“Ədəbiyyat və incəsənət” portalı fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyevin Azərbaycan - Özbəkistan əlaqələrindən bəhs edən yazısını təqdim edir.
Səmərqənd Dövlət Universitetinin professoru, uzun zaman Özbəkistanda fərqli univürsitetlərdə rektorluq görəvi yapmış, sözün tam mənasında Azərbaycan sevdalı Əzəmət Əkbərov Azərbaycana gələrək Odlar Yurdu Azərbaycanımızı dünyada tanıdacaq bir kitab yazmaq istədiyini bildirdi və bu işdə ilk xeyir-dua almaq üçün professor Mahirə xanım Hüseynova ilə görüşmək istədiyini bildirdi. Görüşə birgə getdik. Sadəliyi, ziyalılığı, insanlığı, zəkası ilə hər zaman fərqli olan Mahirə xanım bu görüşdə də özbək tədqiqatçının könlünü dərindən alıb, Azərbaycanla bağlı düşüncələrini gülü-Gülüstana gətirdi. Professor Əzəmət Əkbərovun "Mahirə xanım, mən 40 gün ərzində Azərbaycanı qarış-qarış gəzdim, dolandım, izninizlə bir möhtəşəm tanıtım kitabı yazmaq istərdim", - deməsinə Mahirə xanım: "Əfəndim, Sizin bu nəcib təşəbbüsünüz o qədər alidir ki, mən sizin əməyinizi Mahmud Kaşğari məqamı ilə dəyərləndirirəm", - deyərək gələcək kitab müəllifinə sonsuz motivasiya və stimul verdi.
Bəli, Mahirə xanım hər zaman iti zəkası və dərin düşüncəsi ilə ən dərin könülləri də fəth edə bilir, yetər ki, o könüldə eşq, ruh, bəşərilik olsun.
Ona görə də dərin hörmət və sayğı duyduğum, böyük missiya görəvlisi professor Mahirə xanım Hüseynovanın ibratamiz fəaliyyətini türk dünyasının ünlü şairi, yazarı Əhməd Nəcip Fazıl Kısakürəyin bir beyt şeiri ilə əlaqələndirmək istərdim.
Ağıl ağıl olsaydı adı könül olurdu,
Könül könlü bulsaydı bozkırlar gül olurdu...
“Ədəbiyyat və incəsənət”
(03.07.2023)