Super User
Heydər Əliyev Mərkəzində caz günləri başlayır
Bu gün Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri açılır. Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.
Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək.
Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Festival iyulun 7-də başa çatacaq.
Auditorium zalındakı konsertlərin biletlərini şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Türkiyənin sevilən müğənnisi Demet Akalın Bakıda konsert verib
İyulun 2-də Bakı Konqres Mərkəzində türk pop musiqisinin məşhur ifaçılarından olan Demet Akalının konserti təşkil olunub.
Sənətə gəldiyi andan qısa zamanda böyük pərəstişkar kütləsi toplayan müğənni öz repertuarında olan mahnılarla növbəti dəfə Bakıda pərəstişkarları qarşısında çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Həmyerlimiz beynəlxalq film festivalının münsiflər heyətindədir
“GÜZGÜ” FİLM FESTİVALI İYUNUN 30-da AÇILIB
Son vaxtlar müxtəlif kino forumlarında həm filmlərlə, həm də münsiflə təmsil olunmağımız bir dəb halı alır. Budur növbəti belə hal: prodüser, rejissor Fariz Əhmədov Andrey Tarkovski adına XVII Beynəlxalq “Güzgü” Film Festivalının münsiflər heyətində yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı festivalın rəsmi saytında məlumat yerləşdirilib.
Festivalın müsabiqə proqramında 12 ölkədən 8 film iştirak edəcək.
Münsiflər heyətinin sədri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Anatoli Vasilyevdir.
Festivalın açılışı iyunun 30-da Andrey Tarkovski haqqında sənədli filmlə reallaşıb.
Andrey Tarkovski SSRİ dönəminin ən məşhur kino və teatr rejissoru olub, bütün nüfuzlu mükafatları qazanıb, ömrünün son illərini Avropada mühacirətdə keçirib.
Bağlanış filmi isə Kann Film Festivalında mükafat almış “Tənəzzülün anatomiyası” filmi olacaq.
Fransız rejissoru Jüstin Trieyə aid bu filmdə baş rolu Sandra Hüller oynayır.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Güneydən səslər: Əkbər İsmayilidən “İncə ehtiraslar”
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır.
O, “İncə ehtiraslar” və “Gəzəndə” söyləyəcək.
İNCƏ EHSASLAR
İlham dağılıb şeirimə
İncilər tək səpələnmiş,
Duyğumda gərəkdir
Dağılıb dəftərə, ehsas səhifələnsin
Gözlərimdə boğulan
Dum-duru göz yaşlarım ancaq
İstər calanıb
İncə ehsaslar ələnsin...
GƏZƏNDƏ
Gəzəndə
Baxışlarında gəzirəm
Sankı!
Düşlərimdə
Bir qucaq dolu Ümidlə
Sankı!
Xəyalımın, ucsuz-güşəsiz dənizində
Özləmsiz
Ümidli.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
“Kulikovo döyüşü” Londonda nəşr olunub
Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub. “Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirmişlər.
Əlamətdar hadisə ilə bağlı “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Vaqif Sultanlıya müraciət etmiş və ondan aşağıdakı bilgiləri almışdır.
Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman və hekayələrdən ibarət “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), “Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada nəşr olunmuşdur.“Ölüm yuxusu” romanı Danimarkada, daha sonra professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014) antologiyaları ABŞ oxucularına təqdim edilmişdir.
“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan “Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri daxil edilmışdır. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılmış, Türk etnosunun keçmişi, bugünü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılmışdır.
İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.
Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Çin sərgisini hamı sevdi
Xəbər verdiyimiz kimi, Bakıda Çin sərgisi fəaliyyət göstərirdi. Martın 29-dan ta ki iyunun 30-dək.
Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir.
“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkən idi. Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam etdi. Və kifayət qədər də auditoriya topladı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunurdu. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyırdı.
Xatırladaq ki, “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Bir şəkilin proloqu və ya bir səfərin epiloqu
“Ədəbiyyat və incəsənət” portalı fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyevin Azərbaycan - Özbəkistan əlaqələrindən bəhs edən yazısını təqdim edir.
Səmərqənd Dövlət Universitetinin professoru, uzun zaman Özbəkistanda fərqli univürsitetlərdə rektorluq görəvi yapmış, sözün tam mənasında Azərbaycan sevdalı Əzəmət Əkbərov Azərbaycana gələrək Odlar Yurdu Azərbaycanımızı dünyada tanıdacaq bir kitab yazmaq istədiyini bildirdi və bu işdə ilk xeyir-dua almaq üçün professor Mahirə xanım Hüseynova ilə görüşmək istədiyini bildirdi. Görüşə birgə getdik. Sadəliyi, ziyalılığı, insanlığı, zəkası ilə hər zaman fərqli olan Mahirə xanım bu görüşdə də özbək tədqiqatçının könlünü dərindən alıb, Azərbaycanla bağlı düşüncələrini gülü-Gülüstana gətirdi. Professor Əzəmət Əkbərovun "Mahirə xanım, mən 40 gün ərzində Azərbaycanı qarış-qarış gəzdim, dolandım, izninizlə bir möhtəşəm tanıtım kitabı yazmaq istərdim", - deməsinə Mahirə xanım: "Əfəndim, Sizin bu nəcib təşəbbüsünüz o qədər alidir ki, mən sizin əməyinizi Mahmud Kaşğari məqamı ilə dəyərləndirirəm", - deyərək gələcək kitab müəllifinə sonsuz motivasiya və stimul verdi.
Bəli, Mahirə xanım hər zaman iti zəkası və dərin düşüncəsi ilə ən dərin könülləri də fəth edə bilir, yetər ki, o könüldə eşq, ruh, bəşərilik olsun.
Ona görə də dərin hörmət və sayğı duyduğum, böyük missiya görəvlisi professor Mahirə xanım Hüseynovanın ibratamiz fəaliyyətini türk dünyasının ünlü şairi, yazarı Əhməd Nəcip Fazıl Kısakürəyin bir beyt şeiri ilə əlaqələndirmək istərdim.
Ağıl ağıl olsaydı adı könül olurdu,
Könül könlü bulsaydı bozkırlar gül olurdu...
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Xalq rəssamı Nazim Bəykişiyevin 75 illik yubileyi qeyd olunub
Akademik Milli Dram Teatrının Baş rəssamı, Xalq rəssamı Nazim Bəykişiyevin 75 yaşı tamam olub. Bu münasibətlə
mədəniyyət naziri Adil Kərimli görkəmli sənətkarı yubiley yaşı münasibətlə təbrik edib, Mədəniyyət Nazirliyinin kollektivi adından ona təbrik məktubu təqdim edib, teatr sənəti sahəsindəki xidmətlərini yüksək dəyərləndirib.
Eyni zamanda Nazim Bəykişiyevin 75 illik yubileyi Akademik Milli Dram Teatrında qeyd olunub, ona Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi və Akademik Milli Dram Teatrının adından təbrik məktubu, mükafat və gül dəstəsi təqdim olunub.
Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, professor Məryəm Əlizadə Nazim Bəykişiyevin yaradıcılığı haqqında danışıb, onun yüksək peşəkarlıqla tərtibat verdiyi tamaşalardan bəhs ediblər.
Qeyd olunub ki, dövlətimiz Nazim Bəykişiyevin milli teatr sahəsindəki xidmətlərini və uzunillik yaradıcılıq fəaliyyətini həmişə yüksək qiymətləndirib. O, 1984-cü ildə Dövlət mükafatına, 2002-ci ildə Əməkdar rəssam və 2006-cı ildə Xalq rəssamı fəxri adlarına, 2009-cu ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Diqqətə çatdırılıb ki, Nazim Bəykişiyev 1948-ci ildə Bakıda anadan olub. 1978-1980-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam, 1980-1991-ci illərdə Musiqili Komediya Teatrında və 1991-2001-ci illərdə Gənclər Teatrında baş rəssam kimi bir çox səhnə əsərlərinin bədii tərtibatçısı olub.
2001-ci ildən bu günədək Akademik Milli Dram Teatrının baş rəssamı vəzifəsində çalışır. Məhz bu qədim tarixi olan sənət ocağında S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, R.Əlizadənin “Günah”, M.F.Axundzədənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı!”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, V.Səmədoğlunun “Generalın son əmri”, R.Əlizadənin “Laləli düzən”, H.Mirələmovun “Vəsiyyət”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.
Tədbirdə çıxış edənlər 75 illik yubileyi münasibətilə Xalq rəssamı Nazim Bəykişiyevi ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, daha böyük yaradıcılıq uğurları arzulayıblar.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Tədris güclü olanda…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Son illər gənclərin təhsildə qazandığı uğurlar bizi çox sevindirir, xoşbəxt gələcəyə inam yaradır. Bu günlərdə Azərbaycan Tibb Universitetinin Mpf-2 fakültəsinin üçüncü kurs, 220-10b qrupunun tələbələri Fəridə Ağayarlı və Səbinə Həsənzadə Niderlandın Groningen şəhərində, “University Medical Center of Groningen” elm ocağında keçirilən dünyanın aparıcı konqreslərindən biri- “İnternational Students- Conqress of (bio) medical sciences”- kimi tanınan beynəlxalq konqresdə iştirak ediblər.
Fəridə xanımın elmi işinin adı “Etanolun xroniki təyini fonunda dişi ağ siçovulların qanında cinsi hormonların qatılığının dəyişilməsinə pirasetamın təsirinin tədqiqi”, Səbinə xanımın isə elmi işinin adı “Etanolun xroniki təyini fonunda dişi ağ siçovulların qanında cinsi hormonların qatılığının dəyişilməsinə meksidolun təsirinin tədqiqi”- olub. Fəridənin elmi işi oral çıxış üçün, Səbinənin elmi işi isə poster çıxış üçün seçilmişdi. Xatırladım ki, hər iki elmi iş tibb universitetinin farmakologiya fakültəsinin professoru Vəli Əsmətovun elmi rəhbərliyi altında ərsəyə gəlib.
Onu da bildirim ki, bu konqresdə dünya üzrə cəmi 300 nəfərə çıxış haqqı verilir və bunlardan 21-inə tədqiqat aparmağa görə təqaüd ayrılır. Bu təqaüdün miqdarı bakalavrlar üçün 6000-10000 evro, magistrlər üçün 15000 evro təşkil edir. Və sevindirici haldır ki, Fəridə Ağayarlı həmin 21 nəfərin srasındadır. Səbinə Həsənzadə isə müsabiqədə birinci yerə çıxıb…
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)
Bu gün Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başlayacaq
Bu gün - iyulun 3-də Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayacaa. İyulun 7-dək davam edəcək ənənəvi festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının respublikamız üçün böyük əhəmiyyət daşıdığını deyib: “Biz artıq 11 festivalı böyük uğurla keçirmişik və dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurub. Bu dəfə də müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu Şəkidə Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Məlum olduğu kimi, bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Festivalda Heydər Əliyevin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatacaq”.
Festivalın proqramı haqqında ətraflı məlumat verən Firəngiz Əlizadə bildirib ki, festivalda ölkəmizdə musiqiçi və kollektivlərlə yanaşı, Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan ifaçılar maraqlı proqramla çıxış edəcəklər. Festivalda türk respublikalarından incəsənət ustalarının geniş şəkildə iştirakı TÜRKSOY-un yaxından dəstəyi ilə həyata keçirilir.
Qeyd olundu ki, festivalın bağlanış mərasiminin keçiriləcəyi 7 iyul tarixi xüsusilə əlamətdardır. 2019-cu ilin 7 iyul tarixində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təşkilatın Dünya İrsi Siyahısına daxil edilib.
Festivalın koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı tədbirə hazırlıqla bağlı ətraflı məlumat verib.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək festivalın ölkənin mədəni həyatında mühüm hadisələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, festivalın əks-sədası ildən-ilə daha geniş coğrafiyaya yayılır, maraq göstərənlərin sırası genişlənir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxışında “İpək Yolu” festivalının mədəni hadisə olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə olduğunu qeyd etdi.
Qeyd edək ki, builki festivalın da zəngin proqramı var.
FESTİVALIN PROQRAMI
Festivalın təntənəli açılış mərasimi Şəki şəhərindəki “Marxal” kompleksinin yay teatrında keçiriləcək. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.
İyulun 4-də Şəki Xan sarayında “Zəfər” muğam ansamblının konserti, Yuxarı karvansarada Lianşan – İy Muxtar Vilayətinin ansamblı (ÇXR), iyulun 5-də Şəki Musiqi Kollecində şəhərin “Zirvə” folklor ansamblının çıxışı, yay teatrında Qazaxıstanın Ükili Ibıray adına Akmolin Vilayət Filarmoniyasının “Aynakol” folklor ansamblı və “Qakku” rəqs ansamblının konserti keçiriləcək.
İyulun 6-da yay teatrında Safranbolu Bələdiyyəsi Xalq oyunları qrupu (Türkiyə) və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının (Özbəkistan) konserti olacaq.
Festivalın son günündə – iyulun 7-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) konsertləri təqdim olunacaq.
Xatırladaq ki, 2010-cu ildən keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiya üzündən 2020 və 2021-ci illərdə təşkil olunmadı. XI festival ötən il iyulun 7-9-da keçirilib.
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)