Super User
“Netflix” qaydaları dəyişir
Tezliklə tarixin ən bahalı serialı - One Piece istehsal olunacaq
Kino industriyasının öz qayda-qanunları var, burada büdcə vacib rol oynayır və adətən, büdcə tutulanda simiclik edilir ki, prokat zamanı gəlir əldə etmək çətin olmasın. Xüsusən kino industriyasının monopolistinə çevrilmək istəyən Netflix bu işdə hamıya nümunə göstərir. Zira, deyəsən qaydalar dəyişir.
“Netflix” tarixin ən bahalı serialını buraxmağı planlaşdırır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qurum öz Twitter hesabında bildirir: “One Piece” animasiya filminin bir serialının dəyəri 18 milyon dollar olmaqla tarixin ən yüksək büdcəli layihəsi ola bilər. Layihənin 10 seriyası 180 milyon dollara başa gələcək.
Ekran əsəri quldurların kralı olmaq istəyən D Luffy adlı samandan papaq geyən gəncdən bəhs edir.
Bundan əvvəl “Netflix” avqustun 31-də buraxılması planlaşdırılan serialın ilk tizerini yayımlamışdı.
Yapon istehsalı olan “One Piece” animesi 1999-cu ildə ilk dəfə ekranlara çıxıb, o vaxtdan bəri cizgi seriyasının 1000-dən çox bölümü buraxılıb. “Netflix” başbilənləri bu son dərəcə maraqlı Şərq əhvalatının arxasında böyük gəlir dayandığını duyub indi animasiyanı yeni quruluşda, adaptasiyada nümayiş etdirəcəklər. Və ilk mövsüm cəmi 10 bölümdən ibarət olacaq.
180 milyonu, görəsən “Netflix” hansı müddətə qaytarmaq fikrindədir?
Bu barədə qurum başbilənləri hələ fikir bildirmirlər. Amma filmin Çinə satılması gündəmdədir. Axı söhbət Çindən gedirsə, demək, milyard əhalidən gedir.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Abituriyentlər üçün uğur düsturu – 6-cı məşğələ
Nəticə qorxusunu dəf etmək!!!
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.
Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.
Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).
Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.
Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.
Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.
Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək.
Sizə ötən günlər öncəki bəndlərini təqdim etmişdik.
A. Diqqət və yaddaş
Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.
Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.
B. İnteqral alqoritm
Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.
Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.
Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.
C. Antireqressiya və antiartikulyasiya
Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.
Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.
Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!
D. Vertikal oxumaq
Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.
Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.
E. Məğzi tutmaq
Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.
Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.
Demək, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başa düşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!
Buyurun, F bəndi ilə tanış olun.
F. Nəticə qorxusunu dəf etmək
Qəbul imtahanına hazırlaşan abiturientin imtahanqabağı psixoloji tarazlığını qoruması, qorxu və həyəcandan qurtula bilməsi çox vacib, mən deyərdim ki, hətta ən həlledici məqamdır. Hətta tam hazırlıqlı olduğun halda həyəcan və qorxudan psixoloji sarsıntı keçirib müvəffəqiyyət qazanmamaq mümkündür.
Mənim şəxsən özümün həyatda bir sınanılmış «nəticə qorxusunu dəf etmək» adlı vasitəm vardır. Həyat əhəmiyyətli bir görüş, çox vacib bir hadisə ərəfəsində həmişə bunu sınayıram. Düşünürəm ki, abiturientlər də bunu sınasalar xeyirlərinə olar.
Demək, elə ki, abituriyentlərimiz qəbul imtahanlarına tam hazırlaşdılar, imtahana bir gün qalanda oxuduqlarını təkrarlıyıb qurtarıb kitablarını bir qırağa qoyurlar və başlayırlar mən dediyim «dəfetmə» prosesinə. Bunun üçün, düşüncələrində imtahandan kəsilmə, yəni bu həyat əhəmiyyətli hadisənin uğursuz sonluğu situasiyasını yaratmaları lazım gələcək. İmtahandan kəsilsələr nə olacaq? Valideynləri onları danlayır, hətta onlardan üz də döndərirlər, dost-tanış istehza edir, qəbul olanlara həsəd və paxıllıq hissi içlərini didib-dağıdır, gedib ağır bir işlə, tutalım yükdaşımaqla məşğul olurlar. Qanları qaradır, küskündürlər, hədsiz bədbəxtlik içindədirlər. Situasiyanı tam dolğunluğu ilə yaradıb, maksimum keçirəcəkləri ziyanı, alacaqları zərbəni təsəvvür etməli və bünları yaşamalıdırlar. Sonra da bundan ən az itkilərlə necə çıxacaqlarını təsəvvür eləməlidirlər. Hər halda, öləsi deyillər ki. Həyat davam edir. Toparlanarlar, gələn il daha yaxşı hazırlaşıb mütləq qəbul olunarlar.
Haradasa psixoterapiya adlandırılacaq bu üsul mütləq abituriyenti sakitləşdirəcək. O, qəbul imtahanının uğursuzluğu dəhşətini yaşamış kimi olacaq, daha o dəhşətin öldürücülüyündən qorxmayacaq.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin musiqisi Liqetinin yubileyində səslənib
74-cü “Aldeburgh Festival”ı çərçivəsində macar bəstəkarı Dyerd Ligetinin (György Liget, 1923-2006) anadan olmasının 100 illiyi qeyd edilib. Bu əlamətdar tarix münasibətilə festivalın təşkilat komitəsi ən məşhur müasir bəstəkarlara yeni əsərlər sifariş etmişdir. Əsərlərin premyerası “The Red Hause”-da LİGETİ Quartetin ifasında səslənib.
AzərTAC xəbər verir ki, Benoit Delberq (Fransa), Xiaoyoung Chen (Çin), Manfred Stahnke (Almaniya), Rolf Hind (İngiltərə) kimi bəstəkarların adları sırasında Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin adının olması çox əlamətdardır.
Firəngiz Əlizadə D.Ligetinin yubileyinə yeni əsərini – “Fanfares for Ligeti”ni həsr etmişdir. Yubiley münasibətilə yazılan bütün əsərlər böyük dinləyici auditoriyasına ingilis musiqiçiləri tərəfindən yüksək səviyyədə təqdim edilib. Zoom sistemində eləcə də BBC radiostansiyası vasitəsilə konsert zalından birbaşa translyasiya zamanı bu haqda məlumat verilib. Festivalın bukletində bütün müəlliflər haqqında informasiyalar yer alıb. Eyni zamanda dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin Darmştat və Berndə D.Ligetinin şəxsiyyəti və musiqisi haqqında düşüncələri öz əksini tapıb.
Qeyd edək ki, görkəmli ingilis bəstəkarı Bendjamin Britten Suffolk qraflığında yerləşən Oldboro şəhərində 1948-ci ildə “Aldeburgh Festival of Music and Arts” təşkil edir. Bu festival sonralar ölkənin həyatında mühüm hadisəyə çevrilir. Festivalın konsertlərində dünyanın ən məşhur musiqiçiləri Con Keyc, Dmitri Şostakoviç, Pyer Bulez, Mstislav Rostropoviç və başqaları çıxış etmişlər.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
“Unutmayaq ki, unutmasınlar…” - Fəridə Ləman
NUR İÇİNDƏ YATMIŞ ŞAİR ASLAN KƏMƏRLİNİN “YOLUMU GÖZLƏYƏN VAR" KİTABI HAQQINDA QEYDLƏR
“Ədəbiyyat və incəsənət” portalı Fəridə Ləmanın mərhum şair Aslan Kəmərliyə həsr etdiyi “Gerçəklik qapıları” yazısını təqdim edir.
Fərdi həqiqətlərin, ictimai duyğuların poetik zaman üzərində köklənməsi, lirik düşüncənin gerçəklik qapılarına apardığı yol, uğurlu yol müasir şeirimiz üçün xarakterikdir. Qanunauyğun hal kimi poetik məqamlarda hər kəsin özünəməxsus obrazlı deyim tərzi, axtarıcı imkanları, dünənə, bu günə və gələcəyə ənənəvi və fərdi münasibəti, spesifik mülahizələri üzə çıxır. Düşüncə yeniliyi, qavrayış təzəliyi həm poeziyanın, həm də nəsrin orijinallıq köklə-
ridir. Bu köklərdən göyərən pöhrələr həmişə üzü Günəşə boy atırlar. Belə ədəbi nəslin yaradıcılarından biri də Aslan Kəmərlidir. Aslan kəndli oğludur. Qocalar demişkən bin-bərəkət də elə kənddədir. İşığımız, istismiz də elə o müqəddəslikdən süzülüb gəlir. Tor pağın sinəsindən şırımlar açan xışın nəğmələri də, bu nəğmələrin zümzümə-
sində bəslənən holovarlar da sinəsi eşilib tökülən torpağın sirli gülüşləri də, alın təri ilə suvarılan bərəkətli zəmilərin laylası da, yalın ayaqların qanı çilənən kövşən çöplərinin
nağılı da şairə yaxşı tanışdı. Məhz elə buna görədir ki, kitabı açan kimi biçənəklərdə gen-bol düzlərin qolu üstə sərilən ot lehrələrinin ruhoxşayan ətri, torpaq ətri, doğmalıq ətri oxucunu sehirləyir. Hardasa səndən çox-çox uzaqlarda, dünyanın bir küncünə çəkilmiş yurdun ab-havası,
gün-güzəranı ilə şair qələmini səmimiliyində tanış olursan.
Səni mənəvi qoynuna səsləyən, hənirləndirən bu yurd da Vətən torpağının bir parçasıdır. Şeirlərdəki yüksək mənada səmimilik, poetik həssaslıq, duyğuların incəliyi, vətəndaşlıq ilhamı ilə yazıb yaradan zəhmətkeş bir qəlbin döyüntüləridir. Bu döyüntülər Vətənin nəbzi ilə birgə vurur. Kitab «vətən» şeiri ilə açılır. Elə həmin anda da şairin Vətən süfrəsinə minnətdarlığı, onu ərsəyə yetirən, boya, başa çatdıran bu əvəzsiz ananın mənəvi borcunu qaytarmağa çalışan narahat bir qəlbin çırpıntıları ilə tanış oluruq. Şairin məqsədi, məramı da, sevinci, kədəri də buradan aydın duyulur. Bu mənəvi ağrı bütün yaradıcılıq boyu şairin ən mühüm qayğılarına çevrilir, «yol gözləyəninin» vüsalına tələsir. Amma, bu yolda «ağ qoç»lar, qara qoç»lar, ayağı kəndirdən asılan igidlərin naməlum taleyi boylanır. Bu günü üçün Vətənə borcu olan, odunda, ocağında qızınan, baharında, qışında yaşayan şairin əlçatmaz bir istəyi var. Vətəni Vətən tək qoruya bilməməsi,
evi, odu bir; taleyi, bəxti, taxtı ikili Vətənin qarşısında qara daş «gərəksizliyi» şairi çılğınlaşdırır, lakin bu həsrət közdə yanır, ürəkdə alışır, əllər mütidir…
Dağı dağ üstünə qoymaq asandır,
Vətəni Vətən tək qorumaq çətin.
Arazın Vətəni Azərbaycandır,
Araza baş çəkib, əl vurmaq çətin.
«Vətən haray desə…» silsiləsindən olan «Yuxu», «İki sahil arasnıda», «Ürək ağrımasın, ürək neynəsin», «Körpü», «Külək öpər qəribləri» və s. şerlərində ümumi
dərdimizdən söhbət açılır. Ürəyi od, gözü nisgil tökən şairin yuxularında da o tayımızın mənzərəsi canlanır. Müəllif bunların şirin «Yuxu» adlan dırır. Əslində bu mücərrəd
mənada yuxudur. Əslində isə yuxuda görə biləcəyi bir həqiqətdir. Hə yaxşı ki, xəyal dünyasında düyünlü yollar, gərilməkdən qıc olan cərəyanlı məftillər, ayaq ləpirləri düşən
ələnmiş, daraqlanmış torpaqlar yoxdur. Burada sərbəstsən, ayağını möhkəm basa bilərsən, dağ-dərə aşarsan. Burada gözəlrində mürgüsü oyaq qalan nə keşikçilər var, nə də intizardan səbri çatlamağa gələn sərhədlər. Budur, doğma Təbriz, Səttərxan xiyabanı, Sabir heykəli, Füzuli meydanı, ağ saçlı Səhənd, qoca Şəhriyar, bir də xoş xəyallar içindən boşluğa açılan qapılar. Araz həsrəti təkcə ər qeyrətli Vətən oğullarının köksündə deyil, torpağının nəfsində də var, qara daşında da. Bircə haray lazımdır pas
atmış nisgili atmağa.
Vətən haray desə ər var, ərən var,
Bir anda hayına yetməliyəm mən.
Mənə cığır açan, yol göstərən var,
Babəkin yoluyla getməliyəm mən.
Demək yol göstərən şairin keçmişidi, ulu babalarıdı. Şair bu yerdə Babək inamı istəyir, Əlincəyə and içir ki, «Vətən haray desə» öndə gedəcək. «Yolumuzu gözləyən
var» kitabındakı şerlərin ümumi məzmun keyfiyyətindən başqa, ayrı-ayrılıqda misraların sanbalı, semantik məna
çalarları diqqəti cəlb edir.
Əlincə and yerim, daş bayrağımdır.
Qeyrətdir, vüqardır başımın üstə.
Göy Xəzər laylamdır, Araz ağımdır -
Tökülür yaş kimi yaşımın üstə.
«Göy Xəzər laylamdır. Araz ağımdır»-necə də həssaslıqla deyilmiş kəlamdır. Laylalı Xəzəri, dərdli Arazı bundan gözəl necə demək olar. Layladakı həzinlik, rahatlıq:
ağılardakı nisgil öz dəyərini necə də yerində tapıb? Bir də «günahkar Araz», «ağı Araz»a qədər yaş tökülüb ki, o özü gərək öz məcrasını aşsın. Bütün bu istəklər içindən bir
hökm səslənir. Bu şair inamının səsidir.
Arzu gedər-gəlməz bir yol kimidir,
Sehirli qapılar açılmalıdır.
Araz da gərilmiş bir qol kimidir,
Bu qollar boynumda çatılmalıdır.
Bu inam boyu bu tayda bitən sarmaşıq o taydakı söyüdə dolaşıb; o tayda qarışqanın yuvası budaq üstdən bu taya cığır salıb. Sərhədsiz nəğmələrdi Hey dər baba,
Şəhriyar... Bir də iki sahil arasında birliyin qırpımsız keşikçisi, qulağı xoş səsdə olan şair «mən»i. A.Kəmərli cənub silsiləsindən olan şeirlə rin də təkcə öz ağrılarımızla
məhdudlaşıb qalmır. Bütün ağrılı ürəklərin kədərinə şərik olur. Şair Araz ağrılarına ayrı-ayrı məmləkətlərin ağrısını da qoşur və dünyanın söz deyən dilini-şairləriçəki daşı
kimi tərəzi gözlüyünün çəkisinə çağırır.
Bu dünyanın çəki daşı sənsən, sən
Tez ol asıl, tərəzinin gözündən.
Qoyma əyər nahaq haqqı amandır.
Çəki daşı olmalıdır şairlər,
Tərəziyə qiymət verən zamandır.
Bu zamanın yaxasında həmişə
Ölçü kimi qalmalıdı şairlər…
Hələ də gözü göydə, dizi yerdə gözəgörünməz tanrıdan imdad istəyən fələstinliləri və onlar kimilərini dünyanın
yaxasından tutub bağırmağa çağırır. Bu mənada «Çəki daşı» mənəvi yanarlıqla yazılmış şeirdir. Bu ulu, qoca, cavan dünyanı hansı yolla tutdunsa, o yolla da gedəcək-
sən. Bu odlardan adlayan yaxşılıq və yamanlığı həqq tərəziyə, çəkisi olan haqq tərəziyə qoysaq, «O qapını çərçivədən çıxart, at, qoy qapısız açıq olsun bu
həyat» hökmünü üstündə bir azadlıq dünyanın al gələcəyinə inanınırıq. Lakin tərəzi var, çəki daşı isə yoxdur…
Şairin mənəvi iztirabları onun ürək ağrılarına çevrilir, -doğma günəş, şux çinar ondan çox-çox uzaqda, qəddi əyilmiş çinar, batan Günəş isə lap yaxındadır. Hələ qisməti ömrün dolusu, sazağı, ulduz boyda işığı, bir əsim küləyidir.
O doğma Günəşin teli uzaqda,
O batan Günəşin şəfəqi yaxın.
Hələ şux çinarın əli uzaqdı,
Əyilən çinara yaxın gəl, yaxın.
Hələ ki, dilində yoxsan bir kəsin -
Ürək ağrımasın, ürək neyləsin?
Bu ümumi gileyə şairin şəxsi gileyi də qoşulur. Şairin ürəyi təpərlidir, qolu qüvvəlidir. Bu yolda gah arzu var,
gah da muraz. Bir də bu günü sabaha haylayan ümid. Bu ümiddən uzanır cənub həsrəti, cənub nisgili. O, dünyanın
cənubundakı durnaların səfi po zul muş, onları səmada uçan yox, yerdə dizin-dizin gəzən görür və bu qərib durnaları da inadlı, mətin olmağa çağırır.
A cənubdan uçan durnam,
Uç qoynuna al səhərin.
Polad dələn süngü olsun,
Qılınc olsun lələklərin.
Bir yol var. Ümid çırağının işığına aparan - «Bu qeyrət yolunda, bu ar yolunda ləngidə bilərmi qar, ayaz məni?» - deyən şair ölməzlik amalı ilə ucalmaq, yadda qalmaq istəyir.
Bu taydan o taya hörgü olaram,
Bu günün, sabahın görkü olaram.
Arazın üstündə körpü olaram,
Yusun səhər-axşam qoy Araz məni.
Aslan tez-tez xalq örnəyimizə üz tutur. Bəzən yaxşı mənada onu saf-çürük edir. Öyüd, nəsihətləri dar gündə gərəyimiz olan, yolumuza nur çiləyən ataların aqil sözləri
çox vaxt köməyimizə çatır. Lakin bəzən «el üçün ağlayan gözdən olar», «arxalı köpək qurd basar» kimi ifadələr kölgədə yatan cahilləri oyadan bir vasitə deyilmi?... Bu mə-
nada şair belə kəlamları əlində vasitəyə çevirənlərə qarşı öz iradını bildirir.
El üçün ağlayan, el üçün yanan,
Elin yaddaşında əbədi qalıb.
Xalqına gəc baxan, xalqını danan,
Qalxıb ucalmayıb, solub-saralıb.
Bir düz söz bəd əməl dalınca gedəni yoldan qaytardığı kimi, həmin yola getməyə təhrik edə bilər. Və yaxud «arxalı köpək qurd basar» ifadəsində olduğu kimi. Şair haqlı
olaraq yazır ki, arxa düşünənlər, önü düşünmür və ya bu gün arxa olan sabah görünmür. Arxasız olanlara ucadan
baxanlar arxa hesabına yuxarı qalxsa da, başı aşağı birdən millənir. Belələri «ortada yeyib ucda gəzənlərdir», dar gündə əli olmayanlardır.
Nə arxalı olan,
Nə arxa gəzən
Torpaq haray desə -
Hayına gəlmir.
Atalar desə də
belə olmur, bəzən
Arxalı köpək də
Qurd basa bilmir.
Aslanın «əlini-üzünü yu sərin suda, papağını qoy önünə fikirləş», «qalmışam od ilə su arasında» kimi işlətdiyi ifadələr isə tamam başqa məqsədlə nəzərdə tutulub. «Yuxulu
ərəbə məktub» şerində illərin möh nət daşını üzərindən atmaq üçün müəllif onu oyat mağa çalışır, su aydınlıqdır, heç olmasa əl-üzü nü yu, dörd yanına boylan. Bu talanan
şəhərlər, yerüs tü, yeraltı sənin deyilmi?... Bombaların, güllələrin səsindən yer, göy diksindiyi halda, nəyin varsa əlindən getdiyi halda tutuquşu kimi bir kəlməni təkrarla-
yırsan, XX əsrin qara-qorxusu səni ayılda bilmir.
Sən də oturmusan quru daş üstə,
Bircə söz bilirsən: o da «baş üstə».
«Dünyanın oğluyam, dünya anamdı» - deyən şair dünyanın qoşa hörük kimi eyni kürəkdə daşınan sevinc və kədərini qəlbində gəzdirir. Göz yaşı bulaq, sinəsi körük
olan şairi babaların ruhu, qəhrəmanlıq yolu səsləyir. Bu yolda bütün maneələr əriyib sanki yoxa çıxır, çünki arzunu göyərdən daxili inam torpağın mətinlyindən güc alır.
«Deyə bilmədiklərimi», «Düşünən başlar», «Babək muzeyi», «Yolumu göz lə yən var», «Dünya və mən», «Kəs yolumu, hünərin var, kəs indi», «Ümid», «Dünya» və s. belə
məzmunludur.
Qələmi cüt, sözü toxum olan şair, nur, işıq, şəfəq dolu ilhamı ilə yurdun seyrinə çıxır, keçmişimizi muzeylərdə yox, kötük üstə cücərən tarixi yadigarlarımızı yerində,
kökü üstdə axtarmağı, narahat yollar keçməyi məsləhət görür.
Hər daşında tariximin varağı,
Hər addımda bir igidin izi var.
Muzeylərdə axtarmayın yarağı,
Əlincənin uçqununda yüzü var.
«Oyan Nəsimi babam», «Şeir yazmağa nə var», «Şahmat» kimi şeirlərdə əsrimizin ağrılarına üz tutulur. Şair, yararsız adamlar kimi, yararsız əşyalara, varlıqlarda da
öz nifrətini bildirir və onlara elə möhürlü adlar seçir ki, bu adı başa düşən üçün yeddi qatından keçməlidir. «Katibə oğlan», «Çörəyi gödək», «Nə gülür, nə ağlayır», «Kor yapalaq» və s. Şair çox inamla deyir ki, zirvəyə qalxmağa qartal inadı, bələni aşmağa şir gücü gərək. Bu dünya cı-
dırdı - atlan, ha atlan, mənzili tələsik haqlamaq olmaz.
Dərədən şığıyan, daşdan atılan selin qabağını saxlamaq olmaz. Yoxsa bu katibə oğlanlarla hansı qeyrətdən söhbət
açmaq olar?...
Kitabda «Hələ yol gedirik ayrı qatarda» fəslində verilən “Kərəm gözəlləməsi» silsiləsindən olan şerlər xüsusi maraq
doğurur. Əsli-Kərəm yanğısı elə bir oddur ki, zaman-zaman közərəcək, işaracaq, öz odundan qəlblərə ülvi qığılcımlar salacaq. Şair qəlbinin qığılcımı isə keşişə qarşı
intiqam alovudur. Hətta o hiylə, fəsadın kökünü də Qara Keşişlə bağlayır. Əsərdə keşişi satqın və hiyləgər Səhl Sumbatın babası adlandırması da təsadüfi deyil. Bu mənada şair unudulmaz ağrılarımızı təzələyir, mücərrədlikdən konkretliyə qovuşur. Əsərdə verilən bənzətmələr təsirli və düşündürücüdür. Müəllif Əslinin bağlanan düymələri ilə sönən şamları, Kərəmin naləsi ilə dərdli Arazı müqayisə edir. Kərəmin ruhu - «Yanıq Kərəm»ni hər gün dilləndir-
məklə sanki keşişdən inti qam almaq istəyir. Keşişi qəbirdə rahat qoymaq istəmir. Taleyindən təkcə sevgi istəyən Kə-
rəmin dər di şairi kədərləndirir, buz bağlamış gədikləri, dumanlı, çənli dağları, boranı, tufanı, qarı köməyə çağırır.
A.Kəmərlinin yaradıcılığında diqqəti cəlb edən, yaddaqalan xüsusiyyətlərdən biri də mücərrədlikdən konkretliyə can atmaqdır. Bu mənada «Tənha ev» lirik poeması çox
təsirlidir. Sözü bulaqlar, səsi şimşəklər, Günəşi meşəsi qoynunda gizlədən, dağlarının başı dumanlı, çənli, qayaları
durna tək qatarlaşan, cığırları zirvələrdə çataqlaşan, nazlı vələsləri buluddan su içən, Qaraçayı el aşığı Cəlalın sazında dinən, gəncləri Musa dayının zurnasında “Yallı”
gedən, qocaları Qorqud misallı, nənələri Həcər timsallı, qızları al yanaqlı bir kəndə gəlir. Qocakənd dağının başı sanki Sibirin qaşıdı. Elə bil ulduzlar zirvəyə zər ələyib.
Günəş doğur, hava durulur, bulaqların başında min bir büsat var, gələni, gedəni yolundan saxlayır. Şair qəlbində
isə gah şaxtadı, gah da od ələyən isti. Şairi halbahal edən uşaqlıq xatirəsindən boylanan ağır illərin təlatümü və bir də bu gün kimi ona tanış, doğma olan bir evin tənha görkəmidir. Sanki daş dövründən qalan bue vin divarları qapqara, sökük-sökük, pəncərələri bağlıdır. Bu ev öz dərdli
görkəmi ilə iyirminci əsrin çiynində ağır bir yükdür.
Bir damın altında qalıb qocalar,
İsidir otağı hənirtiləri.
Bu evdə üç günün bir gəlini var,
Kişi sığalından yoxdur xəbəri.
Səhəri ümidlə açan, gözləri intizarla yollara dikilən gəlinin həsrətli baxışları da qocanın qəddini əyib. Hamının bir təsəllisi var, o da divardan asılan şəkildir.
Müharibə illərinin ağrısı bütün ürəklərdə könək qoyub. Deyib-gülənlər azalıb, ağlayanlar çoxalıb, kişiləri seyrək-
ləşdirib, qadınları kövrəkləşdirib, babaları qocalaşdırıb, nənələri qarılaşdırıb. Qızların sevinci dərd-əzab olub. Poçtalyon görməyən kəndlər məktub atəşinə tutulub. Şairin uşaqlıq illəri də o dərdli illərə düşüb. O tənha evin ağrıları uşaq boyu ilə birgə boy atıb. Dörd il anna laylasına həsrət qaldı uşaqlar, dörd il yastıqlar quru daş oldu. Bir evin ağrısı bir elin yasına çevrildi. Böyükdən uşağa kimi torpağı qorumaq üçün döyüşə qoşuldu. Polad yumruqları zərif uşaq əlləri əvəz etdi. Böyüklü, kiçikli hamı yurdun taleyini fikirləşdi. Uşaqların oyuncağı oraq, yaba oldu.
Nəhayət, qismətimiz qələbə oldu. Bu qələbə bəlkə də günahsız tökülən qanların ahı idi, bəlkə gözlərində mürgüləri oyaq qalan balaların səksəkəli yuxusu, dili dualı ana-
ların gecə-gündüzü ulu tanrıya üz tutub yalvarması idi.
Odlar, alovlar içindən, həyatın bütün sınaqlarından uğurla çıxan şairin qəhrəmanı indiki dinc dünyamızın şəhid oğulların qanı ilə azadlığını görür. Bu ağrılar cismən
uzaqlarda qalsa da mənəvi göynəyi ilə içimizi titrədir. Pəncərələri heçliyə açılan tənha evin gerçəklik qapılar kimi...
60-70-ci illər poeziyada sıçrayış ili adlanır. Aslan Kəmərli də bu illərdə poeziyaya gələn şairlərdəndir. Ayrı-ayrı çıxan kitablarından sonra o, öz uğurlu addımlarını «Öm-
rümə düşən işıq», «Yolumu gözləyən var» kitablarında orijinal poetika ilə təsdiqləmişdir.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Almaniyanın Detmold şəhərində yaşayan Azərbaycan əsilli bəstəkar, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın “Solo fortepiano üçün uşaq pyesləri” adlı dərsliyi alman dilində nəşr olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dərslik Frankfurtdakı “Lavrentius” musiqi nəşriyyatı tərəfindən çap edilib.
Dövlət Komitəsinin məlumatına görə, milli musiqimizin Almaniyada təbliği məqsədilə nəşr edilmiş dərsliyə Azərbaycan bəstəkarlarının, o cümlədən Xədicə Zeynalovanın əsərləri daxil edilib.
Dərslik art-direktor Elşən İbrahimov, dizayner Maqsud İbrahimov və illüstrator Mərziyə Tağıyeva tərəfindən nəşrə hazırlanıb.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir. Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilir. Bəstəkar yaradıcılıq və diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının “Nizami” və “Diaspor fəaliyyətində xidmətə görə” medallarına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Şəhid Erbol Barımbetovun növbəti doğum gününə
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Onu 1994-cü ildə 21 apreldə Bakıdakı II Şəhidlər xiyabanında dostları dəfn etmişdilər. Bilirdilər ki, qəribdir, Azərbaycanda kimi-kimsənəsi yoxdur. Düz 28 il Erbol Barımbetovun ailəsini axtardı döyüş dostları. 2022-ci ilin 21 aprelində, Yerbolun şəhid olduğu gün qardaşı Nurbol Azərbaycana gəldi. 28 il axtardığı qardaşının məzarını Bakıdakı II Şəhidlər xiyabanında tapdı.
Bu ötən illər ərzində 776 saylı əlahiddə taborun döyüşçüləri hərbi hissə komandirinin müavini Saleh Əliyev, kəşfiyyat bölüyünün rəhbəri Mehman Məmmədov və digər sağ qalan döyüşçülər heç vaxt qəhrəman döyüş yoldaşlarını, Qazaxıstandan Azərbaycana Qarabağ üçün döyüşməyə gələn Erbol Barımbetovu unutmadılar.
Keçmiş hərbi hissə komandirinin müavini Saleh Əliyev deyir ki, yaşasaydı bu gün Erbolun 49 yaşı olacaqdı. Bu türk oğlu onların döyüş batalyonunda ən ağır tapşırıqları yerinə yetirib, həm səriştəli döyüş bacarığı ilə, həm də kəşfiyyat qrupunda dövlət əhəmiyyətli əməliyyatlarda iştirak etməklə öz məhatrətini göstəribdir. İki dəfə yaralansa da , yenə döyüşə qayıdıb. Ən son döyüşü isə Ağdərə -Tərtər uğrunda olub. Həmin döyüşdə Erbol şəhid olur.
Keçmiş hərbi hissə komnadiri Sahib Əliyev qeyd edir ki, ötən 28 il ərzində onun Şəhid statusunu ala bilməmişdik. Bu yaxınlarda dövlətimiz tərəfindən bu qəhrəman türk oğluna şəhid statusu verildi. İndi Şəhid Erbol Törexan oğlu Barımbetovun ailəsi “Şəhid ailəsi” sayılır. Qazaxıstan səfirliyi Xətai rayonu ərazisində yerləşdiyindən, Yerbol Barımbetova “Şəhid” adı Xətai rayonu ünvanında verildi.
Azərbaycanını torpaqlarının bütövlüyü Türk dünyasının bütövlüyüdür. Bu mübarizədə tökülən qanlar müqəddəsdir, bu mübarizədə canını fəda edənlər başımızın tacıdır.
Erbol Barımbetov yəqin ki, bugün doğum günündə II Şəhidlər xiyabanında dolaşan ruhun hər şeydən xəbərdardır. Şəhid adın kutlu olsun, əziz qardaşımız!
Qazaxıstanın tanınmış jurnalisti Nassikha Gumarkyzi isə Erbol Barımbetov haqqında "Qarabağda şəhid olan Böyük Çöl oğlu" adlı kitabını çap olunmaq üçün Almatıda mətbəəyə göndərib.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
“…Amma Kino Təşkilatı “yox” dedi…”
BU GÜN TANINMIŞ KİNO XADİMİ CƏMİL QULİYEVİN 60 YAŞI TAMAM OLUR
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Məktəb illərindən ictimai işlərlə məşğul olmağı çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini mən təşkil etmişdim, ən yaxşı şeir ifaçılığı üzrə müsabiqə keçirmişdik və s. Sizə ötən əsrin 70-ci illərinin əvvəllərindən danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim. İndiyə kimi həmin təhsil ocağına daxil olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox çətin idi. Müsabiqədə iştirak etmək üçün respublika kino təşkilatından göndəriş tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına müraciət etdim, amma “yox” cavabı aldım. Bu məsələ ilə bağlı atam Heydər Əliyevə müraciət elədi və o da bu məsələni həll etmək göstərişi verdi. Sonra mən göndəriş aldım və imtahan verib qəbul olundum. Ona görə də həyatım boyu Heydər Əliyevə borcluyam, mənə kinoya vəsiqəni məhz o verib. Bilirsiniz ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir. Bundan əvvəl də keçmiş ittifaqın 12 ilə yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla çalışıram.”
Haqqında söhbət açmaq istədiyim şəxs Cəmil Elşad oğlu Quliyevdir. 1963-cü ildə Bakı şəhərində anadan olub. Əslən Cəlilabad rayonundandır. Əməkdar incəsənət xadimi, mərhum professor Elşad Quliyevin oğludur. Cəmil müəllim 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinomatoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə bitirib. Elə həmin ildən də “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi əmək fəaliyyətinə başlayıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Onun quruluş verdiyi filmlər bir sıra xarici ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Bir müddət həmin Universitetin “Kino və televiziya sənəti” kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur. Eyni zamanda beş il Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb. Sonra yeddi ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru işləyib. 2011-2013-cü illərdə “Mədəniyyət” kanalının baş direktoru olub. Daha sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-2018-ci illərdə isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir il Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri olub. 2019-2020-ci illərdə isə yenidən “Azərbaycanfilm” kinostudiyasına qayıdaraq oraya rəhbərlik edib. Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, Azərbaycan Jurnalistlər İttifaqının, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilib...
Sadaladığım bu vəzifələrin bəziləri ictimai əsaslar üzrində qurulduğu üçün təmənnasız icra edib.
“Bəli, əmək haqqı almadan fəaliyyət göstərirəm. Amma çalışıram ki, ittifaqdakı işlərim pedaqoji fəaliyyətimə mane olmasın. Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Özümü bu universitetsiz təsəvvür edə bilmirəm. Çünki mənim üçün doğma kollektivdir. Kinonun çətin günlərində universitet mənə öz qapılarını açıb. 1987-ci ildə SSRİ çökməyə başlamışdı, kino sahəsi böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə bağladım və 12 ilə yaxın “Kino və Televiziya Sənəti” kafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin 37 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı ilə mənə əməkdar incəsənət xadimi fəxri adı verilib.”- söyləyir.
Onun barəsində daha çox məlumatlanmaqdan ötrü internet şəbəkəsində xeyli araşdırma aparmışam. Müsbət danışanlar da var şikayələnənlər də. Təbii haldır, bir insanı hamı sevə bilməz ki. Axı vəzifə elə bir məsuliyyətdir ki, tələbkar olmasan uğurlara nail ola bilməzsən. Bu da kimlərinsə narazılığına səbəb olur. Məsələn, Cəmil Quliyev İTV-yə rəhbərlik etdiyi dövrlərdə tanınmış telejurnalist, o vaxtlar İTV-də yayımlanan “Qərib axşamlar” verilişinin aparıcısı Yusif Günaydın onun haqqında sərt yazı ilə çıxış edib. 2015-ci ildə qələmə aldığı bu yazıda şikayəti belə ifadə olunub:
“Bəli, bizim ünsiyyətimizin 30 ilə yaxın bir tarixi var. İlk dəfə onunla yaxından tanış olanda Cəmil 24-25 yaşlı qırmızıyanaq bir gənc idi. Oxuyub öyrənmək, görüb-götürmək həvəsində idi. O dövrdəki birgə fəaliyyətimizin təfərrüatına varmadan qeyd etmək istəyirəm ki, Cəmilin İTV-yə rəhbər gəldikdən sonra mənə qarşı olan, mülayim desəm, qeyri-obyektiv münasibəti (bu münasibətin hansı qaynaqdan qidalandığı haqda düşünmək belə istəmirəm, fakt budur ki, bu neqativ hal məni uzun illər boyu həm bir iş yoldaşı, həm də bir insan kimi yaxşı tanıyan şəxsin tərəfindən həyata keçirildi), mənim fəaliyyətimi müxtəlif üsullarla gözdən salmaq cəhdləri xatırlandıqca, Cəmil Quliyevin adı ilə bağlı nə varsa, çoxdan xoş xatirələr düzümündən çıxıb, təəssüflər doğuran keçmişə çevrilib. Doğrudan da insanı tanımaq asan məsələ deyilmiş...”
Bu onun fikirləridir, amma etiraf edək ki, Cəmil müəllimin Azərbaycan mədəniyyətinə böyük töhfələri olub. Belə olmasaydı onun xidmətlərini "Humay", "Zirvə" mükafatları, "Əməkdar incəsənət xadimi" fəxri adı, “Fəxri Mədəniyyət İşçisi”, "Akademik Yusif Məmmədəliyev" medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırmazdılar. Üstəlik 2019-cu ildən üzübəri beş ildir ki, Prezident mükafatı alır. Deməli, bu mükafatlar ona əbəs yerə verilməyib...
Deyir ki:- “İndi ölkəmizdə çox istedadlı rejissorlar yetişib və maraqlı, diqqət cəlb edən filmlər istehsal olunur. Məsələn, Elxan Cəfərovun filmlərini, xüsusən də “Dolu” filmini qeyd edə bilərəm. İctimai Televiziyada işləyərkən bu filmi tez-tez göstərirdik. Bundan başqa, Şamil Əliyevin “Çölçü”, Elçin Musaoğlunun “Nabat”, İlqar Nəcəfin “Buta”, Fariz Əhmədovun, Yusif Quliyevin sənədli filmlərinin adlarını çəkə bilərəm. Bəzən cəmiyyətdə “Niyə bizim filmlərimiz uğursuz alınır?” sualı səslənir. Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor bir neçə film çəkməlidir ki, püxtələşsin, öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz yaradıcılıq yolunun axtarışındadır. Kinomuzun uğurlu gələcəyinə inanıram...”
Cəmil Quliyev filmlərdə həm aktyor kimi və həm də rejissor kimi sınaqdan çıxıb, öz dəsti xətti olan adamdır. “Alma almaya bənzər”, “Murad-Sad”, “Otel otağı”, “Nə gözəldir bu dünya” filmlərində aktyor kimi çıxış edibsə də, iyirmi beşdən yuxarı filmin rejissoru olub. Bütün bunlardan əlavə altı filmin ssenari müəllifi, dörd filmin bədii rəhbəridir. Hələ məsləhətçisi, prodüsseri olduğu filmlərdən söhbət açıb sizi yormaq istəmirəm...
Nə isə, sözümün canı odur ki, bəli, Cəmil Quliyev bu xalq üçün sıradan bir adam deyil, kifayyət qədər xidmətləri olan adamdır.
Bu gün Cəmil müəllimin növbəti ad günüdür, 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. Çox yaşasın!..
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
“Dantenin yubileyi”nin məşqlərinə başlanılıb
Yəqin bu romanı çoxunuz oxumusunuz. Heç vaxt heç yerdə hörmət-izzət görməyən, saya alınmayan və evdə də həyat yoldaşı tərəfindən daim aşağılanan kişiyə - Feyzulla Kəbirlinskiyə Dantenin yubileyinə iki bilet verilir, o, bir anda xoşbəxtlərin xoşbəxtinə çevrilir, həyat yoldaşına da xoruzlanır ki, görürsən, mənə necə dəyər verirlər?
Amma bəzənib düzənib ərlə arvad teatr binasına gedəndə məlum olur ki, heç bir yubiley-filan yoxdur, bu tədbir günlər öncə olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqləri başlayıb. Teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın yaradıcı heyəti ilə görüşüb, onların hər birinə uğurlar arzu edib.
Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov) və digərləri çıxış edəcəklər.
Tamaşanın premyerasının oktyabr ayında olacağı planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
“Biz ondan çox şey öyrənmişik!”
AMEA-NIN MÜXBİR ÜZVÜ SÜDEİF İMAMVERDİYEVİN 85 YAŞI TAMAM OLDU
Dünən tanınmış bir ağsaqqalın - urologiya və andrologiya sahəsində tanınmış alim, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, “Şöhrət” və “Şərəf” ordenli, “Əməkdar elm xadimi”, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 85 yaşı tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sudeif müəllim həm də Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədridir. O İctimai Birliyin ki, qısa müddətdə həyata keçirdiyi layihələrlə, ərsəyə gətirdiyi tədbirlərlə özünə ad qazandırıb.
TAİB-də Südeif müəllimlə çiyin-çiyinə çalışan ictimai fəal Elnur Eltürk söyləyir:
“Dəyərli Sudeif İmamverdiyevin 85 yaşı tamam oldu. Sudeif müəllim böyük məktəbdir. 3 ildir ki, Sudeif müəllimlə birgə çalışıram. Ondan çox şeyi öyrənmişəm və öyrənməkdə də davam edirəm. Sudeif müəllimə möhkəm cansağlığı arzulayıram!”
Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olub. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olub və 1962-ci ildə oranı bitirib. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olub və mükafatlandırılıb.
1968-ci ildə Bakıda namizədlik, 1974-ci ildə isə Moskvada “Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və bunlar tibb ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
1975-ci ilin yanvarından tibb elmləri doktoru adı alan S.İmamverdiyev Azərbaycana qayıdandan sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayıb və Tibb İnstitutunda Urologiya kafedrasının açılması ücün çalışıb.
1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda Urologiya kafedrası açılıb. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifələrində çalışıb.
Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş biliklərə və yüksək təcrübəyə malik olaraq o, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlər əldə edib.
Sudeif İmamverdiyev cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif verib. Bunlara nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 4 nefropeksiya üsulu (1984, 1986, 1992, 2008), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir.
Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.
Alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.
O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi və dəstəyi ilə 31 dissertasiya müdafiə olunub. Onlardan 10-u elmlər doktorluğu dissertasiyalarıdır. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarici ölkə vətandaşları var.
S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 400-dən çox elmi məqalənin, o cümlədəm 25 monoqrafiya və dərsliyin müəllifidir.
O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin 2005-ci ildə “SKV” Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.
Professor S.B.İmamverdiyev 1992-ci ildə məşhur “91”lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.
Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə “Y.Məmmədəliyev adına medal”la təltif edilmiş, 2008-ci ildə isə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Alim, həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş, “Elmi məktəbin yaradıcısı” fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur. 2013-cü ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Biz də portalımız adından Sudeif Bəşir oğlu İmamverdiyevi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Muğamımız Afrikaya da ayaq açır
Misirdə muğam sənətinin tədrisinə başlanılıb
Afrika qitəsində muğamın səsləndirilməsi necədir sizin üçün?
Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – muğam sənətinin tədrisinə start verilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov mediaya bildirib ki, Azərbaycan muğamının təbliğ olunması məqsədilə yaradılan kursda müxtəlif ölkələrdən 26 tələbə muğam ustası Fərəc Səidin rəhbərliyi ilə bu qədim sənətin sirlərinə yiyələnəcək. Misirdə muğam sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov muğam kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətlər həyata keçirir. Bu baxımdan qədim muğam sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.
S.Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan dövləti milli musiqi mədəniyyətimizdə özünəməxsus yer tutan muğam sənətinə böyük qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə müxtəlif beynəlxalq layihələr həyata keçirilir, 2008-ci ildə isə Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğam sənətini bütün dünyada uğurla təbliğ edir və ölkəmizin görkəmli xanəndələri bu sahədə bəşəriyyətin mədəni irsinə misilsiz incilər bəxş ediblər.
Qeyd edək ki, muğam sənəti ilə yanaşı, tezliklə cəmiyyətin nəzdində xalçaçılıqla bağlı kurs da fəaliyyətə başlayacaq. Hazırda cəmiyyətin nəzdindəki Azərbaycan dili və digər fənlər üzrə kurslarda 55 millətdən 500-dən çox tələbə ödənişsiz təhsil alır.
Cəmiyyətin Qahirədə muğam layihəsinə başlaması barədə xəbərlər Misir, Əlcəzair və digər ölkələrin mediasında dərc olunub.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)