Təkcə gecə-gündüz oxumaq bəs edirmi? – Abituriyentlər üçün qızıl məsləhətlər Featured

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadə özünün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririr.

Yaydır, demək, ali məktəblərə qəbul imtahanları zamanıdır. Abituriyentlər cidi-cəhdlə qəbul imtahanlarına hazırlaşırlar. Uğur sirləri bu yazılardadır.

          

Qeyd etdik ki, gənc yaşlarında insanların rastlaşdıqları ilk uğursuzluqlar sırasında uğursuz sevgi və ali təhsil ala bilməmək dominantlıq təşkil edir.

Əksər xalqlar kimi bizim azərbaycanlılar da mental xüsusiyyətlərdən irəli gələrək oxumağa, təhsilə həmişə önəm veriblər. Tarix boyu təhsillilərin, savadlıların statistikası bizim ölkədə yüksək olub. Məktəbə getməyən, təhsil almayan insanlardan hər eldə-obada birini taparsan, ya tapmazsan. Bizdə hətta belə bir adət də var: valideynlər gəlin köçürdükləri qızlarının cehizləri arasında ali məktəb diplomunun olmasının da qeydinə qalırlar. Düzdür, Azərbaycan BMT-nin təhsil səviyyəsinin indeksi reytinqinə (education index) görə ilk onluğa düşmür (1. Avstraliya; 2. Danimarka; 3. Yeni Zelandiya; 4. İrlandiya; 5. Norveç; 6. Niderland; 7. Almaniya; 8. ABŞ; 9. Böyük Britaniya; 10. Kanada), amma YUNESKO-nun nisbi savadlılıq statistikası cədvəlində bizim ölkəmiz SSRİ dönəmində təməli qoyulan məcburi təhsil qaydaları hesabına 99.5% savadlılıq göstəricisi ilə dünya üzrə 13-cü pillədə qərarlaşıb (Maraqlıdır ki, ilk pillələrdə yalnız postsovet və postsosialist ölkələri qərarlaşan bu siyahıda education index onluğunu təşkil edən Avstraliya yalnız 23-cü, Kanada 26-cı, Danimarka 29-cu, Almaniya 32-ci, ABŞ isə hətta 44-cü yerdədir).

Orta məktəbi bitirib ali məktəbə daxil ola bilməmək bizim ölkədə bir gənc üçün böyük faciə, onun valideynləri üçünsə böyük bədbəxtçilik hesab olunur. Əgər biz uğurdan danışırıqsa, statistik insan üçün ilk böyük həyat uğuru, təbii ki, orta məktəbi müvəffəqiyyətlə bitirib ali məktəbə daxil ola bilmək sayıla bilər. Və minlərlə gənc də bu uğura qovuşa bilməyəndə həyatdan küsür, depressiyaya uğrayır.

Gəlin çox sadə olan «abituriyent müvəffəqiyyətləri» şərtlərinə diqqət yetirək. Bu şərtlərin düzgünlüyünə mən zaman-zaman iki ali məktəbə daxil olub onları müvəffəqiyyətlə bitirərək öz üzərimdə apardığım çalışmalar hesabına əmin olmuşam.

Ali məktəbə qəbul olmaq istəyirsən? Gecə və gündüz oxumalısan, hazırlaşmalısan, repetitor yanına getməlisən, sınaq imtahanları verib gücünü sınamalısan. Bu hazırlıq müddətində gündəlik həyat rejimini dəyişib fərqli rejim qurmalısan. Hətta ən xırda detal belə sənin özünü yolunda fəda etdiyin uğuruna xidmət etməlidir. Hafizəni və şüuru gücləndirən qidalardan, təbii otlardan, vitamin və preparatlardan istifadə etməlisən, oxuduğun materialı daha yaxşı qavramaq üçün məlum üsullardan, sınaqlardan çıxmış psixoloji testlərdən, təmrinlərdən bəhrələnmisən.

Gəlin, çox sadədən başlayaq. Zaman az, oxunacaq, mənimsəniləcək biliklər çox. Dərslikləri öz axarı ilə, bədii ədəbiyyat oxuyurmuş kimi oxusanız imtahanlaradək tam hazırlıqlı olmağa zamanınız təbii ki, yetməyəcək. Bəs onda nə etməli? Əlbəttə ki, sürətli-effektiv oxu qaydalarına riayət etməli. Bu barədə o qədər çox metodika, kurslar, treninqlər var, saymaqla qurtarmaz. Tam dərinə getmədən gəlin bir neçə çox vacib qaydalara nəzər yetirək.

 

A. Diqqət və yaddaş

Mətn oxuyarkən ən vacib iki proses bunlardır: Diqqətlə oxumaq və oxuduğunu yaddaşa ötürmək.

Xüsusən biliklər almaqçün oxuyan zaman hədsiz diqqətli olmaq lazım gəlir. Amma beynimizi məşğul edən nəsnələr daim fikrimizi başqa səmtə yönəldir, biz əksərən mexaniki oxuyuruq, oxuduğumuz şüurumuza çata bilmir, yaddaşa da həkk olunmur. Heç kəsə sirr deyil ki, zehni əməyin məğzi konsentrasiya oluna bilməkdir. Ali məktəbə qəbul olunmaqçün hazırlıq mərhələsi, şübhəsiz, zehni əmək növüdür. «Mənim gələcək uğurumun yolu bax bu mətni oxuyub mənimsəməkdən keçir», «mən mütləq bunu öyrənməliyəm», «tam diqqətlə, tam səylə, tam məsuliyyətlə oxumalıyam» cümlələri ilə fikrini tam oxuduğun mətnə yönəldib, fikrini dağıda biləcək hər şeydən kənarda, ideal bir şəraitdə oxumağa çalışmalısan.

 

B. İnteqral alqoritm

Sürətli oxumada ən vacib olanı həqiqətən də sürətlə, tutalım, bir səhifəni bir neçə saniyə ərzində oxumaq deyil. Prosesin ən vacib olanı mövzunun mahiyyətini dərk etməyə yönəli seçdiyiniz proqramın düzgün olması, nəticədə də informasiyanın optimal və effektiv alınmasıdır.

Siz əlinizə bir kitab götürəndə heç vaxt öncədən planlaşdırmırsınız ki, onu necə, hansı ardıcıllıqla, sürətlə, intervallarla oxuyacaqsınız. Nəticədə mahiyyət etibarı ilə həmin kitabı aşağı tempdə, astagəlliklə oxumalı olursunuz.

Amma düşünmək lazımdır ki, oxunmanın istənilən texnikası və sürəti mütləq halda oxucunun öz qarşısına qoyduğu məqsəd və vəzifələrə tabe olmalıdır. Məhz qarşına müvafiq proqram qoymaq, onun hər bir bölümündən lazımi anda çevikliklə istifadə etmək sürətli oxumaq məharətini şərtləndirir.

C. Antireqressiya və antiartikulyasiya

Bəzən biz mətni oxuyanda bir sətri bitirən kimi gözümüz sətrin əvvəlinə – onu təkrar oxumaya yönəlir. Bu, mütaliədə ən geniş yayılmış qüsurdur və reqressiya adlanır. Düzdür, sətrin, cümlənin təkrar oxunmasının resipasiya adlı oxuduğun cümlədəki fikri daha dərindən mənimsəmək növü də var. Bu təmrin, əlbəttə ki, çox zəruri və vacibdir. Amma reqressiya isə boş vaxt itkisi, gözə verilən əlavə yükdür. İstənilən halda bu vərdişdən yaxa qurtarmaq zəruridir.

Məhsuldar oxumağımıza mane olan daha bir faktor oxuma zamanı artikulyasiya adlanan ağızın, dilin, udlağın hərəkətliliyidir. Biz öz-özümüzə oxuyanda bəzən istər-istəməz bu orqanlarımıza güc tətbiq edirik. Bəziləri, hətta ucadan oxuyaraq bu gücün təsirini ikiqata, üçqata çatdırırlar.

Amma istənilən halda mətn effektivlik üçün tam səssiz oxunmalıdır. Artikulyasiya oxunanı mənimsəmək üçün orqanlarımıza təsir edən bəlli əngəldir. Məşq edin, lap dilinizi dişinizlə tutub saxlayın, amma sakit, mütləq sakit oxuyun!

 

D. Vertikal oxumaq

Ənənəyə görə oxumaq üçün çox kiçik görmə bucağı lazım olur, gözlər soldan sağa hərəkət edir, ən yaxşı halda 2-3, daha kiçik olarsa 4 söz gözümüzün, necə deyərlər, əsarəti altında olur. Məhz bu sahənin məhdud olması nəticəsində bir sətri oxumaq üçün gözümüz bir neçə həmlə edib bir neçə dəfə dayanmalı olur. Bunu bütöv bir səhifəyə şamil etsək, maraqlı bir mənzərə yaranar. Deməli, biz hər sətirdə üç dayanacaq etməklə 30 sətrlik bir kitab səhifəsini 90 həmləyə oxuya bilirik.

Amma gəlin indi sözbəsöz yox, frazalarla oxumağa çalışaq. Yəni gözün görmə bucağını böyüdüb bir həmlədə daha çox söz oxuyaq. Bu, təkcə oxuma sürətini artırmır, həm də özündə oxuduğunun daha yaxşı mənimsənildiyini ehtiva edir. Pedaqogikada tam olaraq isbatlanıb, mətnin daha böyük fraqmentlərlə oxunması onun məzmununun daha aydın dərk edilib qavranmasına gətirib çıxarır. Gözün görmə bucağı artdıqca onun oxumağa sərf etdiyi enerjisi də azalır, buna ayrılan vaxt da qısalır. Və bu vərdiş get-gedə oxuma zamanı gözün tam püxtələşməsinə səbəb olur, soldan-sağa artıq bütöv sətri nəzarəti altına almağa müvəffəq olan göz tədricən mətni horizontal yox, vertikal oxumağa başlayır. Nəticədə, 90 həmləyə oxuduğun bir səhifəni bu dəfə sətir sayı qədər, yəni 30 həmləyə oxuya bilirsən. Həm vaxta 3 dəfə qənaət edirsən, həm də qavrama məhsuldarlığın 2 dəfə artır.

 

E. Məğzi tutmaq

Psixologiyada «Mətni dərk etmək» termini var, «dərk etmək», «anlamaq» anlayışları «oxumaq» anlayışının məntiqi nəticəsi olmalıdır. Öz mövcud biliklərindən istifadə edərək oxunulan mətnin həyatla inikası arasındakı məntiqi əlaqəni tuta bilmək, bax budur əsas məsələ. Mürəkkəb olmayan mətni oxuyanda «qəbul etmək» və «anlamaq» anlayışları ani olaraq bir-birilərini tamamlayırlar. Mövcud biliyimizin müxtəlif detalları aldığımız yeni bilgilərin təəssüratıyla zənginləşir.

Amma biri də var, mürəkkəb, öncədən bilik bazamızda heç bir izi olmayan mətni oxumaq, bu zaman qavramaq prosesimiz konkret olaraq çətinlik çəkir. Bax bu məqamda istifadə edilə biləcək ən vacib vasitə mətnin əsas mənasına güc verməkdir. Mətni hissələrə bölür, məna baxımından qruplaşdırır, ən vacib olan hissəni müəyyənləşdirir, onu təkrar-təkrar diqqətdə saxlayırıq. Psixologiyaya görə, yeni mətnin dərk edilməsi şüurumuzdakı istənilən uyğun «materialdan» istifadə ilə asanlaşa bilər. Bu, əlavə detallar, ştrixlər, ikinci dərəcəli sözlər, müxtəlif hadisələr, qaynaqlar ola bilər. Bir sözlə, istənilən şüur assosiasiyası bizim dayağımıza çevrilə bilər.

Demək, mətnin məzmununu qısa məntiqi formulalara çevirib hər formulanın nüvəsi olan əsas fikri müəyyənləşdirib bunu öz şüurumuz və bilik bazamıza transfer etməklə (bunu, haradasa filtrasiya prosesi kimi də izah edə bilərik) biz mətni başa düşməni tam mahiyyəti ilə reallaşdıra bilərik, dərketmə qabiliyyəti əldə edərik!

 

F. Nəticə qorxusunu dəf etmək

Qəbul imtahanına hazırlaşan abiturientin imtahanqabağı psixoloji tarazlığını qoruması, qorxu və həyəcandan qurtula bilməsi çox vacib, mən deyərdim ki, hətta ən həlledici məqamdır. Hətta tam hazırlıqlı olduğun halda həyəcan və qorxudan psixoloji sarsıntı keçirib müvəffəqiyyət qazanmamaq mümkündür.

Mənim şəxsən özümün həyatda bir sınanılmış «nəticə qorxusunu dəf etmək» adlı vasitəm vardır. Həyat əhəmiyyətli bir görüş, çox vacib bir hadisə ərəfəsində həmişə bunu sınayıram. Düşünürəm ki, abiturientlər də bunu sınasalar xeyirlərinə olar.

Demək, elə ki, abituriyentlərimiz qəbul imtahanlarına tam hazırlaşdılar, imtahana bir gün qalanda oxuduqlarını təkrarlıyıb qurtarıb kitablarını bir qırağa qoyurlar və başlayırlar mən dediyim «dəfetmə» prosesinə. Bunun üçün, düşüncələrində imtahandan kəsilmə, yəni bu həyat əhəmiyyətli hadisənin uğursuz sonluğu situasiyasını yaratmaları lazım gələcək. İmtahandan kəsilsələr nə olacaq? Valideynləri onları danlayır, hətta onlardan üz də döndərirlər, dost-tanış istehza edir, qəbul olanlara həsəd və paxıllıq hissi içlərini didib-dağıdır, gedib ağır bir işlə, tutalım yükdaşımaqla məşğul olurlar. Qanları qaradır, küskündürlər, hədsiz bədbəxtlik içindədirlər. Situasiyanı tam dolğunluğu ilə yaradıb, maksimum keçirəcəkləri ziyanı, alacaqları zərbəni təsəvvür etməli və bünları yaşamalıdırlar. Sonra da bundan ən az itkilərlə necə çıxacaqlarını təsəvvür eləməlidirlər. Hər halda, öləsi deyillər ki. Həyat davam edir. Toparlanarlar, gələn il daha yaxşı hazırlaşıb mütləq qəbul olunarlar.

Haradasa psixoterapiya adlandırılacaq bu üsul mütləq abituriyenti sakitləşdirəcək. O, qəbul imtahanının uğursuzluğu dəhşətini yaşamış kimi olacaq, daha o dəhşətin öldürücülüyündən qorxmayacaq.

 

                                        *          *          *

 

Söhbətimizin lap əvvəlində biliklər əxz etmək prosesində düzgün mütaliə, psixoloji tarazlıq ilə yanaşı prosesin digər vacib tərkib hissələrinin də adlarını sadalamışdıq ki, bunlardan birinin də düzgün rejimin, qidalanmanın, yaddaşın artırılmasına xidmət edən qida rasionundan düzgün istifadənin olmasını vurğulamışdıq.

İlk düşüncədə ağıla belə gəlməyəcək bir şey: adi su. Deməzsənmiz, müntəzəm olaraq su içmək hafizəni dedikcə gücləndirirmiş. Bu yaxınlarda Türkiyəli məşhur mütəxəssis Dr. Yasemin Bradleyin qeydləri ilə tanış oldum. Hafizəni gücləndirmək və düşüncə sürətini artırmaq üçün davamlı şəkildə ph (bir mayenn turş-qələvi balansı) səviyyəsi çox yüksək (hardasa 7,45) olan, təbii minerallarla zəngin su içmək lazımdır (Qısaca aydınlıq verim ki, 7,0 ph səviyyəsi neytral mühitdir. Səviyyə 6,9-dan 0-dək azalırsa, mayenin turşuluğu artır, səviyyə 7,1-dən 14,0-dək artırsa, onda mayenin qələviliyi artır. 7,36 – normal mühit adlanır. 7,0-dən aşağı, yəni turşuluğun yüksək göstəriciləri xəstə mühitə, 7,0-dən yuxarı, yəni qələviliyin yüksək göstəriciləri sağlam mühitə işarədir. Bir sözlə, turşulu su – ölü su, qələvili su – sağlam su adlanır).

Beynimizin 70-75%-i sudan ibarətdir, güclü yaddaşa sahib olmaq, sürətli düşünə bilmək üçün suya hədsiz ehtiyacımız var.

Bradley yazır: «Su beyinin bütün funksiyalarını sürətləndirir, su azaldığı zaman beyin əvvəlkindən yavaş işləyir. Susuz beyin bilik saxlama və hafizə yaratma imkanlarını itirir».

Bradley marketlərdən içməli su alarkən onun minerallarla, xüsusən kalsium və maqneziumla zəngin olmasına diqqət yetirməyin vacibliyini bildirir. Gündəlik kalsium ehtiyacının 70%-nin süd və süd məhsulları ilə, 16%-nin meyvə qurusu və çərəzlərlə, 6-7%-nin isə mineral sularla təmin olunması tövsiyyə olunur, amma tərkibi bol kalsiumlu (hətta bəzilərində 400 mq və daha artıq) sular içildikdə suyun müəyyən faizi ümumi balansın daha əhəmiyyətli hissəsinə cevrilə bilir.

Demək, xüsusən effektli olan səhərertə mütaliəsini bir stəkan ph səviyyəsi normaya uyğun və kalsiumu bol su içməklə başlamağın faydası böyükdür.

Gün ərzində isə mütləq yaddaşı möhkəmləndirən qidalarla qidalanmaq lazımdır. İlk növbədə qidanın antioksidantla bol olmasına diqqət yetirilməlidir. İspanaq, brokkoli kələmi, tut, omeqa-3 tərkibli balıq yağı, soya – bütün bu qidalar hafizə üçün əvəzsiz fayda verirlər.

Düzgün rejim qaydaları isə çox sadədir: Müəyyən dəqiq vaxt intervalı ilə oxumaq, arada beyin və bədən gimnastikası ilə məşğul olmaq, müəyyən saatlarda dincəlmək, açıq hava gəzintisinə vaxt ayırmaq və mütləq  azı 7 saatlıq möhkəm gecə yuxusuna riayət eləmək.

Əziz dostlar. Demək,

- diqqətlə;

- sürətlə;

- artikulyasiyaya (ağızın, dilin, udlağın hərəkətliliyinə) yol vermədən;

- vertikal;

- məğzi tutmaqla;

- nəticə qorxusunu dəf etməklə oxuyur, oxuduqca düzgün rejim və qidalanma qaydalarına əməl edirsiniz, sonucda mütləq uğurlu nəticə əldə edəcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.