“Dantenin yubileyi”nin məşqlərinə başlanılıb

Yəqin bu romanı çoxunuz oxumusunuz. Heç vaxt heç yerdə hörmət-izzət görməyən, saya alınmayan və evdə də həyat yoldaşı tərəfindən daim aşağılanan kişiyə - Feyzulla Kəbirlinskiyə Dantenin yubileyinə iki bilet verilir, o, bir anda xoşbəxtlərin xoşbəxtinə çevrilir, həyat yoldaşına da xoruzlanır ki, görürsən, mənə necə dəyər verirlər?

Amma bəzənib düzənib ərlə arvad teatr binasına gedəndə məlum olur ki, heç bir yubiley-filan yoxdur, bu tədbir günlər öncə olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqləri başlayıb. Teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tamaşanın yaradıcı heyəti ilə görüşüb, onların hər birinə uğurlar arzu edib.

Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.

Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov) və digərləri çıxış edəcəklər.

Tamaşanın premyerasının oktyabr ayında olacağı planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.