“Gülə güllə atdılar…”- Əlizadə Nuri Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən sevilən şairimiz Əlizadə Nuri sizlərin görüşünə gəlib. Bu dəfə o, “Yorğunluq” deyir. 

 

Yorğunluq

 

Allah göydə deyilsə, 

O göy kimin göyüdü ?

Harda körpə dərd qalıb

Verin mənə böyüdüm…

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

Bu yağışdı, yoxsa ki,

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

 

Hər yanımı qan tutub,

Mən də belə adayam.

Get, o bayquşdan soruş-

Hansı xarabadayam…

 

…Eşq,  nə yaman dərinsən?-

Girdim də batdım səni…

Ölüm, məni bağışla 

Bir az yubatdım səni.

 

Qəmlə əylənirəm mən,

Bəs hanı tay-tuşlarım?

…Bu gün süfrə açmışam:-

Çağırın ac quşları…

 

Ölü balıqlar düşür, 

Atdığım hər qırmağa.

Çox soyuqdu… gedirəm

Allaha sarılmağa…

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.