Super User
Pravoslavların Pasxa bayramında yenə də hədsiz soyuq oldu
Bizim xalqın bir deyimi var: mart çıxdı, dərd çıxdı. Bu, baharın gəlişinə səbirsizlənən babalarımızın fikridir. Amma son illər bu deyimin variasiyası da yaranıb. Pasxa çıxdı, dərd çıxdı. Həqiqətən də bu xristian bayramı bərk soyuq olur, sonrakı günlər isə artıq bahar təravəti duyulur. Dünən növbəti Pasxa günündə temperaturun birdən birə 14 dərəcə aşağı düşməsi də elə buna bariz sübutdur. Hər halda məhz həmin gün havanın illərlə kəskin soyumasını müşahidə eləmək sirli, heyrətamizdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanda yaşayan pravoslavlar ötən gün əsas xristian bayramlarından olan Pasxanı qeyd etdilər. Pasxa - xristianların ən qədim, mühüm və sevimli bayramlarından biri özündə dini məna kəsb edir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı hesab edilir, bu il pravoslav təqvimi ilə qeyd etdiyimiz kimi dünən - aprelin 16-da qeyd edildi.
Pasxanın bizim Novruzla oxşar cəhətləri çoxdur. Bizim şəkərburanı onların piroqu əvəz edir, biz də, onlar da yumurta boyayırıq, şam yandırırıq.
Ənənəyə görə, xristian dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.
Şənbə və bazar günlərində ölkəmizin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirildi. Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlandı. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asdılar, şamlar düzdülər.
Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianları icmasına təbrik ünvanlamışdı. Dövlət başçısı qeyd etmişdi ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə müraciətdə bildirilirdi.
Elə bu müraciət bizim pravoslavları bayrama daha həvəsli, daha sevincli olmalarını özündə ehtiva edirdi.
Foto Sabir Məmmədovundur
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)
Dillər Universitetinin Kitab Klubu ilk tədbirini keçirib
Gənclərin kitablarla dostluğu sevindiricidir. Xüsusən ali təhsil ocaqlarında son illər yaradılmağa başlayan Kitab Klubları bu missiyada əvəzsiz rol oynayırlar. Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində də belə bir klub yaradılıb - “Readers" adında.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Readers” klubu tələbələrin mütaliəyə, bədii qiraətə marağının təmin edilməsində bilavasitə rol oynamağı hədəfləyib. Klubda müxtəlif layihələrin həyata keçirilməsi, tələbə gənclərin vaxtının səmərəli keçməsinə göstərilən xidmət universitet daxilində rəğbətlə qarşılanır. "Readers" klubunun idarə heyəti sədr Oruc Ələsgərov, Təşkilati İşlər üzrə sədr müavini Nəzrin Hüseynova, ümumi işlər üzrə müavin Lamiyə Hüseynova, koordinatorlar Minayə Mikayılova, Leyla Nağıyeva, Xədicə Əsədzadə, Həsən Əliyev və İlkanə Qasımova olmaqla səkkiz nəfərdən təşkil olunub.
Və həftəsonu klub tanınmış ədiblərlə görüşlərin təşkili yönündə ilk görüşünü keçirib. Qonaq Azərbaycan Ədəbiyyat Fondunun Baş Direktoru, Əməkdar jurnalist, yazıçı Varis olub.
Yazıçı "Uğura gedən yol" mövzusunda təlim keçdikdən sonra tələbələrin müxtəlif mövzularda suallarını cavablandırıb. Yazıçının yeni vəzifəyə təyin olunması münasibətilə "Readers" klubu adından ona hədiyyə də təqdim olunub: üzərinə adı yazılmış qələm.
Yazıçı isə öz növbəsində təlimin ən fəal üzvlərinə öz kitablarını hədiyyə edib.
Sonda isə xatirə şəkilləri çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)
“Xəzər” dünya ədəbiyyatı dərgisinin yeni sayı çıxıb
“Xəzər” dünya ədəbiyyatı dərgisinin yeni sayı işıq üzü görüb. Dərginin bu sayında oxucular həmişə olduğu kimi, maraqlı mövzularla tanış ola biləcəklər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sayda aşağıdakı yazılar yer alıb:
Herman Hessenin Nobel nitqi və “Çətin yol” hekayəsi,
F.M.Dostoyevskinin “Dayının yuxusu” povesti,
Mövlud Süleymanlının “Payız muştuluqları” hekayəsi,
Kolm Toybinin “Bruklin” romanının ardı, Yapon ədəbiyyatı nümunələrindən 3 yazıçının hekayəsi: Dzyunyitiro Tanizdakinin “Kiçik dövlət” , Haruki Murakaminin “Taksidəki qaniçən” və Yasunari Kavabatanın “Şüşə” hekayələri,
Con Steynbekin “Rusiya gündəliyi”,
David Markişin “Bəxtəvər Tal” hekayəsi, Tatyana Uvarovanın şeirləri,
Semyuel Bekketin “Xoşbəxt günlər” pyesi, Aristotel, Sokrat və Siseronun məşhur kəlamları.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)
Dünya daha bir İncəsənət Gününü qeyd etdi
Şənbə günü - aprelin 15-də növbəti dəfə Dünya İncəsənət Günü qeyd edildi. 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunan bu əlamətdar gün 4-cü ildönümünü necə keçirdi?
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, siyasi və iqtisadi gərginlikkər içində çabalayan dünyamızda incəsənətin üzərinə düşən kölgə daha qatı oldu.
Bir yandan pandemiya bitmək bilmir, hər dəfə korona yeni qiyafədə üzə çıxıb tüğyan edir.
Bir yandan iqtisadi bphran dərinləşir, inflyasiya hiperinflyasiyaya keçid alır.
Bir yandan təbii fəlakətlər bir-birini sıralayır.
Bir yandan ölkələrsaxili çaxnaşmalar apogey nöqtəsinə çatır. Fransa kimi sivil, sakit, demokratik, insan hüquqlarının gözlənildiyi bir ölkədə hazırda küçə barrikadalarını quraraq əgalinin pensiya islahatlarına qarşı çıxması əlbəttə ki, az oş deyil.
Bir yandan da dövlətlərarası münaqişələr səngimək bilmir, mərmilər partlayır, insanlar ölür. Əsas münaqişə ocağı - Ukrayna gündəmdən düşməsə də İsrail - Fələstin, Çin - Tayvan, Azərbaycan - Ermənistan münaqişələri də media manşetlərində dolaşır.
Bax belə bir şəraitdə növbəti İncəsənət günündə konsert salonlarında simfonik və instrumental musiqidən ibarət konsertlər keçirilməsi, teatr səhnələrində opera və balet nümayişi, kinoteatrlarda yeni film təqdimatlarının olması, rəsm sərgilərinin açılması əlbəttə ki, təqdirəlayiq hal oldu.
Əslində, aprelin 15-də Dünya İncəsənət Gününün qeyd edilməsi ilə bağlı qəbul olunan qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilir.
UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.
Dünya İncəsənət Günü beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq beynəlxalq mədəniyyət günü kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.
Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalayıb. Sonradan bu paktın bir sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirilib.
90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel beynəlxalq mədəniyyət günü kimi irəli sürülüb və ayrı-ayrı ölkələrdə, o cümlədən Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s. qeyri-rəsmi qeyd edilməyə başlanıb.
İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.
Yeri gəlmişkən qeyd edək ki, dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz.
Və çox təəssüf hissi ilə qeyd edirik ki, Rerixin vətəni indi təcavüzkar müharibə aparır.
O ki qaldı vətənimiz Azərbaycana - qədim zamanlardan dünya mədəniyyətinin zəngin bir parçası kimi tanınan və bəşəriyyətin mədəni inkişafına öz töhfələrini verən Azərbaycanımız ən azından dünyaya Nizami Gəncəvi kimi bir dahini bəxş edib. Azərbaycan xalqı tarixən öz mədəni özünəməxsusluğunu qoruyaraq gələcək nəsillərə ərməğan edib. Ölkəmizdəki bu özünəməxsusluq həm də çoxmədəniyyətliliklə bağlıdır. Yəni tarixən müxtəlif dinə, etnik mənsubiyyətə malik xalqlar Azərbaycanda tolerant şəkildə yaşamışlar. Dünyaya örnək olan bu birgəyaşayış ölkəmizdə problemlərlə, qarşıdurmalarla deyil, mədəni zənginliklə müşayiət olunmuşdur.
Bu gün Azərbaycan malik olduğu zəngin mədəni irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir, Azərbaycanın mədəni dəyərləri bu qurum vasitəsilə dünyada təbliğ olunur. UNESCO-nun müvafiq siyahılarında çox sayda maddi və qeyri-maddi mədəni irs nümunəmiz yer alır.
Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da öz töhfələrini verir. Bu da onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır, bir bütün olaraq qəbul edir. Bu, eyni zamanda, özünü hər il ölkəmizdə təşkil edilən beynəlxalq festivallarda, rəngarəng mədəni layihələrdə daha aydın göstərir. Dünyaca məşhur incəsənət xadimləri ölkəmizə gələrək həm öz mədəniyyətlərini nümayiş etdirirlər, həm də Azərbaycandakı mədəni çeşidliliklə tanış olurlar.
Bütün bunlar onun deməyə əsas verir ki, biz dünya mədəniyyəti ilə iç-içəyik - mədəni əlaqələrimiz sərhədlərə sığmır. Azərbaycan mütərəqqi mədəni ideyalara, beynəlxalq konvensiyalara qoşulmaqla qalmır, eyni zamanda, onların gerçəkləşməsinə real dəstək verir.
Sonda onu deyək ki, UNESCO bütün ölkələri bu bayram günündə diskussiya və forumlar keçirməyə, incəsənətin səviyyəsini qaldırmağa səsləyir. Və başları daxili problemlərinə qarışan bəzi ölkələr bu dəfə UNESCO-nun tövsiyyəsini “qeyri-iş günü” bəhanəsiylə iqnor etdilərsə belə, udizan tərəf dünyanın əsas mədəniyyət qurumu yox, onlar özləri oldu.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistanın birgə ortaq layihələri müzakirə edilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Tanzila Narbayeva ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Türk Dövlət Başçılarının Türk dünyasında hərtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş səylərinin mühüm əhəmiyyətindən söz açılıb. Türk Dövlət başçıları tərəfindən bu istiqamətdə yaradılan Türk Əməkdaşlıq Təşkilatlarının sıx qarşılıqlı əlaqələrindən bəhs olunub. Türk xalqlarının mədəni əlaqələrin gücləndirilməsi vasitəsilə bir-birinə daha da yaxınlaşdırılmasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədləri sırasında olduğu bildirilib. Fondun həyata keçirdiyi geniş miqyaslı layihələrdə Özbəkistanın aktiv yer alması vurğulanıb. Təşkilat tərəfindən keçirilən müxtəlif tədbirlərdə, o cümlədən ötən il böyük özbək şair mütəfəkkiri Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunan tədbirdə Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasının deputatlarının iştiraklarının əhəmiyyəti diqqətə çatdırılıb. Parlament diplomatiyası vasitəsilə türk ölkələri arasında siyasi dialoqun inkişafı yönündə işlər aparan TÜRKPA ilə Fondun birgə fəaliyyətinin önəmi qeyd olunub. Fond tərəfindən Daşkənddə təşkil olunan “Şuşa günləri” Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına töhfə kimi dəyərləndirilib.
Görüşdə təşkilat ilə Özbəkistan arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb və gələcək perspektivlər müzakirə edilib.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,14 aprel 2023-cü il
Adil Qabil oğlu Kərimli mədəniyyət naziri təyin edilib
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Adil Kərimli mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
“Ədəbiyyat və incəsənət”
(14.04.202
İdeologiyaya aldanan böyük millətçi
Bu gün görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasından 153 il ötür
14 aprel görkəmli ictimai-siyasi xadim, həkim, yazıçı Nəriman Nərimanovun anadan olmasının ildönümüdür. Bakıda onun əzəmətli abidəsinin yanından keçəndə hər kəs sual edir: Nərimanov kimdir? Qırmızı bolşevik diktaturasının rəsmisi, yoxsa millətini sevən bir ziyalı? Cavabsa belədir: hər ikisindən.
“Ədəbiyyat və incəsənət” portalı Nəriman Nərimanovu Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri kimi xarakterizə edir. O, görkəmli dövlət xadimi, yazıçı, həkim idi.
Gəlin onun tərcümeyi halına göz yetirək. Nəriman Nərimanov 1870-ci ildə aprelin 14-də Tiflis şəhərində anadan olub. Müəllimlər Seminariyasını bitirən və Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tibb təhsili alan gənc Nərimanın qəlbindəki xeyirxah və maarifpərvər duyğular ona dinclik vermirdi. O, xalqının üzləşdiyi çətinliklərdən çıxış yolu axtarırdı. Hələ gənc yaşlarında Bakıda kitabxana açmışdı. Onun arzusu azərbaycanlıların maariflənməsi idi. Nəriman Nərimanov bu istiqamətdə geniş fəaliyyət göstərirdi.
1920-ci ildə Azərbaycanda sovet hökuməti quruldu. Bu hökumətin qurulmasında yaxından iştirak edən Nəriman Nərimanov həm də onun rəhbərlərindən biri idi.
Nəriman Nərimanov həm də gözəl yazıçı idi. O, “Nadir şah” və digər əsərlərin müəllifidir. Xarici dillərdə yazılan bir çox əsərlərdən Azərbaycan dilinə tərcümələr edir, həm də dərsliklər yazırdı. Nəriman Nərimanovun öz xalqı üçün etdikləri Azərbaycan rəhbərliyinə soxulmuş erməni millətçilərinin və digər düşmənlərin xoşuna gəlmirdi. Onlar Nəriman Nərimanovu ləkələmək, onu nüfuzdan salaraq aradan götürməyə çalışırdılar. Millətini çox sevən Nəriman Nərimanovu “millətçi” adlandırdılar və onu Azərbaycandan uzaqlaşdırdılar.
Getdikcə Nəriman Nərimanov sovet hökumətinin çar Rusiyasının varisi olduğunu aydın dərk edirdi.
N.Nərimanov bir ata kimi oğlu Nəcəfi çox sevirdi və onun işıqlı gələcəyinə inanırdı. 2 dekabr 1919-cu ildə doğulan Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilən Nəcəf 1938-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) tank-texniki məktəbinə daxil olur. 1939-cu ildə onu Kiyevdəki məktəbə dəyişirlər. 1940-cı ilin oktyabrında o, məktəbi qurtarır və 15-ci tank diviziyasının 29-cu tank polkunda texnik kimi işə başlayır. Sonralar İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən Nəcəf 10 sentyabr 1943-cü ildə, 23 yaşında həlak olur. Onun məzarı Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinin mərkəzindədir.
Nərimanov 19 mart 1925–ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra dünyasını dəyişdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış oğlu Nəcəfə yazırdı: "Əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.
Ölümündən sonra da ermənilər tərəfindən Nəriman Nərimanova qarşı böhtançılıq kampaniyası davam etdirilirdi. Onun yubileyinin keçirilməsinə imkan vermirdilər. Nəhayət, Azərbaycana rəhbərlik edən Heydər Əliyev bütün bu maneələri aradan qaldıraraq Nəriman Nərimanovun 100 illiyinin təntənəli şəkildə keçirilməsinə nail oldu.
Azərbaycan xalqı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirib. Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır. Qeyd etdiyimiz kimi, Bakıda Nəriman Nərimanovun böyük abidəsi ucalır. Paytaxtımızın ən böyük prospektlərindən birinə Nəriman Nərimanovun adı verilib. Bundan başqa, Bakıda N. Nərimanovun xatirə muzeyi fəaliyyət göstərir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Özbəkistanda “Şuşa günləri” çərçivəsində Qarabağa məxsus geyimlərdən ibarət sərgi açılıb
Özbəkistanda keçirilən “Şuşa günləri” çərçivəsində Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Qarabağ geyimlərinin moda sərgisi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konsert proqramı təqdim edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları öncə Daşkənd Dövlət Sənət və Mədəniyyət İnstitutunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Azərbaycan mədəniyyəti və incəsənəti auditoriyası ilə tanış olublar.
Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun konsert zalında davam edən tədbirdə İnstitutun rektoru Eldor Şermanov çıxış edərək Türk dövlətləri, Azərbaycan və Özbəkistan arasında yüksələn xətlə inkişaf edən əlaqələr, tarixi münasibətlər haqqında danışıb, “Şuşa günləri”nə həsr olunmuş növbəti tədbirin Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilməsinin bu təhsil ocağının tarixində mühüm hadisə olduğunu qeyd edib.
Azərbaycanın mədəniyyəti, ədəbiyyatı və incəsənətinə böyük şəxslər bəxş etmiş Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı seçilməsini vurğulayan rektor şəhərin zəngin incəsənətinin öyrənilməsi və təbliğinin Özbəkistan üçün də maraq kəsb etdiyini söyləyib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında əməkdaşlıq, mədəni əlaqələrin inkişafı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və layihələri haqqında məlumat verib. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin, mütəfəkkirlərin vətəni Şuşanın Azərbaycan və Türk dünyası mədəni həyatında rolu və yeri haqqında danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə keçirilən “Şuşa günləri” haqqında məlumat verib, Azərbaycanda xalçaçılıq, dekorativ sənət, rəssamlıq, teatr sənəti, kitabxana, nəşriyyat, ilk dünyəvi məktəbin yaranmasının Şuşanın adı ilə bağlı olduğunu qeyd edib. O, “Şərqin konservatoriyası” adlandırılan şəhərin erməni işğalından azad edildikdən sonra əvvəlki şöhrətinin qaytarıldığını, sovetlər dövründə Şuşada keçirilən “Xarı Bülbül” Beynəlxalq Musiqi Festivalı və “Vaqif poeziya günləri” tədbirlərinin bərpa olunduğunu, Şuşanın nəinki Azərbaycanın, bütün Türk dünyası insanları üçün mühüm və müqəddəs bir məkana çevriləcəyini bildirib.
Tədbirdə çıxış Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün tarixindən söz açıb. Azərbaycan ordusu tərəfindən aparılmış 44 günük Vətən müharibəsi, Özbəkistan dövlətinin və özbək xalqının Azərbaycanın yanında olması, Vətən Müharibəsi zamanı bu dəstəyi daha yaxından hiss etdiklərini qeyd edib, Şuşa şəhərinin ölkəmiz üçün əhəmiyyətindən danışıb.
Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Özbəkistan Ali Məclisinin deputatı, şair İqbal Mirzə, Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er Türk dövlətləri, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşləri barədə danışaraq, qardaş xalqların tarixin bütün sınaqlarından birgə keçdiklərini, eyni sevinci və kədəri paylaşdıqlarını, bu gün də bütün sferalarda istər dövlət olaraq, istərsə də xalq olaraq həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.
Tədbirin bədii hissəsində tanınmış Azərbaycanlı modelyer Gülnarə Xəlilovanın müəllifi olduğu “Qarabağ” Milli Geyim Kolleksiyasının moda nümayişi keçirilib. Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun tələbələri tərəfindən nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların alqışları ilə qarşılanıb.
Konsert proqramda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun konserti təqdim olunub. Musiqi qrupu Azərbaycan, Türk, Macar əsərləri, həm də Xocalı soyqırımına aid əsərlər ifa edib.
Azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun ifasında Qarabağa dair musiqilər səsləndirilib.
Sonda Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Bakıda Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb
Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” AzərTACa istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov sərgi barədə məlumat verib.
Qeyd edib ki, Heydər Əliyev Mərkəzi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq tədbirlərlə, konsertlərlə yanaşı türk incəsənətinin nümayişi və təbliğatı istiqamətində bir sıra layihələr həyata keçirib: “Bu istiqamətdə növbəti layihəmiz Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisidir. Sərgidə rəssamın bir sıra məşhur əsərləri nümayiş olunur, o cümlədən bəzi əsərlər ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim edilir. Devrim Erbilin rəsm əsərləri Türkiyənin və dünyanın bir çox muzey kolleksiyalarında yer alıb və bu günədək yüzlərlə sərgisi açılıb. Türkiyənin rəsm sənətinin məşhur simalarından olan D.Erbilin İstanbula həsr edilən əsərləri dünyaca məşhurdur. Mərkəzdəki sərgisində isə müəllifin həm də Bakıya həsr edilən əsərləri ilk dəfə nümayiş olunur”.
“Türkiyədən sevgilərlə” sərgisinin kuratoru Renk Erbil qardaş ölkədə olduğundan məmnunluğunu bildirib: “Sizə, qardaş ölkəyə Türkiyədən bol-bol sevgi və rəssam, eyni zamanda atam Devrim Erbilin bir-birindən gözəl rəsm əsərlərini gətirdik. Buna görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə təşəkkürümüzü bildiririk. Bu sərginin özəlliyi ondadır ki, burada rəssamın ən möhtəşəm və hətta muzey kolleksiyalarından ibarət rəsmləri nümayiş edilir. Burada hətta gözəl şəhəriniz olan Bakını əks etdirən əsərlər də yer alır. Biz heç yerdə və heç bir məkanda bu qədər geniş sayda əsərlər sərgiləmirik, sadəcə, Azərbaycanın, Erbil ailəsi olaraq bizim qəlbimizdə tam başqa yeri olduğu üçün biz Bakıda genişmiqyaslı sərgi açaraq bunları sizin üçün nümayiş etdirmək istədik”.
Tanınmış türk sənətşünas, professor Kiymet Giray rəssam və onun sərgisi haqqında danışıb. O deyib: “Sərgi ilə əlaqədar burada olmaqdan çox məmnunuq. Sərginin gerçəkləşməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, həmçinin köməyi və dəstəyi olan hər kəsə minnətdarlığımızı bildiririk. Bu gün bizimlə bu həyəcanı bölüşən bütün tədbir iştirakçılarına öz təşəkkürümüzü bildiririk. Devrim Erbil türk rəsm sənətinin ən önəmli sənətçisi olmaqla yanaşı, eyni zamanda, dünya miqyasında ən tanınmış fırça ustadlarındandır. Onun dünyanın bir çox ölkələrində sərgiləri açılıb”.
1937-ci ildə anadan olan Devrim Erbil həyatının 60 ilini tarixi İstanbul şəhərində yaşayıb, yaradıb. Bu şəhərə olan bağlılığı onun yaradıcılığından da yan keçməyib. Türkiyənin rəsm sənətinin tanınmış simalarından olan D.Erbilin İstanbula həsr etdiyi əsərləri dünyada məşhurdur. Mərkəzdə açılan ekspozisiyada isə müəllifin həm də Bakıya həsr etdiyi əsərləri ilk dəfə sərgilənir. Abstraksionist rəssam kimi tanınan D.Erbil İstanbuldakı Gözəl Sənətlər Dövlət Akademiyasında təhsil alıb. Bedri Rəhmi Eyuboğlu, Cemal Tollu, Cevat Derelinin sənət emalatxanalarında işləyən rəssam bir sıra kollektiv sərgilərdə öz əsərləri ilə yaradıcılığına diqqət cəlb etməyi bacarıb. Bunun sayəsində İspaniya hökumətinin təqaüdünə də layiq görülüb. O, Madrid və Barselonada başladığı sənət araşdırmalarını London və Parisdə davam etdirib. Əsərlərində təbiət mövzusuna üstünlük verən rəssam həyatını incəsənətə həsr edib. O, bir çox məqalələrin müəllifi və beynəlxalq konfransların, seminarların təşkilatçısıdır. Rəssam Türkiyənin bir sıra nüfuzlu dövlət mükafatlarına, o cümlədən Dövlət rəssamı adına layiq görülüb. O, eyni zamanda, bir çox beynəlxalq sərgi və layihələrin iştirakçısıdır. Türkiyədə onun adını daşıyan Müasir İncəsənət Muzeyi və Fond da fəaliyyət göstərir.
Türkiyəli rəssam Devrim Erbil sərgisinin Bakıda keçirilməsindən qürur duyduğunu dilə gətirib: “Qardaş Azərbaycanın çox dəyərli insanları, hamınızı sevgi ilə qucaqlayıram. Təkcə simanız deyil, həmçinin qəlbiniz gözəldir. Məni və sənətçi ailəmi sevgi ilə qarşıladınız. Bunun üçün sizə sonsuz minnətdarlığımı bildirirəm. Dünyanın bir çox ölkəsində sərgilər açdım, amma buradakı kimi gözəl insanları hər yerdə görmək mümkün deyil. Mənə burada Qarabağın da rəsm əsərini çəkəcəyim barədə sual verdilər. Acısını birgə çəkdik, hiss etdik, amma oranı görəndən sonra bəlkə də oranın da rəsmini çəkəcəyəm. Bu mənim Bakıya ilk səfərim olmasa da, buralara yenidən gəlmək niyyətindəyəm. Siz də mənim növbəti sərgilərimə gələcəksiniz. Bir ildir ki, Bakıda bu sərgini açmağı planlaşdırırdıq və nə gözəl ki, buna nail ola bildik. Qardaş Azərbaycan xalqı ilə belə bir tədbirdə birgə məkanda görüşmək çox qürurvericidir. Sərgimin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Heydər Əliyev Mərkəzinə, eləcə də əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Mənim qardaş Azərbaycana böyük hörmətim və sevgim var”.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, fırça ustasının Heydər Əliyev Mərkəzindəki sərgisi sentyabrın 3-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)