Ölkənin musiqi həyatının əsas hadisəsi - “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı major notlarla başa çatdı Featured

GƏLİN BİR  DAHA XATIRLAYAQ

 

Ölkənin əsas musiqi hadisələri sırasında yer alan “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı iyunun 18-dən 25-dək davam etdi. Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilirdi. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırdılar. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda ölkəmizi aprelin 24-27-də keçirilmiş Milli Muğam Müsabiqəsinin qalibləri təmsil edirdi. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olundu.

Biz festivalın gündəliyini və gözlənilən nümayişləri vaxtaşırı olaraq sizlərin diqqətinizə çatdırmışdıq, indi xronikal şəkildə bir daha xatırladırıq. 

 

Nəzərinizə çatdıraq ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub.

 

18 İYUN

Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

“Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

 

19 İYUN

Festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edib.

İyunun 19-da habelə Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub. 

Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat idi.

Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edirdi. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparırdı.

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edirdi. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparıldı. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim etdilər. 

 

20 İYUN

“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının üçüncü günü də zəngin proqramla yadda qaldı. Həmin gün muğamsevərlərə festival çərçivəsində təşkil olunan beynəlxalq elmi simpoziumda iştirak etmək, Beynəlxalq Muğam Müsabiqəsini, həmçinin muğam kompozisiyasından ibarət fotosərgini izləmək, “Səmimi muğam” konsertini dinləmək imkanı yaradılmışdı.

Şirvanşahlar sarayında təşkil olunan “Səmimi muğam” konserti çərçivəsində hər musiqiçi ifasını öz dinləyicisi ilə üzbəüz təqdim etdi. Bu konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələri çıxış etdilər.

Aytən Rüstəmli kamançada “Bayatı-Şiraz”, Kamal Şükürov tarda “Şur”, Baloğlan Qafarov kamançada “Xaric-segah”, Nağızadə Gülnar kamançada “Şur”, Araz Fətəliyev balabanda “Şur”, Abuzər Əsgərli kamançada “Mahur - hindi”, Hüseyn Nağıyev isə kamançada “Şur” muğamlarını məharətlə dinləyicilərinə çatdırdılar. 

Növbəti ifalar Beynəlxalq Muğam Mərkəzində və Milli Konservatoriyada dinlənildi. 

Xüsusi maraq Azarbaycan Dövlat Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalına idi, “Muraaqam" layihəsi adlandırılan konsertdə Azərbaycanın ənənəvi və xalq musiqisinin görkəmli ifaçılarından biri, Xalq artisti Səkinə İsmayılova, Hindistanın klassik musiqi ifaçısı Vasumati Badrinathan, Hindistanın violin ifaçısı və bəstəkarı Jyotsna Srikanth çıxış ediblər.

Konsertdə Azərbaycan muğamı ilə hind musiqisinin sintezi təqdim olunub. .

İyunun 20-də müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil edilib. 

Qeyd edək ki, müsabiqədə dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçilib. 

 

21 İYUN

Festivalın növbəti günü - iyunun 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin, piano ifaçısı Tural Rafaelin, İordaniyadan Macadi Nahhas, Özbəkistandan İlyos Arabov, Tacikistandan Sardor Soliyevin ifaları baş tutub.

Müsabiqənin ikinci turu dinləmələri də həmin gün - iyunun 21-də keçirilib. 

Bu dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.

 

22 İYUN

İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olundu. 

Həmçinin Beynəlxalq Muğam Mərkəzində Misirdən Mustafa Said və “Asil” ansamblı, Milli Konservatoriyada Azərbaycandan Firudin Həmidov, Hindistandan Varijashree Venugopal, Jyotsna Srikanth, Kamera və orqan musiqisi zalında Yunanıstandan “En Chordais” ansamblı səhnəyə çıxdı. 

İndi isə əsas hadisə barədə daha ətraflı: 

İyunun 22-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunub.  Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. 

Münsiflərin yekdil rəyinə əsasən, müsabiqənin xanəndəlik kateqoriyasında Qran-pri mükafatına Mohiçehra Şahmurotova (Özbəkistan) layiq görülüb. Birinci yeri Mirəli Sarızadə (Azərbaycan), ikinci yeri Daşqın Kürçaylı (Azərbaycan), üçüncü yeri isə Dostmurod Negmurodov (Özbəkistan) tutublar.

İnstrumental ifaçılıq kateqoriyasında isə Qran-pri mükafatına Vaqif Təhməzov (Azərbaycan) layiq görülüb. Bu kateqoriyada 1-ci yerə Anar Vəlizadə (Azərbaycan), 2-ci yerə Shoxijohan Yoriev (Özbəkistan), 3-cü yerə isə Cahandar Mikayılov (Azərbaycan) sahib olublar.

 

23 İYUN

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı iyunun 23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib. 

Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında konsert proqramları təqdim edilib.

Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. 

Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova – “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər. 

Festival çərçivəsində, həmçinin qonaqlar və digər ölkələrdən gəlmiş iştirakçılar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Sonra konsert Bülbülün ev-muzeyində təqdim olunur. Şuşada yekun konsertinisə “Qarabağ” otelinin qarşısındakı parkda keçirilib. 

 

24 İYUN

İyunun 24-də Festivalı çərçivəsində “Muğam marafonu” da başlayıb.

“Muğam marafonu” iyunun 24-də İçərişəhərdə, Şirvanşahlar Sarayında saat 12-dən başlayaraq iyunun 25-i saat 12-yədək davam edib. 

24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa ediblər. “Muğam marafonu”nda xanəndələrlə yanaşı, bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edib. 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam marafonu” dinləyiciləri bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına səyahət elətdirib. 

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 7-ci günü də konsertlərlə yadda qalıb. Heydər Əliyev Mərkəzinin Auditorium zalında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. 

İsrailli musiqiçi Benjamin Yusupovun dirijorluğu ilə onun özünün müəllifi olduğu I simfoniya, Firəngiz Əlizadənin “Nağıllar”, Mahmud Turkmaninin “Qara\Ağ” kompozisiyası, Məmməd Quliyevin “Muğam” simfoniyası ifa olunub. 

Tacikistanda anadan olan Benyamin Yusupov bəstəkar kimi də tanınır. Onun əsərləri ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Xorvatiya, İsrail, İsveçrə, İtaliya, Rusiya, Tacikistanda səslənib. Musiqiçi bəstəkar kimi bir sıra mükafatlara layiq görülüb. 

Konsertin solisti ud ifaçısı Mahmud Turkmani isə Livanda anadan olub. Hazırda Bern konservatoriyasında klassik gitara və ud üzrə dərs deyir. Mahmud Turkmani “Ludus” adlı kvartetin yaradıcısıdır. 

Növbəti konsert proqramı Azərbaycan Milli Konservatoriyasında təşkil olunub. “Muğam hekayətləri" layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə eyni zamanda ifaçılar tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub. 

Qeyd edək ki, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir. 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.

 

25 İYUN

Festivalın sonuncu günündə Heydər Əliyev Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının yekun konserti olub. Tədbirdə tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, festivalın çoxsaylı xarici qonaqları da iştirak ediblər. 

Festivalın yekun konsertinə “Natiq” ritm qrupu start verib. Azərbaycanın Xalq artisti Alim Qasımovun ifası, eləcə də “Mirvari” ansamblının rəqsi gecəyə xüsusi rəng qatıb.

Səhnəyə dəvət olunan Beynəlxalq Muğam Müsabiqəsinin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və Azərbaycanda muğam irsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivali ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.

“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi barədə danışan münsiflər heyətinin sədri deyib ki, müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparıb.

Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib. 

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, səkkiz gün davam edən festivalda çoxsaylı tədbirlər keçirilib: “Biz çox sevinirik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş festival artıq öz ənənələrini yaradıb. Altıncı dəfə reallaşan beynəlxalq festivalın keçirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlığımızı ifadə edirik”. 

Nazir müavini deyib ki, ölkəmizin mədəni həyatında böyük əhəmiyyət kəsb edən bu möhtəşəm musiqi bayramı təkcə paytaxt Bakıda deyil, bölgələrdə də qeyd olundu. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad olunmuş muğam-sənət beşiyimiz, mədəniyyət paytaxtımız Şuşa şəhərində, eləcə də Ağcabədidə konsertlər keçirildi. 

Onun sözlərinə görə, builki “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalının bir özəlliyi də, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf etməsindədir. 

Sonra Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bədii proqramla davam edən gecədə məşhur kaman ifaçısı İmamyar Həsənovun Xalq artisti Natiq Şirinov, tarzən Rüfət Həsənov, musiqiçilər Ümid Şirinov və Hikmət Şirinovla birgə ifası səslənib. 

Festivalın yekun konsertində 6-cı Beynəlxalq Muğam Müsabiqəsi qalibləri səhnəni ustadları – Xalq artistləri Elçin Həşimov, Fərqanə Qasımova, Əməkdar artistlər Elnur Əhmədov, Şirzad Fətəliyev, Təyyar Bayramov və digərləri ilə bölüşüblər. Konsertin yekun akkordu “Qarabağ şikəstəsi” ilə vurulub və bu mahnını Xalq artisti Mənsum İbrahimov konsertin bütün iştirakçıları ilə birgə təqdim edib.

 

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində böyük işlər görülüb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Xatırladaq ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.

Budur, daha bir musiqi forumu - ölkənin  musiqi həyatının əsas hadisəsi - “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı major notlarla başa çatdı.

Yeni görüşlərədək! 

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.