Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.

          

     

Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).

Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.

 

Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.

Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək.

Sizə ötən günlər A və B bəndlərini təqdim etmişdik.

 

A. Diqqət və yaddaş

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

B. İnteqral alqoritm

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

 

C. Antireqressiya və antiartikulyasiya

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.

Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

Bugünsə  D bəndi ilə tanış edəcəyik.

 

D. Vertikal oxumaq

 

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

Sabah E bəndini qaçırmayın.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Erix Mariya Remarkın aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

 

Qaranlıq zamanlarda parlaq insanlar aydın görünür.

***

Pul-parayla həll edə biləcəyiniz hər şey ucuzdur.

***

İnsan nə qədər bəsitdirsə, özü haqda bir o qədər yüksək fikirdə olur.

***

Ağıl insana verilibdir anlasın ki, bir tək ağılla yaşamaq olmaz.

***

Düşünmək vərdişi Yer üzündəki ən pis xəstəlikdir; onun müalicəsi yoxdur.

***

Üşüyürsünüzsə, özünüzü səmimi aparın...

***

Bir halda ki yaşamaq istəyirsən, deməli, sevdiyin nələrsə var.

***

Səni başqalarının var-dövləti qəzəbləndirirsə, o zaman özün də zəngin ol.

***

Deyirlər, çətini əvvəlinci yetmiş ili yaşamaqdır. Sonra işlər yoluna düşəcək.

***

Tənhalığın bizim tanış-tunuşların çox, ya da az olmağıyla bağlılığı yoxdur.

***

İndinin gəncləri necə əcaibdirlər. Keçmişə nifrətiniz var, indiyə xor baxırsınız, gələcəyə də biganəsiniz. Çətin ki, bunun axırı yaxşı ola.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

 

 

 

Kolumbiyanın geniş dinləyici auditoriyasına malik “CyC Radio”sunun efirində ölkəmizə həsr olunmuş veriliş zamanı Azərbaycan mahnıları səsləndirilib.

 

Meksikadakı səfirliyimizdən AzərTAC-a bildirilib ki, verilişdə Azərbaycanda ən çox sevilən musiqilər arasında yer alan 8 mahnı musiqisevərlərə təqdim olunub. 

Musiqi verilişində ölkəmizdə geniş populyarlıq qazanmış “Mən azərbaycanlıyam” (Tünzalə Ağayeva), “Atəş” (N.Kərimbəyova və C.Zeynalov), eləcə də müxtəlif illərdə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənnilərin mahnıları səsləndirilib.

Qeyd edək ki, Kolumbiyanın Hökumət radiolarından hesab olunan "CyC Radio"suna həmin ölkənin Mədəniyyət Nazirliyinin internet səhifəsi vasitəsilə də qulaq asmaq mümkündür. "CyC Radio"su Deutsche Welle, RAI Radio, Radio Nederland, REE kimi dünyaca məşhur bir sıra radiolarla əməkdaşlıq edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Şənbə, 24 İyun 2023 17:00

55 yaşlı NAZİR...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ötən əsrin 90-cı illərində Azərbaycanda əsl dərəbəylik idi. Həmin dövrdə cinayətkar ünsürlər fəallaşaraq, qorxunc bir qüvvəyə çevrilmişdilər. İstədikləri adamı öldürür, iş adamlarını, imkanlıları talan edir, adam oğurluğuyla məşğul olur və əhalini qorxu altında saxlayırdılar. Ölkədə reket dəstələri at oynadırdı. Onlar ölkə qanunlarını tanımaq istəmirdilər. Vəziyyət o yerə gəlib çatmışdı ki, aralarında bəziləri gözəl xanımları “oğurlayıb” namusuna sataşırdılar. Acı olsa da bu bir həqiqətdir. Yaxşı yadımdadır, o vaxt reketlər Sumqayıtda müəssisə rəhbərlərinin başına silah dirəyir, tələblərini həyata keçirtdirirdilər. Avtomobil dayanacaqlarına girib, təzə avtomobilləri götürüb aparırdılar. 

Güc strukturlarından çəkinməyən bu adamlar açıq-aşkar özləri ilə silah gəzdirirdilər və şəhərdə tez-tez atışma səsləri gəlirdi. O qədər dərəbəylik hökm sürürdü ki, bəzi iş adamları “cangüdən” adı altında silahlı dəstə saxlayırdı. Necə deyərlər, ölkə başdan ayağa “Xorasan bazarına” dönmüşdü. Azərbaycana yeni hakimiyyətin gəlişi ilə cinayətkar ünsürlər qısa vaxtda zərərsizləşdirilib sıradan çıxarıldı...

 

 “Onu uşaqlıq illərindən tanıyıram. Bir kənddə böyümüşük. Yaxından tanıyanlar bilirlər ki, o, mərd və öz mövqeyi olan bir şəxsdir. İnsanlara münasibətdə həmişə xeyirxah olmağa çalışıb. Bu gün onu sərt bir insan kimi xarakterizə edənlər unudurlar ki, güc strukturunda çalışmaq, ona rəhbərlik etmək insandan ciddi olmağı, cəsarət və sərtlik tələb edir. Bu işdə sərt olmasan ciddi nizam-intizam yaratmaq olmaz.”- bu sözləri özündən üç yaş böyük həmkəndlisi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyir...

Bəli, söhbət general-polkovnik Vilayət Eyvazovdan gedir. O, 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya gəlib. 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlasa da, sonradan polis akademiyasını fərqlənmə diplomu ilə bitirərək müxtəlif vəzifələrdə çalışıb. 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının daxili işlər naziridir...

Qüdrət Həsənquliyev sözlərini davam etdirərək, fikrini belə tamamlayır:- “Vilayət Eyvazov nazir təyin olunanda demişdim ki, qanunu pozanlar, yaxud belə niyyətdə olanlar ciddi düşünməli olacaqlar. Bəli, onun sərtliyi cinayətkarlar arasında qorxu yaradır və yaratmalıdır da. Bu gün ölkədə ədalət mühakiməsini öz üzərinə götürən, vətəndaşları, iş adamlarını qorxudub lərzəyə salan, onlardan pul tələb edən, adam oğurlayan, vəzifəli şəxsləri təhdid etməklə bu və ya digər qanunsuzluqlara vadar edən cinayətkar qruplar yoxdursa, bu onun öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir...”

Doğrudur, daxili işlər orqanlarında da yarıtmaz adamlar var, amma bu o demək deyil ki, bu qurumun işi ümumilikdə yarıtmazdır. Polis kimdir?- o da bizim ailənin bir üzvüdür, insandır. Onun da ana-atası, qardaş-bacısı var. Əgər hər hansı bir polis nəfəri ANAya əl qaldırırsa, demək onun tərbiyəsi qüsurludur və bu, cəmiyyətin günahıdır. ANAnı müqəddəs bilən xalq, heç bir halda ona əl qaldırmaz. İstərsə alim olsun, istərsə cinayətkar, istərsə də polis. Bir polis nəfərinin tərbiyəsizliyinə görə bütöv bir strukturun fəaliyyətini şübhə altına almaq olmaz. ABŞ-da yaşayanda fərdi avtomobilimin iki dəfə şüşəsini sındıraraq oğurluq etmişdilər. Polisə müraciət etsəm də heç bir ölçü götürülmədi, şikayətim cavabsız qaldı. Və dünyanın bir nömrəli ölkəsində buna bənzər hadisələr çox olur. Amma bizdə polis öz çevikliyini qoruyub saxlamaqdadır. Məhz polisin böyük zəhməti hesabına sakit, əminaman bir ölkədə yaşayırıq...

Uzun müddət daxili işlər orqanlarında çalışmış, hazırda hüquq müdafiəçisi kimi fəaliyyət göstərən sabiq polis polkovniki Vilayət Eyvazov haqqında söyləyir:- “Tale elə gətirib ki, onu xidmətə başladığı ilk illərdən tanımışam. Daxili İşlər Nazirliyində işlədiyim müddətdə ümumi tanışlığımız olsa da, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra onunla daha sıx münasibətdə olmuşam. Xüsusilə o, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunandan sonra insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT rəhbəri kimi mütəmadi təmasda olmuşuq. İnsan alveri və məcburi əmək kimi cinayət faktları haqqında göndərdiyim bütün məlumatlara dərhal reaksiyasını hiss etmişəm. Onun dəstəyi ilə yüzlərlə potensial insan alveri qurbanı hesab edilən sənədsiz kompensasiyaların alınmasına, onlar üçün sığınacaqların yaradılmasına nail olunub. DİN-nin bu sahədə fəaliyyət göstərən hər bir QHT-nin üzünə acıq olması da təbii ki, milli koordinator kimi onun fəaliyyəti ilə bağlı olub. Bundan başqa bu sahədə fəaliyyət göstərən QHT-lər arasında məhz onun təşəbbüsü ilə həvəsləndirmə tədbirləri keçirilib. Bir vaxtlar onun dəstəyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə aylığı, həftəliyi və ya günü kimi xüsusi tədbirlər qeyd olunub. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak edib. Xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə dəstək verib. O, general olandan sonra davamlı olaraq öz üzərində işləyən, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir. Bu bir həqiqətdir ki, son illərdə büdcənin talan olunmasında və diğər korrupsiya olaylarında onun adına rast gəlinməyib. Onun iş üslubuna, təşkilatçılıq qabliyyətinə bələd olan birisi kimi deyirəm ki, Vilayət Eyvazov Avropa təcrübəsini öyrənməklə daxili işlər orqanlarında islahatlar apararaq Azərbaycan polisinin nüfuzunun yüksəlməsinə nail olacaq. Bunun üçün isə hər kəs əlindən gələn köməyi etməlidir.”

Bəli, general polkovnik Vilayət Eyvazov yerində olan nazirlərdəndir. Daxili işlər orqanlarının püxtələşməsində böyük işlər görür. İnanıram ki, onun rəhbərliyi altında Azərbaycan polisinin xidməti fəaliyyəti daha da yüksələcək və “Azərbaycan polisi” deyiləndə, göz önündə dünyanın ən qüsursuz POLİSİ canlanacaq...

İyunun 28-də Vilayət Eyvazovun 55 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Şənbə, 24 İyun 2023 12:30

40 ildən sonra, İkinci Şıxlıda!

Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd tam orta məktəbinin məzunları 40 ildən sonra görüşdülər

 

Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Konqresin Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü və ən nəhayət, “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Şahin Şıxlinskinin təşəbbüsü ilə maraqlı bir tədbir ərsəyə gəlib: Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd tam orta məktəbinin 1973-1983 tədris ili məzunlarının 40 illik yubiley görüşü keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Şahin Şıxlinskidən tədbir barədə fikirlərini alıb. 40 ildən sonra bir araya gələn məzunlar ilk olaraq, İkinci Şıxlı kəndində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksini, Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarlarınıa əklil və gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub. 

Sonra məzunlar onlara dərs deyən, elm öyrədən,  dünyasını dəyişmiş müəllimlərinin, həmçinin dünyasını dəyişən sinif yoldaşlarının qəbirlərini ziyarət ediblər.

40 ildən sonra doğma məktəbin həyətinə qədəm qoyan məzunları 1-ci  və 11-ci sinifin şagirdləri gül dəstələri ilə qarşılayıblar.

Daha sonra məzunlar təhsil aldıqları sinfə daxil olublar. Parta arxasında əyləşən məzunlar ötən illərin xatirələrini bir daha yad ediblər. 

Məktəb illəri. Onlardan şirin, onlardan unudulmaz daha nə ola bilər axı! 

Sinif otağına 40 il bundan öncə olduğu kimi rus dili müəlliməsi Esmiral Şıxlinskaya daxil olub. Məzunlar müəllimlərini alqışlarla qarşılayaraq, ona gül dəstəsi təqdim ediblər. Esmiral müəllimə şagirdlərinə tədris etdiyi rus dili fənnindən dərs keçərək onları bir neçə dəqiqəlik də olsa uşaqlıq illərinə qaytarıb. Hamı kövrəlib. Esmiral müəllimə sevimli şagirdlərinə bu görüşü təşkil etdiklərinə görə öz minnətdarlığını bildirib.

 Görüşün rəsmi hissəsi məktəbin həyətində baş tutub. Tədbiri giriş sözü ilə "Patriot tvaz" kanalının baş redaktoru Ceyhun Əliyev açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün ilk söz məktəbin direktoru Rauf Kazımova verilib. O, məzunları və qonaqları salamlayaraq onlara bu görüşün təşkilinə görə məktəb kollektivi adından minnətdarlığını bildirib. Tədbir iştirakçılarına Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbinin yaranma tarixi haqqında ətraflı məlumat verən direktor sözü digər natiqlərə verib. Daha sonra veteran müəllim Qəhrəman Binnətov, məktəbin müəllimlərindən Tünzalə Əfəndiyeva, Gülarə Qurbanova, Binnət Binnətov, Ənvərpaşa Osmanov,  fəxri qonaqlardan "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri tanınmış filoloq, dilçi Mehdi Şıxlinski, BDU-nun Qazax filialının professoru Valeh Nəsibli, BDU-nun Qazax filialının baş müəllimi, müharibə veteranı Mustafa Rasimoğlu, Xalq artisti Tariyel Qasımov, Gəncə şəhər Kardioloji xəstəxanasının həkimi, kardioloq, şair Rizvan Ələkbərov, İkinci Şıxlı kənd icra nümayəndəsi Natiq Qədimov, kəndin bələdiyyə sədri Fikrət Talıbov çıxış edərək öz ürək sözlərini bölüşüblər.

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü professor Valeh Nəsibli çıxış edərək tədbirə uğurlar arzulayıb və deyib: “Hörmətli tədbir iştirakçıları, əziz məzunlar, hər birinizi "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin adından salamlayır və 40 illik görüş münasibətilə sizləri təbrik edirəm. Bu gün bu möhtəşəm görüşdə bizimlə birlikdə İctimai Birliyin üzvləri Xalq artisti Tariyel Qasımov, şair, müharibə veteranı Mustafa Rasimoğlu, birinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərən veteranlar Topçu Ərəstun, Namiq Əliyev, Vətən Müharibəsində Şəhidlik xəbəri yayılan, möcüzə sayəsində həyata qayıdan Qazi mayor Xəyyam Əliyev, İctimai Birliyin Qazax və Ağstafa rayonları üzrə nümayəndəsi Ələddin Qarayev, "ƏSƏDOĞLU" marketlər şəbəkəsinin yaradıcısı Vüqar Kərimov da iştirak edir. Mən həmin qonaqların da adından sizləri salamlayır və təbrik edirəm. Qazax Azərbaycanın elm məbədidir. Qazaxda elm adamlarını, ziyalıları, şairləri, aşıqları saymaqla bitib-tükənməz. Onlarla bərabər Qazaxın xeyriyyəçi, səxavətli oğulları da az deyil. O insanlardan biri də "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, hamımızın fəxrimiz, bu məktəbin məzunu, Şıxlı kəndinin əziz oğlu Şahin Şıxlinskidir. Onun həm Azərbaycanda, həm də Azərbaycanın hüdudlarından kənarda gördüyü xeyriyyə işləri, Azərbaycanla bağlı keçirdiyi uğurlu  tədbirlərin sədası hər birimizi sevindirir və biz ziyalılar Şahin Şıxlinski kimi səxavətli və dövlətinə, xalqına sədaqətli oğullarla daim fəxr edirik. Bu gün ömrünüzə - ömrümüzə yazılan unudulmaz günlərdəndir. Məktəbli oğlan və qızlar 40 ildən sonra müdrik insan kimi görüşür. Bu da xoşbəxtlikdir. Görüşün təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Vətənimizə, mahalımıza hər zaman belə görüşlər qismət olsun. Hər birinizə uzun ömür, can sağlığı, tədbirə uğurlar arzulayıram".

Daha sonra məzunlardan Bəhlul Ömərov, Billur Salehova, Faiq Yusifov çıxış edərək məzunları və qonaqları salamlayıblar. Məzunlara bu tədbiri təşkil etdiklərinə görə təşəkkürlərini bildiriblər.

Məktəbin direktor müavini Ağca İsmayılova çıxış edərək uzun illər keçməsinə baxmayaraq məktəbi, müəllimləri unutmadıqları üçün məzunlara minnətdarlığını bildirib. Ağca İsmayılova Xalq şairi Bəxtiyar Vahabzadənin "Parta yoldaşı" şeirini söyləməklə məzunları xəyalən də olsa yenidən məktəb illərinə qaytarıb.

Daha sonra söz məzunlardan Şahin Şıxlinskiyə verilib. Şahin Şıxlinski tədbir iştirakçılarını salamlayaraq, məktəbin rəhbərliyinə, onlara dərs deyən müəllimlərə , qonaqlara öz dərin minnətdarlığını bildirib. Dünyasını dəyişən müəllimlərini, sinif yoldaşları Gülnarə Xancalıyevanı unutmadıqlarını, onların xatirəsini daim əziz tutduqlarını söyləyib, onlara Allahdan rəhmət diləyib.

O, çıxışına Ümumilli Lider Heydər Əliyevin müəllimlər haqqında dediyi "Mən müəllim adından yüksək ad tanımıram" kəlamı ilə davam edib. Ulu Öndər Heydər Əliyevin Qazaxa və Qazaxlılara verdiyi qiyməti də böyük qürur hissi ilə xatırladıb: "Ulu Öndər Heydər Əliyev Qazaxa və Qazaxlılara yüksək qiymət verib: "Qazax Azərbaycanın mədəniyyət mərkəzidir. Qazax şairlər, mütəfəkkirlər yurdudur. Siz əziz Qazaxlıla, burada - sərhəddə həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!" 

Şahin Şıxlinski öz çıxışını bu sözlərlə tamamlayıb: “Hörmətli tədbir iştirakçıları, biz xoşbəxtik ki, belə bir yurdun övladlarıyıq. Və biz də hər zaman öz işimizlə, fəaliyyətimizlə çalışmışıq ki, doğma Qazağımıza verilən qiyməti doğruldaq. Azərbaycanın adının ən yüksək tribunalarda səslənməsi üçün bir vətəndaş kimi üzərimizə düşən məsuliyyəti yerinə yetirmək üçün çalışırıq". 

Doğma vətənimiz Azərbaycan naminə diaspora fəaliyyəti yönündə yorulmaq bilmədən çalışan Şahin Şıxlinski bu gün də yüksək əzmlə, məmnunluq hissi ilə işlərini davam etdirir. Həmyerlimiz Şahin Şıxlınski hər zaman qeyd edir: "Hər bir azərbaycanlı öz ölkəsinin kiçik səfiri olmalıdır. Hər yerdə o vətəninin mənafeyini qorumalı, onun inkişafına dəstək olmalıdır. Bunun üçün hər kəsin dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və tariximiz haqqında geniş və əsaslı bilgilərə malik olması vacibdir".

Şahin Şıxlinski öz çıxışında bütün qazaxlıların sevincinə səbəb olacaq bir xəbəri də tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Mən bir neçə gün öncə Qazax RİH-nin başçısı cənab Rəcəb Babaşovla görüşdüm. Qazaxa gəlişimin məqsədini bildirdim. Rəcəb müəllim məni hörmətlə qarşıladı. Mən Rəcəb müəllimə yeni bir layihə haqqında ətraflı məlumat verdim. Tarixi min illiklərə söykənən Şıxlı kəndində dünyaya göz açan dahi şəxsiyyətlərin büstündə ibarət həm Azərbaycana giriş hissədə (Gürcüstan Respublikasından), həm də Birinci Şıxlı və İkinci Şıxlı kəndlərinin kəsişməsində Abidə Kompleksinin ucaldılması təklifini irəli sürdüm. Sağ olsun, cənab Rəcəb Babaşov məni dinləyərək nəzərdə tutulan kompleksin inşa ediıməsinə razılıq verdi".

Şahin Şıxlinski çıxışının sonunda məzunlar adından məktəbin şagirdlərinə printer, kserokopiya , skaner, A4 kağızları,  futbol və voleybol meydançaları üçün lazım olan idman avadanlıqları, veteran müəllimlərə və məktəbin kollektivinin üzvlərinə qiymətli hədiyyələr təqdim edib.

Şahin Şıxlinski eyni zamanda məktəb binasının təmirini də unutmayıb. Onun təşəbbüsü ilə məzunlar tərəfindən məktəbin qapı və pəncərələri dəyişdirilib yenisi ilə əvəzlənib. Məktəbin döşəməsi yenidən təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Məzunlar həmçinin sinif otaqlarına, eyni zamanda müəllimlər otağına yeni stol və stullar hədiyyə ediblər.

Məzunlar məktəbin həyətində ağac əkmə aksiyası da təşkil ediblər. Aksiya zamanı məktəbin həyətində hər bir  məzunun adından ümumilikdə 30 ədəd olmaqla küknar və "Gəncə çinarı" ağacları əkilib.

Tədbir Gəncə “Göygöl” Dövlət Mahnı və rəqs ansamblının izdihamlı izləyici ordusuna hesablanmış konserti ilə davam etdirilib.

Ansamblın solistləri Leyla Mehdiyeva, Şirxan Cahangirov və "Xəmsə" rəqs qrupu öz çıxışları ilə  tədbir iştirakçılarına və kənd camaatına gözəl anlar bəxş ediblər. Tədbirin rəsmi hissəsinin sonunda xatirə şəkli çəkdirilib. 

Məzunlar tədbir iştirakçılarını Ehram çayının Kür  çayı ilə qovuşduğu məkanda "Sınıq körpü" istirahət və restoran kompleksində ziyafət süfrəsinə dəvət ediblər.

Bununla da Valeh Musayev adına Qazax rayon İkinci Şıxlı kənd  tam orta məktəbinin 1973-1983-cü il buraxılışının məzunlarının 40 illiyinə həsr olunmuş yubiley görüşü başa çatıb.

Amma bu görüşün xatirələri yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Bu ilin sentyabr ayında Özbəkistanın Bakıdakı səfirliyi və Özbəkistan Rəssamlıq Akademiyasının dəstəyi ilə Daşkənddə Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin əsərlərindən ibarət sərgi açılacaq.

 

Bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev arasında keçirilən görüşdə bildirilib. 

Ç.Fərzəliyev səfirə 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində incəsənət şöbəsi kimi əsası qoyulan muzeyin tarixindən danışıb, 1936-cı ildən müəssisənin Azərbaycan Dövlət İncəsənət Muzeyi kimi müstəqil fəaliyyət göstərməyə başladığını qeyd edib.

Çingiz Fərzəliyevin sözlərinə görə, 18 mindən çox eksponatın toplandığı muzey Azərbaycanın aparıcı mədəniyyət mərkəzlərindən biri hesab olunur, milli dekorativ-tətbiqi sənət növləri ilə yanaşı, Qərb və Şərq incəsənətinin müxtəlif dövr, növ və üslublarına aid əsərləri də özündə əks etdirir. 

Görüşdə xalqlar arasında əməkdaşlığın qurulmasında mədəni əlaqələrin əsas rollardan biri olduğu, eləcə də Özbəkistan ilə Azərbaycan arasında dialoqun qurulmasına sənət adamlarının bilavasitə töhfə verdiyi vurğulanıb.

Səfir qeyd edib ki, iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş siyasi fon mədəni əlaqələrin inkişafı üçün müstəsna əlverişli şərait yaradır. Bu kontekstdə gənc nəslin birgə layihələr həyata keçirmək imkanının olması üçün hər il sərgilər, konfranslar, biennalelər və digər tədbirlər şəklində sıx əlaqələrin intensivləşdirilməsi təklif olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu dəfə Şeir vaxtıdır, Ramilə Qardaşxanqızının şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

Ramilə QARDAŞXANQIZI

 

 

ÖMÜR YOLUM

 

Kaş ki ilham pərim təşrif buyura,

Mübarək üzünü görəm bu gecə.

Yığam hisslərimi, duyğularımı,

Bir şeir şələngi hörəm bu gecə.

 

İllərdi üzünə həsrət qalmışam,

Dinmir, sanki ruhum içimdə ölüb.

Məni harda atıb, harda unudub,

Bilmir, azıb yolun, işığı sönüb.

 

Ay məni ruhumdan uzaq salanım,

Ömür heç şeirsiz, sözsüz olarmı?

Bu can eşqdən dönər, aşiqdən dönər,

Şeirsiz, de görüm, nəfəs alarmı?

 

Nə ola, ruhumdan döndərməyə üz,

Baxam sağım şeir, solum şeirdi.

Tutam əllərindən, atam içimə,

Mənim ki bu ömür yolum şeirdi...

 

 

YENİDƏN SEV

 

Məni misralarımla sevmişdin, əzizim,

misralarımla...

Onlar ruhumun rəngiydi, nəğməsiydi, nəfəsiydi...

Onlar ruhumun səsiydi;

məni sənə çağıran, səni mənə gətirən…

 

Daha əvvəlkitək şeirlər yazmıram, yaza

bilmirəm.

Səbəbini  bilirsən...

Çox oldu ruhumdan küsəli, çox...

Nəğməsizəm, səssizəm, rəngsizəm,

nəfəssizəm indi.

Sən məni əvvəlkitək sevirsən?

Əvvəlki kimi...

 

Ehh, öz-özünü sağaltmaq asan deyil,

bilirsən.

Bir az keçmiş xatirələr,

bir az da səhvlərimiz gəlir köməyimə,

sağ olsunlar.

Amma asan deyil,

asan deyil, inan mənə…

 

Öz-özunü  sağaltmaq asan deyil.

Hərdən kitablarımı varaqlayıram,

şeirlərimi oxuyuram.

Biraz gülümsəyirəm, bir az ağlayıram,

Bəzən ağlamaqdan özümü güclə

saxlayıram.

Bəzən də elə kobud,

elə gülməli səhvlərimi görürəm ki, gəl

görəsən.

 

Düşünürəm: mən niyə bunları etmişəm,

niyə axı?!

Sonra üstünü qaralayıb, təzədən yazıram

sənin olmadığın sətirləri.

Hə, düz eşitdin, sənin olmadığın sətirləri…

 

Bilirsən, qadın da kişinin əsəridir, əslində,

Onu sevən, onu qoruyan kişinin.

Sevdiyinin...

 

Poz əsərini!

Poz, əzizim, poz, təzədən yaz!

 

Sil ürəyimə düşən acıları!

Sil gözlərimdəki kədəri!

Sil, əzizim!

Sil, barışdır məni ruhumla və yenidən sev!

Yenidən sev məni, əzizim!

Elə sev ki, əvvəlki kimi şeirlər yazım,

Sevgidən, xoşbəxtlikdən, bizdən yazım,

əzizim.

Bizdən...

 

Ən gözəl şeirlərimin ünvanı sən olmusan,

sən!

Silinib təzədən yazılmaz, əvvəzsiz, tək...

Sən öz əsərini poz!

Öz əsərini,  əzizim!

Poz, təzədən yaz!

Təzədən!

 

 

DUA

 

Eyni anda yaşlanırıq,

ömür keçmiş olur anbaan.

Hər gün şəkilləri düzürəm yan-yana,

alnımıza, gözlərimizə, dodaqlarımıza baxıram,

dəyişir cizgilər…

 

Zaman soldurur siyahları,

bəyazlaşır saçlarımız.

Qocalırıq, ömrüm,

qocalırıq...

 

Hər gün bir neçə tel artıq düşür

saçlarımızdan,

qaşlarımızdan, kirpiklərimizdən...

Hər gün bir az daha zəif çırpınır ürəyimiz.

Dizlərimiz titrəyəcək bu gün, ya sabah,

biz hələ də zamanın arxasınca baxırıq;

keçmiş, keçmiş, keçmiş...

 

Mən hələ də,

hələ də hər gün bir az həsrətlə,

bir az sənsizliklə yalvarıram;

Tanrım, Tanrım, Tanrım,

ömrümüz uzun olsun!

Çox yaşamağın hərisi deyiləm haaa,

Bəlkə, çata bildim yanına,

onsuz ölməkdən qorxuram,

rəhm elə!

 

Acıdır gerçəkləşməyən duaların sahibi olmaq

və hər gün hələ qocalmamışam deyib əl

açmaq göylərə:

Yalvarıram…

Yalvarıram…

Yalvarıram...

 

Uça bilməyəcəyini bilən hər qanadlı

göylərə baxıb ah çəkirmi?

Mənim sənə çatmayan əlimi tutub

dizlərimi döyür göz yaşlarım, İlahi...

 

 

ÖLMƏYƏ ÇALIŞMA

 

Bu adam alın yazımdı,

Öldüsə, ölüb gedəcəm.

Ölümümdən sonra baxıb,

Halıma gülüb gedəcəm...

 

Güləcəm ki, biçarəyəm...

Sevgidən qəlbi yarəyəm...

Güləcəm ki, bir eşq üçün

Bir ömürlük avarəyəm.

 

Bu adam alın yazımdı,

Silməyə çalışma, fələk!

Yazımın ardı lazımdı,

Ölməyə çalışma, fələk!

 

 

QADINLAR

 

Qadınlar gördüm, sinə gərmiş hər əzaba –

müharibə, bombardman edilmiş həyat,

bir araya toplanmayan ömür;

boşluğu çox, itkisi çox, qazancsız,

əli ətəyindən uzun...

 

Qadınlar gördüm, alınlarının qırışı

ürəklərərilə zidd –

yaşamadıqları sevgi, dadmadıqları

xoşbəxtlik

ümid verir gələcəyə, fəqət

bu yaz da o deyil...

Qadınlar gördüm, misralarımtək yarımçıq –

yaşanmamış, qırıq xəyallarla dolu...

Qadınlar gördüm,

nə gənc, nə də qoca,

nə ölü, nə də döyünən ürəyi olan

qadınlar...

 

 

ŞAİR OLMAQ İSTƏYİRƏM

 

Bu axşam ürəyim elə yanır ki,

Közünü basıb gözlərimə,

Bütün varlığımla yazmaq,

Şair olmaq istəyirəm varaqlara...

 

Yenə xatırladım çünki...

Ətəyində körpəsi,

Tində bardaş quran,

Ötənə-keçənə əl uzadan,

İmdad dilənən o qadını...

Çirkli ovuclarını açıb,

"Əmi, səni and verirəm

O yanındakının canına,

Heç olmasa on qəpik ver,

on qəpik" deyən qaraca qız,

Səni doğan ölsünmü?!

"Mən yolçu-dilənçi deyiləm,

Anam xəstədir,

Allah heç kimsəni

Xəstə qulluqçusu eləməsin"

deyən gənc qız,

Allah bu milləti çörəyə möhtac,

Ac-yalavac eləməsin!

Sağ ayağını əyib,

Solunda axsayan gənc,

İyirmi qəpik üçün

İyirmi min dəfə əyilirsən.

Sən hər dəfə əl uzadıb,

Göz zilləyib yalvaranda

Utanıram şəhidlərdən!

Nə olar, ya düz dayan,

Ya da güc dilən bir azca da –

Azacıq dirilməkçün...

Övladını doğub atan,

Namusunu satan qadın,

Axı baha doğulmuşdun,

Nədən belə ucuzlaşdın?!

Ürəyim elə yanır ki,

Közünü basıb gözlərimə,

Şair olmaq istəyirəm

Bu axşam...

Varaqlara...

 

 

NƏ VAR

 

Məni aldatmağa nə var,

Çox da çətinə düşmərsən.

Etmədiyin bir şey deyil,

Bir şirin söz, bircə kəlmən kifayətdi,

Gözlərimi yummaq üçün.

 

Məni unutmağa nə var,

Bir "blokluq" xatirənəm.

De ki, tanımırsan məni,

Unudaram kiməm, nəyəm...

 

 

ÜZR MİSRALARI

 

Anasının nəfəsi, bu gecəki yağış dəydimi sənə?

Yudumu əlini, ayağını,

yudumu içindəki, körpə şıltaqlığını,

su səpdimi hardasa qalan incikliyinə?

 

Anasının ürəyi, səngər istidi, ya mən?

Bir yaz hərdən, səs eylə,

Ora yaxşımı evdən?

 

Sənə qurban olaram, ay mənim öz oxşarım,

Hər anı gözlərimdə böyüyən, irilənən,

Mənim canım, tən yarım,

De, anası ölmüşüm, islandınmı yağışda?

Yox, o islatmaz deyib, hələ nəm hiss etdinsə,

Bu ananı bağışla...

 

 

GÖRƏSƏN...

 

Bir kəlmə turş sözümdən,

Bir acı nəzərimdən,

Ay qaşları çatılıb,

gözləri süzülənim,

Mənimsənmi, görəsən?

 

Gör biçarə ürəyim

Nələrinə dözübdür.

Nələrindən inciyib,

Nələrindən küsübdü.

İçin-için deyinib,

İçin-için soruşub:

Mənimsənmi, görəsən?

 

Sən de hələ, de mənə,

Gecələri yuxundan

Kal oyanıb arabir

Öz-özünə sormusan:

Mənimsənmi, görəsən?

 

İndi bezib, usanıb

Bu çatılan qaşımdan,

Pozulan əhvalımdan,

Öz-özündən sor, yaxşı,

Mənimsənmi, görəsən?

Mənimsənmi, görəsən?

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşasını növbəti dəfə nümayiş etdirəcək. 

 

Teatrdan bildirilib ki, sənət ocağının rus bölməsində hazırlanan bu musiqili komediyanın librettosu və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenkodur. 

İyunun 30-da göstəriləcək tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Afər Tağıyevadır. 

 

Tamaşaya baxmaq üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir. 

 

Mərkəzdən bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub. 

Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.

Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır. 

Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, Xalq artisti Bülbülün anadan olmasının 126-cı ildönümü münasibətilə tədbir keçirilib.

 

Muzeyin yaydığı məlumata görə, muzeyin direktoru Fərqanə Cabbarova çıxış edərək, Bülbülün həyat və yaradıcılığı haqqında geniş məlumat verib. 

O, Ümummilli Lider Heydər Əliyevin Bülbüllə bağlı səsləndirdiyi fikirlərdən də bəhs edib. 

Tədbirdə Əməkdar artist, Bülbül məktəbinin layiqli davamçısı Ramil Qasımov, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti Anar Şuşalı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış ediblər. 

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Milli Muğam Müsabiqəsinin diplomantları, İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər. 

Həmçinin tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Bülbülün 100 illik yubileyində çıxışı, dahi sənətkarın yaradıcılığına həsr olunmuş videoroliklər nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.