Tətilin ən böyük mədəniyyət hadisələrindən biri “Şükriyyə” tamaşasının premyerası oldu Featured

YAZIÇI CAVİD ZEYNALLININ DRAMATURGİYADA DEBÜTÜ UĞURLU ALINDI

 

Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşasının premyerası keçirilən gün anşlaq olacağı gözlənilən idi. Çoxu bu tamaşanı gözləyirdi. Həm tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdan yeni bir möhtəşəmlik gözləntisi var idi. Ən əsas da, yazıçı kimi artıq özünə ad eləmiş Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim edilirdi, Cavid Zeynallının dramaturq kimi ilk ciddi sınağı alınacaqdımı? 

Bəri başdan deyək ki, alındı, özü də necə! 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisalar Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi) və başqalarının rol aldıqları tamaşa tamaşaçıların gur alqış sədasını qazandı. 

Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənovanın, geyim üzrə rəssamı Aygün Mahmudovanın, işıq rəssamı Rafael Həsənovun, musiqi tərtibatçısı Kamil İsmayılovun, rejissor assistenti Nərmin Həsənovanın işləri də təqdirəlayiq alınmışdl. 

Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.

Və bu hekayəti teatr səhnəsinə gətirmək çətinliyi, məsuliyyəti var idi ki, komanda bunun öhtəsindən məharətlə gəldi. 

İndi isə tamaşaçıların fikirlərini diqqətinizə çatdırırırq:

 

Cavid İsmayıl:

“Bəşər övladının başına gəlmiş iki ən pis hadisənin adını çəkməyimi istəsələr, tərəddüd etmədən faşizm və bolşevizm deyərəm. Akademik Milli Dram Teatrında gənc yazıçı Cavid Zeynallinın istiqlal şairimiz Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın sürgün həyatından bəhs edən bu tamaşa bolşevizmin xalqımıza vurduğu zərbələrin bədii dillə ifşası istiqamətində atılmış uğurlu addım sayıla bilər. Bu səbəbdən yaradıcı heyəti təbrik edirəm. Yeni mövsümdə bu tamaşanı mütləq izləməyi hamıya tövsiyə edirəm. Şükriyyə xanım isə indi təkcə Cavadın yox, həm də Cavidin Şükriyyəsi sayıla bilər”.

 

Aygün İbrahimli:

“Maraqlı tamaşa idi. İki saatın necə gəlib keçdiyini hiss etdirmədi. Sovet repressiyasının xalqlara yaşatdığı dəhşətlər. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın 8 illik sürgün həyatında çəkdiyi əziyyətlər, onun dönməzliyi, mübarizliyi, həsrəti və mərhəməti tamaşada çox gözəl əks olunub. 

Təşəkkür edirəm və uğurlar arzulayıram müəllif Cavid Zeynallıya və heyətə.”

 

Ayyət Əhməd Abdullayev:

“Tək kəlmə: əhsən! 

-Bəlkə də Cavadı güllələyəcəklər, amma o, eşitsə ki, mən boşanma ərizəsinə imza atmışam, bu, ona güllədən bərk təsir edər! 

-Mərhəmət də cinayət sayılır!

Az qalırdım düşüb o balaca qızcığazı səhnədə bağrıma basım. 

Cavid Zeynalli , əziz dost, qələminə qüvvət, zehniyyətinə şükür ki,  "Şükriyyəni" qələmə almısan. Millətin tarixi geninə yeni "qan vurmusan" , yaddaşları təzələmisən. 37-ci illəri yaşadıq, mən hələ də yaşayıram,  səhnədən, obrazlardan qopa bilmirəm. Təbriklər, əziz dost!  Alındı!”

 

Kərim Kərimli:

“Çoxdandı belə tamaşada olmamışdım.

Binada isə axırıncı dəfə keçən il AYB-nin qurultayında olmuşdum. Zənnimcə, tamaşanı Azərbaycan ədəbiyyatının, teatrının və ümumilikdə Azərbaycan mədəniyyətinin növbəti uğuru hesab etmək olar. 

Bu, xüsusilə də 37 yaşlı yazıçının dramaturgiya sahəsində çox yaxşı debütü sayıla bilər. 

Müəllifi, rejissoru, aktyorları və bütün yaradıcı heyəti, həmçinin ayrıca Akademik Milli Dram Teatrı - nın kollektivini ürəkdən təbrik edirəm.

Hamısına Azərbaycan mədəniyyətinin inkişafı yolunda və şəxsi yaradıcılıqlarında yeni-yeni uğurlar arzulayıram.

İnanıram ki, "Şükriyyə", teatrın həyatında mütləq yeni mərhələnin başlanğıcı olacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.