fitnələr törətməsindən – bir sözlə, sərsəmləmələrindən bir növ tərbiyə alır. Daha doğrusu, A.Bakıxanov bu xoşagəlməz mənzərəni qələmə almaqla öz oxucusunu tərbiyə edir, ona göstərir ki, sərxoş adamın aqibəti bax budur, o, insanlara qəm-qüssədən, mənasız fikirlərdən başqa heç nə gətirmir:

 

Mey nəşəsi barəsində hər kəs bir cür vurur laf,

Saf şərabın xassəsində vardır böyük ixtilaf.

Biri onda gəzir saflıq, fərəh, hər cür xoş halət,

Bir başqası deyir: “Şərab törədir min fəlakət”.[7]

 

Şair sərxoş adamdan danışarkən bir məsələni də öz oxucularına çatdırır ki, bu da şərabın, ümumiyyətlə, içkinin insan səhhətinə, onun mənəvi varlığına və iqtisadi durumuna endirilən sarsıdıcı zərbədir. O, haqlı olaraq belə zəif xarakterli insanı elin qınağıyla məzəmmətləyir və hədəfə gələn həmin adamın, nəhayət, öz naqis  əməlindən peşman olduğunu göstərir:

 

Başağrısı sərsəmliyin eyləmişdi məni xar,

Bu zavallı halı yalnız düşən bilər, anlayar.

Ayıldıqda ətrafımda görmədim bir dostumu,

Ar da getdi, pul da getdi, şərabdakı kef bumu?!

Etibardan dəm vurmağa haqq verirmi bu halət?

Allahdan da, bəndədən mən çəkirəm xəcalət.[8]

 

A.Bakıxanov öz fikrini sübuta yetirmək üçün müxtəlif məzmunlu hekayə və lətifələrdən də geniş istifadə etmişdir. Şair maraqlı, ibrətamiz fikirlər söyləməklə nəticədə öz məqsədini daha qabarıq bildirir. O, ilk hekayədə nəşələnmək üçün bazardan həb almış şəxsin birdən-birə dəyişərək “insanlıq”dan uzaqlaşma­sını inandırıcı boyalarla təsvir edir və həmin hekayətin sonunda deyir:

 

“Dedi: Aman, gör nə bəla gətirdim öz başıma,

 Hansı üzlə nəzər salım indi öz tay-tuşuma?”.[9]

 

Şair bir anlığa şərabın məstedici təsirindən xumarlanıb feyziyab olan kəslərin sonrakı aqibəti, necə bədbəxt bir məxluqa çevriləcəyi barədə bəri başdan xəbərdarlıq edir.

 

Ey könül, sən ibrət götür öz başına gələndən,

Başqası da ibrət alsın bu yol ilə qoy səndən.

Mey məstliyi uzun sürməz, davamı da azdır, az,

Ayılantək təsir qalmaz bir nəşəsi duyulmaz…[10]

 

A.Bakıxanov gününü sərxoşluqla keçirən iradəsiz insanların ötəri kef çəkmələrini ağılsızlıq hesab edərək, onların sağlamlığının qayğısına qalıb faydalı, xeyirxah və nəcib işlərlə məşğul olmalarını daha məqbul sayır:

 

Öz ömrünü sərxoşluqda keçirərsə hər cahil,

Başağrısı bir an belə rahat qoymaz, onu bil!

Xumarlanmış gözlərini açan zaman yuxudan

Görəcəkdir günəş çıxmış, işıqlanmış bu cahan.[11]

 

Abbasqulu ağa içkiyə qurşananların, onun məstedici halından feyziyab olanların ailəsi, dostları üçün bir ictimai bəlaya çevriləcəyini, həmin bihuşedici maddənin təsirindən özünə və ətrafdakılara xələl gətirəcəyini duyub onlara bu naqis əməli, ədəbsiz vərdişi tərgitməyi tövsiyə edir. Bu bəd adəti dayandırmayacağı halda, onların daha dəhşətli bəlalarla üzləşəcəyini yada salır:

 

Mey içəndən öyrənsən hüşyarlığı,

Sərxoş olmaqdan ayıl, bəsdir, yetər![12]

 

Mənbələrdə göstərilir ki, Bakıxanov Peterburqda olanda imperator birinci Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. İmperatorun arvadı qürurla söyləyir ki, mən Abbasqulu ağaya şərab içirdərəm. O, bir qədəh şərabı qızıl siniyə qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb qızıl sinidən qədəhi götürür və üzünü çar birinci Nikolaya tutaraq deyir:

– Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz şərab için, Allahım deyir içmə, hansınızın sözünə baxım?

Çox dindar olan çar birinci Nikolay bir anın içində:

– Əlbəttə, Allahın, – söyləyir.

Abbasqulu ağa Bakıxanov əlindəki qədəhi təzədən qaytarıb padşah arvadının əlindəki qızıl siniyə qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.[13]

Bütün ömrü boyu sağlam həyat tərzi keçirmiş Abbasqulu ağa nəinki müasirləri tərəfindən yüksək dəyərləndirilmiş, onun eyni zamanda bu problemin tətbiqi və təşviqi yolunda əvəzsiz xidməti olmuşdur.

Böyük maarifçi başdan-başa əxlaq tərbiyəsinə həsr olunmuş “Təhzibi-əxlaq” əsərində gəncləri pis və ləyaqətsiz əməllərdən uzaq durmağa, nəcib, xeyirxah, şərəfli işlərə xidmət etməyə çağırır. Onun əsərləri şəxsiyyətin bütövlüyünü, vicdanlı, saf, ədalətli, prinsipial comərd olmağı, bütün humanist əməllərə ria­yət etməyi və elmə daim can atmağı, vətən uğrunda canından keçməyi, zəhmətə qatlaşmağı, əqli və fiziki əməyə məhəbbəti, habelə gigiyena və sağlamlığa xidmət etməyi təbliğ edir.

Ədibin ümumilikdə tərbiyə mövzusunu geniş və hərtərəfli əhatə edən həmin əsərində “Etidala riayət etmək haqqında”, “Yaxşı işlərin fəziləti haqqında”, “Ra­hat­lıq əldə etmək haqqında”, “İşin faydaları haqqında” və s. fəsillərində sağlam həyat tərzinin formalaşdırılması, fiziki sağlamlıq, iradi-mənəvi keyfiyyətlər, habelə fiziki tərbiyə motivləri ilə bağlı mühüm məsələlərə toxunulur.

A.Bakıxanovun “Təhzibi-əxlaq” əsərində “Etidala riayət”, “Yaxşı işlərin fəziləti”, “Can sağlığının qazanılması”, “Şöhrətin bəyanı” fəsilləri əxlaqi-etik norma­ların geniş və dəqiq şərhinə həsr olunmuşdur. Böyük maarifpərvər, əxlaqşünas filosofun əxlaq nəzəriyyəsində “etidal” (orta hədd) prinsipi olduqca mühüm yer tutur. Şair təbiət və insan həyatından çoxlu faktlar gətirərək belə qənaətə gəlir ki, hər şeydə azlıq faydasız olduğu kimi, həddindən artıq yemək də onun səhhətini pozur və patoloji xəstəliklərin yaranmasına səbəb olur. Nəbatatın yetişməsi rütubətə möhtacdır, lakin rütubət çox olarsa, onu çürüdər. Xəsislik pis xasiyyətdir, lakin həddindən artıq israfçılıq da pisdir.

Böyük ədibin mənəvi xəzinəmizin dəyərli sərvətlərindən olan “Nəsihətnamə”ləri arasında insan səhhətinin möhkəmləndirilməsi, gümrah bədənə, sağlam orqanlara, uzunömürlülüyə səbəb olan əsas amilləri şərtləndirən vasitələrlə bağlı qiymətli fikirlər çoxdur. O, yaşamaq, həm də mənalı yaşamaq, səmərəli ömür sürmək naminə, yemək üçün yaşayanları deyil, yaşamaq üçün yeyənləri nəzərdə tutaraq bu işdə, hər şeydən öncə, iradəli olmağı tövsiyə edir. Şair göstərir ki, çox yeyib qarınqululuq etmək insanın öz səhhətinə, sağ­lamlığına düşmən kəsilməsi deməkdir. Təbii ki, bu məsələdə lazımi ölçünü, etidalı gözləməyib, rejimin qaydalarına intizam göstərməyən kəslərin bir sıra xəstəliklərə mübtəla olmaları şəksizdir.

Abbasqulu ağa göstərir ki, qida qəbulunda qədəri gözləməyib, həddini aşan kəslərin ağlı, düşüncəsi də qaydasınca olmur. Onun fikrincə, belə adamların, adətən, zehni korafəhim olur, kal ağıl sahibi kimi əqli kütləşmiş bir fərd kimi maddiləşir. Təsadüfi deyildir ki, Şərqin böyük zəka sahibləri, müdrikləri əqli və bədəni həmahəng olmayan kəsləri şikəst məxluq adlandırmışlar. Beləliklə, xalqımızın əvəzsiz filosofu, müqtədir pedaqoq və həkimi yeyib-içmək işində normal insanın daim qaydasında, qədərində qidalanmağını bu işdə özünənəzarəti şərtləndirən başlıca amil kimi qiymətləndirmişdir. Və əsərlərində dönə-dönə yazırdı: “Çox yeməkdən çəkinin, çünki bədənin səlamətliyinə və ağıla zərəri vardır”.[14]

A.Bakıxanov “Mənzum hekayətləri”ndə hər bir xəstəliyin törənmə səbəbləri və həmin bəlaya qarşı insanların şəfa tapmasından ötəri əlac yolları və lazımi profilaktik tədbirlər görmə barədə söhbət açır. Şairə görə, insan öz canını hər hansı bir dərd-bəladan qoruyub həkimə möhtac olmamaq üçün o, ilk növbədə öz fiziki-cismani möhkəmliyi uğrunda çalışmalıdır. Bununçün isə bir sıra fiziki tərbiyə məşğələləri, bədən tərbiyəsi hərəkətləri ilə yanaşı, həm də təbii və gigiyenik amillərə, xüsusilə də sağlam həyat tərzi yaşamına mühüm diqqət yetirilməlidir:

 

Hər bir xəstəliyin bir səbəbi var,

İllətsiz xəstəlik olmaz aşikar.

Altı şey vücuda çox lazımdır, bil,

Dörd şey də eləyir mərəzi təhlil.

Bu şeylər birləşsə bir yerdə, yəqin,

Pozulmaz heç zaman halı səhhətin.

Deməli, mərəzdən kim görsə bəla,

Etmiş öz-özünü dərdə mübtəla.[15]

 

Şairin dediklərindən belə qənaətə gəlmək olur ki, müxtəlif mərəzlərə yoluxmamaq, habelə dava-dərmana möhtac olmamaq üçün hər bir kəs hökmən gərək fiziki tərbiyə məşğələləri, onun əsas vasitələri və idman təmrinlərinə xüsusi yer ayırsın:

 

Ağıllı, xəstəlik hələ gəlməmiş,

Çalışar vaxtında görülsün hər iş.

Elə ki hüdudu aşdı bir ixlat,

Bədəndə törəyir xəstəlik, fəsad.

Vücudun səhhəti pozulub gedər,

Yüz illət bədəni sərnigun edər.

Sağlamkən gərəkdir edəsən əlac,

Ki, vücud olmasın dəvaya möhtac.[16]

 

Beləliklə, bütün ömrünü fəal, fəal olduğu qədər də sağlam həyat tərzi yaşamış və yaradıcılığında da həmin fəzil məsləhləri, müdrik tövsiyələri çox böyük sənətkarlıqla bizlərə çatdırmış ədibin yaradıcılığına dönə-dönə müraciət edilməlidir. Bu gün xalqımızın gənc övladlarının əqli və mənəvi kamilləşməsi nə dərəcədə zəruridirsə, onların fiziki təkmilləşməsi də o dərəcədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, fiziki tərbiyənin əsas amili kimi təbii və gigiyenik qaydalara ciddi riayət olunması sağlam həyat tərzinin formalaşmasına zəmin yaradan başlıca vasitədir.

 



[1] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.141-142.

[2] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 144.

[3] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 27-28.

[4] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 142.

[5] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 145.

[6] Yenə orada, səh. 146.

[7] Bakıxanov A. Qüdsi. Bədii əsərləri. Bakı, Azərnəşr, 1973, səh. 25.

[8] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 146.

[9] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh. 150.

[10] Yenə orada, səh. 146.

[11] Yenə orada, səh. 146.

[12] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.318.

[13] Nəsirli Ş.Ə. Azərbaycan generalları. Bakı, “Gənclik”, 1991, səh. 38.

[14] Bakıxanov A. Hind əfsanəsi. Bakı, “Gənclik”, 1972, səh.96.

[15] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.229-230.

[16] Bakıxanov A. Qüdsi. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1984, səh.230.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tanınmış gürcü müğənnisi Veriko Turaşvili SSRİ və Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Rəşid Behbudovun ilk dəfə ifa etdiyi “Bahar sənsiz” mahnısına klip çəkdirib. Mahnının sözləri Ənvər Əlibəyliyə, musiqisi isə Rauf Hacıyevə məxsusdur. 

 

AzərTAC xəbər verir ki, iyunun 22-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində klipin təqdimatı olub. 

Mərasimdə muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, V.Turaşvili Azərbaycanın xalq və bəstəkar mahnılarına böyük maraq göstərir. O, artıq bir neçə mahnını həm gürcü, həm də Azərbaycan dillərində məharətlə ifa edib.

V.Turaşvili deyib ki, Azərbaycan bəstəkarlarının yaradıcılığına böyük marağı var: “Bu mahnıları ifa etməkdə məqsəd Azərbaycan mədəniyyətini təbliğ etmək, eləcə də ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verməkdir”.

Müğənni bildirib ki, bu gün təqdim olunan klipin mahnısı Türkiyədə yazılıb, klip isə Tbilisidə çəkilib. Klipin çəkilişi zamanı istifadə olunan Azərbaycan mədəniyyət, incəsənət nümunələri M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi tərəfindən təqdim edilib.

Onun sözlərinə görə, “Ay Laçın” və “Sarı gəlin” mahnılarının yazılması və bu bəstələrə klipin çəkilişi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə eyni vaxta təsadüf edir. 

“Bu təsadüfi deyil. Biz zəngin mədəniyyəti, əsrarəngiz təbiəti olan Azərbaycanın ərazilərinin işğaldan azad olunacağı günü gözləyirdik. Mahnılarımın da həmin ərəfədə üzə çıxması bizim töhfəmiz oldu”, – deyə müğənni vurğulayıb.

O deyib: “Mənim Azərbaycan mahnılarına böyük marağım var idi və ilk dəfə “Arzu” mahnısını ifa etdim. Sonra isə “Sarı gəlin” və “Ay Laçın” mahnıları üzərində işlədim və uğur qazandım. Bu uğurlar məni daha da ruhlandırdı. Sonradan mən vaxtı ilə Tbilisidə anadan olan, görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun “Bahar sənsiz” mahnısını seçdim. Bu mahnıya klip çəkdirməkdən də çox məmnunam”.

V.Turaşvili gələcəkdə daha bir neçə mahnıya klip çəkdirmək niyyətində olduğunu bildirib.

Sonra klip nümayiş olunub. 

Qeyd edək ki, V.Turaşvili “Ay Laçın” mahnısını ifa etdikdən sonra Gürcüstanda Azərbaycan musiqilərinə maraq artıb. Gürcüstanın İctimai Televiziyasında (1tv.ge) keçirilən “Ranino” uşaq festivalında Anastasiya Vasadze “Ay Laçın” mahnısını uğurla ifa edib. Onun həmyaşıdları ilə təqdim etdiyi performans həm Azərbaycanda, həm də Gürcüstanda böyük maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Cümə, 23 İyun 2023 10:45

Yola ver, getsin

Günümüzdə satirik şeir yazılırmı? Əsla yox. Ona görə də Qubada yaşayıb yaradan ustad şair Ramiz Qusarçaylı satiraya uer ayıranda hamımız gözəl bilirik ki, ortaya dəyərli bir iş qoyulacaq. 

Bu gün Gülüş klubunda ona meydan verəcəyik. 

Ramiz Qusarçaylı “Yola ver, getsin” deyir. 

 

Get özünə gün ağla

Günü yola ver, getsin.

Gözündəki hikkəni,

Kini yola ver, getsin.

 

Hanı o pir öy,

hanı...

Nə Yer gəz, nə Göy tanı,

İçindəki şeytanı

Cini yola ver, getsin.

 

Nə duanın dadı var,

Nə səcdənin odu var,

Hacı-hacı lotu var

Dini yola ver, getsin.

 

Bu gözlər çənnik deyil,

Bu xırman dənnik deyil,

Bu şeir sənnik deyil,

Məni yola ver...

getsin...

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Cümə, 23 İyun 2023 10:30

Şabran və Qubada teatr bayramı

MƏDƏNİYYƏT NAZİRLİYİ ÖLKƏNİ TEATRLAŞDIRIR

 

Yeni mədəniyyət nazirinin teatr və kino sahəsinə bir canlanma gətirdiyi göz önündədir. Diqqətçəkən məqamlardan biri də, ölkə teatrlarının bölgələrə qastrolları, hər bir rayonun teatrlaşdırılmasıdır. 

Növbəti xəbərimiz bu barədədir. 

 

Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Şabran və Quba rayonlarına səfər edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı sizləri məlumatlandırmışdı. 

Yaradıcı heyət hər iki rayonun mədəniyyət mərkəzində balaca teatrsevərlər üçün repertuarlarındakı baxımlı səhnə nümunələrindən olan “Gözəl və Bədheybət” tamaşasını təqdim edib.

Fransız yazarı Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov və Könül Nəsibova ifa edirlər.

Birhissəli uşaq tamaşasında fərqli texnikalarda hazırlanmış kuklalardan, eləcə də canlı planda kukla oyunu sintezindən istifadə olunur.

Musiqi və xoreoqrafik elementlərlə zəngin səhnə əsərində bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşması nümayiş etdirilir. Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.

Hər iki rayonda reallaşan nümayiş rayon ictimaiyyəti, xüsusən də balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Böyük tamaşaçı izdihamı və alqışlarla keçən hər iki tamaşalarda iştirak edən teatrsevərlər, xüsusən də Quba sakinləri uşaqlarda teatra maraq yaratmaq üçün belə nümayişlərin mütəmadi olmasını arzu ediblər.

Diqqət və marağa görə tamaşaçılara təşəkkür edən Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə kuklaçıların müxtəlif layihələr, sosial-mədəni aksiyalar çərçivəsində bölgələrə mütəmadi səfərlər etdiklərini, yeni mövsümdən həyata keçiriləcək ölkədaxili qastrollar siyahısına Qubanın da daxil olunacağını deyib. Həmçinin səfərin təşkili və yüksək səviyyədə reallaşmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

Bəli, böyüklər öz yerində, amma uşaqlar üçün teatr tamaşaları çox faydalıdır. Onlar həm əylənir, həm bilgilər alır, həm didaktik fayda görürlər. Üstəlik də, vampir kimi onların qanını soran mobil telefondan, internetdən aralana bilirlər. 

Mədəniyyət Nazirliyinə və teatrlara alqışlar düşmürmü, düşür. 

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.