Super User
105 yaşlı Azərbaycan polisinin amerikalı həmkarları...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dünən iyulun 2-si idi.
Hər il 2 iyul tarixinə iki bayram təsadüf edir. Biri Beynəlxalq İdman Jurnalistləri Günüdür, digəri isə Azərbaycanda polislərin peşə bayramıdır. Bu gün sizə 105 yaşlı Azərbaycan polisinin ABŞ-dakı həmkarları haqqında söhbət açmaq istəyirəm. Əvvəla onu deyim ki, ABŞ-da digər ölkələrdən fərqli olaraq vahid polis sistemi yoxdur. "ABŞ Polisi" termini qeyri-rəsmi olaraq istifadə olunur. Amma burada hər bir ştatın, eləcə də hər bir şəhərin, hətta kiçik qəsəbənin də öz müstəqil polis şöbəsi vardır. Bəzən polis bölmələri böyük müəssisələrdə, məsələn universitetlərdə də mövcud ola bilər…
Bundan əlavə ABŞ-da federal cinayətləri tədqiq edən- FBİ, Narkotiklərlə mübarizə idarəsi, Alkoqol, tütün, odlu silah və partlayıcılara qarşı mübarizə idarəsi, Gizli xidmət, immiqrasiya və gömrük polisi və digər adlarda federal hüquq mühafizə orqanları da vardır. Ancaq əsas yük dövlət və şəhər polisinə düşür. Yerli polis orqanının rəhbəri - komissar, müfəttiş və ya polis şefi - adətən mer, bələdiyyə başçısı tərəfindən təyin edilir və bəzən də seçki yolu ilə seçilir…
Əyalət səviyyəsində polis şöbəsinin rəhbəri asasən şerif adlanır. Şeriflər demək olar ki, seçki yolu ilə seçilir və onlara özünə müavinlərini təyin etmək hüququ verilir. Şerifin rəhbərlik etdiyi inzibati qurum əyalətdə olan həbsxanalara nəzarət etməklə yanaşı məhkəmə zallarının təhlükəsizliyini də təmin edir…
ABŞ qanunvericiliyinə görə polisin səlahiyyətləri hökumət və ya bələdiyyə tərəfindən müəyyən edilir. Burada polisin öhdəliklərini dəqiq açıqlamaq çox çətindir. Çünki ictimai həyat səviyyəsi, texnologiya dəyişdikcə və yeni dövlət qurumları yarandıqca polisin öhdəlikləri də daim yenilənir…
Polis əməkdaşları tərəfindən hər hansı bir subyektə güc tətbiq edilməsi isə daxili nizamnaməyə əsasən təyin olunur. ABŞ-ın əksər şəhərlərində polis qurumları kütləvi təcavüzlərin qarşısını almaq və fövqəladə vəziyyətlərdə sabitliyi qorumaq üçün xüsusi hazırlıq keçir. Məsələn, Nyu-York şəhər Polis İdarəsinin sapyor briqadası partladıcı qurğularla törədiləcək terror aktlarının baş tutmamasından ötrü püxtələşib…
ABŞ-da polislərə rütbə xidmət müddətinə və ya hansısa sücaətlərinə görə verilmir. Polis orqanlarında işə düzələn şəxsə ilk olaraq “officer” rütbəsi verilir. Bu ifadə bizim anladığımız zabit mənasını daşımır, ABŞ polisində ən kiçik xidməti rütbə sayılır. Və polislərin 90%-i bu rütbəylə təqaüdə çıxır. “Officer”-dən sonra "dedektiv" rütbəsi gəlir. Bu rütbə zabit rütbəsinə bərabər olan kiçik dərəcədir. “Serjant” rütbəsi isə hər iki rütbədən yüksək olduğu üçün onu əldə etməkdən ötrü xüsusi imtahanlardan keçmək lazım gəlir. Bundan sonra leytenant və kapitan rütbələrinə yiyələnmək olar…
Ümumiyyətlə, rütbə məsələləri ABŞ-da ştatdan ştata fərqlənir. Məsələn, Nyu York polis şöbəsində rütbələrin ardıcıllığı belədir: “Officer”, “dedectiv”, “serjant”, “lieutenant”, “captain”, “inspector”, “shef” (1, 2, 3 ulduzlu), “police shef”, “commissar”.
Bəzi ştatlarda bu adlar müxtəlif ola da bilər və bu rütbələr əyalət qubernatoru tərəfindən təyin olunur…
Sonda onu da qeyd etmək istəyirəm ki, orada yaşadığım müddətdə müəyyən etmişəm ki, ABŞ polisinin cinayət axtarışı ilə bağlı fəaliyyəti çox aşağı səviyyədədir. Ölkədə baş verən oğurluq hadisələrinin çoxu açılmır. Şahidlər, vətəndaş məlumatları olmasa cinayətlərin əksəriyyəti bağlı qalar. Nə isə, Amerikada beş ilə yaxın yaşayan bir azərbaycanlı kimi əminliklə deyə bilərəm ki, Azərbaycan polisi ABŞ polisindən daha fədakar, daha bacarıqlıdır…
Bəli, iyulun 2-si Azərbaycan polisinin 105 yaşı tamam oldu. Bu münasibətlə bir vətəndaş kimi, sıravisindən tutmuş, general polkovnikə kimi bütün Azərbaycan polisini təbrik etdik, “peşə bayramınız mübarək, ƏSAYİŞ KEŞİKÇİLƏRİ!” dedik.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Tətilin ən böyük mədəniyyət hadisələrindən biri “Şükriyyə” tamaşasının premyerası oldu
YAZIÇI CAVİD ZEYNALLININ DRAMATURGİYADA DEBÜTÜ UĞURLU ALINDI
Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilən gün anşlaq olacağı gözlənilən idi. Çoxu bu tamaşanı gözləyirdi. Həm tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdan yeni bir möhtəşəmlik gözləntisi var idi. Ən əsas da, yazıçı kimi artıq özünə ad eləmiş Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim edilirdi, Cavid Zeynallının dramaturq kimi ilk ciddi sınağı alınacaqdımı?
Bəri başdan deyək ki, alındı, özü də necə!
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisalar Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi) və başqalarının rol aldıqları tamaşa tamaşaçıların gur alqış sədasını qazandı.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənovanın, geyim üzrə rəssamı Aygün Mahmudovanın, işıq rəssamı Rafael Həsənovun, musiqi tərtibatçısı Kamil İsmayılovun, rejissor assistenti Nərmin Həsənovanın işləri də təqdirəlayiq alınmışdl.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
Və bu hekayəti teatr səhnəsinə gətirmək çətinliyi, məsuliyyəti var idi ki, komanda bunun öhtəsindən məharətlə gəldi.
İndi isə tamaşaçıların fikirlərini diqqətinizə çatdırırırq:
Cavid İsmayıl:
“Bəşər övladının başına gəlmiş iki ən pis hadisənin adını çəkməyimi istəsələr, tərəddüd etmədən faşizm və bolşevizm deyərəm. Akademik Milli Dram Teatrında gənc yazıçı Cavid Zeynallinın istiqlal şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın sürgün həyatından bəhs edən bu tamaşa bolşevizmin xalqımıza vurduğu zərbələrin bədii dillə ifşası istiqamətində atılmış uğurlu addım sayıla bilər. Bu səbəbdən yaradıcı heyəti təbrik edirəm. Yeni mövsümdə bu tamaşanı mütləq izləməyi hamıya tövsiyə edirəm. Şükriyyə xanım isə indi təkcə Cavadın yox, həm də Cavidin Şükriyyəsi sayıla bilər”.
Aygün İbrahimli:
“Maraqlı tamaşa idi. İki saatın necə gəlib keçdiyini hiss etdirmədi. Sovet repressiyasının xalqlara yaşatdığı dəhşətlər. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın 8 illik sürgün həyatında çəkdiyi əziyyətlər, onun dönməzliyi, mübarizliyi, həsrəti və mərhəməti tamaşada çox gözəl əks olunub.
Təşəkkür edirəm və uğurlar arzulayıram müəllif Cavid Zeynallıya və heyətə.”
Ayyət Əhməd Abdullayev:
“Tək kəlmə: əhsən!
-Bəlkə də Cavadı güllələyəcəklər, amma o, eşitsə ki, mən boşanma ərizəsinə imza atmışam, bu, ona güllədən bərk təsir edər!
-Mərhəmət də cinayət sayılır!
Az qalırdım düşüb o balaca qızcığazı səhnədə bağrıma basım.
Cavid Zeynalli , əziz dost, qələminə qüvvət, zehniyyətinə şükür ki, "Şükriyyəni" qələmə almısan. Millətin tarixi geninə yeni "qan vurmusan" , yaddaşları təzələmisən. 37-ci illəri yaşadıq, mən hələ də yaşayıram, səhnədən, obrazlardan qopa bilmirəm. Təbriklər, əziz dost! Alındı!”
Kərim Kərimli:
“Çoxdandı belə tamaşada olmamışdım.
Binada isə axırıncı dəfə keçən il AYB-nin qurultayında olmuşdum. Zənnimcə, tamaşanı Azərbaycan ədəbiyyatının, teatrının və ümumilikdə Azərbaycan mədəniyyətinin növbəti uğuru hesab etmək olar.
Bu, xüsusilə də 37 yaşlı yazıçının dramaturgiya sahəsində çox yaxşı debütü sayıla bilər.
Müəllifi, rejissoru, aktyorları və bütün yaradıcı heyəti, həmçinin ayrıca Akademik Milli Dram Teatrı - nın kollektivini ürəkdən təbrik edirəm.
Hamısına Azərbaycan mədəniyyətinin inkişafı yolunda və şəxsi yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki, "Şükriyyə", teatrın həyatında mütləq yeni mərhələnin başlanğıcı olacaq.”
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Ölkənin musiqi həyatının əsas hadisəsi - “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı major notlarla başa çatdı
GƏLİN BİR DAHA XATIRLAYAQ
Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı iyunun 18-dən 25-dək davam etdi. Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilirdi. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırdılar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edirdi. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olundu.
Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmışdıq, indi xronikal şəkildə bir daha xatırladırıq.
Nəzərinizə çatdıraq ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub.
18 İYUN
Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.
Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.
“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.
Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.
19 İYUN
Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.
İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.
Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat idi.
Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edirdi. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparırdı.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edirdi. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.
Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparıldı. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim etdilər.
20 İYUN
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qaldı. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılmışdı.
Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim etdi. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış etdilər.
Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırdılar.
Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzində və Milli Konservatoriyada dinlənildi.
Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər.
Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .
İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib.
Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib.
21 İYUN
Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.
Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib.
Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
22 İYUN
İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olundu.
Həmçinin Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı səhnəyə çıxdı.
İndi isə əsas hadisə barədə daha ətraflı:
İyunun 22-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub. Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib.
Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.
23 İYUN
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.
Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.
Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub.
Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.
Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.
Festival çərçivəsində, həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Sonra konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertinisə “Qarabağ” otelinin qarşısındakı parkda keçirilib.
24 İYUN
İyunun 24-də Festivalı çərçivəsində “Muğam marafonu” da başlayıb.
“Muğam marafonu” iyunun 24-də İçərişəhərdə, Şirvanşahlar Sarayında saat 12-dən başlayaraq iyunun 25-i saat 12-yədək davam edib.
24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa ediblər. “Muğam marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edib.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam marafonu” dinləyiciləri bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına səyahət elətdirib.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 7-ci günü də konsertlərlə yadda qalıb. Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.
İsrailli musiqiçi Benjamin Yusupovun dirijorluğu ilə onun özünün müəllifi olduğu I simfoniya, Firəngiz Əlizadənin “Nağıllar”, Mahmud Turkmaninin “Qara\Ağ” kompozisiyası, Məmməd Quliyevin “Muğam” simfoniyası ifa olunub.
Tacikistanda anadan olan Benyamin Yusupov bəstəkar kimi də tanınır. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Xorvatiya, İsrail, İsveçrə, İtaliya, Rusiya, Tacikistanda səslənib. Musiqiçi bəstəkar kimi bir sıra mükafatlara layiq görülüb.
Konsertin solisti ud ifaçısı Mahmud Turkmani isə Livanda anadan olub. Hazırda Bern konservatoriyasında klassik gitara və ud üzrə dərs deyir. Mahmud Turkmani “Ludus” adlı kvartetin yaradıcısıdır.
Növbəti konsert proqramı Azərbaycan Milli Konservatoriyasında təşkil olunub. “Muğam hekayətləri" layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə eyni zamanda ifaçılar tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub.
Qeyd edək ki, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.
25 İYUN
Festivalın sonuncu günündə Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, festivalın çoxsaylı xarici qonaqları da iştirak ediblər.
Festivalın yekun konsertinə “Natiq” ritm qrupu start verib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” ansamblının rəqsi gecəyə xüsusi rəng qatıb.
Səhnəyə dəvət olunan Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və Azərbaycanda muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivali ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi barədə danışan münsiflər heyətinin sədri deyib ki, müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparıb.
Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, səkkiz gün davam edən festivalda çoxsaylı tədbirlər keçirilib: “Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”.
Nazir müavini deyib ki, ölkəmizin mədəni həyatında böyük əhəmiyyət kəsb edən bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bölgələrdə də qeyd olundu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad olunmuş muğam-sənət beşiyimiz, mədəniyyət paytaxtımız Şuşa şəhərində, eləcə də Ağcabədidə konsertlər keçirildi.
Onun sözlərinə görə, builki “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının bir özəlliyi də, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf etməsindədir.
Sonra Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bədii proqramla davam edən gecədə məşhur kaman ifaçısı İmamyar Həsənovun Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovla birgə ifası səslənib.
Festivalın yekun konsertində 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və bu mahnını Xalq artisti Mənsum İbrahimov konsertin bütün iştirakçıları ilə birgə təqdim edib.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Budur, daha bir musiqi forumu - ölkənin musiqi həyatının əsas hadisəsi - “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı major notlarla başa çatdı.
Yeni görüşlərədək!
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Azərbaycanlı pianoçunun uğuru
Amerika Bəstəkarlar Forumunun məşhur brendi kimi fəaliyyət göstərən “Innova Recordings” bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən təqdim edilən çoxsaylı layihələr arasından on beş musiqi layihəsinin seçimini elan edib.
AzərTAC xəbər verir ki, hər il dünya musiqi arenasında fərqlənən əsərlərin, ifaçıların seçimini aparıb onların təbliğatı ilə məşğul olan bu təşkilatın hazırkı seçiminə pianoçu Humay Qasımzadənin ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom da layiq görülüb.
Mükafatlandırılmış albom bəstəkarlar Ayaz Qəmbərli, Tahir İbişov, Türkər Qasımzadə, Səid Qəni və Elmir Mirzəyevin fortepiano üçün əsərlərindən ibarətdir. “Innova Recordings”in mətbuat üçün buraxılışında həmin bəstəkarların yaradıcılığı barəsində qeyd edilir ki, Qərbin fərqli müasir musiqi təmayüllərinin yer aldığı bu bəstəkarların əsərlərində ümumən Azərbaycan milli musiqi ənənələrindən bəhrələnmə təbiidirsə də, onların yaradıcılığını daha çox Yaxın Şərq bəstəkarlarına xas olan “ekzotika”, yaxud “oriyentalizm” qəliblərində dəyərləndirmək doğru deyil. Başqa sözlə, onların musiqisi ənənəvi Şərq musiqi ladlarından istifadədə hansısa qabarıqlığı şərtləndirən estetikadan uzaqdır, Azərbaycanın ənənəvi xalq musiqisindən birbaşa iqtibaslardan, imitasiyadan xali bir konstruksiyada diqqət çəkir.
Humay Qasımzadə ifa etdiyi əsərlərin müəllifləri ilə uzun müddət əməkdaşlıq etmiş və albomda təmsil olunan bəzi əsərlər məxsusi olaraq onun sifarişi ilə yazılıb.
Bu da xüsusi olaraq qeyd edilməlidir ki, beynəlxalq səviyyədə qəbul edilən albomdakı bəzi əsərlər Humay Qasımzadənin ABŞ-da Bolinq Qrin universitetində müdafiə etdiyi doktorluq dissertasiyada araşdırma obyekti olub. Universitetin elmi şurasının qərarı ilə həmin dissertasiya ilin ən yaxşı elmi əsəri mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənətə
(03.07.2023)
Qoyun gəlindirmi, bəydirmi?
“Ədəbiyyat və incəsənət” portalı Vüsal Oğuzun Qurban bayramı replikasını təqdim edir:
Qurbanlıq qoyun üçün erkək qoyun seçib sonra onu gəlin kimi bəzəmək hansı ağılın məhsuludur?
Barı kişi kimi geyindirin də.
Belinə xəncər, başına papaq, ayağına xrom çəkmə...
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Ona mane olan “şeytanlar” tezliklə çevrəsindən dəf olacaqlar...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki:- “Yəqin ki, hər bir insan həyatında ən azı bir dəfə deyib: "Bəlkə kitab yazım?". Belə hiss mənim də beynimdən 5-ci sinifdə oxuyanda keçib. Çünki həmin vaxtlar şeir yazmağa başladım və düşünürdüm ki, bu yazdıqlarım elə-belə kağız üzərində qalmayacaq, yəqin nə vaxtsa kitab kimi işıq üzü görəcək. Ancaq 8-ci sinifi bitirib qonşu kəndə gedəndə şeir dəftərim yoxa çıxdı. Sonra janrı dəyişib nəsrə keçdim. Gördüklərimi, eşitdiklərimi və düşündüklərimi kağıza köçürdüm. Məqalələr yazıb rayon qəzetinə və Azərbaycanda dərc edilən bir çox mətbu orqanlara göndərdim. Çap ediləndə sevincimin həddi-hüdudu olmurdu. Məni oğul kimi saxlayan babam isə adım yazılan o qəzetləri üst-üstə qalaqlayıb kəndə car çəkirdi və “uşaq roman yazır” deyib öyünürdü. Elə o vaxtdan da mənə heç bir iş buyurmurdu, yayda ot çalmağa tək gedirdi, qışda da mal-qoyunu özü yemləyirdi, mənim işim yalnız sobaya odun atmaq, uşaqlarla futbol oynamaq, Göyçə gölünə çimməyə getmək, kitab oxumaq idi...”
Çox prinsipial adamdır. Hər hansı bir işə qərar verdisə, onu dilə tutub fikrindən döndərmək mümkün deyil. Qarşısına qoyduğu məqsədə doğru inadla irəliləyir. Haqqı tapdanan adam görəndə özünü saxlaya bilmir, həqiqətin yanında olmağa çalışır və hökmən münasibət bildirir.
Jurnalist işləmək onun uşaqlıqdan ən böyük arzusu olub. Orta məktəbi bitirəndən sonra bu məqsədlə Bakıya gəlib. Sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə təqdim edəndə götürməyiblər, ona izah ediblər ki, iki il əmək təcrübəsi olmalıdır. Bunun üçün vaxt lazım idi. Necə deyərlər, kəndə əliboş qayıtmamaqdan ötrü məcbur olub sənədlərini Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə verib. Axı rayon olimpiadalarında daim iştirak etdiyindən, hamı onu ən yaxşı oxuyan şagird kimi tanıyırdı. Beş il oranı könülsüz oxuyandan sonra üç il Lənkəranda riyaziyyat müəllimi işləyib...
Deyir ki:- “Həmin vaxt Lənkəranın "Leninçi" qəzetinin ştatdankənar müxbiri oldum. Sonra altı il Türkmənistanın Nebit-Dağ şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışdım, 1988-ci ildə yenidən Bakıya döndüm. İki il Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işlədim. Və nəhayət 1990-cı ilin dekabr ayından həyatımı mətbuata bağladım, Azərbaycanın müxtəlif qəzetlərində, AzTV, ANS, İnteraz, Türkiyənin NTV kanallarında çalışdım.”
İlk hekayəsi 1988-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub. Daha sonra hekayələri "Azərbaycan", "Ulduz" və "Azərbaycan təbiəti" jurnallarında, "Yol" qəzetində və digər mətbu orqanlarda işıq üzü görüb...
Haqqında söhbət açdığım Babək Göyüş 1957-ci il iyun ayının 29-da Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində dünyaya gəlib. 1974-cü ildə Gölkənd məktəbini bitirdikdən sonra təhsilini ali məktəbdə davam etdirib. Hazırda “Bizim.Media” saytında redaktor vəzifəsində çalışır, “Qaraqoyunlu.com” xəbər portalının baş redaktorudur. "Ağ geyimli qadın" hekayələr kitabı 2008-ci ilin noyabrında çap olunub. Kitabda yazıçının 1989-cu ilədək qələmə aldığı on bir hekayəsi toplanıb. Və 2015-ci ildə publisistik yazılarından ibarət "Ədəbiyyat cəbhəsində sakitlikdir" adlı ikinci kitabı işıq üzü görüb. 204 səhifəlik "Yarımçıq ömür" adlı üçüncü kitabı isə 2021-ci ildə "Pergament" nəşriyyatında çapdan çıxıb. Ötən ilin sentyabr ayında daha bir kitabı "Yaşıl qurbağanın çəhrayı daşı" dərc olunub...
“Yeni kitabıma müxtəlif illərdə yazdığım 14 hekayə daxil etmişəm. Onların demək olar ki, hər birində mistika dominantlıq edir. Göründüyü kimi bu kitabın adının özü elə mistikadır. Bu kitab vasitəsilə hansı mesajın verilməsini isə oxuduqdan sonra oxucular biləcəklər. Qoy, sirr olaraq qalsın.”- söyləyir.
Planları çoxdur. Ən başlıca planı isə uzun müddət sağ-salamat yaşamaq və ürəyində illərdir bəslədiyi süjetləri kitablaşdırmaq, eyni zamanda rəhbərlik etdiyi saytların fəaliyyətini yüksək səviyyəyə çatdırmaq, dostlarla münasibəti qoruyub saxlamaqdır...
Deyir ki:- “Dostlarımın siyahısında əsasən yazarlar yer alır. Azad Yazarlar Ocağının rəhbəri, “Alatoran” jurnalının baş redaktoru şair Rasim Qaraca ilə həftədə bir neçə dəfə, yazıçılardan Mövlud Süleymanlı və Şərif Ağayarla isə rastlaşanda ədəbi söhbətlər edirik. Onların hamısı nə yazdığımla, yeni yazılan əsərin süjet xətti ilə maraqlanırlar. Ən maraqlı hömsəhbətim isə 2011-ci il noyabrın 19-da gecə saatlarında küçədə bıçaqlanan, noyabrın 23-də isə Bakının 1 saylı xəstəxanasında vəfat edən yazıçı Rafiq Tağı olub...”
Bəli, Babək Göyüş sonda əlavə edib onu da söylədi ki,- “Bizim hazırkı ədəbi mühitimiz “Yaşıl qurbağanın çəhrayı daşı” hekayəmdə çəhrayı daşın üstündə oturan və Qanlı gölün kənarında ölümünü gözləyən Ağarzanın taleyi ilə eynidir. O daşın üstündə oturmaq üçün uzun növbələr yaranıb. Kitabla tanış olduqdan sonra məni daha çox anlayacaqsınız. Kitabımda görüşənədək.”
Bu bayram tətili günlərinə onun da ad günü təsadüf etdi, 66 yaşı tamam oldu. “6” rəqəmində qəribə bir mistika var. El arasında ona şeytani rəqəm də deyirlər. Nəzərə alanda ki, insan 666 il ömür sürə bilməz, inanıram ki, 66 yaşlı Babəkə mane olan bütün “şeytanlar” tezliklə çevrəsindən dəf olacaqlar. El arasında deyildiyi kimi,- bu yaşı fəth etməklə “şeytanın qıçını sındırdı”…
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Qabriel Qarsia Markesin etirafları
Ömrünün son dönəmində dünyaşöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markes bur neçə əsər yazıb ki, onlardan biri də onun etiraflarıdır. “Ədəbiyyat və incəsənət” portalı sizlər üçün faydalı olacaq deyə həmin etirafları diqqətinizə çatdırır.
- 15 yaşımda öyrəndim ki, hər şeyi hamıdan yaxşı analar bilir, bəzən də atalar.
- 20 yaşımda anladım ki, əyri işin faydası yoxdur, lap ustalıqla yerinə yetirilsə belə.
- 25 yaşımda bildim ki, çağa ananı səkkiz saatlıq gündüzdən məhrum edir.
- 30 yaşımda başa düşdüm ki, kişinin cazibəsi gücündə, qadının gücü isə cazibəsindədir.
- 35 yaşımda anladım ki, gələcək insana irsən ötürülən bir şey deyil, özünün yaratdığı bir şeydir.
- 40 yaşımda dərk etdim ki, xoşbəxt yaşamağın sirri sevdiyin işlə məşğul olmaqda deyil, məşğul olduğun işi sevməkdədir.
- 45 yaşımda anladım ki, insan həyatının 10 faizi başına gələnlərdən, 90 faizi isə onlara verdiyi reaksiyadan ibarətdir.
- 50 yaşımda bildim ki, kitab insanın ən yaxın dostu, kor-koranə təqlid isə ən pis düşməndir.
- 55 yaşımda dərk etdim ki, kiçik qərarları beyinlə qəbul etmək lazımdır, böyük qərarları isə ürəklə.
- 60 yaşımda hiss etdim ki, sevgisiz fədakarlıq etmək olar, amma fədakarlıqsız sevmək əsla mümkün deyil.
- 65 yaşımda bildim ki, insan uzun ömürdən ləzzət ala bilmək üçün lazım olanı yeyəndən sonra istədiyini də yeməlidir.
- 70 yaşımda öyrəndim ki, həyatda əsas məsələ əlində yaxşı kitabların olması deyil, pis kitablarla yaxşı oynamağı bacarmalıdır.
- 75 yaşımda bildim ki, insan özünü yetgin saymadıqca kamilləşməkdə davam edir, özünü yetgin zənn edən anda isə bəlaya düçar olur.
- 80 yaşımda anladım ki, sevmək və sevilmək dünyanın ən böyük ləzzətidir.
- 85 yaşımda başa düşdüm ki, həyat, doğrudan da gözəldir.
P.S. Bəs siz hansı yaşınızda nəyi anladınız? Yazıb bizə göndərə bilərsiniz. Ən yaxşı etirafları portalımızda dərc edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Sabah Silahlı Qüvvələr Günüdür
Gənclər Kitabxanasında bu münasibətlə silsilə materiallar hazırlanıb
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında videoçarx, biblioqrafik icmal, məlumat bülleteni, virtual və ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda bu günün tarixi, Ümummilli Lider Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycan Ordusunun müasir tələblər səviyyəsində yenidən qurulması, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazması haqqında məlumat verilib.
“26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı virtual sərgidə Ordunun yaranma və inkişaf tarixi əks olunub, “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Vətən müharibəsi və Vətəni yaşadanlar”, “Azərbaycan Ordusunun tarixi”, “Vətən simurqları” kimi kitabların, “Qalib dövlətin müzəffər Ordusu”, “Dövlətin gücü ordudan başlayır”, “Silahlı qüvvələrimiz milli qürurumuzdur” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.
Kitabxana əməkdaşları tərəfindən tərtib olunan “Milli Qəhrəmanlar unudulmur!” adlı aylıq məlumat bülletenində Əlif Hacıyev, Səfa Axundov, Cavanşir Rəhimov, Ruslan Muradov haqqında məlumatlarla yanaşı, onlar haqqında çap olunan kitablar və dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri öz əksini tapıb.
“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilib.
Qeyd edək ki, Respublika Gənclər Kitabxanasında eyni zamanda “26 iyun - Silahlı Qüvvələr Günü” adlı ənənəvi sərgi açılıb. Sərgidə mövzu ilə əlaqədar kitablar, dövri mətbuat materialları sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)
Rəsm qalereyası: Renuar, “Bağçada”
Günün fotosu: Zelenski Rusiyadakı qiyamı məntiqi sonluq adlandırdı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadakı hadisələrə qiymət verib. O, Yevgeniy Priqojinin qiyamını izlədiyini, özəl hərbi kompaniyanın Rusiya müdafiə nazirliyinə meydan oxumasını bu ölkənin süquta doğru getməsinin bariz sübutu adlandırmışdır. Və demişdir: “Ukrayna Avropanı rus şərindən və xaosdan xilas edəcək”.
Fofo: Euronews
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)