“Ədəbiyyat və incəsənət” portalı şair, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinə və Sumqayıt Poeziya Evinə rəhbərlik edən İbrahim İlyaslının mərhum şair Xaliq Oğuza həsr etdiyi yazısını oxucularına təqdim edir. Yazıya “Ulduz” jurnalının Baş redaktoru, şair Qulu Ağsəsin də qatqısı var. O, Sumqayıtda yaşayan İbrahim İlyaslıdan Sumqayıtda yaşamış Xaliq Oğuzun şeirlərini tapmağı xahiş edib ki, dərgidə dərc eləsin. Beləcə də bu yazı yaranıb.
Allah Xaliq Oğuza rəhmət eləsin!
İbrahim İLYASLI
Məni bircə nəfər duyan olaydı... Təkcə hər şairin yox, hər insanın, ümumiyyətlə, hər varlğın ən böyük istəyi, ən böyük arzusu elə bu deyilmi?! O duyğularda nələr vardı, nələr yoxdu... Gənc şair olasan, ürəyində bir-birini qovan arzular ola... Və bir gün qəfil hər şeyin sonu...
1980-ci illərin sonları... Milli oyanış,.. Gəncliyin qan-qan deyən zamanı... Handa ədəbi gənclik ola... Fədailik duyğusu və düşüncəsi...
Bizim ədəbi nəslin məndən də öncə tanınan, bilinən bir ismi – Xaliq Oğuz!!!
O zaman üçün, təkcə, bu təxəllüsü götürmək adamdan cəsarət istəyirdi. Xaliq öncə bunu bacardı. Sonra SSRİ-nin çökməyə doğru getdiyini daha tez duydu və həm təşkilatlanma, həm də maddi durum üçün böyük arzular dalınca qoşdu...
Sumqayıtda yeganə məsləkdaşı və ən yaxın gənc yazıçı dostu – tələbəlik yoldaşı Varislə birlikdə bir ilkə imza atıb “Cığırdaş” Gənclik Mərkəzini yaratdı. İlk dəfə “İlin təqvimi” adı altında müstəqil düşüncəyə söykənən yazıları bir araya toplayıb nəşr etdirdi. Mənim rəhbərlik etdiyim “Dəniz” Gənclər Ədəbi Birliyini mərkəzin qanadının altına aldı. Varislə mənim birlikdə tərtib etdiyim “Sahilsiz Dəniz” ədəbi almanaxının nəşrinə dəstək verdi.
“Cığırdaş”ın tərkibində müxtəlif təyinatlı idarələr yaratdı... Xaliqin yaşı və dövrün tələbləri arasında bunlar nəhəng işlər idi... Ancaq O, bütün bunları bacardı.
Həyatda mistik bir olaylar olur axı. Buna inananlar da var, inanmayanlar da. Mən inananlar üçün yazıram bu qeydləri.
Bu günlərdə”Ulduz” jurnalının baş redaktoru, dəyərli şair dostumuz Qulu Ağsəs uzun illər öncə gənc ikən dünyasını dəyişmiş şair Xaliq Oğuzun şeirlərini çap etmək istədiyini dedi. Maraqlıdır ki, jurnalın mərhum redaktoru və çox böyük şairimiz Ələkbər Salahzadə də hər görüşümüzdə “Xaliq Oğuza de, şeirlərini göndərsin, çap edək” deyərdi... Bu dəfə Qulu Ağsəs mənə telefon açıb bu sözləri deyəndə həmin günlər düşdü yadıma... Yenə “ULDUZ”... Yenə XALİQ OĞUZ...
Xaliqin oğlu İlkini aradım. Biz onu görəndə körpə uşaq idi hələ... İndi İlkin özü həmyaşıdları arasında tanınan bir gənc şairdir....
Buna sadəcə və mürəkkəbcə TALE derlər...
Yerdə qalan nə varsa və nə var idisə onları oxuculara Xaliq Oğuzun şeirləri deyəcək “ULDUZ”da!
Ruhun şad, məqamın behişt olsun, hər zaman xəyallarımızda diri dostumuz – Xaliq Oğuz!
“ULDUZ” yenə də sənin şeirlərini istəyir. “ULDUZ” gənclərin dərgisidir. Sən isə elə o gənc qaldığın yerdəcəsən, əziz dost!
Qalan ömrünü sözündə sürdürmək daha nəyə deyirlər ki...
Söz ömrün uzun olsun, şair qardaş - Xaliq Oğuz!!!
XALİQ OĞUZ
Ağrıma ürəyim, ağrıma belə
Kiməsə ümidəm, kiməsə dayaq,
Kiməsə bir quru təsəlliyəm mən.
Hardasa şöləsi zəif bir çıraq,
Hardasa lap günəş məsəlliyəm mən.
Çağırır ardınca neçə yol, cığır,
Əlçatmaz zirvələr səsləyir məni.
Bir ana mən gedən yollara çıxır,
Bir gözəl nigaran gözləyir məni.
Nə ömür yarıdır, nəmənzil hələ.
Ağrım aürəyim, ağrıma belə.
Yenə təbiətin bahar çağıdır,
Şeirlər cücərir çölün düzündə.
Torpağın donunu nəğmə dağıdır,
Ümidlər göyərir pöhrə gözündə.
Qartallar qıy çəkir zirvə taxtına,
Gədiklər bürünür dumana, çənə.
Sevənlər tələsir vədə vaxtına,
Kövrək bulaqlar da dil açıb mənə
Deyir, qələmini tez ol al ələ.
Ağrıma ürəyim, ağrıma belə.
Yanımda-yörəmdə doğmam dayanıb,
Məni xəbər alır yaxın da, yad da.
Bu dünya əzəldən sirrə boyanıb,
Nə qədər düyün var möcüzə adda.
Hər canlı işığa, nura can atır,
Yarasa zülmətə sarılıb qalır.
Min illik yol var ki, əlimiz çatır,
Bir addım yol var ki, qırılıb qalır.
Neçə ocaq yanır tüstüsü acı,
Nə qədər yara var yoxdur əlacı.
Ovunmaq da olmur təsəlli ilə.
Ağrıma ürəyim, ağrıma belə.
Qoltuq ağacının qoltuqdur yeri,
Kiminsə yükünü daşıyır ancaq.
Mənəm deyənlər var, indi əksəri
Özgə qoltuğunda yaşıyır ancaq.
Qalxsa da zirvəyə caynaqda cücə
Hünər qartalındır, qartala alqış.
Cücədən qartallıq umasan necə,
Zirvə fəth etməyə qartal yaranmış.
Mən də od övladı, Qorqud soyuyam,
Çətin əqidəmdən dönəm, soyuyam.
Neçə ki, bağlıyam vətənə, elə,
Ağrıma ürəyim, ağrıma belə.
Qəlbimdə nə qədər arzu-kamım var,
Ülvi istəyim var, xoş məramım var.
Ümidə, gümana sığınmışam mən,
Bu günə, sabaha bir inamım var.
Oğul böyüdürəm vətənə əsgər,
Gəlin həvəsində, toy həvəsində,
Hələ yazılmamış nə qədər əsər
Beləcə dustaqdır döş qəfəsimdə.
Tale də vaxt tapıb qurmağa tələ,
Ağrıma ürəyim, ağrıma belə.
Deyirlər ki, atam saxlayıb məni
Deyirlər ki, atam saxlayıb məni,
Büküb yapıncının ətəklərinə.
Bələyib qəlbinin hərarətinə.
Kiçik yaşlarımdan həsrət qalmışam,
Ana istəyinə, məhəbbətinə.
Deyirlər ki, atam saxlayıb məni,
Qəlbinin yağını yedirib mənə,
Gözünün nurunu əmizdiribdir.
Beləcə, o məni anamdan qalan
Şirin xatirə tək əzizləyibdir.
Deyirlər ki, atam saxlayıb məni,
Almışam əlindən rahatlığını,
Qovmuşam gözünün yuxusunu da.
Deyrilər, o məndən, tək mənim deyil,
Alıbdır anamın qoxusunu da.
Deyirlər ki, atam saxlayıb məni,
Laylayım bir kövrək çoban bayatı,
Yüyrüyüm atamın qolları olub.
Yastığım bir nimdaş motalı papaq,
Beşiyim bənövşə kolları olub.
Deyirlər ki, atam saxlayıb məni,
Bəzən gizləyərək öz aclığını,
Sonuncu tikəsin yedirib mənə.
Ancaq dil açanda hər şeydən qabaq,
"Ana" kəlməsini dedirib mənə.
Deyirlər ki, atam saxlayıb məni,
Şehlər üz-gözümdən yuxunu yuyub,
Küləklər saçıma sığal veribdir.
Hər novruz bayramı yetişən zaman
Kəndimizdə neçə ana olubsa,
Hamısından mənə sovqat düşübdür,
Hərə bir bağlama qoğal veribdir.
Deyirlər ki, atam saxlayıb məni,
Arabir girərək yuxularıma,
Üzünü ömrümdə görəmmədiyim
O gəlin anam da yoxlayıb məni.
Deyirlər ki, atam saxlayıb məni.
Sarı tel
Sənli-sənsiz açan bir gün solacaq
Dünya ki, var boşalacaq, dolacaq.
Dərd gəldimi, ağlayanı olacaq
Sən ağlama, sən ağlama, sarı tel.
Qəm üstündə kökləyibdir kim səni?
Yandırırsan yaxın, uzaq kimsəni.
Dərdin nədir? Göyndir bir him səni
Gəl ağlama, gəl ağlama, sarı tel.
Acıyırsan mizrab tutan ələmi?
Həmdəm olan qəlb ovudar beləmi?
Qəsdin nədir? Yanıb dönəm küləmi?
Gəl ağlama, gəl ağlama. sarı tel.
Sadıqcanı, Qurbanımı anırsan?
Müşviqinmi taleyinə yanırsan?
Bəhramınmı yoxluğunu qanırsan?
Gəl ağlama, gəl ağlama, sarı tel.
Keçən keçib, köçən köçüb qayıtmaz.
Yatan bəxti top atıla ayıltmaz.
Gözün yaşı dərd odunu soyutmaz,
Gəl ağlama, gəl ağlama, sarı tel..
Hər gün görüşünə tələsirəm mən
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Hələ də barışmır ürəyim nədən
Taleyin bəxtimə yazdığı payla.
İstək bir tərəfə, qismət bir yana
Niyə belə olsun? Niyə? Bilmirəm!
Dünyanın dərdinə mən yana-yana
Kimsəyə dərdimi deyə bilmirəm.
Göydə uldularsa həyan olaydı,
Əlim çatmasa da, çataydı ünüm.
Məni bircə nəfər duyan olaydı,
Təsəllim olaydı tək bircə günüm.
Bu lal sükutların qulağı karmı?
Dinləyə dərdimi, bilə dərdimi.
Soyuq divarların insafı varmı
Barı bircə dəfə bölə dərdimi.
Mənim şeirlərim həsrət qoxuyan,
Hər misram özümə göz dağı olur.
Eh, axı bunları kimdir oxuyan?
Bütün nakamların yazmağı olur.
Bütövlük ömrümün naxışı, tacı
Yarımçıq nə varsa, heçdir, hədərdir.
Nakam məhəbbətin tüstüsü acı,
Yandırıb-yaxmağı qəbrə qədərdir.
Hər gün görüşünə tələsirəm mən
Adlayıb illərin üstdən harayla.
Ürəyim barışmır heç cürə nədən?
Taleyin bəxtimə yazdığı payla.