Super User
Emindən Jony-yə TƏRİF: "Məni və Faiq Ağayevi keçmisən"
Xəbər verdiyimiz kimi, Jony ləqəbi ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin "Sea Breeze" ailəvi-istirahət mərkəzində canlı solo konserti baş tutub.
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildrir ki, sənətçiyə dəstək olmaq üçün Xalq artisti Emin Ağalarov səhnəyə çıxıb.
Tamaşaçıların coşqusu və alqışlar sədaları altında səhnəyə çıxan Emin ifaçını təriflərə qərq edib:
"Jony bir sıra ölkələrdə və Azərbaycanda bir nömrəli müğənni sayılır. Azərbaycanda sən məni və Faiq Ağayevi keçmisən. İndi oxuyacağımız mahnını Jony özü yazıb. Bu mahnı isə "Kamin" adlanır. Jony, sən burada böyük tıxac və insan seli yaratmısan. Səni çox istəyirem".
Daha sonra ikili sözügedən dueti canlı olaraq ifa ediblər. Onların bu ifası isə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
5 yaşlı məktəbli, qızıl medalçı, həkim-terapevt, lirik şair, Moskva həyatı və daha nələr…
BU GÜN AYB-NİN MOSKVA BÖLMƏSİNİN MƏSUL KATİBİNİN DOĞUM GÜNÜDÜR
Elman Eldarooğlu, “Ədəbiyyat və incəsənət”
Bu dəfəki söhbətimin qərəmanı hazırda Moskvada yaşayan qeyri-adi istedadlı bir xanımdır. Əslən Qazaxdan olan Azərbaycanın əməkdar mühəndisi, neftçi-geoloq, mərhum Arif Şıxlınskinin qızıdır. Maraqlı həyat hekayəsi var. Ailədə 5 uşaq olublar, yaşca ən kiçiyi olduğundan körpəliyindən onu övladı olmayan bibisinə veriblər. Bibisi dil-ədəbiyyat müəllimi idi. Uşaq bağçasına getməkdən imtina etdiyi üçün, məcbur qalaraq, onu həmişə özüylə məktəbə aparmalı olub. Və bu onun dörd yaşında olarkən artıq oxumağı, yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilməsinə yol açıb. 1984-cü ildə beş yaşı olanda təkidlə bibisindən tələb edib ki, onu evlərinin yanında yeni tikilən məktəbə göndərsinlər. Məktəbin komissiya heyəti xeyli sorğu-sualdan sonra onun məktəbə qəbul olunmasna etiraz etməyib. Beləliklə, beş yaşında birinci sinfə gedib. O vaxtlar belə hallar Azərbaycanda nadir hallardan biri olduğu üçün tez-tez televiziyadan gəlir və onu danışdırırdılar. On beş yaşında olarkən isə Bakıdakı 12 saylı orta məktəbi qızıl medalla və 15 saylı musiqi məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il də Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə Moskvaya köçənədək 8 saylı Birləşmiş Şəhər xəstəxanasında həkim-terapevt işləyib...
Deyir ki,- “Şeir yazmağa 8 yaşımdan başlamışam. Əvvəllər “Göyərçin” jurnalında və məktəb divar qəzetində dərc olunurdum. Sonralar məktəbimizdə yaradılmış Gənc Şairlər dərnəyinin rəhbəri oldum. Universitet illərində ədəbiyyata əvvəlki kimi çox zaman ayıra bilmirdim. Bəlkə də məni əsl şair edən Vətəndən uzaqlarda yaşamağım oldu. Vətən həsrəti bütün şeirlərimin canına hopub sanki. Uzun illərdir Azərbaycanda, Rusiyada, Türkmənistanda, hətta son illərdə Almaniyada və Türkiyədə şeirlərim və hekayələrim müxtəlif qəzet və jurnallarda nəşr olunur. Ona yaxın şeir və hekayələr kitabının müəllifiyəm...”
Haqqında söhbət açdığım Afaq Şıxlı bütün bunlardan əlavə Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, “Luç” assosiasiyasının, Avrasiya və Rusiya Yazarlar Birliklərinin, Moskva Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin və Azərbaycan Məhsəti Şairələr məclisinin üzvüdür. Rusiya Poeziya Akademiyasının isə müxbir üzvüdür. O, həm də 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı AYB Moskva bölməsinin məsul katibi vəzifəsində çalışır. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. Ailəlidir, iki övlad anasıdır...
“Dövrünün məşhur yazarlarından biri Aqata Kristi deyirdi ki, sağlam təfəkkür bəzən çox sıxıcı və quru olur. Hərdən bir reallıqdan uzaqlaşmaq lazımdır, dünyanın gözəllikləri yalnız o zaman gözə görünür. Ədəbiyyat və romantika ayrılmaz nəsnələrdir. Hətta dəhşətli müharibə romanlarında belə romantik duyğular təsvir olunmazsa o əsər oxunmaz. Bütün dövrlərdə müharibələr, terror və başqa bəlalar olub. Amma seirlər, povestlər, romanlar həmişə yazılıb, yazılır və yazılacaq da. Hər bir dövrün öz ədəbiyyatı, öz ruhu, öz oxucusu olur. Şeir yazmaq və ümumiyyətlə ədəbiyyatla məşğul olmaq, həqiqətən də, mənim üçün dünyanın ən böyük səadətidir. Bunu hər zaman təkrar etməyə hazıram.”- söyləyir.
Şeirlərinin böyük əksəriyyəti insanı insanlıqdan uzaqlaşmağa qoymayan, ədaləti, insafı, vicdanı daima ayaqda saxlayan məhəbbətə həsr olunub. Heç vaxt şeir yazmaq xatirinə masa arxasına keçməyib. Təbi gələndə şeir ona əlinə qələm götürməyi vadar edib. Hansı üslubda yazacağını da əvvəldən bilmir, gələn misralar özü təyin edir ki, yazacağı qoşmadırmı, rübaidirmi, sərbəst şeirdirmi? Əlbəttə ki, onun da sevdiyu yazıçı, şair və rəssamlar var. Şairlərdən Nəriman Həsənzadənin, Musa Yaqubun, Elman Tovuzun, Məmməd İsmayılın, Əli Ağbaşın, İlham Bədəlbəylinin, Nəsib Nəbioğlunun, Mixail Sinelnikovun, Yevgeniy Çiqrinin, rəssamlardan Moskvada yaşayan Əsgər Məmmədovun, yazıçılardan Çingiz Hüseynovun, Tofiq Məliklinin, Varisin, yazıçı-tərcüməçi İmdat Avşarın yaradıcılıqlarını maraqla mütaliə edir...
Deyir ki,- “Doğrudur, ədəbiyyat məndən zamanımı alır, lakin mən bunu məmnuniyyətlə ona qurban edirəm. Bir qədər də sağlamlığımı, yuxumu alır. Bunlar hamısı onun böyüklüyü qarşısında çox cılız görünür. Pafosla deyilən sözlər deyil. Bunlar mənim həqiqətimdir. Ədəbiyyatın mənə bəxş etdiyi isə- özüdür. Onun möhtəşəmliyini hiss etmək, onun gözəlliyinə toxuna bilmək, onunla yanaşı addımlamaq kimi əvəzedilməz bir duyğudur. Ədəbiyyat- mənim son məhəbbətimdir!”
Ömür-gün yoldaşından çox razılıq edir, “ədəbiyyatsevər insandır”- deyir. Yaradıcılığını mütamadi izlədiyini, evdə ona kitabları üzərində işləməyə hər çür şərait yaratdığını, eləcə də maddi və mənəvi dəstək olduğunu- dilə gətirir...
“Ədəbiyyat adamı istedadlı, səmimi, saf insanlarla birləşdirir. Nadan, qaba, mənasız insanlardan isə ayırır və bu da tam təbiidir! Şair də ən adi insani keyfiyyətləri özündə qoruyub saxlamalıdır. Bütün mənfi keyfiyyətlərin mənim fikrimcə bir adı var – xəyanət. Bəli, əsl insan kimi şair də xəyanət etməməlidir: vətən sevgisinə, valideyn əməyinə, ailə təmizliyinə, sözün müqəddəsliyinə, vicdanın dürüstlüyünə, nəfsin möhkəmliyinə və sənətin ucalığına. Xəyanət hissindən uzaq olan kəs, heç bir yanlışlığa yol verməz.”- söyləyir.
Nəcib, gülərüz, mehriban xanımdır. Həyata açıq gözlərlə baxmağı xoşlayır. Emosiyalara qapılmır. Mülayim, xoş xəsiyyəti ilə xeyli dost da qazanıb. Vətəndə olduğu kimi qürbət Moskvada da böyük hörməti var...
Deyir ki,- “Bakı və Moskva- həm iki oxşar, həm də müxtəlif şəhərlərdir. Mənim yaşımda olan insanlar üçün Moskva elə də yad şəhər deyil. Çünki bizim uşaqlığımız və gəncliyimizin müəyyən hissəsi SSRi-nin vaxtına düşüb, hansı ki, o vaxtlar Moskva - bizim ikinci paytaxtımız, rus dili isə - ikinci ana dilimiz sayılırdı. Azərbaycanda kifayət qədər ruslar yaşayırdı və biz həyətdə oynayarkən beş azərbaycanlı uşağı olurdusa, 3 nəfər də rus uşağı olurdu. Lakin unutmaq olmaz ki, bizim burada yaşamağa başladığımız 2000-ci illərdəki Moskva ötən əsrin 70-80-ci illərindəki Moskva deyil. Nə də insanların düşüncəsi və davranışı o zamankı deyil. Biz birdən-birə dəyişən ayrı bir rus xalqını tanımağa başladıq. Orta məktəbdə oxuyarkən qış tətillərinə gəldiyimiz qonaqpərvər şəhərə deyil, sanki ayrı bir şəhərə düşdük. Bakının isti, mülayim, doğma qucağından, qışı aylarla bitməyən, həftələrlə günəşə həsrət qaldığımız bir diyarda yaşamaq elə də asan olmayıb. Qohumlardan, dostlardan uzaqda. Yeni dostlar qazanana, cəmiyyətə qaynayıb qarşana kimi illər keçdi. Bu illərin hamısı bizim geri dönməyən, qaytarılmayan ömrümüzün bir parçasıdır. Nəticədə bu həsrət, bu nisgil, şeirə, sözə çevrildi. Bəli, ədəbiyyat, dostlar, həmkarlar olmasaydı yəqin ki qürbət həyatı daha da dözülməz olardı...”
Əziz dostlar, söhbətimi burada bitirmək istəyirəm. Çox sağ olun ki, məni səbrlə dinlədiniz. Çalışdım ki, Afaq xanımı olduğu kimi sizə təqdim edim. Axı o, qürbətdə millətimizi ləyaqətlə təmsil edir, xalqımızı düşünür...
Yeri gəlmişkən bu gün, iyunun 25-də Afaq Şıxlının növbəti ad günüdür, 54 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılığında və işlərində uğurlar arzulayıram...
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Beynəlxalq Musiqi Festivalında “Muğam hekayətləri” təqdim olunub
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 24-də Azərbaycan Milli Konservatoriyasında təşkil olunub.
AzərTAC xəbər verir ki, "Muğam hekayətləri" layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə eyni zamanda ifaçılar tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən xanəndə, Xalq artisti Teyyub Aslanov festival barədə öz təəssüratlarını bölüşüb: “Çox qürurvericidir ki, artıq neçə illərdir belə gözəl layihələr həyata keçirilir. Bütün təşkilatçılara, başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkürümüzü bildiririk. Festival çərçivəsində yüksək səviyyədə muğam müsabiqəsi də keçirildi. Bu gün burada muğamla cazın möhtəşəm sintezinin şahidi olacaqsınız", - deyə T.Aslanov vurğulayıb.
Qeyd edək ki, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.
Xatırladaq ki, iyunun 18-dən başlayan “Muğam aləmi" 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Bizim Cəbiş müəllim, bizim Nəsimi və bizim Mixaylo
BU GÜN HƏSƏN SEYİDBƏYLİNİN ANIM GÜNÜDÜR
Azərbaycanda Sovetlər dönəmində yetmişinci, səksəninci illərdə yazıçı-ssenarist dueti var idi, İmran Qasımov və Həsən Seyidbəyli. Bu duet ortaya “Cəbhədən cəbhəyə” adlı elə bir roman qoymuşdu ki, onu böyükdən kiçiyə bütün respublika oxuyurdu…
Amma tək elə bumu? O dövr Azərbaycan kinosunun qızıl fondunu Həsən Seyidbəylinin baxmaqdan doymaq olmayan filmləri təşkil edirdi… “Bizim Cəbiş müəllim” və “Uzaq sahillərdə”. İkisini desək bəs edər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün bu görkəmli şəxsiyyətin vəfatından 42 il ötür.
Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.
Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.
Daha bir özəllik: Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.
İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.
Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.
2020-ci il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.
Görkəmli sənətkar 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Vüqar Camalzadə Daşkənddə sevgi ilə qarşılanıb
Bəstəkar, Əməkdar artist, dosent Vüqar Camalzadə yeni uğura imza atıb.
Onun mediaya verdiyi xəbərə görə, sənətçi Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə paytaxt Daşkənddə xalq çalğı alətləri ifaçıları ixtisası üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. Bu onun deyilən keyfiyyətdə ilk işi olsa da, nəticə ürəkaçandır.
Yüz məzundan imtahan götürən bəstəkar gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq təklifini irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri bağışlanıb. O, Daşkəndlə yanaşı Səmərqəndə də səfər edib, qədim şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 7-ci günü də konsertlərlə yadda qalıb. Bu gün Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
Tanınmış israilli musiqiçi Benjamin Yusupovun dirijorluğu ilə onun özünün müəllifi olduğu I simfoniya, Firəngiz Əlizadənin “Nağıllar”, Mahmud Turkmaninin “Qara\Ağ” kompozisiyası, Məmməd Quliyevin “Muğam” simfoniyası ifa olunub.
Tacikistanda anadan olan Benyamin Yusupov bəstəkar kimi də tanınır. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Xorvatiya, İsrail, İsveçrə, İtaliya, Rusiya, Tacikistanda səslənib. Musiqiçi bəstəkar kimi bir sıra mükafatlara layiq görülüb.
Konsertin solisti ud ifaçısı Mahmud Turkmani isə Livanda anadan olub. Hazırda Bern konservatoriyasında klassik gitara və ud üzrə dərs deyir. Mahmud Turkmani “Ludus” adlı kvartetin yaradıcısıdır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Azərbaycanımızı səhralaşmağa qoymayaq!
“Ədəbiyyat və incəsənət” portalı Sadiq Qarayevin çox aktual mövzuda olan yazısını təqdim edir.
Naxçıvanda çox ciddi su problemi var, quraqlıqdır.
Camaat əkin- tikinini suvara bilmir.
Son illər dağlara qar, yağış az düşür, bulaqların, çayların suyu azalır.
Ümumiyyətlə dünyada quraqlıq və səhrəlaşma prosesi sürətlənib.
Mən hələ də ümid edirəm ki, bu müvəqqətidir, yəni periodik prossesdir, dağlara yenidən çoxlu qar yağacaq, çaylarda bol su olacaq.
Amma bu cür davam etsə, hansı ölkə torpaqlarını, əkinlərini quraqlıqdan qoruyubsa, şirin su ehtiyatları çoxdursa, o güclü olacaq.
Ümumiyyətlə suvarma sistemi ölkənin inkişafını təmin edən amillərdəndir.
Gələn il quraqlıq, ərzaq, su qıtlığı olacaq düşünərək, bu gündən buna hazırlaşmalıyıq.
Ölkədə çoxlu su anbarları tikilməli, artezianlar qazılmalı, Araz və Kürdən kanallar çəkilməlidir.
Yeraltı su axarları ciddi tədqiq edilməli, istifadə üsulları tapılmalıdır.
Yağış sularını yığmaq praktikası da var bəzi ölkələrdə, amma bu çətin prosesdir və xərci çoxdur.
Bu elə -belə gəlişigözəl sözlər deyil, həqiqətir.
NEFT KAPİTALI SU EHTİYATLARINA ÇEVRİLMƏLİDİR.
Su həyatdır, əkin- tikindir, ərzaqdır, floradır, faunadır, su gücdür, qüdrətdir.
Suzuluq səhradır.
Azərbaycanımızı səhralaşmağa qoymayaq!
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
SABAH AĞ ÖLÜMƏ YOX DEYİLƏCƏK
Bakı, Sumqayıt və Gəncənin küçə və prospektlərində narkomaniya ilə bağlı maarifləndirici sosial çarxlar yayımlanır
26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil edilən silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə incəsənət xadimlərinin iştirakı ilə hazırlanmış “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial çarxların Azərbaycan Dövlət Reklam Agentliyi vasitəsilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayişinə başlanılıb.
Bu barədə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Həmin sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.38-ci və 4.4.35-ci bəndlərinə müvafiq olaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır.
Qeyd olunan videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
İyunun 27-də "Azərbaycan Oxucuları" Kitab Klubunun 1 yaşı tamam olur
Qısa müddətdə özünə xeyli auditoriya toplamağa müvəffəq olmuş “Azərbaycan Oxucuları" Kitab Klubunun 1 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə klubçular Sabunçu Gənclər Evində bayram törəni təşkil edəcəklər. Törən iyunun 27-də, saat 11-də başlayacaq.
Tədbirin qonaq qismində: Sevilən yazıçılar; Əməkdaşlıq etdikləri nəşriyyatlar; Kitab bloggerləri; Kitab klubları klubçuların görüşünə gələcək.
Bəs tədbirdə qonaqları nə gözləyir?
Klubun 1 il ərzində həyata keçirdiyi fəaliyyətlə tanışlıq;
Qiraət saatı;
Uduşlu lotereyada iştirak edib nəşriyyat və sponsorlardan müxtəlif hədiyyələr qazanma imkanı;
Klubun 2 aylıq Üzvlük Kartını əldə etmə şansı.
Tədbirin sonunda baş tutacaq uduşlu lotereyada iştirak etmək üçün burada qeydiyyatdan keçmək olar:
https://forms.gle/ZKv3M4WJv6VzZZzf9
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
“Gülə güllə atdılar…”- Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Bu dəfə o, “Yorğunluq” deyir.
Yorğunluq
Allah göydə deyilsə,
O göy kimin göyüdü ?
Harda körpə dərd qalıb
Verin mənə böyüdüm…
Gülə güllə atdılar,
Dik tutmuşdu başını.
Bu yağışdı, yoxsa ki,
Göy üzündə vurulmuş
Quşların göz yaşıdı?!
Hər yanımı qan tutub,
Mən də belə adayam.
Get, o bayquşdan soruş-
Hansı xarabadayam…
…Eşq, nə yaman dərinsən?-
Girdim də batdım səni…
Ölüm, məni bağışla
Bir az yubatdım səni.
Qəmlə əylənirəm mən,
Bəs hanı tay-tuşlarım?
…Bu gün süfrə açmışam:-
Çağırın ac quşları…
Ölü balıqlar düşür,
Atdığım hər qırmağa.
Çox soyuqdu… gedirəm
Allaha sarılmağa…
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)