Super User
Niderlandda yaşayan 49 yaşlı Vedili balası...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Artıq on beş ildir ki, Niderland Krallığında yaşayır, amma hələ də Azərbaycanla nəfəs alır, bu ölkənin gündəmi ilə yaşayır.
Deyir ki,- "Azərbaycan mətbuatında tənqidi yazılarla çıxış etsəm də, Niderland mətbuatında əksinə, ölkəmizi həmişə tərifləyirəm..."
1997-ci ildə Qərb Universitetinin "Sosial Siyasi İnzibatçılıq" faklütəsini bitirsə də 2012-2015-ci illərdə Niderlandda Davinci Kollecində sosial xidmətlər üzrə əlavə təhsil də alıb. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. 2011-ci ildən Niderlandda qaçqınlarla bağlı təşkilatlardan birində hüquq yardımçısı kimi işləyir.
2015-ci ildə Niderlandda Azərbaycan diasporasının inkişafı üçün niderlandlı həmkarları ilə birlikdə “Connect” təşkilatını yaradıb və bu təşkilata rəhbərlik edir. Ötən müddət ərzində Hollandiya parlamentində millət vəkilləri, yerli bələdiyyə başçıları, siyasət adamları ilə çoxsaylı görüşlər keçirib, Azərbaycan həqiqətlərini onlara çatdırmağa çalışıb...
“Uşaq idim, 12 yaşım olardı, ya olmazdı. Xəstələnib yatağa düşmüşdüm. Həkimlər “əgər keçməzsə əməliyyat etməliyik” demişdilər, təsadüfən eşitmişdim. Şam yeməyi vaxtı idi. O vaxt axşam yeməklərini çox vaxt bütün ailə bir yerdə yeyirdi. Televiziyada “Arzular” verilişi gedirdi. İndiki gənclər bilməzlər, bizim yaşıdlar və bizdən yaşlılar yəqin ki, xatırlayarlar. Səhv etmirəmsə, verilişi Aygün Qaradağlı aparırdı. O vaxt mənim ən çox sevdiyim müğənnilərdən biri də Məmmədbağır Bağırzadə idi. Televiziyadakı verilişi görüb “Məmmədbağır Bağırzadə oxusaydı sağalardım” dedim. Atam mənə baxdı, masanın üstündəki siqaretindən birini götürüb bayıra çıxdı. Yeməyi masanın üstündə qalmışdı. Bir qədər sonra geri döndü. Birdən aparıcı “İndi də tamaşaçıların xahişi ilə oxuyur Məmmədbağır Bağırzadə” dedi. Sevindiyimdən bilmədim nə edim. Elə bildim ki, atam bayıra çıxıb mənim istəyimi hansısa yolla onlara dedi. Axı atam da o zamankı AzTV-nin “Günün Ekranı” xəbərlər proqramında jurnalist kimi çalışırdı. Amma necə onlara mənim istəyimi çatdırmışdı? Axı o vaxt mobil telefonlar yox idi, heç evimizdə də adi telefon yox idi. Amma düşünürdüm ki, atam bacarar, atam güclü idi, istədiyimiz hər şeyi edə bilərdi. Bəli, övladlar atalarını güclü, hər şeyə qadir bilir. Keçənlərə rəhmət, qalan atalara can sağlığı diləyirəm.”- söyləyir.
Atası Zakir Abbasov uzun illər AzTV-nin "Günün ekranı" xəbərlər proqramında jurnalist işləyib...
Deyir ki,- “Bu həyatda çox şey görmüşəm, həyata keçən və keçməyən arzularım olub, bir çoxlarında olduğu kimi. Ən böyük arzularımdan biri də, atamın doğulub böyüdüyü, Vedini görməkdir. Bir gün bu arzuma çatacağıma inanıram...”
1986-cı ildə əlaçı şagird kimi, onu “Artek” pioner düşərgəsində istirahətə göndərirlər. Burada olarkən, başqa respublikalardan da gələn şagirdlərin dünyagörüşündəki fərqli cəhətləri görür. Bu müqaisə onda daha çox oxumaq, təhsil almaq həvəsi yaradır. Xalq yacıçısı Anarın: "Vətənpərvərlik odur ki, hər kəs öz üzərinə düşən işin öhdəsindən gəlməyi bacarsın"- nümunəsini dilə gətirib gücü çatan qədər vətənə xidmət göstərəcəyini bildirir…
"Mirzə Ələkbər Sabirin, Üzeyir bəyin o zaman yazdıqları problemlərin çoxu bu gün də aktualdır. İstəyirəm ki, həmin gerçəkliklər öz aktuallığını itirsin. Təfəkkürdə ciddi dönüşlər olsun. İnsanlar bir-birini sevsinlər, bir-birinin uğuruna şad olsunlar."- söyləyir.
Mehriban, vətənpərvər və həm də zəngin dünyagörüşü olan bu insandan, xarici ölkələrə getmək istəyən soydaşlarımıza nə tövsiyəniz var, deyə soruşanda- "Xaricdə azərbaycanlıların daha çox olmasını mən də arzulayıram. Amma gələrkən qarşılarına məqsəd qoysunlar. Gəlməmişdən əvvəl yaşayacaqları dövlətin dilini öyrənsinlər ki, həmin ölkənin insanlarına tez qaynayıb qarışa bilsinlər"- cavab verdi...
Haqqında söhbət açdığım Vüqar Abbasovun bu yazı yeni yaşa qədəm qoyması münasibətilədir. Ona möhkəm can sağlığı arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Con Uik 4” qalib gəldi
“Golden Trailer Awards” qalibləri elan edildi
Treylerlər barədə yazmışdıq. Film çəkmək bir yana. Bu, konkret işdir, sən dramaturji materialı vizual baxış mənbəyi etmək üçün ən azı bir saat, saat yarım vaxt əldə edirsən. Biri də var, həmin o bir saatlıq, saat yarımlıq filmi dəqiqə yarımlıq, iki dəqiqəlik treylerə çevirəsən. Bax ən çətini budur. Necə etməli ki, qısa vaxt dönəmində həm ideya, həm süjet, həm peşəkarlıq, həm gözəllik, həm aktyor ifası - hamısı nəzərə çatdırılsın?
Los-Ancelesdə təqdim olunan “İlin ən yaxşı film treylerləri” nominasiyası üzrə XXIII "Golden Trailer Awards” mükafatının qalibləri elan edildi.
“Ədəbiyyat və incəsənət” portalı Variety saytına istinadla xəbər verir ki, mərasimdə təqdim olunan mükafatlar “iki saatlıq filmləri iki dəqiqəlik treylerlərə çevirmək” (təbii ki, iki saat və iki dəqiqə şərti anlamlardır) tələbi qoyulan yaradıcı qruplara verildi.
Bu siyahı üzrə əsas nominant filmlərin adlarını təqdim edirik:
“Forsaj 10”,
“Qara pantera 2: Əbədi Vakanda”,
“Zindan və əjdahalar: Oğrular arasında vicdan”,
“Con Uik 4”,
“Bıçaqları çıxarmaq 2”,
“Yox”,
“Oppenheimer”.
Televiziya serialları arasında isə liderlər bu treylerlər idi.
"Ted Lasso",
“Çox qəribə işlər",
“Eyni binada qətl".
“Con Uik 4” promosu tammetrajlı filmlər arasında 1-ci oldu. Animasiya lentləri arasında “Hörümçək-adam: Yer kürəsi toru” fərqləndi.
Dramlar bölümündə Kristofer Nolanın “Oppenheymer”, komediya bölümündə “Kokain ayı”, xorror janrında ən cəlbedici film trilleri isə “Gülüşlər” oldu.
Adətən rus filmlərini heç bir festivala buraxmırlar. Amma bu dəfə istisna oldu və TNT4 televiziyasının “Kino yayı” treyleri “Bədii film üçün Ən yaxşı TV-spot” nominasiyasını qazandı.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Dünya necə dünyadır” – Əlişükür Cavadovun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtundan Əlişükür Cavadovun “Dünya necə dünyadır” hekayəsini oxucularımıza təqdim edirik.
Əllərini yellədə-yellədə həyətə daxil olan Bağırın rəngi boğulmuş, sifəti gərginləşmişdi, nəfəsi isə təntiyirdi. Əsəbindən dil-dodağını gəmirən Bağırın ağzının və bığının kənarları titrəyir, sol gözü tez-tez yumulub açılır, sifətində qara buludlar toqquşaraq ildırım çaxdırırdı. Əsəblə həyətin o baş-bu başına gedir, əlini talvarın altındakı stolun üstünə vurur, heç cür özünə gələ bilmirdi. Tərslikdən həyətdə də bir adam yox idi ki, üstünə qışqırıb əsəbini tökə. Bir anlıq heykəl kimi dayandı - Allah bəlanı versin - deyib önündəki masaya var gücü ilə bir yumruq geyindirdi. Sonra taqətsiz halda stula çöküb başını masanın üstünə tərəf əydi. Bir müddət, başını masanın üstündə sağ qolunun üstünə qoyub dayandı. O, bir xeyli bu vəziyyətdə qaldı. Aradan keçən zaman Bağırı özünə qaytardı. Onun rəngi açıldı, sifətindəki ildırımın yerinə ağ buludlar gəldi. Əsəbdən kəsilməyə az qalmış nəfəsi nizama düşüb aram oldu, tez-tez qırpdığı sol gözünü isə sağ gözü ilə eyni vaxtda qırpmağa başladı. Yalnız bundan sonra həyətə girən andan Bağırı tül pərdənini arxasından izləyən yoldaşı onun yanına getmək qərarına gədi...
Bağırın yoldaşı həyətə düşüb səssizcə onun qənşərindəki stulda oturub gözlərini onun gözlərinə zillədi. Bir qədər beləcə baxdıqdan sonra dilləndi.
-Qoymadılar ?
-Yox. İcazə vermir o köpəkoğlu. Deyir ki, sənin oğlun kimi uşaqları məktəbə qəbul edə bilmərik. Onlara ancaq evdə fərdi dərs keçilməlidir... Bunun mənə dediyi sözə bax. Guya ki, məktəbdə oxuyan uşaqların hamısının ağlı yerindədi, bir mənim balamın ağlı çatmır. Guya istəsəydi boyun olmazdı? Mən bilirəm onun qarnının ağrısını. Özünü camaata göstərir. Bax e. Dünənə qədər onun bunun qapısında ustalıq edib talvar bağlayan Qəfər indi adam olub əlinə səlahiyyət keçib. O da bu səlahiyyəti hamının gözünə soxmalıdı, ya yox? Camaata göstərməlidi ki, baxına, mənim səlahiyyətim var, mən sizdən üstünəm. Üstün olduğuma görə də hamınız mənimlə razılaşmalısız. Özü də, mən dediyimdən dönmdürəm. Dediyim dedikdi, yediyim də...
-Bağır – yoldaşı dilləndi.
-Ölsün Bağır – Bağır özündən çıxdı – Molla Əhmədin oğlu Bağıra hökm oxuyandan sonra elə Bağır ölsə yaxşıdı. Mütrüf oğlu mütrüf. Kişi olub kişilərə qoşulub.
-Ay Bağır.
-Daş düşsün Bağırın başına. Necə ki, düşüb. Ta bundan sonra mən niyə yaşayıram ki? Talvaryığan Qəfərin sözünün qabağında aciz olandan sonra day mən nəyə lazımam?
-Ay Bağır.
-Kişinin oğlu məktəbin psixoloqu imiş. Məktəbə gedən uşaqların psixoloji durumunu qiymətləndirirmiş. Paaah. O boyda məktəbdə adam tapmadılar psixoloq işlətməyə? O məktəbin ki psixoloqu molla Əhmədin oğlu talvaryığan mütrüf Qəfərdi, mənim oğlum elə o məktəbə getməsə yaxşıdı.
-Bağır.
-Bilirsən necədi ? Vapşem bundan sonra heç özüm qoymuram oğlumu məktəbə getməyə. O talvaryığan gəlib yalvarsa da qoyan deyiləm.
-Bağır.
-Nədiye Bağır Bağır salmısan sən də. Adımı əzbərləyirsən ? – deyib masaya möhkəm bir yumruq vurdu. Masada olan su qirvənkəsi ləngər vuraraq aşdı, içindəki su dağıldı. Bağır yalnız bundan sonra bir qədər sakitləşən kimi oldu. Yoldaşının üzünə baxdı və heç nə demədən evə qalxdı...
Masa örtüyünün kənarlarından axan su damcıları aramsız şəkildə torpağı döyəcləyirdi...
***
Bağırın ürəyincə olmasa da məktəblər açılan vaxtdan sonra Bağırgilin evinə oğluna fərdi təhsil verməyə müəllimlər gəlib getməyə başladı. Əslində məktəbin psixoloqu Qəfər düz deyirdi. Bağırın oğlunda əqli cəhətdən gerilik vardı. Qəfər uşaqla danışanda baxışlarının nizamsız olduğunu, tez-tez dil çıxardığını, ağzını, burnunu periodik olaraq eybəcər formada əydiyini sezmiş, bunun uşaq şıltaqlığı olmadığını, əqli çatışmazlıq olduğunu müəyyən etmiş, bu səbəbdən də uşağın evdə fərdi təhsil almağını lazım bilən rəy vermişdi. Həkim komissiyası da bu rəyi nəzərə alıb Bağırın oğlunun evdə fərdi təhsil almalı olduğu qərarını qəbul etmişdi. Bağır özü də övladında çatışmazlıq olduğunu bilirdi, ancaq bunu qəbul edə bilmədiyinə görə həmkəndlisi, məktəbin psixoloqu Qəfərin qarasınca deyinib onu söyürdü. Qəfər məktəbdən aldığı müavinətlə yaxşı dolana bilmədiyindən işdən qeyri vaxtlar talvar bağladığına görə Bağır ona talvaryığan ayamasını qoşmuşdu. Qəfərin də qulağına çatırdı Bağırın sözləri. Ancaq üstünü vurmur, Bağıra oğlundan dolayı yaralı bir adam kimi yanaşırdı...
***
Bağırın oğlu səkkizinci sinifə keçəndə o, evlərinə gələn müəllimlərə daha bu ildən gəlməməklərini tapşırdı. Müəllimlər nə qədər etiraz etsələr də tərsliyi ilə ad çıxarmış Bağırı fikrindən döndərə bilmədilər. Əslində, məktəbin direktoru istəsəydi polis gücünə dərsi təşkil edərdi. Ancaq o da baş qoşmaq istəmədi Bağıra. O gündən sonra Bağırın oğlu qapı bacada mal-heyvanın qulluqçusu oldu. Uşağın əqli çatışmazlığı olsa da bu əqli çatışmazlıq mal-qara qabağına getməyə, onları otarmağa, qulluğunda dayanmağa mane olmurdu. Müəllimlərin ayağı evdən kəsiləndən Bağırın kefi bir az yerinə gəlmişdi. Daha heç kimin onun oğluna əqli qüsurlu kimi baxmayacağını düşünürdü. Ona görə də özü oğlunu yanına salıb neçə dəfə heyvan qabağına getmişdi ki, oğlu sərbəst şəkildə heyvan qabağına gedə bilsin və beləliklə də Bağır hamıya sübut etsin ki, onun oğlu da digər uşaqlardan heç nə ilə fərqlənmir. Əksinə, zirəkliyinə görə seçilir, mal-heyvan qulluğunda durur, işlərində böyüklərlə təndi. Onun yaşıdları isə məktəbə gedib düstür əzbərləyir, uşaq-uşaq işlərlə məşğul olurlar.
***
Zaman öz çarxını dünya bina olan vaxtdan bəri döndürdüyü minvalla döndürür, uşaqları böyüdür, böyükləri isə qocaldırdı. Bağırın oğlu 20 yaşını haqlamışdı. O, hər dəfə heyvanları qabağına salıb örüşdən qayıdanda Bağır sevinclə ona baxır, tək oğlunu ocağının davamçısı kimi görürdü...
Sakit günlərin birində kəndin məscidindən Azan sədaları yüksəldi.
Kəndin adətinə görə namaz vaxtını xəbər verməyən Azan kənddə kiminsə vəfat etdiyindən xəbər verirdi. İndi verilən Azan da namaz vaxtına təsadüf etmədiyinə görə hamı lap yəqin bilirdi ki, kimsə vəfat edib. Adətən az bir vaxtda hamı kənddə vəfat edən adamın kimliyindən agah olur və bütün evlərdən vəfat edən adamın evinə doğru insan axını olurdu. Kənd camaatı vəfat edən adamın qapısının ağzında toplaşıb hüznlü bir insan kütləsi yaradır, ölüsü ölən adamın dərdinə şərik olurdular.
Bir neçə saatdan sonra vəfat edənin kimliyi ilə maraqlanan Bağır darvazadan çölə çıxaraq artıq yas yerinə istiqamət almış adda-budda gözə dəyən adamları gördü. Başlarındakı örpəyin qaralığından yas yerinə getdiklərini yəqin etdiyi beş-altı qadının arxası ilə getməyə başladı. Bir qədər getdikdən sonra ondan qabaqda gedən qadınlar sifətlərinə hava dəysin deyə uclarını əllərində yana tutduqları örpəklərini çənələrinin altından bağlayanda başa düşdü ki, artıq mənzil başına çatırlar. Çatdıqları qapını görəndə ayaqları yerimədi. Sanki yer maqnit olub onu özünə çəkir, tərpənməyə qoymurdu. Hüzür düşən qapı Qəfərgilin qapısı idi. Bir vaxtlar Bağırın oğlunu məktəbə getməyə qoymayan psixoloq Qəfərgilin. Açıq qapıdan içəridə isə Qəfərin yumurlanıb yumağa dönərək yerə çökmüş vücudu görünürdü. Bağır yerində dayanıb irəli addım atmırdı. Arxadan gələn qonşusu Mahir onun yanından keçəndə təəccüblə Bağıra baxaraq nə üçün yolun ortasında dayandığını soruşdu. Gözlərini Qəfərgilin darvazasından çəkməyən Bağır qonşusuna sakitcə sual verdi.
-Kim ölüb?
-Qəfərin oğlu.
-Necə?
-Şəhərdə avtobusdan düşəndə arxadan gələn maşın vurub. Elə orda da keçinib.
-Doğurdan deyirsən ?
-Hə.
-Gördün ?
-Nəyi ?
-Allahın böyüklüyünü.
-Necə yəni ?
-Gördün Allah adamı neyniyir? Gördün adam quduranda Allah adamı nə kökə salır?
-Nə danışırsan sən ay Bağır ? Kim qudurmuşdu ?
-Psixooooloq Qəfər qudurmuşdu. Bu da qudurmağın axırıdı. Adam axırda belə kökə düşür. Mən bilirdim. Mən bilirdim a kişi. Bunun başına belə şey gəlməli idi. Allah buna nə təhərsə başa salmalı idi. Başa salmalı idi ki, ay molla Əhmədin talvarbağlayan ütüy oğlu, göylə getmə. Yoxsa səni göydən yerə elə buraxaram ki, adın da yadından çıxar, psixoloqluğun da. Bu daha da buraxdı - əli ilə Qəfərin darvazasına işarə etdi.
Qonşusu Bağıra verdiyi xəbərə görə peşman olmuşdu. O, Bağırı sakitləşdirməyə çalışır, onun yerinə utanırdı. Bağırsa hüzürdü, yasdı deməyib elə hey üdüləyib tökür, sanki illərin narahatlığını canından çıxarırdı.
-Ayıbdı Bağır. Adam elə söz deməz.
-Niyə demir? Söz deyirəm də. Onun kimi pislik eləmirəm ki? Onun oğlunu mən öldürməmişəme. Onu bax o göydəki hərşeyi bilən Allah edib. O görürdü mənim çəkdiklərimi. Elə belə də olmalı idi.
Qonşusu Bağırı birtəhər yolundan qaytarıb evlərinə gətirdi. Yoxsa bilirdi ki, Bağır yas yerində də özünə hakim ola bilməyəcək, ağzına gələni danışıb nataraz bir vəziyyət yaradacaq...
***
Qəfərin oğlunun vəfatından altı il ötürdü. Bağırın oğlu Barış 26 yaşına çatmışdı. O, hələ də qapı-bacada olur, mal-qaranı otarır, onların qulluğunda dururdu... İyulun axırları olduğundan nəfəskəsən istilər dinmədən yeri-göyü yandırırdı. Barış heyvanlara elə öyrəşmişdi ki, az qala yatanda da onlarla yatırdı. Bağır isə son zamanlar oğlunun ürəyində yaranan problemə görə həkimlərin tapşırdığı kimi onun yorulmağını istəmirdi. Həkimlərin diaqnozuna əsasən Barışa miqdarından artıq işləyib yorulmaq olmazdı. Bağır hər nə qədər eləsə də uşağı heyvanlardan qopara bilmirdi. Barış heyvanları insanlardan daha çox sevirdi. Çünki uşaq vaxtı dəfələrlə həmyaşıdları tərəfindən təkliyə düşəndə lağ obyekti olmuşdu. Uşaqlar onu təkliyə salanda başına toplaşar hərəsi bir tərəfdən ağzını əyib alçaldardılar. O da əqli cəhətdən geri olmağına baxmayaraq ona edilən lağları, təhqirləri başa düşürdü. Buna görə o da öz növbəsində uşaqları uzaqdan görəndə və biləndə ki, uşaqlar ona çatana qədər qaçıb həyətlərinə girməyə macal tapacaq, onların ağzını əyər, bildiyi pis sözlərlə onları təhqir edərdi. Heyvanlardan isə heç vaxt belə pis bir münasibət görməmişdi. Onları çox sevirdi. Səhər də, günorta da, axşam da mütləq onlara baş çəkər, başlarını, buxaqlarını, bellərini sığallayar, onlara xoş sözlər deyərdi.
Son zamanlar ortaya çıxan ürək çatışmazlığı onu incitməyə başlamışdı. O, heyvan dostları ilə ürəyi istəyən qədər vaxt keçirə bilmir, onların başlarını, buxaqlarını, bellərini ürəyi istədiyi qədər sığallaya bilmirdi. Barış indiyə qədər heyvanlarla nəfəs almışdı. İndi isə bu ürəkçatışmazlığı deyilən şey onu özünə həyatda tək yer tapdığı heyvanlarının yanından uzaq salmışdı. İcazə verməsələr də o, fürsət düşdükcə evdəkilərin gözündən oğurlanıb sevimli heyvanlarının yanına gələrdi. Ən sevdiyi heyvan isə sarı rəngdə olan dana idi. Ona Sarıqız adını qoymuşdu. Sözləri düzgün tələffüz edə bilməsə də çıxara bildiyi səslərlə Sarıqız deməyə çalışırdı...
Bir dəfə günortaçağı göydən şığıyan günəş şüalarının yeri-göyü yandırdığı isti yay günlərindən birində Bağırla yoldaşı möhkəm yatmışdılar. Barışı isə yuxu tutmurdu. O, yerində qurcuxur, yatmaq istəsə də heç cür yuxuya gedə bilmirdi. Təxminən yarım saat yerində vurnuxduqdan sonra ürəyinin dəhşətli dərəcədə sıxıldğını görüb həyətə düşmək, öz sevimli heyvanlarına baş çəkmək qərarına gəldi. Barmaqlarının ucunda yeriyərək səs salmadan dəhlizdən keçib həyətə düşdü. Bir qədər həyətdə durduqdan sonra heyvanları sığallamaq üçün onların damına doğru getməyə başladı. İsti elə həddə idi ki, az qalırdı adam buxarlanıb yox ola. Dama çatana qədər Barışın ürəyi artıq sürətlə döyünməyə başlamışdı. Hər dəfə dama girən kimi ilk Sarıqıza yaxınlaşırdı. Bu dəfə dama girən kimi Sarıqızın damda olmadığını görüb təşvişə düşdü. Damın küçəyə açılan qapısı açıq olduğundan heyvanın çölə çıxdığını başa düşüb özü də çölə çıxdı. Küçədə də Sarıqız gözünə dəymədi. O, heyvanı axtarmaq məqsədilə o biri küçəyə qədər getdi, ancaq heyvan orada da gözünə dəymədi. Sonra növbəti küçəyə keçdi, heyvanı burda da görməyincə bir-bir küçələrin hamısını gəzməyə başladı.
Barış həmişə Sarıqızı adı ilə çağıranda heyvan həvəslə ona tərəf gələrdi ki, Barış onu sığallasın. İndi də dayanmadan Sarıqızın adını çağırıb onu haraylayırdı. Barışın ürəyi istinin təsirindən elə döyünürdü ki, az qala köksündən çıxıb yerə düşə. O, küçələri bir-bir gözdən keçirir və var gücü ilə Sarıqız deyib bağırırdı. O, özünü, xəstəliyini və həkimlərin dediklərini unutmuşdu. İndi onun üçün ən vacib məsələ bütün qəlbi ilə sevdiyi Sarıqız idi. O, artıq yerimirdi, qaçırdı. Qaçırdı ki, Sarıqızı tez tapsın. Tapsın və onu yenidən evlərinə aparsın. Barış o qədər qaçdı ki, ağzının kənarlarında köpük görünüməyə başladı. Yana baxarkən qaçdığı yerdə ayağı torpaq yolda olan daşa ilişdi və o qəflətən yerə dəyərək yumbalanmağa başladı. Yumbalanandan sonra kürəyi üstə düşüb üzünü səmaya, səmadakı od ələyən günəşə sarı çevirdi və sonuncu dəfə ağlamsınaraq diqqətlə qulaq kəsildikdə eşidilə biləcək səslə Sarıqız dedi...
Barışın ürəyi istiyə və keçirdiyi həyacana dözməyib dayanmışdı. Kənd sakinlərindən biri Barışın yolun kənarına düşmüş cansız cəsədini görmüş və dərhal bu barədə Bağıra xəbər vermişdi. Bağırda aldığı xəbəri eşidib bir başına bir dizinə döymüşdü...
***
Kənd camaatı cənazə namazı qılmaq üçün məscidin həyətinə toplaşmışdı. Ancaq namazdan qabaq ölünü yumaq lazım idi. Bağır çoxdandır cənazə namazında iştirak etmədiyindən mürdəşirin molla Əhməddən sonra kim olduğunu bilmirdi. Mürdəşir isə hələ gəlib çıxmamışdı. Nəhayət məscidin həyət qapısı açıldı və mürdəşir gəldi. Gələn molla Əhmədin oğlu Qəfər idi...
Hardasa uzaqlardan qapısı açıq bir avtomobildən yüksələn nisgilli səs sədaları məscidin həyətinə qədər gəlib camaatın qulaqlarına doldu:
Mənim balam, bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir dünya necə dünyadı...
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada keçirilən festivalda iştirak edəcək
Azərbaycan Ordusunun bir qrup yaradıcı heyəti “Astana – Mədəniyyət karvanı” adlı beynəlxalq hərbi-musiqi festivalında iştirak etmək üçün Qazaxıstana səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hərbi Orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi festivalda maraqlı musiqi nömrələri təqdim edəcək.
Astana şəhərinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək festival iyulun 9-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Fəqət, aktyorlarla məşq zamanı bu sakit, təmkinli rejissor çox sərtləşirdi…
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Təqvimdə 1981-ci il idi. Bir il idi ki, mərhum aktyorumuz Kamil Məhərrəmovun Sumqayıtda rəhbərlik etdiyi dram dərnəyinə gedirdim. Dərnəyimiz 4 saylı Mənzil İstismar Sahəsinin nəzdində olsa da, tamaşaları orada hazırlayıb Sumqayıt Dövlət Dram Teatrının səhnəsində, eləcə də müxtəlif orta məktəblərdə nümayiş etdirirdi. Yeni il şənliklərində isə İnşaatçılar klubunda olurduq. Yaxşı yadımdadır, o vaxt biz Yusif Əzimzadənin “Anacan” əsərini səhnələşdirib “Teatr Baharı- 1981” festivalında respublikada üçüncü yeri qazandıq və diplomu Kamil Məhərrəmova şəxsən Leyla Bədirbəyli təqdim etdi. Tamaşa qabağı məşqlərimiz adətən Sumqayıt Dövlət Teatrının səhnəsində olurdu. Elə o vaxtdan da haqqında söhbət açmaq istədiyim Mərahim Fərzəlibəyovu tanıyıram...
Deyir ki:- “Hər bir teatra maraq olmalıdır və bu marağı ilk növbədə teatr özü yaratmalıdır. Teatrımızın elə tamaşaçıları var ki, onlar demək olar hər tamaşamıza gəlib baxırlar. Tamaşanın və əsərin səviyyəsindən asılı olmayaraq, daimi tamaşaçılardır. Həqiqətən teatra gəlmək böyük bir mədəniyyətdir. Hətta ən zəif tamaşadan belə tamaşaçı nəsə götürə bilir. Əlbəttə istəyərdik ki, teatrımızın səhnəsində qoyulan əsərlər daha maraqlı, daha səviyyəli, dramaturji baxımdan standartlara uyğun gələn tamaşalar olsun. Bu o demək deyil ki, belə tamaşalar səhnəyə qoyulmur. Teatrımızda kifayət qədər maraqlı tamaşalar səhnələşdirilir. Peşəkar bir teatr işçisi kimi deyə bilərəm ki, tamaşaçı qıtlığını yalnız maraqlı, səviyyəli repertuarla aradan qaldırmaq mümkündür.”
Mərahim Fərzəli oğlu Fərzəlibəyov 1949-cu ildə Bakıda dünyaya gəlib. Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner “Şəfəq” dram dərnəyinin rəhbəri işləyib. 1970-1975-ci illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb, Georgi Tovstonoqovun kursunu keçib. Diplom işi kimi Azərbaycan Musiqili Komediya Teatrında Maykl Stüartın və bəstəkar Cevri Germanın “Hello Doli” müzikl–operettasını tamaşaya hazırlayıb. 1975-1977-ci illərdə təyinatla Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında rejissor işləyib. Daha sonra dörd il Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, yeddi il isə Akademik Milli Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Dörd il də Akademik Milli Dram Teatrının baş rejissoru olub. 2012-ci ildən Bakı Bələdiyyə Teatrının rejissorudur. 2000-ci ildən Xalq artistidir. 2019-cu ildə “Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib...
Bəli, 1981-ci ildə onun otuz iki yaşı vardı. Sumqayıtda çalışsa da adı o dövrün nəhəng rejissorları ilə yanaşı çəkilirdi. İstedadı, bacarığı ilə nüfuz qazanmışdı. Səhnələşdirdiyi “Qoy bütün şərq bilsin!” tamaşasının sorağı Moskvadan gəlirdi. Səhv etmirəmsə, "Böyük Teatr"da nümayiş etdirdikləri bu əsərə görə mükafat da almışdılar. Qocalığını görməmişəm, gəncliyində hara gedirdisə hörmətlə qarşılanırdı. İstedadlı olduğu qədər də insan adam idi. Xoş davranışı, mülayim rəftarı, yüksək mədəniyyəti ilə fərqlənirdi. Fəqət aktyorlarla məşq zamanı bu sakit, təmkinli adamın necə sərtləşdiyinin, qətiyyətli, tələbkar rejissora çevrildiyinin çox şahidi olmuşam...
“Bu il teatrın yaranmasının 150 illiyi tamam oldu. Düz 50 ildir ki, həyatımı səhnəyə həsr etmişəm. Teatr canlı ünsiyyətdir, onu heç nə əvəzləyə bilməz. Azərbaycan teatrının hər zaman öz dəyərləri və ənənələri olub. Bu gün də həmin ənənə davam edir. Sevindirici haldır ki, çağdaş teatrın səhnəsində yeni aktyor nəsli görünməkdədir. Onlara işlərində uğurlar arzulayıram. Çox şadam ki, Azərbaycan teatrının səsi nəinki Azərbaycanda, həm də xarici ölkələrdə eşidilməkdədir. Özümə və aktyorlarımıza yeni-yeni tamaşaların sevincini arzulayıram...”- söyləyir.
Ömrünün ahıllıq dövrünə qədəm qoysa da, sinəsində döyünən ürəyi hələ də cavandır. Damarlarında sevgidən qaynaqlanan eşq rəngindəki qan vücuduna hakim kəsilib. Millətə, xalqa, vətənə məhəbbəti tükənməzdir. Bəli, 1915-ci ildə Nuxada dünyaya gələn Fərzəli kişinin Bakıda anadan olan- “Azərbaycan Respublikasının xalq artisti” fəxri adını daşıyan, “Şöhrət” ordenli oğlu, rejissor Mərahim Fərzəlibəyov Azərbaycan mədəniyyətinə böyük töhfələr verib...
Mərahim müəllimin 74 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
Məşhur rus teatrı Bakıdadır
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən Bakıda qastroldadır. Qastrol iyulun 9-dək davam edəcək.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayıb.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirib.
Bu gün və sabah - 6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gəlib. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətirilib.
Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəridir.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
30-cu FİAR Color Biennale -də Azərbaycan triumfu
Dilavər Nəcəfovun “Sıçrayış” (“The leap”) fotosu “Ən yaxşı fotojurnalistika fotosu” üzrə Yunanıstan Fotoqrafiya Cəmiyyətinin qızıl medalını qazanıb!
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə reallaşan 30-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib.
Azərbaycanı bu yarışmada 20 fotoqrafla Gilavar Foto Klubu təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Gilavara istinadən xəbər verir ki, cari ilin əvvəlində FIAP-ın himayədarlığı altında Yunanıstanda keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub.
Müsabiqəyə dünyanın 40 ölkəsindən 1063 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim etməli olub.
Qiymətləndirmə prosesi fotoların fərdi və ümumi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya kubok, iki, üç və dördüncü yerlərə isə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunub. 5-10-cu yerlərin sahibləri fəxri lentlər qazanıb. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Yunanıstan Fotoqrafiya Cəmiyyətinin medallarını əldə ediblər. Həmçinin yarışmanın hər bir iştirakçısına çap şəklində müsabiqənin kataloqu təqdim edilib.
Azərbaycanlı peşəkar fotoqraflar tərəfindən “İdmançılar havada” (rəqəmsal) və “Atəşfəşanlıq” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 135 və 260 bal toplayıblar. Fərdi qiymətləndirmədə Dilavər Nəcəfovun “Sıçrayış” (“The leap”) fotosu “Ən yaxşı fotojurnalistika fotosu” üzrə Yunanıstan Fotoqrafiya Cəmiyyətinin qızıl medalını qazanıb.
(Fotonu qapaq şəklində görürsünüz)
Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 40 ölkə arasında 11-ci, çap kateqoriyasında isə 27 ölkə arasında 17-ci yerə layiq görülüblər.
Qeyd edək ki, azərbaycanlı fotoqraflar Fransada keçirilən 29-cu FIAP Rəngli Bienal foto müsabiqəsində 6-cı yerdə qərarlaşaraq Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri lentini qazanıb. FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun fəxri adlarına layiq görülən 8 fotoqraf var.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi” - Əbülfət Mədətoğlu
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göylərin şair Əbülfət Mədətoğlu yaradıcılığından bəhs edən məqaləsini təqdim edir.
Şair-publisist Əbülfət Mədətoğlu uzun illərdir ki, müstəqillik dövrümüzün aparıcı mətbu orqanlarından biri olan, “Ədalət” qəzetində baş redaktorun müavini kimi məsul vəzifədə çalışır. Ölkə mətbuatı cərgəsində öz dəst-xətti və nüfuzu olan “Ədalət” qəzeti ictimai-siyasi və hüquqi qəzet olmaqla, oxucular tərəfindən həm də bir ədəbiyyat qəzeti kimi tanınır və sevilir. Təsadüfi deyil ki, “Ədalət” bu gün istər gənc, istərsə də çağdaş poeziyamızın və ədəbiyyatımızın tanınmış və təcrübəli nümayəndələrinin müraciət ünvanına çevrilmişdir. Oxucuları arasında qəzetin bu status qazanması ilk növbədə onun təsisçisi, millət vəkili, yazıçı-publisist və ssenarist Aqil Abbasın və baş redaktoru yazıçı-publisist İradə xanım Tuncayın - Məmməd Araz yadigarının xeyir-duası ilə yanaşı, həm də baş redaktorun müavini, əməkdar jurnalist, şair-publisist Əbülfət Mədətoğlunun xidmətləridir desəm, səhv etmiş olmaram. Yeri gəlmişkən qeyd etməyi zəruri hesab edirəm ki, ədəbi nümunələri çap etməklə qəzet oxucu üçün daha böyük maraq kəsb edir və bu, qəzeti daha oxunaqlı edir. Onu da qeyd etməliyəm ki, qəzetin elə bir nömrəsi yoxdur ki, orada Əbülfət Mədətoğlunun çağdaş poeziyamızın ünlü nümayəndələri və gənc yazarların şeir və yaradıcılığı haqda təhlili yazıları yer almamış ola. Əbülfət müəllimin bu fəliyyəti ədəbi camenin nümayəndələrinin və onların əsərlərinin gənclərə, eləcə də ədəbiyyatsevərlərə təqdim edilməsində, təbliğində, gənclərin ədəbi zövqünün formalaşmasında mühüm rol oynayır və bu fəaliyyət əslində təqdirəlayiq olmaqla, ədəbiyyata xidmət nümunəsidir.
Əbülfət Mədətoğlu ilə nə vaxt tanış olduğum yadıma gəlmir. Dostum, professor Rüstəm Kamalın şairlər haqqında fikrini bir də xatırlamalı oluram: “Şairlər də ilğım kimidir. Onlarla nə vaxt tanış olduğunu bilmirsən. Bir də görürsən ki, o səninlə doğmalaşıb. Sənin doğma, əziz adamına çevrilib.” Əbülfət Mədətoğlu ilə də mənim tanışlığım da eynən. Şeirlərini oxuduqca, yaradıcılığı ilə tanış olduqca, ona həm bir şair kimi, həm də bir insan kimi isinişməyə, doğmalaşmağa başladım və bir də gördüm ki, doğma adamlar kimiyik.
Əbülfət Mədətoğlunun yaradıcılığı çox şaxəlidir. 65-ə yaxınlaşan fiziki ömrünün yarıdan çoxunu məcburi köçkün kimi yaşayan, əvvəlcə doğma kəndi Tuğdan məcburi köçkün düşən, sonra da elə mərkəzi şəhərimiz Bakıda bir neçə dəfə köçmək məcburiyyətində qalan Əbülfət Mədətoğlunun “köç” tale yazısı imiş. Elə bu səbəbdən də yaradıcılığında yurd, vətən el-oba həsrəti kövrək hisslərlə qələmə alınımışdır. Bu hisslər çox kövrəkdir, tarın gərilmiş siminə bənzəyir, kiçicik bir toxunuşla onun kövrək və iniltili səsi qəlblərə sirayət edir. Əbülfət Mədətoğlunun qəlbi kimi. 30 il bu ağrı-acının içində, şeirlərində və yazılarında yaşadan Əbülfət müəllim 44 günlük Vətən müharibəsindəki Zəfərin şərəfinə Prezident İlham Əliyevin təşəbbüsü ilə bir qrup ziyalıların tərkibində öz doğma kəndinə səfərdən sonra, şair təəssüratlarını kövrək hisslərlə belə ifadə edir: “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək... Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki təki, yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki məni qarşılayanlar onlar idi…”
Bir ömrüm var-uduzduğum, udduğum
Günlərini saymaq indi nağıldı.
Ay diz çöküb, ətəyindən tutduğum,
Niyə mənim yurdum-yuvam dağıldı.
Min şırım var dirsəyimdə, dizimdə, Toxunduqca sızıldayır, qanayır
Nə çəkdiyim yazılıbdı üzümdə
Bəlkə hələ tanrım məni sınayır.
Əbülfət Mədətoğlunun istər gündəlik jurnalistika fəaliyyətində, istərsə də şairliyində, həm də ədəbi məqalələrində əsas silahı SÖZ-dür, SÖZ onun üçün ilahi varlıqdır. Yazılarının birində deyir: ”...Həyatda mənim üçün əl ilə toxunulmayan, gözlə görünməyən, ruhdan və ürəkdən süzülən, eyni zamanda ruhu və ürəyi ifadə edən və nəhayət, canının canı olanlara münasibətini sərgiləyən SÖZ-dü! Mənə görə SÖZ canlı varlıqdı... Ən kamil həmsöhbətdi... Ən anlayışlı sirdaşdı... Ən həzin xatirədi... Ən etibarlı güvəncdi..”
Əbülfət Mədətoğlu SÖZ haqda fikirlərini davam etdirərək yazır: ”-Söz tumurcuğu açıldıqca ətri xəyallandırır adamı. Xüsusən də duyğusal ruh adamını. Axı bu adamlar özlərini ifadə etdikləri həmin o tumurcugu Sözdə tapıblar... Ona tapınıblar... Mən də tapındığım Sözün dünyasında aydınları, dəyərliləri, doğma olanları, anlayışlıları və dəyər verənləri daha çox yada salıram... Təzələyirəm və təzələnirəm...”
Və Əbülfət Mədətoğlunun şeirləri doğrudan da misra-misra, bənd-bənd tumurcuq kimi puçurlayır, sonra çəçək açır, yarpaqlayır, bar gətirir:
unut bü dünyada nə qədər qəm var,
unut rahat olsun ruhun bir anlıq.
özün öz içində bir sorğu apar-
seçimin təkrarla Nuhun bir anlıq!
məlhəm sevgilərə aç ürəyini
üzünə, gözünə təbəssüm çilə!
sevgiyə yavanlıq et çörəyini
onda bal olacaq, vallah, hər gilə.
Bir həqiqət məlumdur ki, bu dünya binə olanda sevgi, məhəbbət üstə bərqərər olub və bütün canlı varlıqların hamısı cüt olanda tam olur. Bu cütlük isə sevgidən yaranır. Və nə qədər insan var, bir o qədər də sevgi var, məhəbbət var və bu sevgilərin hər biri fərqli və fərdidir. Həm də nə qədər həyat var, sevgi də vardır. Əgər sevgi varsa deməli şeir də vardır. Və nə qədər şeir var, o qədər də məhəbbət əsərləri yaranacaqdır. Necə ki - Tahir və Zöhrə, Yusif və Züleyxa, Leyli və Məcnun, Şahsənəm və Qərib, Fərhad və Şirin, Əsli və Kərəm kimi məhəbbət dastanları yaranmışdır. Yeri gəlmişkən etiraf edək ki, dünyanın heç bir xalqında bəlkə də bu qədər məhəbbət dastanı yoxdur. Heç şübhəsiz, Azərbaycan poeziyasında Şeyx Nizami Gəncəvidən üzü bəri, bu günümüzə qədər məhəbbət mövzusunda şedevrlər yaratmış dünya şairlərinə meydan oxuyacaq şairlərimiz var. Nizami Gəncəvi də, Məhəmməd Fizuli də, Nəsimi də, Molla Pənah Vaqif də, onlardan sonra gələnlər Səməd Vurğun da, Mikayıl Müşfiq də, Əliağa Vahid də, Süleyman Rüstəm də, müasirlərimiz Musa Yaqub da, Nüsrət Kəsəmənli də, Ramiz Rövşən də, Vahid Əziz də ən gözəl əsərlərində məhəbbəti və sevgini ən yüksək səviyyədə və fərqli formada tərənnüm etmişlər. Və düşünürəm ki, elə məhəbbət mövzusunda şedevrlər yaratmış şairlərimizin əsrlərinin baş qəhrəmanları da onların özüdür. Əgər belə olmasaydı Məhəmməd Füzuli məşhur qəzəlində nümunə gətirdiyim beyti işlətməzdi:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var.
O da faktdır ki, məhəbbətin dili şeirlə açılır. Şeirlə sevgi, məhəbbət əkizdir. Bir-birini daha çox başa düşürlər. Onun nəticəsidir ki, sevənlər bir-birilə şeirin diliylə danışırlar. Bəlkə bu səbəbdəndir ki, məhəbbət mövzusunda yaranmış ən yaxşı əsrlər nəzmlə yaranmışdır...
Ənənə bu gün də davam edir. Düşünürəm ki, bu gün də məhəbbət mözusunda yaranan ən yaxşı əsərlər nəzmlə yaranır. (Yəqin nasirlərimiz bu fikirdən inciməz). Və çağdaş poeziyamızda məhəbbət mövzusunda yaranan ən gözəl şeirləri yaradan şairlərimizdən biri də Əbülfət Mədətoğludur. Onun şeirlərini oxuduqca, yaradıcılığı ilə tanış olduqca təəccüb edirsən - peşə etibarı ilə jurnalist olan, yaşı altımışı adlamış, xarici görkəm etibarı ilə köhnə kişiləri xatırladan bu adamın içində nə boyda məhəbbət , sevgi varmış, ilahi. Əbülfət Mədətoğlunu oxuduqca onun nə qədər incə qəlbə, kövrək xarakterə, böyük sevgiyə malik olduğunu duymaq çətin deyildir.
Sən dan üzü gətirmisən ömrümə,
Şehi də var, ətri də var, səsi də...
Sirr deyil ki, o dan üzlü ömrüm də-
Bəyəndirib sənə bu mən kəsi də !..
O, dan üzü-and içdiyim, ancaq O,
Hər halından söz biçdiyim ancaq O,
Baxışından “döz” biçdiyim - ancaq O-
Mənə verdi ümid adlı dərsi də!..
Məhəbbət mövzusu Əbülfət Mədətoğlunun təməl müvzusudur. Buna əmin olmaq üçün məncə onun kitablarının bir qisminin adlarına baxmaq kifayət edir: ”Ürəyimdəki sənsən”, “Ancaq O ”, " Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var", "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza", "Bir qadına" və digərləri. Və bu sevgi tarixçəsinin yaşı min illərə gedib çıxır, onun sevgisinin yaşı min ildi deyir Əbülfət:
Bu kövrək sevginin yaşı min ildi,
Baharı min ildi, qışı min ildi...
Özülü, divarı, daşı min ildi-
Demə ki, qalıbdı dünəndə ürək.
Kimsə dəli deyib Məcnun sanacaq,
Kimsə Əbülfətə tam inanancaq!
Dünyam dağılacaq, gorum yanacaq_
Üstümə qırılmış dönəndə ürək!
Klassik Azərbaycan poeziyasında sentimental poeziyaların ən parlaq nümunələrini “Leyli və Məcnun”poemasında Məhəmməd Füzuli yaratmışdır. Sonrakı dönəmlərdə istər klassik, istərsə də çağdaş poeziyamızın bir çox nümayəndələrinin yaradıcılığında sentimental mövzulu və ruhlu nümunələr kifayət qədərdir. Əslində sentimental hisslərin özü sevgi və məhəbbətdən qaynaqlanır. Hələ məşuqunun vüsalına yetməyən aşiq, həmin vüsalı xəyallarında qurur. Sevgisinin vüsalına yetmək üçün hər çür əzab-əziyyətə qatlaşmağa, cəfalar çəkməyə, hətta ölümə belə getməyə hazırdır. Mənim qənaətimcə Əbülfət Mədətoğlu çağdaş Azərbaycan poeziyasında lirik sentimentalizmin ən parlaq nümunələrini yaradır:
Çəkilmişəm özümə
Qabaracam dəniztək
Səni sahildən alıb-
Aparacam dəniztək...
Ağ ləpələr öpüş tək
Səpiləcək üstünə...
Nəfəsim də Günəş tək
Qarışacaq istinə...
Professor Rüstəm Kamal yazır: ”Qadın sevgisi kişi yaddaşının varlığını şərtləndirir. Uşaqlıq xatirələrindən, yurd nisgilindən sonra sevgi tarixçələri kişinin xatırlamaq istədiyi, yenidən o hissləri yaşamaq istədiyi bir ilğımdır. Sevgi şeirləri isə həmin ilğımın sözdə ifadə cəhdidir. Müasir sevgi şeirləri isə şairlərin duyğu yetginliklərinin və ya ömür müdrikliyinin ifadəsidir”.
Nə qədər dəqiq ifafə edib döstum Rüstəm müəllim.
Mənim əvəzimə sən yat,
Nə yuxu küssün, nə gecə...
Sən bizə verdiyin həyat –
İlahi olsun heç-heçə.
Sən yat, mən saata baxım
Görüm uzanarmı yuxun...
Sənə,- qoynunda bu vaxtın -
Olum birazca da yaxın!..
…Mənim əvəzimə sən yat...
Yat gör yuxundakı məni...
Yuxuda görməklə aldat -
Sənə yaxındakı məni!...
Əbülfət Mədətoğlunun sentimental şeirləri onda “duyğu yetkinliyinin və ömür müdrikliyinin ifdəsi” kimi səslənir:
Ürəyimin çırpıntısın,
Eşitdirdim açıq, aydın...
Sən də yanımda durmuşdun -
Bu çırpıntıları saydın...
Sonra köçürtdüm kağıza,
Səslərin sırası adın...
Sığmadı bax, dil ağıza -
Adın oxunanda, Qadın!..
…Bu ömürə, günə fərəh
Gətiribsə bu məhəbbət...
Sevdiyin necə gizlətsin,
Səni QADIN, bu Əbülfət?!
Əbülfət Mədətoğlunun şeir dili sadə, rəvan və qulağayatımlıdır. Ona görə də onun yaratdığı sentimental poeziya nümunələri də klassik sentimentalizmdən fərqlənir, şeiri oxuduqca qulağında səslənir:
Yadımdan çıxmır ki, heç
əllərini uzadıb
ovut, isit dediyin...
əllərim əllərindən
yaman küsüb dediyin...
…yadımdan çıxmır ki, heç
canım səni...və susub
sonun demədiyin söz...
...yadımdan çıxmır ki, heç
özünlə açıq-aşkar
ruhumu apardığın...
yadddaşmı qalıb məndə?
çismim köç edibdi, köç
yaddaşım qalıb səndə.
Və səmimi olmaqla bərabər həm də çox cəsarətlidir, sevgisini, hətta bu sevginin, sevdiyi qadının dəlisi olduğunu etiraf edir:
...Tellərin uzanan yolum
Burulub qayıdır sənə...
Hər yandan bu Məcnun könlüm
Vurulub qayıdır sənə-
Dəlisi olduğum Qadın!
Ürəyin qibləm, güvənim
Həm də ruhuma yuvadı...
Ay məni gizli sevənim
Adın müqəddəs duamdı-
Dəlisi olduğum Qadın!
Mən çalışdım ki, Əbülfət Mədətioğlu poeziyasının bir neçə nümunəsində onun iç dünyasını açım. Ancaq gördüm ki, onu kəşf etmək üçün şeirlərini bir-bir, misra-misara təqdim etmək lazımdır. Və mən hesab edirəm ki, Əbülfət Mədətoğlu misra-misra oxunası və misra-misra təqdim ediləsi şairlərdəndir.
Onu oxuduqca hiss etdim ki, Əbülfət öz duyğularını, dərk etdiklərini ifadə edir, özünü yazır. Yazdıqca öz şeirində özünü tapır. Ancaq bütün bunlarla birlikdə o həm də oxucunun istədiyi şeiri yazır. Elə buna görə də Əbülfət Mədətoğlunun poeziyası oxunur, sevilir və müəllifinə oxucu sevgisi qazandırır.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)
“Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri - adlı tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri - adlı tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İctimai Birliyin məlumatına görə, 3 ay müddətinə icra olunacaq layihənin ideyasının əsasını Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarına dair söylədiyi tezislər təşkil edir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin məqsədi və aktuallığı barədə qeyd edib ki, bu gün Cənubi Azərbaycandakı soydaşlarımızın dil, təhsil kimi problemləri dövlətimizin maraq dairəsində daha ciddi yer tutur. Bu da müstəqil Azərbaycanın öz millətinə sahiblik hissindən irəli gəlir. Layihə çərçivəsində vətənimizin cənubunda və şimalında yaranan yeni ruhlu milli-aktual mövzulu şeirlərdən ibarət “Çağdaş Bütöv Azərbaycan poeziyası” adlı antologiya hazırlanması nəzərdə tutulur. Layihənin yekununda isə “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri” adlı tədbir və “Çağdaş Bütöv Azərbaycan poeziyası” kitabının təqdimatı keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(06.05.2023)
“İnsanların ikiüzlü olmağı sizi hələ də çaşdırırsa, demək ki, yaxşı adamsınız” – Tomas Eliot
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Tomas Eliotun aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Tomas ELİOT:
Hər şeydə İlahi Zəkanın izləri göründüyü halda, insanların əksəriyyəti öz zəkalarına güvənirlər...
***
İnancsız adamlar, ən nəhayət, görəcəklər ki, yaşamaqlarının heç bir faydası yoxdur.
***
Bir heyvanı sevsəniz, o da sizi sevər... Bir insanı sevsəniz, bax onu bilmirəm – nə edəcəyi bəlli olmaz...
***
...Baxma sən hər kəsin elə bəxtəvər görünməyinə; vicdan deyilən bir yer var və orada hər kəs günahkardı...
***
...Çevrəndəki insanlar susacağı, danışacağı və duracağı yeri bilmirlərsə, sən onlara doğru artıq addım atmısan... Bir az geri çəkil...
***
Lüzumsuz peşmanlıqlar yaşamamaqçün, yaxşısı, insanlarla bir az məsafə saxlamaqdır.
***
İnsanların ikiüzlü olmağı sizi hələ də çaşdırırsa, demək ki, yaxşı adamsınız.
“Ədəbiyyat və incəsənət”
(06.07.2023)